Qaynaqlar
-
Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru. Bakı: Sabah, 1994.
-
Ağkəmərli A. Bizi yaşadan tarix. İran: 2004.
-
Aslanov E. El-oba oyunu, xalq tamaşası. Bakı: İşıq, 1984.
-
Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003.
-
Cəfərli M. “Azərbaycan mövsüm mərasimlərinin məhəlli etnoqrafik özəllikləri”. Folklor və Etnoqrafiya, № 01, 2005, s. 41-50.
-
Divanü Lugat-it-türk. III cilt. Ankara: TTKB, 1985.
-
Güney Azerbaycan folkloru, I kitab (Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri). Bakı: Elm və təhsil, 2013.
-
Qasımlı M. “Milli bayramımız”, Folklor və Etnoqrafiya, № 01, 2010, s. 3-10.
-
Qasımlı M. “Novruz, oyanış-qurtuluş bayramı”, Folklor və Etnoqrafiya, № 04, 2005, s. 3-11.
-
Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı: Elm və təhsil, 2013.
-
Nəbiyev A. Azərbaycan şifahi ədəbiyyatı. Bakı: Çıraq, 2009.
-
http://www.chveneburi.net/TR/default.asp?bpgpid=1381&pg=1
-
http://www.08haber.com/haberGoster.php?hid=1117
AZƏRBAYCAN VƏ ANADOLU UŞAQ OYUNLARININ TİPOLOGİYASI
Məleykə Məmmədova
AMEA Folklor İnstitutunun doktorantı
mmeleyke@gmail.com
Özət
Uşaqların fiziki, psixi, sosioloji və estetik baxımından sağlam inkişafı, sosiallaşması, həyata hazırlanmasında oyun əvəzedilməz əyləncə vasitəsidir. Müasir dövrdə inkişaf edən texnologiya və qloballaşma ilə bağlı yaranan yeni maraq dairələri uşaq oyunlarımızın unudulmasına gətirib çıxarmışdır. Bu baxımdan uşaq oyunlarımız qorunması vacib olan milli mədəni mirasımızdır.
Məqalədə “Uşaq oyunları”na müxtəlif aspektlərdən yanaşılaraq “Adət-ənənələrlə bağlı oyunlar”, “Günlük əyləncələr”, “Arxaik məzmunlu oyunlar”, “Dinin təsirilə yaranan oyunlar”, “Sosial-siyasi tarixin məhsulu olan oyunlar”, “Uşaqların nitq və bədən tərbiyəsi məqsədilə oynanılan oyunlar” kimi altı başlıq altında təsnif edilmiş, hər başlıqda Azərbaycan və Anadoluda olan bənzər oyunlar qarşılaşdırılaraq oxşar və fərqli cəhətləri vurğulanmışdır.
Açar sözlər: Azərbaycan, Anadolu, uşaq, oyun, tipologiya.
Малейка Мамедова
Типология Азербайджанских и Анатолийских
детских игр
Резюме
C точки зрения физического, психического, социального, эстетического и здорового развития детей, их социализации, большую роль играют развлечения. В современную эпоху в связи с развивающейся технологией и глобализацией появились новые интересы в области детских развлечений, что привело к потере интереса к нашим играм. Поэтому стоит отметить важность сохранения национально-культурного наследия детских игр.
В статье рассматриваются различные аспекты «Детских игр» в главах: «Традиционные игры», «Повседневные Развлечения», «Архаически значимые игры», «Игры, возникшие под влиянием религии», «Игры, являющиеся продуктом социальной и политической истории», «Игры для развития речи и физкультуры», вместе составляющие шесть разделов, в каждом из которых рассматриваются сходства и различия игр, имеющихся как в народных играх Азербайджана так и Анатолии.
Ключевые слова: Азербайджан, Анатоли, дети, игр, типология.
Meleyke Memmedova
The Typology of Child Games of Azerbaijan and Anatolia
Summary
Games is an indispensable means of entertainment for physical, psychological, sociological and aesthetic terms of healty development of children, their socialization and preparing for life. In the modern era the new interests concerned with the developing technology and globalization has led to neglect our child games. In this regard, it is important to preserve child games which are national cultural heritage.
Approaching from different aspects to "The child games" which is in the article there were classified such as "Games related on traditions", "Daily entertainments", "Archaic meaningful games", " Games made under religion influence", "The games which are the product of socio-politicial history", "Games played in order of speech and physical education of children" under six chapters and there were explained the similarities and differences of similar games in Azerbaijan Anatolia.
Key words: Azerbaijan, Anatolia, child, game, typology.
Uşaqların fiziki, əqli, psixi, sosioloji və estetik baxımından sağlam inkişafı, sosiallaşması, həyata hazırlanmasında oyun əvəzedilməz əyləncə vasitəsidir. Müasir dövrdə inkişaf edən texnologiya və qloballaşma ilə bağlı yaranan yeni maraq dairələri, yeni əyləncələr, kompyuter və telefon oyunları, animasiyalı cizgi filmləri əvvəllər çox gündəmdə olan uşaq oyunlarımızın unudulmasına, uşaqlar tərəfindən oynanılmamasına gətirib çıxarmışdır. Bu baxımdan uşaq oyunlarımız qorunması vacib olan milli mədəni mirasımızdır. Bütün bunları nəzərə alaraq məqalədə mümkün qədər çox oyun faktlarına müraciət olunmağa çalışılmış, müxtəlif antologiya və almanaxlarda dərc olunan materiallarla kifayətlənməyərək toplama materialları da tədqiqata cəlb olunmuş və uşaq oyunları altı yarımbaşlıq altında təsnifatlandırılmışdır; Azərbaycan və Anadoluda uyğun varinatlar qarşılaşdırılaraq əsas xüsusiyyətləri göstərilmək şərtilə sistematik halda müqayisə edilmişdir.
1. Adət-ənənələrlə bağlı oyunlar. Ailə-məişət məsələləri ilə bağlı məişət mərasimlərindəki adət-ənənələrimiz uşaq oyunlarında öz əksini tapmışdır. Məişət mərasimlərindən biri olan toy adət-ənənələrimizlə bağlı uşaq oyunlarına Azərbaycanda “Qara qazan”(14, s.405; 29, s.454),// “Vermərəm, ay vermərəm” (5, s.399) “Qız qaçırtdı” (33, s.27), “Biz Şuranın qızını istərik” (4, s.16-17; 34, s.23-24), Anadoluda isə “Alaydan-Bulaydan”(3, s.185)// “Alaydan Alaydan” (22, s.143)// “Alaylım”(36, s.50), “İnci boncuk” (3, s.200), “Avul” (3, s.186) və “Diyojen” (3, s.196) oyunlarını misal verə bilərik. Bu oyunlar toy mərasimilə əlaqəli adət-ənənələrin izlərini özündə əks etdirir. Belə ki, oyunda uşaqlar böyüklərin toy adətlərini qavradıqları qədər icra edirlər.
Məişət mərasimlərimizdən olan yasla bağlı adət-ənənələrimizin yer aldığı oyunların biri “Qara qazan”dır. Oyunun birinci hissəsi toy, ikinci hissəsi isə yas mərasimlərilə əlaqəli adət-ənənələrin izlərini özündə əks etdirir. Belə ki, oyunda uşaqlar böyüklərin toy və yas adətlərini başa düşdükləri kimi icra edirlər.
Adət-ənələlərlə bağlı digər bir oyun isə “Fatmanənə uç” (34) oyunudur. Həm Azərbaycanın, həm də Anadolunun müxtəlif bölgələrində uşaqlar arasında sevilərək oynanılan bu oyun uşaqların fatmanənəni, yəni parabüzən böcəyini əllərində gəzdirərək ona söylədikləri diləklərlə həyata keçirilir. Əvvəlcə uşaqlar fatmanənə böcəyini otların, çiçəklərin içindən axtarıb tapırlar. Sonra onu tutub əllərində gəzdirərək müxtəlif diləklər söyləyib fatmanənəni uçurdurlar. Oyunda söylənən diləklər bəzi bölgələrimizə görə az da olsa fərqlənir. Məsələn; Naxçıvan, xüsusilə də Ordubad bölgəsində “Fatmanənə, fatmanənə, uç mənə papış gətir”, Qarabağ və Muğan bölgəsində isə uzaqda olan, uzaqda yaşayan hər hansı bir qohum-əqrəba üçün darıxan uşaqlar onu görmək istədikdə, “Uçan, uçan, uç mənə xalamı (nənəmi, babamı, dayımı, bibimi və b.) gətir” (34), yaxud “Uçana, uç, uç, qanaq aç, aç, get babamı gətir, get nənəmi gətir” (10, s.373) kimi sözlərlə öz arzu və istəklərini fatmanənəyə çatdırırlar. Eyni ilə Anadoluda da uşaqlar uğur böcəyini (parabüzəni) əllərinə alaraq “Uç, uç böceğim, annem sana terlik papuç alacak” (34) təkərləməsini söyləyib böcəyi üfürüb uçurdurlar, böcək uçsa, uğur gətiriləcəyinə inanılır. Bu oyunda Fatmanənə ilə bağlı xalq inanclarının izləri və nənələrin papış toxuma adəti və b. öz əksini tapmaqla yanaşı ayin əlaməti də vardır.
Qız uşaqlarının balaca vaxtdan sevərək maraqla oynadıqları və geniş yayılan oyunlardan biri “Evcik-Evcik”dir (7, s.435; 34). Uşaqlar burada böyüdükləri ailə və mühitin adət-ənənələrinə uyğun olaraq gördüklərini, böyüklərin elədiklərini təqlid edərək özləri üçün evcik-evcik oynayırlar. Demək olar ki, Azərbaycanın bir çox bölgəsində oyun eyni qaydada oynanılır. Azərbaycanda “Evci-Evci, ebciy-ebciy, ebcik-ebcik, öycük-öycük”(4, s.72), “Evcilik”, “Xalabacı” (34) kimi adlarla da bilinən “Evcik-Evcik” oyunu Anadoluda “Evcilik” (37, s.30) olaraq tanınır. Hər iki oyunda da uşaqlar böyükləri özlərinə nümunə götürərək onları yamsılayar və ailə yaşamını, həyat tərzinin müəyyən qisimlərini canlandırırlar. Azərbaycanda və Anadoluda günlük həyatımızın aynası olan “Evcik-Evcik” oyunu müxtəlif mövzularda oynanaraq “Qonşu-Qonşu”//“Komşuculuk”, “Həkim-Həkim” // “Doktorculuk”, “Qonaq getmək”//“Misafircilik”, “Yemək bişirmək”// “Yemek yapma”, “Gəlin gətirmək” və bu kimi müxtəlif növlərinin yaranmasına gətirib çıxarmışdır (34).
Azərbaycanda “Tfu, nə pisdi” (5, s.399) oyunu ilə Anadoludakı “Çömlek kapmaca” (3, s.195) oyunu da bir-birinə çox bənzəyir. Eyni qayda və formada oynanılan hər iki oyun yemək bişirmə adətilə bağlıdır.
2. Günlük əyləncələr. Azərbaycan və Anadoluda oynanılan, müxtəlif variant və növləri olan aşıq, dilsiz-səssiz, çaşdırma-zarafat, gizlətmə-gizlənmə, gözbağlıca, daş, qəpik-kart, kağız-qələm, bitki oyunları, heyvan obrazlarının canlandırıldığı oyunlar və b. əsasən günlük əyləncə məqsədilə icra edilir. Bu oyunların hər iki bölgədə bənzər variantları ilə növləri qarşılaşdırılaraq aşağıdakı kimi verilmişdir:
Uşaqların mütəmadi oynadıqları qəpik oyunlarından Azərbaycanda “Qəpik”, Anadoluda “Metelik”// “Metelik döndürme”(36, s.43) bir-birinə çox bənzərdir. Qəpik və mətəlik xırda pul mənasındadır. “Qəpik” oyununun bənzər növləri Azərbaycanda “Kart”, Anadoluda “Kapmaca”(40, s.325), “Taso”, “Çevirme” kimi oyunlardır (22, s.204-205). Lakin bənzər şəkildə oynanılan “Kart” oyununun digərlərindən fərqi oyunun qəpiklə deyil, kibrit qutusundan kəsilmiş parçalarla oynanılmasıdır. “Çevirme”də isə əsas fərq ondan ibarətdir ki, oyunda qəpiklərlə yanaşı düymələrdən də istifadə olunur.
Azərbaycanda və Anadoluda kağız və qələmlə oynanılan “Morskoyboy” (“Dəniz döyüşü”) (34) ilə “Admiral batdı” (“Dəniz generalı batdı”) (22, s.201) və “Kim kiminlə harda nə edir?” ilə “Kim kimle nerde ne yapıyor?” (34) oyunlarının oynanış şəkli və qaydaları eynidir.
Günlük əyləncələr içində daha çox oğlan uşaqların oynadıqları aşıq oyunları xüsusi yer tutur. Aşıq qoyun və inək kimi heyvanların ön ayaq biləklərindən çıxarılan, oynaqları hərəkətə gətirən, xüsusi forması olan sümüyə verilən addır. Aşıqla oynanılan oyuna da “aşıq oyunu” deyilir. Bölgələrimizə görə, “aşıx”, “aşığ” adlarıyla bilinən “Aşıq oyunu” Anadoluda da səs dəyişikliyi ilə eyni adla, yəni “Aşık oyunu” adıyla tanınır. Ən çox oynanılan aşıq oyunlarına Azərbaycanda “Cız”(5, s.411; 6, s.651), “Fındıq-Fındıq” (14, s.407), “Aşıx-Qala” (6, s.652), “Aşıq-Aşıq”(5, s.410; 6, s.651), “Aşığım nə adam”(35), “Sultan” (5, s.410), “Xan-Gizir”(6, s.718-719), Anadoluda “Aşık”(27, s.3; 36, s.14; 40, s.323), “Çizgili aşıq”, “İkicik”, “Hüllüoğlu”, “Mireli”, “Ütmeli”, “Aşığım ne adam”, “Atdırmaç”, “Katmalı”, “Paralı”, “Çakma”, “Yummak-Açmak”, “Keçmeli aşık”, “Padişah-Vezir” (22, s.70-74) və bu kimi oyunları nümunə göstərə bilərik.
Günlük əyləncələrə Azərbaycan və Anadoluda dilsiz-səssiz, çaşdırma-zarafat, təqlid tipli oyunlar da daxildir. Dilsiz-səssiz oyunlarda oyunun baş iştirakçısı-əbə nə edirsə, digər oyunçular da onun etdiklərini eyni ilə yamsılayır. Çaşdırma tipli oyunlarda oyunçu söyləyəcəyi şeyi çaşmadan deməyi bacarmalıdır. Zarafat tipli oyunlarda bir, ya da bir neçə nəfərlə zarafat edərək qarşı tərəfin çətin vəziyyətə salınması əsas şərtdir.
Dilsiz-səssiz oyunlardan Azərbaycanda “Laldinməz” (6, s.657; 13, s.304), “Hoptutdu” (4, s.127), “Heykəl” (13, s.303; 34), Anadoluda “Tıp” (22, s.93), “Lal”// “Dilsiz” (20, s.259) oyunları bənzər şəkildə oynanılan günlük əyləncəli oyunlardır. Bu oyunlarda əsas şərt danışmamaq, gülməmək, səs çıxarmamaqdır.
Çaşdırma tipli təqlidi oyunlardan Azərbaycanda oynanılan “Zübbə-Zübbə”(6, s.654) oyununun bənzəri Anadoluda “Deve-Cüce”(22, s.95) adıyla oynanılır. Hər iki oyunda da bir oyunçu (əbə) digərlərinin qarşısına keçərək onları çaşdırmağa çalışır. Hər iki oyunda da əsas məntiq əbənin söylədiklərini çaşmadan edə bilməkdir. Lakin hər iki oyunda əbənin verdiyi əmrlər fərqlidir, “Zübbə-Zübbə” oyununun içində “Dəvə-Cücə”dən fərqli olaraq təkərləmə də vardır.
Azərbaycan və Anadoluda oynanılan günlük əyləncələr içində yer alan təqlidi oyunlardan “Şəngələ”(30, s.109) ilə “Samut” (36, s.44), çaşdırma tipli günlük əyləncəli oyunlardan “Qaradinməz”(6, s.648; 8, s.383) ilə “Kim vurdu” (22, s.101; 36, s.42), “Arı zınq” (5, s.406) ilə “Cız”(28, s.201), “Quru-Yaş” (34) ilə “Kara-Deniz” (3, s.204), “Bəli-Xeyr” (34) ilə “Evet-Hayır” (22, s.107), “Mırt-Mırt”//“Buynuz-Buynuz” (6, s.658) ilə “Kuş uçdu” (22, s.97) oyunları bir-birinə çox bənzərdir. Təqlidə əsaslanan çaşdırma tipli oyunlardan olan “Mırt-Mırt” (“Buynuz-Buynuz”) və “Kuş uçdu” oyunlarının bənzər şəkildə fərqli adlarla oynanılan Azərbaycandakı müxtəlif növləri “Çırtı”//Tısbağatıs (4, s.244), “Hoppan-Hoppan”, “Vay belə vuranın halına” (6, s.655), Anadoluda isə “Mum dibi”, “İşçi oyunu”, “Gece-Gündüz”, “Tahin-Pekmez”, “Taklitli oyun” (22, s.100) və başqalarıdır.
Günlük əyləncələr qrupunda çox variantları və növləri olan gizlətmə-gizlənmə tipli oyunlar əsas yer tutur. Bu tip gizlənmə oyunlarından biri Azərbaycanda və Anadoluda oynanılan “Gizlənpaç”dır. “Gizlinpaç, gizlənqaç, qaçgizlən, gizlilimpars (Muğan), gizlənparç, gizdələnparç, gildirimparç (Naxçıvan), yaşınbacı (burada “yaşın” gizlən mənasındadır), yeşinbac, yeşinbaba, yeşinbabaş, saxlambac, salanbac (şimal-qərb rayonlarımız), çapbakal (Vartaşen) və s.” (4, 119) kimi müxtəlif adlarla bilinən “Gizlənpaç” oyununun bənzəri Anadoluda “Saklambaç” (23, s.17; 37, s.95) adıyla oynanılır. Eyni şəkildə oynanılan hər iki oyunda oyunçular arasından seçilən əbə sayar, hər kəs qaçıb gizlənər. Əbə əvvəlcədən müəyyənləşdirilən rəqəmə qədər sayıb qurtardıqdan sonra Azərbaycanda “Alma saraldı, gözüm qaraldı, gəldim qaç, gizlənpaç” (34), Anadoluda isə “Önüm, arkam, sağım, solum sobe, saklanmayan ebe” (34) kimi təkərləmələr söylənilir. Oyunda əsas fərq, Azərbaycan variantında ilk tapılan oyunçu, Anadolu variantında isə son tapılan oyunçu əbə (sayan) olur.
“Gizlənpaç”//Saklanbaç oyununun bənzər növləri Azərbaycanda “Molla haray”, Anadoluda isə “Körlebbek”, “Sinnemeç” (22, s.161), “Çıldırdı”, “Çil vurdu” (3, s.194), “Sobe”// “Sinmeç” (41, s.336) “Ebeden ebeye” (3, s.197), “Tin-Tin” (3, s.210) və b. oyunlardır. Bu oyunlardan “Çıldırdı”, “Çil vurdu”, “Tin-Tin” oyunları oyunçuların qrup halında gizləndikləri gizlanpaçdır.
Gizlətmə tipli oyunlardan “Üzük-üzük” oyununun həm Azərbaycanda, həm də Anadoluda bölgələrə görə müxtəlif variantları və növləri vardır. Bu oyunlarda əsas məntiq gizlədilən üzüyü tapmaqdır. Azərbaycanda (Göyçə) “Üzük-Üzük” (6, s.649) oyunu ilə Anadoluda “Yüzük saklamaç” (22, s.173) oyunları oynanış baxımdan eynidir. Hər iki bölgədə qış aylarında evdə oynanılan bu oyunun Şəki variantının (15, s.149) toy mərasimində oynanıldığı faktı da vardır. Oyunun Azərbaycan və Anadolu variantlarında üzük həm dəsmal, həm də fincan altında gizlədilir. Hətta Azərbaycanın Şəki-Zaqatala bölgəsində oynanılan “Corabaltı” oyununda üzük corabın altında, Zəngəzurda oynanılan “Üzük-Üzük” (16, s.430) oyununda üzük (halqa) ocağın ortasında gizlədilir.
Azərbaycanda oynanılan “Üzük-üzük” oyununa bənzər şəkildə və eyni qaydada oynanılan müxtəlif növlərinə isə “Alma saxlama” (33, s.26-27), “Düymə-düymə”(5, s.402-403), “Fincan-Fincan” (32, s.386-387), “Corab gizlətmə”, “Corabaltı” (15, s.150) və b. oyunları nümunə göstərmək olar. Bu oyunlardan “Fincan-fincan” oyununda fincanların altında gül və halqa gizlədilir, “Düymə-Düymə” oyununda təkərləmə söylənərək seçilən oyunçu şapkanın və ya dəsmalın altındakı düyməni tapmağa çalışır. “Alma saxlama” oyununda isə almanın hansı boşqabın altında olduğu, “Corab gizlətmə”də gizlədilən corab, “Corabaltı” oyununda isə, corabın altında gizlədilən üzük tapılır. Anadoluda isə, “Yüzük saklambaç” (Üzük gizlətmə) oyununun “Çabıt yüzük”, “Fincan”, “Başt Puşt” (22, s.175), “Çıkıdıq” (3, s.194), “Çorap saklamaca”(3, s.195), “Ayakkabı saklama” (39, s.21; 40, s.333), “Piliçli tavuk” (3, s.207), “Şır-Şır” (3, s.211) kimi növləri vardır.
Günlük əyləncələrdə gözbağlıca oyunları da əsas yer tutur. Azərbaycanda “Gözübağlıca” (34) // “Gözbağlayıcı” (8, s.384), Anadoluda “Körebe” (23, s.11; 36, s.13) oyunları oynanış baxımından eynidir. “Gözübağlıca” oyununda gözü bağlı olan əbəyə oyunçular toxunaraq, “Körebe”də isə “körebe körebe” deyə qışqıraraq yerlərini bildirməyə çalışırlar. Hər iki oyunda da əbənin toxunduğu oyunçu əbə olur.
“Gözübağlıca”//“Körebe” oyununun bənzər növləri Azərbaycanda “Çax-Çax”(4, s.239-240), “Haylana-Haylana” (4, s.229), “Miyançı və çömçəbaşı bəzəmə”(22, s.172), “Ağam mənə kor deyib” (6, s.642), Anadoluda “Ali baba”, “Ebe kışkış”, “Göz bağlama” (12, s.172), “Ben kimim?” (3, s.190), “İp içinde gözbağı” (3, s.199), “Sürdürme” (3, s.211) kimi oyunları nümunə göstərə bilərik.
Günlük əyləncələrdə uşaqların oyun vəsaiti kimi daha asan tapdıqları və onunla müxtəlif oyunlar oynadıqları daş oyunları əhəmiyyətli yer tutur. Bu oyunlar xüsusi diqqət tələb edən və əl-göz bacarığı ilə əlaqəli olub çox geniş yayılmışdır. Daş oyunlarından Azərbaycanda “Beşdaş” (34) oyunu müxtəlif bölgələrimizdə fərqli adlarla eyni qayda ilə oynanılır. Naxçıvanda “Qəzmədaş”, “Qəcəmədaş”, “Qıcmadaş”, “İtit”, “Beşdaş”, Şəkidə “Dənləmədaş” (4, s.52) və Azərbaycanın bir çox bölgəsində “Qəzmədaş” və ya “Beşdaş” kimi bilinən bu oyun Anadoluda da əsasən “Beştaş”(39, s.24; 40, s.311) adıyla eyni şəkildə oynanılır. Adından da məlum olduğu kimi, həm Azərbaycanda, həm də Anadoluda oyun beş daşla oynanılır. Oyunun Azərbaycanda müxtəlif adlarla adlandırılması isə oyunun oynanış şəklindən irəli gəlir. Belə ki, qəzmə//qəcəmə//qıcma sözləri də hal-hazırda Naxçıvanda işlədilən “qərcimək” sözündən gəlir, bunun da mənası heç kəsə imkan vermədən cəld tutmaqdır. Oyunda yerdəki daşları bir-bir götürərkən göyə atılan saqqa daşı yerə düşmədən tutmaq məsələsi əsasdır. Şəkidə söylənən ifadədən də anlaşıldığı kimi, “Dənləmədaş”dakı “dənləmə” daşları bir-bir götürmək mənasındadır.
Anadoluda “Beştaş” oyunun bənzər şəkildə oynanılan “Balık ağzı”, “Biccil” (36, s.34), “Eltaşı” kimi müxtəlif növləri də mövcuddur (22, s.177).
Azərbaycan və Anadoluda eyni adla və bənzər şəkildə daşla oynanılan oyunlardan biri də “Ondaş” (33, s.32) // “Ontaş”(22, s.181)dır.
Azərbaycanda “Ay xala, bir çörək ver”(5, s.408), Anadoluda “Hala hala sacı ver” (22,125) oyunları eyni qaydada və bənzər şəkildə oynanılır. Anadolu türkcəsində “hala” bizdə “bibi” deməkdir. İki oyunçu tərəfindən oynanılan bu oyunlardakı dialoqlar demək olar ki, eynidir, sadəcə olaraq xaladan istənilən şey, birində çörək, digərində isə sacdır. Həmçinin oyunun sonunda çörəyi və ya sacı götürmək istəyən oyunçunun əli Azərbaycan variantında pişik, Anadolu variantında it tərəfindən cırmaqlanır.
Azərbaycanda oynanılan “Qələndər ay qələndər”, yaxud “Yengələ ha yengələ” (30, s.111; 31, s.168), “Bir quşum var bu boyda”, “Oyun-tapmaca” (30, s.111) oyunları ilə Anadoluda oynanılan “Kuşum kuşum bu boyda” (22, s.135) oyunları eyni qayda ilə oynanılan oyunlardır. Bu oyunlarda təkərləmələrə uyğun olaraq edilən hərəkətlərlə bəzi xüsusiyyətləri verilərək təsvir edilən quşun hansı quş olduğunun tapılması istənilir. Anadolu və Azərbaycan variantları arasındakı əsas fərq düzgün bilməyənlərin cəzalandırılması qismindədir. Oyunun Anadoluda oxşar şəkildə oynanılan bənzər növləri isə “Nesi var”, “İsim bulmaca” (Ad tapmaca), “Bir evde” kimi oyunlardır (22, s.138).
Azərbaycanda “Kız övmecesi” (Qız tərifləmə) (33, s.30) ilə Anadoluda “Dan dan dana” (33, s.110-111) oyunları eyni qaydada bənzər şəkildə oynanılır. Dairə əmələ gətirəcək şəkildə əl-ələ tutan qız uşaqları tərəfindən oynanılan bu oyunda söylənən təkərləmələr isə fərqlidir.
Azərbaycanda balaca qız uşaqları arasında oynanılan “Dovşanım” (33, s.25) oyunu ilə “Dilarənin anası” (34) oynanış qayda və forması baxımından çox bənzərdir. Hər iki oyunda da oyunçular əl-ələ tutub dairə əmələ gətirirlər, bir iştirakçı isə dairənin içində oturub söylənən təkərləməyə uyğun hərəkət edir. Oyunlar arasındakı əsas fərq, dairə içində oturanın birində Dilarə, o birində isə Dovşan olmasıdır. Söylənən təkərləmələrin də əsas mövzusu həmin iştirakçılarla bağlıdır. “Dilarənin anası”oyununun bənzər variantları Təbrizdə “Şəkər pənir” (35, s.53), Naxçıvanda “Çaynik” (12, s.454) oyunlarıdır. Bu oyunların Anadoluda bənzər növü “Yalançı Çoban” (3, s.208) oyunudur. Eyni qayda və bənzər şəkildə oynanılan bu oyunun da özünəxas çobanla bağlı maraqlı təkərləməsi vardır.
Azərbaycanda “Stula oturma” (34) ilə Anadoluda “Müzikli sandalye” (34) (Musiqili stul) oyunları eyni forma və qaydalar daxilində icra edilir. Hər iki oyunda da hər dəfə iştirakçıların sayından bir dənə az stul qoyulur və oyunçular musiqinin və ya mahnının dayanması ilə cəld davranıb stullara oturmağa çalışırlar.
Günlük əyləncələr içində heyvan obrazlarının canlandırıldığı uşaq oyunları da çox maraqlıdır. Bu oyunlardan əsasən qurd və qoyun obrazlarının yer aldığı Azərbaycanda “Qurd baba” (14, s.408-410), “Ana, məni qurda vermə” (4, s.18), “Nənə, məni qurda vermə” (35, s.59) oyunları ilə Anadoluda “Koyun kapmaca” (3, s.202), “Kurt baba” (20, s.253; 39, s.13), ”“Ebe beni kurda verme” (21, s.52; 39, s.25) oyunları bənzərdir. Bu oyunların hamısında qurd qoyunları tutub yemək istəyir, lakin niyyətinə çata bilmir. Oyunların fərqli cəhətləri isə, “Qurd baba”da əsas iştirakçılar baş çoban, qurd, alabaş və qoyunlar, “Koyun kapmaca”da qurd, qoyunlar, başçı, “Ebe beni kurda verme”də isə əbə, qurd, dəvə, “Nənə, məni qurda vermə”də qurd, nənə (nənə qoyun), quzulardır. Qurdla-qoyunla bağlı bu oyunların Azərbaycan variantları oyun içi dialoqlara görə həcmcə Anadolu variantından daha genişdir. Azərbaycanda “Qurd baba”, “Ana, məni qurda vermə” oyunlarının bənzər şəkildə oynanılan fərqli növü “Qazlar-Qazlar” (35) // “Qazlar, Ördəklər” (12, s.453). Bu oyunun da əsas mövzusu qurdun qazları yemək istəməsidir. “Qazlar-Qazlar” oyununun oxşar variantı Anadoluda “Kazlar içeriye” (20, s.260) adıyla oynanılır. Anadoluda “Ebe beni kurda verme” oyununun bənzər növləri “İynem düştü şuraya, buraya” (21, s.26), “Kurt oyunu” dur (21, s.66-67).
Günlük əyləncələrdən olan və heyvan obrazlarının canlandırıldığı digər oyunlardan biri də “Cücələrim”dir (34). Bu oyunun bənzər variantı Anadoluda “Annem beni kaptırmaz” (3, s.186) oyunudur. Hər iki oyun da eyni qaydada və bənzər şəkildə oynanılır. Hər iki oyunun da əsas iştirakçıları ana, balaları, qurd və tülküdür. Azərbaycan variantında ana toyuq, balalar cücə rolunda iştirak edir, Anadolu variantında isə ana və balaların nəyi canlandırıldığı verilməmişdir, ancaq oyunun məzmunundan onların da toyuq-cücəni canlandırdığı qənaətinə gəlmək olar.
Günlük əyləncələr içində bitkilərlə oynanılan oyunlar hər zaman maraq doğurur. Bu cür oyunlar uşaqların təbiətlə iç-içə olmasında böyük rol oynaması ilə bərabər onların təbiətdə olan gözəl bitki və çiçəkləri öyrənmələrində əsas vasitəyə çevrilir. Bitki oyunlarına Azərbaycanda “Traktor”, “Qar yağdı”, “Atış”, “Qol”, “Fal”, “Zəng”, Anadoluda “Üfürme”, “Seviyor-Sevmiyor”// “Papatya falı”, “Pıtırak” və b. nümunələri göstərə bilərik (34). Bu oyunlardan “Traktor” xalq arasında qıyaq otu kimi bilinən bitkinin qılçığından, “Qar yağdı” oyunu isə uşaqların üfürmə dediyi otdan, “Atış” oyunu bağayarpağının toxumlamış zoğundan, “Qol” oyunu şam ağaclarının qozasından, “Pıtırak” tikanlı bitkidən oynanılır. Həm Azərbaycanda, həm də Anadoluda “Qar yağdı”//“Kar yağıyor”, yaxud “Üfürme” adıyla bilinən oyun, “Fal” ilə “Seviyor-Sevmiyor” oyunları eyni qaydada oynanılır. “Seviyor-Sevmiyor” oyunu daha çox papatya (çobanyastığı) ilə, “Fal” oyunu isə çobanyastığından əlavə bir çox ləçəkli çiçəklərlə, güllərlə oynanılır. “Fal” oyununun “Seviyor-Sevmiyor”dan bir fərqli cəhəti isə, burada uşaqların sadəcə kiminsə onu sevib sevmədiyini yox, həmçinin bir işin alınıb alınmayacağını, sevdiyi insanların (nənə, baba, xala və b.) gəlib-gəlməyəcəyini bilməsi, yaxud da hər hansı bir oyunun oynanılıb-oynanılmayacağına, bir işin görülüb görülməyəcəyinə qərar verilməsi və s. üçün oynanılır.
Dostları ilə paylaş: |