II FƏSİL
OĞUZNAMƏNİN TÜRKMAN ETNİK MÜHİTİ İLƏ FUNKSİONAL ƏLAQƏLƏRİ VƏ EPİK SEMANTİKASI
Oğuznamənin funksiyası deyərkən biz bu epik yaradıcılıq hadisəsinin yaşadığı etnik mühitlə qarşılıqlı əlaqələrini nəzərdə tuturuq. Janrından asılı olmadan hər hansı bir şifahi bədii mətn belə əlaqələrdən məhrum deyil (274, 17). Oğuznamə də bu baxımdan istisna təşkil etmir. Bununla belə, Oğuznamə ilə onun mənsub olduğu etnik sistemin əlaqəsi məlum səbəbdən bu günə qədər öyrənilməmişdir. Ancaq sözügedən bu nəhəng şifahi yaradıcılıq hadisəsinin mənsub olduğu etnik mühitin təsbiti onunla bu etnik mühit arasında funksional əlaqələrin öyrənilməsinə şərait yaradır.
Nəzərə almaq lazımdır ki, Oğuznamə ilə onun mühiti arasında olan funksional əlaqələr bizim üçün bir araşdırma vasitəsidir. Yəni mövzu Oğuznamə ilə onun etnik mühiti arasında funksional əlaqələrin dinamikasının tarix boyu izlənməsi üsulu ilə araşdırılır. Ona görə də problemin öyrənilməsi Oğuznamə ilə onun mühiti arasında funksional əlaqələrin xarakterinin üzə çıxarılması ilə başlayır. Onların öyrənilməsi, birinci növbədə, Oğuznamənin etnik mühitdə yaranma və yaşama səbəblərini ortaya qoyur. Bundan başqa, mətnin funksiyası onun semantikasından ayrı deyil. S.J.Neklyudovun ifadə etdiyi kimi, “folklor əsərlərinin funksiya və semantikası, həqiqətən, yanaşı gedirlər və müxtəlif bucaqlardan o dərəcədə bir-birlərini şərtləndirirlər ki, onlardan biri digərindən çətinliklə ayrıla bilir” (259). Səbəbsiz deyil ki, şifahi mətnin semantikası təkcə mətnin məzmunundan deyil, həm də onun funksiyasından törəyir (259). Bir şifahi bədii yaradıcılıq hadisəsi olaraq Oğuznamə də bu qanunauyğunluqdan kənarda qalmır. Onun aid olduğu etnik mühitlə funksional əlaqələrinin öyrənilməsi paralel şəkildə alt qatının üzə çıxması, dərin mənasının canlanması ilə müşayiət olunur. “Oğuznamə xalqın hansı ehtiyaclarından yarandı və hansı ehtiyaclarını ödəyirdi” kimi funksional mahiyyətdə olan sualların cavabı bu şifahi yaradıcılıq hadisəsinin poetik semantikasını ortaya qoyur. Yüksək bədii dəyərə malik “əhvalatlar” xırda təfərrüatlarına qədər bu müstəvidə məna qazanır. Elə buradan da mətnin formalaşmasında onun funksional əlaqələrinin rolu məsələsi ortaya çıxır. Bütün folklor əsələri kimi, Oğuznamənin də formalaşmasında onun “mətndənkənar gerçəkliklə” (B.H.Putilov) əlaqəsinin müəyyən rolu var və biz irəlidə məsələnin bu üzünü də göstərməyə çalışacağıq.
2.1. Etnik tarixin epik ifadəsi. Oğuz haqqında dastan dünyaya hakim olan və ya hakim olmaq iddiasında olan bir xalqın düşüncəsinin məhsuludur. Ona görə də bu dastan yalnız bənzər tarixi yol keçən böyük etnosiyası birliklərin işinə yaraya bilərdi. Bununla yanaşı, hər bir xalq onu alaraq öz tarixinə uyğunlaşdırmalı idi. Oğuz haqqında dastanın Rəşidəddin. Əbülqazi və. s. kimi orta əsr müəlliflərinin əsərlərində təsviri verilən Oğuznamə versiyasında biz bu halla qarşılaşırıq. Etnik tarixin epikləşməsi qanunauyğunluqlarını müşahidə etmək baxımından dastan misilsiz material verir.
Oğuz haqqında dastanın həm uyğur, həm də Oğuznamə versiyasında Oğuz cahangirlik yürüşlərindən sonra öz övladları arasında hakimiyyət bölgüsü aparır. O, üç böyük övladını ənənəvi hərbi-inzibati bölgüdə hakim vəziyyətində olan Bozok, üç kiçik övladını isə onlardan asılı vəziyyətdə olan Üçok qanadına qoyur. Ancaq dastanın uyğur versiyasından fərqli olaraq, Oğuznamə versiyası Oğuzun altı oğlunun 24 törəməsinin də adlarını sıralayır. Bu 24 törəmənin adlarının əksəriyyəti başqa bir şey yox, oba-oba, oymaq-oymaq türkman dünyasının hər tərəfinə səpələnmiş oğuz mənşəli tayfaların adlarıdır. Oğuznamənin funksional mahiyyəti də elə bu yerdə üzə çıxır. Görmək çətin deyil ki, boyların adları şəxsləndirilərək boyun mənsublarının əcdadları kimi təqdim olunur və “Oğuz övladı” kimi Oğuznamənin qəhrəmanlarına çevrilir. Bu şəkildə Oğuznamə ilə onun etnik mühiti arasında ünsiyyət qurulur. Orta əsrlərdən günümüzə gəlib çatmış soykötüklərində Oğuznamə qəhrəmanlarının əcdadlar siyahısına salınması bu ünsiyyətin xarakterini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Məsələn, “Şəcəreyi-tərakimə”də Salır Öqurcukun söykötüyü Salır – Dağ xan – Oğuz xan şəklində tamamlanır: “Onun atası Salır, onun atası Dağ xan, onun atası Oğuz xan” (221, 70). Orta əsrlərdə hər bir türkman ailəsinin gerçək əcdadlarla başlayıb Oğuznamə qəhrəmanları ilə sona yetən söykötükləri olmuşdur. Ağqoyunlu sultanları Bayandur xanın, Osmanlı sultanları Kayı xanın övladları sayılırdı. Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbixan Xunci türkmanları “Uğuz xanın övladları” adlandırıb, həm Osmanlı, həm də Ağqoyunlu sultanlarına “Uğuzxanlıların budaqları” deyir (301, 40). Orta əsrlərdə uyğun türkman boylarının “Kayı xan övladı”, “Əfşar xan övladı”, “Gün və Ay və Yıldız övladları”, şəklində Oğuznaməyə əsasən ifadəsi də eyni hadisənin təzahürüdür (123, 8). Rəşidəddinin aşağıdakı cümləsi müasiri olduğu türkmanların Oğuznaməyə münasibətini ifadə etməklə deyilənləri ümumiləşdirir və konkret şəkildə Oğuznamənin funksional mahiyyətini ortaya qoyur: “Dünyada mövcud olan bütün türkmənlər Oğuzun [yuxarıda] xatırlatdığımız iyirmi dörd törəməsinin nəslindən [əmələ gəlib] (302, 85). Səbəbsiz deyil ki, türkmanlar bu dastanı özlərinin tarixi sayırdılar. Oğuz haqqında dastan və oğuz tarixi haqqında oğuznamələrdən ibarət olan “Şəcəreyi-tərakimə” əsəri Türkmənistan türkmənlərinin “doğru və etibarlı tarix”ə olan ehtiyaclarını ödəmək üçün yazılmışdı. Yuxarıda deyilənlərə əsaslanıb, Oğuznamənin türkman etnik mühitində etnik kimlik şüurunun ifadəsi olaraq əcdadlar haqqında dastanlar kimi yarandığını qəti şəkildə söyləmək mümkündür. Bir etnosiyasi birlik olaraq oğuzlar, doğrudan da, türkmanların əcdadı idi. Onlar bu tarixi hadisəni epik hadisəyə çevirib öz əcdadları olan oğuzlar haqqında dastanlar yaratdılar. Burada, “ol zəmanlar”, “oğuz zəmanı” kimi vəsf olunan epik dünya türkman düşüncəsində tarixə qovuşmuş əcdadların dünyası idi. Onu da xatırladaq ki, soy kimliyi şüurunun ifadəsi olaraq əcdadlar haqqında mübarək mətn (etnoqoniya) qədim və orta əsrlər dünyasının bütün etnik təsisatlarına xas olan universal hadisədir. Türkmanlar da bir etnos olaraq bu qanunauyğunluqdan kənarda qalmır.
Qarşıya çıxan bu vəziyyət bizi oğuznamələrə mövcud münasibəti dəyişməyə vadar edir. Əgər Oğuznamə Oğuz dastanları yox, oğuzlar haqqında türkman dastanlarıdırsa, onda sözügedən epik yaradıcılıq hadisəsi türkman düşüncəsi, türkman etnik mühiti və türkman tarixi kontekstində araşdırılmalıdır. İrəlidə görəcəyimiz kimi, Oğuznamə ilə bağlı əsaslı məsələlər bu müstəvidə öz həllini tapır. Öncə, Oğuz elinin yaranmasına nəzər salaq. Tarixi Oğuz elinin yaranmasından yuxarıda bəhs olundu. Bəs Oğuznamə onu hansı şəkildə təsvir edir?
Oğuznamədə epik qəhrəmanın dünyaya gəlişi onun “Bir Tanrı” inancını bəyan etməsi ilə müşayiət olunur. Bu inanc əsasında epik qəhrəman atasının dövlətini, yəni “Qara xan elini” iki yerə bölür. “Bir Tanrı”ya inananlar Oğuzun, inanmayanlar Qara xanın ətrafına toplanır. Baş verən döyüşdə Oğuzun atası Qara xan, əmiləri Kür xan və Küz xan ölür. Ardınca o, əmilərinin tərəfində olanlarla 75 il müharibə edib, onları Türküstandan çıxarır və “Karakuruma” qədər təqib edir. Tuğla çayı sahillərinə qədər uzanan çöl və vadilərdə məskunlaşmağa məcbur olan bu tayfalara Oğuz, moval adı verir. Moğol etnoniminin Oğuznamə variantı olan bu sözü dastan “qəmli, məzlum, bədbəxt” şəklində mənalandırır. Oğuz “Bir Tanrı”ya inanan tərəfdarlarını isə uyğur adlandırır. Ancaq Oğuznamə inanc əsasında yaranan yeni xalqa uyğur adı vermir. Oğuz uyğurları etnik birliyin içərisinə salıb doxsan yurddan toplanmış on tokuz oğuzdan ibarət ordu yaradır (303, 32). Yəni yaranan yeni etnosiyasi birliyə oğuz adı verir və onların gücü ilə dünyanı itaətə gətirir. Məsələyə tarixi baxımdan yanaşsaq, demək olar ki, inanc əsasında yaranan xalq nə uyğurlardır, nə də oğuzlar. Təsvir etdiyimiz etnoloji mənzərəyə əsaslanıb bu xalqın türkmanlar olduğunu qəti şəkildə söyləmək mümkündür. Burada sadəcə olaraq, Mərvazinin (XII) təsvir etdiyi tarixi hadisə əks olunur: “Oğuzlar islam hüdudlarına gələndən sonra, müsəlman olaraq türkmən adını aldılar. Bu türkmənlərlə müsəlman olmayan oğuzlar arasında müharibə oldu. Sonra onlardan müsəlman olanlar çoxaldı. Yaxşı müsəlman oldular. Bunlar kafir soydaşlarına qalib gəlib onları qovdular” (102, 96). Oğuznamədə hətta tarixi gerçəkliyə uyğun şəkildə Oğuz elinin hansı şəkildə parçalanması və onların hansı şəkildə yeni etnik dünyaya qatılması da əks olunur. Əbülqazi Oğuznaməyə söykənərək yazır: “Elin böyük hissəsi Qara xanın, kiçik hissəsi Oğuzun ətrafında toplandı. Qara xanın kiçik qardaşlarının çoxlu uşaqları var idi. Heç kimin ağlına gəlməzdi ki, onlar Qara xandan üz döndərərlər. Onların hamısı Oğuzun yanına gəldi” (221, 42). Beləliklə, Oğuz cəmiyyətinin bütün özəklərinin parçalanması Oğuznamədə atalar və oğulların qarşıdurması şəklində əks olunur. Birinciləri ənənənin qoruyucuları kimi mühafizəkarların, ikinciləri isə passionar qüvvələrin əksi saysaq, Oğuznamənin tarixi gerçəkliyi düzgün əks etdirdiyini söyləmək olar. Bununla bərabər, dastandakı “Qaraxan eli” tarixi baxımdan Oğuz elidir. “Bir Tanrı” inancı əsasında yaranan xalq isə oğuzlar yox, deyildiyi kimi, türkmanlardır. Bu şəkildə etnos əcdadlarını özünə bənzədərək tarixi sosiumun epik variantını yaradır. Yəni Oğuz elinin yaranışını Türkman elinin yaranışına uyğun şəkildə təsvir edir. B.E.Putilovun qəhrəmanlıq dastanlarını nəzərdə tutaraq epik sosium “təkcə real-tarixi sosiumun məzmunu ilə izomorf deyil, həm də bir çox cəhətləri ilə onun ziddinədir” fikri qarşılaşdığımız hadisəyə münasibətdə tam mənası ilə özünü doğruldur (275, 46).
Oğuz haqqında dastanın Rəşidəddin tərəfindən təsviri verilən ən qədim variantında, tarixi gerçəkliyin əksinə olaraq, Qaraxan tərəfdarları ilə Oğuz tərəfdarları arasında konflikt islam müstəvisində deyil, “Bir Tanrı” inancı müstəvisində baş verir. Cığatay mədəniyyəti çevrəsinə aid mətnlərdə isə konfliktin islam müstəvisində baş verməsi iddia olunur. X.Koroğlu Rəşidəddin mətnini nəzərdə tutaraq Oğuzun islama deyil, “Bir Tanrı”ya inandığını söyləyir və məsələnin üzərindən sükutla keçir (222, 64). Müəllifin bu davranışı “Bir Tanrı” inancının islamla bağlılığına şübhə oyadır. Belə təsəvvür yaranır ki, “Bir Tanrı” inancı başqa bir dini düşüncə ilə bağlıdır. Türklərin islam dininə qədər də “Bir Tanrı”ya inandıqlarını və ya İsa dininin islamdan öncə türklər arasında yayıldığını nəzərə alsaq (85, 140-161; 118), X.Koroğlunun səpdiyi şübhə toxumunun bizi haralara apara biləcəyini təsəvvür etmək olar. Ona görə də məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq məcburiyyətindəyik.
Öncə, “Bir Tanrı” inancının İsa dini ilə əlaqəsindən danışmaq istərdik. Bu dinin əsasında dayanan Tanrı Oğlu inancının tarixi türklər arasında çox qədimdir. Onunla bağlı inanışlar son dövrə qədər yaşamaqda idi (267, 2-31). Hökmdarın Ulu Tanrı Oğlu titulu ilə taxta çıxması da türk tarixinə xas bir hadisədir (131, 68; 182, 16). Bu məsələdən ətraflı bəhs etmək qarşıya qoyduğumuz məqsədə uyğun deyil. Sözümüzün canı odur ki, İsa dininin Tanrı Oğlu inancı türklərə doğma idi. Səbəbsiz deyil ki, türklər İsa dinini Tanrı Oğlu ilə bağlı inancları müstəvisində anlayırdılar. Xaçpərəstlərin Tanrı Oğlu haqqında mübarək mətnin qəhrəmanlarından biri olan Erkenin adı ilə Ergeun/Arxaun adlanması deyilən gerçəkliyi ifadə edir (267, 1-2). Oğuznamə də bu düşüncəyə uyğun şəkildə İsa dininə inananları “Tanrı Oğlu” anlamında Baq Pur (Baqa – Putra) sözünün (95, 428) Oğuznamə variantı ilə təkfur/təkur adlandırsa da, onları Oğuzun və Oğuz elinin düşmənləri sırasına qoyur. Burada “təkur dininin” içərisində bütpərəsətlik ünsürləri olsa da, əsas etibarı ilə, keşişli, kilsəli xaçpərəstlər təsvir olunur. Oğuz təkfur ellərini diz çökdürür, oğuz ərənləri onların kilsəsini yıxıb, yerində məscid tikir. Demək istəyirik ki, “Bir Tanrı”ya inanan Oğuzla, müsəlman oğuzların təkfura münasibəti fərqli deyil. Bu halda Oğuznamədə sözügedən “Bir Tanrı” inancının İsa dini ilə əlaqəsinə yer qalmır. Onun islamdan öncəki “Bir Tanrı” inancı ilə bağlılığı haqqında M.H.Təhmasibin söylədiyi fikir də özünü doğrultmur (59, 9). Məsələyə nəzər salaq.
Türklərin kitablı dinlərdən öncə “Bir Tanrı”ya tapınması bəllidir (118). Onun oğuzlarda varlığına İbn Fədlan (X) şahidlik edir: “İçərilərindən biri zülmə məruz qalarsa və ya xoşagəlməz bir şey görəndə başını göyə qaldırıb “Bir Tanrı” deyər”. Bu, türklərdə “Bir Allah” deməkdir (86, 31). Ancaq tarixi həqiqətin əksinə olaraq, Oğuznamə “Bir Tanrı” inancını Oğuzun adı ilə bağlayır və Qara xan elinin ondan xəbərsiz olduğunu söyləyir. Dastanda Oğuzun üz çevirdiyi arvadlarının dilindən deyilir: “Oğuz bizə bir xaliqə inanmağı və ona itaət etməyi təklif etdi. Ancaq biz ona dedik ki, biz belə bir xaliqi tanımırıq. O, qəzəblənib bizdən aralandı” (303, 27). Qaraxan eli məhz bu inanc əsasında parçalanır, iman gətirənlər, deyildiyi kimi, birləşərək Oğuz elini, gətirməyənlər “Moval” elini yaradır. Oğuznamənin tarixi həqiqətə dayanaraq oğuzlarda “Bir Tanrı” inancının varlığını inkar etməsi təkcə təsviri verilən hadisənin tarixi baxımdan islamı ifadə etməsindən deyil, həm də sözügedən “Bir Tanrı” inancının islam düşüncəsindən doğmasındadır. Oğuzun Adəmi tanıması, Məkkə, Mədinə, Dəməşq kimi islamın mübarək şəhərlərinə tapınması məsələnin üzdə olan tərəfidir (303, 52-54). Onun alt qatı ondan ibarətdir ki, Oğuznamə islam təfəkkürünün Allahın Rəsulu ilə başlayan islam dövrünü, islamaqədərki “Bir Tanrı” inancından ayırmasından yararlanaraq İbrahim peyğəmbərin yerinə Oğuzu qoyur və onu Məhəmməd peyğəmbərin mənəvi sələfinə çevirərək peyğəmbərlik ünvanı verir. Oğuznaməyə görə, Oğuz Allahın Rəsulunun haqq dinini bəyan etməsindən çox-çox əvvəlki dövrlərdə yaşamış və “Bir Tanrı” inancını bəyan edərək Oğuz elini bu inanc əsasında yaratmışdır. Oğuz elinin islam dinini qəbul etməsi Oğuz tarixinin sonrakı dövrlərində, Rəşidəddinə görə, Kayı İnal xanın, Dədə Qorqudun zamanında baş vermişdir. Allahın Rəsulu haqq dinini bəyan edən kimi onun yanına Oğuz elindən nümayəndələr göndərilir. Onlar geriyə dönüb islam peyğəmbərinin Oğuz elində səhabəsi olurlar, yəni islamı qəbul edirlər (303, 70). Dədə Qorqud oğuznamələrində Dədə Qorqudun “Rəsulu Əleyhissəlam zamanına yaxın” bir zamanda yaşaması haqqında qeyd və ya Bükdüz Əmənin “varuban peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan” şəklində təriflənməsi deyilən məsələ ilə bağlıdır. Ona görə də “Oğuz zəmanının ... islamın birinci əsri” olması haqqında V.V.Bartolda məxsus fikir bütövlükdə “oğuz zəmanını” deyil, onun bir hissəsi olan Bayandur xan “zəmanını”, yəni oğuz tarixinin Dədə Qorqud oğuznamələrində vəsf olunan islam dövrünü ifadə edir (144, 480).
Oğuz tarixinin inanc müstəvisində dövrləndirilməsi orta əsr müəlliflərinin nəzərindən qaçmamışdır. Onlar Oğuznaməyə söykənərək məsələni xüsusi şəkildə vurğulamışlar. “Bəhrül-əhsab” adlı bir əsərdə verilən məlumata söykənən Bayburtlu Osman III Murad dövründə (1574-1595) yazdığı əsərində oğuz tarixinin birinci dövrünü “din-məzhəb bilməzlər idi, amma haqqa iqrarları var idi” şəklində səciyyələndirir. İslam dövrünü isə Bayandur xanın Xorasandan Aniyə, Karsa gələrək Gürcüstan kafirləri ilə qırx il savaşıb Doqquz Tümən Gürcüstan bəylərindən xərac alandan və Dəmirkapunu alıb Küştase məliyin başını kəsəndən sonra, yəni Bayandur xanın taxta oturduğu vaxtlarda baş verdiyini söyləyir: Bayandur xan Allahın Rəsulunu yuxuda görüb iman gətirir; İç Oğuz başı Qazan xanla, Taş Oğuz başı Dündar bəyi Kəbəyə göndərir; Qazan xan və Dündar bəy peyğəmbərin iman təklifini qəbul edir; Allahın Rəsulu Salmani-Farsini onlara qoşub Dərbəndə göndərir; Səlman islamı onlara öyrədib Dədə Qorqudu şeyx qoyur (79, 40-41).
Bayburtlu Osmanın verdiyi məlumat, şübhəsiz ki, Oğuznamədən qaynaqlanır. Məlumatın xarakterini nəzərə alsaq, onun hər hansı bir dastanın giriş hissəsində verilə biləcəyini düşünmək olar ... Əbülqazi bu məsələyə özünəməxsus şəkildə yanaşaraq bir ziyalı kimi onu tarixiləşdirməyə cəhd edir və nəsillər vəsiləsi hesabı ilə Oğuz xanın Məhəmməd peyğəmbərdən dörd min il əvvəl yaşadığını söyləyir (221, 71). Ağqoyunlu tarixçisi də Oğuz tarixinin inanc müstəvisində dövrləşdirilməsinə diqqət yetirir: “İslama qədər bayandurlar o zamankı peyğəmbərlərin buyruqlarına boyun əymişlər və islam meydana çıxan kimi onlar onu qəbul etmişlər” (301, 55). Bununla yanaşı, müəllif “islama qədər bayandurlar o zamankı peyğəmbərlərə boyun əymişlər” deyərkən oğuz tarixinin birinci dövrünü yanlış səciyyələndirir. Məsələ bundadır ki, Oğuznamə Məhəmməd peyğəmbərə qədər Oğuzdan başqa, heç bir peyğəmbər tanımır. Ənənəvi təfəkkür bu məsələdə islam auditoriyasından qorxmayacaq dərəcədə cəsarətli idi. Ancaq Oğuz elinin tarixini – Oğuznaməni yazıya alıb islam auditoriyasına təqdim edən orta əsr müəllifləri bu auditoriyadan xoflanaraq müxtəlif çarələr düşünməyə başladılar. Günümüzə gəlib çatmış ən qədim Rəşidəddin mətnində Oğuz soyunu peyğəmbərlər tarixi haqqında islam (ümumiyyətlə, sami) ənənəsi ilə birləşdirmə cəhdi uğursuz alınıb. Bulca xanı Nuh peyğəmbərə bağlamaq istəyən söyləyicinin düşdüyü vəziyyəti Rəşidəddin təsvir edərək yazır: “Türklər Yafəsi Bulca adlandırır və adlandırmağa da davam edirlər və dürüst bilmirlər ki, bu Bulca Nuhun oğludur və ya nəvəsidir. Ancaq onların hamısı o (Bulca), onun (Nuhun) soyundandır və ona (Nuha) yaxın zamanda yaşayıb fikrinə şərikdirlər” (302, 80). Bütün bu ciddi-cəhdlərin əsl səbəbi Oğuz soyunu “peyğəmbərlər tarixinə” bağlamadan ortalığa çıxarmaq qorxusudur. Nəzərə alsaq ki, orta əsrlərin müsəlman təfəkkürü “peyğəmbərlər tarixi” ilə bağlılığı olmayan hər hansı bir soyun varlığını təsəvvür belə etmirdi, onda söyləyicilərin düşdüyü vəziyyəti anlamaq olar. Bir sözlə, Oğuznamə təfəkkürü onları əməlli-başlı çaşdırmışdı. Həsən Bayat, Əbubəkir Tehrani, Əbülqazi və s. mətnində oğuz soyunun “peyğəmbərlər tarixi” ilə uzlaşdırılmasının şifahi ənənə ilə heç bir əlaqəsi yoxdur. Belə uzlaşdırmalar şəcərələri yazan müəlliflərə aiddir. Unutmaq olmaz ki, Oğuz soyunun peyğəmbərlər tarixinə bağlanması “Bir Tanrı” inancının “Qaraxan eli” içərisində Oğuzdan öncə də olması düşüncəsi yaradır. Ancaq Oğuznamə, deyildiyi kimi, tarixi həqiqətin əksinə olaraq, bu inancı Oğuzun adı ilə bağlayır və belə bir inancın Oğuzdan öncə də türklər arasında varlığını qətiyyətlə inkar edir. Ona görə də Oğuz soyunu peyğəmbərlər tarixinə bağlamaq istəyən müəlliflər və ya söyləyicilər Oğuznamənin mahiyyətini anlamayıblar və ya anlamaq istəməyiblər. Sözümüz odur ki, Oğuz soyunun, “peyğəmbərlər tarixi”nə bağlanması “Bir Tanrı” inancının Qaraxan eli (türklər) içərisində Oğuzla başlaması haqqında Oğuznamə düşüncəsinə ziddir. Bununla yanaşı, Cığatay mədəniyyəti çevrəsində yazılmış əsərlərdə Oğuzun “Türküstan Məhəmmədi” kimi təqdim edilərək islam dinini qəbul etdirməsi və Oğuz elini bu inanc əsasında yaratması da Oğuz tarixinin Oğuznamə yozumunu ifadə etmir. Oğuznamə məsələyə münasibətdə islam düşüncəsini ciddi şəkildə gözləyərək Oğuzu Məhəmməd peyğəmbərin sələfi kimi təqdim edir və ona görə də peyğəmbərdən öncə islamdan söz sala bilməzdi. Belə məlum olur ki, Cığatay mədəniyyəti çevrəsində yazılmış mətnlərdən fərqli olaraq, Rəşidəddin mətni birbaşa Oğuznamənin məsələyə münasibətini ifadə edir.
Nəhayət, deyilənlərə əsaslanıb Oğuznamə üzərində islamın haqqı barədə fikir söyləmək olar. Məlumdur ki, araşdırıcıların əksəriyyəti oğuznamələrdəki islama bu və ya başqa ölçüdə “islami ünsür” və ya islamlaşma səviyyəsində yanaşır. H.Araslı “Kitabi-Dədə Qorqud” mətninin islamlaşmasını katiblərlə bağlamaq istəyir (5, 8). T.Hacıyev məsələyə şifahi bədii yaradıcılıq müstəvisindən yanaşır və bu hadisəni ozan yaradıcılığı ilə əlaqələndirir (36, 79). M.Təhmasib “Kitabi-Dədə Qorqud”dakı islamla bağlı elementlərin “VII əsrdən sonrakı mühitlə” əlaqəli olduğunu vurğulayıb daha qədim “etiqad və görüşlərə” diqqət yetirir (57, 33-39). V.V.Bartold “Kitabi-Dədə Qorqud”da islam dininin üzdə olmasından, “əhəmiyyətsiz təsiri”ndən danışır (144, 482). Əslində, Dədə Qorqud oğuznamələrində islamın üzdə olması fikri mətnin islamlaşması konsepsiyasının ifadə formalarından biridir. V.V.Bartoldun “Kitabi-Dədə Qorqud”dakı islam məsələsinə belə münasibəti öncə E.Rossi, ardınca O.Ş.Gökyayın tənqidinə məruz qalmışdır. O.Ş.Gökyay F.Köprülünün və A.İnanın eyni fikirdə olduqlarını yada salır və islamla bağlı ünsürlərə diqqət yetirərək yazır: “Kitabda bunların tutduğu yer heç də üzdə olan inanışlar və məlumatlar kimi görünmür” (82, CCLXXII). Ardınca Müjgan Cumburun “Dədə Qorqud oğuznamələrində islami ünsürlər” adlı məqaləsini dastanlarda “islami ünsürlər”in dərinliyini göstərmə təşəbbüsü kimi qiymətləndirmək olar (70, 77-159). Ancaq hər iki müəllif islamın dərinliyini “islami ünsürlərin” kəmiyyət çoxluğu şəklində anlayır. Məsələnin bu şəkildə idrakı özü-özlüyündə müəllifləri oğuznamələrin islamlaşması konsepsiyasının tərəfdarları sırasına qoyur. Bir halda ki, oğuznamələrdə islam “ünsür” səviyyəsindədir, onda bu “ünsürlərin” kəmiyyəti məsələnin mahiyyətinə o qədər də təsir etmir. Oğuznamə və islam probleminə P.Pelyo da islamlaşma şəklində yanaşır. Müəllif Maksadofun “Oğuz” dastanının “Türküstanda türklərin VIII əsrdə islam dünyası ilə təmasından sonra yaradılmış olması” fikrinə qarşı çıxmaqla sözügedən mövqedə dayandığını göstərir (109, 16).
Məsələnin bu şəkildə qoyuluşu Oğuznamənin islamdan öncə yaranması təsəvvüründən qaynaqlanır. Oğuzların qədim xalq, Oğuznamənin isə onların yaradıcılığının məhsulu olmasını düşünən araşdırıcı məsələni islamlaşma şəklində qoymağa məcburdur. Üstəlik ortada Oğuz haqqında dastanın hər hansı “islami ünsürdən” uzaq uyğur versiyası var. Oğuznaməni Uyğurnamədən ayırmayan araşdırıcı istər-istəməz islamlaşma fikrini ortaya atır. Ancaq məsələyə başqa münasibət də var. N.Cəfərov “Kitabi-Dədə Qorqud”da islam məsələsini sırf poetik hadisə kimi dəyərləndirir və bu hadisəni dastanların “ideoloji-mənəvi mühiti” ilə, yəni islam mühiti ilə əlaqələndirir. “İslam dini mötivləri”ni “Kitab”ın ideya-estetik, poetik əsaslarından biri olduğunu dilə gətirən müəllif dastanların islam mühitində yarandığını etiraf etmiş olur (19, 5). Bununla bərabər, Oğuznamədə islamın yerindən danışarkən onu yaradan xalqın düşüncə tipi nəzərə alınmalıdır. Bütün xalqlar kimi, türkmanların da özünəməxsus düşüncə sistemi olmuşdur. Onların islam inancı əsasında yaranmış xalq olduqlarını yada salsaq, türkman düşüncə sisteminin ənənəvi düşüncədən gələn ünsürlərlə, islamdan gələn ünsürlərin əsasında formalaşdığını söyləmək olar. Oğuznamə də bu düşüncə tipinin məhsuludur. Təsadüfi deyil ki, Oğuznamələrdə ənənədən gələn ünsürlərlə islamdan gələn ünsürlər bir çox hallarda yanaşı işlənir və paralelizmin komponentləri bu iki ünsürdən təşkil olunur. Yaxud da ənənədən gələn ünsürlər islam örtüyünə bürünür (32, 3-9).
Bəşər tarixinin ən böyük hadisələrindən olan türkman hərəkatı olmasaydı, çox güman ki, Oğuznamə də yaranmayacaqdı. Söhbət türkman ellərindən biri olan Səlcuqlu hərəkatından və Səlcuqlu dövlətinin bayrağı altında türkmanların cahangirlik yürüşlərindən gedir. Bu yürüşlər Türküstandan Misirə qədər uzanan Böyük Səlcuqlu imperiyasının yaranmasına gətirib çıxartdı. Baş verən bu tarixi hadisə ruhuna görə türk cahan hakimiyyəti düşüncəsini ifadə edən Oğuz haqqında qədim dastanı xatırladırdı və ozanlar bu qədim dastanı götürüb onun əsasında Oğuznamə yaratdılar. Orta əsr müəlliflərinin əsərlərində bu dastanın əsas etibarilə məzmunu verilmişdir. Ancaq bu halında da onun monumental görkəmini görməmək mümkün deyil.
Oğuznamədə epik sosiumun ərazisi, deyildiyi kimi, Türküstandır. Oğuz Qaraxan tərəfdarlarını Türküstandan çıxarıb Karakuruma qovduqdan sonra bu ərazidə ona qarşı çıxanları itaətə gətirir və “Talasdan, Sayramdan Mavərənnəhrə, Buxaraya və Xarəzmə qədər olan torpaqları tutub öz hakimiyyəti altına alır. Bununla belə, Oğuzun şimal-qərb istiqamətində yürüşləri “başqurd”ların itaətə gətirilməsi ilə başlayır (303, 31). Bu, o deməkdir ki, “başqurd”lardan cənuba və şərqə doğru uzanan torpaqlar Oğuzun və Oğuz elinin ana vətənidir, yəni Türküstandır. Artıq deyildiyi kimi, Oğuz elinin tarixi coğrafiyası da elə bu şəkildə olub. Deməli, Oğuzun hərbi yürüşünün ikinci mərhələsi oğuzların Türküstana hakim olmasını ifadə edir.
Oğuzun cahangirlik yürüşləri, deyildiyi kimi, tarixi baxımdan böyük türkman hərəkatını əks etdirir. Ancaq bu hərəkat epik ənənənin verdiyi imkanlar çərçivəsində, eləcə də qədim və orta əsr türk təfəkküründə cahan hakimiyyəti düşüncəsinin tutumu ilə uzlaşaraq əks olunur. Oğuznamənin epik tarix olduğunu nəzərə alsaq, bu, elə belə də olmalı idi. Bu baxımdan Oğuz xanın Çinə, Maçinə və Hindistana yürüşünü deyilən səbəblərə bağlamaq mümkündür. Bundan başqa, Kıl-Barakla savaşın dastanın uyğur versiyasına da xas olduğunu yada salsaq, onun epik mahiyyət daşıdığını söyləmək olar. Halbuki barakların etnik varlığı, irəlidə görəcəyimiz kimi, əfsanə deyil. Ancaq dastanın uyğur versiyasından fərqli olaraq, Oğuznamə bu hadisəyə geniş epik məzmun verir.
Oğuznamə Çin, Maçin, Hind, Sınmi Yağma xan, naməlum İnal xan, Qur, Qarçistan, Habil və Zabilin fəthini tələsik söyləyəndən sonra şimal-qərbə keçir. Burada “başqurd”ların və kıl-barakların itaətə gətirilməsi aydın şəkildə əks olunur. Qaranlıq ölkəyə səfərdən sonra Oğuz Dərbəndə yaxınlaşır. Maraqlıdır ki, Oğuznamə tarixi gerçəkliyin əksinə olaraq, yürüşü cənubdan deyil, şimaldan başlayır. Öncə Dərbənd, ardınca Şirvan fəth olunur. “Oğuz kağan” dastanında Oğuzun atları Muz dağında, Oğuznamədə isə Dərbəndin alınması zamanı itir. Gürcüstanın dirənişi heç bir fayda vermir. Bundan sonra Antakşəhrin Təkfur xanı, franklar və rumlular boyun əyir. Hiss olunur ki, Oğuznamə bu hadisələrə xüsusi diqqət yetirir və onlardan həvəslə danışır. Dəməşq və Misir Oğuz ordusu qarşısında tab gətirə bilməyəcəklərini anlayıb tabe olurlar. Ancaq Oğuzun islam ölkələrinə xüsusi münasibəti var. O, Adəm peyğəmbərin dəfn olunduğu yerə – Dəməşqə hücum etmək istəmir, Məkkədən, Mədinədən torpaq gətirtdirib bədəninə sürtür. Oğuz geriyə dönərək şərq istiqamətində irəliləyir. Bağdaddan sonra Bəsrə, Xuzistan tutulur. İsfahanlıların müqaviməti Yüşi Xocanın düşündüyü hərbi hiylə ilə qırılır. Ardınca Fars, Kirman, İraqi-Əcəm, Rey, Qəzvin, Həmədan tabe olur. O, yaylamaq üçün Dəmavəndə yola düşür. “Oğuz” dastanı üçün səciyyəvi olan kalaçlar məsələsi Dəmavənd səfərində baş verir. Yəni Oğuznamə xələcləri burada yaxalayır. Mazandaran, Gurgan, Dehistan və Kuhistan və s. bölgələrin fəthindən sonra ana yurda – Türküstana dönür. Burada Bozok-Üçok sistemini yaradır. Hakimiyyəti böyük oğlu Gün xana vəsiyyət edib dünyasını dəyişir.
Rəşidəddin mətni əsasında son dərəcə qısa şəkildə etdiyimiz təsvirdən görünür ki, dastanın Oğuznamə versiyasında Oğuzun cahangirlik yürüşlərinin ağırlıq mərkəzi Dərbənddən başlayan və Buxara sərhəddində yerləşən Yalquz Ağacda tamamlanan qərb yürüşünün üzərinə düşür. Şərqə doğru yürüşləri “könülsüz və tələsik” şəkildə söyləyən Oğuznamə qərb yürüşlərindən danışarkən dil açır. Bununla yanaşı, Oğuznamə bu ölkələri, az qala el-el, mahal-mahal tanıyır. Bu tanışlıq Türküstan alplarının Misirə, Anadolunun qərbinə qədər uzanan tarixi yürüşləri və bu böyük coğrafiyaya yayılmaları ilə bağlı olaraq yaranmışdı. Söhbət türkmanların qərb axınlarından gedir. Bu axınlar onlarla dövlətin tarix səhnəsindən silinməsi və Böyük Səlcuqlu imperiyasının quruluşu ilə tamamlandı.
Oğuzun cənub-qərb istiqamətində cahangirlik yürüşləri, şübhəsiz ki, funksional mahiyyət daşıyaraq hegemon xalq kimi türkmanların sözügedən coğrafiyaya yayılmasının tarixini izah edirdi. Ancaq tarixi həqiqətin əksinə olaraq, Oğuznamə bu hadisənin islamdan çox-çox əvvəllər baş verdiyini söyləyir və beləliklə, bu tarixi qədimləşdirir.
Dostları ilə paylaş: |