AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ


XALQ TEATRI və ya MEYDAN TAMAŞALARI



Yüklə 2,97 Mb.
səhifə11/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

XALQ TEATRI və ya MEYDAN TAMAŞALARI
Füzuli Bayat

filologiya üzrə elmlər doktoru, professor

AMEA Folklor İnstitutu

fuzulibayat@yahoo.com
Özət

Oyunun süjetli, təhkiyəli qismi olan xalq teatrı və ya meydan tamaşası orta çağdan başlayaraq XX yüzilin ortalarına qədər ge­niş yayılmış, texnologiyanın inkişafı, yaşam tərzinin dəyişməsi ilə zəifləmişdir. Xalq teatrı müxtəlif xarakterlərin, obrazların bir və ya bir neçə oyunçu tərəfindən canlandırılması olub rol oynama sənətidir. Meydan tamaşasında oyunçu öz oyununu deyil, oyna­maq zorunda qaldığı rolu canlandırır. Bunu üçün paltardan, səh­nə­dən, səhnə dekorasiyasından, maskadan və s. istifadə etməli olur. Rol oynayan oyunçu müəyyən bir ssenariyaya bağlı qalmaq, canlandırdığı xarakterin sözlərini əzbərləmək məcburiyyətində­dir. Nisbi sərbəstlik, bəzən yazılı mətnə baxmaq, bəzən kənara çıxmalar heç də bütünlükdə əvvəlcədən mövcud olan sözlü və ya yazılı mətnin dəyişdirilməsi demək deyildir.

Təhkiyəli tamaşalarda hadisələrin keçəcəyi məkan, qaydalar, oynanacaq xarakterlərin cinsi, irqi, sosial drumu və s. haqqında öncədən bilgi əldə edilir, səhnədə, oyun müddətində bunlar bu və ya digər dərəcədə diqqətə alınır.

Xalq teatrının ən önəmli özəlliklərindən biri də bütün ele­mentlərin – sözlü mətn, hərəkət, oyun meydanı, oyunçuların ge­yim­ləri, oyunu yönləndirən və s. vəhdətdə olmasıdır. Həm kiçik, həm də iri həcmli oyunlar sözlü, musiqili, hərəkətli olduğundan in­san beyninin bir neçə bölgəsinin, məsələn oksiptal (görmə), parietal (duyğu) ve temporal (eşitmə) birlikdə çalışmasını təmin etmiş olur.

Yazıda Azərbaycanda, xüsusən də Qarabağda geniş yayılan mey­dan tamaşaları fəlsəfənin, sosiologiyanın, folklorşünaslığın, teatrşünaslığın baxış açısından dəyərləndirilmişdir.

Açar sözlər: xalq teatrı, rol oynamaq, sözlü mətn, folklor­şünaslıq, ritual
Народный театр или народные представления

Резюме

Народный театр или народные представления, представляющие собой сюжетную, повествовательную часть игры, начиная со средних веков до середины XX века, ослаб в связи с изменением образа жизни и широко распространившимся развитием технологии. Народный театр – это искусство исполнения роли одним или несколькими актерами, воплощаюших разные характеры и образы. В народныхпредставлениях актер не свою игру воплощает, а роль, которую он вынужден играть. Для этого он использует одежду, сцену, сценическую декорацию, маску и т.д. Актер, играющий роль, вынужден придерживаться определенного сценария, а также учить наизусть слова данного характера. Относительная свобода, иногда подглядывание в письменный текст, а иногда отклонение от текста, в целом, не означает изменение заранее существующего словесного или письменного текста.

В повествовательных представлениях сначала приобретается знание о пространстве, где происходят события, правилах, роде, расе, социальном положении играющих характеров и т.д., а потом все это в той или иной степени принимается во внимание на сцене, во время игры.

Одной из самых главных особенностей народного театра – это единство всех его элементов (словесный текст, движение, площадь для игры, одежда актеров, направляю­щий игру и т.д.). И большие, и маленькие игры из-за того, что являются словесными, музыкальными, динамичными, обеспечивают совместную работу нескольких, например, оксиптальной (зрительный), париетальной (органы чувств) и темпоральной (слухового) областей человеческого мозга,

В настоящей статье народные представления, широко распространившиеся в Азербайджане, а особенно в Карабахе, рассматриваются с точки зрения философии, социологии, фольклористики и театроведения.

Ключевые слова: народный театр, исполнять роль, словесный текст, фольклористика, ритуал
Folk theatre or square performances

Summary

The folk theatre or square performance which is the plot, narration part of play spread beginning from the middle ages till the middle of the XX century, reduced with the changing the development of technology, lifestyle. Folk theatre is a role playing art that revitalizate different characters, images by one or some players. In square performance the player doesn’t revitalizate his own role, but the role he must revitalizate. That’s why he must use the clothes, stage, stage decoration and mask. The player who plays the role must close with the scenario and learn the words of the character by heart. Relative independence, sometimes looking at the written text, sometimes deviations are not the changing of existing oral or written text.

In narrative performances the information is obtained beforehand about the place where the events take place, the gen­der of characters, social condition and it takes into consideration during the play in the stage.

One of the peculiarities of folk theatre is combining text in words, action,the place for play, the clothes of players, the redirects of play. Both small and big plays ensure the working some part of human brain together, for example oksiptal (seeing), parietal (feeling) and temporal (hearing).

In the article the square plays spreading in Azerbaijan, especially in Garabag is estimated from philosophy, sociology, folklore study, theater science point of view.

Key words: folk theatre, to play a role, text in words, folklore study, ritual
Önsöz

Xalq teatrı oyunun təhkiyəli, süjetli qismi olub müxtəlif xa­rakterlərin, obrazların bir və ya bir qrup oyunçu tərəfindən can­lan­dırılmasıdır. Rol oynama əskidən var olan, zamanla inkişaf etdirilərək səhnələşdirilən teatral ünsürlərlə çulğaşmış oyundur. Meydan tamaşalarında oyunçu öz oyununu deyil, oynamaq zo­runda qaldığı rolu canlandırır. Bunun üçün paltardan, səhnədən, səhnə dekorasiyasından, maskadan və s. istifadə etməli olur. Rol oynayan oyunçu müəyyən bir ssenariyaya bağlı qalmaq, can­lan­dırdığı xarakterin sözlərini əzbərləmək məcburiyyətindədir. Nisbi sərbəstlik, bəzən yazılı mətnə baxmaq, bəzən kənara çıxmalar heç də bütünlükdə əvvəlcədən mövcud olan sözlü və ya yazılı mətnin dəyişdirilməsi demək deyildir.

Xalq teatrında hadisələrin keçəcəyi məkan, qaydalar, oyna­na­caq xarakterlərin cinsi, irqi, sosial drumu və s. haqqında öncədən bilgi əldə edilir, səhnədə, oyun müddətində bunlar bu və ya digər dərəcədə diqqətə alınır. Rol oynamaq üçün lazım olan digər ün­sürlər oyunbaşının, bir növü rejissorun yönətimi altında ger­çək­ləş­dirilir. Oyunbaşı bəzi kiçik süjetli teatrlarda oyunçunun özü­dür. Qaravəlli, Şəbih kimi geniş məzmunlu teatral oyunlarda oyun­başı sözlü mətni, səhnəni, dekorasiyanı yaxşı bilən, təcrübəli biridir.

Meydan tamaşalarında bütün elementlər – sözlü mətn, hərə­kət, oyun meydanı, oyunçuların geyimləri, oyunu yönləndirən və s. vəh­dət halında olur. Xalq teatrının estetikası da məhz bundan ibarətdir.

Teatral oyunlar sözlü, musiqili, hərəkətli olduğundan insan beyninin bir neçə bölgəsinin, məsələn, oksiptal (görmə), parietal (duyğu) ve temporal (eşitmə) birlikdə çalışmasını təmin etmiş olur. Bu özəllik rəqs, digər oyunlar üçün də xarakterikdir, ancaq ən çox teartal tamaşalarda ortaya çıxır. Xüsusən, Şəbih dini-mistik teatrı bu baxımdan örnəkdir. Ancaq bəzi xalq dramları folklorla ədəbi ənənənin qovşağında yaranmışdır. Şəbih bunun tipik örnəyidir. Belə ki, hadisələrin gedişi folklorikdirsə, müsbət xarakterlərin monoloq və dialoqları yazılı klassik üslubdadır. Müsbət obrazların muğam üzərində oxuması, bütövlükdə klassik musiqinin, yazılı ədəbi normanın xalq teatrına gəlməsidir. Bu da folklorla ədəbiyyatın meydan tamaşalarının ortaya çıxmasında birlikdə rolundan xəbər verir.

Qarabağda xalq teatrının bir çox növü dini qutlamalarda, tö­rən­lərdə oynanmaq üçün formalaşmışsa, bir qismi də daha çox kütləvi şənliklərdə, bayramlarda oynanırdı. Bir sözlə bayram küt­ləvi əyləncə olub meydan tamaşalarının da göstərildiyi yer və za­man idi. Meydan tamaşaları folklor hadisəsi olub min illər boyu xalqın bilik və təcrübəsinin demokratik bir formada yenə də xalqın özünə çatdırılması idi. Bu oyunlarda folklorun rəngarəng material­larından gülüşdən, dini mövzulardan, nağıllardan alınan süjetlər vardı.

Bu önsözü teatr termininin mənşəyi haqqında bilgilərlə ta­mam­lamağın yararlı olacağını düşünürəm. Teatr, yunanca theat­ron və ya theao sözündən olub teatr, baxmaq, görmək mənasını daşıyır. Zamanla teatr, oyunun göstərildiyi, tamaşanın oynandığı yer mənasındadır. Bu sözü rəsmi olaraq ilk dəfə Herodotos oyunu seyr edən, yəni tamaşaçı mənasında “theatron hönkür-hönkür ağladı” şəklində qələmə almışdır (Özgünel 2007, 358).
Xalq teatrının qaynaqları

Əski türk dövlət ənənəsində qəbul törənləri bir seromoniya, bir ritual göstəridir. Belə ki, bu törənlərdə dövlət ərkanından tutmuş, gələn elçilərin harada, necə oturacaqları, hətta qəbulun keçirilmə forması ilk rol oynama, ilk teatr oyunudur. Sonradan buraya dini-praktik məzmunlu şaman kamlamaları da əlavə olun­du. Beləliklə, türk teatrının dini-pratik şaman oyunundan, rəsmi, ancaq inancsal seremoniyadan, bir sözlə ritualdan çıxdığı fikrində durmaq lazımdır. Digər tərəfdən sarayda keçirilən bayramlar münasibəti ilə düzənlənən ritual göstərilərdə teatral tamaşanın əsas ünsürü olan seyr etmə, baxma kimi məsələlər ortaya çıxdı. Təbii ki, mal-qaranın artımı, əkinin bol məhsul verməsi üçün dü­zən­lənən bayramların da dini məzmunlu olduğu və teatrın qay­nağını təşkil etdiyi yaddan çıxmamalıdır.

Təbii ki, meydan tamaşalarınınrəqs kökənli olduğunu da de­mək lazımdır. Bu iddia rəqsin “söylənməsində”ana kriteriyanın teatr ünsürü olmasında özünü göstərir. Çünki rəqs geniş mənada təqliddir, bir başqası olmaqdır, təqlidsə rol oynamanın əsas krite­riyasıdır. Rəqs də meydan tamaşası kimi tamaşaçıya oyunçunun öz yaşamını deyil, bir başqa yaşamı, bir başqa hadisəni anladır. Hələ xalq teatr tamaşalarında oyunçuların rəqsdən istifadə etmə­ləri ayrı bir məsələdir. Teatr kimi rəqs də real yaşamdan kənarda gözəllik, estetiklik, rahatlıq, yaxşılıq, doğruluq, fədakarlıq axtarır.

Ritual məzmunlu tamaşalar sonradan komediya oyunlarının deyil, daha çox dramatik tamaşların yaranmasında böyük rol oynadı. Buradan xalq teatrının əskidən bəri komediya və dramdan (buraya faciəni də əlavə edə bilərik) mütəşəkkil olduğu məlum olur. Belə ki, ilk dini-mistik məzmunlu dram əsəri və ya faciə olan Şəbih, mövzusunu tarixi bir hadisədən almaqla keçmişin unu­dulmamasını, yaddaşların təzələnməsini təmin etmək üçün səhnələşdirilmişdir. Buna baxmayaraq meydan tamaşaları adı ilə adlandırdığımız oyunların içində drama və ya faciəyə nisbətlə komediyaların üstünlük təşkil etməsi sözlü ənənənin daha aktiv olduğundan xəbər verir. Faciə, dram oyunları tarixə, komediya isə sözə bağlı şəkildə inkişaf keçirmişdir. Komediya mövcud dü­zənin, yaşamın tənqid, gülüş formasıdır, gülərək verilən mesajdır, həyatın zorluqlarına gülərək sinə gərməkdir. Bunun ək­sinə olaraq dram və ya faciə isə tarixi, tarixdə yaşananları, ən əsası da acıları xatırlamaqla gələcəyi dəyərləndirməkdir. Ona görə də faciənin qaynağında real adi həyat hadisələri və ya nağılvari hadisələr və ya tarixi xronikalar deyil, dindən, inancdan, ritual-mifoloji keç­mişdən alınan mövzular durur.

Kütləvi şənliklərdə göstərilən güldürücü hərəkətlər, xalqın sər­bəstcə hökmdarlarla, saray əyanları ilə davranışları, onları tənqid etmələri, yamsılamaları əslində xalq teatrının əsasını təşkil edən gülüşün mənşəyi haqqında təsəvvür yaradır. Məsələn, macar topçu zabiti olan Tottun Osmanlı saray şənlikləri zamanı rum və yəhudi əsilli təlxəklərin, komediyanların dövlət böyükləri, sədri-əzəmlərlə, saray əyanları ilə lağ-lağı etdiklərini görmüş, saray bö­yüklərinin də bunları normal qarşıladıqlarına şahid olmuşdur (Can­dan 2007, 306). Sonradan bu güldürücü hərəkətlər əsas məz­munu gülüş olan orta oyunların, meydan tamaşalarının, xüsusən də qaravəlli tamaşalarının formalaşmasında konkret örnək rolunu oy­nadı.

Meydan tamaşalarının qaynağı bir mənalı olaraq folklordur. Bütn xalq komediyaları yumor, gülüş doğuran məzəli əh­va­lat­lardan gəlirsə, dram əsərlərinin qaynağı da nağıllardan gəlirdi. Bir çox dram oyunlarının süjeti nağıllarla eyni olub, sadəcə təkiyənin səhnələnməsindən başqa bir şey deyildir. Təbii ki, burda təqvim miflərini də unutmamaq lazımdır. Azərbaycanda mövzusunu təqvim miflərindən alan bir çox tamaşa vardır. Məsələn, “Kos-kosa”, “Təkəçi”, “Yeddi çoban”, bir neçə növü olan “Bəhs oyu­nu” və s. göstərmək olar.

Burada milli özünəməxsusluğu da nəzərə almaq lazımdır. Hər xalqın teatral oyununun qaynağı fərqli ola bilər. Məsələn, rus xalq teatrının qaynağı bunu açıqca göstərir (Qusev 1977).

Meydan tamaşalarının semantik funksiyası

Meydan tamaşaları termini altında əsasən, Azərbaycanda oynanan təhkiyəli, süjetli teatr oyunları nəzərdə tutulur ki, buna Türkiyədə və Orta Asiyada dəyişik adlar verilmişdir. Meydan ta­maşaları əsasən, dramatik xarakterli olub, ən azından iki oyunçu ilə oynanan səhnəyə, dekora, geyimə və digər makyaj ünsürlərinə sahib olan tamaşalardır. Dekorun teatr əsərinin tamlığı baxımın­dan önəmli yeri var. Ancaq əsl sənət səhnədə oyunçular tərə­findən həyata keçirilir. Dekorsuz teatr ola bilər, oyunçusuz teatr olmaz.

Rol oynayan (aktyor) və seyr edən (tamaşaçı) arasındakı mü­nasibətlər sistemi türk folklorunda seyirlik xalq oyunları, meydan tamaşaları, ortaoyunu, xalq teatrı və s. terminlərlə adlandırılan və ritual mahiyyətli əyləndirmək, tərbiyə etmək, öyrətmək funksi­ya­sı daşıyan oyunun bir növü olub nə zaman, ilk olaraq harada ya­randığı haqqında dəqiq məlumatımız yoxdur. Hər halda mifoloji çağda ritualın bir parçası olan oyunlar seyr edənlərə qutsal-mifoloji bilgiləri canlı şəkildə ötürmək, neofiti cəmiyyətin tam hüquqlu üzvü etmək vəzifəsini yerinə yetirirdi. Türklərin geniş coğ­rafiyalara yayılmaları və müxtəlif mədəniyyətlərlə təmasları nəti­cəsində bu ritual oyunlar kölgə, mərasim, festival xarakterli teatral göstərilərə dönüşdü. Meydan tamaşaları və ya Türkiyədə deyildiyi kimi “ortaoyunu əslində səhnə, pərdə, dekordan istifadə edilmədən və yazılı mətni olmayan çox aktyorlu, musiqili, ənənəvi türk xalq teatrıdır” (Albayrak 2004, 419; Rəhimli 2005, 6). Bu teatrın başlıca özəlliyi əsasən, tək pərdəli (və ya pərdəsiz) olması, oyunçunun tamaşaçı ilə iç-içə, qarşılıqlı göstərisidir.

Meydan tamaşaları və ya xalq teatrları musiqi, rəqs, monoloq, dialoq, təqlid, təmsil və b. ünsürlərdən meydana gəlmişdir. Hər hal­da dairəvi şəkildə (ayaq üstə və ya oturaraq) düzülən tama­şaçılarla əhatə olunan,tamaşanın meydanda oynandığı üçün ona meydan və ya ortaoyunu (ortada oynandığı üçün) adı ve­ril­­mişdir. Ümumi mənada açıq havada, yaşayış yerinin ortasında, bəzi hallarda yerləşik yerin kənarında olan təpəlikdə, şəhər mey­danlarında və ya karvansarayların həyətində, üstü qapatılmış kar­van­saray hovuzlarının üstündə, bazar yerlərində, kəndlərdə bəzən əkin sahələrinin yanında və s. kimi yerlərdə göstərilən ta­ma­şalara meydan tamaşaları deyilir. Ancaq meydan tamaşaları dedikdə biz əsasən dramatik oyunları nəzərdə tuturuq. Açıq havada oy­nanan pəhləvan göstəriləri, zorxana oyunları və s. nə­zərdə tutulmur.

Oyunun təhkiyəli forması olan meydan tamaşaları səhnənin tamaşaçıdan ayrılmadığı, oynayanın seyr edəndən o qədər də fərqli olmadığı məkanın və zamanın o ana, o şəraitə uyğun­laş­dı­rıl­dığı xalq teatrlarıdır. Xalq teatrının oynandığı yerlər kənd mey­danları, qəsəbə mərkəzləri, şəhər küçələri, çox az halda qapalı məkanlardır. Xalq teatrında oynayanlar xalq adətini, folklorunu bilən, oyun­çu­luq qabiliyyəti ilə seçilən həvəskarlardır. Bu həvəs­karlar öz bilik və bacarıqlarını sonrakılara, xüsusən də övlad­la­rı­na ötürməklə oyun­çuluqda usta-şagird ənənəsi formalaşdırmışlar. Necə oyna­maq, nəyi nə zaman söyləmək, dialoq və monoqları öyrətmək, varsa oxumaq, tamaşaçının tərkibinə görə oyunu qur­maq, qrim, mas­ka, geyim kimi bir çok məsələlər məhz peşəkar adlandırıla bi­lə­cək yaşlı oyun­çuların gənclərə öyrətdikləri teatr ünsürləridir. Us­ta-şagird müna­sibəti yalnız ənənəvi ötürmə yolu ilə həyata keçirilir.

Meydan tamaşalarında dəfələrlə deyildiyi kimi təqlid əsas ünsür kimi çıxış edir. Oyunun təməlində yer alan mübarizə, mü­ca­dilə, rol oynamaq əsasən təqlidlə həyata keçirilir. Meydan tamaşalarında hadisələr fonunda insan, heyvan, bitki və cansız əşyalar təqlid edilir. Meydan tamaşaları, daha doğrusu təhkiyəyə dayanan süjetli oyunlarda müəyyən bir mətnə əsaslanmadan irti­calən söyləmə, rəqs etmə, şeir demə, musiqidən istifadə, gül­dü­rücü hərəkətlər və s. də əsasdır.

Meydan tamaşaları yuvarlaq halqa şəklində düzülmüş tama­şa­çıların əhatəsində oynanılır. Bu tip meydan oyunlarına Asiyada, Afrikada, Amerikada, Avropada da rast gəlinir. Bir sözlə, oyun mil­li elementlərin, milli özünüdərkin, milli şüurun göstərgəsi ol­maqdan başqa bütün ölkələrdə və xalqlarda eynidir və fəlsəfi nə­ticəsi də ortaqdır. Ona görə də meydan tamaşalarının özəllikləri bir-birinə bənzər olub aşağıdakılardan ibarətdir:

- Meydan tamaşaları əsasən açıq havada (çox az halda, xüsusən də qış fəslində qapalı məkanlarda) oynanır.

- Şəbih tamaşaları istisna olmaqla təhkiyəyə dayanan digər meydan oyunlarının dekorasiyası ya olmur, ya da bəsit olur.

- Əsas diqqət oyunçuların geyimlərinə verilir.

- Meydan tamaşalarında tarixilik prinsipi gözlənilmir.

- Meydan tamaşalarının çox vaxt bir idarəedəni olur.

- Bu oyunlarda musiqidən (zurna, nağara, qoşa nağara, saz, tar, kamança və s.), rəqsdən də istifadə edilir.

- Meydan tamaşaları əsasən, a) girişdən, b) dialoqdan, c) oyu­nun mətnindən və d) sonluqdan ibarətdir.

Türklər yeni dinlər qəbul etdikcə meydan teatrlarının dini-inanc təməlində dəyişiklik baş vermişdir. İslamiyyətin nüzul etmə­sindən sonra baş verən Kərbəla hadisəsi ilə türk xalq teatrı faciəli, dramatik məzmunlu yeni bir meydan tamaşası olan Şəbihi yaratmışdır. Əskidən var olan ritual özəllik, mifoloji qurtarıcı qəhrəman, özünü yüksək amal yolunda fəda edən insan tipi Şəbih teatrının əsas bazasını təşkil etmişdir. Şəbih, əslində meydanda tamaşaçıların ortasında, həm də tamaşaçıların iştirakı ilə oynanır. Şəbih oyunçuları bu ənənəni atadan oğula keçirməklə bir növ ənənəvi bir üsul, oyun tərzi yaratmışlar. Bu isə bir növü xalq aktyor kadrlarının ənənə ilə yetişdirilməsi deməkdir.

“Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkə­zində, şəhər meydançalarında, karvansaraylarda, bazar içində, küçə­lərdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tama­şalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi “meydan teatrı” deyilir. Meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərkolunmaz hadisələrinə mü­nasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsip­lə­rini müxtəlif məz­mun və formalarla təcəssüm etdirən oyun vasitə­lə­rinin, üslub və janrlarının bədii toplumudur. Meydan tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar: mərasim və əsatir şənlik oyun-tamaşaları; küt­ləvi həyat və məişət etno-mədəni oyun-tamaşaları; əyləncəli səhnə oyunları; mistik xarakterli şəbih tama­şaları. Azərbaycanda mərasim tamaşalarını ümumiləşdirib iki qis­mə bölmək olar: mövsümi mərasimlər yazın gəlişi, əkinin başlan­ması, məhsulun yığılması, elin-elatın yaylağa çıxması, qoyun qırxını ilə əlaqəlidir. Məişət mərasimlərinə aşıq toyları, dərviş düyünləri, ölən igidlərin şəninə ağılar deyib, bayatı çağırmaq, yuğlama (ağlama) məclisi qurmaq, vəsfi-hal oyunları aiddir”, (Rə­him­li 2005, 6) hökmü doğrudan da çox şərtidir və ritual xa­rakterli oyunun keçirilmə yeri və zamanını göstərməkdən başqa bir şey deyildir. Meydan tamaşaları bir neçə yerə ayrılsa da hər halda onları aşağıdakı növlərə ayırmaq olar:

1. Əyləndirici, qısa məzmunlu meydan tamaşaları, bunlara daha çox komediya dediyimiz güldürücü mətnlər, bir çox variantı olan qaravəllilər, kukla oyunları, qismən də kölgə oyunları da­xildir.

2. Dini-mistik, geniş, dramatik, faciəvi məzmunlu tamaşalar, əsasən də Şəbih meydan tamaşaları.

Meydan tamaşalarının və ya xalq teatrlarının yaranması və inkişafı bir çox ünsürlərə bağlıdır. Bunlardan əsas olanlarını aşağıdakı kimi sıralamaq olar.

a) Heyvan və ya başqa bir varlığı canlandırmaq üçün maskalardan istifə etmək,

b) Acı, kədər, üzüntü və sevinc kimi hisləri göstərmək üçün mimikadan istifadə etmək,

c) Monoloqlardan, İlahi və ya qutsal varlıqlara müraciət formalarından gen-bol yararlanmaq,

d) Qadın rollarını kişilərin oynaması,

e) Musiqidən, mahnıdan, rəqsdən istifadə etmək.

Meydan tamaşaları və oyunları canlı, kukla, kölgə və s. yönlüdür və bunlar əslində xarakterinə görə ayrı bir bölgüyə daxil edilməlidir. Meydan tamaşalarının hamısı ritual bağlamlı, məra­sim xarakterli olduğundan bu bölgü altında ayrıca meydan oyunu kimi bir növ göstərməyi uyğun görmədik. Hətta məlum olan meydan tamaşalarının ənənəvi bölgüsü oyunun fəlsəfəsi, mədə­niy­yət növü olması baxımından yarımçıqdır.

Bir çox meydan tamaşaları folklorla yazılı ədəbiyyatın qov­şağında formalaşmışdır. Bunu qəhrəmanların dialoqu, mono­lo­qu, xüsusən qəhrəmanların dilindəki yüksək üslub, bəzən fikri mahnı ilə çatdırmaq və s. də göstərir. Folklorik ünsürlərə gəldikdə isə, biz bunu səhnənin qurulmasında, mənfi personajların nitqlərində, onların komik və bəsit davranışlarında, kütləvi səhnələrdə məişət dilinin üstünlük təşkil etməsində görürük. Bir sözlə xalq teatrının dil-üslub özəlliyi bir neçə sosial və siyasi təbəqənin danışıq dili­nin bir yerdə təqdimidir.

A.Nekrılova və N.Savuşkinanın da yazdığı kimi “Xalq teatrı folklor ənənəsinin təbii məhsuludur. Onda xalqın müxtəlif təbə­qələrini təmsil edən onlarla nəslin yaradıcı təcrübəsi toplan­mış­dır” (Nekrılova, Savuşkina1991, 6).


Xalq teatrında istifadə edilən vasitələr

Xalq mədəniyyətində heç bir şey dəyişmədən min illər boyu olduğu kimi qalmır. Mədəniyyətin ən böyük özəlliyi dəyişim və dönüşüm kimi varolma elementini yaşatmaqdır. Ona görə də meydan tamaşalarının hamısı nəsildən-nəslə keçməklə bəzi də­yişmələrə, bəzi elementlərin itirilməsinə məruz qalsa da ver­mək istədiyi mesajı, xalq fəlsəfəsini qoruya bilmişdir. Belə olduğu üçün­dür ki, əski oyunlar həm müasir oyunların, həm də teatr ta­ma­şalarının əsas qaynağı olmuşdur.

Teatr oyunlarda oyunun xarakterinə uyğun paltar geyinmək, üzün boyanması, maska taxılması, dialoq və monoloqlardan isti­fadə olunması, qismən də olsa səhnə dekorasiyasının mövcudluğu əsas­dır. Ancaq dramatik oyunlarda geyim, pərdədən, deko­ra­siya­dan daönəmli ünsürdür. Geyim oyunçuların özəlliklərini yansıdır. Səhnənin yuvarlaq olması tamaşaçıların sağa, sola, arxaya çevri­lən oyunçuları rahat görməsinə səbəb olur. Bir çox halda isə ta­maşaçılar da yerlərini dəyişməklə oyunu daha yaxşı izləyə bilmək imkanı əldə edirlər.

Meydan tamaşalarının əsas ünsürlərindən biri də rəmzi məna daşıyan maska və niqablardan istifadə edilməsidir. Oyun və mey­dan tamaşalarında istifadə edilən maskalar forma baxımından iki cür olur:

1. Papağa bitişik düzəldilən, başdan keçirilən və sifəti boya­boy örtən maskalar,

2. Yalnız üzü tutan və sifətə taxılan maskalar.

“Maskaların hazırlanma texnologiyaları və materialları müx­təlif olurdu. Bir qrup maskalar başqa-başqa meyvə və bəzək ağaclarının qurudulmuş zərif qabıqlarından düzəldilirdi. Onların ömürləri az olurdu. Belə ki, bir neçə tamaşadan sonra onlar sınır və yaxud zay görkəmə düşüb sıradan çıxırdılar.

Başqa qisim, yəni nisbətən yüngül, ömrü uzun maskalar yax­şıca aşılanmış heyvan (öküz, keçi, dəvə, maral, əlik və sairə) dəri­lərindən hazırlanırdı. Onları saxlamaq, səyyar tamaşalar gös­tər­mək üçün günlərlə bir məkandan başqa məkana gedəndə xurcun və sandıqçalarda qablaşdırmaq həm əlverişli, həm də asan idi. Onlara isti havalarda güvə düşməsin deyə, barxanaya qablaş­dı­ran­da yanlarına yovşan qoyurdular.

Maskaların daha dözümlüləri isə elastikliyini uzun müddət qoruyub saxlaya bilən ağacların gövdələrindən yonulurdu. Yonu­lub müxtəlif şəkillərə salınan maskaların keyfiyyətini uzun müddət qorumaq üçün onları oyun-tamaşalardan sonra xüsusi kə­tan və yaxud mahud parçalara bükürdülər. İllər keçdikcə maska­ların materialları və hazırlanma texnologiyaları sadələşdirilib. Bununla yanaşı, get-gedə qiymətli materiallardan imtina olunub. Bunun əsas səbəbi əsatiri mahiyyətli oyunlarının tədricən sıradan çıxması ilə bağlı idi.

Əsatirlə bağlı oyunlar azaldıqca, məişətdən doğan həyat hadi­sələri meydan tamaşalarının aparıcı mövzularına çevrilib. Bunun­la bağlı olaraq maskaların hazırlanma materialları da sadələş­dirilib. Beləliklə, maskaların (üzlüklərin) hazırlanma prin­sipində yüngüllük, rahatlıq, görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq ruhu əsas götürülüb” (Rəhimli 2005, 11).

Maskalardan fərqli olaraq xalq arasında bəzən tutuq adlan­dı­rılan niqablar, əsasən dini-mistik oyunlarda müqəddəs şəxslərin rolları zamanı istifadə edilir. Maskalardan gülüş doğurmaq, obra­zı canlandırmaq üçün (məsələn, kosa, keçi, keçəl, təlxək və s.) istifadə edilirdisə, niqablardan məsumiyyəti, qutsallığı qorumaq üçün yararlanılırdı. Ona görə də Şəbih tamaşalarında Hz.Hü­sey­nin, Hz.Abbasın və digər Əhli-beyt üzvlərinin rollarını can­landıranlar üzlərinə niqab taxırdılar. Bundan başqa qadın obrazla­rını oynayanlar da niqabdan istifadə edirdilər. Niqablar şəffaf, ağ parçadan hazırlanırdı ki, oyunçu qarşıdakını rahat görə bilsin. Əksinə, qarşıdakı oyunçular və xüsusən də tamaşaçılar niqabın altındakı üzü görə bilmirdilər.


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin