AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə27/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   ...   22   23   24   25   26   27   28   29   30

Qaynaqlar

  1. Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. 2 cilddə, I cild. Tərtib edəni, müqəddimənin və izahların müəllifi akademik İsa Həbibbəyli. “Əcəmi”, Naxçıvan, 2009

  2. Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Tərtib edəni, müqəddimənin və izahların müəllifi akademik İsa Həbibbəyli. “Əcəmi”, Naxçıvan, 2009

  3. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadənin mühiti və müa­sir­ləri. (təkmilləşdirilmiş ikinci nəşri). “Əcəmi”, Naxçıvan, 2009

  4. Əli Sultanlı. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Azərnəşr, Bakı, 1964

  5. Pərvanə Bayram. Seyid Nigarinin “Çaynamə” məsnəvisi. “Dil və ədəbiyyat” jurnalı. 2 (62). Bakı 2009

QESER” DASTANINDA QƏHRƏMANIN FƏRQLİ QÜVVƏLƏRLƏ MÜNASİBƏTİNDƏ AYİN VƏ OYUN ELEMENTLƏRİ


Tahir Nəsib

AMEA Folklor İnstitutu

tahirnesibli@yahoo.com
Məqalədə monqol-tibet qəhrəmanlıq dastanı “Qeser”də arxa­ik folklor janrlarının rüşeymləşməsinin və yaranmasının əsasları göstərilir. Qəhrəmanın müxtəlif mənfi güclərlə müna­sibətlərində arxaik folklor janrları ilə əlaqəli oyun və tamaşa elementləri aşkarlanır. Müasir dövrdə xalq yaddaşında qalmış oyun və tamaşa janrlarına arxaik folklor janrlarının təka­mülünün nəticəsi kimi baxılır.

Açar sözlər: element, ritual, oyun, tamaşa, dastan, Qeser, monqol, tibet, arxaik.
Тагир Насиб

Элементы ритуала и представления в отношениях

героя с разными силами в эпосе «Гесер»

Резюме

В статье раскрывается зачатки появления архаичес­ких фольклорных жанров в монголо-тибетской эпосе «Гесер».В контексте архаических фольклорных жанров выявляются отдельные элементы ритуала и представ­ления в отношениях героя с разными негативными силами. Сохронивщися в сов­ременной народной памяти игры и представления рассмотривается как эволюция архаических фольклорных жанров.



Ключевые слова: элемент, ритуал, игры, представления, эпос, Гесер, монгол, тибет, архаика.


Tahir Nasib

Elements of the ceremony and game in the relationship between hero and different forces in the “Qeser” epic

Summary

In the article, forming and appearing bases of the archaic folklore is showed in the "Qeser" heroic epic. Game and ceremo­ny elements which have relations with archaic folklore genre is discovered in the relationship of the hero with various negative forces. In modern period the game and play genre which kept in the nation mind looked as the result of revolution of the archaic folklore genre.



Key words: element, ritual, game, play, epic, Qeser, monqol, tibet, archaic
Bəllidir ki, folklor janrlarının müxtəlif, müstəqil çoxsay­lı sahələrə ayrılmasına baxmayaraq, bütün bunlar öz baş­lanğıcını, bir-biriləri ilə əlaqəli olaraq, vahid mənbədən - mifoloji düşüncə dövründən alır. Bu cəhətdən oyun və tamaşalar da istisna təşkil etmir. Öz xüsusiyyətlərinə görə yaxın olan folklor janrlarında ge­netik əlaqə daha qabarıq hiss olunur. İbtidai insanların şüurunda ətraf mühiti dərk etmədə fövqəltəbii, mifoloji səviyyədə yara­nan düşüncənin nəticəsi olan maqik ayinlər, çağırışlar həm də onların təbiət qüvvələri qarşısında gücsüzlüklərini müdafiə məqs­ədi gü­dürdü. Gerçək ictimai həyatı və mifoloji şüuru ayrılmaz şəkildə birləşdirən həmin düşüncə uzun tarixi zaman ərzində tədricən fərqli arxaik folklor janrlarının bölünüb yaranmasınadək inkişaf edib çevrilmişdir.

Belə çevrilmələr maqik səviyyəli inanc, dini məzmunlu ayin­lərin sonralar xalq oyun və tamaşalarına qədər inkişaf et­mə­sinə gətirib çıxarır. Buna görə də, epik yaradıcılığın janrlarında, xüsusən də qədim yaşlı qəhrəmanlıq dastan­la­rında magik ayin xü­su­siyyəti daşıyan səhnələrə, hadisələrə oyun və tamaşaların ibti­dai, ilk rüşeym şəkli kimi baxıl­malıdır. Bu səviyyə “Qeser” kimi qədim və nəhəng qəhrə­manlıq dastanları silsiləsində özünü daha aydın şəkildə gös­tərir. Dastanın əsas qəhrəmanı Qeserin ətrafında yaranmış hadisələrdə: düşmənləri çoxsaylı manquslarla vuruşlar­da; təbiət, kosmos varlıqlarına sitayişdə və s. vəziyyətlərdə daimi ayin, oyun məzmunlu, mahiyyətli səhnələr təsvir olunur.

Folklorşünaslıq nəzəriyyəsində, folklorun gerçək tari­xin­də özün­də heç bir janrın əlamətlərini birləşdirməyən, janr müəy­yənliyi dəqiq bilinməyən mətnlərdə olur (6, 66). Bunlar­da ayrı-ayrı janr xüsusiyyətlərinin çarpazlaşması, qarşı­lıqlı münasibəti yaranır, misal üçün, lirik məişət nəğ­mə­ləri mərasim folklorunun tərkibinə daxil olur. Bəzi mətnlərdə bir folklor janrının daha arxaik janrdan, onun ayrı-ayrı hissə­lərindən işlənməsi, anlaşıl­ma­sı, yolu ayrılması əks olunur, sehirli nağıl, mifdən “boy atır” (6, 66). Belə keçid ərəfədə, amorf – ikili vəziyyətdə olan mətnlərdə hər hansı bir janrın dəqiq müəyyənləşdirilməsi ziddiyyətli hal ya­radır. Həmin ölçülərə, demək olar ki, “Qeser” dastanlar silsiləsinə aid çoxsaylı mətnlərin hər biri uyğun gəlir. Ümumiyyətlə, “Qe­ser” dastanının özü təməlindən qədimliyi və nəhəngliyi ilə əla­qəli bütün sahələrdən ziddiyyətlərlə doludur. Mövzusu­na, məz­mu­nuna, süjetinə, mətnlərə, poetikasına və s. cəhətlə­rinə görə onu eyni zamanda nağıl, əfsanə janrlarına da, tarixi hadisələri zəif də olsa əks etməsinə, qəhrəmanın və tərəfdarlarının daimi fəaliy­yət­də olmalarına görə dastanlara da aid etmək olar. “Qeser” das­tan­lar toplusunda rəvayət, əsatir mövzuları, xüsusiyyətləri də özünə yer tapıb. Onu ural-altay xalqlarına aid dastanlardan tamamilə fərqlən­di­rən xüsusiyyəti “Qeser”in monqol, tibet xalqlarında həm də dini mövzulu, müqəddəs səviyyəli mətn kimi qəbul edil­məsidir. “Qeser” dastanlarının qeyd edi­lən qabarıq xüsusiyyətləri eyni ilə onların mövzu və məzmun inkişafının rənga­rəng­liyində də özünü təkrarlayıb göstərir. Qanunauyğun olaraq “Qeser” mətnlərindəki belə kiçik və böyük həcmli sayılabiləcək köklü zid­diyyətli hal onun hüceyrəsini təşkil edən hər bir incə­liklərdə, səhnələrdə də əks olunub. Belə incəliklərdən biri də fərqli janrla­rın qaynayıb-qarışması, kəsişməsi burada əsas qəhrəman Qeserin mənfi qüvvələrlə münasibətində özünü ayin, oyun elementləri ki­mi göstərir.

“Dədə Qorqud” dastanında uşaqların, igidlərin adqoyma mə­ra­simində müxtəlif oyun-tamaşa səhnələrinin yaradılma­sının – yaşıdları ilə güləşlər, buğayla döyüş, ox atma, qılınclaşma, atla yarış və s. (4, 27) arxaik şəkillərini “Qeser” dastanında da müşa­hi­də etmək olur. Qədim türklərdə seçilmiş qəhrəmanların, xan­la­rın, xaqanların həyatında üçmərhələli: uşaqlıq, gənclik, xalq ara­sındakı nüfuzuna görə adqoyma mərasimi, eyni ilə Qeserin hə­yatında da təkrarlanır. Bu hal qədim ural-altay xalqlarında ortaq genetik dünya baxışı ilə əlaqəlidir. “Qeser”in bəzi fərqli mətn­lə­rin­də qəhrəman uşaq­lıq dövründə, 3 yaşında olanda göstərdiyi şü­caətinə görə Nyuhata Zurxay (Ungin-Xanqalov mətni) adı alır (3, 39). Aqin mətnində o, uşaqkən düşmənlərinə qalib gəlir, Nyuhata Nyusqay-burnu bulaşıqlı ləqəbi ilə çağrılır (3, 41). Bütün çoxsaylı dastan mətnlərində qəhrəman igidliklərinə görə gəncliyində “Xu­bun” – igid, qorxmaz adı alır. Xalqı tamamilə azad edib düş­mən­lərə qalib gələndə “boqdo” – müdrik, müqəddəs dərəcəsinə çatır.

Bir qayda olaraq ural-altay xalqlarının dastanlarında qəhrə­manlar düşmənləri, rəqibləri ilə qarşılaşdıqda vuruş­madan öncə söz­lə hədə-qorxu gəlirlər (Qazax türklərində şeşəndik, müdriklik öyü­dü; Azərbaycanın müxtəlif bölgə­lə­rində şeşələnmək, hərbə-zor­ba, Şirvan zonası Şeşəngi saz havası da bu əhvalın ifadə şə­kil­lə­ri kimi özünü göstərir). Sonra xüsusi ardıcıllıqla, silahlarla dö­yü­şürlər, bir nəticə hasil olmayanda əlbəyaxa olurlar, güləşir­lər. Hər nə qədər döyüş səhnələri dastanların ayrılmaz parçaları ol­sa­lar da bunlar tədricən zaman ərzində xalq yaddaşında “Zor­xa­na”, “Qur­şaq­tutma”, “Hərbə-zorba” kimi oyun və tamaşalara çev­ril­miş­dir, bundan sonra da uşaq oyunlarınadək inkişaf etmişdir (4. s.28).

“Qeser” dastanlar toplusunun nağıl, əfsanə və dastan arasında keçid mərhələsində, səviyyəsində olması, yuxarıda qeyd edildiyi kimi, mətnlərdəki ayrı-ayrı janr xüsusiy­yətlərinin ziddiyyətlərini daşıyan hissələrə də təsir etmişdir. Bu təsir özünü xüsusən qəhrə­manın düşmənlərlə vuruşları zamanı bunların hər ikisinin özlərini aparmalarında qabarıq göstərir. Həmin səhnələr həm gerçək döyüş vəziyyətlərini, həm də magik ayin xüsusiyyətlərini bir yerdə birləşdirir. Bəllidir ki, belə təzadlı halın yaranmsı da hələ dastanın yarandığı minilliklərdə, yüzilliklərdə folklor janrlarının tamamilə seçilib ayrılmamasında, arxaik mifoloji düşüncənin po­zul­ma­masındadır.

Bu səbəbdən də Qeserin manquslarla savaş səhnələrində ayin (ritual), oyun, tamaşa motivləri ilə yanaşı eyni zamanda alqış, qarğış, sehr, ovsun elementləri də çox geniş istifadə olunur. Buna görə də “Qeser” kimi qədim, nəhəng, mürəkkəb məzmunlu, quruluşu dastanda arxaik folklor janrlarını bitkin, müstəqil şə­kil­də axtarmaq mümkün və düzgün deyil. Bütün bunlar bir mənbə­dən şaxələnmə, rüşeymləşmə dövründəki səviyyədədir. Hazırkı məqa­lədə də dastandakı qəhrəman – düşmən münasibət­lə­ri­nin təsvir olunmuş səhnələrinə bu ölçüdən yanaşılır. “Qeser”in fərqli mətnlə­rindən asılı olma­yaraq tez-tez təkrarlanan eyni səviyyəli səhnələrdə: qəhrəman düşmənlə üzbəüz gəldikdə, çətin anlarda hami ruhlar olan üç xilaskar bacını köməyə çağırdıqda, sədaqətli atına müraciət edib məsləhət istədikdə, onu, itini və özünü fərqli varlıqlara çevirib dönərgəlik etdikdə eyni sözləri və hərəkətləri dəyi­şilmədən təkrarlayır. Bütün bunlar bir növü ayin, mərasim şəklində, səviyyəsində yerinə yetirilib icra olunur, magik xüsu­siyyət, mahiyyət daşıyır. Y.S.Neklyudov və J.Tumurse­renin top­ladıqları “Qeser”in yeni monqol mətnində həmin səhnələr təkrar olaraq fərqli səviyyələrdə dəfələrlə yaradılır. Sual oluna bilər, belə təsvir, təkrarlanma təsadüfi haldır, xurçinin (dastan söylə­yənin) yaradıcılıq üslubudur, yoxsa şifahi xalq yaradıcılığına xas olan nəqletmə xüsusiyyətidir?

Sehrli nağıllarda qəhrəmanın qeyri-adi, möcüzəli – doğuluşu motivi ilə, “öz” və “özgə” məkan anlayışıyla, maniələri, çətin­lik­lə­ri eyni üsulda dəf etmə təsviriylə, dönər­gə­liklərlə və s. ele­mentlərlə “Qeser” arasında çox yaxınlıq var. Bu səbəbdən də bir az yuxarıda da vurğu­la­nan “Qeser”dəki hadisəlrin tək­rar­lanması ilə də sehrli nağıllardakı bədii zamanın “yol zamanına” və “ha­disələr zamanına” (2, 218) bölünməsi arasında yaxın uy­ğunluq hiss olunur. Burada həm də “çox getdilər, az getdilər”, “dərə­lərdən sel kimi”, “təpələrdən yel kimi” və s. formullar da (2, 218) nəzərdə tutulur. Misal üçün, Qeser manqus qızı Qilban Şarın oğur­la­dığı sevimli qadını Xas Şixeri azad etmək üçün yola düşür. Yolda birinci maneə ilə - keçilməz dağlar, aşırımlarla qarşı­laşır və üç xilaskar bacısına yardım etmələri üçün üç dəfə tə­zim edib dua oxuyur. Bundan əvvəl qəhrəman ayin səviyyəsində atını yəhərləyib, silahlarını götürüb hazırlıq görmüşdü:

355. Dağlar kəllələri varmış kimi baş endirirlər.

Hökmdar Qeser – xaqan

Bu aşırımların ətəklərinə çatdı,

Daha gedə bilmədi.

Çapağanından,

340. Uzaqgörən – kəhərindən

Yerə sıçradı.

Özündə hörmətlə dolu

Dərin ehtiram hiss etdi.

Özünün qalibiyyətli üç bacısına

345. Həmin vaxt alqış elədi:

“Xilaskar üç bacı!

Qızıl torpağa

Enmiş


Ağılsız qardaşınıza sizin

350. Bu gün

Yardım edərsinizmi?...” (5.138)

Qeserin dualarını eşidən üç xilaskar bacısı onun hələ sözü qurtarmamış

Buludların zirvəsini əyərək,

Hər yeri dumana bürüyərək

355. Onun üç bacısı endi. (5.138)

Xilaskar bacılar Qeserə məsləhət verirlər ki, təqdim etdikləri milçəkqovanla üç dəfə yelləsin və Uzaqgörən – kəhər atına sidqi-ürəklə müraciət edib təhlükəli, ölümcül aşırımları keçməsini rica etsin. Sədaqətli at sahibinin sözlərini dinləyir və insan dili ilə ona söz verir ki, təhlükəyə qalib gələcəkdir:

420. Öz sahibinin xahişini qəbul etdi

Qurd qulaqlarını dikəltdi,

Ulduz gözlərini açdı,

Yalını və quyruğunu qaldırdı,

425. Dörd dırnağı ilə vurdu,

Bir yaşlı dayın səsiylə kişnədi,

Ayaqlarındakı tüklər pırpızlaşdı.

...


Hökmdar Qeser –boqdo

445. Özünün Uzaqgörən – kəhərini

Yanlarından beş dəfə,

Sağrısından üç dəfə,

Bütövlükdə bir yerdə

Səkkiz dəfə qamçıladı. (5, 141)

Dastanda qəhrəman ikinci maneə ilə - qanla axan çayla rastla­şır. Qeser yenə üç xilaskar bacılarından yardım istəyir və bütün hadisələr birinci dəfədə olduğu kimi təkrarlanır. Onlar yenə də məsləhət görürlər ki, milçəkqovanla üç dəfə yelləsin və atına mü­ra­ciət etsin (5, 144). Nəhayət, Qeser üç nəhəng, vəhşi ağ­ca­qo­vaq ağaca da itlərinin köməyi ilə qalib gəldikdən sonra qadınını oğurlatmış vəhşi düşmən manqusun torpağına gəlir. Manqus onu tanımasın deyə Qeser özünü yük daşıyan yoxsul badarçin (sə­yahət edən rahib) edir, atını göydə, iki itini torpaqda gizlədir (5, 142). Sonra manqusun qızı Qilban Şarla rastlaşanda da Qeser ey­ni üsuldan – özünün, atının və itlərinin görünüşlərini dəyişmədən istifadə edir.

Dastanda ayin, tamaşa elementlərinin izlərini Qeserin düş­mən­ləri ilə savaşlara hazırlaşması və döyüş vaxtı da müəy­yən­ləşdirmək olar. Hər bir hərəkət ölçülüb-biçilir və bütün döyüşlərə eyni hazırlıq mərhələləri keçilir:

710. ...

Öz çapağanını, Uzaqgörən – kəhəri

Düz istiqamətləndirdi,

Əlindəki silahını –

Özünün polad qılıncını

715. Əlində sıxdı

Özünün nəhəng qara

Böyük yayını

Qoltuğunun altına dürtdü,

Otuz altı

720. Ağ oxu

Ox qabına qoydu. (5.147-148)

Bənzəri döyüşqabağı hazırlığa düşmən manquslarda baş vururlar və həmin səhnələr dəfələrlə təkrarlanır. Atların, qatırların da yəhərlənməsi, yüyənlənməsi xüsusi vurğulanaraq təsvir olu­nur. Demək olar ki, “Qeser” mətnlərində hər bir səhnə, hərəkət, incəlik xüsusi ayin mahiyyəti daşıyır. Əgər “Qeser”in mon­qol­lar­da, tibetlərdə müqəddəs mətnlər, dini kitablar səviyyəsində təbliğ olunması nəzərdə tutulsa, məlum olur ki, qədim ural-altay xalqla­rının atı əhilləşdirmələri, dö­yüşlə əlaqəli hər bir hadisə ayin sə­viyyəsində icra olunurmuş.

“Qeser”in bütün mətnlərində qəhrəman maq-kahin, sehrkar, ovsunçu xüsusiyyətli yaradılıb. Onun kahinlik fəaliy­yəti sehrli na­ğıllardakı motivləri təkrarlayır. Qeser dönərgəlik edib qoca ki­şiyə, kiçik daya, kirli uşağa, yırtıcı şahinə, ceyran qovalayan ca­navara və s. varlıqlara çevrilə bilir (3, 111). Das­tan mətnlərində eyni zamanda Qeserin sehrli, ovsunlu sözlə­rinə də böyük əhə­miyyət verilir. Düşmənləri ilə döyüş­lərdə o, xüsusi hazırlıqla öz oxlarını, qılıncını sehrli, ovsunlu sözlərlə yollayır, vurur (3, 112), (1, 163). Eyni döyüş hazırlığından sehrdən, ovsundan onun düşmənləri də istifadə edirlər. Vuruşdan əvvəl rəqiblər bir-biri­lərinin mənfi xüsusiyyətlərini deməklə qarşıdakına psixi təsir edir, hərbə-zorba gəlirlər. Maraqlıdır ki, “Koroğlu” dastanında da Koroğlu ilk dəfə Dəli Həsənlə, Giziroğlu Mustafa ilə, Ərəb Rey­hanla və s. qarşı­laşdıqda bir-birilərinə sözlə hədə-qorxu gəlirlər sonra silah­lardan növbə ilə istifadə edirlər, ən sonda əlbəyaxa olurlar. Bir az əvvəl vurğulandığı kimi, qədim ural-altaylarda xü­su­si toxunulmaz döyüş qanunları var imiş, bunlardan kənara çıx­maq igidliyə, cəsurluğa yaraşmayan hal kimi sayılırmış. Bunun özü də ayin xüsusiyyəti, icrası isə oyun vəziyyəti yaradırmış.

Əgər Qeserin düşmənləri ilə vuruşları zaman qarşılıqlı olaraq xüsusi hazırlaşmalarını, eyni vaxtda həm dönərgəlik edib müxtə­lif varlıqlara çevrilmələrini, silahlarını ovsunlayıb sehrləmələrini həm də özününkülərə alqış, xeyr-dua, düşmən­lərinə qarğış söylə­mə­lərini nəzərə alsaq, qədim mifoloji düşüncə dövründə ictimai hə­yatla mifoloji şüurun bir-biri ilə iç-içə, ayrılmaz şəraitdə ya­şa­dı­ğını görmək olar. Yəni həmin dövrdə ayin, oyun, döyüş səh­nə­si, tamaşa elementləri hələ ayrılıb seçilməmişdi. Orta əsrlərdə, dastançılığın ən inkişaf etdiyi dövrdə artıq şəkilləşmiş, müstəqil ol­muş arxaik folklor janrları ilə yanaşı digər sahələrdə bitkinləşir. Müasir dövrə yaxın yüzilliklərdə isə bütün bunlar öz əvvəlki xü­su­siy­yətlərini, əhəmiyyətini itirərək məlum olan oyun və tama­şa­la­radək inkişaf edib çevrilir.
Qaynaqlar


  1. Abay Qeser Xubun. (Exirit – bulaqatskiy variant). I çast. Ulan-Ude. Tip. M. Kult. Bur. ASSR.1961

  2. Azərbaycan Ədəbiyyatı Tarixi. I cild. Bakı. Elm. 2004

  3. Qeroiçeskiy epos o Qesere. İrkutsk. Red.-izd. otd. qosuniver. 1969

  4. Məmmədova M. Azərbaycan və Anadolu folklorunda oyun və tamaşalar. Bakı. “Elm və təhsil”. 2014

  5. Neklyudov S.Y. Timurseren J. Monqolskiye skazaniya o Qesere. Novıye zapisi. Moskva. Nauka. 1982

  6. Folklor terminləri. AMEA. Folklor İnstitutu (Hazırlayan Xəlil A.). Bakı. Nurlan. 2010

  7. Şarakşinova N.O. Qeroiçeskiy epos buryat. Vosf.-Sib. kn. Izd. İrkutsk. 1968

TƏRTƏR BÖLGƏSİNDƏN TOPLANAN UŞAQ OYUNLARI

Tahir Orucov

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu

tahiroruclu@gmail.com

Özət

Tərtər bölgəsi Qarabağın qədim tarixə və mədəniyyətə malik olan ərazilərindəndir. Qarabağ düzündə yerləşən Tərtər bölgəsi həm də zəngin folklora sahibdir. Tərtər folkloru öz mövzu əha­tə­sinə, məzmun müxtəlifliyinə, özünəməxsus xüsusiyyətlərinə görə seçil­ir. Bu tükənməz söz xəzi­nəsinin toplanması, tədqiqi və öy­rə­nil­məsi hə­mişə folklorçuların, və tədqiqatçıların diqqət mər­kə­zin­də olmuşdur.

Bu bölgədən toplanan folklor nümunələrində həmin regionun mənzərəsi, orada yaşamış əcdadlarımızn ilkin həyat və məişəti, adət-ənənələri öz əksini tapmışdır. Məqalədə Tərtər bölgəsindən top­­lanan “Dirədöymə”, “Ənzəli”, “Çiling-ağac”,“Molla mindi” “Giz­­lənpaç”, “Molla-molla”, “Xan–vəzir” oyunu”və s. kimi xalq oyun­­­ları geniş tədqiqata cəlb edilir və onlar ətraflı şəkildə araş­dı­rı­lır.

Açar sözlər: Tərtər bölgəsi, Qarabağ, xalq oyunları, “Dirədöymə”, “Ənzəli”, “Çiling-ağac”, “Molla mindi” “Gizlən­paç”, “Molla-molla”, “Xan–vəzir”.
Тахир Оруджов

Народные детские игры, собранные в районе Тертер

Резюме

Одним из древних и культурных территорий Карабаха является район Тертер. Этот район, находящий­ся на Кара­бахской равнине, также обладает богатым фольклором. Тер­терский фольклор отличается своей тематикой, разно­об­раз­ным содержанием и своеобраз­ными особенностями. Сбор, исс­ле­дование и изучение этой неиссякаемой сокровищницы всегда был в центре внимания у фольклористов и иссле­до­вателей.

В фольклорных образцах, собранных в данном райо­не, отражены панорама этого региона, жизнь, быт и традиции живущих там наших предков. В статье широко и всесторонне исследованы такие народные игры как «Диредёйме», «Эн­зе­ли», «Чилинг-агадж», «Молла мин­ди», «Прятки», «Мол­ла-мол­ла», «Хан-везир» и т.д.

Ключевые слова: район Тертер, Карабах, народные иг­ры, «Диредёйме», «Энзели», «Чилинг-агадж», «Молла мин­ди», «Прятки», «Молла-молла», «Хан-везир» .
Tahir Orujov

Folk child games collected from Tartar region

Summary

Tartar region is one of the regions having the ancient history and culture of Garabag. Tartar situated in Garabag plain region has also a rich folklore. Tartar folklore differs according to its subject, context and characters. Collecting, investigation and stud­ying of folklore have always been in the the focus of attention of the investigators.

In the folklore examples collected from this region one can see the appearance, the first life of the ancestors, their traditions. In the article the games “Diredoyme”, “Enzeli”, “Chilingagaj”, “Molla mindi”, “Gizlenqach” (Hide and seek), “Molla-molla”, “The game Khan-vezir” and others are drawn into research and investigated in details.

Key words: Tartar region, Garabag, folklore games, “Diredoyme”, “Enzeli”, “Chilingagaj”, “Molla mindi”, “Gizlen­qach” (Hide and seek), “Molla-molla”, “The game Khan-vezir”.

Azərbaycanın hər bir regionunun folklorunu, o cümlədən Qarabağ folklorunu dərindən öyrənmək üçün əvvəl­cə bu regiona daxil olan ayrı-ayrı bölgələrinin əhatə etdiyi tarixi ərazilərinə, tarixinə və mədəniyyətinə ətraflı nəzər sal­maq vacibdir. Çünki bunu aydınlaş­dır­madan orada baş verən ədəbi-mədəni hadisələri tam şəkildə təsəvvürə gətirmək müm­kün deyil. Qarabağ bölgəsi nəinki Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələ­rindən fərqli olaraq, daha qədim tarixə malik olan bir ərazidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi özü­nün qədim tarixi, mədəniyyəti, zəngin ədəbiyyatı və incə­sənəti ilə dünyada məşhurdur. Bu regona daxil olan, qədim tarixə və mə­dəniyyə malik bölgələrdən biri də Tərtər bölgəsidir.

Tərtər rayonu Azərbaycan Respublikasında inzibati rayon olub Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerlə­şir. Sahəsi 957 km², əhalisi 100 min nəfərdən çoxdur. Mər­kəzi Tər­tər şəhəridir. 1920-1922-ci illərdə Cavan­şir qəzasının ta­beliyində ol­muşdur. 1922-ci ildə adı dəyiş­di­rilərək Cavanşir sa­həsi adlan­dı­rılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə ki­mi Ağdam qəza­sının inzibati tabeli­yin­də, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qara­bağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayo­nu ləğv edilərək Bərdə rayonunun inzibati ta­beliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər ra­yo­nu yaradılmışdır.

5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir ra­yonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yan­var 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayo­nu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azər­bay­can Respub­likasının Ağdərə rayonu ləğv edilərək həmin rayo­nun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunu inzibati tər­kibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış mən­təqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır.

Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Tərtərin tarixi adı Çaparxana olmuşdur (1, s. 587 -588; 2, s.259).

Tərtər bölgəsi qədim tarixə, mədəniyyətə malik olduğu kimi, zəngin folklora da malikdir. Tərtər folkloru öz mövzu əhatəsinə, məz­mun müxtəlifliyinə, özünəməxsus xüsusiyyət­ləri­nə görə seçil­ir. Bu tükənməz söz xəzi­nəsinin toplanması, sistemləş­diril­məsi, tədqiqi və öyrənil­məsi hə­mişə folklorçula­rın və tədqiqatçı­ların, o cümlədən AMEA Folklor İnstitunun əməkdaşlarının daim diqqət mərkəzində olmuşdur. Onların Tərtər folklorunun bütün janrlarının, o cümlədən xalq oyun­ları və xalq tamaşalarının top­lan­ması, tədqiqi və öyrənilməsi sahəsində xüsusi xidmətləri ol­muşdur. Bu bölgədən toplanan folklor nümunələrində, o cümlə­dən xalq oyunlarında həmin regionun coğrafi mənzərəsi, ora­da yaşamış əcdadlarımızn ilkin həyat və məişəti, adət-ənənələri öz əksini tapmışdır. Xalq oyunlarının böyük əksəriyyəti nəsildən-nəslə keçərək günümüzə kimi gəlib çatmışdır. Bu nümunələrdə eyni zamanda etnosun keçib gəldiyi tarixi-ictimai mərhələlərin bədii inikasını da görmək olur.

Təbii ki, min illər boyu müxtəlif xalq şənlikləri, el-oba oyun­ları açıq havada, şəhər meydanında, kənd içində, camaatın gur toplandıqları yerlərdə, saray həyətində, ocaq başın­da, gül-çiçəkli yaylaqlarda və s. bu kimi yerlərdə gös­tərilib. Məhz buna görə həmin oyunlar ”xalq oyunları” adı altında ümumiləş­dirilmiş­dir. Bu xalq oyunları isə Azərbaycan xalq teatrının təşəkkülündə əhə­miyyətli rol oynamışdır.

Tərtər bölgəsinin zəngin, özünəməxsus folkloru vardır. Bu regionda geniş yayılmış, maraqlı folklor janrlarından biri də xalq oyunlarıdır. Xalq oyunlarının tarixi çox qədimlərə getməklə yana­şı, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqra­fiyası­nı özündə yaşatmışdır. Tərtər qədim dövrlərdən bəri zəngin milli xalq oyunların vətənidir. “Hələ qədim dövr­lər­də insanların ov ovlamalarının, quş vurmalarının özü də böyük bir oyun idi. Ova çıxanlar hərəsi bir səmtdə, gizlən­dik­ləri yerdə hərəkətlərlə bir növ "danışır", özləri də düşünmədən “oyun” anlamının ifadə vasitələ­ri­ni zənginləşdirirdilər. Ame­ri­ka qitəsində hindu tayfaları, Afri­ka, Asiya materiklərinin sakinləri, Sibirdən, Altaydan üzü Xəzər dənizinə qədər bütün türklər, türk əsillilər bir-birindən xəbərsiz olsa da, amma onların hamısı ovu böyük oyun ritualında icra etmişlər. Teatrşünas İ.Rəhimlinin təbirincə desək, “Sirri-Xuda” kimi qəbul etdiyimiz təbiətin özü də bir oyundur: gecəsi var, gündüzü var, qarı var, yağışı var, zəlzələsi var, vulkanı var, ruzi­garı var, dumanı var, çəni var. Deməli, təbiətin özü ən böyük, ən qüdrətli və ən mahir oyunbazdır” (3, s.5; 4).

Xalq oyunlarının geniş fondunda ilk növbədə ailə şənlikləri və ictimai bayramlarla əlaqəli olanları ayrılır və tarixən müxtəlif mərasimlərin tərkib hissəsini təşkil edir. Bununla bağlı olaraq onlar ilk növbədə iki yerə bölünürlər:

1. Fərdin həyat yolunun əsas mərhələlərinə həsr olunmuş bayramlar və təntənələrlə müşayiət olanlar – yəni, anadan olma, ad günləri, nikah şənliyi, ölüm, dəfn və ölünü anma mərasimləri.

2. Təqvimlə bağlı bayramlar və mərasimlər, istehsal prosesi və mövsümlə bağlı mərasimlər və s. (5, s.70).

İnsanlar Tərtər ərazisində min illər bundan əvvəl məskun­laşmış və müstəqil həyat sürməyə başlamışlar. İki milyon ildən çox yaşı olan Azərbaycanın qədim sakinlərinin, o cümlədən Tər­tər sakinlərinin yalnız I-II minilliyi haqqında yazılı məlumatlara təsadüf olunur. Bu məlumatlarda xalq oyunları ibtidai insanların formalaşmasında əvəzedilməz əməllərdən biri kimi qiymət­lən­dirilir. İbtidai insanlar formalaşdıqca, onların oyunları da sadə formadan mürəkkəb formaya düşmüşdür. Xalq oyunları yarandığı dövrdən xalqın adət-ənənələrini özündə əks etdirmişdir.

Buna görə də milli mədəniyyət tarixində xüsusi əhəmiy­yətə ma­lik olan xalq oyunla­rının sivilizasiyaya doğru inkişaf mərhələ­lə­rin­dəki mühüm rolu xüsusilə əhəmiyyətlidir. Tari­xin bütün mərhələlərində Azərbaycan xalq oyunları müəyyən qanunauy­ğun­luqlar əsasında inkişaf etmiş, cəmiyyətin iqtisadi inkişafı ilə bağlı olmuşdur. Qaynaqlardakı məlumatlar göstə­rir ki, qədim za­manlarda Tərtər ərazisində nizə və ox atmaqla, qılınc oynatmaqla, güləşmə, atçapma, qurşaqtutma və s. ilə məşğul olmuşlar. İlk oyunlar xaotik hərəkətlər sistemində formalaşmış, son­radan onların müəyyən formaları ibtidai məzmun əhatə etməklə mağara divarlarında, qayaüstü rəsmlər və daş kitabələrdə qorunub saxlanaraq müasir dövrümüzə gəlib çatmışdır.

Xalq oyunları bugünkü Tərtər ərazisində müxtəlif qədim tay­faların, o cümlədən Tərtər tayfalarının və türklərin məs­kun­laşma döv­ründən başlayıb sonrakı bütün tarixi inkişafı ilə əlaqədar formalaşma mərhələsi keçmişdir. Xalq oyunlarının yaran­ma və inkişafının ilk mərhələsi rəqslər sistemində sinkretik sə­ciyyə da­şımış, yəni insanlar arasında ilk ünsiyyət və informa­siya rolunu oy­namışdır. Onlar əcdadlarımızın hə­yatının çox müxtəlif inkişaf mərhələlərini, ilkin həyat şə­ra­itini, görüş və etiqadlarını, məra­simlərini əks etdirir. Xalq oyunları ən qədim dövrlərdən məişət həyatını, əyləncə dün­yasını əks etdirmək baxımından da maraq do­ğurur. Elə oyun­lar vardır ki, onlar xalqın arzu və ideyalarını müəy­­yən­ləş­dirmək məqsədilə yaranmış və bu günə qədər gəlib çatmış­dır. Milli oyunlarda həmçinin xalqın psixologiyası, əhvali-ru­hiyyə­si, cəmiyyətin naqisliklərinə qarşı mübarizəsi əks olun­muş­dur.

Xalq oyunları Tərtər bölgəsində qədim türk etnoslarının erkən məskunlaşma dövründən başlayıb bütün sonrakı inki­şafı ilə bağlı formalaşma mərhələsi keçmişdir. Bu da oyun­ların insanların məişətinə hələ dilin meydana gəlməsindən xeyli əvvəl daxil olduğunu göstərir. Xalq oyunların bəzi hallarda müəyyən rəqsləri – oyunları, oturub əlləri ilə üzlərini ovuşdurmaları, gərnəşmələri və s. təsvir edilir ki, bunlar oyunların ilk rüşeymləri idi. Bu tipli rəqsdaxili oyunlar ilkin etnoslar üçün səciyyəvi xüsusiyyətlər­dəndir. Ona görə də “Xalq oyunları, hər şeydən əvvəl, bütün görüş və təsəv­vür­lərdən qabaq olub insanın real həyat və məişə­tində yaranmış, zaman keçdikcə müxtəlif təsəvvür və etiqadlarla, mifoloji baxışlarla cilalanlanmışdır”(6, s.121).

Oyunlar xalq həyatının müxtəlif cəhətlərini, inkişaf mərhələ­lə­ri­ni, erkən həyat şəraitini, görüş və etiqadlarını, mərasimlərini əks etdirməkdədir. Xalq oyunları qədim dövrlərdən xalqın əhvali-ruhiyyəsini, əyləncə dünyasını ifadə etmək baxımından da maraq doğurur. Elə oyunlar vardır ki, erkən çağlardan xalqın arzu və idealını müəyyənləşdirmək məqsədilə yaranmış və bu günə qədər ilkin strukturunu qoruyub saxlaya bilmişdir. Başqa janrlardan fərqli olaraq oyunlarda xalqın ümumi psixologiyası, köçəri və oturaq həyatı əks olunmuşdur (7, s.9).

Xalq oyunlarının geniş bir qolunu xalq uşaq oyunları təşkil edir. Xalq uşaq oyunları uşaqların həyatında çox əhəmiyyətli bir yerə malikdir. Xalq uşaq oyunları adı ilə ayrılan bölüm xalq oyun­larının əsas tərkib hissəsidir. Burada oyunçular uşaqlardır. Amma struktur baxımdan oyun öz mahiyyətini və funksional im­kan­larını dəyişmir. Xalq оyunlarının digər əhəmiyyətli qrupunu iş və məra­simi sfеralarla birbaşa bağlı оlmayan ən müxtəlif əyləncə xaraktеrli оyunlar təşkil еdir. Оnlar müxtəlif şəraitlərdə: gündəlik məişətdə, bayramdan və təntənədən kənarda, ritualdan kənar, еv şəraitində, еvdən kənar, ictimai yеrlərdə, məktəbdə və s. gеrçək­ləş­dirilir.

Xalq uşaq оyunlarının iştirakçıları üçün oyunlar əsas əyləncə оlsa da, оnlar çоx zaman tərbiyə yönümündə inkişaf etdirilir. Oyun­lar uşaqların əmək həyatında və digər fəaliyyət sfеralarında fiziki kеyfiyyət, dözümlülük, cəldlik, öyrədir, еləcə də mənəvi, psixоlоji, intеllеktual kеyfiyyətlər – cəsarət, dözüm, dərrakə, müşa­hidə və s. qabiliyyətlər aşılayır. Xalq uşaq оyunlarının əksə­riy­yəti rəqabət, ayrı-ayrı şəxslərin və ya kоmandaların yarışı kimi qurulur.

Oyunlarda bəzən çox qədim dövrün məişət həyatının hansısa bir lövhəsi, bir anı, bir əyləncəsi təsvir edilir ki, onun vasitəsilə cəmiyyətin ümumi mədəni səviyyəsini, inkişafını, böyük bir dövrün ictimai səciyyəsini müəyyənləşdirmək mümkün olur. Xalq oyunları əsasən təsnifat qrupundakı ardıcıllığa uyğun inkişaf mərhələsi keçmişdir. Oyunların yaranmasında müəyyən tarixi-xronoloji ardıcıllıq gözlə­nil­miş­dir. Lakin bu prinsipi uşaq oyun­larına şamil etmək olmaz. Uşaq oyunları şərti olaraq sonra verilsə də, o, tez-tez yerini dəyişir. Vaxtilə böyüklərin özü tərəfindən yaradılıb sonradan uşaqlara verilən, ondan sonrakı mərhələrlərdə uşaqlar üçün yaranan nümunələr də var (8, s.354).

Tərtərdə geniş yayılan və populyar olan belə xalq uşaq oyun­lardan biri “Dirədöymə” oyunudur. Bu oyunu uşaqlar və gənc­­lər hər zaman, xüsusilə yazda, payızda daha çox oynayırlar. “Dirə­döymə” oyununu biz – AMEA Folklor İnsti­tunun elmi əmək­daşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Oru­cov və filo­logiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə Tərtər ra­yo­nunun Bəyimsarov kəndində videolen­tə almışıq. Yeri gəl­miş­kən bizə Tər­tər rayonunun müxtəlif kəndlərində xalq uşaq оyun­larının video­lentə alın­masında yaxından köməklik göstər­dik­lərinə görə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şaba­nova, Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçisi Svetlana Əzi­zo­vaya, Seyidimli kənd tam orta məktəbinin di­rek­toru Nurəddin İbrahimova və Bəyimsarov kənd tam orta məktə­binin direktor müa­vini Məhəddin Bayramova AMEA Folklor İnsti­tunun rəhbər­liyi adından, eləcə də öz adımızdan min­nət­dar­lı­ğı­mızı bildiririk.

“Dirədöymə” oyunu haqqında məlumat verən Tərtər rayonu, Mak­sim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təd­ris hissə müdiri – direktor müavini Məhəddin Bayramov ol­muş­dur. O, oyun haqqında belə məlumat verdi: Uşaqlar iki dəs­tə­yə bölünür. Bu məqsədlə o, yerdən yastı bir daş götürür, onun bir tərəfini yaşlayır, “yaş-quru”- deyə atmalarını qeyd edir və de­yir:

-Daşın bir üzünü yaşlayırsınız, bir üzü quru qalır. Sonra hər dəstə başçısı bu üzlərdən birini- ya “yaş”-ı, ya da “quru”-nu seçir. Dəstə başçıları özlərinə lazım olan üzün düşməsi üçün belə sözlər deyirlər:

Quru-quru, qurbanın olum,

Quru-quru, heyranın olum.

Daşı atandan sora daşın “quru” və ya “yaş” düşməsindən asılı olaraq dəstələrdən biri oyuna başlayır. Məhəddin Bayramov oyun haqqında məlumatlarını davam etdirir:

-Yerdə dairə-mətə çəkilir. Uşaqlar halay gedib iki dəstəyə ayrılırlar. Dairənin içərisinə 4-5 nəfər uşaq, yəni dəstənin biri girir. Dəstə üzvləri qayışları, toqqaları ora qoyurlar və onları qo­ru­mağa başlayırlar. Dairədən kənarda qalanlar mətədəki toq­qanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla onları vurur, toq­qa­ları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənarda­kılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənar­dakılar isə dairəyə girirlər. Kənardakı oyunçulardan biri içəridə­kilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaş­larının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəri­dəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toq­qanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vu­rur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalı­şırlar. Hansı dəstə toqqaların hamısını ələ keçirsə, o dəstə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər. Oyun bu qayda ilə davam edir (9).

Tərtərdən topladığımız və lentə aldığımız xalq uşaq оyun­larından biri də “Molla mindi” oyunudur. Oyun haqqında məlu­matı Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təşkilatçı müavini – direktor müavini Mey­dan Şabanov verir: Oyunda uşaqlar halay vasitəsilə dəstə­lərə bö­lünürlər. Dəstələrdə 4-6 nəfər uşaq iştirak edə bilər. Dəstələr isə özlərinə bir zirək başçı-“molla” seçirlər və yerdə bir dairə çə­kir­lər. Sonra püşk və ya yastı bir daşın “yaş”, “quru” düş­məsi va­si­təsilə hansı dəstənin ortada durmasını, hansının isə onları min­məsini məyyən edirlər. Burada mollanı-başçını da min­mək olar. Son­ra oyun başlayır. Burda cəldlik, çeviklik, dözüm­lü­lük əsas götürülür. Gərək burda uşaqlar dözə bilsinlər.

Dəstənin birinin uşaqları ortada sacayaq formasında daya­nır­lar. Onlar möhkəm dayanmaq üçün bir-birlərinə dayaq dururlar. Sonra o biri dəstənin üzvləri uzaqdan gəlib sürətlə ortada dayanan uşaqların belinə minirlər. Əgər molla minən dəstənin üzvlərinnən hər hansı birininsə ayağı yerə dəydiyini görüb onu vurarsa, dəstə­lər yerlərini dəyişirlər. Və ya hansısa uşağın tullanarkən ayağı ye­rə dəyərsə və yaxud, belə minərkən ayağı ilə torpağın ara­sı bir qa­rışdan az olarsa, dəstələr yerlərini dəyişirlər. Belə də ola bilər ki, or­tada olan mollanı-başçını dartıb dairədən kənara çıxarsınlar. On­da o biri dəstə ortadakıları istənilən qədər minə bilərlər. Oyun bu qayda ilə oynanılır (9).

Tərtərdən topladığımız maraqlı xalq uşaq oyunlarından biri “Ənzəli” oyunudur. “Ənzəli” oyunu haqqında, oyunun gedişi haq­­qında Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təşkilatçı müavini–direktor müavini Məhəd­din Bayramov və həmin kənd tam orta məktəbinin təş­kilatçı müavini–direktor müavini Meydan Şabanov məlumat verirlər:

-“Ənzəli” oyununda 10 nəfər də iştirak edə bilər, 11 nəfər də, 12 nəfər də. O baxır uşaqların sayına. Əvvəlcə əllər vasitəsilə “açıq”, “qapalı” deyə əl püşkü edir, “əlüstü” çəkirlər və ya sana­ma sanıyırlar. Hər kim sonda qalsa, əllərini dizinə qoyaraq ikiqat əyilir, onu minirlər, onun üstündən tullanırlar. Sanamada birinci çıxan uşaq molla (başçı) olur. Uşaqlar onun sözünə qulaq as­ma­lıdılar. İlk dəfə molla tullanır. Sonra qalan uşaqlar əlini əyilən uşağın belinə qoyub hoppanır və deyir:

Ənzəli xan, Ənzəli.

İkinci dəfə tullananda deyirlər:

– İkilər xan rəhbəri.

Üçüncüdə hoppanaraq deyillər:

– Üç də bir g... vurarlar.

Hər dəfə tullandıqca bu sözləri deyirlər:

– Dörddə qılınc qırarlar.

-Beşdə ağaş yararlar.

Belə deyib hoppanırlar.

– Altıda altda yatarlar.

Belə deib tullanallar.

-Yeddidə əl dəysin, ətəy dəyməsin.

Əl hərəkətləri ilə göstərib tullanırlar:

– Səkkizdə palan yaparlar.

Belə deyib uşağın üsdünnən hoppananda əlindəki pencəyi, köynəi və s. yatan uşağın belinə qoyurlar. Əgər kimsə onu qo­yan­da qoyduğu şey yerə düşərsə, onda o, belini əyib yatmalı olur.

– Doqquzda nə əl dəysin, nə ətək-deyib yatan uşağın üsdün­nən tullanırlar.

Bu halda hoppanan uşağın nə əli, nə ətəyi yatan uşağa toxun­mamalıdır. Onda hoppanan uşaqlar yatan uşaqların kürəyinə qoyduqlarını bir-bir geri götürürlər. Əgər kimsə öz qoyduğunu götürəndə həmin paltar yerə düşərsə, onda həmin uşaq belini aşağı əyib yatmalı olur. Oyun bu qaydada davam edir (9).

“Uzun eşşək” oyunu da Tərtər rayonunda kifayət qədər məş­hur olan xalq uşaq oyunlarındandır. Oyun haqqında bilgini Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təşkilatçı müavini – direktor müavini Meydan Şaba­nov vermişdir. O, “Uzun eşşək” oyunu haqqında bunları deyir:

-“Uzun eşşək” oyunu bir növ “Ənzəli” oyununa bənzəyir. Bu oyununda da 10 da, 11 də, 12 də uşaq iştirak edə bilər. Əvvəlcə əllər vasitəsilə “açıq”, “qapalı” deyə əl püşkü edir, “əlüstü” çəkirlər və ya sanama sanıyallar. Hər kim sonda qalsa, əllərini dizi­nə qoyaraq ikiqat əyilir, onu minirlər, onun üsdünnən tulla­nıllar. Sanamada birinci çıxan uşaq molla (başçı) olur.Fərq bircə buradadır ki, yatan uşağın belindən tullanan uşaq elə onun yanında da beli əyilmiş vəziyyətdə dayanır.Növbəti hopbanan uşaq, isə artıq bir nəfərin deyil, iki nəfərin belindən tullanır və yenə də beli əyilmiş vəziyyətdə ikinci əyilənin yanında dayanır. Sonra dördüncü, beşinci, altıncı, yeddinci və b. uşaqlar bu qayda ilə bir birlərinin bellərindən tullanırlar. Hoppana bilmiyən qalır. Oyun uşaqlar yorulub əldən düşənədək, uşaqlar bir-birinin belin­dən tullana bilməynədək bu şəkildə davam edir. Uşaqlar artıq tullana bilməyəndə oyun qutarmış hesab edilir (9).

Tərtərə folklor ezamiyyələrimizdə “Gizlənpaç” oyununu da video lentə aldıq. “Gizlənpaç” oyunu bütün Qarabağ bölgəsində, o cümlədən Tərtər rayonunda geniş şəkildə yayılmışdır. “Gizlən­paç” oyununun Tərtər rayonunda digər adı ”Gizlən qaç” adlanır. Tərtərdə bütün mövsümlərdə geniş şəkildə oynanılan xalq uşaq oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gizdirimparç", Azərbaycanın cənub bölgələrində, əsasən də, Cənubi Azər­bay­canda "Gizdilim palanc" adlandırılsa da, Azərbayca­nın əksər ərazilərində "Gizlən qaç" adlandırılır. Bu oyun haq­qında Tərtər rayonu, Maksim Məmmədov adına Bəyim­sarov kənd tam orta məktəbinin təşkilatçı müavini – diektor müavini Meydan Şabanov məlumat verərək bunları deyir:

-“Gizlənpaç” oyununda başqa oyunlarda olduğu kimi “əl tutdu” - “əl püşkü” edilir. Yəni “Gizlənpaç” oyununu oyna­yacaq uşaqlar əvvəlcə əlləri vasitəsilə “açıq”, “qapalı” deyə “əl püşkü” edir, “əlüstü” çəkirlər və ya sanama sanıyırlar. Hər kim sonda qal­­sa, o, məyyən olunmuş yerdə gözdərini yumur və hər hansı bir rərəmə kimi sanamağa başdıyır. Bu müddət ərzində digər oyun iştirakçıları müxtəlif yerlərdə gizlənməli­dirlər. Gözlərini yu­­man oyunçu sayıb qutardıqdan sonra uca səslə deyir:

- Gözlərimi açımmı?

Səs gəlir ki:

- Aç!


Bunnan sora gözlərini yuman oyunçu gözdərini açıb gizdənən oyunçu yoldaşdarını tappağa çalışır. Gözlərini yuman uşaq kimi görsə, qaçıb durduğu yerə əlini vurur ki, yəni səni gördüm. Sonra o biri oyunçuları da bu qaydada tapmağa çalışır. Gizlənənlərdən kimsə ondan xəbərsiz qaçıb gəlib o durduğu yerə əlini vurarsa, həmin gözlərini yuman uşaq bir də gözlərini yumur. Digət tapılan oyunçular isə bir növ azad olunmuş hesab olunurlar.Yox, əgər gözlərini yuman uşaq gizlənən uşaqların hamısını taparsa, onda birinci tapılan uşaq gözlərini yumur, qalan uşaqlar qaçıb gizlə­nirlər. O da qaçıb gizlənən o biri oyunçuları yuxarıdakı qaydada tapmağa çalışır. Oyun bu qayda ilə davam edir (9).

“Qurşaqtutma” oyunu da Tərtər rayonunda videolentə aldı­ğımız xalq uşaq оyunlarındandır. Bu oyun haqqında məlumat verən Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təşkilatçı müavini – direktor müavini Meydan Şabanovdur. O, “Qurşaqtutma” oyunu haqqında bunları deyir: “Qurşaqtutma” oyununda iki uşaq iştirak edir. Onnarın bellə­rinə iri, enli qurşaq, və ya kəmər bağlanılır. Sonra dayirə çəkilir. Bu­nnan sora uşaqlar oyuna başdıyıllar. İşditakçılar əlləri ilə bir-bir­lərinin qurşaqla­rın­dan, kəmərlərindən tutub özdərinə tərəf çəkir, onu böyrü üstə yıxmağa çalışır. İşdirakşı o biri işdirakçını yalnız və yalnız qurşağından dartıb yıxmağa çalış­malıdır. Bu oyunda digər işdirakçının dizlərini yerə gətirmə­yin özü də qələbə sayılır.

Bu oyunda beldən, ayaqdan, başdan tutmaq olmaz. Bu, oyunun qaydalarına ziddir. İşdirakçı ancaq kəmərdən tutaraq o biri oyunçu ilə güləşməli, onu qol gücünə yıxmalıdır. Bəzən isə uşaqlardan biri o birini dartıb dayirədən çıxardır. Bu da dayirədən çıxarılan oyunçunun məğlubiyyəti deməkdir. Oyun bu qayda ilə davam edir (9).

“Xan – vəzir oyunu” Tərtər rayonunda videolentə aldığımız maraqlı xalq uşaq оyunlarından sayılır. “Xan – vəzir oyunu” haq­qında Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbinin təşkilatçı müavini–direktor müavini Bayramov Məhəddin Məhəmməd oğlu oyunun gedişi haqqında məlumat verir:

Oyunda 4-5 oyunçu olur. Onlar yerdə bir həvə(mətə, çala) qazıllar. Sonra 4 nəfər əllərinə 4 dənə daş götürürlər və 2 metr məsa­fədən daşdarı həmin mətəyə, çalaya atmağa çalışırlar. Daş­lardan əgər biri mətəyə, çalaya düşürsə, onda həmin adam olur “eşşək”. Yox, əgər daşları atan uşağın daşlarından ikisi çalaya düşərsə, onda həmin adam “at” olur. 4 daşı atan uşağın daş­ların­dan 3-ü mətəyə düşürsə, onda həmin adam olur “vəzir”. Əgər daşları atan uşaq cəld, zirək, çevik, diribaşdırsa və onun atdığı daşlardan dördü də çalaya düşürsə, onda həmin adam “xan” olur.

Belə olduqda “vəzir”- “eşşəy”i, “xan” isə “at”ı minir. “Xan” və “vəzir” əllərində qamçı, yanaşı formada, “at” ı, “eşşəy”i qam­çıla­ya-qamçılaya, döyə-döyə gedirlər. “Xan” və “vəzir” 20 metr məsafəyə kimi “at” la “eşşəy”i sürürlər. Şərtə görə “xan” və “vəzir”i “at” və “eşşək” bir neçə dəfə müəyyən edilmiş məsafəyə aparıb-gətirməlidir. Bu şərt bitəndən sonra həmin o 4 nəfər təzədən daşları atırlar və yenidən “xan”, “vəzir”, “at” və “eşşəy”i yuxarıdakı qaydada müəyyənləşdirib oyunu davam etdirirlər (9).

“Çiling-ağac” oyunu nəinki Tərtər rayonunda, eləcə də Qara­bağın və bütün Azərbaycanın ərazisində çox geniş yayılmış xalq uşaq оyunlarınından biridir. Tərtər bölgəsində oynanılma-işlənmə tezliyinə görə ən çox yayılanı, ən sevilən və daha populyar olanı “Çiling-ağac” xalq uşaq oyunudur. Biz Qarabağın müxtəlif bölgə­lərində-Ağcabədi, Tərtər, Füzuli, Ağdam, Bərdədə olarkən bu oyunun səkkiz müxtəlif variantına rast gəldik. “Çiling-ağac” xalq uşaq oyunu Qarabağın adı çəkilən və çəkilməyən bütün bölgə­lərində həvəslə oynanılır və sevilir.

Tərtər rayonu Seydimli kənd tam orta məktəbinin hərbi ha­zırlıq müəllimi Fərman Quliyev bu oyun haqqında belə məlumat verir: Biz bu qədim oyunu Tərtərdə uşaq yaşları­mızdan bəri sevə-sevə oynamışıq, böyüklərdən görə-görə gəlmişik. Bu oyunda əvvəlcə mətə deyilən bir quyu, çala qazılır. Oyunçunun biri mətədə dayanır. 3 metr kənarda bir xətt çəkilir. Xəttə qədər olan şəxs o birini işlədir. Xəttin o biri tərəfində qalan şəxs isə “iş­ləyən” sayılır. Oyunçular başlayırlar çiling-ağacdarını vurma­ğa. Burda dörd mərhələ keçirilir. Hər mərhələdə də üç dəfə vurulmaq şansı vardır. Oyunçu bu üç dəfə vurulmaq şansından yarar­lan­malıdır. Əgər yararlana bilməsə, o birisi ilə yerini dəyişir. Bu dəfə o biri uşaq gəlib mətədə dayanır, digər uşaq isə xəttin o tərəfində dayanıb “işləyən” olur.

“Çiling-ağac” oyununun dörd mərhələsi olur. Bu mərhə­lə­lərin də hər birinin oynanılma şərti vardır. Oyuna başla­mazdan əvvəl kimin çiliyə və ağaca sahib olduğunu müəy­yənləşdirmək üçün sanamadan və ya püşkatmadan istifadə edilir. Sanama-püşkatma nəticəsində mətənin içərisində duran oyunçu və xətdən kənarda qalıb işləməli olan oyunçu məyyən olunur. Oyunun üçüncü mərhələsi “Mətiyə salma” və dördün­cü mərhələsi “Qara yan­ğı” adlanır.

Oyunda o halda “işləyən” uduzmuş sayılır ki, atdığı çiliy mə­təyə yaxın düşsün. Bu halda çiliyi üç dəfə mətəyə doğru geri çevirə-çevirə sayırlar. Ağacı isə mətədən çiliyə qarşı qoyurlar. Son­ra arada qalan məsafəni qarışla ölçürlər. Əgər şəxsin qarışı ağacla çiliyə çatırsa, o, uduzmuş hesab olunur və oyunçular yer­lərini dəyişirlər. Bir də ki vurulan çiliy göydə tutularsa, tutan şəxs qalib sayılır. Beləliklə, oyun bu qaydada davam edir. Oyunda çox uşaq da iştirak edə bilər. Bu halda iştirakçılar iki dəstəyə bölü­nürlər, oyun isə yuxarıdakı qaydada oynanılır (9).

“Qoruma” oyunu da Tərtər bölgəsində populyarlığına görə “Çi­­ling-ağac” oyunundan geri qalmır. “Qoruma” oyunu da Tərtər ra­yonundan videolentə aldığımız xalq uşaq оyunlarındandır. “Qo­ru­ma” oyunu haqqında Tərtər rayonu Seydimli kənd tam orta mək­­təbinin hərbi hazırlıq müəllimi Fərman Quliyev məlumat verir:

-“Qoruma” oyunu “Dirədöymə” oyununa çox oxşayır. Yerdə, təxminən, 2 metr radiusunda dairə çəkilir. Oyunda “Dirədöymə” oyununda olduğu kimi, 2-3-4-5 nəfər uşaq dairə içərisində olur. Qrupu sanama, püşk və ya halayla təyin edirlər. O biri dəstədə yenə 2-3-4-5 nəfər şəxs olur. Dairənin içərisindəkilər əllərini bir-birinin çiyninə qoyur. Bir nəfər də onları qoruyur.

Rəqib komandanın üzvləri gendən gəlib atılaraq içəridəki uşaqların belinə, çiyninə mimməyə cəhd etməlidirlər. Kim hansı uşağın belinə minmək istəsə, onun belinə minə bilər. Qoruyan şəxs isə atılıb minmək isdiyəni ya dartıb içəri sala bilər, ya da tə­piklə onun ayağından vura bilər. Qoruyan şəxs bir ayağı dairənin içində, bir ayağı isə dairənin çölündə ola-ola bunu etməlidi. Belə olduğu halda, oyun uduzulmuş sayılır və oyun təzədən başlanır. Bu halda rəqib kamanda içəridə olur, içəridəkilər isə çöldə olur. Oyun bu qayda ilə davam etdirilir (9).

“Eşşəkbeli” oyunu da Tərtər bölgəsində videolentə aldığımız xalq uşaq оyunları sırasındadır. Bu oyun haqqında məlumatı da Tərtər rayonu Seydimli kənd tam orta məktəbinin hərbi hazırlıq müəllimi Fərman Quliyev belə məlumat verir: Bu oyunda iki qrup olur. Qrupu halayla təyin edillər. Qrupların hər birində 2-3-4-5 nəfər ola bilər. Ümu­miyyətlə, hər qrupda-dəstədə ən azı 2 oyunçu olmalıdır. Bir qrup əyilib durur, o biri qrup üzvləri isə ar­dıcıl bir-birinin ardınca durullar. Onnardan birincisi əyilib duran oyunçula­rın belinə elə tullammalıdır ki, lap qabağa düşsün.Ondan sonra tullanan oyunçu elə tullamalıdır ki, o da nisbətən qabağa düşsün. Qalan uşaxlar da əyilib qatar kimi dayanan oyunçu­ların belinə hop­panıb elə oturmalıdılar ki, yıxılmasınlar. Tullanan dəstə tullananda qaydanı pozarlarsa, onda rəqib komanda ilə yer­lərini dəyişirlər.

Bunnan sonra bellərinə minilmiş uşaqlar bellərindəki uşaqları əvvəlcədən məyyən olunmuş yerə kimi onnarı yerə salmadan apar­malıdılar. Yox yerə salsalar, həmin komanda onları yenidən bel­lə­rinə minilmiş halda əvvəlcədən müəyyən olummuş yerə kimi apar­ma­lıdılar. Əgər bunu edə bilsələr, onda o biri komanda onları bel­lə­rinə mindirib əvvəlcədən müəyyən olunmuş yerə kimi yerə salma­dan aparmalıdılar. Oyun bu qayda ilə, bu şərtlərlə oynanılır (9).

Xalq uşaq oyunlarının bir çoxu və demək olar ki, nisbətən kamil nümunələri ayrı-ayrı mərasimləri ilə bağlı olmuşdur. Vaxti­lə aka­de­mik M.Arif yazırdı: “Azər-baycan xalqının ən qə­dim mah­­nı və əy­lən­cələri də təbiət, təsərrüfat və əmək həyatı ilə bağlı­dır” (10, s.368; 11). Həqiqətən də, xalqımızın şifahi yara­dı­cı­lı­ğı­nın erkən dövr nümunələrinə nəzər saldıqda görmək olur ki, əmək nəğmələ­rindən tutmuş, kiçik janrların böyük əksəriyəti, insanın təsərrüfat həyatı, məişəti, gündəlik ehtiyaclarını ödəmək arzusu ilə sıx bağlı olmuşdur.

Bu qrupa daxil olan xalq uşaq oyunlarında daha qədim oyun elementləri qorunub saxlanmışdır. Bu bölgüyə daxil olan xalq uşaq oyunlarında çeviklik, cəldliklə yanaşı əl-qol, bədən hərə­kət­lə­ri: mimika və jestlər də əsas yer tutur. Bu cür xalq oyunları uşaq­larda, cəldlik, çeviklik, diribaşlıq və s. bu kimi müsbət key­fiy­yətlər aşılayırdı.

Ümumiyyətlə, yuxarıda adı çəkilən, təhlili və gedişi verilən əksər xalq oyunlarının başlanğıcı “Püşk”(çop), “Halay” (“Ha­lay-halay”,”Haley bəylər”) oyunu və ya ”Sanama” oyunu ilə başlayır. Belə ki, oynanılan bir sıra oyunlarda lazım olan başçıları, dəs­tə­ləri və dəs­tə üzvlərini müəyyən etmək üçün hökmən bu oyunları oy­namaq lazım gəlir. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəs­nələrdən, eləcə də müxtəlif sözdən istifadə olunur.

Xalq uşaq oyunlarının çoxsaylı tipoloji variantları da var: müxtəlif təbiət hadisələrini, əmək prosesini, təsər­rüfat və sosial həyat hadisələrinini və s. əks etdirən oyunlar. Xalq oyunları ara­sında elələri də olur ki, onlar çoxvariantlı olurlar. Hətta belə oyunların 3-4, bəzən isə 7-8 oynanılma variantına da rast gəlmək olur. ”Aşıq-aşıq”, “Çiling-ağac”, ”Dirə­döy­mə”, ”Barmaq oyunu”, “Cıdır”, “Bənövşə- bənövşə” və s. oyunlar bu qəbil oyunlardan hesab olunur. Struktur baxımdan isə xalq oyunları rollu, qrupla və fərdi, predmetli və predmetsiz, atla, piyada və s. kimi də təsnif olunur. Xalq oyunları ayrıca olaraq “oyun” mənası bildirdiyi kimi müxtəlif əyləncə, şənlənmə, tamaşa, yəni əyləncə əsası olan oyunlar, özündə idmanın sadə şəkillərini də müasir dövrdə ehtiva etməkdədir. Xalq oyunla­rının məqsədi, adətən, birbaşa hansı­sa məhsuldar, praqmatik fəaliy­yətlə bağlı olmur və oyun hərəkət­lərinin nəticələri ilə müəyyən­ləşmir, an­caq prosesin özündən ibarət olur. Xalq oyunları iştirakçılar üçün əsas əyləncə olsa da, onlar xalqın əmək həyatında və digər fəa­liyyət sferalarında fiziki keyfiyyət, dözümlülük, cəldlik öyrədir, eləcə də mənəvi, psixo­loji, intellektual keyfiyyətlər – cəsarət, dözüm, dərrakə, təşəbbüs, müşahidə və s. qabiliy­yətlər aşılayır.

Xalq uşaq oyunları arxaik təsəvvürlər, adət və ənənə­lərlə zən­gindir. Bu oyunların bir qismində erkən dövr əcdad düşüncəsinin müxtəlif təsəvvür və dünyagörüşləri, ritual və etiqadları özünü qoruyub saxlaya bilmişdir. Dini dünyagörüş və tədqiqatların bir-birini əvəzləməsinə baxmayaraq xalq oyunlarında erkən düşüncə mühafizəkarlıqla hifz edilmiş və bu günümüzə gəlib çıxmışdır.



Xalq uşaq oyunlarının öyrənilməsi, tədqiq edilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiq edilməsi folklorşü­naslığımız üçün həmişə aktual olmuşdur (12; 13; 14). Çünki xalq oyunları tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricilərindən biri kimi nəzərə çarpmışdır. Cəmiyyət inki­şaf etdikcə xalq oyunları da ayrı-ayrı quruluşların ictimai-si­ya­si xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükdə oyun­lara, həm də onun milli-mənəvi dəyərlərində öz izini qoy­muş­dur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəslə ötü­rül­müş­dür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi adət-ənənələrin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərdə yaranan xalq oyularının öyrənilməsinə, sistemli, ardıcıl şə­kildə tədqiq edilməsinə böyük ehtiyac vardır.
Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin