AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə2/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   2   3   4   5   6   7   8   9   ...   30

İgidlik (Cigitlik) adlı atüstü oyunlarda at sürənin (atlının) at sürmə məharəti nümayiş etdirilir. Bu oyunda atlı at üstün­də müxtəlif akrobatik hərəkətləri yerinə yetirir. Məsələn, sürətlə gedən atın üstündə, yəhərin üstündə ayaq üstə durur, (hətta bizim söyləyicilərdən biri yəhərdə başı üstə durub at çapan adam haqqında danışdı), atın qarnının altından keçir, yerdən müxtəlif əşyalar götürür və s. tryukları yerinə yetirir. Belə oyunlar üçün təxminən 300 metr məsafəlik bir cıdır nəzərdə tutulur. Bu oyunların yerinə yetirlməsi zamanı atın büdrəməsi, dayanması və ya atlının yerə yıxılması məğlu­biyyət sayılır.

Yerdən dəsmal (pul) götürmə. Bu oyuna qazax və qırğızlar “tənqəlü” də deyirlər. Bu da pul mənasında olan “tənqə” sözü ilə əlaqəlidir. Çünki oyunun əsas komponentini yerdən götü­rüləcək “tənqə” təşkil etməkdədir. Bu oyun atlıya yəhərdə otu­rarkən yüksək manevr etmə imkanı qazandırır. Atı idarə etmək üçün də cəld hərəkətlər formalaşdırır. Oyun Azərbay­canda, o cümlədən Qarabağda geniş yayılmış oyunlardan biri­dir. Komanda şəklində oynandıqda hər komandada üç atlı iştirak edir. Hər bir uğurlu hərəkət (dəsmalı götürmə) müsbət xal, hər bir uğursuz hərəkət (dəsmalı götürə bilmə­mək) mənfi xal qazandırır, yəni xal itkisinə səbəb olur. Beləliklə, oyun yarış xarakterini qoruyur və oyunda udan və uduzan komandalar olur.

Papaq götürmə (papaq oyunu). Azərbaycanın digər bölgə­lə­ri üçün də xarakterik olan bu komik oyun Qarabağ tərə­kəmələri arasında da geniş yayılmış oyunlardan biridir. Bu oyunun əsas məqsədi başındakı papağı qorumaq və rəqibin papağını götürməkdir. Oyunda beş oğlan və bir qız atlı işti­rak edir. Oyunun qaydasına görə qız atlı oğlanların papa­ğını götürə bilər, oğlanlar isə qızın baş geyimini, yaylığını götürə bilməzlər. Oyun 200 metrlik cıdır meydanında icra olunur. Oyunun müddəti təxminən 10 dəqiqədir. Oyunun sonunda başında papağını qoruya bilməyən atlıların atı əllərindən alınır və özləri də papaqla döyülərək meydandan qovulurlar. Oyun zamanı atı itələmək, papağın yerdən qal­dırıl­masına mane olmaq olmaz. Oyunun dinamikliyini təmin etmək üçün atla yavaş hərəkət etmək də qadağandır.


Sürpapaq oyunu (papaq götürmə). Bu oyun 150-200 metr uzunu və 60-120 metr eni olan meydançada oynanılır. Meydanın hər iki başında 3m hündürlüyündə dirək və onun da üzərində 50 sm halqa olur. Qoyun dərisindən olan üstü yunlu və içi taxta yonqarı ilə doldurulmuş papağla bu oyun oynanılır. Oyuna hər ikisi 6 nəfərdən ibarət iki komanda iştirak edir. Onlardan 4-ü hücumçu, 2-si isə müdafiəçi olur. Oyun 10 dəqiqəlik iki taymdan və aradakı 10 dəqiqəlik fasilədən ibarətdir. Oyunda papağı oyun­çular bir-birinə ötürərək nəhayət, onu dirəyin başındakı halqadan keçirməyə çalışırlar. Bu həndbol oyununa bənzər bir oyundur. Oyunda meydançadan çıxmaq, papağı oradan atmaq, papağı əlində 4 saniyədən artıq saxlamaq, papağı atmadan əldən-ələ ver­mək, rəqib oyunçunu və ya atını vurmaq qadağandır. Qaydaların pozulması halında cərimə zərbəsi təyin edilir və ya qayda pozan oyunçu oyundan çıxarılır.

Papaq oyunu (tımak). Bu oyun qazax və qırğız türklərində qalmışdır. Onlar oyunu belə oynayırlar: yerə at hündürlüyündə bir dirək basdırılır və onun başına bir papaq keçirilir. Atlı oyun­çunun gözünü dəsmalla bağlayıb yerində bir neçə dəfə dolan­dırdıqdan sonara onu buraxırlar ki, gedib dirəyin başındakı pa­pağı qırmancla vursun. Əgər atlı oyunçu bu tapşırığı yerinə yetirə bilirsə qalib olur, əgər yerinə yetirə bilmirsə məğlub olur və oyu­nun şərti nədirsə onu etməli olur. Təbii ki, bu oyunun atsız va­riant­ları da olmuşdur. Xüsusilə, “gözübağlı” bir işi yerinə yetirə bilmək üçün gəncləri fiziki baxımdan diqqətlə hazırlayan belə oyunlar çox olmuşdur. Atlı həyat tərzinin mövcud olduğu mühitlərdə isə bunun bəzi variantları qorunmuşdur.

Qızqovma oyunu (kızkuu, kızkumay). Bu oyun Orta Asiya­da, Qazaxstanda və Qırğızıstanda geniş yayılıb. Digər türk ölkələrinin oyun ənənəsində də bu oyuna rast gəlinir. Oyunda bir neçə cütlük iştirak edir. Burada atlı oğlanlar və qızlar işti­rak edirlər. Atlı qız öndə getməli, atlı oğlan isə ona çatma­lıdır. Əgər oğlan ona 300-400 metrlik cıdır məsafəsində çata bilməsə, geriyə doğru qız oğlana çatmalıdır. Əgər qız ona ça­tarsa o zaman onu əlindəki qamçı ilə vurur. Bu oyunun variantları çoxdur. Bir variantda oğlan qıza çatıb onun əlin­dəki dəsmalı almalıdır. Oyun komanda ilə oynanılır. Hər komandadan 2-3 cütlük bu oyunda iştirak edir. Atlı qız üçün iki at boyu qədər ara məsafə verilir ki, o öndə getsin. Oyunda at sürmək məharəti, geyim, oyunçu rolunun mahir ifası, atın görünüşü, ara məsaəfəsində çevik hərəkətlər və s. qiy­mət­lən­dirilir.


Boz qurd oyunu (kokpar). Orta Asiya türklərində atüstü oyunlardan biridir. Oyun olduqca qədimdir və özündə arxaik ritual rudimentləri daşıyır. Hazırkı vəziyyətində o, atsürmə vərdişlərinin gücləndirilməsinə xidmət edir. 50-60 metr məsa­fədə bir ağacdan bir keçi cəmdəyi asırlar və bir dəstə atlı o cəmdəyi götürmək uğrunda yarışır. Kim cəmdəyi götürürsə o, qalib olur.

Audarsıpak oyunu at sürərkən bir-birinə mane olmaq, onun yolunu kəsməkdən ibarət olub, daha güclü və daha çevik at seçiminə imkan verir.

Kume alu oyununda atla çaparaq yerdən pulları yığmaq lazımdır. Yarışda kim çox pul yığsa, o da qalib sayılır.

Alaman bayqa oyununda da əsas məsələ at seçimidir. Bu oyun uzun məsafəli at yarışıdır. Məsafə uzun olduğu üçün hər at bu yarışa davam gətirə bilmir. Ona görə də bu oyunda həm ənənəvi atlı-köçəri mədəniyyətinin adətləri qorunur, həm də uzaq məsafə üçün davamlı at seçimi həyata keçirilir. Belə oyunlar əlamətdar günlərdə, böyük bayramlarda təşkil olunur.


Çövkan və ya quy bozi adlı oyun Şərqdə məşhurlaşıb və hətta Avropaya da “at polo”su adı ilə gedib çıxıb. Çövkan oyunun qaydası belədir: 150-200 m uzununda və 60-120 m enində mey­dança seçilir. Qapının eni 3m. Oyun çomağa bənzər “çövkan” adlı ucu əyri ağacla oynanılır.”Çövkan” sözü leksik-semantik ba­xımdan “çomaq” və “çubuq” sözlərinə yaxın görünür. Funksional baxımdan da bu yaxınlıq özünü təsdiq edir. Bizə görə “çövkan” sözü o tərəf-bu tərəfə sürətlə hərəkət etmək mənasını bildirən “çoumaq” felindən olmalıdır. Belə hərəkət edən adama “çou­yan”/çouqan” deyilir. Bəzən də adamdan soruşurlar: “nə çou­yur­san?”-yəni, nə o yan-bu yana qaçırsan. Bu sözün Şirvan royan­larının dialektlərində qorunduğunu bilirəm. Oyunun xarakteri də bu sözdə ifadə olunan mənaya uyğundur. Oyun atüstündə oynanılan futbolu xatırladır. Oyunda isitfadə olunan top ağacdan olur.Oyun iki komanda arasında oynanılır. Hər komandada 6 oyunçu, 4 hücumçu və 2 müdafiəçi olur. Oyunçuların hər biri rəqib komandanın qapısından top keçirməyə çalışır. Hər dəfə qapıdan top keçəndə oyun mərkəzdən başlanır. Oyunçulara oyun xəttindən kənara çıxmaq, oradan top vurmaq, atı və ya oyunçunu vurmaq qadağandır. Oyun iki hissədən ibarət olur, hər hissə 15 dəqiqə, aradakı fasilə 10 dəqiqə olaraq müəyyənləşdirilir. Qay­daları pozan oyunçuya görə cərimə zərbələri təyin edilir və ya oyun qaydalarını pozan oyunçu meydançadan çıxarılır. “Ko­manda oyun növü olan çovqan yarışları eramızın birinci minil­liyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məş­hur olmuşdur. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyini göstərir (7). “Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxe­oloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyu­nu­nun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. “XIX əsrdə Hindistandan İngiltə­rə­yə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsa­sında Amerika və Avropa ölkələrində yayılmağa başla­mış­dır”. “Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir” (12;13;14).

“Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atı ilə oynanan çövkən oyunu milli Azərbaycan oyunu kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir”(12;14).

Qarabağın atüstü oyunlarına ümumtürk kontekstində baxdı­ğımız zaman bu oyunların vahid bir oyun mədəniyyətinin tərkib hissəsi olduğunu görürük. Bunlar eyni bir etnik-mədəni sistemin elementləri olaraq biri-birini tamamlayır, açır və izahına yardım edir. Belə tipoloji yaxınlıq genetik əsaslarla şərtlənir. Çünki bu oyunlar ortaq başlanğıcdan, ümumi arxetipdən gəlir, təbii-coğrafi şəraitə və sosial-mədəni mühitə görə müxtəliflik qazanır, şəkillə­nir və varinatlaşır. Bu proses onun daxili inkişaf qanunauy­ğun­luğundan qaynaqlanır və oyunlar yeniləşən mədəniyyətin içində transformasiya olunurlar.

Atüstü oyunlar da digər oyunlar kimi ritual mənşəlidir. Belə oyunların ritual-mifoloji semantikası ilkin kosmoqoniya ilə izah olunur. Xüsusilə, ilkin kosmoqoniyada at dünya modelinin zəruri elementlərindən biri kimi iştirak edir.At özündə kosmoqoniya üçün zəruri olan hərəkəti və sürəti rəmzləşdirir. Atın dünya mo­delindəki mifoloji mənası dünyanın yaranmasını sürətləndir­mək­dir. Bu fikrin izahını biz folklorda tapa bilirik. İlkin kosmoqo­niyanın astral elementləri (göy, gün, ay, ulduz) folklorda atla mifoloji rabitəsini qoruyur. Məsələn, “Gün çıx, gün çıx, kəhər atı min çıx” deyildiyi zaman at günəşi çıxaran, başqa deyilişlə, onu yaradan əsas vasitə rolunda çıxış etmiş olur. Günəşin dalınca at gedir və at günəşi gətirir.Günəş üçün mifoloji dünya modeli atı ona görə göndərir ki, o sürətlə və tez gələ bilsin. Nümunənin davamı da kosmoqoniyanı qadın başlanğıcı (saçlı qız) ilə təs­diqləmiş olur.

Atüstü oyunlar dünyanı atla oynanılan oyunun nümunəsində modelləşdirir. Məsələn, at yarışları yaradılışın əsas elementi olan hərəkəti özündə simvolizə edir.At kosmosla xaos arasında hərəkət edir. Atın hərəkəti hər iki tərəfədir: o həm kosmosdan xaosa, həm xaosdan kosmosa hərəkət edə bilir.Çünki yarışda at (və atlı) mü­əy­yən bir yerə gedib gəlir. Bu yürüş “o dünya”ya səfəri rəmz­ləş­dirir. Burada “o dünya” xaos və kosmos ola bilər. At adamı xaosa apardığı kimi, xaosdan çıxara bilir. At oyunlarının nümunəsində biz bunları aydın görür və ritual mətnini oxuya bilirik.

At üstündə yerdən əşya qaldıran atlı atla birlikdə dünyanın qurulmasında öz rəmzi iştirakını gerçəkləşdirir. Yerdəki əşyaların itkisiz toplanması dünyanın tamlığını təmin etmək üçün edilir. Bu hərəkətlər gözü bağlı edildiyi zaman dünya xaosdan çıxarılır. Məsələn, ağac başından asılmış papağı atüstündə gözübağlı dola­naraq gedib qırmanclamaq xaosa (qaranlıq dünyaya) səfər­dir. Papağın qırmanclanması isə bəd ruhların, cinlərin qovulması deməkdir. Bu arxaik ritual şaman praktikasına daxil olaraq şaman ənənəsini yaşadan türk xalqlarında qalmışdır.

Papaq oyunalrında papağın itirlməsi, papaq sahibin “o dün­ya”ya göndərilməsi deməkdir. O dünyaya getmək istəıməyən hər kəs papağını qorumağa çalışır. Həyatın və ritual ölümün qay­daları belədir ki, mütləq kimsə “o dünya” ya yola salınmalıdır. Yola salınan adam papağını başında saxlaya bilməyən adam olur.Papaq başı, baş adamı rəmzləşdirir, ona görə də “o dünya”ya gedən adamın papağı boş qalır. Özündən öncə papağının artıq xa­os dünyasına göndərilib boş qalmaması üçün mifoloji dünya modeli papaq sahibini də xaosa səfərə hazırlamış olur.Ritual-mifoloji dünya modelinə görə xaosa gedən papaq sahibini də ardınca gətirəcəkdir. Ritual-mifoloji hərəkətlər rəmzi xarakter daşıyır, amma bu rəmzlər mifoloji dünya modelində gerçəkliklə eyniləşmiş və ya ona bərabər şəkildə anlaşılır.

Komanda şəklində oynanılan oyunlarda da dünya xaos və kosmos olaraq iki hissəli şəkildə modelləşdirilir.Buradakı oyun xaosdan kosmosa və ya əksinə hərəkəti modelləşdirir. Arxaik ritual oyunda oynanılan “top”un (və ya onu əvəz edən əşyanın) qapıdan keçirilməsi (məsələn, çövkanda), halqadan keçirilməsi (mə­sə­lən, sürpapaqda) ilə “o dünya” ya göndərməni simvolizə et­məkdədir. Orta Asiya türklərində qorunan “qızqovma” (kızkuu) tipli oyunlar da ibtidai mədəniyyət dövrünü arxaik rituallarını özün­də əks etdirir və özündə ibtidai evlənmə adətlərinin ele­mentlərini (məsələn, qız seçimini) qoruyur.

Beləliklə, Qarabağın atüstü oyunları üzərində müşahidələrdən belə qənaətə gəlirik ki, bu oyunlar ibtidai mədəniyyət dövrünün arxaik rituallarından gələn çox qədim ənənəvi mədəniyyət nümu­nələrini ehtiva etməkdədir. Bu nümunələr üzərində təhlillərlə əski ənənəvi mədəniyyətimizin bir sıra aspektlərini öyrənə bilərik. Oyun nümunələrinin bu və ya digər şəkildə türk xalqlarında da mövcudluğu onların genetik əlaqələrindən, ortaq arxetiplərindən bəhs etməyə imkan verir. Türk xalqları ilə ortaq mədəniyyətimizi öyrənmək baxımından da atüstü oyunların tədqiqinin çox önəmli bir yeri vardır.

Əsas məsələ ondan ibarətdir ki, atüstü oyunlarımız milli-mədəni müxtəlifliyimizi, ənənəvi mədəniyyətimizin rəngarəng­li­yini yaşatmaq, gələcəyə itkisiz və zədəsiz çatdırmaq baxımından qorunsun. Respublikamızın Mədəniyyət Nazirliyinin bu istiqa­mət­də uğurlu addımlar atdığını bilirik. Xüsusilə, atüstü oyunların festivallarını keçirmək artıq bir ənənə halını almışdır. Hesab edirik ki, bu tipli fəaliyyətlər gələcəkdə daha da genişləndirilməli və intensiv xarakter daşımalıdır.



İşin elmi nəticəsi. Aparılmış araşdırmalardan aşağıdakı nəticələr əldə edilmişdir:

  1. Qarabağın atüstü oyunlarının müasir vəziyyəti haqqında konkret təsəvvür yaranmışdır.

  2. Müasir dövrdə atüstü oyunların praktik aspektləri müəyyənləşdirilmişdir.

  3. Qarabağ bölgələrinin ümumi folklor-etnoqrafik xüsu­siyyətləri ilə yanaşı lokal səciyyəsinin də aydın nəzəri mənzərəsi yaranmışdır.

İşin elmi yeniliyi. Qarabağın oyun folkloru və onun çox önəmli bir hissəsi olan atüstü oyunlar ilk dəfə real müşahidələr əsasında folklor-etnoqrafik komplekdə müstəqil araşdırmaya cəlb edilmiş, regional və lokal xüsusiyyətlərinin aydınlaş­dırıl­ma­sına təşəbbüs göstərilmişdir. Qarabağın atüstü oyunlarının lokal xüsu­siyyətlərinin öyrənilməsi üçün əlverişli şərait yaradılmış, oyun nümunələri ümumtürk kontekstində və ritualşünaslıq aspektində izah edilmişdir.

İşin tətbiqi əhəmiyyəti. Tədqiqat əsasında əldə edilən nəti­cə­lər Azərbaycan folklorunun ümumi tendensiyalarını, qlobal­laşma, elmi-texniki tərəqqi şəraitində mühafizəkarlığın, müqavi­mə­tin və təkamül prosesinin, xalq mədəniyyətinin inkişafında yerini və rolunu, qeyri-maddi sərvətin qorunmasının optimal yol­la­rının tapılmasını, milli mədəniyyətlə dünya mədəni nümu­nə­lərinin qarşılıqlı əlaqələrini ifadə edən nəzəri və praktiki tədbirlər kompleksinin hazırlanmasında yararlı olacaqdır.Məqalə nəzəri və praktik əhəmiyyətə malikdir.Burada əldə edilmiş qənaətlərdən ali məktəblərin humanitar fakültələrində əski mədəniyyətin öyrə­nil­məsi, xalq yaradıcılığının müxtəlif məsələlərinin tədrisi zamanı istifadə oluna bilər.
Qaynaqlar

  1. Xəlil A. Qarabağ folkloru:yazılı və şifahi ənənə­də. “Qa­ra­bağ folkloru: problemlər və perspektivlər” möv­zu­sunda Res­publika konfransının materialları. Bakı, 21 dekabr, 2012.

  2. Azərbaycan folkloru antologiyası. V cild, Qarabağ folkloru. Ba­kı,”Səda”, 2000.

  3. Qarabağ: folklor da bir tarixdir. II kitab, (Ağcabədi və Bərdə rayon sakinlərindən toplanmış folklor örnəkləri)Bakı, “Elm və təhsil”, 2012.

  4. Qarabağ: folklor da bir tarixdir. III kitab, (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan. Kəlbəcər, Laçın və Şuşa rayonu sakinlərindən toplanmış folklor örnəkləri)Bakı, “Elm və təhsil”, 2012.

  5. Xəlil A. Qarabağın mərasim folkloru: problemləri və perspek­tivləri // Qarabağ folkloru:problemlər və perspektivlər. Ağcabədi, 2014.

  6. Xəlil A. Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər. Bakı, 2001.

  7. Orucov T. Qarabağda xalq oyunları// Qarabağ folkloru: prob­lemlər və perspektivlər. Bakı, 2012.

  8. Toporov V.N. Konnıe sostyazaniya na poxoronax// Toporov V.N. İssledovaniya po etimoloqii i semantike.M., Yazıki slavyanskoy kulturı, 2004. T.I; Teoriya i nekotorıe çastnıe eyo prilojeniya.s. 550.

  9. Petruxin V.Ya. Mifı o sootvorenii mira. M., Astrel, 2005, s. 227.

  10. Sitnikova S.A. Tverskiy obryadovıy masleniçnıy tekst: reliktı drevnix miforitualnıx predstavleniy. M., 2012.

  11. Azərbaycan Sovet Ensiklopediyası. 10-cu tom. S. 377.

  12. Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan. unesco.org (ing.)

  13. http://az.wikipedia.org/wiki/%C3%87%C3%B6vk%C9%99n

  14. Yüklə 2,97 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin