Problemin öyrənilmə səviyyəsi. Məhsuldar qüvvələrin yerləşdirilməsi, ərazi üzrə sosial-iqtisadi sistemlərin inkişaf problemləri, ölkədə şəhər iqtisadiyyatı və regional inkişaf Z.Ə.Səmədzadə, A.A.Nadirov, Ə.X.Nuriyev, Ş.M.Muradov, İ.H.Alıyev, R.Ə.Balayev, R.P.Sultanova, Z.S.Məmmədov, G.Z.Yüzbaşova, T.H.Hüseynov, B.Bəşirov, M.N.Əliyev, Ş.Ə.Yaqubov, V.Ə.Rustəmov, B.S.Əhmədov, A.N.Muradov və digər ölkə iqtisadçı-alimləri tərəfindən tədqiq olunmuşdur. Xarici ədəbiyyatlarda şəhər mühiti, şəhər iqtisadiyyatı və onun dinamikası, şəhərlərin milli və dünya iqtisadiyyatında rolu və digər aktual mövzular L.İ.Abalkina, A.Q.Qranberq, N.İ.Boqolyubova, T.İ.Zaslovskoy, V.S.Zanadvorova, N.A.Anisova, B.M.Qrincelya, E.Berdjessa, L.Berri, J.Boje-Qarne, F.Brodelya, fon Tunen, B.Kristaller, A.Lyoşa, A.Veber, M.Veber, A.O’Sallivan, P.Merlen, Fujita və başqa xarici ölkə alimləri tərəfindən makro, mikro və regional səviyyədə tədqiq olunmuşdur.
Adları qeyd olunmuş və digər iqtisadçı-alimlərin apardıqları tədqiqatların elmi-təcrübi əhəmiyyətini azaltmadan, qeyd etmək lazımdır ki, Azərbaycanda sənaye şəhərlərinin iqtisadi strukturunun formalaşdırılması və inkişafı, müasir sosial-iqtisadi və siyasi reallığa uyğunlaşdırılması problemləri və eyni zamanda, davamlı sosial-iqtisadi inkişafın təşkili baxımından kompleks şəkildə və xüsusilə də ölkədə aparılan iqtisadi islahatların xüsusiyyətlərinin nəzərə alınmaqla kifayət qədər tədqiq olunmamışdır.
Tədqiqatın məqsədi və vəzifələri. Tədqiqat işinin məqsədi sənaye şəhərlərinin sosial-iqtisadi inkişafının nəzəri, metodoloji və tətbiqi əsaslarının və ölkənin milli maraqları və xarici təcrübədən çıxış edərək, Sumqayıt şəhərinin mövcud iqtisadi potensialından tam və səmərəli istifadə olunmasının təmin edilməsi və bu əsasda sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətlərinin və həmçinin, bu sahədə qarşıda duran aktual vəzifələrin müəyyənləşdirilməsindən ibarətdir.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
mövcud elmi yanaşmaların ümumiləşdirilməsi ilə şəhərlərin inkişaf proseslərinin tədqiqi və tədqiqatın nəzəri əsasının müəyyənləşdirilməsi;
şəhərin iqtisadi strukturunun təhlili və qiymətləndirilməsi və sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün ümumiləşdirilmiş və əsaslandırılmış metodiq bazanın təşkili;