Sortun yayılması: Naxçıvan göycəsi Naxçıvan Muxtar Respublikasının aborigen meyvə sortudur. Ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilir. Naxçıvan şəhərində, Babək qəsəbəsində Qaraçux, Tumbul, Zeynəddin, Şexmahmud və digər kəndlərdə daha tez ərsəyə gəlir. Naxçıvan göycəsi qədim Naxçıvan torpağında xalq seleksiyası nəticəsində yaradılmışdır. Sortun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılmışdır (Şəkil 1.25). Naxçıvan göycəsi muxtar respublikada yazda ilk yeyilən meyvə sortlarından biridir və ərazidə təzə meyvə mövsümünün başlanmasına dəlalət edir.
Sinonimi: Şəhər alçası.
Ağac: Ağacları iri çətirli, orta hündürlükdə (2,5-3,5 m) olmaqla, yazda yarpaq açılmamışdan əvvəl çiçəkləyir. Çiçəkləmə hava şəraitindən asılı olaraq mart ayının birinci ongünlüyündən başlayaraq ikinci ongünlüyünə kimi davam edir. Bitki çoxlu çiçək əmələ gətirir. Ancaq çiçəklərin əksəriyyəti (50-75%) mayalanmadan sonra tökülür. Naxçıvan göycəsi 15-25 il normal məhsul verir. Ağaclar 350 C-ə qədər şaxtaya dözümlüdür. Calaqaltının saçaqlı kök sistemi torpağın çox dərinliyinə uzanmır, yan və əlavə kökləri torpaq səthinə yaxın yerləşir. İtirilmiş hissələrini tez bərpa edir. Vegetativ yolla çoxaldılmada alınan ağaclarda kök sistemi əlavə köklərdən ibarət olur. Belə ağaclar çoxlu kök pöhrələri verirlər.
Birillik və coxillik budaqlar: Cavan zoğları tünd qırmızımtıl-şabalıdı rənglidir. Yarpaqları növbəli düzülüşlüdür. Zoğlarda generativ tumurcuqları çoxluq təşkil edir. Vegetativ tumurcuqları iri, uzunsov yastı formada, generativ tumurcuqlar isə nisbətən girdə formalı və şişkindir. Torpaq-iqlim şəraitindən asılı olaraq inkişaf sürəti dəyişilir. Münbit torpağa tələbkardır. Yaşlı budaqları və gövdələri tünd göyümtül-qara rəngdə olmaqla güclü mantarlaşır. Oduncağı bərkdir.
Yarpaq: Yarpaqları uzunsov formalıdır, növbəli düzülüşlüdür. Buğumaraları çox sıxdır. Əsas damar saplağın birləşdiyi nahiyədən başlanğıc götürür və yarpağın uc hissəsinə qədər uzanır. Əsas damardan ayrılan yan damarlar sağ və sol hissələrə paylanır. Yarpağın uzunluğu 6-10 sm, eni 3-4 sm-dir. Dorzoventral yarpaqların səthi tünd-yaşıl, alt səthi isə bozumtul rəngdədir. Alt səthi çılpaqdır, damarlanma güclüdür. Yarpağın kənarları çox xırda dişciklidir. Səthi hamardır, kənarları əsas damar boyu yanlardan yuxarıya doğru yönəlmiş formadadır.
Saplaq: Saplağı uzundur, əsas damardan nisbətən qısadır. Uzunluğu 3-5 sm-dir.
Çiçək: Hər çiçəkdə 5 ədəd kasacıq yarpağı və ləçək, çoxlu sayda erkəkcik və bir dişicik vardır. Yumurtalığı üst formalıdır (Şəkil 1.26).
Meyvə: Çəyirdəkli meyvələr qrupuna daxildir. Meyvələri may ayının ortalarında istifadə olunma yetişkənliyinə çatır. İlk vaxtlar turş olsa da getdikcə şirinləşir, iyun ayının axırı, iyulun ortalarında tam yetişir. Meyvələri kürəşəkilli, üst və alt hissələrdən basıq olub, üst və alt nahiyələrini basıq formada bir yan şırım birləşdirir.
Dəriciyi: Meyvələrin dəriciyi qalındır, rəngi ilk vaxtlar göyümtül, yetişmə dövrü isə açıq sarımtıl rəngdə olur.
Lətli hissə: Məhsulu tam yetişdikdə lətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Lətli hissə qalındır.
Toxum: Hər meyvədə bir ədəd yaxşı inkişaf etmiş çəyirdək olur. Çəyirdək yastı formalı, bir tərəfi hamar, digər tərəfi isə itibıcaq şəkillidir. İçərisindəki rüşeyim acı tamlıdır. Cücərmə faizi 65-80 % təşkil edir.
Şəkil 1.25. Naxçıvan Şəkil 1.26. Naxçıvan göycəsinin meyvələri. göycəsinin çiçəkləri