AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2.97 Mb.
səhifə28/30
tarix29.11.2016
ölçüsü2.97 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

Qaynaqlar

  1. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VI c. Bakı: 1982, 608 s.

  2. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX c. Bakı: 1986, 624 s.

  3. Rəhimli İ. Azərbaycan teatr tarixi. Bakı: Çaşıoğlu, 2005.

  4. Rəhimli İ. Xalq oyun-tamaşaları. Bakı: Qapp-Poliqraf, 2002

  5. Folklor terminləri. /Tərtib edəni: A. Xəlil. Bakı: Nurlan, 2010

  6. Cəfəroğlu Ə. Anadolu dialektolojisi üzərinə malzemə (oyun­lar, təkərləmələr, yanıltmaclar və oyun istilahları). Ankara, TDK yayınları, 1994

  7. Dadaşzadə M.A. Azərbaycan xalqının orta əsr mənəvi mə­dəniyyəti. Bakı, 1989

  8. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, I hissə. Bakı: 2009

  9. Tərtər rayonundan toplanan və videolentə alınan xalq oyunları (Toplanan və çəkilən videolentlər AMEA Folklor İnstitutunun arxivində saxlanılır).

  10. Arif M. Azərbaycan xalq teatrı. Seçilmiş əsərləri, III c. Bakı: 1970

  11. Dadaşzadə M. Azərbaycan xalının orta əsr mənəvi mədə­niyyəti. Bakı: 1985

  12. Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyun­­lar və xalq ta­ma­şaları. /Tərtib edənləri H.İsmayılov, T.Oru­cov. Bakı: Şərq-Qərb, 2005.

  13. Nəbiyev A. Azərbaycan xalq oyunları. “Azərbaycan folklo­ru­nun aktual problemləri” məcmusu. Bakı: BDU nəşriyyatı, 1984

  14. Qasımov Ə. Azərbaycan xalq oyunları. Bakı, BDU nəş­riy­yatı, 2006


GÜNEY AZƏRBAYCANDA ƏHLİ-BEYT VƏ KƏRBALA FACİƏSİ İLƏ BAĞLI MEYDAN TAMAŞALARI VƏ TAMAŞA XARAKTERLİ MƏCLİSLƏR
Ülkər Əliyeva

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu
Azərbaycanda ən qədim zamanlardan elə xalq məra­simləri, el şənlikləri olub ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəs­süm etdirən oyunlar mövcud idi. “Sayaçı”, “Yuğlama”, “Yel ba­ba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”, “Qaravəlli” və bu ki­mi xalq mərasim və oyunları milli xalq teatrımızın inkişaf mər­hələlərini təminatlandırıb. Haq­qında söhbət gedən oyunların zə­minində xalq dramları yaranıb. Həmin dramların əsas mövzusu məişətdən götürülüb və xeyrin şərə, haqqın nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm etdirib. Bütövlükdə “Kilimarası” kimi ümumi­ləş­dirilən xalq oyunlarının çağdaş Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub. Kilimarasının “Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl pəhlə­van” kimi məşhur oyunları var. Bunların arasında kölgə-xəyal ta­maşaları da göstərilib (1. 3).

Orta əsrlərdə Azərbaycanda “Şəbih” tamaşaları geniş intişar tapıb. Şəbih oyunları məhərrəm ayında göstərilib və Aşura günü daha təntənəli kütləvi şəkil alıb. Şəbih tamaşaları müsəlmanlığın şiə qolunun təmsilçilərinin yaşadıqları ərazidə daha geniş intişar tapıb (1. 3).

Şəbih tamaşaları meydan tamaşalarının bir növüdür. Həm for­maca, həm də mənaca dini xarakter  daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu meydan tamaşasının özünəməxsus dra­ma­turgiyası və poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar ha­zır­la­yan Ye­zidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər (2).

XV əsrdən başlayaraq şiələr Kərbəla müsibətini hər il geniş şə­kildə qeyd etməyə başlayır. Azərbaycanda bu tama­şaların ke­çi­rilməsi də həmin mərasimlərlə  bağlıdır. Şəbih mərasimləri iki hissədən ibarət olur. Məhərrəm ayının ilk on günü əza (matəm) günləri keçirilir. Onuncu gün aşura (qətl) günüdür ki, imam ba­la­larının kütləvi qətlə yetirildiyi gündür. Aşura günündən başla­ya­raq müxtəlif şəbih mərasiminin keçirilməsi prosesi belə olur: Otaq­da Əliəkbərin rəmzi nəşi uzadılır. Onun qarşısında qara geyimdə bir uşaq oturdulur. Cənazənin (xərəyin) ardınca şəhidin anası gedir. Üzü niqabla örtülü ananın obrazını kişilər oynayırdı. Niqab həm də burada ilahi bir hissin yaranma xidməti edir, həm də kişi aktyorun üzünü gizlədir. "Qasım" otağında da İmam Həsə­nin oğlu Qasımın nəşi qoyulur. Qasımın otağı toy əhvali-ru­hiy­yəsi ilə bəzə­dilir. Toy çadırına meyiti gətirən Qasımın şəbih məra­simində çoxlu güllər, şamlar düzülür, nəşin üzərinə qan lə­kə­ləri çilənib faciənin daha təsirli olmasına imkan yaradılır (2).

Şəbih tamaşalarında Əbülfəzlabbas (Həzrət Abbas) obrazının da əza qafiləsinin xüsusi yeri vardır. O, döyüşün sonuncu günü imamın balalarına  su gətirməyə gedir və hər iki qolunu kəsib düş­­mən onu öldürür. Bu müsibətli hadisəni təsvir edən mərasim­də xüsusi at seçilir. At çox gözəl bəzədilir. Qiymətli yəhərdən Həzrət Abbasın kəsilmiş qolları asılır. Yaxud da, atın üzərinə qol­suz, köy­nəyi qana bulaşmış müqəvva uzadılır. Müqəvvanın ağ­zı­na xəncər verilir, gözlərinə oxlar sancılır, çiyninə isə boş su tu­lu­ğu asılır. Bir nəfər atı asta-asta çəkərək əza qəfiləsinin önündə gedirdi (3).

Xalq arasında "İmam Hüseynin şəhid olması", "Həzrət Abba­sın şəhid olması", "Əliəkbərin şəhid olması", "Fatimənin qətli", "Qasımın nişanlısı Səkinənin ölümü", "Qasım Həsən oğlunun şəhadəti", "Kərbəla davası" (müsibəti), "Əlinin qətli", "Hürrün şəhadəti", "Tiflani - Müslüm" və sair mövzu­larda şəbih tama­şa­ları hazırlanırdı. Bunların hamısının özünəməxsus sujeti, kom­po­zisiyası və məzmunu vardı (4).

Azərbaycanda şəbih tamaşaları üçün qəmli, faciəvi qəsidələr, mərsiyələr yazan şairlər olmuşdur. Molla Bihuddin (1832-1892), Baqir Ağamirzə Məhəmmədbağır Xalxali (1830-1892), Məhəm­məd Dilsuz (XIX) həmin şairlərin nümayəndələrindəndir. Azər­bay­canda məşhur şəbihgərdanlar olublar ki, bunlardan: Şuşalı xar­rat Qulu, bakılı peşəkar aktyor Rüstəm Kazımov kimi tanın­mış şəbih ustaları vardı (2).

Şəbihgərdan sözü şəbih tamaşalarını hazırlayan rejissor mə­na­sını daşıyır. O, şəbihdə əsas rolu özü oynayır, digər rolları da münasib oyunçulara həvalə edirdi. İmam babalarına su verməyən, qəddar Şümürün lal-dinməz obrazını adətən başqa millətin nü­mayəndəsi oynayırdı (5).

Şəbih tamaşalarında təbii qan effektlərindən istifadə edirdilər. Yəni qanı bağırsaqlara doldurub şəhid olacaq obrazın bədəninə, boynuna bağlayırdılar. Yezidin qoşunları hücuma keçəndə dəh­şətli bir mənzərə alınırdı ki, bu da tamaşaçıları çox sarsıdırdı. Lü­ğətlərdə "şəbih" deyimi, bir qayda olaraq, oxşar, tay, surət və obraz kimi mənalandırılılır, "şəbeh" sözü isə oxşarlıq, eyniliklə bərabər, həm də "qaralama, eskiz" kimi açıqlanır. Zənnimizcə, burada "Şə­beh" yazılış və tələffüz tərzi daha düz, daha mənti­qə­uyğundur, çün­ki bu teatrın tamaşaları əski tarixi əhvalatların tam surətini, əksini çıxarmaq məqsədi güdmüşdür. "Şəbih" deyimi Y.V.Çə­mən­zəminli göstərdiyi kimi, "personaj, rol" təki açıqlan­malıdır (3).

Xalq Azərbaycanda keçirilən şəbih mərasimlərində dərvişlər də yaxından iştirak ediblər. Onlar həm tək, həm də dəstə ilə şəhərləri gəzir, kəndləri dolaşır, qəmli və həyəcanlı səslə qəsi­də­lər oxuyub, Kərbəla müsibətlərini təsvir edən rəvayətlər söylə­yərdilər (4. 57). .

Şəbih tamaşalarında obrazların içərisində Əhli-Beyt, yəni imam övladlarına aid surətlər əsas mövqedə dayanırdı. Mərsiyə­xa­­nalar məhərrəm ayında ardı-arası kəsilməyən mərasimlərdə mər­siy­yələr deyirdi. Onlar əruz vəznində dediyi mərsiyyələri ilə ora yığılan insanlara güclü təsir göstərə bilirdilər. Mərsiyələrdə İmam Əli, Məhəmməd Peyğəmbərin qızı – Həzrəti Fatimə, Zey­nəb – Əlinin qızı, Qasım – Həsənin oğlu, Həzrəti Abbas kimi ob­raz­ların haqqında yazılan mərsiyə və qəsidələrin faciəvi motivləri mərasim iştirakçılarını ürəkdən ağladırdı. Yezid burada qaniçən, insafsız, mərhəmətsiz, zalım bir obraz idi. Onun rolunda çıxış edən şəbihçi başına şəbkülah qoyur, başına yaşıl çalma vururdu. Üs­tündən qara ləkələri olan sarı xalatı onun xarici gör­kəmini gülünc edirdi (2).

Şümür xəlifə Yezidin qoşun başçısı olub, şəbih tamaşalarında ən mənfi personajlardan biri sayılır. O, başına dəmir dəbilqə qo­yur, əyninə zirehli libas geyirdi. O, tamaşaboyu imam balalarını qırdıqca qəhqəhələr çəkir, ətrafdakılarda özünə qarşı nifrət hissi oyadırdı. Şəbih tamaşaları romantik faciə qolunun yaranmasında önəmli əhəmiyyət daşımışdır (5).

Əgər bütün bunlar barədə danışarkən söhbət Quzey Azərbay­can­dan gedirsə, məsələdən keçmiş zamanda danış­maq daha məq­sə­dəuyğundur, çünki ölkəmizdə bu tip meydan tamaşaları XX əsrin əv­vəllərindən öz aktuallığını, demək olar ki, tamamilə və ya qismən itirmişdir. Fəqət eyni sözləri Güney Azərbaycana şa­mil etmək qətiy­yən mümkün deyil. Vətənimizin güneyində sözüge­dən meydan ta­ma­­şaları aktuallığını bugünə qədər qoru­maqda və Güney Azərbay­ca­nın, demək olar ki, bütün şəhər və kəndlərini əhatə etmək­dədir (6; 7).

Maraqlıdır ki, Güney Azərbaycanda Əhli-Beyt və Kərbala faciəsi ilə bağlı düzənlənən meydan tamaşaları və xalq oyunları sadəcə yuxarıda haqqında danışılan meydan ta­ma­şasından ibarət deyil. Bu sırada daha çox “Xanım süf­rələri”, “Nəzir süfrələri” adı ilə məşhur olan “Əmirəlmö­minin süfrəsi”, “İmam Zeynalabdin süfrə­si”, “Əbülfəzl süfrəsi”, “Xanım Ruqiyyə süfrəsi” və s. teatrlaş­dırıl­mış meydan tamaşalarının da adını xüsusi çəkməliyik (8. 300-304).

Bunlardan ən məşhurları Təbriz və ətrafında keçirilir. Yerli xalqın inancına görə, “İmamlarımız dünyaya gəldiyi zamannan onların müsibətləri də başlamışdı. Bir çox şiə müsəlmanlar bu müsibəti zikr edib ağlallar. Bu müsibətlərə ağlama məclislərinə mərsiyyə məclisləri deyilir” (8. 298).

Məlum olduğu kimi, şəbeh tamaşalarının ayrılmaz tərkib hissəsi olan mərsiyə ədəbiyyatının Islamın qorunub saxlanma­sın­da böyük rolu olmuşdur. Təkcə bunu qeyd etmək yetər ki, Sovet imperiyası dövründə heç bir dini ədəbiyyat olmadığı zaman insan təkcə mərsiyələrlə Kərbəla hadisələri haqqında məlumatlara yiyə­lənmiş, Imam Hüseyn şəxsiyyətini dərk etmişlər. Bundan əlavə mərsiyə ədəbiyyatı insanlara qəhrəmanlıq, amal uğrunda mü­barizə aparmaq öyrədir.

Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli deyirdi: "Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir yerdə olduğu halda uyuşmaz, onda deyə bilərik ki, bəli, Imam Hüseyn müsibətində bir feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır, bir yandan qəmləndirir, bir yandan qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri adi halət və xüsusiyyət ancaq Seyyidüş-şühəda müsibətü əzasına müx­təssdir, ancaq mahi-mühərrəmdə tərtib olunan təziyələrdə hiss olunur…" (9).

Dövrümüzədək bir sıra məşhur şairlərimiz qələminə məxsus mərsiyələr yetişmişdir ki, onlardan bu gün də həm Güney, həm də Quzey Azərbaycanda qurulan meydan tamaşalarında geniş istifa­də olunur (9):



Baxdı çün Əkbərini nizədə Leyla üzünə,

Gördi zülfi tökülüb çün şəbi-yelda üzünə…

(M.Ə.Sabir).


Dur Şamə gedür Zeynəbi-nalan, anam oğli,

Canım yarali cismüvə qurban, anam oğli…

(H.Ə.Pərişan).

  

Ey cismi parə-parə, məzlum ölən Hüseyn vay,

Isti qum üstə nəşi, ey bikəfən Hüseyn vay...

(H.Ş.Tuti).

  

Yarəb, bu nə qəmdü çarə olmaz,

Bir çarə bu ahü zarə olmaz.

(Dilsuz).

Əhli-Beyt və Kərbala faciəsi ilə bağlı düzənlənən meydan tamaşaları və xalq oyunları zamanı təkcə mərsiyələrdən deyil, eyni mövzuya həsr edilən və xalq yaradıcılığının məhsulu olan bayatılardan da geniş istifadə edilməkdədir:

Ağlayan başdan ağlar,

Kiprikdən, qaşdan ağlar,

Qardaşı ölən bacı,

Durar obaşdan ağlar.
Əzizim belin bükər,

Kaman tək belin bükər,

Cavan oğul ölümü, 

 Ananın belin bükər.


Köynəyin ağ saxlaram,

Yuyaram ağ saxlaram,

Bir də qapıdan girsən, 

Yüz il qonaq saxlaram (9).

Bu tip bayatı və mərsiyələrdən təkcə  şəbihlərdə deyil, “Xa­nım mərsiyələri” və “Nəzir süfrələri”ndə də istifadə edilir: “Cə­nu­bi Azərbaycanda mərsiyə məclisləri o biri ölkələrdən daha çox olur… Təbrizlilər (türklər) imamlara öz uşaxlarına, əzizlərinə ağ­la­yan kimi ağlayallar, ona görə də Təbrizin mərsiyə məclisləri da­ha səmimi, ürəyə yatımlı olar” (8. 298).

Güney Azərbaycandan toplanmış materiallardan belə aydın olur ki, Azərbaycan, xüsusən də Təbriz qadınları bir çətinliklə üz­­ləşdikləri və ya hər hansı bir niyyət və diləkləri olduğu zaman bü­tün bu məsələlərin həllini övliya və imamlarda axtarmağa üs­tünlük verir, bu məqsədlə müxtəlif nəzir süfrələri təşkil edirlər” (8. 199).

Bu tip tamaşa xarakterli mərasimlərindən ən yayğını “Əmi­rəlmöminin süfrəsi” adlanır: “Bu süfrənin xüsusu budur ki, süf­rədə olan hər nə varsa ağ rənkli olur. Süfrədə olan yeməhlər bunnardan ibarət olar: şirbiriş, ya firni, pənir, yoğurt, süt, şəkərpənir, çörəh; həm də Əmirəlmöminin süf­rəsini ağ şamlarla bəzəilər. Əmirəl­möminin süfrəsinin başqa bir xüsusu budur ki, qonaxlar süfrədə hər nə yeməh olmuş olsa, gərək yeyib, ya da özləri ilə aparsınnar. Axir başda süfrədə heç bir şey qalmamalıdı. Ev yiyəsi tək­cə süfrənin sonunda bir tikə yeyəcəhlərdən “bey” saxlamalıdı ki, onu da nəziri qəbul olduxdan sonra bir başqasına versin” (8. 300).

İmam Həsən süfrəsi də eyni ssenari əsasında cərəyan edir. Lakin buradakı yeməklər mütləq yaşıl rəngdə olmalıdır: “yeməli göy (pencər), yarpax dolması, xiyar, çörəh” (8. 300).

Xəstələrə sağlamlıq diləmək məqsədi ilə təşkil edilən başqa bir yemək süfrəsi “İmam Zeynalabdin süfrəsi” adlanır. Adından göründüyü kimi İmam Zeynalabdin eşqinə düzənlənir (8. 300). Daha çox Zeynül-Abidin, Səccad, Zey­nüs-Salihin, Varisu elmin-nəbiyyin, Mütəhəccid, Zəkiyyə, Əmin, Zahid, Abid, Ədl, Bəkka kimi ləqəblərlə yad edilən və künyəsi Əbu Məhəmməd olan İmam Zeynalabdin İmam Hüseynin oğlu və şiələrin üçüncü imamıdır (10). Onun şərəfinə verilən nəzir süfrəsində sadəcə qurutlu aş olur. Aşın “dən-döşünü qapı-qapı dilənib yığardılar”. İndi bu adətə əməl olunmur (8. 300-301).



Güney Azərbaycanda yayğın olan nəzir süfrələrindən biri də el arasında “Qırx bir Ruqəyyə” adı ilə də tanınan “Xanım Ruqəy­yə süfrəsi”dir. Bu məclisin əsas özəlliyi ona adları Ruqəyyə olan 41 qız uşağının çağırılması və bir kərpicin üzərinə bir tikan qo­yulmasıdır. Süfrədə şam da yandırılır. Yeməklər isə göy-göyərti, pendir və çörəkdən ibarət olur (8. 301).

Haqqında söhbət açdığımız məclislər içərisində “ən ağır, ən zən­gin, nobəno olan süfrə Əbülfəzl süfrəsidir. Bu süfrəyə hər nə yeməx qoyulmaxdadır, nə qədər süfrə zəngin, çeşitli olmuş olsa, bu süfrəyə bəzək sayılır. Süfrədə olan bir para yeməhlər bun­nardı: Sa­rışilə, tərəh, xurma, şəkərpənir (ona müşğülğüşa da de­yi­lər), göy, pənir şirni, neçə cür meyvə, aşlardan qurutlu aş, pilov ki, xu­ruştu da toyuq olar, çörəhlərdən lavaş (dövlətli yerlərdə sən­gək olar), dolmalardan yarpax dolması və bir neçə cür murabba da süf­rədə döşənər. Bu süfrə başardıxca bəzəhli-düzəhli olar” (10. 301).

Əbülfəzlə, yəni Əbülfəzlabbasa həsr edilən nəzir süfrəsinin bu cür “bəzəhli-düzəhli” olmasının əsas səbəbi onun Güney Azər­baycanda çox böyük hörmətə sahib olmasıdır. Məlumat üçün bil­dirək ki, "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül­fəzlabbas ibn Əli hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəl­mişdir. Atası, Həzrət Əli, anası isə öz şücaətləri ilə ad qa­zanmış "Kilab" qəbiləsindən olan Ümmülbənidir.

Həzrət Əlidən tərbiyə alan Həzrət Əbülfəzl bütün insani də­yər­ləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuş­dur. Öz şücaəti, qəhrəmanlığı ilə tarixdə əvəzolunmaz iz qoy­muşdur. Imam Cəfər Sadiq onun haqqında belə buyurub: "Bizim əmimiz Həzrət Əbülfəzlin dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O, Imam Hüseynlə birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin yolunda canını fəda edib şəhid oldu” (11).

Əbülfəzlabbasın şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə yazır: "Siffeyn müharibəsində misilsiz şücaəti, yük­sək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müavi­yə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl onu da məğlub edərək öldürdü".

Xarəzminin nəql etdiyinə əsasən, bundan sonra Müaviyənin qo­şunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi (11).

Tarixi mənbələrdən belə aydın olur ki, Aşura günü Həzrət Əbülfəzl Imam Hüseyndən icazə alaraq su gətirmək üçün Fərata yollanıbmış. O, “tuluğu ilə su doldurub qayıdarkən onun sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşmə­sinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti ox və nizə ilə yaraladılar. Həzrət fəryad edərək buyur­du: “Məndən sənə salam olsun ey əba Əbdullah.” Bunu eşidən Imam Hüseyn onun yanına gələrək Həzrətin mübarək başını qu­caq­layaraq buyurdu: “Indi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı”  (11).

Məhz bu ürək parçalayan hadisə Əbülfəzlabbasın bu qədər çox sevilməsinə və Güney Azərbaycanda Əhli-Beyt və Kərbəla faciəsi ilə bağlı düzənlənən meydan tamaşaları və tamaşa xarak­terli məclislərin əsas personajlarından birinə çevrilməsinə səbəb olmuşdur. Həmin tamaşaların meydana çıxma tarixi barədə isə heç bir dəqiq məlumat yoxdur.

Teatrşünas alim Aydın Talıbzadə haqlı olaraq qeyd edir ki, indiyə qədər elmdə təziyə və şəbihlərin konkret tarixi müəy­yən­ləş­diril­məmişdir: rəylər, fərziyyələr, gümanlar müxtəlifdir. Onun yazdığına görə, bəziləri zaman etibarı ilə bu tarixi XV əsrə, bə­ziləri XVI yüzilə, bəzilərisə XIX əsrə aparıb çıxarırlar: “Fran­sız Kont de Qobine söyləyir ki, şəbih tamaşalarının tarixi heç bir əsrdən də artıq deyil. Və bu barədə hər səyyahın, hər tədqi­qat­çının öz təkzibedilməz həqiqəti var. Lakin bütün bu dolaşıq­lıq­ların… bir ümumi səbəbi mövcuddur. Müsəlman dünyasına müx­təlif vaxtlarda gəlmiş diplomatlar, tacirlər, səyyahlar təziyyələr və şəbihləri daim taydəyişik salıb onları bir-birilə qarışdırmışlar. Məsələ bu ki, təziyələr və şəbih tamaşaları birbirindən fərqlidir və hərəsinin öz müstəqil yaranma tarixi olub” (12. 179).


Qaynaqlar

  1. İlham Rəhimli. Üç əsrin yüz otuz ili. Bakı, “QAPP-POLİQRAF” Korporasiyasi, 2003, 264 s.

  2. Şəbih tamaşalarının dramaturgiyası və hazırlanma xüsu­siy­yət­lə­ri haqqında. Azərbaycan Teatrı dünən, bu gün, sabah

(http://azteatr.musigi-dunya.az/file?id=143&dt=1161).

  1. Çəmənzəminli Y. V. Şəbihgərdanlıq // “Maarif və mədəniyyət”. № 7, Bakı, 1927.

  2. Haqverdiyev Ə. Azərbaycan teatrı // “Seçilmiş əsərləri”, II c. Bakı, 1957

  3. Elçin Muxtar Elxan. Şəbeh epik teatrımız (http://azteatr.musigi-dunya.az/meqaleler/sebeh_teatri.pdf)

  4. فرهنگی/آیین_تعزیه_گردانی_حسینی_همزمان_با_تاسوعا_و_عاشورا_در_آذربایجان_غربی_برگزار_می_شود (http://www.irna.ir/fa/News/80898931/).

  5. نويسنده: سعيده دلال عليپور روزنامه جام جم > شماره 3016 21/9/89 > صفحه 15 (http://www.magiran.com/npview.asp?ID=2204647

  6. Təbriz Folklor örnəkləri, I kitab. “Nurlan” MPM, Bakı, 2013. 444 s.

  7. Azərbaycanda mərsiyə ədəbiyyatına bir baxış

(http://www.ihq.az/index.php?news=322).

  1. İslam tarixindəki şəxslər (http://kayzen.az/tag/imamlar/).

  2. Həzrət Abbas (ə).

(http://www.sibtayn.com/az/index.php?option=com_ content&view=article&id=443:1-81970&catid=274&Itemid=216.

  1. Talıbzadə A. Şərq teatrı tarixi. Bakı, 2008. 234 s.

UŞAQ OYUNLARI VƏ ONLARIN SOSİAL-PSİXOLOJİ ASPEKTLƏRİ
Vəfa Aslanova

filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

vafa_aslanova@yahoo.com

Özət

Keçmişimizdən bizə yadigar qalmış milli-mənəvi də­yərlər sisteminə daxil olan uşaq oyunları onların təfəkkü­rünün, təxəy­yü­lü­nün inkişafında, sosial-psixoloji keyfiyyət­lərinin zənginləşmə­sin­də çox müsbət rol oynayır. Həmçinin oyunlar uşaq və yeni­yet­mə­lərin asudə vaxtlarını səmərəli keçirmələri üçün faydalı məş­ğu­liyyətdir. Təəssüf ki, bu gün belə oyunlar sıradan çıxmaqda, öz ye­rini kompüter oyunlarına verməkdədir. Odur ki, uşaq oyun­la­rı­nı bacardığımız qədər yaşatmalı və gələcək nəsillərə ötürməliyik.



Açar sözlər: oyun, tamaşa, psixologiya, mütəhərrik, yeni­yetmə
Резюме

Детские игры, которые сохранились от нашего прошлого, входящие в национально-духовную систему ценностей иг­рает положительную роль в развитии мышления и обогащения социально-психологических качеств детей. К сожалению, в данный момент компьютерные игры заменили эти на­цио­нальные игры. А наша задача в том, чтобы сохранить эти ценности для будущих потомков как можем.



Ключевые слова: игра, спектакль, психология, подвиж­ность, подросток
Summary

Child plays which are included to the system of national-moral values are taking positive part in the development of their thinking, imagination, in becoming rich socio-psychological qualities. Also plays are useful employments for spending free times of children and juveniles. Unfortunately, today national child plays are spoiling, are giving their places to computer games. So, we must immortalize child plays and pass to the future generations.



Key words: play, performance, psychology, mobility, teenager
Dramatik növə daxil olan xalq oyunları folklorun ən yad­da­qa­lan və maraqlı janrlarından biridir. Xalq oyunları xalqın mə­də­niyyətini, mentalitetini, adət-ənənəsini, etnoq­ra­fiyasını özün­­də əks etdirir. Yaddaşımızın ən təmiz dövrünə, maraq dairə­mizin məh­dud çərçivədə olduğu vaxta təsadüf edən uşaq oyunları isə hər bir insanın hafizəsində bu günədək yaşamaqdadır.

Ən qədim tarixə malik olan xalq oyunları və tamaşaları nəsildən-nəslə keçərək həm yaddaşlarda, həm də əlyaz­malarda bu günümüzə qədər qorunub saxlanmışdır. “Oyunlar haqqında ilk məlumatlar bizə qədim mənbələrdə gəlib çatmışdır. Onlardan ən kamili M.Kaşğarinin “Divanı”dır. Burada bir çox uşaq oyunları- “Çərpələng”, “Munquz-munquz”, “Qaraquni”, “Əbə-əbə”, “Köç” və s. barədə məlumat verilir” (2, 619).

XIX-XX əsrlərdə Azərbaycanın bir çox ziyalıları M.Ş.Vazeh, S.Ə.Şir­vani, Ə.Haqverdiyev, M.Mahmudbəyov, F.Köçərli, M.H.Təh­­­ma­sib və başqaları xalq və uşaq oyun və tamaşalarını toplamış, nəşr etdirmişdilər. “Çövkən”, “Çiling ağac”, “Dirədöymə”, “Mo­tal-motal”, “Sultan”, “Xəndəyə düşmə”, “Top al qaç”, “Qələndər ay Qələndər”, “Aşıq-qoz”, “Bənövşə”, “Şənlik”, “Ənzəli”, “Əl üs­tə kimin əli”, “Dəsmalı ver” (“Dələdəs­mal”), “Cıdır”, “Yeddi daş”, “Qazlar, qazlar”, “Tut qolundan, dart”, “Rəng-rəng”, “Sümük-sü­mük”, “Quş uçdu” kimi oyunlar Azərbaycan folklorunun ən gözəl nümunələridir.

Milli uşaq oyun və tamaşaları həm böyüklər, həm də uşaq­ların özləri tərəfindən yaradılır. Oyunlar onların arzu və istək­lərini ifadə edir, istirahətlərini əyləncəli və səmərəli keçirmələrinə yardımçı olur. Onun hər bir kəsi özünə cəlb etmək sehri var. Oyunlar elə bir fəaliyyət növüdür ki, onun motivasiyası məhz oyun zamanı meydana gəlir. Oyun zamanı uşaqlar fərasəti, iradə­ni, dözümü, əzmi nümayiş etdirir, qələbəyə can atma, birincilik əldə etmə istəyi ilə əlaqədar olaraq yaradıcı fantazilayalarını işə salırlar. Odur ki, oyunlar əsl yaradıcılıq fəaliyyətidir. Uşaqlıq illə­ri­ni milli oyunlarsız keçirən insanın bir şəxsiyyət kimi for­ma­laş­ması çətinləşir.

İlk növbədə uşaqlar hərəkətə və düzüb-qoşmağa olan ehti­yac­larını ödəyir, istək və arzularını həyata keçirirlər (1, 325). Uşaq oyunları kiçik yaşlarında hafizənin möhkəm­lənməsinə, diqqətin artırılmasına, rənglər dünyasına bələd olmağa, hesablama vərdiş­lərinin yaranmasına kömək edir. Onlar uşaqlarda birlik və bəra­bər­lik, dostluq kimi mənəvi prinsiplərin, humanist hisslərin aşı­lanmasına böyük yardımçı olur. Eyni zamanda oyunlar uşaqlarda aktivlik, liderlik, cəldlik, ceviklik, hazırcavablılıq kimi psixoloji keyfiyyətlərin meydana gəlməsinə çox kömək edir. Ən başlıcası isə uşaq oyunları müəyyən bir ortamda həyata keçirildiyi üçün insanın sonrakı sosial həyatında cəmiyyətə adaptasiyası məsələ­si­ni asanlaşdırır.

Uşaq oyunları onların yaş səviyyəsinə, zövqünə, düyagörü­şü­nə, psixikasına uyğun olaraq fərqlənir. Ramazan Qafarlı oyunları ifasına, uşaqların məişətində tutduğu yerinə və roluna görə iki his­səyə ayırır:



  1. Mütəhərrik oyunlar (hərəkətli);

  2. Söz oyunları (1, 325).

Azad Nəbiyev isə uşaq oyunlarını şərti olaraq üç qrupa bölür:

  1. Cəldlik, çeviklik və hərəkətlə bağlı oyunlar;

  2. Ayin, etiqad və mərasimlərlə bağlı oyunlar;

  3. Gözbağlıca oyunları (2, 619).

O, birinci qrupa hərəkətli oyunlarla yanaşı, say sistemi ilə bağlı yaranmış oyunları da daxil edir. Say və saymaq oyunun əsas məzmununu təşkil etsə də, hərəkət bu oyunlarda ön plandadır.

R.Qafarlının fikrincə, hərəkətli oyunlar söz oyunlarına nisbə­tən daha qədimdir, yəni əmək fəaliyyəti ilə bağlı meydana gəl­mişdir. İlk əvvəl oyunlar təqlidçilik yolu ilə yaranmış və əcdad­larımızın əmək və məişət səhnələrini əks etdirmişdir (1, 326). Sö­zügedən oyunlar yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirtmələri üçün ən yaxşı vasitədir. Mütəhərrik (hərəkətli) oyun­lar fiziki baxımdan zəif olanları, tənbəlləri belə hərəkətə hə­vəs­ləndirir. Bu oyunların bəzilərində müxtəlif əşya və vasitələrdən istifadə olunur, bəzilərində isə yalnız özləri əl-qol, bədən hə­rəkətləri, mimik göstərişlərlə iştirak edirlər. Bu baxımdan bir sıra folklorşünas alimlər hərəkətli oyunları iki yerə ayırırlar:



  1. Əşyalarla oyunlar: “Kirmə”, “Dəsmalı ver”, “Sultan”, “Xən­dəyə düşmə”, “Pula-pula”, “Qələndər, ay Qələndər”, “Aşıq-qoz” və s.

  2. Əşyalarsız oyunlar: “Bənövşə”, “Şənlik”, “Ənzəli”, “Əl üstə kimin əli” və s.

A.Nəbiyev hərəkətli oyunlar sırasında “Addımbasdı”, “At­lar­da kimin atı”, “Beli kimə verdin”, “Qaçdı-tutdu”, “To­pal­dıqaç”, “Gizir-gizir”, “Üzəngi”, “Evcik-evcik”, “Tə­kəm-tə­kəm”, “Yalan-pa­lan”, “İt qusdu” kimi oyunların da adını çəkir (2, 620). Sö­zü­gedən oyunlar əsasən açıq havada, yaşıl mey­dan­larda həyata ke­çi­rilir. Bu da uşaqların sağlamlığına, onların əzələ və sinir sis­tem­lərinin inkişafına yaxşı təsir edir.

Qarabağdan toplanmış folklor nümunələri içərisində “Qığı mərə”, “Səni kim apardı”, “Gözbağlayıcı”, “Qara­din­məz”, “Ən­zəli”, “Köç getdi”, “Sac ayağı”, “Şah-vəzir”, “Əl üstə kimin əli” ki­­mi hərəkətli uşaq oyunlarının adları çəkilir (5, 381- 385). Bəzi in­cəlikləri, ad fərqliliklərini çıxmaq şərti ilə uşaq oyunları ayrı-ayrı bölgələrdə digər folklor janrları kimi demək olar ki, oxşardır. Şəki-Zaqatala folkloru anto­logiyasında daha çox “Əl üstə kimin əli” kimi tanınan uşaq oyunu “Kömbə-kömbə” adı ilə təqdim olun­muşdur. Belə ki, oyunda uşaqlar palazın üstündə dövrə vurub diz üstə otururlar. Sonra əllərini irəli uzadıb ovuclarını, gah da əllərinin arxasını yerə qoya-qoya deyirlər:

Kömbə-kömbə,

Qoz kömbə,

Gah belə, gah da belə,..

Gumbulub?!..

Bu söz yüksəkdən deyilir, dərhal hamı bir-birinin ağzına baxır. Heç kim dodaqlarını aralayıb göstərməməli, yəni gülmə­məlidir. Dözə bilməyib gülən cərimələnməlidir. Cərimə olunan oyunçu ortalıqda belini əyib gözlərini yumur. O biri oyunçular isə onun belini yavaşca döyəcləyir və oxuyurlar:

Dögəllər, dögəllər,

Arxın suyunu bögəllər.

Dakqada duz qalmadı,

Üstəki əl kimindi?

Uşaqlar əllərini döyülən uşağın belində saxlayırlar. Düzgün cavab verənə qədər uşağın belində saxlayırlar və onu döyüllər. Cavab düz olanda uşaq ayağa qalxır, oyun yenidən başlayır (6, 148-149).

Naxçıvan folklorunun toplayıcısı Çimnaz Əziz qızı hərəkətli uşaq oyunlarına “Çilig ağac”, “Çiləmə”, “Qəcəmə daş” (bəzi böl­gə­lərdə “Beş daş”), “Əl üst kimin əli” kimi uşaq oyunları haq­qında ətraflı məlumat vermişdir (3, 172-175).

Qərbi Azərbaycan və Naxçıvan bölgələrində yayğın olan “Çiling ağac” oyunu iki və ya dörd oğlan arasındaz oynanılır. Hər iki tərəf oyun aləti olaraq yonulmuş bir ağac (odun parçası) gö­türürlər. Oyuna kimin birinci başlaması saymaqla həyata ke­çirilir. Birinci oyunçular müəyyən olunan kimi oyun başlayır. Hər yanı yonulmuş çilingə əllərində odun parçası tutan oğlanlar vu­raraq onu yerə düşməyə qoymurlar. Göydə vura-vura sayırlar. Müəyyən xal topladıqdan sonra çilingi yerə düşmürsə, qalib onu ağacı ilə uzaq məsafəyə atır, o biri oyunçu və ya komanda isə onu göydə tutmağa çalışır. Əgər tuta bilsə, oyunu udur, bilməsə ye­nidən “işləməli” olur. Yəni uduzan hər dəfə qaçaraq çilingi uzaq məsafədən gətirməlidir (şəxsi arxivdən).

Əşyalarsız oynanılan oyunlar daha müasir dövrdə yaranıb ya­yılmışdı. Naxçıvan bölgəsindən toplanmış hərəkət­li, əşyasız oyna­­nılan “Hostana” oyunu da oğlanlar arasında geniş yayıl­mış­dır. Burada 10-15 yeniyetmə oğlan bir yerə yığışır və sanama­lardan istifadə edərək kimin “yatacağını” müəyyənləşdirirlər. Yatmalı olan oğlan əllərini dizi üstə qoyaraq, yarım əyilmiş vəziyyətdə durur. Yerdə qalan yeniyetmələr sıraya düzülür və sürətli bir hərəkətlə “yatmış” yoldaşlarının arxasından baş tərəfə doğru əllərini yatan şəxsin belinə qoyub irəli tullanır və deyirlər:

Ay Hostana, hostana,

Keçi girdi bostana.

Vurdum qılçası sındı,

Apardılar həkimə.

Həkim dedi:- Nə vecimə!

Oyun zamanı sıraya düzülmüş uşaqlardan hər hansı biri adlaya bilməzsə, onda “yatmış” yoldaşını əvəz etməli və oyunu davam etdirməli olurlar (3, 172).

Mütəhərrik (hərəkətli) oyunlar uşaq və yeniyetmələrdə həm bəzi əmək vərdişləri yaradır, həm də əyləncəli motivlər onların əh­valına müsbət təsir edir. Bəzi nümunələrdə isə insana yaraş­mayan mənfi keyfiyyətlərin tənqidinə yer verilir. Uşaq yaşların­dan neqativ xüsusiyyətlərin islah olunmasını aşı­layan, tənqid hədəfinə çevirən oyunlar onların xarakterlə­rinin formalaşmasında böyük rol oynayır. A.Nəbiyev hesab edir ki, belə oyunlar içərisində “Noxudu Keçəl”, “Ay Tağı dim-dim duraz”, “Novzu Keçəl”, “Buruna dəymə”, “Boyungəzdirmə”, “Torpaqqazdı” adlı oyunlar məşhurdur (2, 620).

Ayin, etiqad və mərasimlərlə bağlı oyunların hamısı inam və etiqadlarla, müəyyən rituallarla bağlıdır. Bu oyunlara “Qodu-qodu”, “Su üstündən atdanma”, “Od üstündən atdan­ma”, “Bacıya bir qurtum su ver”, “Od qalama”, “Atımı qarı apardı”, “Cin tut­du”, “Al gəldi”, “Aldı-qaçdı”, “Damdabaca apardı”, “Şir gəldi”, “Qurd yolu”, “Qurd dostluğu” və başqa­ları aid edilir (2, 622). Sözügedən oyunlarda həm müxtəlif hərəkətlərdən elementlər, həm də nəğmələrdən istifadə olunur. Əyləncəli elementlərlə zəngin olan bu oyunlar uşaqların istedadlarının üzə çıxmasına, komplekslərinin aradan qaldırılmasına şərait yaradır.

Gözbağlıca oyunları da uşaqlar arasında məşhurdur. Sehr, uydurma, hissiyatla bağlı olan oyunlardan “Qızıl gülüm kimdədi”, “Xan babamın adını de”, “Yaylığı kim apardı”, “Kül sancağım kim açdı”, “Çeşmibənd”, “Yelli harda otur­du”, “Can gü­lüm hara getdi”, “Göz bağlıca” və onun variant­ları olan “Do­lana-dolana”, “Haylana-haylana”, “Aylana-aylana” oyunları­nın adlarını çəkmək olar (2, 623). Bu oyunlar uşaqlarda hafizəni gücləndirir, çətin situasiyalardan çıxma vərdişləri aşılayır. Eyni zamanda onların psixoloji hazır­lıqlarını möhkəmləndirir.

Bir qədər müasir dövrün məhsulları olan söz oyunları da uşaqların marağına səbəb olur. İlk vaxtlarda böyüklərin yara­dı­cılıqlarından asılı olan bu oyunlar son dövrlərdə incəsənətə, bədii təxəyyülə meylli uşaqların sözləri ilə də zənginləşir, beləliklə, yeni söz oyunları yaranır. R.Qafarlının fikrincə, söz oyunlarının əsasını tapmaca və yanıltmaclar təşkil edir (1, 326). Öcəşmələr, acıtmalar da uşaqların sevdikləri və tez-tez yararlandıqları janr­lar­dır. Deyilən söz və cümlələr hamı tərəfindən gülüş doğu­rur. Öcəşmələr, acıtmalar zamanı əsasən iki nəfər iştirak edir. On­lar­dan biri qafiyə­ləndirə biləcəyi hansısa bir sözü tərəf müqabi­lindən tələffüz etməyi tələb edir. O isə qafiyəli misra və ya söz ilə tərəf müqabilini bağlayır. İstər-istəməz acılanan uşaq da yeni qafiyəli söz tapıb cavab verməyə məcbur olur. Məsələn, denən “dəmir”, - “dəmir”, “get sümüyü gəmir”, yaxud:

− Qoca-qoca qarılar.

− Nənəm yesin darılar.

− Barlı-barlı bağatlar.

− Gedib bağda kim otlar? (1, 327)

Bütün bu oyunlar uşaqlardan böyük məharət tələb edir. Onlarda sağlam rəqabət hissi meydana gətirir.

Bir sözlə, keçmişimizdən bizə yadigar qalmış milli-mənəvi də­yərlər sisteminə daxil olan uşaq oyunları uşaq və yeni­yet­mə­lə­rin təfəkkürünün, təxəyyülünün inkişafında, sosial-psixoloji key­fiy­yətlərinin zənginləşməsində çox müsbət rol oynayır. Təəssüf ki, bu gün belə oyunlar sıradan çıxmaqdadır. Müasir dövrdə top­lanıb nəşr edilmiş folklor antologiyalarında da uşaq oyunlarına az yer verilir, desək, yanılmarıq. Hətta 80-90-cı illərdə məşhur olan, hər birimizin həvəslə oynadığı “Gizlənqaç”, “Yeddi şüşə”, “Beş daş”, “Ortada qaldı”, “Qaçdı-tutdu”, “Gözbağlıca”, “Xan-vəzir”, “İp üstündən hoppanma”, “Evcik-evcik” kimi oyunlardan belə müasir dövrün uşaqları imtina edirlər. Yəni milli uşaq oyunları öz yerini gənclərin beyinlərini manqurtlaşdıran kompüter texnolo­gi­ya­larına, virtual oyunlara təslim etməkdədir. Bu tip oyunlar on­ların psixikalarına mənfi təsir edir, fiziki inkşafları üçün həd­dindən artıq ziyan vurur. Odur ki, uşaq oyunlarını bacardığımız qədər yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

1   ...   22   23   24   25   26   27   28   29   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə