AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2.97 Mb.
səhifə4/30
tarix29.11.2016
ölçüsü2.97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

Qaynaqlar

  1. Əfəndiyev Ə.Qafqaz əraziləri və xalqlarının təsvirinə dair ma­teriallar toplusu QƏXTMT (SMOMPK) /İzahlı bib­lioqra­fiya/ Bakı: Qartal, 1998.

  2. Kaşğarlı M. Divani-lüğət-it türk, II c., Bak;, 2007.

  3. Nəbiyev A. El nəğmələri, xalq oyunları.Bakı: Azərnəşr, 1988, 168 s.

  4. Nəbiyev A. Nəğmələr, inanclar, alqışlar.Bakı, «Yazıçı», 1986.

  5. S.Orucova Azərbaycan folklor materiallarının XIX əsrdə top­lanılması, rus dilinə tərcüməsi və nəşri problemləri (SMOMPK-un materialları əsasında) Bakı,“Elm və təhsil” 2012.

  6. Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып. IX., Тифлис: 1890.

  7. Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып. XX., Тифлис: 1894.

XALQ OYUN VƏ TAMAŞALARI

MÜHACİRƏTDƏKİ TƏDQİQATLARDA
Almaz Həsənqızı

filologiya üzrə elmlər doktoru, dosent

AMEA Folklor İnstitutu,

gunsel_gunsel@yahoo. co.uk

Özət

Dünyanın müxtəlif ölkələrində siyasi səbəblər üzündən mü­ha­cir kimi yaşamağa məcbur qalan ziyalılar folklorun ayrı-ayrı janr­ları ilə bağlı tədqiqatlar aparmışlar. Bundan əlavə, müha­ci­rətdə xeyli folklor materialı toplanmış, tərcümə və nəşr olun­muş­dur.

Mühacirətdə xalq oyunlarına həsr edilən ayrıca nəzəri təd­qi­qatlara təsadüf edilmir. Lakin mərasimlərlə bağlı apa­rı­lan araş­dırmalarda onlardan bəhs edilmiş, xalq oyun və tama­şa­ları müx­təlif tədbirlərdə, mümkün olduqca, əyani şəkildə canlan­dırıl­mış­dır.

Məqalədə xalq oyun və tamaşaları ilə bağlı mühacirətdə aparılan araşdırmalar təhlil ediləcəkdir.



Açar sözlər: mühacirət, tədqiqat, azadlıq, uşaq oyunları.
Алмаз Гасанкызы

Народные игры и представление в исследованях

эмигрантской фольклористике

Резюме

Те интеллигенты Азербайджана, которые из-за своих политических взгляд проживали в разных странах мира, исследовали все жанры фольклора. Одной из задач, пос­тавленных перед собой исследователями-эмиг­ранта­ми, было собирание азербайджанских фольклорных материалов, а другой задачей была их подготовка и опубликование для широкой читательской массы, и тем самым пропаганди­рование национальной культуры нашего народа.

В эмиграции народные игры и представление не исследовано отдельно. Но в исследованиях об обрядах и говорится о народных играх и представлениях. Кроме этого, в разных мероприятиях было исполнены разные на­родные представление и игры для очного воображение.

В статье привлечены к исследованию труды эмиг­рантской фольклористики посвященные народным играм и представлениям.



Ключевые слова: эмиграция, исследование, свобода, детские игры.
Almaz Hasankizi

National plays and shows in the emigration researches

Summary

The intellectuals forced to emigrate to different countries of the world because of the political reasons have conducted researches on various genres of the folklore. Moreover, a vast number of folklore materials were collected, translated and published in the emigration.

We do not coincide to the theoretical studies dedicated speci­fically to folk plays. However, the researches on the ceremonies have touched upon them as well, and folk plays and shows were animated as vividly as possible in different ceremonies.

The article will analyze the researches conducted in the emigration on folk plays and shows.



Key words: emigration, research,  freedom, child plays.
Aydındır ki, xalqın dili qədər onun yaratdığı sənət nümu­­nə­ləri çox mü­hüm əhəmiyyət kəsb edir, onlar qorunma­sa, topla­nıb dəyər­lərdirilməsə, xatirələrdən silinir, özlərilə bir­likdə onu yara­danla­rın tarixini də məchulluğa aparırlar. Bu gerçəyi Azərbaycanı əsarətdə saxlayanlar da yaxşı dərk edir­dilər və öz müstəm­lə­kəçi­lik siyasətlərini, milli nə varsa, onun unutdurulması istiqamətində müəyyənləş­dirir­dilər.

Sovet siyasi rejiminin folklorşünaslıqla bağlı yeritdiyi siyasə­tin nə qədər yanlış olduğunu təsəvvür etmək üçün təkcə Mərkəzi Komitənin baş katibi Mircəfər Bağırovun Azərbay­can Kommu­nist partiyasının XVIII qurultayındakı nitqinə nəzər salmaq kifa­yətdir. Azərbaycan Elmlər Akademiyasında alim­lərin elmi işlərilə bağlı fəaliyyətinə etiraz edən M.Bağı­rov həmin iclasda ironiya ilə demişdir: “Elmi tədqiqat işi “plan”larında “Abşeron toy adətləri” kimi “vacib” və “elmi” mövzular var idi” (9).

“Kommunist” qəzeti çıxışın həmin hissəsindən sonra mötə­ri­zədə salonda gülüşmə olduğunu ayrıca qeyd etmişdir. Bu da milli adət-ənənələrə o dövrün münasibətini göstərən faktlardandır.

M.C.Bağırovun nitqinin davamında sovet iqtidarının iç üzü bütün eybəcərliklərilə görünməkdədir. Belə ki, başdan-ayağa azər­­baycançılığa, türkçülüyə nifrət notlarına köklənən bu dəhşətli nitqdə elm, sənət adamlarına – ziyalılara qarşı ağlasığmaz cəza tədbirlərinin həyata keçirilməsinə çağırış dövrün acınacaqlı və vahiməli mənzərəsini əks etdirməkdədir: “Yoldaşlar, ideoloji təhriflərə və burjua millətçiliyi təzahürlə­rinə qəti son qoymaq və marksizm-leninizmə zidd ideologiya yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq la­zımdır” (9).

Beləliklə, sovet dönəmində xalqın azadlıq və hürriyyət arzu­larını alovlandıran, əsarət, kölə­lik buxovlarından qurtul­mağa səs­ləyən ədəbi əsərlər ya senzura tərəfindən ya­saq edilmiş, ya da məc­buriyyət üzündən bəzən hətta Azərbayca­nın öz təd­qiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaş­dırılaraq təhrif edilmiş, yan­lış təbliğ olun­muşdur. Bu yanlış siyasətin həyata keçməsinin qarşısını alan əsas maneələrdən biri və birincisi mühacirətdə fəaliy­yət göstərən Azərbaycan ziyalıları olmuşlar. Onlar vətəndən uzaq­larda olsalar da, Azərbaycanın türk kimliyindən heç vaxt ayrıl­mayacağını, hər zaman milli dəyərlərini qoruyacağını öz tədqiqatlarında bil­dir­məklə yanaşı, xalqın yaratdıqlarını yaşatmaq üçün əllərin­dən gələni edirdilər.

Qeyd etmək lazımdır ki, mühacirətdə xalq oyun və tamaşaları ilə bağlı ayrıca nəzəri tədqiqat əsərinə təsadüf olun­mur. Lakin mərasimlərlə bağlı aparılan araşdırmalarda bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, xalq oyun və tamaşalarının təsviri verilmişdir.

Mühacirətdə xalq oyunları ilə bağlı məlumatlara daha çox professor Əhməd Cəfəroğlunun tədqiqatlarında təsadüf edilmək­də­dir. Belə ki, folklorşünas alimin 1940-cı ildə İstan­bulda “Xalq evi”ndə etdiyi çıxışı əsasında hazırlanan “Folk­lo­rumuzda milli həyat və dil bakiyələri” adlı araşdırmasında sayaçı məra­sim­lə­ri­nin keçirilməsi ilə bağlı təsvirlər öz əksini tapmışdır. Uşaqlar tərəfindən xüsusi bir həvəslə keçirilən sayaçı mərasim-tamaşa­larını diqqətlə izləyən müəllif bəzi qaranlıq məqamları aydınlaş­dırmağa çalışmışdır.

Anadoluda “Saya gəzməsi” adı ilə ke­çirilən uşaq əylən­cəsi və Azərbaycandakı buna uyğun nəğmələr arasındakı əla­qəyə diqqət yetirən Ə.Cə­fəroğlu bunun bir mərasim oldu­ğunu aşkara çıxar­mışdır. Bu tədqiqatında Əhməd bəy Ana­dolunun bir çox bölgə­lərində şahidi olduğu həmin mərasimin, həmçinin orada iştirak edənlərin təsvirini ver­mişdir: “...ço­cuq­lar tərəfindən icra edi­lən bu mərasim “döllər” tutduğu zaman icra edilməkdədir. Ço­ban­lar­dan birisi, yaxud “Saya gəzi­si”ndə iştirak edən çocuqlardan hər hankisi “kərək” adı daşıyan çəni boynuna taxar və qafilə halın­dakı çocuq qrupu­nun başında olmaq üzərə davar sahiblərinin evlərinin bircə-bircə dolaşaraq bu şərqini söylərlər:

Saya, saya sallı gəlin,

Tokucağı ballı gəlin.

Salam verdim, aldınmı?

Saya gəldi, gördünmü?

Gec gedəlim yaylaya,

Yaylamızı yaylamıya.


Gəlin deyir ki:

Mən yaylamı yayladım

Qarlı soyuq sularla

Mən dərdimi eylədim” (5,29-30).

Tədqiqatçı təsvirini davam etdirərək davar sahiblərinə quzu verildiyini və əvəzində iştirakçılar hədiyyələr aldıqla­rını, hətta Konyada bu bəxşişin “Göbedeyi” adlan­dırıldığını qeyd etmişdir.

Ə.Cəfəroğlu Niğdə bölgəsində eyni şəkildə keçirilən Saya mərasim-tamaşasında isə əsas iş­ti­rak­çılar – oyunçular haqqında məlumat vermişdir. “Gəlin”, “qoca”, “ərəb”, “tül­kü”, ”dəfçi”, “qa­val­çı” adlandırılan altı nəfərin bu oyunda müəyyən vəzifəsi olduğunu, qalan iştirakçıların isə quzu daşıdığını gös­tərmişdir. Beləliklə, Ə.Cəfəroğlu bu xalq oyununun “aktyorları” haqqında bil­gilər verdikdən sonra onun tarixi köklərini araşdırmışdır. Müəllif Azər­baycanın Bakı və İrəvan bölgələrində daha çox ya­yılmış olan eyni mərasimin nəğmələrini mü­qayisə edərək belə bir nəticəyə gəlmişdir: ”Ədası, tərzi və dili hər halda xalq şeirinin məhsulu olduğuna şübhə buraxmamaqdadır. İçində bir sürü xalq fəlsəfi fikirləri və hətta islami, qeyri-islami bir sıra etiqadlar yer bulmuşdur” (5,31).

Almaniyada mühacir ömrü sürən Behruz Həqqinin “Ko­roğlu”–tarixi-mifoloji gerçəklik” əsərində sayaçı mərasim ta­ma­şa­larının özəllikləri haqqında qısa şəkildə bəhs edil­miş­dir: “Ata-babalarımız bahar ərəfəsində, qoyun və keçinin ar­tı­mı ilə eyni vaxtda “Dul, soy, nəsil” ad­landırdıqları bir məra­sim keçirər­miş­lər. Həmin günlərdə bu mə­rasimi icra edənlərə “sa­yaçı”, təbiətə təsir edib onu ovsun­lamaq üçün oxunan mah­nı və şeirlərə isə “sayaçı sözləri”, yaxud da “soyçu sözləri” deyərdilər. Bu mərasi­mi icra edənlər çoban paltarı geyərək (mən özüm uşaqkən dönə-dönə bu mərasimi Təbriz­də görmüşəm) bir neçə keçi və qoyunla birlikdə şəhər və kəndləri gəzib, qoyun və keçiyə ehtiram əlaməti olaraq mal­darlığın müqəddəsliyilə bağlı mahnı və şeir oxuyar­dılar” (8,293).

Yağışı və günəşi çağırma mərasimi və bu zaman təşkil edilən xalq tamaşaları haqqında müəyyən məlumatlara Ə.Cə­fəroğlunun tədqiqatlarında təsadüf olunmaqdadır. Alim həmin oyunlar za­ma­nı oxunan duaya Anadoluda “Gode-gode”, bə­zən “Kəpçə qadın”, bə­zən “Çömçə gəlin” və ya “Çullu qadın” deyildiyini, Azər­bay­canda isə “Qodu-qo­du”, ya da “Dodu-dodu” adlandırıldığını qeyd etmişdir. “Qodu”, “dodu” , “go­de”­nin kəl­mə kimi türk lüğət­lərin­də yer almadığını, yəni əslində bu sözlərin hər hansı bir məna ifadə etmədiklərini bildirən tədqiqatçı müxtəlif türk ellərində uşaqların ev-ev do­lanaraq icra etdikləri bu mə­rasimi oxucusu üçün canlan­dırmağa çalış­mışdır. Ə.Cəfə­roğlunun verdiyi təsvirə görə Saf­ranboluda “Gode-go­de” yağışı çağırma məra­simi kimi keçi­rilir, uzun sırıqları olan özünəməxsus ge­yim­dəki uşaq­lar nəğ­mə oxuyaraq qapı-qapı dolaşaraq, ərzaqdan ibarət hədiy­yələr toplayırlar, ən uzun sırığı daşıyan başçı olur, verilən bəxşişlər onun boynundan asdığı torbaya yığılar, sonda onların arasında bölünür və oyun bitir. Əhməd bəy oxunan şərqiləri də tədqi­qatına əlavə etmişdir:

Gode-gode göl olsun,

Evin önü sel olsun.

Arpa, buğda çox olsun,

Göydən rəhmət, yerdən bərəkət!

Bi deyim un, bi deyim su,

Dəyməndə oluk daşacaq,

Qurbalar içəriyə qaçacaq.

Godecuğum bəxşiş verürsə,

Rahmət göydən yağacaq

Ver, Allahım, ver (5,26).

Azərbaycanda “Qodu-qodu”nun yağışı deyil, günəşi çağırma mərasimi kimi keçirildiyini və müəyyən qədər fərqli olduğunu bildirən Ə.Cəfəroğlu burada tax­ta qaşıq və ya kəfkirdən bir gə­lin­cik düzəldərək onun boynundan kəhrəba təsbeh asaraq, bə­zədildiyini, uşaq­ların nəğmələr söyləyərək evlərdən bəxşiş topla­dıqlarını göstərmiş və həmin şərqiləri örnək kimi tədqiqatlarına daxil etmişdir (5,26). Xatırladaq ki,“Azərbaycan ədəbiyyatı ta­rixi” kitabında da “Qodu-qodu” günəşi çağırma mərasimi kimi təqdim edilmişdir, burada verilən örnəklər isə cüzi fərqlidir (3,118-119).

Ərzurum, Əhlət, Van bölgələrində, Azərbaycanda və tərə­kə­mələrdə bu məra­simdən sonra yeyilən yeməyin – şilənin adının şamanizmdən qalan “şölən”in dəyişilmiş şəkli olması ehtimalını irəli sürən Ə.Cəfəroğlu Anadoluda “adak aşı”, Azərbaycanda isə “fəsəli” adlı yeməyin də yeyildiyini xatırlatmışdır (4,146; 6,72).

Ə.Cəfəroğlu uşaqların bu oyunda mütləq gəlinciklə işti­rak etməsinin müxtəlif şərhlərə yol açdığını bildirmişdir, bə­zi­lə­rinə görə Qodunun Günəş və Ay, bəzilərinə görə isə büt – ilahi şəklində izah edildiyini, mərasimdə iştirak edən həmin gə­­lin­ciyin də bu fikri təsdiqlədiyini irəli sürmüşdü.

“Folk­lorumuzda milli həyat və dil bakiyələri” məqalə­sində həm sayaçı, həm də “Qodu-qodu” məra­sim­lərinin türkdil­li xalq­ların kültüründə ən qədim zaman­lardan bəri möv­cud olduğunu, son illərə qədər uşaq oyunları şəklində gə­lib çatdığını bildirən alim yazmışdır: “Bunlar hər hansı bir yabançı təsirdən məsun qalan çocuqların xəyali məhsulları ol­duqla­rından bəkarətini mühafizə edə bilmişdirlər. Eyni za­man­da kənd uşaqlarının hürr və sərbəstcə oyun yapmaları bu dədə-babadan qalan məhsulların az bir fərqlə mü­ha­­fizəsinə yardım etmişdir (5,25).

Mühacirətdəki Azərbaycan ziya­lıları öz adət-ənə­nələrini ya­şatmaq, qorumaq, sahib­lən­mək üçün onları yalnız toplayıb nəşr etmə­miş, həm də imkan olduqca, əyani şəkildə can­landırmağa çalış­mışlar. 1971-ci il “Azər­baycan” (Ankara) dərgi­sinin özəl sayında İsgən­dər Aküzümün Türkiyədə Azər­bay­can mədəniyyəti ilə bağlı mühacirlər tərəfindən keçirilən mü­samirə gecə­lərin­dən birinin hesabatına həsr olunan “Azər­baycan folklor şənlikləri” adlı məqa­ləsi bunu açıq göstər­məkdədir. Müəllif yazır: “Azər­baycan Kültür Dərnə­yinin Folklor qrupu “Gəlin götürmə” havası ilə Azərbaycanda yapı­lan bir düyünü (toyu) canlan­dırırdı. Salonun bir tərəfində gəlin alayı, digərində damad tərəfi ... yerlərini al­dıqdan sonra çalğı qrupu çaldığı oyun havaları ilə tək, cüt və qrup halında milli oyunları ifa edirdi” (1,34).

Mühacirlərin canlandırdıqları Azərbaycan toyunun bir çox detallarının sevgi və hassalıqla Türkiyə tamaşaçısına təqdim edilməsi yazıda öz əksini tapmışdır ki, bu da qərib ziyalıların xalq ənənələrinə olan sonsuz məhəbbətinin göstəri­ci­sidir: “Dü­yün (toy) sona çatmış, gəlin alayı salonu tərk edər­kən, alayın önündə oynayaraq gedən xonçanı (sini, təpsi) daşıyanın hərəkəti hər kəsin diqqətini çəkirdi. Hələ çıxışda anfi üzərinə çıxarılmış damadın əlində bir alma ilə gəlinin gəlişini həyəcan içində gözləməsi və aldığı vəziyyət görməyə dəyər bir mənzərə idi (1,34).

Yeri gəlmişkən, mətbuatda verilən hesabatlara əsaslan­saq, Azərbaycanın mü­hacir qadınları milli mənəvi sərvətlərin, müx­tə­lif mə­rasimlərin, xalq mahnı­larının, oyunlarının və rəqslərin və­təndən kə­nar­da təbliğ olun­masında yaxından iştirak etmişlər. Belə ki, “Azər­bay­can” (Ankara) dərgisində verilən “Ərgənəkon bayra­mında qadın­lar boz qurd oyunu oynadılar” məqaləsində “yük­sək təhsil gör­müş azərbaycanlı qa­dınların təşkil etdiyi” təntənəli bir mərasim, xanımların Vətənin əsarətinə qarşı alovlu çıxış­ları, ey­ni zamanda ifa etdik­ləri mahnılar, rəqslər və xalq oyunları haq­qında mə­lumat veril­miş­dir (7,86).

Xanımların fəaliyyətini yüksək dəyərlədirən Azər­bay­can Kültür Dərnəyinin təşəkküründə isə deyilir: “Azər­bay­canlı qa­dın­­lar da milli davamıza mücahidlərin yanıbaşında kom­munist rus istilası altında sümürülən, yoxolma təhlükəsi qar­şı­sında qalan Və­­tən Azərbaycanın qur­tarılması savaşı içə­ri­­sindədirlər. Nə mut­lu böylə müqəddəs və şərəfli davada səf tutan türk ana­larına, bacı­larına” (7,87).

“Azərbaycan” dərgisinin ayrı-ayrı saylarında milli sər­və­ti sahiblənərək qoru­maq məqsədilə mühacirətdə keçirilən tədbirlər və bu zamanı müxtəlif folklor ör­nək­lərini – xalq oyunları, saz ha­va­ları, mahnılar, rəqslər (onların içə­risində “Nazlı bahar”, “Xala-bacı”, “Gündəvur”, “Diringi” və s. ki­mi artıq unudulmaqda olan­lar da var) təqdim etməklə Azər­baycan mə­də­niyyətinin ta­nıt­dırılması haqqında xə­bərlər öz ək­sini tap­mışdır (2,19-20).

Xalq oyun və tamaşaları milli mədəniyyətimizin mühüm bir hissəsidir, onların təhlilə cəlb edilməsi bu gün də aktual olaraq qalmaqdadır. Qeyd etməliyik ki, bu mövzu ilə bağlı mühacirətdə aparılan araşdırmaların öyrənilməsi folklorşünas­lığımız üçün mühüm əhəmiyyət kəsb edir və hələ də gələcək tədqiqatçısını gözlə­məkdədir.


Qaynaqlar

  1. Aküzüm İsgender. Azerbaycan folklor şenlikleri, “Azer­baycan”, Ankara, 1971, yıl 20, sayı 204, s.32-342.

  2. Azer­baycan”, Ankara, 1971, yıl 20, sayı 204, s.19-20).

  3. Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.

  4. Caferoğlu Ahmet. Anadolu və Azerbaycan cocuk folklorunda şamanizm bakiyesi, “Türklük”, I, İstanbul: 1939, sayı 2, s.144-149.

  5. Caferoğlu Ahmet. Folklorumuzda milli hayat ve dil bakiye­leri, C.H.P, Konferanslar serisi, Kitap 16, İstanbul: 1940, s. 21-36.

  6. Caferoğlu Ahmet. Azerbaycan və Anadolu folklorunda sakla­nan iki şaman tanrısı, Ankara: Ankara Universitesi İlahiyat fakültesi dergisi, I-IV, 1958, s. 65-75.

  7. Ergenekon bayramında Azerbaycanlı kadınlar bozkurt oyu­nu oynadılar, “Azerbaycan”, Ankara, 1972, yıl 21, sayı 205, s.86-87.

  8. Həqqi Behruz. “Koroğlu” - tarixi-mifoloji gerçəklik, Bakı: Nurlan, 2003, 316 s.

  9. “Kommunist” qəzeti, Bakı: 26 may 1951.

SALYAN-NEFTÇALA BÖLGƏSİNDƏ MEYDAN TAMAŞALARI VƏ UŞAQ OYUNLARI
Aynurə Sadıqqızı (Səfərova)

AMEA Folklor İnstitutu

aynura.safarova1@gmail.com

Özət

Xalq arasında vaxtilə geniş yayılmış meydan tamaşaları və oyunların bir çoxu hazırda sıradan çıxmışdır. Şəbihləri və Məhər­rəm ayının Aşura günündə icra olunan “Ələm gəzdir­mə” adətini unudulanlar cərgəsində xüsusilə qeyd etməliyik.

Bəzi uşaq oyunları vardır ki, onların da bir çoxu unu­dul­muşdur. Belə oyunlardan həm oğlanlar, həm də qızlar arasında oyna­nılan “Turnavırdı”, “Bəgməgizir”, “Köçal­dı­qaç”, əsasən oğ­lan­­lar arasında oynanılan “Eşşək beli sındırdı”, “Yoldaş, səni kim apardı”, “Qayışgötürmə” və s. misal göstərə bilərik.

Malik olduğumuz bir çox milli-mənəvi dəyərlərimizi itirmə­mək üçün unudulmaqda olan meydan tamaşalarını və bəzi uşaq oyunlarını vaxt itirmədən xalq arasından toplamaq və nəşr etdir­mək zəruridir.



Açar sözlər: uşaq oyunları, “Turnavırdı”, “Bəgmə­gizir”, mey­dan tamaşaları, şəbih, “Ələm gəzdirmə”.
Айнура Сафарова Садых кызы

Детские игры и площадные спектакли существующие

в Нефтчала-Сальянском регионе

Резюме

Болшинство игр и площадных спектаклей осуществля­емые среди детей, подростков вышли из обиходного строя. Среди них в особенности необходимо отметить традиции, которые проводятся в месяце Мехеррем в день Ашуры: «Элем гездирме» и «Шебих». Эсть и такие детские игры, которые забыты. Например такие игры как: «Турнавурды», «Бегмегизир», «Кочалдыгач»; игры которые в основном играют мальчики: «Эшек бели сындырды», «Ёлдаш, сени ким апарды», «Гайышготурма» и.т.д.

Чтобы не потерять наши национальные и духовные ценности, ко­то­ры­ми мы владеем, необходимо собирать эти площадные спектакли, а также детские игры, которые забыты.

Ключевые слова: детские игры, «Турнавурды», «Бегмеги­зир», площадные спектакли, «Шебих», «Элем гездирме».

Aynura Safarova Sadik kizi

Challenges and child folk games existing

in Salyan-Neftchala region

Summary

Young and teenagers have forgotton plays being famous in the past. We must especially note about Shebih and “Elem gezdirme” habit which executed in Ashura in Meherrem month.

Some child folk plays have been forgotten. For example: “Turnavirdi”, “Begmegizir”, “Kochaldigach”, “Esh­shek beli sin­dirdi”, “Yoldash, sani kim apardi”, “Gayish­goturma” was played among boys.

We must gather challenge and folk games for quarding our national and spiritual values.



Key words: child folk games, “Turnavirdi”, “Bagma­gizir”, challenges, shabih, “Alam gazdirme”.
Salyan və Neftçala bölgəsində digər folklor örnəkləri ilə ya­na­şı meydan tamaşaları və xalq oyunları da geniş yayıl­mış­dır. 2002-ci ildən bəri tərəfimizdən toplanılan folklor örnək­ləri arasında bir çox uşaq oyunları və meydan tamaşaları nümu­nələri vardır ki, onlar özünəməxsusluğu ilə seçilir. Mey­dan tamaşaları arasında Novruz bayramında Kosa ilə Keçəlin məzəli hərəkətləri, uşaqların evdə yaşlı nənələrinə məxsus pal-paltarları geyinərək qonşuların evinə getməsi, üz-gözlərini hisə batırıb özlərini tanınmaz hala salıb yaxın qohum və qonşuları əyləndirməsi və s. ilə bağlı xatirələr söyləyicilərin yaddaşında qorunur, saxlanır. Novruz bayramı günlərində “Yumurta dığırlatma”, “Yumurta döyüşdürmə” və digər bu tipli oyunlar sözügedən bölgədə bu gün də icra olunur.

Vaxtilə Salyan və Neftçala ərazisində Məhərrəm ayının Aşu­ra günündə dini məzmunlu müxtəlif mərasimlər icra olunmuşdur. Bunlardan “Ələm gəzdirmə” adətini xüsusilə örnək göstərmək olar. Bölgə ərazisində “Ələm gəzdirmə” adəti ötən əsrin 60-80-ci illərində mövcud olmuşdur. Ələmi əsasən seyidlər gəzdirirdilər. Ələm beş barmaqdan ibarət əl formasındadır. Əlində Ələm gəz­dirən adam ortalıqda gəzişir, kimin nəziri varsa, onun üstünə ge­dirmiş. İnsanlar ələmə pul və ya xələt bağlayırmışlar. Bu zaman Ələm atılıb-düşərmiş, buna görə bəzən “Ələm cuşa gəldi” ifa­dəsini də işlədirmişlər. Hazırda bölgədə “Ələm gəzdirmə” adəti tamamilə sıradan çıxmışdır. Lakin Ələm yenə də çox müqəddəs sayılır, məscidlərdə qorunur, nəziri olanlar ona xələt bağlayırlar.

Toplama zamanı bölgə ərazisindən qeydə aldığımız mətnlər­dən birində şəbih-tamaşanın təsviri verilir. Söyləyici Orucov Ədalət Alşan oğlundan qeydə aldığımız mətndə Salyan rayonu­nun Şorsulu kəndində icra olunan şəbih-tamaşanın sonradan lətifəyə çevrildiyini müşahidə edirik. “Bir ləzgini bulaq başında oturdub tapşırırlar ki, bu bulağın suyundan heç kimə bir damcı da verməsin. Qucağında körpə balası olan bir gəlin bulağa yaxın­laşır, su istəyir, yalvarır ki, körpəmə bir içim su ver. Ləzgi deyir, yox, vermərəm. Gəlin çox yalvarır-yaxarır, ləzgi ürəyi yumşaq adam olur. O yana-bu yana baxır, deyir, bacı, mən verərəm ey, bu Şorsulu kopoğlannarı qoymur” [2]. Əslində ssenariyə görə ləzgi suyu verməməli, gəlinə qarşı kobud, qaba tərzdə yox deməli imiş. Hazırda bu tipli şəbihlər də bölgədə tamamilə unudulmuş, sıradan çıxmışdır.

Bölgənin uşaq oyunları arasında geniş yayılmış, hər kəsin bil­diyi oyunlar olsa da, bəziləri digər bölgələrə məxsus oyun­lardan fərqlənir. Belə uşaq oyunları arasında vaxtilə “Turnavırdı”, “Köçaldıqaç”, “Təkmə-cüt”, “Bəgməgizir” və s. mövcud olmuş­dur. Sadaladığımız oyunları uşaqlığı təxmi­nən 1940-cı illərə təsadüf edən söyləyicilərin repertuarından qeydə almışıq. Neftça­la rayonunun Xolqarabucaq kənd sakini, 1928-ci il təvəllüdlü, təhsilsiz Adilə Əhədovanın yaddaşından üç oyun mətni qeydə aldıq ki, həmin oyunlar hazırda bölgədə tamamilə unudulmuşdur. A.Əhədovanın verdiyi məlumata görə, radio-televiziyanın möv­cud olmadığı illərdə insanlar gündəlik iş-güclərini görüb-bitir­dik­dən sonra boş vaxtlarında hər gün bir qonşunun evinə yığışır­mışlar. Onlar uzun qış gecələrində cürbəcür oyunlar təşkil edərək öz vaxtlarını daha maraqlı keçirirmişlər. Bəzən bir evə beş-altı evin uşaqları yığışır, müxtəlif oyunlar təşkil edirmişlər. Belə oyunlardan “Turnavırdı” çox maraqlıdır. Söyləyicinin dedi­yinə görə, bu oyunu oğlanlar və qızlar bir yerdə oynayır­mışlar. Uşaq­lar çay dəsmalını hörürmüşlər, turna həmin hörülmüş çay dəs­malına deyirmişlər. İki bərabər dəstəyə ayrılan uşaqlardan ikisi dəstə­başçısı olurmuş. Dəstələrdən birində nə qədər adam vardısa, o qədər də turna düzəldirdilər. Seçilmiş dəstə başçıları əvvəlcə öz aralarında pıç gəlirlər, yəni biri ovcunda gizlətdiyi kiçik çöpü, yaxud kiçicik bir əşyanı tapmaq üçün əllərini bağlı formada digər dəstə başçısına tərəf uzadır. Əgər hansı əldə gizlətdiyini tapırdısa, oyuna birinci qarşı dəstə başlayırdı. Yaxud adi kibrit qutusunu ortaya atırmışlar. Bu tərəfi düşərsə, ciki, digər tərəfi düşərsə, böki deyər, –

“Ciki mənim, böki mənim,

Tooxan* dursa, o da mənim” deyirmişlər. Əvvəldə uduzan dəstənin uşaqları dairəvi cizgiyə girir. Kənarda qalan dəstə cizgidəki turnaları götürməyə çalışır. Götürə bilmə­yən­ləri turna ilə döyürlər. İçəridəkilər kənara çıxır, kənardakılar cizginin içərisinə girirlər. Oyunun əsl mahiyyəti turnanı ələ keçirməkdir. Turnanı ələ keçirən dəstə qalib sayılır. Oyunu uduzan dəstənin oyunçuları həyətə çıxıb üç dəfə ucadan qışqırmalı imiş:

“İtdi itin bağlasın,

Bu gecə yalaq mənimdi” [2].

Söyləyicinin məlumatına görə bu kəlmələri bütün qonşular eşidirmiş. Səhəri günü hamı keçən gecə oyunu uduzan dəstənin kim olduğunu öz aralarında danışıb gülüşür­müşlər.

“Bəgməgizir” oyunu təxminən digər bölgələrdə mövcud olan “xan-vəzir” oyununa çox yaxındır. Oyunun qaydalarına görə oyunçulardan biri bəy, biri vəzir, digəri cəllad və s. vəzifələri icra edirlər. Uduzan oyunçunu döşəmənin üstündə iməkləyə-iməkləyə gəzdirirmişlər.

“Təkmə-cüt” oyununda da adi kibrit çöpünü ovucun içəri­sində gizlədərək digər oyunçudan tapması tələb olunur. Bu zaman kibrit çöpünü tapmağa çalışan oyunçu aşağıdakı parçanı oxuyur­muş:

* tooxan dursa – dik dursa

“Ya ondadı, ya bunda,

Halvaçı tükanında,

Ağam didi, vır bunda… [2].

Bağlı ovuc açılır, əgər kibrit çöpü tapılırdısa, udurdun, əgər tapılmadısa, uduzurdun. Söyləyicinin dediyinə görə bu oyunda da uduzan oyunçu həyətə çıxıb qışqırırmış:

“İtdi itin bağlasın,

Bu gecə yalağ mənimdi” [2].

Qədim oyunların təsviri bir daha göstərir ki, uşaqlar öz oyun­larını gündəlik həyat və məişət tərzlərinə uyğun formada təşkil edirmişlər.

Bölgə ərazisində diqqətimizi çəkən ən maraqlı məqam­lardan biri isə buranın uşaqlarının halay tutaraq “Ya lələm” çəkməsi oldu. “Ya lələm” halay-nəğməsini Salyan rayonu Borankənd kən­din­də yaşayan 1937-ci il təvəllüdlü Quliyeva Pakizə Əlibala qızından qeydə aldıq. Onun verdiyi məlumata görə, bu oyunu 13-15 yaşlı qızlar əl-ələ tutaraq hərəsi bir-iki bayatını xüsusi avazla oxuyur, növbəni digərinə ötürürmüşlər. Söyləyici 12 bənddən, hər bəndi beş misradan ibarət olan “Ya lələm” halay mahnısını bizim üçün gözəl bir avazla oxudu. Mahnının hər bəndi “ya lələm” kəlməsi ilə başlayır, demək olar ki, hər bənd “Ya lələm, halay döndər belə” misrası ilə bitir.

Ya lələm, halay vırun düzülsün,

Ya lələm, xumar gözzər süzülsün,

Ya lələm, hər kəs halay çəkməsə,

Ya lələm, əli əldən üzülsün.

Ya lələm, halay döndər belə [2].

Bu oyun əsasən Salyan rayon mərkəzində yaşayan uşaqların sevimli oyunu olmuşdur. Oyunda oğlanlar iştirak etmir, lakin qızlar kənardan onlara baxan oğlanlara da “sataşırmışlar”.

Ya lələm, miçətkəni qurmuşam,

Ya lələm, daldasında durmuşam.

Ya lələm, burdan gedən oğlanın

Ya lələm, ürəynə xal salmışam,

Ya lələm, halay döndər belə [2].

Qeyd edək ki, bu halay mahnısına uyğun mətn 1968-ci ildə nəşr olunmuş “Azərbaycan folkloru antologiyası”nın birinci kitabında “Halay oyunu” başlığı ilə verilmişdir [1, 32]. Müqayisə apardıqda məlum oldu ki, bizim topladığımız bənd­lə­rin bir çoxu orada yoxdur. Bu da deməyə əsas verir ki, halay mahnısının mətni daha böyük olmuşdur, vaxtında toplan­madığına görə bir hissəsi yaddaşlardan silinib getmişdir.

Bölgə ərazisində bəzi uşaq oyunları da vardır ki, həmin oyun­la­rı əsasən oğlan uşaqları oynayır. Belə oyunlardan yaşlıların “Eş­şək beli sındırdı” adlandırdığı, nisbətən gənc nəslin “Əvvəli” (bə­zi bölgələrdə buna “Ənzəli” də deyirlər) adlandırdığı, “Topağa­cı”, “Yoldaş, səni kim apardı”, “Çilingağac”, “Qayışgötürmə”, “Yed­di şüşə” və s. oyunları misal göstərmək olar. Uşaqlıqda oynanı­lan oyunların onların həyatında mühüm olduğunu qeyd edən Səli­mov-Şağani yazır: “Mütəhərrik idman səciyyəli oyunlar fiziki cə­hətdən inkişaf üçün ən yararlı vasitədir. Əsrlər boyu uşaq və gənc­lərimizin qolu, biləyi bu cür xalq oyunlarında bərkimişdir” [3, 4].

Uşaq oyunlarının yeniyetmə oğlan uşaqlarının fiziki cəhətdən güclü olmasına səbəb olduğunu qeyd edən folklor­şünas L.Va­qifqızı isə bu tip oyunların əski türk əxlaqından doğduğunu qeyd edir. “Oyunların müəyyən bir qismi uşaq­ların, xüsusilə də oğlan uşaqlarının fiziki cəhətdən güclü, əsl döyüşçü kimi böyüməsinə şərait yaradır. Bu da əski türk əxlaqından doğan haldır. Döyüşkən türklər övladlarının da əsl cəngavər kimi böyüməsində maraqlı idilər” [4, 53].

Bölgədə qızların öz aralarında oynadıqları oyunlar da diq­qət­çə­kəndir. Belə ki, “Öycük-öycük” (yəni “evcik-evcik”), “Dəs­ma­lat­dı”, “Şəkər çörək”, “Xalabacı”, “Bəmbənövşə”, “Giz­lən­paç”, “Or­tada qaldı”, topla oynanılan, iplə oynanılan müxtəlif oyunlar on­ların boş vaxtlarını maraqlı edir. Bu oyunların bəzilərində kiçik yaş­lı qızlar gələcəkdə evdar olmanın sirlərini öyrənirlər. Bu bax­ım­dan, oyunların böyü­məkdə olan nəslin həm ağıllı, intellektli, səli­qə-sahmanlı, həm də gözəl davranış qaydalarına sahib olması və mükəm­məl yetişməsi üçün mühüm rol oynadığını deyə bilərik. “Azər­baycan və Anadolu folklorunda oyun və tamaşalar”ı araşdı­ran M. Məmmədova da “qız uşaq­larının balaca vaxtdan sevərək oy­nadıqları oyunların böyüdükləri ailə və mühitin adət-ənə­nə­lərinə uyğun olaraq, böyüklərin elə­diklərini təqlid edərək” icra etdiyini vurğulayır [5, 14].

Sahib olduğumuz milli-mənəvi dəyərləri daim yaşatmaq və yeni nəslə ötürmək üçün uşaq oyunlarını, həm də meydan tama­şaları örnəklərini Azərbaycanın bütün bölgələrindən toplamaq və nəşr etdirmək vacib məsələlərdəndir.

1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə