AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə24/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   21   22   23   24   25   26   27   28   29

LAYLALAR, OXŞAMALAR


Sən gözümün birisən,

Arazısan, Kürüsən.

Mən nənən sənə qurvan,

Ağlama sən, kiri sən.


Bala, bala, gül bala,

Bülbül bala, gül bala.

Gülümə özüm qurban,

Sən ağlama gül balam.


Balamın laylası var,

Deyilmə qaydası var.

Deyin görüm, ay ellər,

Baladan şirin nə var?

Laylay, balam, a laylay.
Balamı yaradan, Allah,

Telini daradan, Allah.

Kim balamı isdəməsə,

Götür aradan, Allah.


Atası işə getsin,

Anası işə getsin.

Anası balasına

Billə (mermeyvə) alıf gətirsin.


Nar budağın əyəndə,

Ucu yerə dəyəndə.

Bir qoç qurban kəsərəm

Balam ana deyəndə.


Sudan sel iyi gəlir,

Daşdan lil iyi gəlir.

A mənim bircə balam,

Səndən gül iyi gəlir.


Laylay dedim yat, balam,

Qızıl gülə bat, balam.

Ümüdüm bircə sənsən,

Boya-başa çat, balam.


A laylay, gülüm laylay,

Gülüm-sümbülüm laylay.

Böyü sənin sayəndə

Mən də bir gülüm, laylay.


Sədası bağdan gəlir,

Davşannı dağdan gəlir.

Elvin oğlumun qabağına

Buğalar qurban gəlir.


Balam ballar içində,

Əyrisi yoxdu qıçında.

Qızıma elçi gəlifdi,

Əmisi, dayısı içində.






TAPMACALAR


  1. Dam tapbıldar,

Gum gupbuldar.

Heyva çalar,

Nar oynar.

(Göy gurultusu)


  1. Ərşin ayax, bənövşə qulax.

(Dəvə)


  1. Qırx köynəyi var,

Qırx düyməsi yoxdu.

(Kələm)


  1. İki qabı var,

Biri qalxır, biri yenir.

(Tərəzi)


  1. Araba gedər izi yox,

Ulğun yanar, közü yox.

Zər-zəminin içində

Ağzı yanıx, gözü yox.

(Barama)


  1. Ha hanə, ha hanə,

Gəzdi cümlə cahanı,

İstambuldan su işdi,

Təbriz onun məkanı.

(Pul)


  1. Buxarı ha buxarı,

Tüsdü çıxar yuxarı.

Cənnətdən bir oğlan gəldi,

Çiyni yaşıl çuxalı.

(Yaz)


  1. Uzun-uzun ulama,

Boynuna qıl dolama,

Gedər şahbaz bağına,

Gələr sana salama.

(Pul)


  1. Ağamın bir donu var.

Üsdü dolu ağ abbası.

(İldız)


  1. Dam dam üsdə,

Dam Quran üsdə,

On iki pilləkan

Bir Quran üsdə.

(Ev)


  1. Maral, maral inəyim,

Qarnı xaral inəyim.

Ot otdamaz, su içməz,

Çəpəri yaran inəyim.

(Boranı)


  1. Atdım atam var mənim,

Xeyli xatam var mənim,

Dörd anadan olmuşam,

Səkkiz atam var mənim.

(Arı)


  1. Beş ovçuydux bir dağda,

Beş şamama bir tağda

Hərəmiz birini üzdüh,

Dördü də qaldı bir tağda.

(Fəsillər)


  1. Yorğançası belindədi,

Ha yüyürür, ha yortur,

Yerindədi, yerindədi.



(Su)


  1. Dağda dalaman gördüm,

Suda Süleyman gördüm

Duzsus bişmiş aş gördüm,

Ağzı gəvşəh daş gördüm.

(Dəyirman, halva, qar, düyü)


  1. Çatı su içər, dana köpər.

(Boranı)


  1. Gecə-gündüz yol gedir, yorulmur.

(Çay)


  1. Ələmə küpə,

Dələmə küpə.

Yüz il də qalsa,

Çürüməz küpə.

(İnsanın adı)


  1. Başı kələm bağlar,

İçi vərəm bağlar.

Balaların yığar başına,

Həzin-həzin ağlar.

(Samavar, çaynik, istəkan və nəlbəki)


  1. Kişi-kişi,

Əlində dişi.

Mənə bir at al,

Nə erkəh olsun, nə dişi.

(Nənni, beşik)


  1. Ordan aldım xaltanı,

Burdan vurdum baltanı.

Göylərə nur çilədi,

Yerin göyün soltanı.

(Günəş)


  1. Burdan vurdum,

Ordan çıxdı,

Fil-fil atdı,

Yonca bitdi.

(Şimşək)


  1. İlim ilim düyməsi,

İlim xatın düyməsi,

Hər kəs onu tapmasa,

Yeddi ilin xəstəsi.

(Üzərlik)


  1. Bir balaca fit daşı,

Yandırır dağı daşı.

(Günəş)


  1. Yarğan altdan, qaz gedər,

Qakqıldaşar qaz gedər,

Quşdarda elə quş var,

Yüz ilnən qısır gedər.

(.............)


  1. Bir kişi atnan gedirmiş. Bir qızı buna deyir ki, məni də tərkinə götü, mən də o yolu gedirəm də. Tərkinə alır. Yolda da kişilər oturuf yolun kənarında. Məətdəl qalıflar də, bı qızı niyə alıf belə tərkinə, aparır. Deyillər, a kişi, bı qız sənin nəəndi? Sual verillər. Bu kişi ağzın açıncan qız bının cavabın verir. Deyir, bu kişinin arvadının qardaşı məəm dayımdı. Yolun kənarında oturanlar fikirrəşir ki, ay Allah, bı nə deməhdi? Tappır ki, tappır. İndi nəyi olur?

Açması: Ata-bala.


  1. Deyir, o nədi ki, tezdən olur dördayaxlı, günorta ikiayaxlı, axşam üçayaxlı.

Açması: İnsan. Doğulanda körpə olur, iməhliyir. Sora böyüyür iki ayağı üsdə gəzir. Qocalanda da çəliynən gəzir, üçayaxlı olur.

CIRNATMALAR
Nənə, nənə, ay nənə,

Lapatkanı ver mənə.

Gedim bağda işdiyim,

Gəlim məməni dişdiyim.


Molla Məcid azan verir,

Sakqalınnan uzan verir.

Ölü görəndə yan verir,

Halva görəndə can verir.


Armud ağacı haça,

Əlim dolaşdı saça.

Nabat yekə, canım beçə,

Qaldım yalvara-yalvara.



MAHNILAR

ŞƏKİNİN, ŞİRVANIN DAĞ MARALIYAM
Qalanın dibində bir daş olaydım,

Gələnə-gedənə yoldaş olaydım,

Bacısı göyçəyə sirdaş olaydım.

Atma daş, əymə daş, mən yaralıyam,

Şəkinin, Şirvanın dağ maralıyam.
Qalanın dibində bir sürü qoyun,

Xənalı əlimi hayana qoyum?

Sən ordan gəlincə mən necə doyum?

Atma daş, əymə daş, mən yaralıyam,

Şəkinin, Şirvanın dağ maralıyam.
BOZ AT GƏLİR TOZA-TOZA
Boz at gəlir toza- toza,

Boynunda var qızıl qoza.

A çər dəymiş, yavaş yeri.

Yarı bılayırsan toza.


Boz at gəlir yanı-yanı

Açın qələndər yorğanı.

Bu yerlərin bəyi, xanı

Aman Ərşad, yorğan gəlir.



AŞIQLAR VƏ EL ŞAİRLƏRİ



  1. VALEH VƏ ZƏRNİYAR33

Bu qoca dünyada ömrə yox vəfa,

Görən olacaqdı nələr dünyada?

İnsan olan şirin-şirin danışar,

Heyvan olan gedər mələr dünyada.
Üstündən el keçmiş dağlar görmüşəm,

Çapılmış, talanmış bağlar görmüşəm,

Mənəm deyənləri ağlar görmüşəm,

Kimi ağlar, kimi gülər dünyada.


Yeddi yeyər, səkkiz çəkər, beş mələr,

Mənəm deyənlərin yurdu heç mələr.

Qaynar bulaq, axar çaylar, çeşmələr,

Necə olacaqdı sular dünyada?


Səməd ki var, bir quruca cəsətdir,

Ölüm ki var, o hamıya qismətdir.

Çarxı-fələk, bu necə mürvətdir,

Cavan oğlanlar da ölər dünyada?

Ustadlar ustadnaməni bir deməyib, iki deyib. Biz də deyək, iki olsun, xainlərin gülü tez solsun.

Təmiz xəyalların, saf ürəklərin,

Zimistanı çönər, nov-bahar olar.

Xain fasiqlərin, zalım kəslərin

Baharlı günləri çovğun, qar olar.

İnsan yaranıbdı yaratmaq üçün,

Bağman mahir olar bağ artmaq üçün,

Əmək şöhrət tapar var artmaq üçün,

Düz əməl sahibi ixtiyar olar.
Deyən varmı xain artar, ucalar,

Yaltaq çuğul səadətdən bac alar?

Xalqın sevən nə ölər, nə qocalar,

Əsir dəyişdikcə bərqərar olar.


Bəşəriyyət devran üçün deyilmiş,

Şən yaşamaq hər can üçün deyilmiş,

Mehribanlıq insan üçün deyilmiş,

Xaspoladın sözü eldə car olar.

Ustadlar ustadnaməni iki deməyib, üç deyib. Biz də deyək üç olsun, pis əməllər puç olsun.

Həyat bir məktəbdir min bir mənalı,

Hər insan öz yolun tutub gedəcək.

Aqillər gəzəcək səadət tapa,

Nadanlar qəflətdə yatıb gedəcək.
Çalış ki sən, hər əməlin düz olsun,

Fikrin, zikrin xəyalətli söz olsun.

Mehriban ol, dost-tanışın yüz olsun,

Hər kəs ləyağını tapıb gedəcək.


Vara arxalanıb mənəm deyənlər,

Tənnə üçün fəxri libas geyənlər,

Yaltaqlıq eyləyib çörək yeyənlər,

Namusun, qeyrətin satıb gedəcək.


Təbib olub dərdə dərman verənlər,

Hakim olub xalqa devran verənlər,

Mənəm deyib hər gün fərman verənlər,

Əldən ixtiyarın atıb gedəcək.


Xaspolad sadiqdi, bilir görənlər

Ədalət naminə dövran sürənlər,

Xalqını, yurdunu candan sevənlər,

Mətləb-muradına çatıb gedəcək.

Sizə haradan xəbər verim, Qarabağ mahalının Abdal-Gülablı kəndindən. Bəli, elə ki Aşıq Valeh aşıqlıq sənəti ilə eldə məhşurlaşdı, hər mahalda tanındı, bütün vaxtı el şənliklərində olurdu. Bir gün Səməd adlı bir cavan oğlan gəldi Valehin yanına. Xahiş etdi ki, onu özünə şagird qəbul etsin. Valeh dedi, cavan oğlan, adın Səməd olmasa, səni şagird qəbul edərdim. Çünki mənim ustadımın da adı Səməddir. Gələcəkdə kimi deyəcək, Səməd Valehin ustadı olub, kimi deyəcək yox, şagirdi olub. Ona görə səni şagird qəbul edə bilməyəcəm. Cavan Səməd ustad Səməddən xahiş etdi ki, Valehə desin, onu şagird qəbul etsin. Bəli, ustad Səməd Valehə dedi, ustadın ustad adı var, şagirdin şagird, oğlanı şagird qəbul et. Beləliklə, cavan Səməd Valehə şagird oldu.

Elə olurdu ki, Valeh aylarla səfərdə olurdı. Ona görə də atası Valehi öz qardaşı Hatəmin qızı Sənəmə nişanladı ki, Valeh çox uzaqlara getməyə. Valeh hara getsə, Səmədi özü ilə aparırdı.

Bir gün Valeh Arasbar kəndində bir falçı qarıya onun adamları aldatdığını sübut etdi. Həmin axşamı Arasbar kəndində məclis qurdular, çaldılar, çağırdılar. Həmin qarı da məclisdə olur. Səhər Valeh Səmədlə kənddən gedəndə həmin qarı Səmədi yanlayır. Deyir, oğlan, əvəzsiz aşıqsan, ancaq sən nə qədər Valeh ilə aşıqlıq etsən hörmətin olmayacaq. İstəyirsənsə hörmətin ola, Valehdən ayrıl, tək aşıqlıq et. Qarının hiyləsi Səmədi aldadır. Səməd yarımçıq ola-ola Valehdən ayrılır, başlayır tək hərlənməyə. Hansı kəndə gedirsə, görənlər deyir, oğlan, bəs ustan Valeh hanı? Səməd nə qədər hərlənirsə, bir deyən olmayır ki, çal-çağır. İş belə olanda Səməd öz-özünə deyir, belə olmaz. Mən gərək elə bir səmtə gedəm ki, orda Valehi tanımayalar, bəlkə onda məni bir aşıq kimi qəbul edələr. Beləliklə, Səməd üz tutur Dağıstan tərəfə. Gəzə-gəzə gedir çıxır Dəmirqapı Dərbəndə.

İndi xəbəri eşidin Dəmirqapı Dərbənddə Tacir Süleymanın qızı Zərniyar xanımdan. Zərniyar xanım atanın, ananın bircəsi olduğu üçün atası onu üç dildə təhsil almağa nail etmişdi. Oydu ki, Zərniyar xanım hər elmə müyəssər olmaqla yanaşı, həm də təbli bir şairə idi, saz çalıb söz oxumaqda üstün məharəti varıdı. Atası Süleyman vəfat edəndən sonra Zərniyar babası Dəmirçi Muradın himayəsində qalır. Həddi-buluğa çatanda Zərniyarın gözəlliyindən çox varına aşiq olanlar başlayırlar Zərniyara elçi düşməyə. Zərniyar babasından xahiş edir ki, onun ərə getmək ixtiyarını özünə versin. Babası onun xahişini qəbul edir, gələn elçilərə Zərniyar özü cavab verir. Get-gedə elçilərin sayı artır. Zərniyar görür elçilərin sayı həddin aşır, öz-özünə deyir, mən bu elçilərin hansına razılıq versəm, yox dediklərim onu məhv edəcək. İndi mən başqa yol tapmalıyam. Axır qərara gəlir, gedir Dərbəndin hökmdarı Şabəndə bəyin hüzuruna. Deyir, bəy sağ olsun, mən gəlmişəm sizdən təvəqqa edəm, car çəkdirib hər yana xəbər çatdırasınız ki, mən o adama ərə gedəcəm ki, o adam mənimlə saz ilə deyişə, deyişmədə mənə üstün gələ. Mənim ilə deyişib məğlub olanları dustaq edib zindana salacam, aciz qalanların sayı qırxa çatanda hamısının boynunu vurduracam. Şabəndə bəy Zərniyarın təklifini qəbul edib bütün Dağıstana xəbər çatdırıb. Deməli, Səməd Dəmirqapı Dərbəndə çatanda, Zərniyarla meydan açıb, aciz qalanların sayı otuz səkkizə çatmışdı. Heç nədən xəbəri yox, Səməd küçə ilə gedərkən onu Zərniyarın kənizi görür və onu Zərniyarın imarətinə aparır. Səməd Zərniyarı görəndə sevinir ki, burda xeyri olacaq. Səməd bərabərə çatır, salam verir, cavab alır. Zərniyar deyir, aşıq, adın nədir? Səməd deyir, xanım, adım Səməddir. Zərniyar deyir, Səməd nədir? Deyir, addır də. Zərniyar deyir, əlindəki nədir? Deyir, sazdır də. Zərniyar deyir, saz nə deməkdir? Səməd deyir, çalğı alətidir. Zərniyar deyir, hansı bazarın aşiqisən və xiridarın kimlərdir? Səməd deyir, xanım, siz məni başa düşmədiniz, mən saz aşığıyam, çalıb oxuyuram. Zərniyar kənizlərə deyir, aşığı məqamına aparın. Kənizlər Səmədin sazını əlindən alıb aparıb salırlar aşıqlar olan zindana. Zindana girəndən sonra Səməd məsələni başa düşdü. Gecə zindanda olanlar ölümləri yaxınlaşdığını yaqın etdilər.

Zərniyar dustaqlara üç gündən bir hərəsinə bir çörək verərdi. Səhəri yenə də adəti üzrə zindanı açdırdı, üç adama bir çörək paylatdı. Qayıtmaq istəyəndə Səməd dedi, xanım, bizi bu zindana nə üçün saldırmısan? Zərniyar dedi, bilmədiyiniz sənətin sənətkarı olduğunuz üçün. Səməd dedi, ay xanım, biz cücə plov aşiqiyik. Sənin tayın, bərabərin qalıb yerlə-göylə əlləşə-əlləşə, sən də haylayıb bizi doldurmusan bu zindana. Zərniyar dedi, qoçağım, belə danışmaqda yəqin bir üstün yerin var? Kimdir mənim o bərabərim? Səməd dedi, mənim ustadım. Zərniyar dedi, sənin ustadın kimdi və adı nədir, özü haralıdır? Səməd dedi, adı Aşıq Valehdir, iyirmi beş yaşı var. Özü də Qarabağ mahalının Abdal-Gülablı kəndindəndir. Zərniyar dedi, ona namə yazsam bura gələrmi? Səməd dedi, yerini bilsə, naməsiz də gələr. İş belə olanda Zərniyar Səmədin qandalını açdırdı, gətirdi öz mənzilinə. Dedi, oğlan, indi mən sənin o ustadına məktub yazacam, gör sənin ustadın ona cavab verə biləcəkmi. Pəri adlı kənizi kağız-qələm götürdü. Görək Zərniyar deyir, Pəri nə yazır.

Bizdən salam olsun Aşıq Valehə,

Əgər aşıqsansa, bu meydana gəl.

Ya aşıqlıq adın götür üstündən,

Ya hünərin varsa, bu devranə gəl.

Səməd dedi, xanım, gözəl dedin. İkinci bəndi elə de ki, bu meydanın şərti-cəfasın bilsin.

Dilimdən çıxıbdır bir belə ilqar,

Kim məni bağlarsa, ollam ona yar.

Aşıqlar sərindən tikdirəm minar

Əgər qıyar olsan şirin cana, gəl.

Səməd dedi, xanım, gözəl dedin. Üçüncü bəndi elə de ki, bilsin ki, bura ondan qabaq da gələn var.

Neçə aşıqları eyləmişəm bənd,

Əyağında kündə, boynunda kəmənd.

Adım Zərniyar, məkanım Dərbənd

Məni anlar olsan, Dağıstana gəl.

Bəli, sözlər tamama yetdi, Zərniyar yenə də Səmədi zindana göndərdi. Səhəri iki bacarıqlı cavan ləzgi çağırdı. Dedi, qoçaqlarım, atlanın mənim bu naməmi aparın Qarabağ mahalının Abdal-Gülablı kəndində Aşıq Valehə çatdırın, cavabın da alın gətirin.

Bəli, ləzgilər naməni alıb yol elədilər. Qarabağı soraxlaşa-soraxlaşa Abdal-Gülablının əkənəklərinə çatanda gördülər bir yaşlı kişi xış ilə yer əkir. Ləzginin biri dedi, yaxşı aşığın camaəti də hazırcavab olar. Bu qocaya bir söz deyəcəm. Ləzgi dedi, ay dayı, bizim bir abbası pulumuz var, özümüz də acıq. Sizin yerdə o abbasını nəyə verək ki, həmi yeyək doyaq, yerdə qalanın yenə bir abbasıya sata bilək? Qoca fikirləşmədən dedi, kəndin girəcəyində qəssəbxana var, kəl qarnın bir abbasıya verirlər. Bir kəl qarnı alın, əlafiyətin34 yeyin, ətin satın. Həm qarnınız doysun, həm də pulunuz olsun. Ləzgilər dinmədilər, gedib kəndə çatdılar. Gördülər kənddə toy var. Getdilər toya qonaq oldular, toy çox təmtəraqlı toy idi. Axşam xeyli zurna çalındı, oynadılar, güldülər. Toybəyi dedi, indi də Aşıq Valeh gəlsin, onu eşidək. Aşıq Valeh gəldi, çaldı-çağırdı. Bir nəfər ayağa qalxdı, Valehə devran yığdı. Ləzginin biri devrana pul verdi, biri də Zərniyarın naməsini. Valeh tez yerindən qalxdı, naməni aldı, aşdı, oxudu, rəngi dəyişdi, sonra güldü. Heydar bəy dedi, Aşıq Valeh, namə kimnəndi?

Aldı Valeh görək nə deyir:

Gözləriniz aydın olsun,

Gəlibdi yarın kağızı.

Bülbül uçar yuvasından

Gəlibdi qubarın kağızı.

Bu yerdə nişanlısı Sənəm yadında düşdü. Aldı dal bəndin.

İnciməsin gülü ondan,

Gələr günlər, keçər candan.

Can ayrılar cananından

Gəldi nigarın kağızı.
Valeh ağlar yana-yana,

Yandı bağrım, döndü qana.

Çağırır cəngi-meydana,

O Zərniyarın kağızı.

Valeh namənin bütün təəssüratını danışdı. Heydar bəy dedi, əvvəl rəngin qaşdı, sonra güldün. O nəyə görə idi? Valeh dedi, rəngim ona görə dəyişdi ki, təəccübləndim. Gülməyim ona görə oldu ki, Dəmirqapı Dərbənddə Zərniyar nə bilir ki, Qarabağın Abdal-Gülablı kəndində Aşıq Valeh var. Yəqin mənim o fərsiz şagirdim gedib keçib Zərniyarın cənginə, mənim yerimi o deyib. Heydar bəy dedi, Aşıq Valeh, fikrin nədi? Valeh dedi, fikrim getməkdir. Aldı görək nə deyir:

Qarabağdan dov eyləyib gəlirəm,

Məndən do tələbi varsa, de gəlsin!

Cəhənnəmi bu dünyada göstərim,

Hansı bəndə günahkarsa, de gəlsin!
Çıxaram meydana divana nisbət,

Pəhlavanam İbni Məlcana nisbət,

Fironu Firdosi, Sal-sala nisbət

Onlardan da xəbərdarsa, de gəlsin!


Mənəm şair Məhəmmədin nabatı,

Aşıq Gülüm, Aşıq Cünun nəbatı,

Aşıqlıqda hər kimsənin evladı

Valehinən bərabərsə, de gəlsin!

Söz tamama yetdi. Heydar bəy dedi, Aşıq Valeh, Qarabağ böyük, məğlub edilməz bir mahaldı. Yaxşı fikirləş. Gedib Qarabağın adını batırsan, nəslini yer üzündən kəsəcəyəm. Valeh dedi, Heydar bəy, qorxma, mən də sənətimin xanıyam.

Aldı dübarə görək nə deyir:

Saz götürüb Qarabağın adından,

Gəlirəm cənginə, Zərniyar xanım.

Gücümə güc çatmaz cəngavər kimi

Gəlirəm cənginə, Zərniyar xanım.


Çəkilib xəlvətə çox qübar etmə,

Pərişan qəlbləri tarımar etmə,

Küskün aşıqları tənkizar etmə,

Gəlirəm cənginə, Zərniyar xanım.


Valehəm, mətləbdən almışam kamı,

Sərimə huş verib badənin tamı,

Sinəmdə xilqətin min bir kalamı,

Gəlirəm cənginə, Zərniyar xanım.

Söz tamama yetdi. Aşıq Valeh ləzgiləri öz evinə qonaq apardı, Zərniyar haqqında ətraflı məlumat aldı. Səhəri ləzgiləri yola salanda dedi, Zərniyara deyərsiniz siz ora çatandan on gün sonra onun hüzurunda hazır olacağam.

Bəli, ləzgilər getdilər Dərbəndə, Valehin məktubunu Zərniyara verdilər. Əlavə gördüklərinin, bildiklərinin hamısını Zərniyara söylədilər. Zərniyar kənizlərə tapşırdı ki, onun otağına girməsinlər. Başladı ciddi hazırlaşmağa.

İndi Zərniyar Dərbənddə yol gözləməkdə olsun, xəbəri eşidək Aşıq Valehdən. Valeh bir də gördü verdiyi vaxtdan xeyli keçib, o hələ Qarabağdadır. Odur ki, gəldi anasının yanına. Dedi, ana, mənə səfər tədarükü gör, Dəmirqapı Dərbəndə gedəcəm. Anası hər nə qədər cəza-fəza elədi, kar etmədi. Naçar qalıb dedi, oğlum, onda sən get nişanlın Sənəm ilə görüş, deməlini de, sən gələnə qədər mən də səfər ehtiyatı görüm. Valeh Sənəm ilə görüşməyə gedəndə anası özünü yetirdi usta Səmədin yanına. Dedi, ay Səməd, Valeh əlimdən gedir, bir gümanım sənə gəlir. Gedək bizə, Valehi qoyma Dərbəndə gedə.

Səməd Valehgilə gəlməkdə olsun, eşidin Valehdən. Valeh getdi gördü, Sənəm evdə yoxdur, qonşuda qızlar toyuna gedib. Sənəmgilin nökəri Rəhimə dedi, Rəhim, get toy evinə, xəlvəti Sənəmə de ki, evə gəlsin. Rəhim getdi hündürdən çağırdı, ay Sənəm bacı, Valeh qağam deyir evə gəlsin ona söz deyəcəm. Dedi qayıtdı. Valeh gördü Rəhim gəlir, ancaq Sənəm yoxdur. Aldı görək Rəhimə nə deyir:

Başına döndüyüm yarın nökəri,

Dərdimi canana dedin, nə dedi?

Sən də mənim kimi şirin dil ilən

Çəkdin bir pünhana, dedin, nə dedi?


Hatəm baxçasında oynar gül ilən,

Gəlməmişəm yanda qalam il ilən,

Sən də mənim kimi şirin dil ilən,

Yalvardın sən ona, dedin, nə dedi?

Rəhim dinmədi. Aldı dübarə:

Mən sevmişəm ağ üzündə xalını,

Yoxsa mənnən gizlər şah camalını.

Divana Valehin ərzi-halını

Yusifi Kənana dedin, nə dedi?

Söz tamama yetdi. Valeh gördü Sənəm gəlir, yanında bir qız, bir gəlin var. Bunları görəndə Valeh Rəhimdən əl çəkdi, üz tutdu onlara, aldı görək nə deyir:

Toy evindən gələn qızlar, gəlinlər,

Toyunuzdan əcəm allı gəlmisiz.

Aşıq öldürməkdə varmı qəsdiniz

Fikir eyləyib nə xəyallı gəlmisiz?

Sənəmgil nə isə xəlvət pıçıldaşdılar. Aldı Valeh:

Bir-birin çağırır nə şirin bacı,

Bir dərdə düşmüşəm, yoxdur əlacı.

Nə vaxdı dahanım dadıyır acı,

Üçünüz də ləbi ballı gəlmisiz.

Bu sözdən Sənəm bikef oldu. Aldı Valeh dübarə:

Eynini eynimdən eyləmə iraq,

Axıban didəmdən tökülər fəraq.

Bir Sənəm, bir Valeh, bir xəlvət otaq

Hayıf ola, qalmaqallı gəlmisiz.

Qız-gəlin getdi, Sənəm yalqız qaldı. Xeyli söhbətləşdilər. Valeh Dərbəndə getmək üçün çətinlik ilə icazə aldı. Evlərinə qayıtdı, gördü ustadı Səməd onlardadı. Valeh ustadına salam verdi, görüşdü. Dedi, ay ustad, onsuz da mən səni ziyarət etməmiş getməzdim, niyə zəhmət çəkirdin? Səməd dedi, onlardan keçib. Sazları tarazla, bir az söhbət edək. Valeh sazları tarazladı, aldılar görək nə deyirlər. O vaxtı onlar deyib, indi də biz deyək.

Səməd:


Fikrin-zikrin gəzir uca göyləri,

Söylə görüm, Valeh, hara gedirsən?

Karvanların qatar-qatar dayanıb,

Söylə görüm, Valeh, hara gedirsən?


Aldı Valeh:

Fikrim edir asumanı ziyarət,

Eşid ustad, deyim hara gedirəm.

Yükümü tutmuşam ərşi-əladan

Sevda üçün bir bazara gedirəm.
Aldı Səməd:

Yükünü tutmusan ərşi-əladan,

Qatarların gəlsin Kərbəladan.

Nəcəf çöllərindən, Məkkə binadan,

Söylə görüm, Valeh, hara gedirsən?
Aldı Valeh:

Dərsimi vermisən İncil, Qurandan,

Zəburdan, Töratdan, sirri imamdan,

Adəmdən başlamış axır zamandan

Onlarınan zəncir dara gedirəm.

Aldı Səməd:

Səməd içib min bir eşqin camını,

Əzbər deyər hər xilqətin sanını,

Sənə bağışlayır öz kərvanını,

Sahib sənsən, o bazara gedirsən.

Aldı Valeh:

Zərniyar Dərbənddə dönüb aslana,

Otuz doqquz aşıq salıb zindana,

Valehi çağırır cəngi meydana,

Canım ustad, o meydana gedirəm.

Sözlər tamama yetdi. Səməd dedi, Valeh, indi mənə yaxşı-yaxşı qulaq as, dediyim sözlərə cavab istəmirəm. Aldı Səməd:

Uğur olsun səfərinə, dayanma,

Bürüyübdü qəmli xiyalət səni.

Şagirdlər imdadı sənsən dünyada

Aşıqlar eyləyər ziyarət səni.


İsmini sorsalar denən yektayam,

Natiqi elmidə qəlbi dəryayam,

Naşı deyiləm, hakdan gələn sevdayam,

Ağan Əli etməz xəcalət səni.


Əldə Quran Səməd baxır kimlərə,

Qocalmışam, mizraf çatmır simlərə,

Bəlkə öldüm, görüş qaldı məhşərə,

Tapşırıram haqqa əmanət səni.

Sözlər tamama yetdi. Valehin anası dedi, ay Səməd, mən səni gətirdim ki, qoyma Valeh gedə, demədim ki, gəl bunu yola sal. Səməd dedi, ay Püstə, getməsə olmaz.

Bəli, səhəri Abdal-Gülablı cəmaəti Valehi yola salmaq üçün toplaşdılar Səfilər tirəsinə. Aşıq Valeh yola düşmək istəyəndə gördü nişanlısı Sənəm asta-asta ağlayır. Sənəmi ağlar görən Valeh aldı görək nə deyir:

Gəl sevgilim, halallaşaq, ayrılaq,

Gedirəm, öldüm, bəlkə bir də gəlmədim.

Gözüm baxsın o gözlərə doyunca

Getdim, öldüm, bəlkə bir də görmədim.

İşi belə görən usta Səməd tavar sazını35 aldı sinəsinə, Sənəm əvəzində aldı görək nə deyir:

Yaman yerdə ağlar qoydun qəlbimi,

Get Valehim, sağlıq ilə gələsən.

Taleh yazan belə etdi dərdimi

Get Valehim, sağlıq ilə gələsən.

Valeh:


Gecə-gündüz ya hu deyə çağlarsan,

Şənlik məqamında qara bağlarsan,

Ölsəm, məni nakam deyə ağlarsan,

Əcəl yetdi, bəlkə bir də gəlmədim.

Səməd:

Ömürboyu unudulmaz bu halət,

İnam ilə qəbul olar ziyarət.

Tapşırmışam səni haqqa əmanət.

Get Valehim, sağlıq ilə gələsən.

Aldı Valeh:

Valehəm, bu yolda çoxdur zavalım,

Sarsılıb taqətim, pozulub halım,

Sərsəm edir sərim, çaşır xiyalım,

Ömür bitdi, bəlkə bir də gəlmədim.

Səməd:

Səməd deyir, oyan, qəflətdə yatma,



Kam alıb Dərbənddə, mətləbə çatma.

Ağlar qalan Sənəmini unutma,

Get Valehim, sağlığınan gələsən.

Söz tamama yetdi. Səməd hönkür-hönkür ağladı. Ustadını ağlar görən Valeh aldı, görək nə dedi:

Toplanan cəmaət, ağlayan ustad,

Gəlin halallaşaq, mən gedər oldum.

Ömrümün mülkünü, eşqin bağını

Vaxtsız aldı boran, çən, gedər oldum.

Aldı Səməd, görək nə dedi:

Qəlbimin vüqarı, çeşmimin nuru,

Qəmgin olma, bu səfərdən gələsən.

Cismimin taqəti, sərimin şuru,

Şadlığınan bu səfərdən gələsən.

Valeh:


Sevib-sevilənlər olmaz cəfasız,

Neçə aşiq nakam qalıb səfasız.

Zaman qarışıqdır, ömür vəfasız,

Gəlin halallaşaq, mən gedər oldum.

Səməd:

Talantın itidi, şüurun cavandı,



Qarşıdakı böyük bir imtahandı.

Məğlubiyyət tarixinə ziyandı,

Bu səfərdən şadlığınan gələsən.

Valeh:


Valehəm, ay ustad, səfərim iraq,

Zaval gəzir məni əlində çıraq.

Qürbətdə qəribə kim olar dayaq?

Gəlin halallaşaq, mən gedər oldum.

Səməd:

Səmədəm, sorağım çatıb hər yana,



Bu əhvalat düşər dildə dastana.

Tapşırmışam səni şahı-mərdana,

Bu səfərdən şadlığınan gələsən.

Söz tamama yetdi. Səməd dedi, Valeh, mənə diqqətlə qulaq as, gör nə deyirəm. Aldı Səməd görək nə deyir:

Get Valehim, sənə uğurlar olsun,

Yadda saxla, əlif-lamı unutma.

Əbcət hesabını düz əzbər elə,

Cim üstündə cüt nidanı unutma!


Yadda cəmlə innaməndə tey biri,

Həfti həşdi cahar pənci sey biri.

Surreyi yasini həmdi cey biri

Məəşəri gəz, ibtidanı unutma!


Divaniyə cəm üstündə mayə qat,

Təcnisi təxnis ilə yana at,

Qıfılbəndi, müxəmməsi baha sat,

Əyaxda gəz, son gümanı unutma!


Səməd deyər, axtar sirri günbəzi,

Ley üstündə gəzdir dodaqdəyməzi,

Hey altında hərlə diltərpənməzi,

Məkanda bazar aç, kanı unutma!

Söz tamama yetişdi. Valeh adamlarla vidalaşdı, üzünü tutdu dağlara, aldı görək nə dedi.

Alçaqlı, ucalı dağlar,

Həlal eylə, hümbət eylə.

Laləli-nərgizli bağlar,

Həlal eylə, hümbət eylə.
Köçün gedir düzlərinən,

Devran sürdük sizlərinən,

Neçə gəlin, qızlarınan,

Halal eylə, hümbət eylə.


Valeh gedir bir murada,

Sığınıbdır min bir ada.

Ya gələ, ya gedə bada

Halal eylə, hümbət eylə.

Söz tamama yetişdi. Valeh yoluna dəvam etdi. İki gün yol getdi, tanımadığı bir kəndə çatdı. Gördü kü, adamlar ona təəccüblə baxırlar, bir-birinə nə isə deyirlər. Bildi ki, burda nə isə bir iş var. Bir nəfərdən soruşdu, əmican, deyəsən aşıq sizə başqa cür görünür? Kişi dedi, cavan oğlan, bizim bu kənddə Xanlar adlı bir dərin savatlı molla var, özü də şairdi o, aşıq tayfası ilə çox əyridir. Harda aşıq görsə, bir cavabsız söz deyir, aşığın sazını əlindən alıb sındırır. Bizim camaat aşıq üzünə həsrətdi. Ona görə sənə təəccüb ilə baxırlar. Ancaq sənin bəxtindən həmin molla kənddə yoxdur, darı zəmisinin alağın etməyə gedib. Valeh mollanın getdiyi yeri öyrənib düz ora getdi. Gördü molla su arxının kənarında kölgələnir. Hündürdən salam verdi. Molla səysəndi, Valehə baxdı güldü. Valeh dedi, molla, nəyə güldün? Molla Xanlar dedi, aşıq, hardan gəlirsən? Valeh dinməz-söyləməz atdan düşdü, sazını köynəyindən çıxardı. Dedi, molla, yaxşı qulaq as, deyim hardan gəlirəm:

Soruşursan, ərzimi al,

Deyim hardan gəlirəm.

Körpəlikdən dərsim alıb

Cəlil Cabbardan gəlirəm.

Fikir gəzir asumanı,

Ərşi əladan gəlirəm.

Tilsimlər açarıyam,

Sirri binadan gəlirəm.

Neynirsən xəbər alıb,

Sehri səfadan gəlirəm.
Getmişdim bir aləmə,

Tuc əridən havası var.

Hazırlaşıb leşkərləri,

Kim ilən davası var?

Məqamını tam dolandım,

Yeddi böyük qalası var.

Hər qalanın qapısında

On min böyük halqası var.

Tutmuşam yüklərimi,

Muzdu babaldan gəlirəm.


Ummanlara qəvvaz olub

Dəryaları boylamışam.

Hər xilqətin xəzinəsinin

Ləl göhərin taylamışam.

Qəflətdə yatanları

Haray salıb haylamışam.

Valehəm, sənət tacın

Aşiqlərə paylamışam.

Gəl ziyarət eylə məni,

Turi-Sinadan gəlirəm.

Söz tamama yetdi. Molla gördü bu aşıq xatalı aşıqdı. Dedi, aşıq, sənə yaxşı yol. Get, mənimlə görüşməyini heç yerdə demə. Valeh dedi, arxayın ol, bir xeyirdə, bir də şərdə danışacam.

Valeh yoluna davam etdi. Çatdı Kür çayına. Bərəyə yaxınlaşdı, artıq axşam idi. İki nəfər bərəçi Valehi Şirvan tərəfə keçirdi. Bu bərəçilərin kəndində Məsum əfəndi adlı bir şair varıdı. O, ətrafı aşıq üzünə həsrət qoymuşdu. Harda aşıq görsə, bir söz deyib, dalaşdırıb, sazını sındırıb, libasını soyardı. Bərəçilər bildilər ki, bu aşıx əfəndini eşitməyib, nabələtdi. Odur ki, sözləşib Valehi qonaq apardılar. Xəlvəti qonum-qonşuya xəbər verdilər ki, aşıq qonağımız var, gəlin. Adamlar toplandılar. Hələ mərəkə düzəlməmiş bir nəfər əhvalatı əfəndiyə çatdırdı. Qəflətən əfəndi məclisə gəldi. Əfəndi dama girəndə hamı onun ayağına qalxdı. Duranlar əyləşdi. Əfəndi dedi, aşıq, haralısan? Valeh dedi, qarabağlıyam. Əfəndi dedi, əsli hu. Valeh dedi, izah et, əfəndi. Dedi, izahata ehtiyac yoxdur. Mən içəri girəndə hamı ayağa qalxdı, sən qalxmadın. Demək ədəbin çatmadı. Valeh dedi, yox, əfəndi. Mən istədim ayağa qalxam, döşümdəki elmi qoymadı. Dedi bu nə adamdı ki, onun ayağına qalxırsan? Əfəndi xeyli hirsləndi. Dedi, hardan gəlib hara gedirsən? Valeh dedi, kandan gəlib məkana gedirəm. Əfəndi dedi, kan nədi, məkan nədi? Valeh dedi, kan bu dünya, məkan o dünya. Əfəndi dedi, doğurdan da, sözündə arifsən. İndiki səfərin haradı? Valeh dedi, indiki səfərim Dəmirqapı Dərbənd, Zərniyarın meydanına. Bu sözü deyəndə hamı təəccübləndi. Əfəndi dedi, cavan oğlan, mənim bilmədiyim elm, oxumadığım kalam yoxdur. Zərniyar adı gələndə bədənim əsir. Gedib otuz doqquz adamın ölümünə bais olma. Valeh dedi, əfəndi, mən bura məsləhətə gəlməmişəm. Əfəndi dedi, onda mən səni bir yüngül imtahan edəcəm. Cavab verə bilsən, gedərsən, verə bilməsən, sazını da, atını da alacam, libasını da soyunduracam. Valeh dedi, saz almaq aşıqlıqda adətdi, at alıb, libas soyundurmaq quldurluqdu. Siz bunun hansındansız? Əfəndi daha da qəzəbləndi, başladı deyişməyə. İndi görək əfəndi nə deyir, Valeh nə cavab verir. O vaxt onlar deyib, indi də biz deyək.

Məsum əfəndi:

Kəndində laf edib şairəm deyən,

Sualımın qabağında döz indi.

Diksinmə, çəkinmə, qısqınma, qorxma,

Al sualı, ver cavabı tez indi.

Aşıq Valeh:

Bilseydik mahalı bəndə salmısan,

Eybulla gəlməzdik bura biz indi.

Diksinmərəm, qısqınmaram, qorxmaram,

Xəbər alsan o sualdan yüz indi.

Məsum əfəndi:

O kim idi gətdi haraya qurban?

O kim idi doğdu bir neçə oğlan?

O kim idi əvvəl etdi nahaq qan?

Nə səbəbdən, arasında gəz indi.

Aşıq Valeh:

Cəbrayıl gətirdi ülfətə qurban,

Havva ana doğdu yüz səksən oğlan,

Qabil Habili öldürdü, etdi nahaq qan,

Adəm verməmişdi ona qız indi.

Məsum əfəndi:

O kim idi rükət namazı qıldı?

Neçə il orda xidmətə daldı?

Neçə min mələyə xidmətkar oldu,

Axırında danışmadı düz indi?

Aşıq Valeh:

Mələk taus rükət namazı qıldı,

Səysən min il orda xidmətə daldı,

Səysən min mələyə xidmətkar oldu,

Oldu şeytan, danışmadı düz indi.

Məsum əfəndi:

O kimdir ki, əlləri var neçə min?

Hər əlində barmaxları neçə min?

Hər barmaqda qələm çalar neçə min?

Bunu bilən aşığa yox söz indi.

Aşıq Valeh:

Cəhənnəm maliki, əlləri yeddi min,

Hər əlində barmaqları yeddi min,

Hər barmaqda qələm çalar yeddi min,

Onu biz görməyək, görün siz indi.

Məsum əfəndi:

Məsum əfəndi, kim sahibi qüdrət?

Harda danışdı min kəlmə xəlvət?

O nəydi verdilər, de ona zinət,

Aşıqsansa, bu sözlərə döz indi.

Aşıq Valeh:

Valehəm, Məhəmməd sahibi-qüdrət,

Mehracda danışdı min kəlmə xəlvət.


Behiştə verdilər, de, eşid zinət,

Onun ərkanına quluq biz indi.

Sözlər tamama yetdi. Əfəndi dedi, doğurdan da sən kamil sənətkarmışsan. İndi Zərniyarın meydanına gedə bilərsən. Valeh dedi, əfəndi, dedim ki, mən bura məsləhətə gəlməmişəm. Sən dedin mən cavab verdim, indi də mən deyəcəm, sən cavab verəcəksən! Əfəndi dedi, ay oğlan, mənim oxumadığım kalam, bilmədiyim elmi yoxdur, sən mənə nə deyəssən? Valeh dedi, mən kimə nə demək lazım olduğunu yaxşı bilirəm, qulaq as, gör nə deyirəm.

Aldı Valeh, görək nə deyir:

Gəl əfəndim, səndən xəbər alayım,

Bir hesab var, onu istərəm səndən.

Hesab çoxdur vacehinə yetmirəm,

Haqqın min bir adın istərəm səndən.

Əfəndi dinmədi. Valeh dedi, əfəndi, niyə cavab vermirsən? Əfəndi dedi, yüz ala qarğaya bir sapand daşı deyiblər, axırda elə söz deyəcəm hamısına əvəz olacaq.

Aldı Aşıq Valeh dübarə:

Göydən yerə enən de neçə daşdı?

Qiymətsiz satılan hansı qumaşdı?

Məğribdən məşriqə neçə ağaşdı?

Dünyanın qırağın istərəm səndən.

Söz yenə cavabsız qaldı. Aldı Valeh dübarə:

Mən Valehəm cismi-ümman içində,

Minarə yapmışam ümman içində,

Həşdərxan dənizi ümman içində,

Suyunun hesabın istərəm səndən.

Sözlər tamama yetdi. Əfəndi dedi, oğlan, məndə məlumat kitabı var, bir gedib ona baxım, gəlib cavabın verəcəm. Əfəndi o gedən getdi, hələ də gəlməyib. İş belə olanda adamlar Valehə əhsən dedilər. Aşıq Valeh lazımı qədər çaldı, çağırdı. Gecəni orda axşamladı, səhəri yoluna davam etdi. Axşamı şirvanlı Abdula xana qonaq oldu. Abdula xan ilə Valeh Şuşada Murad bəyin toyunda tanış olmuşdu. Bəli, aşıq Abdula xan ilə xeyli söhbət edəndən sonra saray əhli üçün çalıb-çağırmağa başladı. Abdulla xanın Dilbər adlı bir bacısı var idi. Dilbər xanım öz kənizinə xətayə parçadan paltar geyindirib məclisə göndərdi. Özü məndulə parçadan paltar geyib məclisə gəldi, kənizin qabağında oturdu. Valeh xətayə paltar geyəni xanım, məndulə paltar geyəni kəniz hesab edib ürəyindən keçirdi ki, bu ədəbsiz kim idi gəldi xanımın qabağında oturdu. Bu sözü bilmədən eşidilən səslə dedi. Bir az keçmiş Dilbər xanım məclisi tərk etdi. Etdiyi xətadan Valehin xəbəri olmadı. Məclis qurtardı, hər kəs öz evinə getdi. Abdulla xan dedi, Aşıq Valeh, çox sağ ol, yaxşı çaldın-çağırdın. Ancaq yaxşı olmadı ki, sən mənim var-yox bir bacımı ədəbsiz adlandırdın, o da məclisi tərk etdi. Valeh təəccüblə dedi, xan sağ olsun, mən belə iş etməmişəm, siz nə danışırsınız? Xan dedi, Aşıq Valeh, etməyinə etdin, ancaq nə etmək olar, keçib. Aşıq Valeh bildi ki, ürəyindən keçirdiyini dili ilə deyib.

Bəli, gecəni yatdılar, səhər çörək yeyəndə xan dedi, Aşıq Valeh, görürəm çox narahatsan. Hasarın o tərəfindəki imarət bacımınkıdı, sazını götür get bacım Dilbər xanımın könlünü al. Valehə də bu lazım idi. Tez Dilbər xanımın imarətinə keçdi. Gördü Dilbər xanım kənizləri ilə baş açıq, sinə açıq, süfrədə çörək yeyir. Valeh salam verdi, cavab olmadı. Heç Valehə əhəmiyyət verən olmadı. Valeh sazı hərlədi sinəsinə. Aldı görək nə deyir:

Durum dolanım başına,

Aşığından küsən Dilbər.

Üzüm sürtüm əyağına,

Nə mən dinim, nə sən, Dilbər.

Dilbər xanım dinmədi, aldı dübarə:

İtirmişəm maralımı,

Bir sinəsi yaralımı,

Gündüz səbri qərarımı,

Gecə yuxum kəsən Dilbər.

Dilbər yenə dinmədi. Aldı dübarə:

Həsrətin gəzər canda,

Bərabərin yox cahanda.

Bu zülm olmaz müsəlmanda,

Sən kafərsən, nəsən, Dilbər?

Dilbər yenə dinmədi. Aldı dübarə:

Valeh əvvəl bir bəyidi,

Müjganların qəddin əydi.

Nə dedim ki, sənə dəydi?

Bu mən dilbər, bu sən dilbər.

Dilbər xanım gülümsədi. Dedi, aşıq, bizim bu görünüşümüzə elə bir söz deyə bilərsən ki, həm xoşuma gələ, həm də acığıma. Onda sənin günahından keçərəm. Valehə də bu lazım idi, aldı görək nə deyir:

Bu yer gözəllərinə nabələd oldum,

Söz dedim qurumuş, dili bükülmüş.

Xətayə görüncə eylədim xəta,

Dürlü göhər bir məndulə bükülmüş.
Səhər ikən mehman olduq bunlara,

Geyməmiş batıblar yaşıl allara,

Qızıl bazubənd lülü şümşət qollara,

Gümüş kəmər incə belə bükülmüş.

Dilbər xanım gülümsəyərək ala gözlərini Valehə sarı süzdü.

Aldı Valeh:

Qurban olum ala gözün şəstinə,

Süzgün baxıb girmə canın qəstinə,

Əlimi qoyum tər sinənin üstünə,

Müxəyə, darçına, hilə bükülmüş.

Dilbər xanım key kimi göründü. Aldı Valeh dübarə:

Nabələdəm ulusuna, suyuna,

Mina gərdəninə, uca boyuna.

Divanə Valehi sən al qoynuna,

Elə bil ki, bülbül gülə bükülmüş.

Dilbər xanım dik qalxdı ayağa. Dedi, aşıq, sən nə danışırsan? Valeh dedi, xanım, əhdinə vəfa et. Həm xoşuna gəldi, həm də acığına. Dilbər xanım gülümsədi. Dedi, aşıq, doğurdan da, layiqli aşıqsan. Keçdim günahından. Valeh otaqdan çıxanda gördü Abdulla xan durub otağın qabağında, özü də qaşlı-qabaqlıdır. Valeh dedi, xan, niyə belə kefsizsən? Abdulla xan dedi, Aşıq Valeh, ayıb deyilmi, sən mənim bacıma deyirsən Valehi al qoynuna? Valeh dedi, xan, mən heylə demədim? Dedim ki, divana Valehi çağır toyuna. Xanın sifəti açıldı, oturdular yedilər, doydular. Xan dedi, Aşıq Valeh, sən gedən yolun dağlarında qırx haramilər yurd salıb. Gəlib gedən yolçuları qərət edib, özlərini də öldürürlər. Odur ki, ehtiyatlı ol. Sənə bir tüfəng verəcəm. Dağlara çatanda yol ikiləşəcək. Nəbadə sol yandakı yolla gedərsən. Sağ yandakı yolla gedərsən.

Aşıq Valeh xan verən tüfəngi də çiyninə salıb yoluna davam etdi. O qədər getdi, günorta Şamaxı dağlarına çatdı. Yavaş-yavaş mürgülədi, sağ əvəzinə at sol ilə getdi. Haramıbaşı baxdı ki, bir atlı yol ilə gəlir. Bir nəfəri göndərdi. Dedi, get o atlını bura gətir. Həramı Valehə yaxınlaşdı, gördü bunun bir çiynində tüfəng, bir çiynində də qara torbada iri bir şey var. Haramı elə zənn etdi ki, o torbada olan dəmir toppuzdu. Fikirləşdi ki, mən buna bir söz desəm, o toppuzu bir dəfə mənə yendisə, o dünyalıq olacam. Odur ki, heç bir söz demədən qayıtdı. Haramıbaşına dedi ki, ağa, o atlı nəhəng bir pəhlavandı, çiynində bir dəmir toppuz var, yeddi batmandan ağır. Heç o, məni adam saymadı. Haramıbaşı hay vurdu, haramılar atlandı. Aşıq Valehi ortaya aldılar. Səsə-küyə Valeh atın üstə oyandı, gördü iş-işdən keçib. Tez haramıbaşı atdan düşüb Valehə yaxınlaşdı. Dedi, ədə, haramzadə, sən kimsən ki, mənim göndərdiyim adamı saymırsan? Valeh dedi, ey nakam şiri-nər, murad üstəyəm, mənə rəhm et. Haramıbaşı rəhmə gəlmiş patcah kimi gülümsədi. Dedi, qonaq, mənim nakam olduğumu bilən yoxdu. Sən nə bildin ki, mən nakamam? (Sən demə haramıbaşının sevgilisini ildrım vurub öldürübmüş. Ona görə o, təsəlli tapmaq üçün bu yola düşmüşümüş). Valeh dedi, mən Valehəm, nitqimə gələn düz olar. Haramıbaşı dedi, oğlan, mən hələ bu dağlarda əlimə düşəni səlamət buraxmamışam, ancaq səni buraxacam. Bir az bizə yalvar, səni ondan sonra buraxım ki, uşaqlar şübhələnməsinlər.

Aldı Valeh, görək nə deyir:

Can alıcı pəhlavanlar, igitlər,

Öldürmən, xudaya bağışlan məni.

Mollalar mollası, mərdlər ağası,

O şiri-xudaya bağışlan məni.


Mən ki çıxdım vətənimdən güzara,

Könül həsrətdən olub səd para.

Bir qərib aşığam, yazıq, biçara,

Sahibi sevdaya bağışlan məni.


Mən Valehəm, deyim ərzi-halımı,

Qatil olub kəsmən ümid yolumu,

Tamehiniz varsa, alın malımı,

Natiqi mövlaya bağışlan məni.

Haramıbaşı dedi, bu aşıq kərəvəzin biri imiş, tüfəngini alın, buraxın getsin. Bəli, Valehin tüfəngini aldılar, özünü buraxdılar. Valeh həmin günü Şamaxıya çatdı. Hacı Möhsümün karvansarasında rahatlaşdı. Axşam Hacı Möhsüm Valehi öz mənzilinə dəvət etdi. Valeh gördü Hacının yanında bir neçə tacir-tüccar var. Salam verdi, əyləşdi. Hacı dedi, aşıq, sazını al, hardan gəlib hara getdiyini de, biz də bilək.

Aldı Valeh, görək nə deyir:

Qarabağdan səfər etdim,

Mülkü-Şirvana mən gəldim.

Məcnun tək düşdüm səhraya,

Dəli divanə mən gəldim.

Daşkəsən gədiyin ötdüm,

Əcayib sehrilər etdim.

Şamaxı şəhrinə yetdim,

Sankı rözvana mən gəldim.


Xoşdu cavanı, yaylağı,

Soyuq suyu, tər bulağı,

Bahar fəsli gələn çağı,

Əcəb xəndanə mən gəldim.


Mən valehəm Zərniyara,

Canımı saldım odlara,

Sığındım pərvərdigara,

Misli pərvanə mən gəldim.

Söz tamama yetdi. Hacı Möhsün Valehin səfər məqsədin öyrəndi. Ertəsi gün Valehi öz evində qonaq etdi. Yaxşı məclis qurdu. Valehə yaxşı köməklik etdi, Dağıstana yola saldı.

Bəli, Valeh bir neçə gün yol getdi, çatdı Samur çayına. Gördü çay qan-qan edir. Aşağı-yuxarı xeyli hərləndi, keçid tapmadı. Sazını aldı sinəsinə, görək nə deyir:

Əsriyib, əsriyib, kükrəyib axan,

Ağzı ağ köpüklü divana Samur.

Atanın, ananın bircə oğluyam,

Qıymagınan sən bu mehmana, Samur.


Qanlı-qanlı qayalardan çıxırsan,

Şaqqıldayıb dərələrdən axırsan,

Yerdən tərpənəndə evlər yıxırsan,

Baxmırsan heç yaxşı-yamana, Samur.


Valeh deyər bulaqlarda gözün var,

Güclüsən sən, qüvvətli də sözün var,

Nə çox şaqqaların, nə çox izin var,

Neçəsin vermisən ziyana, Samur.

Söz tamama yetəndə bir yaşlı kişi gəldi Valehin yanına. Dedi, ay oğul, sən çalıb çağırandan sənə qulaq asıram. Görürəm nabələtsən, bu çayın keçidi xeyli aralıdadır. Çay aşağı get, keçidə çatarsan. Valeh xeyli getmiş keçidə çatdı. Gördü bir ağır sürü qoyun çayın kənarında, yanında bir heyvərə çoban. Çoban Valehi görən kimi tutdu atının yüyənindən dedi, ə, aşıq, deyirlər aşıqlar çayı qurudur, qarı əridir, daşı dilləndirir. İndi yaxşıca düşmüsən əlimə. Bu çayı qurutsan, sənə bir nazlı erkək verəcəm, qurutmasan vay halına. Üç gündü qalmışam burda, bu sürünü o taya keçirməliyəm. Valeh gördü dilbilməz əlinə düşüb, kələyə əl atmasa işi xarabdı. Odur kı, dedi, çoban, mən elə o çayı qurudan aşıqlardanam. Mən oxuyanda yuxarı baxıram, sən gərək gözlərini dikəsən çaya, mən oxuduqca çayın vəziyyətini mənə deyəsən. Bəli, çoban çənəsini söykədi çomağa, gözlərini dikdi çaya. Çay çox iti axırdı. Aldı Valeh, görək nə deyir:

Samur çayı, qəmli-qəmli axırsan,

Üzərindən nə devranlar keçibdi.

Güllü Dağıstanın seyrəngahısan,

Boran qopub, nə tufanlar keçibdi.
Nuh tufanı yatıb, sən yaranmısan,

Neçə qərinələr yola salmısan.

Süleymanlar köçüb, hələ qalmısan,

Dəyişilib, nə əyyamlar keçibdi.

Çoban dedi, çay geri qayıdır. Aldı Valeh:

Həsrət qoyma, ay çay, bizi beş günə,

Barı kəmənd atma ömrüm püşkünə,

Adı bəlli Məhəmmədin eşqinə

Valeh kimi neçə canlar keçibdi.

Söz tamama yetən kimi çobanın gözləri axdı, üzü quyulu yıxıldı suya. Valeh fürsəti fota verməyib atını vurub çayı keçdi o biri taya. Çoban özünü düzəldənə qədər Valeh aralandı. Valeh getməkdə olsun, xəbəri eşidək Dərbənddən.

Zərniyar səbirsizliklə Valehin yolunu gözləyirdi. Tustaq aşıqların yaxın qohumları Dərbəndin küçələrində hərlənirdilər. Dərbəndin hökmdarı Şabəndə bəy Zərniyara elə ixtiyar verməyinə peşiman olmuşdu. Eşitmişdi ki, Qarabağdan Valeh adlı bir aşıq gələcək, işçilərinə tapşırmışdı ki, ayıq-sayıq olsunlar. Aşıq Valeh Dərbəndə gələndə Zərniyarla görüşməmiş onu Şabəndə bəyin yanına aparsınlar. Bəy onun necə aşıq olmağın yoxlaya, sonra Zərniyarın meydanına buraxa.

Bəli, Valeh gəldi çatdı Dərbəndə. Küçə ilə gedirdi, gördü hündür hasarlı, gözəl mənzərəli baxçalı bir imarət var. At üstündə imarətin həyətinə baxanda gördü həyətin baxçasında bir neçə yaraşıqlı qızlar şənlik edirlər. Baxdı ki, bir nəfər əndazəli qız bu qızlardan aralı fikir içində güllər arasında züm-zümə edə-edə hərlənir. Göz qənimin tanıyar. Valeh öz-özünə dedi, yaraşır, aşıqlar yağısı Zərniyar bu ola. Aşığa söz demək adətdi, gəl buna bir neçə söz de. Zərniyar olsa, özün nişan verəcək, olmaz, çıxıb gedərəm. Aldı Valeh, görək nə deyir.

Geşdə çıxan ay vəfalı nazənin,

Geşd eləyib nə havalı gəzirsən?

Neçə aşıqları bəndə salmısan,

Götürübsən muz babalı gəzirsən.

Valeh söz deyəndə bütün qızlar Zərniyarın yanına toplandılar. Zərniyar dedi, ay əcəli yetişmiş yazıq, salam verdin, cavab gözlə. Tez Zərniyara sazın verdilər. Valeh bildi ki, bu Zərniyardı, ancaq Zərniyar Valehin kim olduğunu bilmirdi. Aldı Zərniyar, görək nə cavab verdi:

Bahar əyyamıdır, işrət çağıdır,

Geşd eləyib öz baxçamı gəzirəm.

Otuz doqquz aşıq bəndə salmışam,

Gen açmışam mən meydanı, gəzirəm.

Aldı Valeh:

Bu dünya dediyin bir bivəfadır,

Ona ilac yenə sövqü-səfadır.

Yarsız gəzmək sənə xeyli cəfadır,

Eyləyibsən nə xiyalı gəzirsən?

Aldı Zərniyar:

Xaliqi ləmyəzəl, vahidi yektay,

Veribdir qüdrətdən mənə kamal pay.

Gəlməz bu əsrdə mənə aşıq tay,

Tamam İranı, ol Turanı gəzirəm.

Aldı Valeh:

Valeh kimi gəzmə ahı-zarınan,

Göhəri sərf eylə xiridarınan.

Sən də qovuş bir münasib yarınan,

Bülbül kimi nə sevdalı gəzirsən?

Valeh adı çəkiləndə Zərniyar diqqətlə Valehə nəzər saldı. Aldı görək nə deyir:

Gör necə boynuna salıram kəmənd,

Sərindən tikdirrəm minarə-pülənd36,

Adım Zərniyardı, məkanım Dərbənd,

Valeh kimi nocavanı gəzirəm.

Söz tamama yetişdi. Valeh hayata daxil olmaq üçün darvazaya yaxınlaşdı. Zərniyar cəlladı əvəz eliyən iki nəfər kəniz göndərdi ki, Valeh həyətə girmək istəsə, ona bir-iki yüngül zərbə vurun, bəlkə gözü qorxa. Valeh atdan düşüb qapıya yaxınlaşmaq istəyəndə kənizlər sınmaz ağacla Valehi budadılar. Elə ki, Valeh özünü onların əlindən qurtardı, nə edəcəyini bilmədi. Bu yerdə iki nəfər yasovul Valehin yanına gəldi. Dedilər, aşıq, adın nədir? Valeh dinmədi. Bir də xəbər aldılar, aşıq, adın nədir? Valeh dedi, adımı deməyəcəm. Dedilər, niyə? Dedi, adımı deyəndə məni döyüllər. Yasovullar dedilər, Allaha and olsun sənə, heç nə etmərik, adını de. Dedi, adım Aşıq Valehdir. – “Nə, Aşıq Valeh”, – deyə təəccübləndilər. Valeh dedi, sözünüzün üstə durun, and içmisiniz. Yasovullar dedi, ay aşıq, səni Dərbəndin hakimi Şabəndə bəy gözləyir. Bəy eşidib ki, Dərbəndə Aşıq Valeh adlı bir aşıq gələcək, neçə gündü şəhərə gözətçi qoyub, səni onun yanına apara. İndi bizimlə gedərsən Şabəndə bəyin yanına.

Bəli, Aşıq Valehi apardılar Şabəndə bəyin huzuruna. Bəy Valehi çox gözəl qəbul etdi, otağına apardı. Gördü Valeh kefsizdi. Səbəbini xəbər aldı. Valeh Zərniyarın kənizlərinin qaba hərəkətin bəyə dedi. Bəy Zərniyarı çağırtdırdı, kənzilərin belə hərəkətinin səbəbini xəbər aldı. Zərniyar güldü. – “Bizim qızlar Valehlə Dağıstan zarafatı ediblər”, – deyib öz imarətinə qayıtdı.

Gecə Şabəndə bəy Valeh ilə söhbət edirdi. Bu yandan Zərniyar Pəri adlı kənizi ilə Şabəndə bəyin həyətinə gəldi, evə yaxın dayandılar ki, Şabəndə bəy ilə Aşıq Valehin nə danışdıqlarını eşidələr. Onlar qapıya gələn kimi, Valeh söhbətin kəsdi, sazını götürdü, aldı görək nə deyir:

Bu gələn bir cüt gözəlin,

Yolunda qoymuşam səri.

Biri əcəb səvalıdır,

Birisinin adı Pəri.


Biri dağların qarıdı,

Biri baxçalar barıdı,

Güllü dünyanın varıdı,

Lərzəyə salıb sərsəri.


Valeh sevdi Zərniyarı,

Olar onun xidmətkarı,

Atsa üzündən uqabı,

Mat eylər Şəmsi-Qəməri.

Söz tamama yetdi. Pəri dedi, Zərniyar, Aşıq Valeh bizim bura gəlməyimizi bildi, bu sözləri ona görə oxudu. Zərniyar dedi, ay Pəri, Valeh münəccim deyil, bizim bura gəldiyimizi nə bilir, – deyib sağ ayağını daşın üstünə qoydu.

Valeh:


İki günəş, o zülmətdən şəms olub.

Yayılıb aləmə, üzün bürümüş.

Hər ikisi bir-birindən səfalı

Yayılıb aləmə, üzün bürümüş.


Həsrəti qəlbimdə ləkə bağlamış,

Çərpayı sinədə ləkə bağlamış,

Pünhan namə yazıb ləkə bağlamış,

Yayılıb aləmə, üzün bürümüş.


Valeh dərd əlindən Buraqı minmiş,

Seyraqub arada buraqı minmiş,

Qədəm qədəm üstə buraqı minmiş,

Yayılıb aləmə, üzün bürümüş.

Söz tamama yetdi. Zərniyar dedi, Pəri, gedək, Valeh tilsimli aşıqdır. İş çətinə düşəcək. Bu tərəfdən Valeh əyləşdi. Şabəndə bəy soruşdu, Aşıq Valeh, nəyə görə sən bizim söhbətimizi yarımçıq qoyub sazı götürdün? Valeh dedi, bəy, Zərniyar qapıya gəlmişdi, bizi dinləyirdi. Şabəndə bəy qapıçını çağırtdırdı, xəbər aldı ki, bura kim gəlmişdi? Qapıçı dedi, ağa, özünüz buyurmusunuz ki, Zərniyar nə vaxt mənim qəbuluma gəlsə, mane olmayın. Zərniyar bir nəfər kənizi ilə gəlmişdi, qayıtdı getdi. Şabəndə bəy Valehə diqqətlə baxdı, dedi, Aşıq Valeh, doğurdan da, valehedicisən.

Səhəri gün Şabəndə bəyin əmri ilə hər tərəfə car çəkildi, xəbər verildi ki, axırıncı aşıq ilə Zərniyarın deyişməsidir. Ya qırx aşığın boynu vurulacaq, ya da aşıqlar azad olacaq, ya da Zərniyar ərə gedəcək. Bu xəbəri ətraf kəndlərə də çatdırdılar. Günortaya qədər Dərbəndin böyük meydanına dəstə-dəstə adamlar toplandılar. Günorta Şabəndə bəy divanxana işçiləri ilə Aşıq Valehi deyiş meydanına gətirdilər. Bu tərəfdən Zərniyar xanım öz adamları ilə otuz doqquz tustaq aşıqları həmin meydana gətirdi. Boyunlarında kəmənd, ayaqları qandallı hamısı biri-birinə çələkli. Bəli, elə ki meydan quruldu, şərtnamə təzədən yazıldı. Şərtnamə belə oldu, əgər Aşıq Valeh deyişmədə Zərniyara üstün gələ bilməsə, qırx aşıq həmin meydanda qətlə yetiriləcək. Elə ki, Aşıq Valeh Zərniyara üstün gəldi, onda həmin meydanda Zərniyarın kəbini Valehə kəsiləcək. Valeh Zərniyarı Qarabağa gətirsə, onda Zərniyarın variyətinin beşdən biri Zərniyara, qalanı isə Zərniyarın yaxın qohumlarına çatacaq.

Bəli, şərtnamə imzalandı, təsdiq edildi. Zərniyarnan Aşıq Valeh girdilər deyiş meydanına. Görək Zərniyar nə deyir, Valeh nə cavab verir. O vaxtı onlar deyib, indi də biz deyək:

Zərniyar xanım:

Qarabağdan dov eyləyib gəlmisən,

Yer üzündə mən İsayam, sən nəsən?

Öz əlinlə yaxşı yıxdın evini,

Haqdan gələn bir bəlayam, sən nəsən?

Aşıq Valeh:

Ay nazənin, şagirdlərin ustadı,

Hamı bilir mən yektayam, sən nəsən?

Dərsimi almışam kamil ustaddan,

Eşq içində dolu payam, sən nəsən?

Zərniyar xanım:

Çoxların salmışam xaki-turaba,

Sualımdan aciz qalıb cavaba,

Səni də pay göndərəcəm hesaba (torpağa),

Bu əyyamda mən dəryayam, sən nəsən?

Aşıq Valeh:

Çox sənin kimilərin al eylərəm mən,

Aparıb özümə mal eylərəm mən.

Dəryanın üzündə yol eylərəm nən.

Mərifətdə mən Musayam, sən nəsən?

Zərniyar xanım:

Zərniyaram, səni çəkərəm dara,

Başından tikdirrəm kəllə minara.

Bir kəsin varmı edə dərdinə çara,

Haqdan gələn bir sevdayam, sən nəsən?

Aşıq Valeh:

Ustadım Səməddir, sakini-Abdal,

Əgər üzün görsən, olar dilin lal.

Valehəm, Hafizə vermərəm macal,

Mən ona garraham, hələ sən nəsən?

Sözlər tamama yetdi. Hər tərəfdən əhsən sədası eşidildi. Zərniyar kədərli, qəzəbli halda aldı dübarə görək nə dedi:

Bizdən salam olsun Aşıq Valehə,

Əgər aşıqsansa, gəl eyliyək cəng.

Görək kim kimə verir zəvalı,

Kim kimin əlində mat olur diltəng.

Aşıq Valeh:

Al cavabın deyim, Zərniyar xanım,

Mənəm aşıqlarda bir kiranı səng.

Zərrəcə yerimdən tərpədə bilməz,

Yığılsa Rum, Qeysər, ta Hindi-Firəng.

Zərniyar xanım:

Əcal gətiribdi səni bu girə,

Sənin də gərdənin keçər zəncirə.

Üç gündən bir çörək verərəm cirə,

Yanar əhvalına dəryada nəhəng.

Aşıq Valeh:

Aşıq olan özün sənə bab etməz,

Sədamı eşidən gecə xab etməz.

Dəmir zəncir eşq oduna tab etməz,

Gəl mənə bağlama top ilə tüfəng.

Zərniyar xanım:

Qoymaram yetəsən səni yarına,

Bir təpigim dəyər bürcü barına,

Bir zərbə gələrəm rüzügarına,

Aşıq sərdarıyam, mənənd-pişəng37.

Aşıq Valeh:

Qurban olum qoynundakı narına,

Zərb ilə danışma, danış miyana.

Kəllə gərək bu meydanda dayana,

Aslan davasına tab etməz pələng.

Zərniyar xanım:

Meydanə gətirib səni də əcal,

Çəkərsən əlimdən cəng ilə cədal.

Zərniyaram, sabah meydanıma gəl,

Bu bir sözdü sənə eylədim irəng.

Aşıq Valeh:

Qurban olum sən tək nazlı ceyrana,

Sən bir zənən, mən durmuşam mərdana.

Valehəm, sinəmə qoydum nişana,

Yüz kamandar atsın, min tiri xətəng38.

Sözlər tamama yetdi, deyişmənin ardı səhərə qaldı. Tustaq aşıqlar haray saldılar ki, Aşıq Valeh, deyişməni səhərə qoyma, Zərniyar nəsə bir tilsim qurduracaq səni karıxdıra. Valeh dedi, nərahat olman, qoyun nə bilir işlətsin.

Bəli, açıldı səhər, yenə həminki meydan quruldu, yenə də Zərniyar qabağa düşdü. Aldı görək nə deyir, Valeh nə cavab verir.

Zərniyar xanım:

O necə şəhərdi, ay Aşıq Valeh,

On iki bazarı, əlli iki küçəsi, üç xocası var?

Üç yüz altmış beş onun içindədir,

Altı min iki yüz iyirmi iki həm xocası var.

Aşıq Valeh:

O şəhər bir ildir, Zərniyar xanım,

On iki ayı, əlli iki həftəsi, üç bayramı var.

Üç yüz altmış beş gün hesabıdır

Altı min iki yüz iyirmi iki rükət namazı var.

Zərniyar xanım:

O necə aləmdi on beş çırağı,

Doqquz bağbanı var, on iki bağı?

Mütəssil pərgarda on beş otağı,

Ona qərar qoyanın nə xilası var?

Aşıq Valeh:

İsulu din Firudin on beş hesabı,

Doqquz yol oğlu, on iki imamı,

Mütəssil pərgarda cənnəti damı,

Mömünün cənnətdə çox xilası var.

Zərniyar xanım:

Altı min altı yüz altmış altı hacı,

On dört pəhlavanı var, çox xəracı.

Səkkiz min yeddi yüz altmış kərpici

Onu yalqız yapanın nə binası var?

Aşıq Valeh:

Altı min altı yüz altmış altı ayədi ayət,

On dört sində onda tapır hidayət.

Səkkiz min yeddi yüz altmış bir ildə saat,

Onu yalqız yapanın bir binası var.

Zərniyar xanım:

Altı min iki yüz iyirmi iki yarın tükanı

De neçə mənzildir onun məkanı?

Neçə pəhlavandır, yoxlayın onu,

Söylə bu sözlərin nə mənası var?

Aşıq Valeh:

Altı min iki yüz iyirmi iki namazdı bir il,

On yeddi rükəti bir gündədir bil.

Yeddi əzan yerə deyir mütəssil,

Dediyin sözlərin bu mənası var.
Zərniyar xanım:

Yüz on dört otuza eylərəm şükür,

Yüz bir dərviş orda oxuyur zikir,

Zərniyar aləmdə çəkərmi fikir

Şəriəl Mürtəza tək ağası var.

Aşıq Valeh:

Yüz on dört otuzdu sureyi Quran,

Yüz bir təsbehdir, həm zikri-sübhan,

Valehə köməkdir o şahı Mərdan,

Bu meydanda güclü müdaası var.

Sözlər tamama yetdi. Zərniyar çox kədərli vəziyyətdə aldı dübarə görək nə deyir:

Zərniyar xanım:

Səndən xəbər alım, ay Aşıq Valeh,

Əvvəl nə şey xəlq elədi sübhanı?

Neçə şeyda ondan oldu aşıkar,

Yaratdı sifəti, namı nişanı?

Aşıq Valeh:

Al cavabın deyim, Zərniyar xanım,

Əvvəl bir dür xəlq eylədi sübhanı.

Cəmi aləm ondan oldu aşıkar,

Yaratdı sifəti, namı nişanı.

Zərniyar xanım:

Deynən görüm nədir yerin əsası?

Nə üstündə qərar tapıb durası?

Neçə il yol yerlə göyün arası?

Nədən yaratdılar həfdi asimanı?

Aşıq Valeh:

Bil ki, bir balıxdır yerin əsası,

Kaf39 üstündə qərar tapıb durası.

Səysən min il yol yerlə göyün arası,

Nurdan xəlq etdilər həfdi asimanı.

Zərniyar xanım:

O kim idi, kimdən xof etdi, qaşdı?

Neçə il orda xaba uğraşdı?

O kim idi, onlar ilə qarışdı?

Adları nə idi, ismi bəyanı?

Aşıq Valeh:

Dağyanus Allahdan xof etdi, qaşdı,

Səysən min il orda xaba uğraşdı.

Qəmər idi, onlar ilə qarışdı

Adları Kəlb idi, ismi bəyanı.

Zərniyar xanım:

Zərniyaram, bilmək olmaz sanını,

O kim idi yumadılar qanını?

O kimdi alacaq özü öz canını?

O kim idi öldü-dirildi canı?

Aşıq Valeh:

Valeh, ulduzun bilmək olmaz sanını,

Şəhidlərin yumadılar qanını.

Əzrail alacaq özü öz canını,

O Cərcuzdu, öldü-dirildi canı.

Sözlər tamama yetdi. Zərniyar başı aşağı getdi, sazını divana təhfil verdi. Dedi, Aşıq Valeh, mən təslim. İndi mənim də, tustaq aşıqların da külli-ixtiyarı səndədir. Valeh dedi, Zərniyar xanım, nə oldı ki? Sən dedin, mən də cavab verdim. İndi də mən deyəcəm, sən cavab ver! Zərniyar dedi, Aşıq Valeh, nə lazımsa mən dedim, sən də cavab verdin, artıq söz nəyə gərəkdir? Valeh dedi, Zərniyar xanım, sənin dediyin sözlərdən demədiyin sözlər yüz dəfə çoxdur. Mən sənin demədiyin sözlərdən bir neçəsini deyəcəm. Aldı görək nə deyir:

Aşıq Valeh:

Səndən xəbər alım, Zərniyar xanım,

Əvvəlki mətləbin, kamın neçədi?

Nə ilə kamilsən, nə ilə naqis,

Mürdə, zində40 sərəncamın neçədi?

Zərniyar xanım:

Al cavabın deyim, ay Aşıq Valeh,

Əvvəlki mətləbim, kamım ikidir.

Ədəbli kamildir, ədəbsiz naqis,

Mürdə, zində sərəncamım ikidir.

Aşıq Valeh:

O nədir ki, batilində nazirdi?

O nədir ki, vücudunda hazırdı?

O nədir ki, şər ruzində zahirdi?

Bundan artıq dolu camın neçədir?

Zərniyar xanım:

O tanrıdı, batilində nazirdi.

O uşaqdı, vücudumda hazırdı.

Dörd kitabı şəbi-zildə zahirdi,

Bundan artıq dolu camım ikidir.

Aşıq Valeh:

Mən Valehəm, bu hesabı neynəyim,

Bir əliflə bir dal neynər, söyləyin?

Tökün kitabları, hesab eyləyin,

O nədir ki, demək olmaz ikidir?

Axır bəndi Zərniyar aça bilmədi. Meydandan səs-küy ucaldı. İşi belə görən Valeh axır bəndi özü açdı.

Aşıq olan sözün açıq söyləyər,

Yüz min naşı bir kamilə neynəyər.

Bir əliflə bir dal min bir eyləyər,

Ad yeyəsi demək olmaz ikidi.

Söz tamama yetdi. Aşıq Valeh Zərniyarla birlikdə tustaq aşıqları da yoxlamaq üçün aldı görək nə deyir.

Eşitsin aşıqlar, desin Zərniyar,

Məhəbbət bəhrinə çay hardan gəlir?

O səkkiz min aləm harda birləşir,

Xilqətin bəhrinə pay hardan gəlir?

Cavab olmadı. Aldı Valeh dübarə:

Həfdi həşdi, se çaharın cəmin de!

Gizli qalan bir hesabın kəmin de!

Mürsəl nəbilərin keçmiş dəmin de!

İl kimnən cəmlənir, ay hardan gəlir?


Valehə dərs verir Kərəmin kanı

Ərəs aləminin kimdi soltanı?

Hardadı varlığın sirri pünhanı?

Bahar nədən doğur, yay hardan gəlir?

Söz tamama yetdi, sözlər cavabsız qaldı. Şabəndə bəy əyağa qalxdı, dedi, Aşıq Valeh, kifayətdi, sənə alqışlar olsun. Əlavə dedi, Şıx Şabanın şərtnaməyə əsasən bizim Zərniyar xanımın kəbinin bu meydanda xalqın qarşısında Qarabağlı Aşıq Valehə kəsməyini məsləhət bilirəm. İş belə olanda Zərniyar öz-özünə dedi, kor bəxtim məni nə günə qoydu. Adlı-sanlı igit oğlanları bəyənmiyən canım, bir aşığın qulu oldu. Hər halda mən Valehin əsil arvadına qul olmalıyam. Belə xəyal Zərniyarı həzin-həzin ağlatdı. Zərniyar xanımı ağlar görən Aşıq Valeh sazını aldı sinəsinə, görək nə deyir:

Xumar gözə yaraşmayır,

Bəsti, Zərniyar, ağlama.

Xəbər verib hər tərəfə

Çəkdirmisən car, ağlama.

Özün mənə namə yazıb

Etmisən ilqar, ağlama.

Səni ovlayan tərlanı

Hesab edib sar, ağlama.

Öz əhdinə çatmaq üçün

Qurdur mənə dar, ağlama.
Aşıqlarda mürvət olar,

Dar qurub divan eyləməz.

Beş günlük şöhrət üçün

Evlər yıxıb qan eyləməz.

Qəzəblənmiş hökmüdarlar

Bil belə fərman eyləməz.

Bu kimsəsiz aşıqları

Qəmlərə büryan eyləməz.

Asumana pülənd olub

Bu qəm-qüssə, zar, ağlama.


Bil mən sənin uğrunda,

Neçə borandan keçmişəm,

Neçə-neçə daşqın çaydan,

Neçə tufandan keçmişəm.

Neçə arzu, neçə dilək,

Neçə gümandan keçmişəm.

Ömrümə qəsd eyləyib,

Bu şirin candan keçmişəm.

Gəl qiymət ver bu zəhmətə,

Sevimli nigar, ağlama.


Bu gün şadlıq məqamıdı,

Əl ver ələ, əl sevinsin.

Talant qəlbdə coşa gəlsin,

Ürək gülsün, dil sevinsin.

Xəbər çatsın Qarabağa,

Bayram etsin, el sevinsin.

Aşıq Valeh kama çatsın,

Sazındakı tel sevinsin.

İxtiyarım varmı bu gün,

Deyəm sənə, yar, ağlama.

Söz tamama yetdi. Eşidənlər Valehə əhsən dedilər. Zərniyar gülər üzlə Valehə yaxınlaşdı, dedi, Aşıq Valeh, əlini ver əlimə, ölüncə mən səninəm, sən də mənim. İş belə olanda Şıx Şaban kəbini kəsdi, hər ikisinə xeyir-dua verdi. Aşıq Valeh tustaq aşıqları azad etdi. Şagirdi Səməd dedi, ay usta, qul xatasız olmaz, keç mənim günahımdan. Məni hüzurundan qovma. Valeh dedi, Səməd Qarabağacan bir yerdə gedəcəyik, sonrasına baxarıq.

Şabəndə bəy dedi, Aşıq Valeh, Zərniyar xanım sənə layiqdir, hər ikinizə xoş gün arzulayıram. İndi Zərniyarla get. Məndən olsa, toyunu Dərbənddə edərdik. Valeh dedi, bəy, bağışla, bu mümkün deyil. Ona görə ki, bütün Qarabağ xalqının gözü yoldadır, məni gözləyir. Şabəndə bəy dedi, yaxşı, razıyam, ancaq Qarabağa səfər edəndə bir gün qabaq mənə məlumat ver.

Bəli, mərəkə bitdi, Aşıq Valeh Zərniyarla gəldi imarətin qapısında dayandılar. Zərniyar dedi, Aşıq Valeh, indiyənə kimi bu imarət mənim idi, indi oldu sənin. Daxil oldular saraya. Söhbətlər biri-birinə zəncirləndi. Yedilər, içdilər, dincəldilər. Səhər Aşıq Valeh durdu baxdı ki, Zərniyar cahi-cəlal ilə, yəni köyənkcək baxçada seyr edir. Tez sazını aldı əlinə, getdi. Zərniyara çatanda aldı görək nə deyir.

Səhər-səhər xiyabanlar içində,

Sənin kimi nazlı yarı görəsən.

Hey baxasan qamətinə, boyuna,

Sinəsində qoşa narı görəsən.
Söhbət üçün çəkiləsən pünhana,

Fikir təmiz ola, ürək mərdana.

Deyəsən, güləsən mehriban yana,

Xəyalında düz ilqarı görəsən.


Gül borana düşər öz putağında,

Qızıl parlağ olmaz öz yatağında.

Valeh, Qarabağda, öz otağında,

Ömür boyu Zərniyarı görəsən.

Söz tamama yetdi. Zərniyar dedi, Valehcan, sözlərindən aydın olur ki, vətənə getmək istəyirsən. O sənin öz ixtiyarındadı, nə vaxt desən mən hazıram. Valehə də bu lazım idi. Həmin günü Şabəndə bəyə məlumat verdi ki, səhər yola düşmək istəyir. Şabəndə bəy bir keçava düzəltdirdi, Dərbəndin sayseçmə igitlərindən qırx nəfəri huzuruna dəvət etdi. Tapşırdı ki, Aşıq Valeh və Zərniyar xanımı səlamət öz vətənlərinə aparsınlar. Səhəri gün kərvan yola başladı. Dəbdəbə ilə Qarabağa çatdılar. Valeh şagirdi Səmədi muştuluğa göndərdi. Səməd Abdal-Gülablı kəndinə çatdı. Xəbər elədi, Heydar bəy bir böyük dəstə atlı ilə Valehgili qarşıladı. Həmin gün Valehin qapısına gətirilən qurban, mal və qoyunun sayı həddin aşdı. Dərbəndli qonaqları yola salandan üç gün sonra Aşıq Valehin toyu başlandı. Aşıq Valeh həm Zərniyarı, həm də Sənəmi özünə aylə etdi. Bir aşıq gəldi Valehin toyunun duvaqqapmasında bu sözləri söylədi.

Gəl ey sazım, tərif deyək,

Yaraşır dastan cahana.

Gərdişinə heyran qalıb,

Kim olub mehman cahana.

İbtidadan bivəfadır,

Bağlaman peyman cahana?

Bir gün gülər, beş gün ağlar,

Kim olsa soltan cahana.

Əbədilik sahib olub,

Kim verib fərman cahana?
Adəm ata, Havva ana,

Gəldi cahana, getdimi?

Nuh kimi bir nəbini,

Saldı tufana, getdimi?

Yunis Əzizi Zəkəriya

Düşdü borana, getdimi?

İbrahimi, həm Musanı,

Saldı gumana, getdimi?

Növbə ilə gəlib-gedib,

Gör neçə insan cahana.


O Firdosi, Əbilqasım,

Gör neçə il qələm çaldı.

Nizami də şairlikdə,

Həqiqətin tacın aldı.

Abdurrəhman Cami yazdı,

Yusifi zillətə saldı.

Nəsimi, həm Xəyyam Sədi

Ömür boyu fikrə daldı.

Şair olub dastan deyib,

Neçə göhərkan cahana.


Rüstəm Zal da atlananda,

Vuruşmağa ər gəzirdi.

O bezanalı İsbəndiyar,

Bir nər oğlu nər gəzirdi.

Müşgülgüşa şahi-mərdan

Hər nə var yek sər gəzirdi.

Diz çöküb, təslim olub,

Neçə pəhlavan cahana.


İsgəndəri Zilqərinə,

Neçə il devran elədi.

Neçə yurdu talan etdi,

Ölkələr viran elədi.

Nadir, Çingiz, Timurləng

Hər yana fərman elədi.

Cəmşid, Qacar, Əfrasiyab,

Könülləri al-qan elədi.

Heç sahib ola bilmədi

Təxti Süleyman cahana.


Usta Səməd, Faiz Cəfər

Sənətində ad eylədi.

Aşıq Valeh, Aşıq Qənbər,

Könülləri şad eylədi.

Xəstə Qasım, Şair Abbas

Ömür boyu dad eylədi.

Ələsgərlə Molla Cümə

Şeirdə fəryad eylədi.

Xaspolad saz götürüb

Söyləyib dastan cahana.




  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin