Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli


Mənzum atalar sözlərindən mənzum tapmacalara doğru



Yüklə 0,61 Mb.
səhifə14/43
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1165
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Mənzum atalar sözlərindən mənzum tapmacalara doğru

İnsan təfəkkürünün formalaşmasında və təşəkkülündə tapmacalar çox mühüm rol oynayır. Təbiət qarşısında çoxlu açılmamış sirlərlə sehrlənmiş insan daim özünə cürbəcür suallar verir və onlara cavab tapmağa çalışır. Bu cavablar isə beynin aldığı informasiyalara, insanın təfəkkürünə, bilik dairəsinə, ağlına uyğun olur.

İnsan təbiət hadisələri qarşısında bəzən öz acizliyini hiss etdikdə onda qarşılaşdığı çətinlikləri üstələmək arzusu oyanır və bu arzu onu sehrli aləmlərə aparır, şüurunda kökü reallıqla bağlı olan müxtəlif əfsanəvi şeylər doğurur ki, bunlar da ağızdan-ağıza keçərək yaşayan folklor nümunələrinə-nağıllara, dastanlara, tapmacala çevrilir.

Bu nümunələr içərisində xalq arasında ən çox seviləni tapmacalardır. Tapmacalar ulularımızı uzun qış gecələrində ocaq başına toplar, ağıl, fərasət, hazırcavablılıq nümayiş etdirənlərin yarışına çevrilərdi. Tapmaca hər hansı predmet və ya hadisə haqqında eyhamla, üstüörtülü danışılan, cavabı tələb olunan sualdır.

Təfəkkürün, ağlın xüsusən kiçik yaşlardan formalaşmasındatapmacalar əvəzsiz rol oynayır. Bir şərtlə ki, azyaşlılar arasında tapmaca yarışı keçirilərkən onların böyüdükləri mühit (kənd, şəhər), bilik dairəsi, dünyagörüşü nəzərə alınsın. Uşaqların və böyüklərin sevdiyi bu tapmacalar vaxtaşırı müxtəlif tədqiqatçılar tərəfindən kitablara toplanır.

Tapmacalar xalq təfəkkürünün məhsulu kimi çox qədim dövrlərdən başlayaraq insanların həyat və məişət tərzindən, dünyaya baxışından yaranmışdır. Sonrakı inkişaf mərhələrində zəngin həyat təcrübəsi tapmacaları bəsitlikdən kamilliyə, məhdud mövzu çərçivəsindən həyat və cəmiyyəti əhatə edən çox müxtəlid sahələrə yönəltmişdir; burada insanların təbiət və cəmiyyət haqqında təsəvvürləri, müşahidələri poetik dillə ifadə olunur.

Tapmaca bu və və ya digər əşya, hadisə və məfhum haqqında yaranır. Həmin əşya və hadisənin bir əlaməti, bir keyfiyyəti dolayı yolla söylənilir, başqa cəhətləri isə gizli saxlanılır. Məsələn:

Bostanda var bir arvad,

Paltar geyib qatbaqat.

(kələm)


Tapmacada iki tərəf olur. Janrın özü, bir də onun cavabı. Beləliklə, tapmacalar iki və daha artıq şəxs arasında mükalimə şəklində meydana çıxır. Ona görə də Hənəfi Zeynallı göstərir ki, tapmaca atalar sözünə, bayatıya, mahnıya nisbətən daha çox kollektivlik xüsusiyyətinə malikdir. Çünki, əgər bir mahnı və atalar sözünün ifasında əsasən bir nəfər iştirak edirsə, tapmacalarda ən azı iki nəfər iştirak edir. Müəllifə görə, tapmacalar məclislərdə, şənliklərdə, tapmaca gecələrində kollektiv tərəfindən yaradılmışdır. Bütün bunlardan sonra tapmacaya belə tərif vermək olar: tapmaca insanların düşüncəsini yoxlamaq məqsədi ilə düzəldilən bu və ya digər hadisə və əşyanın poetik təsviridir.

Tapmacalar xalqın ən qədim dövrdə müəmmalı, məcazi danışıqları ilə əlaqədar meydana gəlib. Əvvəlcə bədii əsər deyil, sadəcə adi məişət prosesindəki danışıqdan ibarət olub. Xalqın dilində ibarələr, müqayisələr, istiarələr, bənzətmələr çox işlədilmişdir. Qədim insanlar öz danışıq dilində bu və ya digər cisim, əşya və hadisəni dolayı yolla, obrazlı, metaforik ifadə ilə başa salmağa, anlatmağa can atırdılar. Onları buna sövq edən mühüm ictimai, maddi səbəblər var idi. Təbiət hadisələri, vəhşi heyvanlar və s. qarşısındakı acizliyi məhz insanların müəmmalı danışığına təsir göstərirdi. Qorxduqları üçün bəzən bir sıra əşya, hadisə və heyvan adlarını olduğu kimi deyil, oxşar rəmzi adlarla söyləyirdilər.

Xüsusi məcazi danışığa səy göstərən ibtidai insan belə bir əqidədə idi ki, ovlayacağı vəhşi heyvanların və yaxud ov ləvazimatının adını çəkməmək, öz hazırlığını gizlətməklə guya ki, ov və ya vəhşi heyvanın qorxunu hiss etməsinə imkan verməz, beləliklə də, müvəffəqiyyətli ov təmin edə bilər39.

Türklər tapmacaya bilməcə, kərküklər isə, həm tapmaca, həm də bilməcə deyirlər. Lakin Azərbaycan folklorunda tapmaca ilə bilməcə eyni funksiyanı daşımır. Azərbaycan folklorunda tapmacanın öz yeri, bilməcənin öz yeri, minarələrin də öz yeri vardır. Mahiyyət etibarilə müəyyən oxşar və yaxın cəhətləri olsa da, onların özlərinə məxsus fərqli xüsusiyyətləri də mövcuddur. Kərküklərin tapmacaya aid müraciətləri belədir:




  • Tap nədi,

Tapış nədi?

Azərabaycan tapmacalarında isə:

Tap tapmaca,

Gülyapmaca-deyə, müraciət olunur.

Bir çox elmi ədəbiyyatda, araşdırmalarda qeyd olunur ki, tapmacalardan, hətta dövlətlərarası münasibətdə, diplomatiyada istifadə olunmuşdur. Görəsən, doğrudan da “tap tapmaca, gülyapmaca” və ya “tap nədi, tapış nədi?” ilə hər hansı bir şaha, padşaha, dövlət başçısına müraciət etmək olarmı? Əlbəttə, yox.

Böyük fəxrlə deyə bilərik ki, dahi şairimiz Nizami Gəncəvi folklorumuzun müdrik bilicisi, onun “Xəmsə”si isə qədim folklor örnəklərimizin qoruyucusu, daşıyıcısı və yaşadıcısıdır. Tapmacanın, bilməcənin nə olduğunu, mahiyyətini, məzmununu “Xəmsə”nin köməyi ilə aydın bir şəkildə öyrənə bilirik.

Gəlin, Nizaminin “Xosrov və Şirin” poemasındakı sırf tapmaca ifadələrinə, onun deyim tərzinə, düzülüşünə xüsusi diqqət yetirək:

Bahar tapdım, bir bar dərmədi əlim,

Fərat gördüm, suya dəymədi dilim. 40

Yuxu ilə əlaqədar olan Nizaminin bu misraları aşağıdakı bir tapmacada öz ömrünü yaşatmaqdadır. Azərbaycanın qərb bölgəsində məşhur olan həmin tapmaca belədir:

Şıldırım, şıldırım su keçdim,

Şıldırım suya41 batmadım.

Daraydan don geyindim,

Qıtmığın da42 tapmadım.

Mənzərə belədir: birinci tapmacada yuxusunda baharı, Fərat çayını görən şəxs yuxusundan oyanarkən əli bahar barına, dili Fərat çayının suyuna həsrət qalmışdır. İkinci tapmacada da şəlaləli sulardan keçən, darayı don geyinən qız və ya gəlin yuxusundan oyananda həmən şəlaləli suya batmaq həsrəti çəkmiş, darayı donun nəinki özünü, hətta, kiçik bir parçasını belə tapa bilməmişdir.

Hər iki tapmacanın məzmunu təxminən eynidir. Bunları bir-birindən fərqləndirən birincinin şair qələmi ilə öz formasını dəyişməsi, ikincinin isə öz şəkli xüsusiyyətlərini qoruyub saxlamasıdır.

Tapmacalar ağlın və kamalın məhsuludur. Türklərin “bilməcə” adlandırdıqları tapmacalarımız haqqında inqilabdan əvvəl və sonra ayrı-ayrı jurnal və qəzetlərdə məqalələr nəşr olunmuş, keçən əsrin başlanğıcında, yəni 1928-ci ildə Hənəfi zeynallı və Vəli Xuluflu tərəfindən iki müstəqil tapmaca kitabı nəşr olunmuşdur. İstər Hənəfi Zeynallı, istərsə də Vəli Xuluflu çap etdirdikləri tapmaca kitablarına çox dəyərli elmi müqəddimələr yazmışlar. Müəlliflər çox doğru olaraq tapmacaları real həyatla, məişətimizlə, bizi əhatə edən təbiətlə əlaqələndirirlər. Firudin bəy Köçərli “Balalara hədiyyə” kitabında tapmacalara da xüsusi yer ayırmışdır. O, qoyunla bağlı tapmacanı ön plana çəkir və xalqda yaşayan aşağıdakı mənzum tapmacanı misal gətirir:

Üstü zəmi –biçərlər,

Altı bulaq-içərlər.

Firudin bəy Köçərli bu tapmaca ilə yanaşı, mənzum bir atalar sözü ilə qoyunun xalqımızın məişətində, yaşam tərzinin rahatlaşmasında nə qədər lazımlı olduğunu, insanlara kömək etdiyini göstərir:

Qoyunlu evlər gördüm,

Qurulmuş yaya bənzər.

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

Hənəfi Zeynallı və Vəli Xulufludan sonra ardıcıl olaraq, tapmacaların toplanması, nəşri və tədqiqi ilə ardıcıl olaraq folklorşünas-alim Nurəddin Seyidov məşğul olmuşdur.

Vaqif Vəliyev və Paşa Əfəndiyev eyni vaxtda, yəni 1970-ci ildə “Azərbaycan şifahi xalq ədəbiyyatı” adlı dərsliklər nəşr etdirmişlər. Paşa Əfəndiyev və Vaqif Vəliyev öz əsərlərini təkmilləşdirərək, yenidən nəşr etdirmişlər. Hər iki alim tapmacaların tədrisinə geniş yer ayırmışlar. Azərbaycan folklorunda elə janrlar, elə folklor nümunələri var ki, onları digər türkdilli xalqların şifahi ədəbiyyatında axtarmağa dəyməz.

Bütün bunları duyan və dərindən dərk edən professor Ə.M.Dəmirçizadə tədqiqatçı alimlərə müraciətlə yazırdı: “Azərbaycanlılar öz duyğu və arzularını, təbiətə və insanlara münasibətlərini, əmək və mübarizələrini söyləyən dərin mənalı ifadələr, hikmətli ibarələr, ahəngdar qoşmalar, insan sevgisinin və sevincinin tərənnümü olan ağılar, həyatı dərk etdirən nağıllar, heyrət doğuran əfsanələr, insana qol-qanad verən dastanlar da yaratmışlar.

Bütün bunları göz önündən, ürək gözündən, beyin süzgəcindən keçirən hər kəs azərbaycanlıların qədim və yüksək mədəniyyət varisləri olduqlarını inamla təsdiq edir. Məhz buna görə də bu mədəniyyət dəfinəsinin hələ tapılmamış və ya dərindən öyrənilməmiş qiymətli gövhərlərini tapmaq və dərindən tədqiq etmək kimi çox müqəddəs və təxirəsalınmaz bir vəzifə alimlərimizin qarşısında durmaqdadır”.43

Bir çox nağıllarımızda qız onu sevən oğlana tapmaca göndərir, əgər oğlan tapmacanı tapa bilsə, ona ərə gedir və s. yaxud, ilin fəsilləri haqqında deyilən “Üçü bizə yağıdı, üçü cənnət bağıdı, üçü yığıb gətirir, üçü vurub dağıdır” tapmacası ehtimal ki, mövsüm mərasimləri ilə bağlı yaranıb. Bu cür mərasimlərdə, hətta. Cavan oğlanların çöl işlərində, ailə saxlamaqda, cavan qızların isə ev işlərindəki bacarıqları tapmacalarla yoxlanılmışdır.

Azərbaycan tapmacaları xalq həyatının bütün sahələrinə aid yaranıb. Xalq ən çox məşğul olduğu peşə, gündəlik təmasda olduğu əşya, rastlaşdığı hadisə haqqında tapmacalar yaradır. Tapmacaları mövzu etibarilə ayırmaq da olar:



  1. Ev əşyaları;

  2. Geyimlər;

  3. Heyvanlar aləmi;

  4. Bitkilər aləmi;

  5. Alətlər;

  6. Insan və onun bədən üzvləri;

  7. Ərzaq;

  8. Meyvələr;

  9. Səma cisimləri;

  10. Yer, təbiət, təbiət hadisələri;

  11. Mücərrəd hadisələr;

  12. Elm, texnika haqqımda.

Bütün bu göstərilən mövzularda yaranan çoxsaylı tapmacalar xalqımızın dünəni, həyata baxışı, yaşamı, ənənələri haqda məlumat verir. Təsərrüfat sahələri, əkinçilik və maldarlıq, bitkilər aləmi haqqındakı tapmacalar daha obrazlıdır. Məsələn:

Bir sandığım var, mərəndi,

Nə qıfılı var, nə bəndi.

Elə açılır, elə yumulur,

Heç kəs bilməz bu fəndi.
Son beyt vasitəsilə kələmin əlamətləri nəzərə çatdırılır. Ancaq ilk baxışdan tapmacanın açmasını tapmaq çətin görünür.

Hacılar haca gedər,

Cəhd edər gecə gedər.

Bir yumurta içində,

Yüz əlli cücə gedər.

***


Əkdim noxud,

Çıxdı söyüd.

Tut yarpağın,

Dər şabalıd.


Vətənimizdə mövcud olan bütün meyvələr, bitkilər haqqında dolğun məlumatı tapmacalardan almaq olar. Bu tapmacalar nəsildən nəsilə ötürülür, cilalanır, tamamlanır, inkişaf edirlər. İnsanlar bacardıqca bu və ya digər meyvənin əsas xüsusiyyətlərini kiçicik bir tapmaca daxilində verməyə can atırlar. Nəticədə, maraqlı nümunələr meydana çıxır:

Anası yayma xatın,

Atası həprim qoca.

Qızı ellər gözəli,

Oğlu evlər dəlisi.
Tapmacada meynə, üzüm tənəyindən danışılır. Həprim qoca-meynənin kökü, gövdəsi, yayma xatın-qol budağı, ellər gözəli-üzüm, evlər dəlisi-hazırlanan şərabdır. Yaxud:

Qutu qutu içində,

Qutu sandıq içində.

Babamın ağ yaylığı,

O da onun içində. (şabalıd)
Bəşər övladı ən balaca iynədən tutmuş, çəltikdən düyü çıxaran dingə qədər, bütün alətlər haqqında tapmacalar yaradıb:

Aləmi bəzər, özü lüt gəzər.

Yaxud:

Anam, atam var mənim,

Suda xatam var mənim.

Dörd anadan olmuşam,

On iki atam var mənim.
Bu janrın böyük bir qismini heyvanlar haqqında olan tapmacalar təşkil edir.

Tap tapmaca,

Gül yapmaca.

Məməli xatun,

Dişləri yox.

Maraqlıdır ki, xalq həmişə əksəriyyət üçün bir növ sirli olan heyvanları, onların müəyyən xüsusiyyətlərini əks etdirən tapmacalar yaradarkən məcazlardan daha çox istifadə edir:

Gedər-gedər, ayağı yox,

Adam öldürər, əli yox.

Köynəyi var, tikişi yox,

Yumurta salar, tükü yox. (ilan)

Yaxud:

Biz idik, bizlər idik,

Otuz iki qızlar idik,

Bizi üzdülər,

Telə düzdülər. (barama qurdu)
Ay, günəş, ulduzlar, səma, bulud, yağış və s. haqqında da çoxlu tapmacalar vardır.

Anamın bir donu var,

Qatlamaq olmaz.

Üstü dolu ağ əşrəfi,

Sanamaq olmaz.
Burada səma və ulduzlar haqqında danışılır. Bəzən xalq təbiət hadisələrinin onların yaşamına mənfi, yaxud müsbət təsirini dilə gətirərək tapmaca yaradır:

Uçan bir quş gərəkdir,

İşi tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir. (külək)
Elm və texnikanın inkişafı ilə də yeni-yeni tapmacalar meydana gəlmişdir. Hər dövrün, zəmanənin öz tələbatı vardır ki, bu tapmaca yaradıcılığından da yan keçmir. Ona görə də hər tapmacanın öz dövründə yazılması mühüm əhəmiyyətə malikdir. Çünki, zamanla tapmaca dəyişikliyə uğraya, yeni motivlər qazana bilir. Köhnə təsərrüfatla bağlı alət yeniləndikcə tapmacanın obrazlılığı da dəyişikliyə məruz qalır.

Bir quşum var canı yox,

Qanadı var, qanı yox,

Uçar uzaq yerlərə,

Elə çoxdur, sanı yox. (təyyarə)
Tapmaca da folklorun digər janrları kimi bədii əsərdir. Onun da öz funksiyası vardır. Bəs tapmacalar nə məqsədlə yaradılıb? Birinci, atalar sözü və məsəllərdə olduğu kimi, tapmacalarda da xalqın fikirləri, düşüncələri, gəldiyi qənaətlər özünə yer alıb. İkinci, xalq öz biliyini, fəhmini, hazırcavablığını, həyat müşahidəsinin zənginliyini sınamağa cəhd edir.

Tapmacalar həm də uşaq folklorunun gözəl nümunəsi hesab olunur. Bu janr uşağın zehninə, düşüncəsinə böyük kömək göstərir. Onda düşünmə, axtarıb tapma qabiliyyətini inkişaf etdirir. Uşaqlar məhz tapmacalar vasitsilə “nə hardandır?”, “nə nədən düzəlir?”, “nə nəyə lazımdır?” suallarına cavab tapırlar ki, bu da onların zehnini itiləşdirir.

F.Köçərli yazır: “Millət həddən ziyadə məsəllər, hikmətamiz sözlər, tapmacalar icad edibdir ki, bunların vasitəsilə öz biliyini, təcrübəsini, hikmətini izah edir44”.

Yatanda yumru yatar,

Ətin dərman tək satar. (kirpi)
Bütün bunlardan başqa, tapmacaların həm də əyləncə vasitəsi olduğunu unutmamalıyıq. Keçmişdə tapmacalar daha çox məclis üçün yaradılırdı. Uzun qış gecələri tapmacasız keçməzdi. Kinosuz, teatrsız, radio və televizorsuz, kitab və qələmsiz keçmiş, müxtəlif əyləncələr içərisində tapmacalara xüsusi yer vermişdir.

Məclislərdə tapmacaları qocalar deyir, cavabını cavanlar fikirləşirdilər. Bu da təsadüfi deyildi. Çünki, qocalar çətinlik yarananda cavabı özləri izah edər, həyat haqqındakı biliklərini, təcrübələrini gənc nəslə ötürərdilər.

Ona görə də tapmacalar quru, maraqsız, dillə deyil, obrazlı yaradılmışdır. Burada yumor, gülüş, satira mühüm yer tutur. Xalq məzəli, gülməli ifadələrlə bu janrı daha da şirinləşdirir.

Tapmacalar obrazlı, bədii təfəkkürün gözəl nümunələridir. Burada xalq ən çox metafora, müqayisə, təşbih və s. bədii təsvir vasitələrindən istifadə edir. Aristotelə görə, tapmaca yaxşıca düzəldilmiş metaforadan başqa bir şey deyildir. Məsələn:

Dəyirmi təpə,

Qızılca küpə.

Burada “dəyirmi təpə” göy-səma, “qızılca küpə” isə günəş mənasında işlənilib. Bəzi tapmacalar sırf müqayisə və bənzətmələrdən ibarət olur.

Üstü qoyun,

Altı keçi.

Başı şabalıd,

Quyruğu qayçı. (qaranquş)

Tapmacaların əksəriyyəti xalqın gündəlik həyatı və məişəti ilə qırılmaz tellərlə bağlıdır. Tapmacaların ilk yaradıcıları –müdrik “dədələr”, “ozanlar” gözləri ilə görüb, ürəkdən duyduqları əşyalara, hadisələrə, bitki və heyvanların qeyri-adi əlamət və xüsusiyyətlərinə məcazi məna vermiş, onları “...sual şəklində qurulmuş metaforaya” çevirmişlər.

Bir meyvəm var, al olur,

Yetişir xal-xal olur.

Yeyirsən, turşməzədir,

Qaynadırsan, bal olur. (tut)

Qədimdə evlənən cavanlara, ərə gedən qızlara da tapmacalar verilmiş, onların həyat, ailə, insanlar haqqındakı düşüncələri sınanmışdır. Azərbaycan xalqının ən zəngin folklor dəfinələrindən biri, məhz böyük şairmiz Nizaminin “Xəmsə”sidir. Nizaminin “İsgəndərnamə”sinin “Şərəfnamə” hissəsində bilməcənin ən mükəmməl, yaddaqalan nümunəsi verilmişdir.

İran hökmdarı Dara İsgəndərin yanına öz elçilərini göndərərkən, qasidə tapşırır ki, İsgəndərə özünlə bir top, bir çövgan, bir çuval da küncüt apar. Dara öz bilməcəsi ilə İsgəndərə demək istəyir ki, uşaqsan hələ al, bu topla, çövganla oyna!

Küncüt isə, Daranın ordusunun böyük olduğuna işarə idi. Daranın məqsədini bilən İsgəndər küncütü (darını) evə, eşiyə səpir və öz quşlarını onları dənləməyə səsləyir. Nizami öz poetik qənaətlərini belə tamamlayır:
Darıya daraşdı saray quşları,

Qalmadı bu yerdə bir dənə darı.

Küncütdən çox olsa Dara qoşunu,

Mənim də quşlarım dənləyər onu.45


Bilməcələrdən qədimlərdə təkcə diplomatiya sahəsində deyil, eyni zamanda, sevgi, məhəbbət aləmində də istifadə olunmuşdur. Bilməcələr sevgililər arasında güclü bir sınaq vasitəsinə çevrilmişdir. Gözəlliyi dünyaya məşhur olan qızlar elə oğlana ərə getmək istəmişlər ki, həmin şəxs ağlı, zəkası, fəhmi-fərasəti, müdrikliyi ilə fərqlənsin, seçilsin, qəlbindən keçən suallara cəsarətlə cavab versin, həm də bu cavablar onu təmin etsin, razı salsın. Daha doğrusu, həmin oğlan qeyri-adi bir insan olduğunu əyani şəkildə sübuta yetirsin. Onun sərrast cavabları hamını heyrətdə buraxsın. Bu məzmunda bilməcə örnəklərini məhz Nizami əsərlərində tapa bilirik. Şairin “Yeddi gözəl” poemasındakı “Slavyan qızı” hekayətindən aldığımız bilməcə buna misal ola bilər. Əsl bilməcə nədir, onun mahiyyətini, məzmununu açmaq üçün həmin bilməcəni tam genişliyi ilə vermək arzusundayıq. Dördüncü iqlim padşahı qızına bildirir ki, “əsl qızılı məhəkə çəkək”. Qız onun sorağı ilə gələn oğlana bir cüt ləl göndərir. Nizami rəmzi dillə, poetik şəkildə qələmə alınan bilməcəni belə başlayır:

Qız:


Xəzinədarına bir cüt ləl verdi,

Qonağın yanına onu göndərdi.

Sonra da tapşırdı: bunları dərhal,

Çatdırıb qonağa cavabını al.


Xəzinədardan ləlləri alan oğlan iki ləlin üstünə üç cəvahir qoyub, qıza göndərir:
Beş ləli görüncə daşqəlbli nigar,

Onları çəkməyə tez verdi qərar.


Qız o beş ləli toz kimi əzir və onun üstünə bir ovuc şəkər səpib, oğlana göndərir. Oğlan bunun mənasını başa düşür. Süd tələb edir, ləl tozu ilə şəkər tozunu südə qatıb qıza göndərir, qız südü içir, dibində qalan ləli xəmir tək yoğurur. Onu tərəzidə çəkir, tərəzidə düz gəlir.

Qız bu dəfə oğlana üzük göndərir, oğlan üzüyü alıb barmağına taxır. Qıza bir dürr göndərir. Qız dərhal mücrüsünü açıb, ona bərabər bir dürr seçir. Qız bundan çox sevinir. Dürləri sırğa kimi alıb taxır, muncuğu qolbağ tək qoluna taxır. Sonra qız üzünü atasına tutub deyir:


Bəsdir, naz etdiyim mənim bu qədər,

Mənə ər tapıldı belə, yaxşı ər,

Tapmazlar ölkəni əgər gəzsələr,

Olsam da kitaba, biliyə məftun,

Elmdə zərrəsi olmaram onun.
Atası bu rəmzi sual-cavablarla maraqlanır. Qızın rəmzi sirləri açması, təhlili, doğrudan da, insanı duyğulandırır.

Nizaminin böyük ilhamla təsvir etdiyi o bədii nümunəni burada tam vermək qərarındayıq:


Dedi: - Yoxlamaqçün onu lap əvvəl,

Sırğamdan göndərdim ona iki ləl.

Deyirdim ki, ömür çox uzun deyil,

İki günlük ömrü sən qənimət bil,

O, ikinin üstə qoyub üçü də,

Dedi, gəlib keçər olsa beş gün də.

Əzib o dürləri döndərdim una,

Sonra qarışdırıb şəkər tozuna.

Dedim ki, şöhrətlə bəzənib ömür,

Necə ki, şəkərlə qarışıbdı dürr.

Əfsunun, kimyanın hünəri deyil,

Onları ayırsan, bunu yaxşı bil.

O, südü gətirib araya saldı,

Şəkər tez əridi, dürlərsə qaldı.

Söyləyirdi, dürrə qatılsa şəkər,

Süd qatsan şəkəri mütləq əriyər.

Haman piyalədən süd içib o an,

Dedim: südəmər önündə inan.

Üzüyü göndərdim bildirdim ona,

Nigahçün razılıq mən verdim ona.

O gövhər göndərib rəmz ilə dedi,

Gövhər tək tayımı tapmaq çətindi,

Mən açıb mücrünü tapdım gövhəri,

Onun gövhərinin lap bərabəri.

Hər iki gövhəri göndərdim, o da,

Gördü üçüncüsü, yoxdu dünyada.

Göy muncuq tapdırdı o cavan həmən,

Qorusun o bizi qoy bədnəzərdən.

Mən də göndərdiyi muncuğu aldım,

“Razıyam” deyərək qoluma saldım.

Onun sevgisinə məskəndir sinəm,

Onun məhəbbəti mənim xəzinəm.46


Bilməcə ilə tapmacanın fərqini, mahiyyətini açmaq üçün Nizaminin “Yeddi gözəl”indəki bilməcənin geniş şərhini verməyi zəruri bildim. Təfərrüata varmalı oldum. Bilməcə insan zəkasını geniş mənada sınağa çəkir. Tapmacalarda olduğu kimi, burada əlamətlər əsas olmur, burada tərəflər rəmzlərlə danışırlar. Rəmzlərin açımı həyati-fəlsəfi məna daşıyır. Bunlar tapmaca sualları deyil, burada böyük sirr olan məsələlərin mahiyyəti açılır.

Azərbaycan məişət nağıllarında bu cür dərin məzmunlu bilməcələrə sıx-sıx rast gəlirik. Əlbəttə, burada genişliyi ilə nağılın məzmununu, bilməcələrin təhlilini vermək niyyətində deyiləm. “Dərzi şagirdi Əhməd” altı ay Şah Abbasın onu döydürməsinə dözür, lakin öz yuxusunu inad göstərib danışmır.

Bu müddətdə şahın qızı Pəri Soltanla Əhməd arasında eşq macərası baş verir.

Qəflətən Firəng padşahının oğlu Pəriyə elçi göndərir. Ya onların bilməcəsinə bu ölkədə kimsə cavab verməli, ya Pərini verməli, yaxud da yeddi ilin baci-xəracını verməlidi.

Firəng padşahının oğlu qırx gənc göndərir, iyirmisi qız, iyirmisi oğlan. Hamısı bir boyda, oxşar, bunları seçmək lazımdır. Əhməd bunların əlinə özü hazırladığı suyu tökür, oğlanları və qızları seçə bilir.

İkinci dəfə üç at göndərirlər, boyları, rəngləri eyni. Biri biryaşar, biri ikiyaşar, biri də üçyaşar. Əhməd bir qab süd, bir qab arpa, bir qədər də yonca qoyur. Biryaşar südə, iki yaşar arpaya, üç yaşar da yoncaya tərəf gedir.

Firənglilər üçüncü dəfə üç alma göndərirlər. Almanın biri bu ilki biri keçən ilki, biri də inişilki. Əhməd qaba su tökdü. Bu ilki alma qabın dibinə endi, keçən ilki gah batdı, gah üzdü, inşilki isə ipək kimi suyun üzündə üzdü. Əhməd ağlının gücü ilə üç bilməcəni məharətlə açır və Şah Abbasın qızı Pəri Soltanı alır. Şah soruşduqda ki, o yuxu nə idi? Əhməd bildirir ki, bu günkü toy.

Bilməcələrdə dərin mətləblər gizlənir, onları açmaq hər kəsin işi deyil. “Çil madyan” və başqa nağıllarımızda insanı düşüncə qarşısında qoyan, sınağa çəkən dərin mündəricəli bilməcələr çoxdur. Onu da bilmək lazımdır ki, bilməcələr nəsrlə olur. Nizaminin bilməcələri nəzm şəklində qələmə alması, onun şair səlahiyyətidir. Lakin bilməcələr nağıl və rəvayətlər daxilində nəsrlədir.

Azərbaycan nağıllarının davamlı araşdırıcısı Nurəddin Seyidov tapmaca ilə bilməcəni bir-birindən fərqləndirmir. Hətta, “İlyasın nağılı”nda verilmiş bilməcəni – “Tapmaca şəklində verilən suallar” adlandırır. Gəlin, birlikdə diqqət yetirək, görək qızın bilməcələrini tapmacanın da köynəyinə sığışdırmaq olarmı?

Bir də ki, yuxarıda qeyd etdik ki, tapmacanı açmaqda müəyyən əlamətlər rol oynayır, bilməcə isə rəmzlərlə danışır. “İlyasın nağılı”ndakı gözəl qız şahları, şahzadələri, vəzir, vəkil oğlanlarını çətin suallarla boş qaytarır. Nəhayət, bağban oğlu İlyasın qabağına qız qayçı, kağız, bir top iynə, bir də nar göndərir.

İlyas mətləbi anlayıb iynələrin hamısını narın üstünə sancır, kağızı qayçı ilə kəsib doğradıqdan sonra sualın cavabını izah edib deyir: iynələri narın üstünə vurdum ki, yəni bədənimi oxlasalar da məndən sirr ala bilməzlər, qayçı ilə kağızı doğradım ki, bədənimi kağız kimi doğrasalar da heç kimə sirr vermərəm.47

Aydınca görünür ki, bu bilməcə uşaqlar üçün deyilən tapmaca deyil.

Lakin bir həqiqəti də bilmək lazımdır ki, müəyyən mərhələdən sonra bilməcələr nə qədər yüksək mövqe, səlahiyyət qazansa da, onun başlanğıcı tapmacalarla bağlıdı və onun ibtidai, sadə formaları üzərində öz inkişafını təmin etmişdir. Hər halda bilməcələr öz varlığında tapmaca nüvəsini qoruyub saxlayır.

Tapmacalar uşaq folkloruna daxil olduğu halda, bilməcələr ondan kənardır. Bilməcənin fəlsəfi qatı dərindədir. Tapmacalara xeyli yaxın olan yanıltmaclar da uşaq folkloruna aiddir. Lakin yanıltmaclar da iki cür olur. Onun birincisi, uşaqların tələffüzünü nizama salmağa xidmət edir.

Məsələn:

Atı min, iti qov,

İti qov, atı min,

Atı min, iti qov,

İti qov, atı min.
Tapmaca balacaları sual, düşüncə qarşısında qoyur, lakin yanıtmac dili dolaşıb sözü yanlış deyəni, yəni “iti min, atı qov” deyəni gülüş obyektinə çevirir. Bir də var qüsur dildə deyil, beyində, şüurdadır. Belə hallarda beyinlə dilin, yəni nitqin əlaqəsi pozulur, tələffüzdə dolaşıqlıq yaranır. Elə olduqda uşağın tələffüzü ilə yanaşı, şüurun artması, düşüncəsinin, zehninin yaxşılaşmasına xidmət edən başqa formalı yanıltmaclardan istifadə olunur. Tələffüzə xidmət edən yanıltmac iti, sürətlə deyildiyi halda, beyinlə, şüurla əlaqədar olan yanıltmaclar dialoq, deyişmə şəklində aparılır. Tələffüzlə bağlı yanıltmac bir fərd, şüurun nizama salınması ilə bağlı yanıltmac isə iki şəxs tərəfindən icra olunur. Məsələn:

Birinci şəxs deyir:

- Ağaca çıxdım,

İkinci: - Mən də, mən də.

Birinci: - Armudun dərdim,

İkinci: - Mən də, mən də.

Birinci: -Armud kal idi,

İkinci: -Mən də, mən də.


Əgər ikinci şəxs bir qədər məşqdən sonra yetişibsə, cavab verir və ucadan deyir:


  • Sən də, sən də.

Lakin ikinci şəxs yenə də sözləri mexaniki təkrarlayırsa, “mən də, mən də” deyib yerində durursa, həqiqətən, gülüş obyektinə çevrilir.

Yanıltmacın islahedici, öyrədici gücü doğurduğu gülüşdədir. Ətrafdakılar gülür, yanlışlıq yapan, səhv edən nəyə güldüklərini anlayır, dərk edir. Bundan sonra səhv etməməyə, gülüş hədəfi olmamağa çalışır. Yanıltmacların nəzmlə olan hissəsi də çoxdur.

Məsələn:


Aşçı Həsən aş asdı,

Asanda ağlı çaşdı.

Boz atın, boz torbasın, boş as, başından,

Islat gətir, yaş as, başından.

Mil-milit, qapıya kilit,

Ya bunu tap, ya da burdan it.

Qara qar yağacaq,

Qara gün doğacaq.


Uşaq folkloru nümunələri içərisində uşaqların özlərinə məxsus yaradıcılıqları da vardır. Bunların çoxu uşaq oyunları zamanı söylənən bədii şeir parçalarıdır. Məsələn:

-Bənövşə


-Bəndə düşə,

Bizdən sizə kim düşə?


Bu səpkili şeirlər bu qəbildəndir. Çoxşaxəli, çoxşəkilli, rəngarəng folklorumuzun sərgilənmiş mənzərəsinə diqqət yetirən yazıçı-alim Mir Cəlal Paşayev yazır: “Xalqın sözlərinin tematik cəhətdən təsnifatı çətindir. Çünki, bunların əksəri çoxtərəfli, çoxcəhətlidir. Həm məişəti, həm tarixi, həm də fəlsəfəni, dil, ədəbiyyat məsələlərini əhatə edir, mahiyyət etibarı ilə bunların məzmunu həyatdır, mənası həyatın fəlsəfəsidir”48. Məhz bu baxımdan yanaşdıqda tapmaca, bilməcə və minarələrin sərhədlərini tam aydınlaşdırmaq, doğrudan-doğruya, xeyli çətinlik törədir.

Professor Paşa Əfəndiyev tapmacalardan bəhs edərək yazır: “Tapmacaya belə tərif vermək olar: tapmaca insanların düşüncəsini yoxlamaq məqsədilə düzəldilən bu və ya digər hadisə və əşyanın poetik təsviridir”.49 Alim sözünə davam edərək onu da deyir ki: “Xalq ədəbiyyatımızın janrları içərisində ən az tədqiq olunan və demək olar ki, heç öyrənilməyəni tapmacalardır”50.

Nədənsə, bu istiqamətdə olan tədqiqatlarda tapmaca ilə bilməcələr arasındakı fərqə diqqət yetirilməmişdir. Beyində, düşüncədə çeviklik yaradan, təbiət və cəmiyyət haqqında insanların anlayışını, müfəssəl bilik və məlumatlarını az bir zaman daxilində üzə çıxaran tapmacaların folklor janrları içərisində öz xüsusi yeri vardır. Tapmacalarda hər hansı əşyanın, canlının, bitkinin, göy cisimlərinin və s. müəyyən əlamətləri, nişanələri büruzə verilir ki, bununla da bu biri tərəf qarşıdakı tərəf müqabilinin suallarını zehninin, ağlının, biliyinin gücü ilə cavablandıra bilir.

İnsan beynini, zəkasını sınağa çəkmək, işlətmək yolu ilə təbiət və cəmiyyət haqqında öz bilik xəzinəsini zənginləşdirir, öz təfəkkürünün inkişafına meydan verir, hazırcavablıq qazanır.

Məqsədimiz tapmacaların şifahi ədəbiyyatımızdakı mövqeyini müəyyənləşdirmək, yaxud da onun insan zəkasını, ağlını inkişaf etdirmək sahəsindəki əhəmiyyətindən bəhs etmək deyildir. Məqsədimiz Azərbaycan folkorunun ana qoynunda pərvəriş tapan heca vəznli tapmacaların təkamül və inkişafını, tapmacaların öz ibtidai şəklindən çıxaraq, bayatı biçimli bayatı tapmacalara, qıfılbəndlərə çevrilməsini, heca vəznli şeirin zirvəsi olan qoşmaya qovuşması prosesini izləmək, nəhayət, aşıq poeziyasında qoşma-qıfılbənd kimi şeir şəklinin yaranması üçün bir zəmin olduğunu araşdırıb üzə çıxarmaqdan ibarətdir.

Kərkük folklorunun tədqiqatçısı, türk alimi Dr. Çingiz Ketene bildirir ki, mənzum bilməcələr vəznli və qafiyəlidirlər51. Əlbəttə, o, mənzum tapmacalardakı vəzndən, qafiyə sistemindən söz açır. Onu da xatırladır ki, Kərkük folklorunda “bilməcə və ya tapmaca” adı müştərək işlənməkdədir. Lakin onun gətirdiyi misallar hamısı tapmacadır və içərisində bir dənə də olsun bilməcə yoxdur.

Kərkük folklorunun bilicisi və araşdırıcısı professor Qəzənfər Paşayev yazır: “Kərkük tapmacaları da bizdə olduğu kimi, həm nəzmlə və həm də nəsrlədir. Lakin nəzmlə olan tapmacalar daha çoxdur. Bunlar iki və daha artıq misralı, vəzn və qafiyəsi yerli yerində olan parçalardan ibarətdir”52.

Kərkük tapmacaları içərisində elə örnəklərə rast gəlmək olur ki, bu mətnlər az qala “Dədə Qorqud” söyləri (şeirləri) ilə üst-üstə düşür, onları bir-birindən ayırmaq, fərqləndirmək, seçmək çətinlik törədir. Üslubi xüsusiyyətləri, deyim tərzləri onları oğuz söylərinə (şeirlərinə) yaxınlaşdırır, bir-birinə bağlayır.

Məhz həmin nümunələr o zaman təkrar olunur ki, tapmaca deyən şəxs onu aça bilmir, tapmaca deyəni sıxma-boğmaya salırlar. O zaman tərəf müqabillər söz güləşdirir, bir-birlərini qınayır, sözlə məsxərəyə qoyur, tənəli ifadələr işlədirlər. Məsələn:
Mən mindim ala ata,

Sən mindin qotur bəgirə.

Mən zaxtaladıqca53 baldan yağ yeyərəm,

Sən zaxtaladıqca qanla ayran yeyərsən.

Və yaxud:

Mən çağırdım at gəlsin,

Sən çağırdın it gəlsin.

Mənim üçün bir al at gəldi,

Sənin üçün bir tazı gəldi.

Mən mindim al ata,

Sən mindin tazıya54.
“Kitabi-Dədə Qorqud”un “Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı” boyda oxuyuruq:
İt kimi gu-gu edən çirkin xırslı!

Küçücük donuz şülənli!

Bir torba saman döşəkli!

Yarım kərpic yastıqlı!

Yonma ağac tanrılı!

Köpəyim kafir!

Oğuzu görürkən, səni öyməyim yox55.

Bir sözlə, hər iki şeir parçasında qarşıdakı düşmən obrazına çevrilir, söz deyən isə, özündə cəsarət tapır, özünün yaxşı keyfiyyətlərini göz önünə gətirir. Özü ata minir, namərd, aciz hesab etdiyi şəxs isə tazıya minir. Cəsarətlinin payına at, acizin payına tazı düşür. Qazan xan isə düşmən hesab etdiyi kafirin iyrənc sifətini, özündən, Oğuz ellərindən çox fərqli olan xüsusiyyətlərini bir-bir sadalayır.

Kərkük folklorundan alınan örnəkdə də qarşıdakının çalxalanmış ayran içdiyi, özünün isə bal, yağ yediyi söylənilir. Hər necə olsa da, bu paralelin, müqayisənin özündə də genetik yaddaşdan gələn bir şey var. Bunların ən azı folklorda qan yaddaşının izləri olduğunu da unutmaq olmaz. Qədim nişanələri, adət-ənənələrin izlərini, arxaik deyimləri çox zaman əlyetməz, ünçatmaz, təkamüldən qalmış, inkişafının axarı dəyişmiş uzaq-uzaq coğrafi məkanlarda tapmaq olur. Bizim üçün kiçik bir işartı da böyük əhəmiyyət kəsb edir.

Bəzən tapmacalarda ifadələrin köməyi ilə rəssam kimi canlı aləmin bir parçası elə təsvir olunur ki, insanı heyrətdə qoyur. Kərkük folkorundan alınmış bir nümunəyə diqqət yetirək:

Bişirsən aş olur,

Bişirməsən quş olur.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin