(yumurta)
Atalar sözlərindən fərqli olaraq, mənzum tapmacalarda rədifdən geniş istifadə olunur. Gözü təsvir edən mənzum tapmacada canlı bir lövhə yaradılmışdır.
O yanı pərçim,
Bu yanı pərçim,
Içində var şah göyərçin.
Bənzətmələr də canlı və təbiidir. Yumurta haqqında:
Bir quyum var,
Içində iki dürlü suyum var.
Xoruzun əlamətləri, xasiyyəti, davranışı bir tapmacada necə də real verilmişdir.
Azan oxur, namaz qılmaz,
Arvad alar, nigah qıymaz.
Və yaxud: ildə bir dəfə qabığını dəyişən ilan haqqında:
Uzun-uzun uzanır,
Hər ildə bir bəzənir.
Məlumdur ki, ilan ildə bir dəfə qabıq qoyur, elə bil ki, köhnə libasından çıxır, bundan sonra daha göyçək görünür. Qoyun haqqında olan tapmacada Azərbaycan folklorunda olan variantdan fərqli olaraq, bəzən sözlər dəyişir, zəmi otla, bulaq çayla əvəz olunur:
Üstü otdu biçilir,
Altı çaydı, içilir.
Qarın havadan narın-narın, dənə-dənə, ulduz-ulduz yerə düşməsinin məziyyəti çox bədii şəkildə təsvir olunur:
Şəkərə bənzər dadı yox,
Havada uçar qanadı yox.
Balın təsvirini verən tapmacaya diqqət yetirək, nə qədər bədii və təbii qurulmuşdur. Özü də hazır bir şeir parçası təsiri bağışlayır:
Lələm deyər: yağ gəti,
Gətirirsən sağ gəti.
Sağılmamış inəkdən,
Əriməmiş yağ gəti.
Kərkük tapmacalarında onu tapmaq üçün verilən əlamətlər, nişanələr də aydın və anlaşıqlıdır. Onun açması qarşıdakını müəyyən çətinliyə salsa da, yormur, bezdirmir, əksinə, bədii zövq verir. Saat haqqında da poetik bir dillə canlı bir lövhə yaradılır:
Lələm düzgün oxunu,
Kim var ona toxunu.
Onun-bunun xətrinə,
Haram edib yuxunu.
Kölgə və xəyal haqqında:
Yeriməzsən yeriməz,
Yerdə gedər çürüməz.
Nə yapmışam, nə tapmışam,
Nə kimsədən borc almışam,
Çox miskindi səsi çıxmaz,
Nə kimsənin canın sıxmaz.
Meyvə ağacı haqqında:
Yaz gələndə sulanır,
Qış gələndə sulanır,
Barını ellər alır,
Yarpağın yellər alır.
Yenə də xoruz haqqında:
Lələ deyər, köç gördüm,
Köç üstündə heç gördüm.
Burnu sümük, başı ət,
Bir əcaib quş gördüm.
Getdikcə ibtidai formasından çıxıb, folklorun çoxçeşidli janrları ilə qovuşan, təsirlənən, yeni-yeni şəkillər alan mənzum tapmacalar xalq poeziyasının gələcək inkişafı üçün zəmin hazırlayır.
Mənzum ata sözlərinin tədqiqi nəticəsində öyrəndik ki, bu folklor nümunələri daxilində və onun qanunauyğun inkişafı sayəsində nəsihətamiz bayatıların, ustadnamələrin, hətta cinaslı bayatıların meydana çıxmasında bir zəmin olmuşdur56.
Tapmacaların bədii axarında da dodaqdəyməz təcnisin çox sadə, lakin təbii və gözəl bir nümunəsi, daha doğrusu, bu nümunənin ibtidai forması meydana çıxmışdır.
Yazılı ədəbiyyatda, eləcə də aşıq yaradıcılığında çoxsaylı nəsr və nəzm nümunələrinin ilk çeşnisi bitib tükənməyən folklor xəzinəsindən alınmışdır. Əlbəttə, bunlar filoloji axtarışlar və təhlillərdir, dilçilik baxımından başlanacaq araşdırmalar daha yeni, daha gərəkli nəticələr əldə edəcəkdir. Bulağın gözü tapılandan sonra, onun axarını müəyyənləşdirmək o qədər də çətinlik törətməz.
Biz nə üçün örnək olaraq Kərkük folkloruna, onun atalar sözlərinə, tapmacalarına və digər janrlarına müraciət edirik? Bu sualın cavabını professor Qəzənfər Paşayev daha səmimi, içindən gələn, onu ilgiləndirən hisslərin diktəsi ilə bizə belə çatdırır: “Çünki Kərkük dolaylarında məskən salan bacı-qardaşlarımız da, biz də eyni xalqa mənsub olub, eyni dildə danışırıq”57.
Eyni dildə olsa da, Kərkük folklorunda ata sözlərində, tapmacalarda bənzəri olmayan ifadələr, rəng-rəng bədii çalarlar var ki, onların yanından ötəri bir nəzərlə keçmək olmur.
Yer alması tapmacada humay quşuna bənzədilir və burada dərin bir məna, müşahidə də diqqət çəkir, “çiçəksiz nə yemişdir?”. Tapmacaya nəzər salaq:
Humay, çıxma yoxuşdur,
Humay qanadlı quşdur.
Humaydan xəbər aldım,
Çiçəksiz nə yemişdir?
Azərbaycan folklorunda qız-oğlan deyişmələri də maraq doğurur:
Mən aşiqəm nə şərdi,
Nə xeyirdi, nə şərdi.
Səndən xəbər alıram,
Bu daş neçə yaşardı?
Cavab:
Düşübdü, ha düşübdü,
Qəmbər həddə düşübdü.
Dünya peyda olanda,
Bu daş bura düşübdü.
Başqa bir misal:
Sual:-Mən aşiq, adı nədir?
Alovu, odu nədir?
Çəngi çaxmaq, tükü qov,
Bu quşun adı nədir?
Cavab:-Aşıq, nə müşgül işdi?
Bir ocaq yandı, keçdi.
Çəngi çaxmaq, tükü qov,
Səməndər adlı quşdur.
Bunlar sonralar oğlan-qız deyişmələrinə geniş təkan vermiş, onların inkişafı üçün özül olmuşdur. Xalq ədəbiyyatından çeşnilər alan Sarı Aşıq minarə deyişmələrin bitkin nümunələrini yaratmışdır. Məsələn:
Qız:
-Aşıq, bənək-bənəkdir,
Xalın bənək-bənəkdir,
Səndən soruşum, aşıq,
Araz necə sənəkdir?
Aşıq:
-Ay qız, bənək-bənəkdir,
Xallar bənək-bənəkdir.
Çağır Araz dayansın,
Ölçüm, neçə sənəkdir.
Elə də Kür haqqında:
Sual:-Demə ki, odu, budu,
Sözümün canı budu.
Qoy səndən bir soruşum,
Kür necə batman sudu?
***
Cavab:-Mən aşiqəm, aş üstə,
Aş bişirrəm, daş üstə.
Sən o Kürü əyləsən,
Mən ölçərəm, baş üstə.
Və yaxud:
Sual:-Mən aşiq, beçə verər,
Sana gör neçə verər,
Yarpaqsız ağac bitər,
Torpaqsız beçə verər.
***
Cavab:-Mən aşiq, beçə verər,
Ucların haça verər,
O maral buynuzudur,
Torpaqsız beçə verər.
Gördüyünüz kimi, minarələr özünəməxsus məzmuna və şəkli xüsusiyyətlərə malikdir. Sarı Aşığın bir-birindən gözəl və təsirli deyişmələrində hərbə-zorba ünsürləri də vardır. Doğrudur, aşıq heç kəsə meydan oxumur. Əksinə, ona meydan oxuyurlar. Lakin o, sərrast cavabları ilə həmişə üstünlük qazanır.
Azərbaycan folkloru antologiyasının (İraq-Türkmən cildində) Qəzənfər Paşayev bayatı-bağlamalara aid nümunələr vermişdir:
Lələm elin aşına,
El toplaşar başına.
Nə əli, nə ayağı,
Gedər əkin başına.
(su)
Və yaxud:
Gözəl məndən nar istər,
Bağım yoxdu, bar istər.
Əkilməmiş bostanı58,
Toxumsuz xiyar istər.
Dostları ilə paylaş: |