AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2.97 Mb.
səhifə3/30
tarix29.11.2016
ölçüsü2.97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

http://portal.azertag.az/node/1217#.VEzv4yKsUgc


  • Kitabi Dədə Qorqud. B., 1988.

  • Donuk Abdulkadir. Türk Destanları.

  • Drevnetyurkskiy slovar. L., Nauka, 1969.
  • Bayat Füzuli. Oğuz epik ənənəsi və Oğuz Kağan dastanı. Bakı, 1993.


  • Vikipediya, açıq ensiklopediya.


    Qarabağ atı (XIX) əsr.





    Qarabağ atı (müasir dövr) Çövkan oyunu (orta əsrlərə

    aid miniatür


    Papaq oyunun Orta Asiya variantı (Tımak oyunu)

    QARABAĞDA UŞAQ OYUNLARI

    Almara Vəzir qızı Nəbiyeva

    filologiya üzrə fəlsəfə doktoru

    Bakı Dövlət Universiteti

    nebiyeva_almara@mail.ru

    Özət

    Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatının geniş bir qo­lu­nu əhatə edən uşaq oyunlarından bəhs olunur. Qarabağ uşaq oyun­ları da onun tərkib hissəsidir. Tədqiqata cəlb olunmuş örnək­lər Qarabağdan və onun ətraf ərazilərindən işğal nəticəsində məc­buri didərgin düşmüş insanlardan yazıya alınmışdır. Onların top­lanılması günümüz üçün vacib və təxirəsalınmaz bir işdir. Çünki sinədəftər söyləyicilər Vətən həsrəti ilə dünyalarını dəyişdikdə xalqın sərvəti olan həmin nümunələri də özləri ilə aparırlar. Topladığımız nümunələr içərisində "Sanamalar", “Qaçdı-tutdu”, “Gizlən-qaç”, “Qodu-qodu”, “Ortada qaldı”, “Gözübağlıca”, “İy­nə, iynə, ucu düymə”, “Əlim. əlim, kəpənək”, “Dəsmal-dəs­mal”, “Çi­ling ağac”, “Dirədöymə”, “Beşdaş”, “Qodu-qodu ”, “Gə­lincik”, “Bənövşə”, “Evcik-evcık” adlanan maraqlı uşaq oyunları var­dır. Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, uşaq oyun­larının əksəriyyətini böyüklərin uşaqlar üçün yaratdığı nümunələr təşkil edir ki, bu oyunların əsas predmeti uşaqlardır. Burada uşaq­ların tərbiyə və formalaşmasında uşaq oyunlarının rolu dəyər­lən­dirilmişdir. Topladığımız nümunələr içərisində uşaqların zövqünü və düşüncəsini oxşayan mətnlər mühüm yer tutur.



    Açar sözlər: Qarabağ, uşaq oyunları, ağız ədəbiyyatı, topla­ma, araşdırma, sinədəftər, söyləyici.
    Набиева Алмара Везир гызы

    Карабахские детские игры

    Резюме

    В статье исследуются детские игры, широко рас­прос­тра­ненные как в самом Карабахе, так и за его пределами. Они являются составной частью азербайджанской устной народ­ной литературы. Здесь приводятся образцы детских народных игр, собранные и записанные автором из уст вынужденных пере­селенцев из Карабаха и прилегающих к нему территорий. Собирание образцев актуальная и очень важная работа, по­тому что пожилые люди, хранители и сказители устных традиций, являются незаменимым источ­ником для обогащения народ­ного фольклора. Среди соб­ран­ных автором образцов особый интерес представляют такие игры, как «скалки», «прятки», «пять камешков», «сплетни», а также распространенные среди девочек игры «кукла», «фиалка», «домик» и многие другие. На основании изучения данных образцов можно сделать вывод, что основную часть детских игр составляют игры, придуманные взрослыми, и главным предметом в этих играх выступают дети. Следует отметить, что детские игры играют важную роль в воспитании ребенка и формировании его личности. Основное место в собранных нами детских играх занимают тексты, развивающие эстетические и мыслительные способности ребенка.



    Ключевые слова: Карабах, детские игры, устная литера­тура, собирание, исследование, хранители фольклора, сказители.

    Almara Vazir gızı Nabiyeva

    Karabakh kids games

    Summary

    The article deal with the investigation of children's games, which are widespread both in Karabakh and beyond. They are an integral part of Azerbaijanian’s oral folk literature. There are samples of children's folk games collected and wrote by the author with refugees from the Karabakh and the surrounding regions. This is actually and very important job, because the elderly oral traditions’ keepers and storytellers are an invaluable source for the enrichment of the national folklore. Among the samples collected by the author are of special interest such games as “rolling pin”, “hide and seek”, “five stones”, “gossip”, as well as common among girls games “doll”, “violet”, “house” and many others. On the basis of these samples, we can conclude that the majority of children's games make up games, invented by adults, and the main subject of these games are the children. It should be noted that children's games played an important role in the upbringing of the child and the formation of his personality. Main place we collected children's games take texts, developing the aesthetic and cognitive abilities of the child.



    Keywords: Karabakh, children's games, oral literature, collection, researching, folk memory man, storytellers.
    Uşaq folkloru xalq ədəbiyyatının spesifik bir sahəsidir. Xal­qı­mı­zın əsrlər boyu lirik üslubda yaratdığı söz incilərinin bu gü­nümüzə gəlib çatmasında Qarabağ əhalisinin də rolu danıl­mazdır. Məqalədə təqdim olunan oyun nümunələri də bunu təsdiq edir. Əslində uşaq oyunları rəqsdaxili mərasim oyunları əsasında yaranmışdır. Bunlarda erkən etiqad və inamlar güclüdür. Lakin təbii ki, onların bir çoxu ilkin formalarını qoruyub saxlaya bil­məmiş, güclü təhriflərə və transformasiyalara uğramış, sonra­dan uşaqların yaş xüsusiyyətlərinə və psixologiyasına uyğunlaşdı­rı­la­raq yenidən işlənmişdir. Lakin bizə gəlib çatan oyun nümunə­lərində bir sıra arxaik elementlər, erkən dövrlərin mərasim izləri və adətləri qorunub saxlanmışdır. «Uşaq folkloru əslində nisbi anla­yışdır. Çünki burada böyüklərin uşaqlar üçün yaratdığı nümu­nələr əksəriyyət təşkil edir. Layla, oxşama, əzizləmə, arzulama, düzgü və nağıllar belə nümunələrdir.

    Oyunların müəyyən mərhələdə böyüklərin özü tərəfindən ya­ra­dılıb icra edildiyi, təkamül nəticəsində tədricən uşaq məişətinə daxil olunduğu ehtimalı güclüdür. Uşaqların özlərinin yaratdığı oyunlar da az deyildir. Onlar uşaqların gündəlik müşahidələri, görüb-eşitdikləri hadisələrin təqlidi ilə bağlı yaranmışdır. Oyunlar haqqında ilk məlumatlar bizə əski mənbələrdə gəlib çatmışdır. Onların ən kamili M.Kaşğarinin “Divanıdır. Burada bir çox uşaq oyunları -Çərpələng, “Munquz-munquz”, “Qaraqunı”, “Əbə-əbə”, “Köç” və s. barədə məlumat verilir (2, 243, 363). Bu gün bizə gəlib çatan uşaq oyunlarından cəldlik, çeviklik, hərəkətlə bağlı oyunları, həmçinin ayin, etiqad və mərasimlərin tərkib hissəsi kimi yaranmış gözbağlıca oyunlarını göstərmək olar.

    Azərbaycan uşaq folklorunun ən az toplanmış və öyrənilmiş mətnləri uşaqların özlərinin yaratdığı nümünələrdir. Onlar əsasən əmək və oyun prosesində yaranmışdır. Əsas yaradıcısı və yaşa­dı­cı­sı müxtəlif yaş qruplarında olan uşaqlardır. Bu yaradıcılıq pro­sesi uşaqların nisbətən böyük yaş qrupu içərisində daha fəaldır. Uşaqlar ayrı-ayrı oyunlara yaradıcı yanaşdığından, müxtəlif ha­disə və şəraitlə bağlı yeni oyun növü meydana çıxır.

    Bütün bu məsələləri Qarabağ uşaq oyunlarının timsalında araş­dırmağa çalışmışıq. Əslində hər bir oyunda başlıca ünsür hə­rə­kət­dir. Cəldlik, çeviklik və hərəkətlə bağlı oyunlarda daha qə­dim ele­ment­lər qorunub saxlanılmışdır. Onlarda əl, qol, bədən hə­rəkətləri ilə yanaşı, him-cim, qaş-göz, dil-dodaq və s. hərəkət­ləri də əsas yer tutur. Uşaq oyunlarının bu qrupuna eyni zamanda say sistemi ilə bağlı yaranmış oyunlar da daxildir. Say və saymaq oyunun əsas məzmununu təşkil etsə də, hərəkət bu oyunlarda ön plandadır.

    “Qaçdı-tutdu”, “Papaq Vurdu”, “Əl məndə”, “Çiling ağac”, “Gi­zir-gizir”, “Topaldıqaç”, “Üzəngi” kimi oyunlar hələ çox qədimlərdən uşaqlar arasında məşhur olmuşdur. Diqqət verilsə aydın olar ki, hər bir oyun uşaqlarda müəyyən vərdişlər aşılamağa xidmət etmişdir. Məsələn, “Qaçdı-tutdu” da qısa yollar və cəld hərəkətlərlə qaçanı tutmaq, “Əl məndə” oyununda üzmək və ya suda boğulanı xilas etmək, “Çiling ağac”da qüvvətli zərbə ilə hər hansı bir əşyanı daha uzağa tullamaq kimi sonradan həyatda lazım ola biləcək vərdişlər kiçik yaşlardan uşaqlara öyrədilir.

    “Qaçdı-tutdu”, “Gizlən-qaç”, “Ortada qaldı”, “Gözü bağlıca”, “Dəsmal-dəsmal” “Dınqıl sazım” kimi uşaq oyunlarının qədim variantları fol­klor ekspedi­siyası zamanı Ağdam ra­yo­nu Gülablı kən­dinin sakinləri İltifat Rəşid oğlu Qarayev (1927-ci il), Qəh­rə­man Hüseyn oğlu Hüseynov (1937-ci il), Yelmar Misir oğ­lu Əh­mə­dov (1937-ci il), Sabir Şirin oğlu Nəsirov (1939-cu il), Mü­bariz Əziz oğlu Əliyevin (1947-ci il) di­lin­dən yazıya alın­mış­dır.

    Bu oyunda, kiçik yaşlı uşaqlar ayaqlarını irəli uzadaraq dai­rə­vi şəkildə otururlar. Uşaqlardan biri bu nəğmənin sözlərini oxu­ya-oxuya əllərini növbə ilə yoldaşlarının dizinin üstünə qoyur. Mah­nının “çıx qırağa” sözünü deyərkən onun əli kimin dizinin üstün­də olarsa həmin uşaq uduzmuş hesab edilir. Uduzan uşaq üzü üstə, gözlərini yumub uzanır. Yoldaşları yumruqları ilə onun kürəyini növbə ilə döyəcləyir və kimin əli olduğunu soruşurlar. Yerdə uzanan uşaq tapandan sonra özü nəğməni oxuya-oxuya oyunu davam etdirir.

    Nəğmənin mətni belədir:

    İynə-iynə,

    Ucu düymə;

    Bal-ballıca,

    Qotur keçi,

    Happan, huppan,

    Yırıl, yırtıl,

    Su iç qurtul;

    ...Ağ quşum,

    Arakçınım,

    Göy quşum,

    Göyərçinim.

    Qarğa qara,

    Durna qara,

    Çəmbər çırak,

    Çıx qırağa!

    Motal-motal

    Dərzi motal

    Vur nağara

    Çıx qırağa

    Mətndəki “qotur keçi”, “ağ quşum”, “göy quşum”, “göyər­çi­nim”, “qara qarğa”, “qara durna”, “çəmbər çıraq” obrazları sübut edir ki, bu mətn ən qədim, oda sitayiş dövrünə aid mərasim nəğməsidir.

    “Kəndir-kəndir” oyununun qaydası belədir: İki uşaq uzun bir kəndirin biri bu ucundan, digəri isə o biri ucundan bərk tutub fırladır. Üçüncü oyunçu ortada fırlanır, kəndirin üstündə hop­pa­nıb-düşməyə başlayır. Oyun zamanı oyunçunun ayağı kəndirə dəysə, yaxud da ilişsə oyun dayandırılır və növbəti oyunçuya ke­çir. Beləliklə, oyun davam etdirilir.

    Gözbağlıca oyunları da uşaqlar içərisində geniş yayılmışdır. Bu oyunlar uşaqlara duyma, hissetmə və ümumilikdə həssaslıq aşılayır. Bu nümunələr yaşlıların – bir çox oyunbazların nümayiş etdirdiyi gözbağlıca oyunları, fokuslar və s. əsasında yaran­mışdır. “Qızılgülüm kimdədi”, “Xan babamın adını de”, “Yaylığımı kim apardı”, “Gül sancağım kim açdı” kimi oyunlarda əlində qızılgül, san­caq, dəsmal tutmuş gözübağlı uşağın əlindən əşyaları alırlar. Sonra onun gözünü açırlar. Dövrə vurub yerdə oturmuş uşaqlar sakitcə oturardı. Gözü bağlanan uşaq isə dolanıb itkisini axtarır. Uşaqlar içərisində “Dolana-dolana”, “Haylana-haylana”, “Ayla­na-aylana” variantlarında yayılmış oyunlarda isə uşaq gözübağlı hal­da oğrunu tapardı.

    “Gözüvü tutdum, adımı de” oyununda isə yoldaşlarından biri səssiz arxadan gəlib kiminsə gözlərini əli ilə tutur, səsini çıxar­mır. Yoldaşları qışqırırlar: “Göz tutanın adını de”. Gözü tutulan uşaq bir-bir yoldaşlarının adını çəkir. Gözü tutan onu tanımayınca əllərini buraxmır. Tapa bilməyəndə yerdən kimsə biri adı deyir, oyunu uduzan iştirakçının arzusunu yerinə yetirir. Oyunda udu­zan oyunçu cərimə olunur quyudan su çəkir, atları suvarır, hey­vanlara ot qoyur və s. işləri yerinə yetirir.

    Uşaqlar arasında gözbağlıca oyunları geniş yayılmışdı. Məsə­lən, “Çax-çax” oyununda işarələnmiş iştirakçılardan birinin göz­lə­rini bağlayıb onun ətrafına toplanırlar. Başçı əlindəki iki daşı müxtəlif sayda bir-birinə vurub gözübağlıdan bu kimin nömrə­sidir soruşur. İşarə olunan sahibinin adını tapmadıqda, gözübağlı işti­rakçıların istədiyi rəqsi, mahnını oxumalı idi. Gözübağlıca oyun­larında gözübağlı oyunlar oynamaq, rəqslər etmək, itkini ax­tar­maq, müxtəlif fokuslar göstərmək, əl üstə gəzmək və s. xüsu­silə maraq doğurur. Bu oyunların bir qismində uşaq hafizəsinin iti­ləş dirilməsi başlıca cəhət idi. “Göz bağlıca oyununda iştirak edən uşaqlardan birinin gözü bağlanılır, bu sözləri söyləməyə baş­layır:

    Hüseynin anası

    Şəkərbura bişirdi

    Uzunluğu bu boyda (əlləri ilə göstərir),

    Alçaqlığı bu boyda.

    Qalx ayağa-qalx,

    Ətrafına bax.

    Kimi seçirsən,

    Tut qolundan dart.

    Oyunçu kimin qolundan tutub dartsa, o, təkrar oyuna baş­la­yır. Beləliklə, oyun davam etdirilir.

    “Dəsmal-dəsmal” oyununda isə bir dəstə uşaq çombələrək dövrə vurub otururlar. Uşaqlardan biri dəsmalı götürüb bu dövrə­nin ətrafında fırlanmağa başlayır. O, hər hansı bir uşağın arxasına dəsmalı atır və fırlanmağa davam edir. Arxasına dəsmal düşən usaq dəsmalı götürüb onu atan uşağın arxasınca qaçaraq dəsmalı həmin oyunçuya atır. Dəsmal ona dəysə, yanaraq oyundan çıxır, dəyməsə, yerində oturur. Oyun yenidən başlayır.

    “Gizlən-qaç” oyununda bir qrup uşaq oynayır. Onlardan biri nü­ma­yəndə seçilir və saymağa başlayır. Sayıb qurtaran kimi uşaq­lar gizlənirlər. Sayan uşaq gizlənən uşaqları axtarmağa başla­yır. Əvvəlcədən yer təyin olunur, axtaran zaman gizlənən uşağı tapdıqda nümayəndə təyin olunan yerə tez çatsa, daha oyunda saymır. Oyunda kim axırıncı tapılsa, o saymağa başlayır. Oyunda iki nəfər uşaq olanda isə nümayəndə təyin olunmuş yerə tez çatıb birinci əlini yerə vursa, bu zaman tapdığı uşaq saymağa başlayır. Yox əgər oyunda tapdığı uşaq əlini həmin yerə tez vursa onda nümayəndə yenidən oyunu saymağa başlayır.

    Bu oyunun “Qaçdı-tutdu” variantında isə bir uşaq nümayəndə se­çi­lir. Sonra uşaqlar qaçmağa başlayırlar. Əgər qaçan zaman nü­mayəndə onlardan birini tutsa, o uşaq uduzur və saymağa baş­la­yır. Ən axırıncı tutulan uşaq o biri uşaqları tutmağa başlayır. “A.Kalaşev Cəbrayıl qəzasından topladığı və “Uşaq nəğmələri” başlığı altında verdiyi “Üşüdüm, ha, üşüdüm”, “A, qıza, qıza, Nər­gizə!”, “A teşti, teşti!”, İrəvan quberniyası xalq məktəbinin inspektoru A.İakimovun Şuşada müəllim işləyən Mir Haşım Vəzirovdan aldığı “Gün, çıx, çıx, çıx!” Günəşi çağırmaq mərasim nəğməsi, “Əlim, əlim, kəpənək” uşaq oyun nəğmələri ilk dəfə toplanıb nəşr edilmişdir” (5, 235).

    “A, qıza, qıza, Nərgizə!” nəğməsi belədir:

    A, qıza, qıza, Nərgizə!

    Cehizin götür, gəl bizə:

    Bizdən gedək Tərbizə;

    Təbriz xarab olubdu,

    Dəmir daraq olubdu,

    Dəmirçinın qızları-

    İtə ələk olubdu. (6, 58-59)

    Nəğmənin məzmunundan məlum olur ki, bu nəğməni oğlan uşaqları oxuya bilərlər.

    Söyləyici “Əlim, əlim, kəpənək” oyun nəğməsini belə təsvir edir: “Bu oyunda ana, nənə, yaxud tərbiyəçi-dayə uşaqla birlikdə oyna­yırlar. Uşaq öz kiçik əllərini anasının dizi üstünə qoyur. Ana şəhadət barmağı ilə uşağın əllərinə toxuna-toxuna nəğməni beytlə oxuyur və son misranı: “Salla bunu, çək bunu!” deyərkən uşağın əlinə barmağı ilə yüngülcə vurmaq istəyir, bu anda uşaq əlini elə çəkib gizlətməlidir ki, anası onun əlini vura bilməsın. Ana onun əlinə yüngülcə vurubsa, körpənin əlini gül qoxlayan kimi öpüb, ”Ay, mənim gülüm, bənövşəm!” – deyərək, uşağı əzizləyir. Belə­liklə, şən əhval-ruhiyyədə oyun davam etdirilir”.

    Nəğmənin mətni belədir:

    Əlim, əlim, kəpənək,

    Güldən çıxan kəpənək;

    Kəpənəyin içinə,

    Süleymanın saçına,

    Getdim Hələp yoluna,

    Saldım-soldum soluna;

    Hələp yolu – cam bazar,

    İçində meymun gəzər;

    Meymun məni qorxutdu,

    Qulaqlarım kar etdi.

    Sağım-solum sarımsaq,

    Salla bunu, çək bunu! (7,73)

    Uşaqlara məxsus oyunlar SMOMPK-da Şəki, Qarabağ, Şa­ma­xı kimi bölgələrdən toplanmış və etnoqrafik məqalələrdə təq­dim edilmiş materiallarda da öz əksini tapmışdır. “M.Bejanovun “Vartaşen kəndi və onun əhalisi haqqında qısa məlumat” məc­mu­ənin formatında 49 səhifəlik maraqlı etnoqrafik məqaləsində xalq oyunları adı altında 18 uşaq oyunu müfəssəl təsvir - təqdim edil­mişdir. Bunlardan “Çiling-ağac”, “Dirədöymə”, “Top aldı, qaç”, (“Papaq aldı, qaç” da deyilir), “Cızz” (yanmaq mənasında, indi də uşaqlar isti şeylərə əl vuranda anaları onlara “cızz...” deyib oddan çəkindirirlər), “Qur - qur”, “Quşum - quşum”, “Mərə köçdü” (bu oyu­na bəzi bölgələrdə “Qığ - mərə” də deyirlər), “Beşdaş”, “Qarr - qarr”, “Aşıq - qoz”, “Zəngi” (əslində “Cəngi”dir, mətndə “Zen­qu” kimi verilibdir) kimi oyunlar buna misaldır”.( 5, 234).

    Hərəkətlə bağlı oyunlar uşaq məişətinin demək olar ki, bütün sahələrini əhatə etmişdir. Elə nümunələr də vardır ki, onlarda yalan­çılıq, qorxaqlıq, təlxəklik, xəbislik və s. tənqid edilir. Uşaq­lara isə belələrini ələ salan, acıq verən oyunlarda hərəkət əsas gö­tü­­rülür. “Ay Tağı dim-dim duraz”, “Noxudu Keçəl” və s. oyun­larda məhz islah olunmalı cəhətlərin tənqidi bir az da şişirdilmiş şə­kildə söylənir.

    Bir sıra oyunlar da vardır ki, onlarda əyləncəlik ön plandadır. Çe­vik və sərt hərəkətlər əvəzinə mülayim hərəkətlərlə oyunu davam et­dirmə əsas şərtdir. “Dəsmal aldı qaç”, “Siçan-pişik, “Evcik-evcik”, “Təkəm-təkəm”, “Yalan-palan” və s. oyunlar bu cəhətdən səciyyə­vidir. Onlardan bir qisminin qızlar arasında daha çox yayılması mü­layim hərəkətlərin əsas səbəblərindəndir. Eyni xüsusiyyət saymaq, he­sablamaq vərdişi aşılayan “Mərə köçdü”, “Təkmə cütmə”, “Beş-on beş”, “Ebə-ebə”, “Al bunu”, və başqa oyunlar üçün də sə­ciy­yəvidir.

    Ağdam rayonu Gülablı kəndinin yaşlı sakinlərinin söylədiyi Qa­rabağ uşaq oyunları içərisində qızlara xas “Gəlincik”, “Bə­növ­şə”, “Yaylıq atdı”, “Gizlən-paç”, “Evcik- evcik” oyunları da möv­cuddur. Amma, “Beşdaş” qismindən olan oyunları qızlar da, oğlan­lar da oynayardılar... Bu oyunların bəziləri mahnı ilə müşa­yiət olu­nur­du. “Bənövşə bəndə düşə” oyununda qızlar iki dəstəyə bölünər, püşk əsasında oyun başlayardı. Oyunu başlayan dəstə avazla oxuyardı:

    Bənövşə,


    Bəndə düşə,

    Sizdən bizə

    Kim düşə?

    O biri dəstə eyni avazla, oxuya-oxuya cavab verərdi:

    Adı Gözəl,

    Özü gözəl

    Rəna düşər.

    Bu qayda ilə hər qızın adına uyğun söz yaraşdırıb oxu­yar­dılar...

    Bu oyunların əksəriyyəti yaşlı kənd sakinlərinin dilindən ya­zıya alınmışdır. ”Aşıq -aşıq” oyununda xeyli uşaq iştirak edirdi. Qoyunun maçasının sümüyünə “aşıq-aşıq” deyilirdi. Bu sümüyün dörd üzü olurdu. Boşluq olan tərəfi ac, dolu olan tərəfi tox, parlaq olan tərəfi xan, kələ-kötür tərəfi isə eşşək adlanırdı. Bu oyuna “Xan-vəzir” oyunu da deyilirdi. Sümüyü atıb oyunçulardan birinin adını çəkərək aşıq çağırır:

    Vəli, Vəli nə Vəli,

    Ac Vəli, tox Vəli?

    Ac Vəli


    Aclığı nədən məlum?

    Aclıqdan.

    Ata tərəfi bəy,

    Ana tərəfi tox,

    Əsli-nəcabəti eşşək.

    Beləliklə, dörd variantda çağırılırdı və deyilirdi: “aclığı nədən mə­lum? Sümük atılırdı, hansı tərəfi düşşə, oyunçuya aid edilirdi. Sü­müyün orta tərəfi düşsə, deməli, oyunçu əsilli-nəcabətli, görüb-go­tür­müş nəsildəndir. Oyunda oynayanlara xoş olardı ki, onlara sü­müyün ortası, xan-vəzir, tox , bir sözlə, yaxşı yazılan hissəsi düşsün. Bu oyun uşaqlar arasında çox əyləncəli oyunlardan idi. Sümüyün eşşək yazılan tərəfi kimə düşsə, onu lağa qoyub gülüşərdilər.

    “Qodu-qodu” oyun - tamaşası bölgə ağsaqqallarının dilindən ya­zıya alınmışdı. “Qodu-qodu” mərasimi ilə Novruz adətləri ara­sın­da olan yaxınlıq mətndə bir daha təsdiqlənir. Günəşi çağıran həmin nəğmələrdə antropomorfik izlərin olmasını, günəşin in­sa­ni­ləşdiril­di­yini, mifik təsəvvürlərin güclü şəkildə olduğunu görü­rük. Nümunə­də “Qodu-qodu” mərasimindəki Qodu öz kökü eti­barı ilə “Xıdır Nəbi”dəki Qodu xanla eyni kökdən olsa da, məra­sim oyunlarında Qodu günəşi axtaran, tapan, onu çağıran, onunla ünsiyyətə girən qüdrətli rəmzdir. Söyləyici “Tapdın? Yox!” və “Günəşin çağırılma­sı” (“Qodu-qodu”) uşaq oyun-mərasimlərini be­lə təqdim edir:

    “Günəşin çağırılması” mərasimində də, iri çömçədən gəlincik kimi Qodu bəzəyib uzun müddət yağan yağışı kəsmək üçün uşaq­lar küçəyə çıxıb oxuyurlar:

    Qodu-qodunu gördünmü?

    Qoduya salam verdinmi?

    Qodu burdan keçəndə

    Qızıl günü gördünmü?

    Qara toyuq qanadı

    Kim vurdu, kim sanadı?

    Qarabağa getmişdim,
    İt baldırım daladı.

    Yağ verin yağlamağa,

    İp verin bağlamağa.

    Verənin oğlu olsun,

    Verməyənin kor qızı,

    O da çatlasın, ölsün!” (6,127-130)

    “SMOMPK-un 1892-ci il 13-cü buraxılışında M.Quliyevin Qarabağ mahalının Cavanşir qəzasının Mamırlı kəndindən topla­dığı uşaq mahnı mətnləri maraqlıdır. Burada 9 bənddən ibarət, aşıq­ların deyişməsi formasında yazılmış “Yaylaqla aranın müba­hisəsi” adlı şeir verilmişdir” (1,170).

    “İlk olaraq bu, yayda keçirilən kənd təsərrüfatı işlərinin ən qızğın çağıdır. Evdə oturarkən o, həyətdən gələn uşaq səs­lə­rini eşitdi. Həyətə çıxıb soruşduqda uşaqlar ona kəhrəba mun­cuqlarla bəzədilmiş qadın gəlinciyi göstərdilər. Adını xə­bər aldıqda “Qodu” dedilər. İzah etdilər ki, “Qodu – gün və aydır” (4,128).

    Daha sonra «Qodu-qodu» nəğməsini A.Ya­kimova diktə etdilər:

    Qodu, Qodu, hay Qodu, Qodu!

    Qoduya salam verdinmi?

    Qodu burdan ötəndə,

    Qırmızı gün gördünmü? və s.

    Bu şeiri A.Yakimov cənab Haşım bəy Vəzirova göstərmişdir. Və o bu şeirin Qarabağ ləhcəsində olan «Dodu-Dodu» variantını həmin müəllifə demişdir.

    A.Yakimov da burada qısa şəkildə nəşr etdirmişdir (4, 130).

    Ayin, etiqad və mərasimlərlə bağlı uşaq oyunlarının əksəriy­yətində erkənliyin izləri bu və ya digər şəkildə yaşamaqdadır. Bir sıra hallarda məna və məzmun təhriflərinə uğrasalar da ayin, etiqad və mərasimlərlə bağlılıq bu oyunları müşahidə edən nəğmə­lərin mətnində nəzərə çarpır.

    Bəzi oyunlarda rituallar daha güclü şəkildə mühafizə edilir. Məsələn, “Qodu” oyununda uşaqlar qədim bir mərasimi- Günəşi cağır­mağı təqlid edirlər. Burada qeyd edilir ki, tutqun hava uzun müddət davam edəndə oğlan uşaqları həyət-həyət gəzərək aşağı­dakı nəğməni oxuyurlar:

    Qodu-qodu dursana!

    Çömçəni doldursana!

    Qodunu yola salsana!

    Allah! Allah! (xorla) və s. (3, 46-47)

    Bu nəğməni ifa etdikdən sonra uşaqlara müxtəlif ərzaq məh­sul­larından pay verərdilər. Bu isə Novruz bayramındakı papaq at­dı və ya Kosa ilə Keçəlin ev-ev gəzib pay almaq adətləri ilə səs­ləşirdi.

    Mərasim folklorunun tədqiqatçısı AMEA-nın müxbir üzvü, prof. A.M.Nə­bi­yev yazırdı: “Qədim zamanlardan Azərbaycan xalqının “Günəşi qarşılama” və “Günəşə qurban aparma” adətləri var idi. Bunlardan biri – “Daşatma və ya Gü­nəşi qarşılama” Nov­ruzla bağlı qədim ayinlərdəndir. Ayrı-ayrı rayonlarda müxtəlif adlarla yaşayır. Bəzən mərasim tamaşası hesab edilir. Adamlar hündür təpələrə yığışıb tonqal qalayır. Axır çərşənbədə həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyirlər. Elə ki, Günəş doğdu, hamı onu salamlayan “Qodu xan” nəğməsini oxuyur, tonqalın başına dövrə vurur, sonra da hərə tonqaldan öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evə tələsirlər. Adamlar ton­qa­lın dövrəsinə dolandıqca, eləcə də gəlib öz ocaq­larını yandırdıqca belə nəğmələr oxuyurlar:

    Qodu xan, Qodu xan,

    Söndürmə odu xan.

    At üstə od gətir,

    Ulusa od gətir,

    Sözü bal Qodu xan,

    Özü al Qodu xan” (4, 32-33).

    “Göylə yerin deyişməsi” adlanan ikinci şeirdə də eyni üsul­dan istifadə edilir. Yer deyir: Mənim ayna kimi parlaq dəniz­lərim, çoxlu rəngbərəng çiçəklərim var. Göy deyir: Sən nahaq ye­rə atılıb düşmə, mənim buludlarım sənin dənizlərindən heç də pis deyil, ulduzlarım sənin çiçəklərindən gözəldir və s... (5, 230-234).

    Maraqlıdır ki, Qarabağ ayin, etiqad, mərasim oyunlarının bö­yük bir qismi nəğmə mətnləri ilə müşayiət olunur. Onlar əslində hərəkətdən təcrid edilmişdir. Lakin nəğmələr bu oyunlarda ön planda­dır. Di­gər günəşi çağırma mətninə görə, on-on iki nəfər uşaq üç-dörd dəstəyə bölünür. Birinci dəstə oxuyur: “Gün çıx, gün çıx , kəhər atı min çıx”, ikinci dəstə oxuyur: “Keçəl qızı ev­də qoy, saçlı qızı götür çıx”. Xor səslənir: “Gün çıx, gün çıx, kə­hər atı min çıx...”

    Günəşin gəlmədiyini görən üçüncü dəstə oxuyur: “Oğlun qayadan uçdu, qızın təndirə düşdü...” Birinci dəstə nəyi isə gör­müş kimi sevinclə təkrar edir: “Gün getdi su içməyə, qırmızı don biçməyə

    Birinci nəğmə

    Gün çıx, çıx, çıx,

    Kəhər atı min, çıx

    sözləri ilə başlayır. İkincisi isə

    Gün getdi su içməyə,

    Qırmızı don biçməyə.

    sözləri ilə başlayan nəğmədir. ...” Dəstələr bundan sonra xorla oxuyurlar:

    Gün özünü yetirəcək,

    Keçəl qızı aparacaq,

    Saçlı qızı gətirəcək (1, 48-49).

    “Gün çıx, gün çıx” xorunun sədası altında meydançaya qır­mızı don geymiş, qızıl saçlı günəşin rəmzi olan qızlar daxil olur. Xor yenidən başlayır...

    “Alma armud” oyununda isə beş-altı oyunçu olur. Bir nəfər “ka­pitan” topu ataraq bu sözləri deyir: alma, armud, ağac. Bunun­la yanaşı yeyilən, yeyilməyən əşyaların adlarını çəkir. Cəld tər­pə­nib düz seçim edən oyunçular arasında kim yeməli meyvəni tutsa bir addım irəli, yanlış seçim edən isə bir addım geri çəkilir. Be­lə­liklə, ən tez “kapitan”a çatan oyunçu bu oyunun qalibi elan edilirdi.

    “Yeddi şüşə” oyununda isə yeddi rəngli şüşə üst-üstə yı­ğı­­lır. Oyunda iki “komanda” olur. Oyun zamanı oyunçu topla vu­rub bu şüşələri dağıdır. Hansı “komanda”nın başçısı bütün şüşə­ləri dağı­dıb ətrafa səpələyə bilirdisə, o “komanda” qalib gəlirdi. “Rəng-rəng” oyununda oyunçular bir yerə yığışırlar. Bir oyunçu “pişik” tə­yin olunur. Oyunçular xorla pişikdən “Pişik, pişik hansı rəng” so­ru­şurlar: “Pişik” məsələn, ağ rəng dedikdə oyunçular qa­­çıb öz növ­bələrində əlləri ilə ağ rəngli bir əşyaya toxunmalı idi­lər. Əğər işti­rak­çılardan hansısa bu rəngin üstünə qaçıb əlini qoy­mursa, o, oyun­da yanmış hesab olunaraq uzaqlaşdırılır və pişik rolu ona verilirdi.

    “Rezin-rezin” oyununda iki və üç metrlik rezin düyünlənir və iki nəfərin ayağına keçirilir. Bir oyunçu bu başda, digəri isə o baş­da. Üçüncü oyunçu rezinin ortasına tullanaraq, onacan müx­təlif idman növlərini icra edirdi. Oyunu udan oyunçu ikinci mərhələdə oynamağa başlayırdı. Lakin oyunda uduzsaydı rezin onun ayağına keçirilirdi və oyun yenidən davam etdirilirdi. Oyu­nun ikinci mərhələsində rezin dizdə, üçüncü mərhələdə belə, hətta dördüncü mərhələdə isə boğaza qaldırıla bilirdi. Lakin bu mər­hələyə gəlib çatan az oyunçu olurdu.

    Qarabağa xas bir sıra sanamalar vardır ki, onlardan müəyyən oyunlar daxilində istifadə edilir. Belə sanamalarda cərgəyə düzül­müş uşaqlara müəyyən adlar verilir, sanama oxunur və oyundan çıxmalı oyunçu ritmə, ahəngə uyğun olaraq oxunan sanama qur­taranda cərgədən çıxır. Məsələn:




    İynə-iynə,

    Qotur keçi.

    Ucu düymə,

    Hoppan,

    Bal ballıca,

    Huppan,

    Ballı keçi.

    Yarıl,

    Şam ağacı,

    Yırtıl,

    Şatır keçi,

    Su iç,

    Qoz ağacı,

    Qurtul.

    Burada ilk baxışda say sistemi nəzərə çarpır. Lakin oyunbaşı və ya ana sanamanı oxuduqca bir-bir oyunçuları sayır və “Qurtul” sözü kimdə qurtarsa, o, oyundan çıxır. Məsələn, “Əl-Barmaq­lar” adlı sanamaya fikir versək, görərik ki, bu sanamada birdən-be­şə qədər saymağı öyrətmək əsas məqsəddir:

    Baş barmaq,

    Başala barmaq.

    Uzun Hacı,

    Göy -turacı,

    Xırdaca bacı.

    Göründüyü kimi, hər bir barmağı göstərməklə hafizəyə rə­qəm­lər həkk edilir. Üstəlik hər bir barmağın xüsusi adla adlan­dı­rıl­ması rəqəmləri yaxşı yadda saxlamağa kömək edir. Sanamanın ikinci variantında isə rəqəmlərin arxasında yeni-yeni məna çalar­ları - vurmaq, tutmaq, bişirmək, yemək, qalmamaq və s. ifadə olu­nur. Əlin ortası göstərilərək deyilir:

    Bura bir quş qondu.

    Bu - vurdu,

    Bu – tutdu,

    Bu – bişirdi,

    Bu - yedi,

    Vay - bəbəyə qalmadı.

    Demək, birdən-beşə qədər rəqəmlər yeni məna çalarlarına uyğun adlarla adlanır, beşinci çeçələ barmağın balacalığından çı­xış edib onu «bəbə», hələ iş görmək qabiliyyəti olmayan adlan­dırırlar. Ümumilikdə isə sanamada birdən beşə saymağı öyrətmək baş­lıca məqsəddir.

    Başqa tip sanamalarda isə rəqəmlərin qoşa-qoşa öyrənilməsi əsas götürülür.

    Bu tipli sanamalarda məna ifadə etməyən sözlər, səs kom­pleksləri ilə yanaşı ahənglilik, ritmiklik nəzəri cəlb edir. Qo­şa rəqəmin ikincisinin ritminə uyğun yeni məna çalarlı söz tərkibə daxil olub həm hafizəni qüvvətləndirir, sayılan rəqəmləri hafizədə möhkəmlədir, həm də müəyyən predmet və məfhumları xatır­latmaqla uşaq yaddaşını yeni-yeni obyektlərlə tanış edir:

    Bir-iki - Daş altı.

    Bildirki. Yeddi-səkkiz -

    Üç-dörd - Firəngiz.

    Qapını ört. Doqquz - on -

    Beş - altı - Qırmızı don.

    (Başqa variantda “bildirki” əvəzinə “bizimki” işlədilir -A.Nəbiyev)

    Burada oyunun mənası aydındır. Saylar cüt-cüt sadalanır və sayın səslənməsinə uyğun mənasız qafiyə seçilir. Yəni, əsas məz­munla əlaqəsi olmayan, havacat yaratmaq xatirinə formal qafi­yə­lər tapılır.

    Bəzi hallarda isə qoşa rəqəmlərin təsəvvürdə ifadə etdiyi mü­əy­yən mənalar sanamada konkret olaraq öz əksini tapır.

    Aşağıda gördüyümüz sanamadakı «qırmadı», «vurmadı», «dur­nadı» anlayışları da eyni məqsədlə yaranmışdır:



    Bir-iki,

    Qırmadı.

    Üç-dörd,

    Vurmadı.

    Beş-altı,

    Xurmadı.


    Yeddi-səkkiz,

    Qurmadı.

    Doqquz-on,

    Durnadı.

    Bu prinsiplə birdən yüzə qədər onluqlar üzrə sanamalarda hər bir rəqəmin rəmzi mənası açılır, müxtəlif təsəvvürlərdə rəqəmlərə verilən mənalar xatırlanır.Hər bir rəqəmin arxasında verilən adlarla hər hansı bir məhsulu - qoyunu, toyuğu, yumurtanı sayan guya məhsulu saymır. Beləliklə, əslində məhsulun sayı, miqdarı məlum olur, lakin sayan şəxs bəd ruhları aldatmış olur. Yazıya alınmış parçada bu cəhət aydın görünür.

    Doxsan bir

    Doxsan altı,

    Torpaqdır.

    Bəladı.

    Doxsan iki

    Doxsan yeddi

    Yarpaqdır.

    Dünyadı.

    Doxsan üç

    Doxsan səkkiz

    Addır.

    Röyadı.

    Doxsan dörd

    Doxsan doqquz

    Oddur.

    Səsdir.

    Doxsan beş

    Yüz

    Baladır.

    Bəsdir.

    Sanama mətnlərindən "Beş qız", “Yeddi Şüşə”,”Rezin-rezin”, "Baş barmaq, başala barmaq", "Əmim oğlu", “Alma-ar­mud”, “Rəng-rəng” və s. oyunlarda istifadə edilir. Sanamalar xü­susi bir ba­carıqla, milli folklor nümunəsidir. “Beş qız adlı” oyunda qızlar topu tez-tez yerə çiləyib təkrar olmadan beş qızın adını çəkirlər. Topu çilədikcə söyləyirlər mən beş qız adı bilirəm.

    Birincisi Rəna,

    İkincisi Samirə,

    Üçüncüsü İlhamə,

    Dördüncüsü Hicran,

    Beşincisi Nigar.

    Bu sözləri deyib qurtarmamış digər oyunçu onun əlindən to­pu alır və həmin qayda ilə beş qızın adını sadalayır. Beləliklə, oyun adların təkrar olunmaması şərti ilə davam etdirilir.

    Göründüyü kimi, burada sanamaların ikili xarakteri nəzərə çarpır. Birincisi odur ki, daha qədimlərdən insanlar say sistemini öyrən­mək məqsədilə sanamaları yaratmışlar. Ayrı-ayrı say sis­tem­­lərini, daha doğrusu, rəqəmləri yadda saxlamaq üçün bu rə­qəmlərin arxasına təbiətdəki müəyyən əşyalar əlavə olunmuş və beləliklə insanın təsəvvür hüdudlarının genişlənməsi yolu ilə say sistemləri yadda saxlanılmışdır. Başqa bir inanca görə, sayı bil­mək uğursuzluq rəmzi olmuş və bu məqsədlə insanlar sanamaları yaratmışlar.

    Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, uşaq folklo­runun mühüm tərkib hissəsini böyüklərin uşaqlar üçün yaratdığı nümunələr təşkil edir. Bu oyunlar bütün xüsusiyyətlərinə görə uşaq psixologiyası və xarakterinə uyğunlaşdırılmışdır. Onların əsas predmeti uşaqlardır. Oyunlar uşağın tərbiyəsində və for­ma­laşmasında mühüm rol oynayır. Burada uşaqların zövqünü və düşüncəsini oxşayan mətnlər də mühüm yer tutur.

    Eyni cəhəti “Motal, motal” sanamasında görmək olar.

    Bu sanama öz məna çalarına görə daha əhatəlidir. Sanamada bir tərəfdən say sistemi diqqət mərkəzindədirsə, digər tərəfdən rənglər aləminə bələdlik nəzərə çarpır.



    Motal, motal,

    Qarğa qara,

    Tərsə motal.

    Durna çala,

    Qıl atar

    Çiləmə çilik,

    Qaymaq tutar.

    Bircə əmlik,

    Ağ quşum,

    Çənbər çarıq,

    Ağarçınım.

    Əmrəqulu,

    Göy quşum,

    Vur nağara

    Göyərçinim.

    Çıx qırağa...

    Oyun strukturuna malik sanamanın hər bir misrası müs­tə­qildir, hər bir misra ölçüsü bir say rəqəmini əhatə edir. Məna yükünə görə rəqəmlər mürəkkəbdir. Bunların arasında daxili məna çaları da qüvvətlidir. Burda isə məqsəd bir tərəfdən saymaq vərdişini möhkəmlətmək, digər tərəfdən isə yeri gəldikcə uşağı təbiətdə onu əhatə edən predmetlərin rəng çalarları ilə daha yaxşı tanış etməkdir. Maraqlıdır ki, ilk baxışda yalnız sanama kimi təqdim edilən bu nümunədə “Ağarçın” - ağ quş, göyərçin - göy quş kimi mənalandırılır.

    Ümumilikdə sanamalar uşaq təfəkkürünü zənginləşdirən janr­lar­dan biri kimi nəzərə çarpır.

  • 1   2   3   4   5   6   7   8   9   ...   30


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə