AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab


AŞIQ VALEH İLƏ AŞIQ MUSACANIN DEYİŞMƏSİ



Yüklə 2,7 Mb.
səhifə27/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   21   22   23   24   25   26   27   28   29

AŞIQ VALEH İLƏ AŞIQ MUSACANIN DEYİŞMƏSİ

Aşıq Valehin dövründə Aşıq Musacan adlı bir saz aşığı olur. Musacan da vaxtının çoxunu Şuşada keçirərmiş. Aşıq Musacan da özündən söz qoşmağı bacarırmış. Çox ürəyindən keçirmiş ki, Aşıq Valeh ilə deyişə, ürək etmirmiş. Bir gün Aşıq Valeh ilə Musacan Şuşada bir yeməkxanada çörək yeyərkən ətrafda bir tula sümsünür. Aşıq Valehin əsil adı Səfidir. Musacan Səfi adına toxunmaq məqsədilə deyir, Aşıq Valeh, bu tula burda nə sevilənir? Valeh fikirrəşmədən deyir, kasanı başından elə vur canı dalından çıxsın. Bu sözü eşidənlər gülüşürlər. Musacan pərt olur. Əlin atır saza, alır görək nə deyir:

Naşı oldum, bir söz çıxdı dahandan,

Toyuqlar qaqıldar, ban haray salar.

Hərif arif oldu, cavabın verdi,

Sahibi söz deməz, yan haray salar.

İş belə olanda Aşıq Valeh də saza əl atdı, görək Musacana nə cavab verir:

Aşıq Valeh:

Boş sərin qoyma zindan üstünə,

Tab etməz çəkicə, can haray salar.

Partlayar qulağın, tökülər gözün,

Ürəyin alışar, qan haray salar.

Aşıq Musacan:

Bir nəhəngəm, yüz min xaşan yeyərəm,

Meydan libasını oddan geyərəm.

Sənə elə bir qıfılbənd deyərəm,

Məkan lərzə gedər, kan haray salar.

Aşıq Valeh:

Kül olar cəsədin, belə alışma,

Baş açmamış bir hesaba qarışma.

Hünərdə milçəksən, yekə danışma,

Sözümün mənasın qan haray salar.

Aşıq Musacan:

Musacanam, indi xanlıq eylərəm,

Dar qurdurub hökmə yanlıq eylərəm.

Gündüzünü bil qaranlıq eylərəm,

Başına gələni an haray salar.

Aşıq Valeh:

Aşıq Valeh atın sürməz yormağa,

Ar eyləyər sənə zərbə vurmağa.

Yer üzündən qaranlığı qovmağa

Günəşin gəlməsin dan haray salar.

Sözlər tamama yetir, Aşıq Valeh zarafatyana deyir:

Qəfilətdən səda gəldi guşimə,

Bir şahin eylədi havada qır-qır.

Qanat çaldı tərlanların tavarı,

O hünəri qartal, ləqəbi dır-dır.

Musacan bu sözlərdən baş tapmadı, qaldı fikirləşə-fikirləşə. Oturanlar yerbəyerdən deyirlər, ə, Aşıq Canı, niyə dinmirsən, cavab ver də. Musacan deyir, ərə, səda səsə deyir, guş qulağa, bu dır-dır ninkca, onu bilmirəm. Hamı gülür. Aşıq Valeh də gülə-gülə deyir, Musacan, biz deyişəndə bir dıra-dıra quşu səs eliyə-eliyə burdan keçdi, sözləri ona deyirdim. O gündən sonra ömür boyu Musacan Valehə bir söz demədi.



  1. AŞIQ VALEH İLƏ BAĞDASƏR

Bir səhər Aşıq Valeh örüşə mal buraxanda görür bir zırpı erməni çiynində saz buna sarı gəlir. Gözləyir, erməni gəlib çatır. Salam verir, Valeh salamın cavabın verir. Soruşur, ay kirvə, xeyir ola, belə hara gedirsən? Erməni deyir, ara, burda Aşıq Valeh var, gedirəm onu bağlayam. Valeh deyir, adın nədi? Erməni deyir, adım Bağdasər. Valeh deyir, Bağdasər, mən həmin o Aşıq Valehin qonşusuyam. De görüm sən Valehə nə deyəsən ki, onu bağlayasan? Erməni deyir, arə, elə ona deyəcəm:

Əzizim, bəndə səni,

Xoşnişin bəndə səni.

Alaram əldən sazını,

A Valeh, salaram bəndə səni.

Valeh deyir, a Bağdasər, o da sənə deyəcək:

Əzizim, bəndə səni,

Xoşnişin bəndə səni.

Kənd mənim, kəsək mənim,

Ay axmaq, qoymanam kəndə səni.

Valeh deyir, sonra nə deyəssən? Erməni deyir, deyəcəm:

Əzizim, Bağdasər,

Yu çuxanı, bağda sər.

Bil ki səni bağlayar,

Kükü oğlu Bağdasər.

Bağdasər deyir, hə, indi nə deyəcək? Valeh deyir, indi də deyəcək:

Əziziyəm, bağda sər,

Dər almanı, bağda sər.

Kükü donquza bənzər,

Eşşəyə də Bağdasər.

Erməni bir fikirləşir, geri qayıdır. Valeh deyir, a kirvə, niyə qayıdırsan? Erməni deyir, ərə, elə sən qonşususan belə dedin, özü olsa lap pis deyəcək.



  1. AŞIQ VALEHİN ŞUŞA SƏFƏRİ

Bir gün Şuşa baqqalları sözləşirlər ki, Aşıq Valehə xəbər göndər ki, Şuşada zoğal çox mətahdır, hər nə qədər bacarsan bir o qədər zoğal yığ, özünü Şuşaya yetir. Bu xəbəri Aşıq Valehə çatdırmağı Valehin yaxın dostu Allahquluya məhəvəl45 edirlər. Özləri də araya söz qoyurlar ki, bir adam Valehdən zoğal ala bilməz. Qoyun onun gətirdiyi zoğal zay olsun, görək Aşıq Valeh nə edəcək? Belə də edirlər. Allahqulu Valehə bir güləbətinli namə yazır göndərir. Valeh naməni alan kimi bir neçə öküz, at yükü zoğal ilə özünü Şuşaya çatdırır. Bərxənanı Allahqulunun tükanına yığır, axşam olduğundan gedir dostu Allahqulunun evinə. Bəli, Allahqulu nökərini çağırır, deyir, Valehin atı tərlidi, onun yəhərin al, bir külək tutan yerdə bağla. Öküzlərini apar Zarıslı meşəsinə burax. Nökər tapşırığı yerinə yetirir. Səhər Aşıq Valehə deyirlər ki, atın xəstələnib. Ora həkimi çağırırlar, həkim atın arxa hissəsini peyinə basdırır və tapşırır ki, üç gün belə qalmalıdı.

Bu tərəfdən xəbər gəlir ki, Aşıq Valehin öküzlərini Zarıslı meşəsində canavar parçalayıb. Çarası kəsilmiş Valeh gətirdiyi zoğala ümid bağlayır, zoğalı da heç kim almır. Zoğal kiflənir. Bir baqqal gəlir zoğala baxıb deyir, ay Valeh, bu zoğaldan ancaq lavaş olar, başqa şeyə yaramaz. Xoşuna gəlsə, bu zoğalın yükünü bir abbasıya alaram, ancaq nəğdi pulum yoxdu, sonra verərəm. Bütün baqqalların gözü Valehdə olur, deyirlər görək nə edir. Bu tərəfdən Allahqulunun arvadı karvanlara hay edir ki, zoğalın suyu tükanı tərk eləyib. Gəlin bu zoğaldan aparın lavaş edək. Beləliklə, zoğalı paylayırlar. Günorta çağı Aşıq Valeh sazı alır sinəsinə. Baqqallara da bu lazım idi. Hamısı Allahqulunun tükanının ətrafına toplaşır. Alır Aşıq Valeh, görək nə deyir.

Dostum namə yazdı, dedi, durma gəl,

Aldandım bazarın nəyinə gəldim?

Unutdum sənəti, oldum sevdagar

Bir libas tikdirdim əyinə, gəldim.

Biiman göndərib naməni dərhal,

Yazıbdır Şuşada mətahdır zoğal.

Tapılsa üstündə olar qalmaqal,

Aldandım namərdin küyünə, gəldim.
Kimlər səbəb oldu, deyin bu hala,

Xəstə ölür, şəfa qalıb zoğala.

Dərdirdim hər nə var, yığdım çuala,

Dost dedim, namərdin evinə gəldim.


Bir öküzüm vardı kəndi qaçarda,

Yazıq heyvan çəkməmişdi azar da.

Dedilər, urbatdı zoğal bazarda

Yolları sevinə-sevinə gəldim.


Allahqulu ilə keçdi ilqarım,

Yazdı gətir satım hər nə ki varın.

Yurdu viran olsun bu səbəbkarın,

Sovqatla zalımın evinə gəldim.


Xalqın ulaqları kəklik tək səkər,

At mayallaq aşar, öküzlər çökər.

Bacım oğlu gözlərindən yaş tökər,

Yolları deyinə-deyinə gəldim.


Allahqulugildə vardı bir nökər,

Gecə gəlib haramzada bixəbər.

Atın çulun alıb, at olub qəysər,

Dalını basdırdım peyinə, gəldim.


Zoğalın qaydına qalan olmadı,

Mənim kimi mağmın olan olmadı,

Öküzlərin gönün alan olmadı,

Nəzərdə diqqətin səyinə gəldim.

Bir baqqal zoğalı qoydu kasıya,

Süzələndi, suyu döndü lasıya.

Yükünü istədi bir abbasıya,

Onu da istədi nisiyə, gəldim.


Bir sərt qancıq qonşuları boyladı,

Haray saldı arvatları hayladı,

Tabaq-tabaq zoğalımı payladı,

Bir köpük qoymadım kisiyə, gəldim.


Şuşa baqqalları, ara qatanlar,

Dini girov qoyub iman satanlar,

Xırman sıpası tək şıllaq atanlar,

Nadanlar adına tənəyə gəldim.


Valeh sinəsinə çəkildi bu dağ,

Zoğal ağacından hər kim əksə bağ,

Arvadı lotudu, özü qurumsaq,

Bu sözdə sənətin çiyinə gəldim.

Söz tamama yetən kimi Şuşa tacirləri, baqqalları hər tərəfdən Aşıq Valehin üstünə pul tökürlər, bəsdi deyincə nəfi bərdar olur.


  1. QIZLA GƏLİNİN BƏHSİ

Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arasbar kəndinə yaxınlaşanda bir təzə gəlin ilə bir həddi buluğun az ötürmüş qız arx kənarında dayanmışlar. Valeh bunlara yaxınlaşanda qız deyir, ay aşıq, bizə bir söz oxu, xoşumuza gəlsin. Valeh onlara diqqətnən baxır. Alır at üstü görək nə deyir:

Ay ana, bu bir cüt sonanın

Hansına qurban mən olum?

Süzgün baxıb can alanın

Hansına qurban mən olum?


Könül bağladım bir ada,

Dərd tapdım həddən ziyada.

Hər ikisi mələkzada,

Hansına qurban mən olum?


Cüt baxışlı nazlı xanım,

Xoş avazlı mehribanım.

Valeh deyər, var bir canım,

Hansına qurban mən olum?

Söz tamama yetir. Qız deyir, ay aşıq, sən bizi bir-birimizdən ayırmadın. De görək bizim hansımız qəşəngik. Alır Valeh bu sözləri deyir:

Bir qız ilə bir gəlinin bəhsi var,

Gəlin deyir bu gün meydan məndədir.

Qız da deyir açılmamış qönçəyəm,

Fəsli bahar, bağı reyhan məndədir.
Gəlin deyir ördəyim var, qazım var,

Şirin-şirin söhbətim var, sazım var,

Sallananda yüz qız qədər nazım var,

Həya, iman, ədəb, ərkan məndədi.


Qız deyir mən oxşamışam anama,

Ləlü-mərcan düzülübdür tanama.

Əl vursalar tağdan qopar şamama,

Əl dəyməmiş tağı-bostan məndədi.


Gəlin deyir gəl, qız, düşmə araya,

Gər mən ölsəm aləm batar qaraya.

Bəzənərəm, səni sallam bəlaya,

Şövq salan camalu-can məndədi.


Valeh deyər ikinizə mən qurban,

Yolunuzda mən qoymuşam başla can.

Eyləməyin bu qəribi bağrıqan,

Sizdən ötrü çeşmi-giryan məndədi.



  1. SÖZÜN QİYMƏTİ

Aşıq Valeh çox siyasətcil aşıq olub. Mehduqulu xanın vaxdında onun həşdat yaşı varmış, nə deyirmişsə, xan onu eşidirmiş. İndi heç icra başçısı məni tanımır, amma o, xannan oturub dururmuş. Gedir xana söhbət eliyir, xan da həmişə buna pul verirmiş. Bir gün xanım deyir ki, a sənin öyün tikilsin, sən bu Valehə havağatan pul verəjəhsən. Bir dəfə də vermə. Deyir, az, gedib bizi biyabır eliyər. Deyir, vermə, görək nətər biyabır eliyəjək.

Nəysə, Valeh dastanı deyir. Xan buna deyir ki, çox sağ ol, Aşıq Valeh, çox sağ ol, Aşıq Valeh, çox sağ ol, Aşıq Valeh (söyləyici əlini sinəsinə qoyub üç dəfə təzim edir – top.). Valeh görür ki, pul yoxdu da. Sabah gəlir bir erməni tükanına. Deyir, üş yüz qızıl pullux mal ver. Top-top parçaları yığır furqona. Deyir, sağ ol, dosdum, sağ ol, dosdum, sağ ol, dosdum. Üş dəfə buna sağ ol deyir. Erməni deyir:

– Ara, Valeh kirvə, mənim pulumu ver.

Deyir:

– Verdim.



Deyir:

– Ə, mən pul görməmişəm.

Deyir:

– Sən öl vermişəm.



Deyir:

– Nə verdin?

Deyir:

– Verdim ey, sənin xəbərin yoxdu.



Söz-söhbət gedir xana çatır. Xan deyir ki, Valeh, pulu niyə verməmisən? Deyir:

– Xan sağ olsun, beyjə saa söhbət elədim, maa nə verdin?

Dedi:

– Heş nə.



Dedi:

– Baa, heş nə nədi? Üş dəfə maa “sağ ol, Valeh” demədin. Mən sənin hər sağ olunu yüz tümən qızıla barabar tutmuşam. Sən ki, sözünün qiymətin bilmirsən, mən nə deyim?

Onnan sora xan parçaların pulunu ödüyür, Valeh furqonu sürür öyünə.


  1. XƏSTƏ QASIM


I mətn

Beş dənə alim olur, bunnar aralarından ən kiçiyini göndərillər ki, sən kiçiksən, biz utanırığ onun (Xəstə Qasımın – top.) yanına getməyə. Get onu yoxla, gör nətər adamdı. Deyillər danışdıranda adamı dolaşdırır. Gedir görür ki, dokqazın ağzında bir nəfər adam kötüyün üsdə oturuf. Salamməlöyküm. Deyib, əlöykümətsalam. Deyib, ay bala, kim lazımdı? Deyir, ay dayı, Xəsdə Qasım deyillər, onu axdarıram, görüm o nətər adamdı. Onun eninə-boyuna baxmağ isdiyirəm. Deyir, tanı mənəm, bil mənəm. Deyir, ay dayı, niyə helə deyirsən? Deyir, mən sənə düz cavab verirəm. Xəsdə Qasımı soruşursan, mən də sənə cavab verirəm. Başa düşmür ki, bu nə deyir. Sən demə bu deyir ki, tanı mənəm, bil mənən. Gedir dörd alimin yanına. Deyir, orda bir kişi vardı. Sən öl, məni dəli azarına saldı, dolaşdırdı məni. Salamımı aldı. Mən də dedim Xəsdə Qasım lazımdı, onu görmək isdiyirəm. Maa dedi tanımanam, bilmənən. Deyillər, sən öl, onun özüdü. Gəlin gedək onun yanına. Beşi də gəlir onun yanına. Salamməlöyküm. Deyir, əlöykümətsalam. Deyir, Xəsdə Qasım sizsiniz? Deyir, bəli mənəm. Deyir, bizim yoldaşa niyə helə cavab vermisiz? Onu biz göndərmişik. Deyir, nətər cavab vermişəm? O məndən soruşdu Xəsdə Qasımı, mən də dedim tanı mənəm, bil mənəm. O məni başa düşmədi. Sora buna sual verillər ki, niyə sənə Kar Qasım deyillər. Deyir, vallah, məclisə girəndə keyfiyyətsiz adamlara bu qulağımı karrığa qoyuram, bu qulağımı da açıx qoyuram keyfiyyətdi adamlara oxuyuram. Ona görə maa Kar Qasım deyillər. – “Bə Dədə Qasım?” – “Ona görə ki, mənim sözdərimin hamısı atalar sözüdü”. – Bə niyə Xəsdə Qasım deyillər? Deyir, vallah, mənim bağlamamı hansı adam açsa, düşüncədən başına hava gələr. Görüllər hamısı doğrudu.



II mətn

Xəsdə Qasım deyilənə görə, heyvan otarırmış qəbirsannığın yanında. Bu qoyunu qoyuf keçir qəbirsannığa. Görür ki, bir sinə daşının üsdündə fətir buğlanır. Fətiri götürür, yeyəndə, bir ləzgi də qoyun otarırmış, ləzgi deyir:

– Ə, Qasım, nədi o?

Deyir, sən öl, bir yağlı fətir qoyuflar sinə daşının üsdünə. Fətiri bu götürüf gətirir bir beləsini də buna verif. Xəsdə Qasım fətiri yeyənnən sorasına başdıyıf yernən-göyün arasını danışmağa.

Onnan sora İrannan üş müşteyid gəlif Xəsdə Qasımın qapısına. Arvadına deyiflər, Qasım hanı? Deyif ki, Qasım cütə gedif. Amma gedəndə dedi ki, bir xişdək yer qalıf (yanı bir küş qalıf), tez gələjəh, oturun. Arvad çöldə bulara palaz salır, oturullar. Oturannan sora görüllər, bir kişi bir cüt öküz, boynunda boyundurux gəldi ayaxdan. Bular fikirrəşdi ki, bu Xəsdə Qasım olmaz. Xəsdə Qasımın söz-söhbəti dünyanı götürüf gedir, nətər olar bilər bu, o olsun. Təmiz qutarıf gələnnən sora deyillər Xəsdə Qasım sənsən? Deyir, tanı mənəm. Bular elə bilir, deyir tanımıram. Deyillər, Xəstə Qasımı görməmisən? Deyir, görün mənəm. – “Bilmirsən nə vaxt gələjək?” Deyir, bilin mənəm. Biri deyir, ə, bunun bizə verdiyi cavaba bax ey. Deyir ki, onda sana bir sual verəjəm. Sənin usdadın kimdi? Bu yazıb yaratdığını kimdən örgənmisən? Bu gələnnərdən biri deyir, ə rəşbərdi ey, sənin ona sual verməyin qəbahətdi. Deyəndə Xəsdə Qasımın əlinə fürsət keçir. Deyir, onda mən sizə bir sual verəjəm. Orda Xəsdə Qasım başdıyır bunu deməyə:

Hikmət məclisində əyləşən alim,

Əzzəl mana yamənhudan xəbər ver.

Ərşin sütununda, mehrac evində

Əzzəl nə söz keşdi, əngatudan xəbər ver.
O kim idi yerə çaldı mayanı,

O kim idi suykan bərkitdi səngi qayanı.

Bey altınnan de novdanı bəyanı

Bərrü-bəhri, sirri sudan xəbər ver.

O kim idi zərnişanı oxudu?

O kim idi peyğəmbərə kəfən toxudu?

Adəmnən irəli siğə yoxuydu

Vəzənvəşdi əngatudan xəbər ver.


O kim idi yetişmədi hesaba?

O kimdi ki, oldu ona əsaba?

Xəsdə Qasım özü yetifdi hesaba

Həfti, həşti, səngi sirri sudan xəbər ver.

Müşteyidlər bunun qarşısında söz deyə bilmədilər. Ordan durdular, yavaşca aradan çıxıb getdilər.


  1. AŞIQ ƏLƏSGƏR DƏLİ ALININ TOY MƏCLİSİNDƏ

Aşığ Ələsgər Dəli Alının toyuna gəlif. Gələndə Əsədi də götürüf, Nəcəfi də. Birinci şəyirdi Əsətdi, ikincisi Nəcəfdi. Ələsgərin oğlunun yaxşı atı vardı. Deyif, ay dədə, o atı minmə, atı əlinnən alallar. Deyif, oğul, gərək onda dədən ölə ki, atı alarlar. Dədən ölmüyüfsə, atı alammazdar. Gedəndə deyir, bir də gördük ki, dağın döşünnən üç atdı gəlir, amma birinin atının belində xalları var. Nə Dəli Alı Ələsgəri görüf, nə də Aşığ Ələsgər Dəli Alını görüf. Deyir ki, aşıx, hara gedirsiniz? Deyir ki, Xaşbulağa. Deyir, nəyə? Deyir, Dəli Alı bizi toya çağırıf. Dəli Alı da qarayanız bir adam oluf. Deyir dedi, Aşığ Ələsgər, sənin adın dünyanı götürüfdü. Bir adamın adına ki, Dəli Alı deyəllər, nə ağılnan onun toyuna gedirsən? Deyəndə Ələsgər dedi ki, bizim Məhəmməd hümmətinin vuranına, tutanına, qoçağına dəli deyəllər. Deyir, bajısı oğlu Zeynalabdın ordaydı. Buna dedi ki, bir muxro tikərsən, bu aşıxları ora qoyarsan. Anana da denən ki, iki araba qoşsun, Xaşbulağın yağında aramat yoxdu, Sarıyerdən yağ gətirtsin on iki pud. Dedi, iki araba göndərin Samuğun Qarasakqalına. Ordan iki kəl arabası yemiş-qarpız gətirtdirin. Sora bir araba da göndərin Gəncədən ərzaq-zad gətirməyə. Nəysə, buları tapşırır, deyir altı günnən sora gəlif toy eliyəjəm. Ordan getdi.

İtdəri bağladılar, gətdilər bulara bir muxro tikdilər. Aşıxları qoydular bura ki, burda yesinnər, işsinnər, dincəlsinnər. Toy başdıyannan sorasına bura millət gəldi. Gəncə, Şəmkir – bütün dünya tökülüf bura gəldi. Məşədi Yolçu oluf Şəkidə, o da qaçağ oluf. Başı qarışıf, gəlmiyif toya. Bir söznən, toyu eliyif qutarıflar, aşıxları yola salıflar. Bular burdan çıxannan sora Məşədi Yolçu gəlif. Gələnnən sora bir az dilağız eliyif ki, mən gejikmişəm. Toy nətər keşdi? Dəli Alı deyir, Aşığ Ələsgər gəlmişdi. Deyir, nətər apardı? Deyir, çox yaxşı toy elədi. Deyir, toya tərif dedimi? Deyir, yox. Mənim də konlumdan keşdi, utandım demədim, heç o da demədi. Amma bəyi təriflədi. Deyir, onda o Ələsgər döylü. Ələsgər ola beş yüz erkək kəsilən toya tərif demiyə? Məşədi Yolçu deyir, üç atdıynan gedirəm. Əgər düzünü dedi, buraxajam getsin, yox, deməsə, sən öl, pulu alajam. Alaçıxdan çıxanda Dəli Alı deyir ki, olmuya-bilmiyə kişini atasan ha. Deməsə, pulu al gətir, amma özünə dəymə.

Üç atdı bular çıxıllar. Gədəbəynən Göyçənin arasında Burcallar deyilən yer var. Kəsə sürdülər buraynan. Çatanda dedi, aşıx, dayan görək. Dayandıx deyir. Deyir, Məşədi Yolçu dedi ki, aşıx, hardan gəlirsən? Bu da usda adamdı, bilir ki, bular qaçaxdı. Deyir, Gəncədən. Deyif, ə, xalası göyçək, bura Gəncənin yolu döyül, Xaşbulağın yoludu. Düzünü de hardan gəlirsən? Deyif ki, Dəli Alının toyunnan. Deyif, üç yüz erkək kəsən xozeynin pulunnan Dəli Alının toyunnan gələn aşığın pulu çox olar. Atdan düş. Atdan düşdülər. Pənah maa and içirdi ki, Əsədin dodağı partdadı, qan axdı. Dedi, on beş gün Koroğlunu oxu, boğazını cır, bir xurcun pul apar, onu da gəlsin iki qaçağ alsın getsin. Dedi, pulları tökün. Çuxanın üsdünə, deyir, tökdürdü. Deyir, tökdürənnən sora gördüm Əsədin dodağı partdadı. Aşığ Ələsgər orda deyir ki:

Dəli Alı bir dövran açıb, Şah Abbas dövranı kimi,

Zeynalabdın bəy bəzənif Misirin sultanı kimi.

Məclisində qonaxları var Azərbaycan xanı kimi,

Erkəklər yan-yana kəsildi minanın qurbanı kimi.

Aşıxlara zakaz gəlir, güzaran tapdılar bəylərin güzaranı kimi,

Hər yana dəvətnamə paylandı Süleyman fərmanı kimi.

Beş yüz erkək qırıldı, toğlunun sanın bilmədim,

Nağdıda mətləb verib o kişi kərəm kanı kimi.

Bunu deyənnən sora deyir ki, bilirsən nə var?

Bu tərifi burda deməknən qutarası döyül. Biriniz mənnən gedəjək Göyçəyə. Göyçədə dalını yazıf verəjeyik.

Atdarı sürdük deyir Göyçəyə. Göyçədə də deyillər ki, on beş gün toy olmaz. Aşığ Ələsgərin dili xəlfətəraxdı, Nikolayın da Dəli Alıya güjü çatmıyıf. Yəqin Dəli Alı tüfəyin çöyürüf təpəsinə bir güllə vuruf, onçun gəlmir.

Burdan gedənnən sora muştuluxçu getdi ki, Aşıx Ələsgər gəlir sağ-salamat. Deməli, Göyçədə nə qədər ağsakqal, qarasakqal varsa yığışdı, deyir. Deyir, dedi, Bəşir, sinəm bulax kimi çağlıyır, sən çalış yaz. Orda tərifin hamısını yazıf.

Bir kərə Aşığ Ələsgər, gəldin getdin hər nəyisə,

Hak səni sərraf yaradıf, qiymət qoy yaxşıynan pisə.

Bəyin öz dəsdəsi gələndə məclisə.

Hamıdan çox pul verdilər mücrüdə dolu kisə.

İki yandan mücrü açılıf sərrafın tükanı kimi.

Aşığ Ələsgər toydan gələnnən sora dörd heyvan kəsdirdi, Göyçədə nə qədər kalbayı, məşədi, molla, axund var, hamısı onun məclisinə gəlmişdi.




  1. AŞIQ ƏLƏSGƏR BOYƏHMƏDLİDƏ

Ələsgər Xaçına gəlif. Gedif Boyəhmətdiyə. Boyəhmətdiyə gedəndə bir kişi buna irast gəlif. Kişi bunnan soruşuf, aşıxsan? Deyif, bəli. Adın nədi? Deyir, Ələsgər. – “Kimə gedirsən?” Deyir, məsələn, Səlim kişigilə. – “Qonaxçın odu?” Deyir, hə. Bir az gedənnən sora Ələsgər deyir, bir savatsız kişi adımı da soruşdu, sənətimi də soruşdu, kimə gedirəm onu da soruşdu, mən heç onun adını soruşmadım axı. Deyir, bəs sənin adın nədi? Deyir, Haxyaratdı. Bir az gedənnən sora Ələsgər görür ki, taxıl zəmisidi, göy dananı qurd sökür. Ələsgər bunu görəndə deyir ki, Haxyaratdı kişi, burda dur görək. Deyir,

Əzizinəm göydə nə var?

Göyün içində göy dana var.

Arxası yerdədi,

Dört qışdarı göydə nə var?

Haxyaratdı görmürsə də,

Mən görürəm, göyün içində göy dana var.

Bu kişi deyir, nətər əşi, Allah yaradanı sən görmürsən? Ələsgər deyir, gördüm kişinin öz adı yadınnan çıxdı.


  1. TOPAL CƏLİL

Kəlbəcərin Bağırsax kəndində Topal Cəlil vardı. O Tərtərin Seyidimli kəndinə gəlif, orda evlənif, orda da ölüfdü. Bu da çox maraxlı əhvalatdı. Ova gedir. Deyir, süründüm keçini atmağa. Deyir, keçi dayanıf qayanın başında. Hərriyif gülləni atmağ isdiyəndə gördüm güllə açıldı, keçi düşdü. Keçi düşən kimi bir keçi də qalxdı daşın üsdünə. Çəkdim gördüm patron xamdı, atılan mənim gülləm döylü. – “Ə, bu güllə hardan atıldı?” Bir də, deyir, tüfəngi qaldıran kimi güllə atıldı, keçi düşdü. Dedim, ə, mən atmıram, bunu atan kimdi? Çıxdım gördüm başımın üsdündə bir oğlan duruf. Deyir, mən qayanın altında durmuşam, bu da üsdündə duruf. Buların ikisi də keçini atmağa gəliflər. Deyir, qardaş, ovun qannı olsun, ovun qannı olsun. Hava işıxlaşır. Keçidə də belə bir xüsusiyyət var. O, gün çıxana qədər otduyur. Gün çıxdı qutardı, da keçi çıxmaz. Niyə çıxmaz? Çünki keçinin tükü qızıl kimi parıldıyır. Gün çıxan kimi onu canavar da görür, ovçu da görür. Ona görə gün çıxana qədər otduyur, onnan sora dünyada dağ keçisi çölə çıxmaz. Dolacax qayaların, kahaların qarannıx yerrərinə, yatışajağ orda. Deyir, dedi ki, qardaş, sən o keçinin birinin ciyarçəkməsini çıxart, mən də görüm burdan nə tapıram, bir tonqal qalıyax, çörək yeyək. Deyir, mən keçinin birini yardım. Ciyarını, böyrəyini çıxartdım, suya çəkdim, doğradım. Bu da gördüm həmərsinnən şiş qayırıf gətirdi. Ardışdan-zaddan yığıf tonqalı basdıx, ciyarı çəkdik, yedik, işdik. Dedi ki, keçinin biri sənin, biri mənim. Dedim ki, qardaş, ikisini də sən atmısan. Dedi, nolar, atmışam. Biri sənin, biri mənim. Deyir, keçini soydux, ətini yığdığ atımızın tərkinə. Dedim, ə, bə mən səni harda görüm, sən kimsən? Çıxartdı məni qayanın üsdünə. Dedi, Toraxay çayının üsdündə iki dənə uzun çadır var ha, bax, o mənimdi. Gəlif orda deyərsən ki, filankəsi axtarıram. Deyir, dedim ki, ova havax gələssən? Dedi ki, filan vaxdı gələjəm.

Nəysə, iki-üş dəfə belə ovlandıx. Bir gün dedim ki, gedəjəm olara. Pay-pülüş də götürdüm, gəldim. Gəldim gördüm qapıda bir gözəl qız hərrənir. – “Salaməlöyküm bajı”. – “Əlöykümsalam”. – “Filankəsin öyü buradı?” Deyir, hə, buradı. Mən onu görə bilərəm? Deyir ki, görərsən, düş. Düşdüm. Atı bağladı, dedi, gir içəri. Girdim içəri. Qabağıma çay gəldi. Dedim, filankəs gəlmədi axı. Dedi, gələr. Çörək gəldi. – “A bajı, filankəs gəlmədi axı”. Dedi, gələr. Çörəyi yeyənnən sora dedim, gəlmədi? Dedi, gəlifdi, anki öydədi, bu saat gələr, əynini dəyişir. Onda gördüm qapı açıldı. Həmən paltarda girdi içəri. Deyir, belə baxdım, dedim yəqin bular bajı-qardaşdılar. Dedim, a qardaş, bə mən səni burda gözdüyürəm. Dedi, nə qardaş, elə o qız mənəm. Gəncə bəylərinnən birinin qızı oluf. Anası ölüf, atası bunu ərkəsöyün böyüdüf. Oğlan paltarı geyinir, at minir, güllə atır.

Nəysə, deyir, əhd-peyman eliyillər bular. Arabir gəlirdi ova, ov adıynan dağda görüşürük, deyir. Bir günnəri anası başa düşür ki, qız harasa gedir. Bir günnəri bu dura ki, getməyə, deyər ki, qonağ olajax, getmə. Atasına deyir ki, sənin bu qızın hara gedir, niyə onnan maraxlanmırsan? Deyir, aaz, qayıt soyun, qonağ olajax, çay verərsən. Bu axı getməlidi, söz verib. O qədər bunun halı qarışar ki, su doldurmamış sımavara köz salar, sımavar yanar. – “Ə, mənim cehizim idi, sənin ağlın hardadı?” Atası da ajıxlanar, buna bir şillə vurar. Qız keçər anki öyə, beşatılanı diriyər boğazına, atar. Cəlil deyir, gözlədim, gözlədim, qız gəlmədi. Baxdım ki, Toraxay çayın üstündə çadır üşdü, biri çox yekədi. Damağım saşdı. Dedim, yağın valideyininə-zada nəsə oluf. Atı minif gəlir. Deyir, gördüm millət burdadı. Bir uşaxdan soruşur ki, a bala, bu nədir? Deyir, filankəs özünü atıf. Deyir, qayıdıf çıxdım o dağın başına. Yazır ki:

Gəzdiyim yerləri könlüm isdiyər,

Gedəm o yerləri gəzəm doyunca.

Kəpəzdən addıyam Muroy qoluna,

Qıfçığın başına çıxam doyunca.


Zər atmadım öz baxdım nərdinə,

Kim nə bilir mən yetimin dərdi nə.

Göz gəzdirəm o ceyranın yurduna,

Canımı oddara yaxam doyunca.


Tapam minəm cavannığın atını,

Dəsdəliyəm quzuqulağ otunu.

Əlik ciyərini, keçi ətini,

Həmərsin şişinə taxam doyunca.


Cəliləm, söykənəm dağlar yalına,

Qulax verəm qartalların qıyına,

Gedəm düşəm Toraxayın çayına

Qarışam sellərə, axam doyunca.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin