Üçhecalı:
Ver niyaz,
Al muraz.
Dördhecalı:
İnsan bəşər,
Bəzən çaşar.
***
Əqil harda,
Dövlət orda.
***
Nə vaxt yağmış,
O vaxt qış.
Beşhecalı:
Verməsin Məbud,
Nə etsin Mahmud.
***
Quyu dərindi,
Suyu sərindi.
Altıhecalı:
Yığdı qırpa-qırpa,
Verdi acı turpa.
***
Calıda gül bitməz,
Cahilə söz yetməz.
***
Nə yavuz ol-asıl,
Nə miskin ol-basıl.
Eyni hecada daxili qafiyəli, rədifli mənzum atalar sözləri:
Nə molla evindən aş,
Kor gözdən yaş çıxmaz.
Dərya dalğasız,
Qapı halqasız olmaz.
***
Xatundan Paşa,
Ağacdan maşa olmaz.
Yeddihecalı:
Dövlətinin düşkünü,
Yazlıq geyər qış günü.
***
Lələm deyər avam ol,
Şəri başdan qovan ol.
***
Addım-addım yol olı,
Damla-damla göl olı.
***
Qaramanın qoyunu,
Sonra çıxar oyunu.
***
Yoldaş tanı yola var,
Yolda yüz min bəla var.
***
İldən-aydan bir namaz,
O da haqqa yaramaz.
***
Qarpız yeyən qurtuldu,
Qabuq yeyən tutuldu.
Səkkizhecalı:
Əgər dərviş, əgər hənfiş,
Ağca ilə bitər iş.
***
Bez alırsan Mosuldan al,
Qız alırsan əsildən al.
On beşhecalı:
Versə el gətirər, sel gətirər, yel gətirər,
Alırsa el aparar, sel aparar, yel aparar.
On, on bir hecalı mənzum atalar sözlərinə qeyri-bərabər ölçülü nümunələr içərisində rast gəlinir. Qeyri-bərabər ölçülü atalar sözləri azhecalılıqdan çoxhecalılığa doğru davam etməklə, daha ahəngdar və oynaqdır, sayı da qismən çoxdur.
Varsa hünərin,
Hara getsən var yerin.
***
Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz.
***
Söyüd ağacından bar,
Nə də arsızdan ar.
***
Bir əlin nəsi var,
İki əlin səsi var.
***
Axmaq adam dünyaçin qəm yeyə,
Mövlam bilir kim qazana kim yeyə.
***
Əkmək eldən, su göldən.
***
Dostun əskisi,
Arvadın yengisi.
***
Görməmiş gördü gümüş,
Oldu qudurmuş.
İraq-Kərkük mənzum ata sözləri içərisində elələri var ki, öz bədii tutumuna və dəyərinə görə, obrazlılığına görə folklor təfəkkürünün ən nadir incisi kimi insanı heyran qoyur. Məs:
Nə bahardı, nə də küz,
Hardan gəldi bu nərgiz?
Məlumdur ki, nərgiz çiçəyi yazda, bir də küzdə-payızda bitir. Ümumiyyətlə, bəzi gül və çiçəklər küzdə-payızda alsın otu kimi özünü təkrarlayır. Lakin Kərkük folklorunun tanıdığı “nərgiz” nə yazda, nə də payızda gəlmiş, ilin hansı fəslindəsə, qəflətən gəlmiş və onu görənləri heyrətdə qoymuş, zövqünü oxşamış, gözəllik rəmzi kimi könüllərdə bitmişdir. Və yaxud:
Dövlətinin düşkünü,
Yazlıq geyər qış günü.
Bu ata sözünün məzmunu bir yana, ikinci misradakı deyim tərzi nə qədər yeni və orijinal görünür. Bizdə “yazlıq buğda” ifadəsi var. “Yazlıq geyər qış günü” deyimi, ümumiyyətlə, bu ata sözündə çox mənalı səslənir. Məlum olur ki, dövlətli bir adam adi geyimini belə bilmir. Qışda yaz paltarı geyir. Müdrik babalar öz fikrini daha obrazlı, daha təsirli demək üçün özünəməxsus deyim tərzindən bacarıqla, yaradıcı şəkildə istifadə edir. Xalq, xalq müdrikləri, ata sözü yaradan atalar hər şeyin boyuna görə don biçir. Ona görə də bu bədii nümunələr zaman-zaman yadda qalır. Məsələn:
Dağın ucalığı daş ilə,
İnsanın ucalığı baş ilə.
Prof. Qəzənfər Paşayevin çap etdirdiyi Kərkük folkloruna aid kitablarda belə qiymətli örnəklərə sıx-sıx rast gəlirik.
İraq-Kərkük atalar sözlərindən gətirilən nümunələrdə geniş oxucu kütləsinə bəzi ifadələrin çətinliyini, arxaikliyini nəzərə alaraq, az ehtiyac olsa da, izahını verməyi məqsədəuyğun hesab etdik. Məbud yağış allahı nəzərdə tutulur. Məbud yağış yağdırmasa, Mahmud neyləsin. Çalı-kiçik kolluq, yavuz-zülmkar, Qaraman-Türkiyədə böyük elatdı, türkmən köyləri boy-boy bu ərazidə yerləşir. Hənfiş-qətl günü başını imam yolunda yaran, çapan adam. Azərbaycanda məşhur olan bayatı aşığı Lələnin adının İraq-Kərkük atalar sözlərində, bayatılarında, eləcə də, başqa folklor örnəklərində sıx-sıx çəkilməsi də maraq doğurur. Əlbəttə, bu, başqa tədqiqatın mövzusudur.
Biz bundan çox əvvəl “heca vəznli şeir və mənzum ata sözləri” adlı yazı çap etdirmişik.17
Tədqiqata cəlb etdiyimiz mindən artıq mənzum atalar sözlərindən doqquzu iki, otuz ikisi üç, səksən altısı dörd, yüz iyirmi səkkizi beş, qırx beşi altı, iki yüz otuz beşi yeddi, səksən üçü səkkiz, otuz səkkizi doqquz, iyirmisi on, iyirmi beşi on bir, yeddisi on iki, beşi on üç, altısı on dörd, ikisi on beş, üçü on altı, üç yüz on altısı isə qeyri-bərabər hecalıya (yəni hər beytdəki misralarda hecaların sayı bərabər olmayan) aiddir. Bu mənzərədən aydınca görünür ki, qeyri bərabər hecalı mənzum atalar sözlərinin sayı daha çoxdur. Bizcə, birinci növbədə bunlar nəsrlə nəzm arasında körpü rolu oynayan, daha doğrusu, hələ təkamülü tam başa çatmamış nümunələrdir. Eyni zamanda, nəsrlə nəzmin qovşağında dayanan bu deyim tərzi daha təsirli və yadda qalandır. Yeddi hecalı olanlar öz çoxluğuna görə az və çox hecalılardan qat-qat artıqdır. Xalq şeirinin daha lirik, oynaq, kütləvi nümunəsi olan bayatılarla ölçüləri birdir. Cəsarətlə demək olar ki, bayatıların daş-divarı, doğrudan da, atalar sözləri ilə hörülmüşdür. Üçüncü yerdə beş hecalılar durur ki, bunların ölçüsü də xalq mərasimlərinin heca ölçüsünə düz gəlir. Doqquz və on hecalılar xalq düzgülərinə çox yaxındır. On bir hecalı saz simli aləti ilə, yerdə qalan, on iki, on üç, on dörd, on beş və on altı hecalılar tarda ifa olunan qəzəllərə çox uyğundur. Sadəcə olaraq, dağ çayları dağdan-daşdan keçib duru bulağa çevrildiyi kimi, bunlar da əruz vəzni ilə yox, heca vəzni ilə qovuşmuşlar. Mənzum atalar sözü daxilində həmin təkamül və inkişaf bu gün də bir yaradıcılıq prosesi olaraq davam etməkdədir.
Ali və Orta məktəblərdə tədrisini nəzərə alaraq, bu kitabda iki hecadan on altı hecaya qədər mənzum atalar sözlərindən daha çox nümunələr seçib örnək verməyi məqsədəuyğun hesab etdik.
Dostları ilə paylaş: |