AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə21/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

VI mətn

Çox deyirmiş ki, ay camaat, dünyanın hər yerində Qasım gəldi, Qasım gəldi deyif qabağıma yüyürüllər, amma bu kəntdə məni yaxşı saymırsız. Vallah, belə olmaz. Bir dəfə birinizi vurajam, onnan sora biləjəhsiz ki, Qasım nə Qasımdı. Bunu deyən vaxdı camaatın arasınnan biri deyif ki, ə, sən də qıraxda-bucaxda gəzif goplanırsan onu elədim, bunu elədim, heş-zad eliyən döyülsən.

Deyir:

– Ə, Allaha and olsun, məni hirsdəndirmə, birinizi vurajam, özü də lap bərk gedənizi vurajam.

İspalkom vardı, o vaxdı yüzbaşı deyirmişdər, adı oluf Rusdam, Bayram oğlu Rusdam. Rusdam deyif:

– Ay Qasım, kimi vurassan?

Deyif:

– Elə səni.



Deməynən beşaçılanı hərriyif düz dümbəyinin üsdünnən birin vuruf. Kişi yıxılıf. Yıxılanda beşaçılanı bir də verif ayağa. Deyif:

– Kim kişidirsə, yaxınnaşsın, onu durğuzsun ayağa, kömək eləsin.

Heş kim yaxın durmuyuf. İyirmi dəqiqə kişi partdıyannan sora deyif:

– Gedin zibilinizi götürün. Dümbəyinnən vurmuşam, ölmüyəjəh. Amma mən məscidin qabağına gələndə Soğanverdi satan ətdən (ət satanın adı Soğanverdi imiş) qoyun bircə kilo da mən alım. Məni sayın da, adam yerinə qoyun.

Belə işdəri oluf.
VII mətn

Bizim kəndin malın-qarasın gəlif oğurruyuf aparıflar. Qasım beş-altı nəfərnən gəlif düşüf malın irizinə, malın uju gedif çıxıf Ağdamın Qiyasdı kəndinə. Orda da Rusdam addı bir dənə bərk gedən kişi oluf, Hacca oğlu Rusdam deyirmişdər. Qasımın qabağına çıxıf: “Qasım hara, bura hara?” Buları tamam soyunduruf, atdarın alıf bağladıf, tüfəhlərin, güllələrin hamısın əllərinnən alıf, xoş gəlmisən. Bular da arxeyin oluf. Salıf buları bir dənə padvala. Deyif, girin ora. Qasımgil girif içəri, görüf içəridə xançal itiliyən, pıçağ itiliyən, güllə dolduran. Qasım başa düşüf ki, bu nədi. Uşaxlara deyif tərpənmiyin görək. Bir azdan sora buları çıxardır çölə, düzür belə cərgəynən. Həmən o Rusdam beşaçılanı gətirif verif Qasıma, deyif:

– Qasım, ala, səni çox mahir deyillər. Bax, odey, qovağ ağacının başındakı qarğanı görürsən?

Deyif:


– Hə.

Deyif:


– O qarğanı vura bilsən, sizi buraxajam, amma vura bilməsən, qardaş, yalanı yoxdu, sizi buraxası döyüləm.

Deyir, Qasım beşaçılanı belə tutuf deyir:

– Birincisi, Qasım güllə atanda gərək analar “oğul vay” deyə, bajılar “qardaş vay” deyə, dünya dağıla. İkinci, yaxşı kişi nənəsinin adı ilə çağrılmaz. Sənə Hacca oğlu Rusdam deyirik. Yaxşı kişi dədəsinin adı ilə çağrılar.

Bir dənə kişi varmış, Bala Hüseyn deyirmişdər. Qasımnan on dəfə yaxşı atırmış. Beşaçılanı belə atır onun üsdünə, deyir:

– Ə Bala, onu vur, o qarğanı vur.

Bu da deyif ki, Qasım, nətəər vurum, harasınnan vurum? Deyif ki, elə vur, başı getsin, leşi gəlsin mənim ayağımın burnuna düşsün. Heylə çox dəqiq atarmış. Deyir, Qasım necə demişdi, kişi heylə vuruf, leşi gəlif bunun ayağına düşəndə beşaçılanı hərriyif Rusdama. Rusdam əllərin qaldırıf ki, Qasım, mən qələt eləmişəm. Onnan sora heyvannarımızı da veriflər, bir ay çəkmiyif Qasım gedif bütöy kəndin nəyi var hamısını yığıf gətirif.


VIII mətn

Avdal Qasım barədə eşitmişəm ki, deyilənə görə erməni kəndində bir erməninin yaxşı gümüş xəncəri olur. Neçə adam isdiyir bunnan, erməni nə satmağ isdəmir, nə də dəyişmək isdəmir.

Bir gün Avdal Qasım eşşəyini minir, durur gedir bu kəndə. Erməninin arvadı başdan bir əz seyrəyimiş, heylə sən deyən dünyadan xəbəri yoxumuş. Avdal Qasım oturuf fikirrəşir ki, neyniyim, nətəər eliyim bəs mən bu xəncəri ələ keçirim, götürüm gəlim. Durur gedir bu ermənini soraxlıya-soraxlıya evini tapır. Göz qoyur, görür kü, bu arvad girir-çıxır, elə-belə gic-gic hərrənir da. Baxır görür, bunda yaxşı dərin dərrakə yoxdu, səydi. Deyir ki, mən bunu nə yolnan alladım. Nəysə, gedir bunnarın qapısın döyur kü, axçi, mana bir stəkan su verərsənmi? Deyir:

– Ara, niyə vermirəm? Gəl bəri.

Bunun da canınnan döyülmü kü, bunun evinə getsin.

Nəysə, gedir. Arvad bunun altına döşəh qoyur, qabağına çay-zad gətirir, yeməh, işməh. Bu da yavaş-yavaş yeməh-işməyi yeyə-yeyə evə fikir verir, baxır görür ki, xəncər asılıdı yuxarıdan. Deməh, erməni işə gedəndə bunu qıymır belinə taxsın, kəməri üsdündə asıf divardan. Bu Avdal Qasım da özünə bir dənə bıçax düzəldifmiş, balaca bıçax, çox xırda, sapı-zadı da taxdadanıymış, ovuca sığışan imiş da. Deyir ki, sən ölmüyəsən, elə bu bıçaxnan bunu alladajam. Deyir ki, axçi, gəl bura, saa bir söz deyəjəm. Deyir, nədi? Deyir, mən sizdə bir şeyi girov qoymağ isdiyirəm, amma bu o qədər qiymətdi şeydi ki, nəslimiz, kökümüz bunu heş kəsə qıymıyıfdı. Amma bu xəncəri götürüm bizdə toy var taxım belimə, genə də gətirif verərəm, girovu götürərəm. Arvad dedi, nə girovdu? Qasım dedi, yox ey, mən onu heş kəsə gösdərə bilmərəm, bəs o qədər qiymətdidi ki, padşahlara ləyax şeydi, elə-belə şey döyül. İndi bu xənçəl maa bu axşamlıx lazımdı deyən, yoxsa mən bunu heş yerdə qoymazdım. Amma girovu bu şərtnən qoyuram ki, onu saa gösdərmiyəjəm, yükün altına qoyajam onu, yükün altınnan da özüm götürəjəm da, baxmıyasan nədi. Arvad deyir ki, bəs mən baxsam noolar? Qasım dedi ki, yox, sən baxsan o tamam ayrı şey olar, gərəh buna baxmıyasan. Erməni arvadın da ağlına batır. Deyir, amma bax kirvə, əgər getdin toya, xəncəri taxdın, orda düz on dört dəfə daslı-çors oynuyarsan. Deyir, bax mən onu oynasam, sən bu xəncəri maa halal eliyərsən? O da elə bilir guya taxmağı deyir. Deyir, hə, niyə halal eləmirəm? Eliyərəm.

Nəysə, Qasım qayıdır öz kəndinə, xəncəri də aparır özüynən. Bu erməni harsınının ürəyi durmur, girir-çıxır, ona baxmağ isdiyir. Ha deyir, nəhlət şeytana, axırda gedir qaldırır, baxır görür kü, taxta saflı çıkqılı bir bıçaxdı, heç on qəpiyə getməz. Deyir, sən öl, mən buna baxdım deyə belə oldu ey, mən gələndə Avdal Qasıma nə cavab verəjəm?

Nəysə, Avdal Qasım da gedir kəndin camaatına deyir ki, ay camaat, bu oğlan ki toy eliyir, mənim əhdim varıydı, mən düz on dört dəfə bunun toyunda daslı-çors oynuyajam.

Nəysə, hər oynuyuf qutaranda, deyir, bax bu bir, bu iki, bu üç, nəysə, axırda gəlif çıxır on dördüncüsün oynuyur. – “Camaat, on dört dəfə oynadım, əhdim yerinə yetdimi?” Deyillər ki, hə, kişi, heylədi.

Nəysə, axşam erməni evə gəlir, görür ki, xəncər yoxdu. – “Aaz, hanı xəncər?” Deyir ki, bəs Avdal Qasım gəlmişdi, belə-belə dedi. Deyir ki, bıy evi yıxılan canım, denən day xəncəl getdi da. Bəs sən bilmirsən Avdal Qasım kimdi? Sən ona niyə vermisən? Arvad dedi, girov qoymuşdu, maa da demişdi baxma. Vallah, ay kişi, öldürsən də mən deyəjəm. Maa demişdi ki, baxsan, ayrı şey olajax. Getdim baxdım, gördüm bax budu. Dedi, səni alladıf.

Durur bu atını minir, tərpənir Avdal Qasımın kəndinə. Bu kənt yerində elə bir yer olur ki, ora gimgə deyillər, kişilər orda söhbət eliyillər. Avdal Qasım gimgədə oturuf ağsakqallarnan söhbət elədiyi yerdə, bu erməni gəlir çatır. – “Ara, Avdal Qasım, sən mənim xəncəlimi gətirmisən”. Deyir, nətəər yanı gətirmişəm? Oğurramamışam ki? Deyir, yox ey, oğurramamısan. Bəs evə bir balaca bıçax qoymusan, götürüf gəlmisən də xəncəri. Deyir, a kişi, mən qoyanda o bıçax döyülüydü. Yaxşı fikirrəş, gör arvadın neyniyif. İkincisinə qalan yerdə, sənin arvadın maa dedi ki, bu xəncəli bu şərtnən saa verirəm ki, gedif o toyda on dört dəfə daslı-çors oynuyasan. Mən də dedim ki, on dört dəfə oynasam, bu xəncəl mənim halalımdı, ya yox. O da dedi halalındı. Qutardı getdi, indi söz danışıxdan keçər. Ay camaat, mən on dört dəfə oynamışam o toyda həmin havanı? Dedilər ki, hə. Get kəndin başınnan düş əyağınnan çıx, gör on dört dəfə o havanı oynamışam, ya oynamamışam. Yekə kişisən, duruf xəncəl dalınca gəlmisən ki, filan filan. Bə mən daslı-çors oynamağımı hara qoyum?

Erməni suyu süzülə-süzülə çıxıf gedir. Arvadın yaxşı əzir, xışdıyır. Deyir, köpəyin qızı, sən saxlamalı arvad döyülsən, yeri get bıçağın dalınca. Qovalıyır, çıxır gedir.



IX mətn

Bir gün də gedir mal oğurruğuna erməni kəndinə. Gedir elə bu qıfılı yavaş-yavaş mişarrıyır ki, erməninin qulağı eşitməsin, ev yaxındı. Elə bu dəmdə erməni çıxır çölə. Deyir, ara kirvə, sən orda nağayrırsan? Deyir, heş nə, kamança çalıram. Deyir, ay kişi, nə kamança? Gejənin bu vaxtında nə kamança, bəs onun səsi hanı? Deyir, sən get yat kirvə, narahat olma, sən məni tanıyırsan də, Allah qoysa, səsi sabah çıxajax.

Səhər kişi durur görür mal yox, heyvan yox. Vaynösü qalxır göyə, bu da olur kamançanın səsi.
X mətn

Bir gün də erməniynən Avdal Qasım gəlillər Ağdam bazarına mal satmağa. Hərəsi bir yaxşı saz, kök dana götürüf gəlillər. O qədər tələsiyillər ki, bullar bir əz vaxtsız durur, gecənin yarısınnan. Elə ha gəlillər, görüllər səhər açılmır. Nəysə, deyillər ki, gəl bir qırıx gözümüzün çimirin alax, biz dəyəsən çox tez çıxmışığ evdən. Neyniyəh, nağayrax? Nəysə, Avdal Qasım iki qayanın arasında bir dar yarığ olur, danasın salır bura, bir kötüyü də qoyur bunun qavağına. Erməni də aparır bir çıkqılı kola bağlıyır. Deyir, elə yatax, gözümüzün çimirin alax, səhər duruf gedərih.

Avdal Qasım çıxıf təpənin üstündə dananın böyründə yatır ki, qaçıf eliyəndə görsün. Erməni də musurmannan ehtiyat elədiyinə görə gedir bir əz gendə yatır, çalada. İşıxlaşanda Avdal Qasım durur öz danasının qavağındakı kötüyü götürür, dana çıxır yavaş-yavaş, otduya-otduya aralaşır. Oturur gözdüyür, gözdüyür, dana xeylağ aralaşannan sora deyir, ara, Vartazar, durmursan hələ? Dur gedəh, bazarın vaxtıdı. Vartazar durur. Axşamnan da fikirrəşillər ki, indi neyniyəh, nətəər eliyəh ki, bu danalar itməsin, batmasın da. Hərə öz məssəvində duasın eliyir, yıxılır yatır.

Vartazar durur ora dana, bura dana, yoxdu. Bu da gennən görür axı öz danası ağaşdığın, kolluğun içində. Deyir, ara, sən özününkün axtar, mən də özümünkün, gəl görəh hardadı?

Nəysə, gedir danasın tapır gətirir, ermənin danasın ha axdarıllar, ha axdarıllar, axırda gedif görüllər dərədə canavar söküf töküf, dağıdıf. Dana nəzir? Əti gedif, qalıf qupquru sümüyü. Erməni ağlıya-ağlıya gəlir. Avdal Qasım deyir, ara Vartazar, axşam sən dua eləməmişdin? Deyir, eləmişdim. Deyir, bəs kimə tapşırdın inəyi? Deyir, ara, mən Allaha tapşırdım. Deyir, ara, mən də on iki imama tafşırmışdım ey. Soora birdən qayıtdı kı, ayə, ay gic erməni, dədəni öldürən Allah, nənəni öldürən Allah, qardaşın Aşotu öldürən Allah. Allaha da dana eytibar eliyif dana tapşırallar?
XI mətn

Bizdə Ağbulax kəndi oluf, qonşu kəntdi, erməni kəndidi. Ağbulax kəndində bir dənə özünnən deyən bir oğlan oluf Qasımın devrində, Qasım kimi cavan oluf o da. Qasımnan spor eliyif. Qasım deyif ki, sən çox özünnən demə, sən evlən, yatanda gejə nişannının alt paltarın aparmasam, mən kişi döyləm.

Vaxt gəlir, zaman gəlir, o dığa evlənəndə, Qasım bilirdi, kəntdərin hamısına bələdiydi, gediş-gəlişi varıydı. Örgənif ki, bu axşam bunun toyudu. Qasım gedir gejə, bağlarda ən çox gavalı ağaşdarının divində olardı qarışqa yuvası. Bir dənə qarğını kəsir, qarğının kəlləsinnən bir dənə yumuru qəndi isdadır salır içəri. Qarışqalar hamısı yığılır o qarğının içinə. Qarğının içi dolanda bunun ağzın bağlıyır, qoyur cibinə.

Gəlir axşam tərəfi. Erməni kəndinin başında keçi otaran olur. Hərrənir bir dənə erməninin keçisin tutur, kəsir, saxlıyır orda. Vaxt gəlir, zaman gəlir, gejə saat on iki, bir radələrində yenir kəndə, keçinin para şakqası əlində. Görür kü, toy-zad qutarıf, bu erməni də yorğun gedif yatıf. Baxıf görür kü, bunun həyətində böyüh bir it var, salıflar trosa. Qasım deyir, mən nağayrım, nejeyliyim? Bir tayça (yeşih kimi olur, çubuxdan hörülür, ona mer-meyvə yığırdılar) tapır, bizdə saman tayçaları deyirdilər o vaxt. Saman tayçasının içinə bu keçinin ətin qoyur, çıxır darvazanın başına. Görür kü, it aman vermir, tayçanı kəndirə bağlıyıf yendirir. İt ətin iyin alan kimi atdanıf minir tayçıya. Tayçanı çəkif bağlıyır darvazanın başına.

Girif görür kü, yatıflar bunnar, qapılar açıx, hər tərəf açıx. Siftə girir onun tovlasına. Deyir, burda aparmalı bir şey var. Baxır görür kü, bir yaxşı atı var. Nəysə, girif görür kü, bunnarın heş özdərinnən xəbəri yoxdu. O vaxt lampuşqa-zad yoxumuş da, qarannıx, şam işığıymış. Nəysə, görüf kü, bunnar yatıf, bu sümsüdən qarışqanın ağzın açır, qoyur həmən bu gəlin yatdığı yerə. Qarışqa daraşır buna. Daraşanda bu gəlin görür kü, nəysə yeyir bunu, bu alt paltarın çıxardır tulluyur. Çıxardıf tulluyanda, Qasım bunu götürüf gəlir. Atı minir gəlir kəndə.

Sabertən bunnar ayılır, ikisi də qalxır. Görür kü, təzə gəlin nəysə axtarır. Deyir, nə axtarırsan? Deyir ki, alt paltarımı tapammıram. Bu dığa o dəyqə başa düşür ki, Qasımlıxdı. O dəyqə gedir pəəyə baxır, görür kü, at da yoxdu, heş erkəyi də yoxdu.

Aradan bir neçə müddət kecənnən sora Qasım gedir həmən Ağbulax kəndinə. Ağbulax kəndinə gedəndə həmən erməni çağırıf Qasımı. Deyir, Qasım kirvə, hər şey halalın olsun, düz eləmisən, erkəyi də halal eliyirəm saa, atımı qaytar. Deyif, yox, kişinin ya atın apardın, ya filan şeyin apardın, bəsindi. Saa dərs oldu. Vəssalam!
XII mətn

Elə bu da Ağbulax kəndində oluf. Bir erməni varıymış, Qasımnan arası yaxınıymış. Deyif ki, Qasım oğurruğu elə eliyirsən ki, elə aparırsan kı, biz onu bilmirih. Deyir ki, gəlif evinnən də apararam. Deyir, nətər apararsan?

Qasım erkənnən gedir həmən Ağbulax kəndinə. Görür kü, həmən kəndin başından erməni qoyunnarı gətirir. Qasım ermənidən qabax gedir girir tölüyə. Nəysə, bu erməni gəlir, mal-heyvanın salır. Töləsinə salannan sorasına bu çıxır. Bu çölə çıxannan sorasına dalınca Qasım xəlvəccə çıxır. Qarannığ olur. Gejə girəvə tapır, gedir girir erməninin evinə. Erməninin evinə girəndə görür kü, erməninin anası (bizdə keşmişdə çeji sap çəkirdilər, baramadan çəkirdilər), baramanı isdadıf qoyuf böyrünə, sap əyirir. Görür kü, bu sap qutarmıyajax. Nağayrım, neyniyim? Bu, qaravatın altındeymiş, bilmirmiş erməni, içəridə girif gizdənmişimiş. Harsının böyrünnən yavaş-yavaş bu iplərdən çəkir ki, azalsın, dursun getsin yatsın. Nəysə, bu arvad bir ayna baxır, bir bayna baxır, görür kü, ə, qutardı, heş sap da yoxdu. Öz-özunə deyir ki, şeytan yox, Qasım yox, bu baramalar nejoldu?

Gəlir sabeyrtə kəndə çıxanda görür kü, Qasım (erməni kəntdərinə çox gedif gəlirmiş), atın belində gedir. Deyir ki, ay Qasım, noldu? Deyir, beejə arvadın əyirdiyi həmən o barama mənim əlimdədi, gəl apar, inammırsan, apar göstər. Baxır, onnan sora deyir ki, ay Qasım, ta saa biz çata bilmərih.

Rəhmətdih Qasım kimilər varıydı, intaası vaxt zamanə elə gətirdi ki, biz uduzdux.
XIII mətn

Bizdə kəntdə Molla Fətəli oluf. O Molla Fətəli çox inanılmış adamımış. Gəlif bir gün yoldan keçəndə balaja-balaja uşaxlar olufdu, götürüf bunu daşdıyıflar. Daşdıyanda görüf kü, Qasım oturuf yolda. Deyif ki, ay Qasım, bu uşaxları niyə qoyursan məni daşdıyır? Deyir ki, ay Fətəli, o uşaxlar sən kəbin kəsdiyin uşaxlardı, onunçün səni daşdıyıllar, çünkü kəbinnərin düz kəsməmisən.


XIV mətn

Bir gün qardaşı buna deyir ki, qardaş, gəl sən bu haramçılıxdan, qaçax-quldurçuluxdan əl çəh, gəl halalçılıxnan məşğul olax. Torpağımız var, yerimiz var, meşəmiz var, əkəh, becərəh. Deyir ki, qardaş, gedərəm, amma maa halal şey düşmür. Deyir ki, qardaş, düşər, inşallah. Deyir ki, gedəh, nə deyirəm. Gedillər, nəysə, əkif-becərillər. Sanatoryadan güney tərəfdə böyüh torpax sahələri varıydı. Buranı əkillər, becərillər, yaxşı taxıl əkillər, noxud əkillər. Nəysə, vaxt gəlir, may ayının axırrarında taxıl baş tutan vaxtı, hava qaralır, elə bir güjdü yağış yağır kı, ağaşda heş bir yarpax da qalmır, məhsul hamısı məhf olur gedir. Qasım deyir ki, qardaş, gördün? Mən saa dedim, maa halal mal düşmür. Get özün məşğul ol, mənnih döyül.


XV mətn

Bizdə İsdi qaya deyilən yer var. Qasım elə burda oturmuşumuş. Görür bir yüklü atdı qəlir. Baxır görür kü, bu gələn ermənidi, yükü də undu, dəərmannan gəlir. Fikirrəşir, deyir, nətəər mən bunu buun əlinnən alım, bu məni heş tanımasın? Nəysə, paltarın soyunur kolluxda gizdiyir, üz-gözünə, bədəninə də palçıx yaxır, düşür atın dalına. Bir xeylax keçmiş yavacca atın yüyənin açır, çox çəppih adam olur özü də, salır öz başına, atı qaytarır geri. Bu döngəni dönənnən sorasına əyağın yerə diriyir. Erməni bir dəfə çəkir, iki dəfə çəkir, geri çönəndə görür kü, ə, bu əcayib bir şeydi. Erməni qoyuf qaçır. Gedir kəndə hay çəkir, deyir ki, camaat, mənim atım gəldiyi yerdə döndü oldu xortdan. – “Ə, başın xarafdı, nə danışırsan?” Gəlillər nə qədər axtarıllar, bəs hardeydi? Deyir, qavırsannıx var burda. Qavırsannığa baxıllar. Deyir ki, bax, bax, burda əyağın dirədi. Nəysə, atı gətirir deyir ki, qardaş, gördün? Mənimkin Allah belə yetirir. Mən belə dolanıram.

Aradan bir müddət keçəndə, qış olur, atın yal-quyruğun qırxır saxlıyır. Yaz gələndə atı minif gedir həmən o erməninin kəndinə. Erməni baxır, deyir, ara, Qasım kirvə, bu atı hardan almısan? Deyir ki, neynirsən? Deyir ki, ə, mənim itən atıma oxşuyur. Deyir, nətər itən atın? Deyir ki, Gülaflı qavırsannığı var, ordan keçəndə atım döndü oldu xortdan. Deyir ki, ə, sən nə danışırsan, xortdan oldu nədi? Mən bunu Ağdam bazarınnan almışam, əyər alırsan, xoşuna gəlirsə, satım saa. Deyir ki, hə, satsan alaram. Deyir ki, neçiyə almışdın o vaxt atını? Deyir ki, beş yüz manata. Deyir ki, yaxşı, dört yüz manat ver, bu atı verirəm saa.

Atı bu minvalnan satır ona, qaydır gəlir. Bir gün də görür kü, erməni atın buraxıf tutduğa. Qasım girəvəni əldən vermir, atı götürür bir də gəlir kəndə. Gəlir kəndə, mən neyniyim, nətər eliyim? Atı salır tooluya, isti savılca olur, götürür bunu qoyur közün üsdünə, bu qızarır burda. Atı iki yerdən damğalıyır, budunun üsdünnən damğa vurur. Bilir ki, yaz gələndə bunun yerinə ağ tüh çıxajax, gedəndə bu erməni bunu tanımıyajax.

Nəysə, aradan bir müddət keçənnən sora həmən payızı bir də gedir erməni kəndinə. Deyir ki, gəlmişəm bu atı satmağa, bir müşdəri olseydi satardım. Ermənilər yaxınnaşır, baxıllar kı, yaxşı atdı. Deyillər ki, ə Qasım, buna nooluf? Deyif, belədi də. Həmən erməni gəlif deyif ki, Qasım kirvə, bu atın arxasındakı ağ tüklər olmasaydı, deyərdim vallah, bu mənim atımdı. Qasım deyir, vallah, sənin başın xarafdı, elə atı itirdihcə gəl mənnən tut ku, atımı sən aparmısan. Satmağa gətimişəm, alırsan al, almırsan, özün bilərsən. Deyir ki, yaxşı, qiymətin de. Deyir ki, o vaxtı dört yüz manata vermişdim, indi beş yüz manata verirəm, alırsan? Deyir ki, hə, bazara getməhdənsə, elə qapıda almax yaxşıdı. O minvalnan erməninin öz atın üş dəfə o erməniyə satır.
XVI mətn

Bu 1905-ci il müharibəsində oluf. Babam söhbət eliyirdi ki, Ağdamnan bir bəy Qasımı çağırdı dedi ki, gəl bura, Şuşada vəzyət ağırdı, ora patron göndərməh lazımdı, bir iki yoldaş tap özünə, ora patron çatdır. Deyir ki, yaxşı, götürərəm. Nəysə, gedir atdarı yühlüyüllər, xurcunnara yığıllar patronu, götürüf gəlillər bizim Avdal kəndinə. Bizim Avdal kəndiynən Şuşanın arasında üş dənə erməni kəndi varıydı. Bu kəntdə bu posdarı keşməhdən ötrü, burda ancax dil bilən adam lazımdı.

Nəysə, Qasım özüynən bir-iki nəfər də götürür. Qardaşı Calal kişi söhbət eliyirdi. Deyirdi ki, getdi, deyir, Haroy kəndinə. Ora çatanda dedi, səngərdə ermənilər var, siz gözdüyün, mən yoxluyum görüm nətərdi. Yaxınnaşdı səngərin birinə, biz də baxırıx kənardan, atdarı saxlamışıx. Deyir, girdi səngərə. Gördüh ermənicən nəysə dedi bullara. Qayıtdı çıxdı gəldi. Əl elədi ki, gəlin. Nəysə, yeridih bir postu keşdih. Postu keçəndə deyir, soruşdum ku, Qasım, nə dedin ollara? Deyir, heş nə demədim, dedim ki, yatmıyın, türklər gəlif sizi qırar.

Bu minvalnan helə üş dənə erməni kəndin keşdi, bütün sursatı, patronnarı Şuşa qalasına çatdırdı. Qayıdıf gələndə Qasıma deyiflər ki, Qasım kişi, gedəndə ehtiyatdı ol, səni vurallar. Deyif ki, qorxmayın, məni vurmazdar, intaası mən gəlmişəm, bu erməni kəntdərinnən boş qayıtmıyajam, nəysə bir şey aparajam.

Tanıdığı əsas kənd oluf Haroy kəndi, orda onun tanıdığı bir erməni oluf. Görüf kü, burda bir bulax var, Söyütdü bulax deyillər. Bu bulağın yanınnan keçəndə görüf kü, burda kartof sahəsi var, bu erməni sahədə işdiyir, atın da açıf bağlıyıf söyüdün budağına. Yavaçca gedir bu atı açır, minir. Bəri gələndə erməni duyux düşür. – “Ə, Qasım kirvə, hara gedirsən?” Deyif, ə, piyadayam, yorulmuşam, atı kəntdən buraxajam gələjəh, nəyrahat olma.

Atı minif gətirir kəndə. Aradan bir səfər keçənnən sorasına bir də əyağı düşür bu Haroy kəndinə. Bu erməni deyir ki, ə, Qasım kişi, mənim atımı niyə gətirmirsən? Deyir ki, ə, buraxdım, bəs gəlmədi? Deyir ki, ə, yox. Deyir, ə, sən öl, canın üçün, buraxmışam, mən nə bilim indi hara gedif. Onnarnan bizim aramızda bir altı-yeddi kilometr məsafə var. Atı aparır başqa bir erməni kəndində başqa bir erməniyə satır.


XVII mətn

Bir gün Qasım elə öz kəndimizdə ət almağa gedif. Görüf kü, camaatdı da, tökülüşüf ətin üstünə, ət alıllar. Bizim kəntdə bir qoja kişi varmış, adı Pənahımış. Bu, Qasımı itəliyif keçir. Deyir, ayna dur, mən alıram. Qasım deyir, Allahın işinə bax ey, bütün Qarabağ əlimnən qan ağlıyır, kəndə gəlirəm, Pənah qoymur bir kilo ət alam.


XVIII mətn

Qardaşı Qasıma deyir ki, Qasım, ta yaşdanmısan, oruş-namaz vaxtındı, niyə namaz qılmırsan? Bilirsənmi ki, qəzaya qalanda nə qədər günah eliyirsən? Hər bir günün qəzası altmış gündü. Deyif ki, onda mən o qədər tutmıyajam ki, onun sayın-hesavın itirsinnər.


XIX mətn

Abdal Qasım bir məclisə gedir. Baxır ki, məclisdə oturan adamlar biri kamançaya zakaz verir, biri tara zakaz verir, biri nağarada solo çaldırır, oxuyana zakaz verillər. Heş bu qoşa nağaraya zakaz verən yoxdu. Abdal Qasım deyir ki, yox ey, bu kişilikdən döyül. Mən də qoşa nağara çalana zakaz verəjəm, bu da öz sənətini gösdərsin. Bu pulu çıxardır hazırrıyır ki, dayanan təki deyə ki, ala bunu, qoşa nağarada bir dənə solo çal. Görür ki, qoşanağaraçı çala-çala dodağının altında deyir ki, burda kişi yoxdu, burda kişi yoxdu. Abdal Qasımın qulağı bunu çalır. Deyir:

– Nə dedin, a bala?

Deyir:


– Sənnən işim yoxdu, sənnən işim yoxdu.
XX mətn

Bir gün də Abdal Qasıma xəbər çatır ki, bəs Avropadan – hazırcavablar klubunnan nümayəndə gəlif. Gəlin siz də orda iştirak eliyin. İşin gedişin-zadın soruşur. Deyir ki, mən iştirak eliyərəm bu şərtnən ki, birinci sualı mən verəm. Deyillər ki, yaxşı, oldu. Nəysə, gələn adamnan bunu qabaxlaşdırıllar. Tərcüməçi deyir ki, bu adam deyir mən onnan hazırcavablar klubuna daxil olaram bu şərtnən ki, birinci sualı mən verəm, ikinci sualı o versin. Birinci sualın qiyməti beş maat, ikinci sualın qiyməti üş maat. Deyir, hə, oldu. Abdal Qasım sualı verir, o biri cavab verə bilmir. Cavab verə bilmiyəndə deyir:

– Ver beşdiyimi.

Beş maatı alır. Allanan sora xırdalıyır qaytarır bunun üş maatın. Deyir:

– Sən nə iş gördün?

Deyir:


– Sən də sual verəjəhsən, mən bilmiyəjəm. Elə bəri başdan üş maatı ala.

Abdal Qasım belə hazırcavab olur. Orda da məharətin gösdərir.


XXI mətn

Hansısa çaya sel gəlirmiş. Qasım gəlir durur çayın bu üzündə. Görür ki, sel nətər güjdü gəlirsə, təkbaşına keçə bilmijəh. Gözdüyür, görür ki, dığalar gəlir. Bular dörd nəfər düzələndə deyir:

– Qasım kirvə, burda neyniyirsən?

Deyir:


– Görmürsən, sel gəlir, oyza-buyza adam keçirirəm.

Deyir:


– Qasım kirvə, bizi də keçir dana.

Deyir:


– Baş üsdə, keçirərəm, amma adama bir güllə pambıx verərsiniz.

Bunun dördü də qol-boyun durur, bu da durur ortasında. Axı beş nəfərdi. Suyun ortasına çatanda pərsəng güc eliyir, bunun biri əldən çıxır. Deyir:

– Qasım kirvə, Nerses kirvə getdi.

Deyir:


– Onun bir güllə pambığını isdəmirəm.
XXII mətn

Keşişin bir dənə atı varmış, Qasımın buna gözü düşür. Fikirrəşir ki, nətər eləsin atı bunun əlinnən çıxarsın. Güdür ki, görsün keşiş evə havaxt gedir, havaxt gəlir. Özü də keşiş atı minmirmiş, yedəyində aparırmış. Günnərin birində görür, keşiş gedir. Bərəsində gedir durur, söyütdən-zaddan qırır, özünü məzəli şəklə salır. Keşiş gəlif keçəndə atın nohtasın çıxardır, təpinən kimi at qaçır bunun atının yanına. Bunun da atı maydan atdı. Noxtanı keçirir öz başına. Bir xeylax gedənnən sora görür at getdi, da görükmür. Keşiş noxtanı dartır özünə, bir-iki dəfə “at gəl” eliyənnən sora Qasım birdən ayağın cütdüyür kişniyr. Keşiş çönəndə görür, ə, at çönüf cin oluf. Bu kişniyif dartanda “vay Astos” eliyif keşişin ürəyi gedir. Bu yüyəni qoyur belinə. Gedir yuyunur, atı da götürür gedir.

Səhər keşiş kilsənin qabağında durmuşumuş. Keşişin atıynan gəlif keçəndə deyir ki, kirvə, sabahın xeyir. Deyir:

– Ara, Qasım kirvə, ayağını saxla, sənə bir söz deyəjəm.

Bu dayanır, deyir, buyur. Deyir:

– And olsun Allahın birriyinə, gözümün qabağında at dönüf cin olmasaydı, deyərdim bu elə mənim atımdı.




  1. Yüklə 2,7 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin