Arzu cavab verir:
Çərpəndini basdırram, əmi oğlu.
Dastanın Bakı variantında həmin şeir bir az fərqli şəkildədir:
Qəmbər deyir:
Əsdirirsən, əsdirirsən,
Tellərini kəsdirirsən,
Tələsirsən getməyə,
Ayağımı basdırırsan.
Arzu cavabında:
Əsdirmirəm, əsdirmirəm,
Tellərimi kəsdirmirəm.
Tələsmirəm getməyə,
Ayağını basdırmıram.
İraq-Kərkük “Arzu-Qəmbər”ində həmin deyişmə bayatı aşağıdakı şəkildədir:
Qəmbər:
Hannan, Arzum, hannan,
Məhəbbətü çıxmaz cannan.
Diz kinüü çəkərək tut,
Dabanım doldu qannan.
Arzunun cavabı:
Hannan, Qəmbərim, hannan,
Məhəbbətü çıxmaz cannan,
Dabanundan gələn qan,
Gəlsin mənim gözümnən.81
Türk xalqlarının tələffüzündə, ifadə tərzində müəyyən fərqlər olsa da, mətnlərdə, əsasən, məzmun qalır, lakin bənzərsizliklər də göz önündədir. Azərbaycan şeirində təkamül daha qabarıq şəkildə özünü göstərir ki, bu hər şeydən əvvəl xalq şeirinin azhecalılıqdan çoxhecalılığa doğru bir inkişaf prosesi keçirdiyini, yəni forma və şəkillər qazandığını sübut etməkdədir. Azərbaycan xalq şeirini hər şeydən öncə, dilimizin ahəng qanunu tənzimləyir.
Daha mükəmməl bayatılı dastanlarımızdan biri də bayatı yaradıcısı Lələnin həyat və yaradıcılığını özündə təcəssüm etdirən “Yaxşı-Yaman” dastanıdır. “Yaxşı-Yaman” dastanında on səkkiz bayatı vardır. Bu bayatıların çoxu poetik biçimli, lirik bədii parçalardan ibarətdir. Lirik planda:
Evləri gün aşanda,
Xalları gün nişanda.
A Yaxşı, sən də yaxşı,
Sən handa, Günəş handa?
Və ya:
Eləmi, çalma yeri,
Çal yeri, çalma yeri.
Günəşin özü gözəl,
Yaxşının çalma yeri.
Lakin bəzi bayatılar epik planda verilir və hadisə danışılır:
Eləmi, ya qar-qar,
Ötər qarğa, ya qar, qar.
Yaxşının gül üzünə,
Utanmazmı, yağar qar.82
Bayatılar hadisəyə, süjetə qovuşduqca, dastana çevrildikcə lirik-epik istiqamətdə inkişaf edir, yeni boyalar, rənglər, çalarlar qəbul edir, bədii-estetik dəyərini artırır.
Bizim üçün ən maraqlısı odur ki, bayatı ustası Lələnin adı İraq-Kərkük bayatı-tapmacalarında tez-tez çəkilir:
Lələm deyər: düz durdum,
Əgri yatdım, düz durdum.
Yüz il ər qucağında,
Gəlin yatdım, qız durdum.
(Xurma ağacı)
Və ya:
Lələm deyər: quş uşdu,
Uşdu dəryahi keşti.
Bir ağacda beş alma,
İkisinə gün düşdü.
(Beş vaxt namaz)
Dili bir, dini bir, etnik xüsusiyyətləri bir, coğrafi məkana görə bir-birindən ayrı olan İraq türklərinin xoryatlarından-bayatılarından ürək dolusu danışan hörmətli şairimiz Rəsul Rza yazır: “...bu gün Şimali İraqda, Kərkük, Ərbil, Mosul dolaylarında, xalq arasında məşhur olan bəzi xoryatların-bayatıların Füzuliyə aid olduğunu söyləyirlər.
Gülə naz,
Bülbül eylər gülə naz,
Girdim dost bağçasına,
Ağlayan çox, gülən az.
Bu xoryatın bizdə məlum olan “Əziziyəm, gülə naz” sətri ilə başlayan bayatıların azca dəyişmiş əkizi olduğu aydındır. Hansı illər, hansı yellər, hansı tellər xalq yaradıcılığının bu nadir incisini diyar-diyar gəzdirib Füzuli qürbətgahına salmışdır?”.83
İstedadlı şairimiz bu bayatılar sərgisinə baxıb heyran qalır, heyrətini gizlədə bilmir, coşğun duyğuları sinəsində baş qaldırır, qəlbini təlatümə gətirir, şair ilham ilə yazır: “Xoryatlar-bayatılar ən qısa formada ifadə olunmuş insan duyğusu, insan fikridir. Bu forma yığcamlıqda Xəyyam rübailəri ilə rəqabət edə bilən bir dolğunluğa, ifadə qüvvəsinə malikdir. Onları oxuduqca oxumaq istəyirsən. Düşündükcə düşünürsən. Şirini var, acısı var”.84
Niyə məhz Rəsul Rza bayatıları rübailərlə yanaşı tutur? Məlumdur ki, rübailər də bayatı kimi qafiyələnir. Burada da rübailərin birinci, ikinci, dördüncü misraları həmqafiyə olur, üçüncü misrası isə sərbəst qalır.
Rübailər, tuyuqlar bu şəkildə qafiyələnsələr də, onlar, əsasən, əruz vəznində olurlar. Bəzi tədqiqatçılar tuyuqları heca vəzninə aid edirlər, lakin belə deyil.
Qazi Bürhanəddində (XIII əsr), Nəbatidə (XIX əsr) gördüyümüz tuyuqlar əruzun müəyyən bəhrlərində yaradılmışdır. Mən bu qədər axtarışlarım zamanı xalqın əzbərində, ağız ədəbiyyatında, xalq poeziyasında tuyuqlara rast gəlməmişəm. Lakin bir-birindən qiymətli rübailərə rast gəlmişəm.
Məsələn:
Pərvanə özünü oda yandırar,
Günəş göl qurudar, ada yandırar.
Günəşdən istidir qucağın, ana,
Fəqət nə qaraldar, nə də yandırar.
Və yaxud:
Sevgim zər üzükdə dürr qaşa bənzər,
Sevib seçən könlüm nəqqaşa bənzər.
Sevgisiz, duyğusuz, yarsız bir insan,
Üstə yovşan bitmiş bir daşa bənzər.
Bayatı ilə rübailəri bir-birindən fərqləndirən misralardakı hecaların sayıdır. Bayatı misralarında hecaların sayı yeddi, rübainin misralarında isə hecaların sayı on birdir.
Şəmistan Mikayılov heca vəznindən bəhs edərək yazır: “Azərbaycan şeirində heca vəzninin işlənmə tarixi daha qədimdir. Ədəbiyyatımızın ən qədim abidələri olan “Avesta” və “Dədə Qorqud”dakı şeirlər heca vəznindədir.Heca vəzni Azərbaycan dili üçün ən oynaq, yüngül, ahəngdar şeir ölçüsüdür. Şifahi xalq yaradıcılığının nəzmlə olan nümunələri bu vəzndədir. Ona görə də bu vəzn Azərbaycan xalqının milli şeir ölçüsü hesab edilir.
Heca vəznində yaranmış şeirlərdə ahəngin birinci əsas şərti misralarda hecaların sayıdır. Başqa sözlə, bu vəzndə hecaların sayı əsas götürülür”.85
“Kitabi-Dədə Qorqud”un müqəddiməsində oxuyuruq: “Hecəsinlən düz oxunsa yasin görklü”. 86 Burada təkcə heca vəznindən yox, həm də onun vurğusu, bölgüsü və avazı ilə düzgün oxunmasından söhbət gedir. Bu cür düzgün oxunsa, yasin görklü, yəni müqəddəs və gözəl olar.
Əlbəttə, bizi daha çox maraqlandıran heca vəzninin Azərbaycan xalq şeirinin inkişafındakı tarixi roludur. Bayatıları bu qədər rəngarəng və çoxşaxəli edən, zənginləşdirən, ürəyə yatımlı edən amillərdən biri də onun musiqi ilə bağlılığıdır. Ə.Haqverdiyev yaslarda yuğçuların iki simli “qobuz”la ağı oxuduqlarını qeyd edir.87
“Bayatı-Qacar”, “Bayatı-Şiraz”, Bayatı-İsfahan”, “Sallama bayatı”, “Çoban bayatısı”, “Köç bayatısı” bayatının musiqi ilə əlaqəsindən yaranmışdır.
Ə.Dəmirçizadə yazır: “Ədəbi və elmi dildə işlənən “Bayatı”, “Əfşar”, “Varsağı”, “Qaytağı” və bu kimi bir sıra folklor-musiqi terminləri mənşəcə oğuz tayfalarının adı ilə bağlıdır”.88
Bayatı termini hər cəhətdən Boyat qəbiləsinin adı ilə əlaqələndirilir. “Kitabi-Dədə Qorqud” epos-dastanının müqəddiməsinin ilk cümləsi belə başlayır. “Rəsul əleyhüssəlamın zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu”.89
Məşhur türk folklorşünası, “Divani-lüğət-it türk” əsərinin araşdırıcısı prof. Dr. Saim Saakoğlu yazır: “Divani-lüğət-it-türk”ə şeir kəlməsi ilə ilgili olaraq aşağıdakı terminlər keçməkdədir. Qoşqu: şeir, qəsidə qarşılığı olaraq qullanmışdır”.
Folklorşünas-alim İsrafil Abbasov yazır: “Hələ əsrin ikinci yarısında tərtib olunmuş “Divani-lüğət-it-türk”də bir sıra el ədəbiyyatı inciləri ilə yanaşı, bayatı-mani səpkisində nümunələr də özünə yer tapmışdır”.90
İtil suyu aza durur,
Qaya dibi qaqa durur,
Balıq təlim baqa durur,
Gölüng təki küşerür.
***
(İtil suyu axar durur,
Qaya dibini döyər durur.
Bütün balıqlar baxar durur,
Gölü daha daşırır).91
Hələ bayatı şəkilli, yəni bayatı kimi qafiyələnən rübailərdən öncə Azərbaycan xalq şeiri içərisində səkkiz hecalı oxşamalar tək-tək özünü göstərmişdir. Məsələn:
Mənim qızım xana gedər,
Yırğana-yırğana gedər.
Qabağından yellər əsər,
Telləri hər yana gedər.
***
Mənim qızım xana gedər,
Sallana-sallana gedər.
Sığal çəkir tellərinə,
Əllərində şana gedər.
***
Mənim qızım xana gedər,
Bağı-gülüstana gedər.
Başında ay toxaması,
Təbrizə, Tehrana gedər.
Klassik Azərbaycan xalq yazılı poeziyasında sənət vəsiqəsi almış əruz vəzni müəyyən dərəcədə şifahi xalq şeirinə də öz təsir gücünü göstərə bilmişdir. “Mənim qızım xana gedər” adlı səkkiz hecalı oxşamanın özündə də sezilməz dərəcədə əruzun təsiri duyulmaqdadır.
Araşdırıcı Kamil Hüseynoğlunun elmi mülahizəsi bu baxımdan maraq doğurur. O, yazır: “Bütün tarixi inkişafı boyu türk yazılı şeiri daima xalq poeziyası ilə qarşılıqlı təmasda olmuşdur. Bu əlaqənin nəticəsində xalq şeiri heca bərabərliyinin sabitləşməsində və qafiyə sisteminin zənginləşməsində əruz şeirindən bəhrələndiyi kimi, türk əruzunda bir növ “heca-əruz” vəzni xüsusiyyətləri əldə etmişdir”.92
Bununla belə, Azərbaycan xalq şeiri qanunauyğun olaraq, tarixən öz axarı ilə davam etməkdədir. Vaxtı ilə qürbət ellərə aparılan qızlar öz fəryad səslərini bayatılarda ifadə edirdilər:
Apardı tatar məni,
Qul edib satar məni.
Vəfalı yarım olsa,
Axtarıb tapar məni.
Artıq gənc oğlan və qızların fəryadı, ahı, vətən həsrəti tək-tək bayatılara sığmırdı, çoxbəndli gəraylılar və qoşmalar yaranırdı. O qoşma və gəraylılar maddeyi-tarixdir, öz dövrünün tarixi salnaməsidir. Eyni zamanda, həmin nadir şeir örnəkləri Azərbaycan xalq şeirinin inkişaf tarixinə işıq tutur, şahidlik edir. Yeddi bəndlik “Durna, yara salam eylə” şeiri buna misal ola bilər. Bu şeiri heç kəs həyəcansız oxuya bilməz. “Ayrılıq ölümdən betər”, “Üzüyüm apar nişana” misraları insanın qəlbini şan-şan edir. Şeirin bir misrasını, bir bəndini belə ixtisar etmədən burada nümunə veririk:
Durnam gedər qatar-qatar,
Cığasın boynundan atar,
Ayrılıq ölümdən betər,
Durna, yara salam eylə.
***
Durnam gedər Qaradaşa,
Qarlı dağlar aşa-aşa .
Həm qohuma, həm qardaşa,
Durna, yara salam eylə.
***
Durnam, gedirsən Kaşana,
Quma döşənə-döşənə,
Üzüyüm apar nişana,
Durna, yara salam eylə.
***
Durnam, gedirsən Bağdada,
Yollar üstə yata-yata,
Ayaqların gülə bata,
Durna, yara salam eylə.
***
Durnam, gedirsən Vətənə,
Bac vermirsən hər yetənə,
Bir iltimasım var sənə,
Durna, yara salam eylə.
***
Durnam gedər bəhri-bozlar,
Laçın vurar, tükün tozlar,
Yolum gözlər gözəl qızlar,
Durna, yara salam eylə.
***
Durnam gedər düzüm-düzüm,
Boynu qanadından uzun,
Budur sənə axır sözüm,
Durna, yara salam eylə.
Nə üçün bayatılarımızda bu qədər qəm-kədər olduğunu akademik M.Arifin aşağıdakı sətirlərindən çox aydın başa düşmək olar: “Bu torpaqdan kimlər keçməmişdir! Bu yerdən axan çayların, bulaqların suyundan kimlər içməmişdir! Qəzəbli hökmdarların, istilaçı orduların hücumuna, qanlı müharibələrinə meydan olan bu ölkəyə, əsrlərdən bəri çox ağır zərbələr dəymişdir. Yadellilər dumduru suyumuzu dönə-dönə bulandırmış, atlarının nalı ilə daşlarımızı yaralamışlar. Bunların izi torpağımızda, mənəvi abidələrimizdə, o cümlədən qədim bayatılarımızda qalır və qalacaq. Bunlar ulularımızdan bizə miras qalmış, qəlbimizdə, hissimizdə, həyəcanlarımızda yaşayır və bundan sonra da yaşayacaqdır”.93
Dörd misralı milli heca vəznli şeirimizin özəyi, ən mükəmməl nümunəsi bayatılar, gəraylılar və qoşmalardır. Bunların üçü də Azərbaycan xalq şeirinin ana qoynunda göz açıb sənət dünyasına gəlmiş və özlərinə həyat vəsiqəsi almışlar. Akademik H.Araslı əlyazmalarının birində Qulam Məmmədlinin rast gəldiyi, yad ölkələrə əsir aparılan qızların dilindən bir qoşmanı ürək yanğısı ilə bizlərə çatdırır.
Göydən ötən bölük-bölük durnalar,
Bizdən salam olsun əcəm elinə!
Yaşıl geymiş, sarı telli durnalar,
Bizdən salam olsun əcəm elinə!
***
Bizi ayırdılar ata-anadan,
Yarəbbim, sən qurtar bu qəmxanadan!
İstanbul şəhrindən- Qəstəntinodan,
Bizdən salam olsun əcəm elinə!
***
Beş qız idik bir arada, bir yerdə,
Ya İlahi, dərman eylə bu dərdə!
Canım durna, hər Vətəndən ötəndə,
Bizdən salam olsun əcəm elinə!
***
Budur, gəldi əsirlərin karvanı,
Çağıraram, ya mövlana, ya qəni!
Qara geydi Əcəm pirü-cəvanı,
Bizdən salam olsun Əcəm elinə!
***
Bizi keçirdilər şahi-cisirdən,
Rum ölkəsi varı doldu yesirdən,
Ol Şamü-Hələbdən, şəhri-Misirdən,
Bizdən salam olsun Əcəm elinə!94
Bu təkcə lirik bir qoşma deyil, böyük bir dövrün salnaməsidir, qara hərflərlə, göz yaşları ilə yazılmış bir tarixdir. Bütün bu sızıltılı bayatılar, gəraylılar, qoşmalar saza can atmış, sazla qovuşmuş, səs-səsə verərək, eli-obanı bir olmağa çağırmış, qəmdən soyumuş ürəklərə istilik, dünyadan əlini üzmüş insanlara təpər gətirmiş, hünər bəxş etmişlər. Budur, sözün-sazın möcüzəsi.
Abdulla Şaiq yazır: “...saf və səmimi duyğuları tərənnüm edən qoşmalar lirik ədəbiyyata nümunə olaraq ən gözəl parçalardır. Bunlardan başqa saz şairlərinin yaratmış olduqları ədəbiyyat tarixşünaslarımız və lisançılarımızın çalışa bilməsi üçün ən geniş bir sahə və ən dəyərli materialdır. Hələ bu günkü şairlərimiz üçün dilin, təbiətin və fikrin zənginliyini tərənnüm edən bu ədəbiyyatın iqtibasən qələmə alınacaq nə qədər qiymətli mövzular vardır”.95 Bu çağırış biz tədqiqatçıların da qarşısında yeni vəzifələr qoyur.
Dostları ilə paylaş: |