Qaynaqlar
-
Хейзинга И. Homo Ludes. Статьи по исторической культуре – М., Прогресс, 1997, с. 21.
-
M. Arif. Azərbaycan xalq teatrı. Seçilmiş əsərləri. III c., B., 1970.
-
Ş. Elçin. Xalq ədəbiyyatı araştırmaları, II c., Ankara, 1964.
-
Cəfəroğlu Ə. Anadolu dialektolojisi üzərinə malzeme (oyunlar, təkərləmələr, oyun islahatları) Ankara, 1994.
QARABAĞDA UNUDULMAQDA OLAN XALQ OYUNLARI VƏ MƏRASİM TAMAŞALARI
(VƏ YA “ƏSİR DÜŞMÜŞ ƏNƏNƏ”)
Qumru Şəhriyar
AMEA Folklor İnstitutu
nevayi-qumru@rambler.ru
Özət
Bir çox maddi və mənəvi irsimiz kimi Qarabağda adət-ənənələr, xalqın icra etdiyi minillik ayin və rituallar da sanki əsir düşüb. Onların böyük bir hissəsi ya unudulub, ya da Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdığı coğrafi ərazilərdəki adət-ənənə, ritual və ayinlərlə çulğalaşıb. Bütün dünyada atı ilə məşhur olan Qarabağda tez-tez at yarışları təşkil edilirdi. Bu yarışların içərisində ən qədim oyun olan çovqan XIX əsrin sonu – XX əsrin əvvəllərinə qədər bu ərazilərdə oynanılırdı. Ən maraqlısı da odur ki, çovqan oyununda istifadə olunan ağaccıq (çovqan deməkdir) bir başqa uşaq oyununda da istifadə olunur.
Bundan başqa, Cəbrayıl rayonunda mövsüm tamaşalarından olan “Şah-vəzir” oyunu da bu gün xalq tərəfindən qorunub saxlanılmağa çalışılır. Bu oyunun folklor qrupları tərəfindən icra olunmasına baxmayaraq, rayonun bütün sakinləri buraya məcburi şəkildə cəlb olunur. Mərasimin marağı da, əslində elə bu məcburiyyətdədir.
Bu məqalədə Qaryagin və Cəbrayıl qəzasında (sonradan Cəbrayıl rayonu adlandırılmışdır) bu gün unudulmuş bir çox xalq, uşaq və mərasim oyunları yada salınacaq, itib-batmaqda olan bu xalq mədəniyyəti xatırlanacaqdır.
Açar sözlər: xalq oyunları, uşaq oyunları, mərasim tamaşaları, “Şah-vəzir”, ayin, ritual, ənənə
Забытые народные игры и ритуальные обряды Карабаха (или «традиции топавшие в плен»)
Резюме
Как и многие материальные и моральные ценности обычаи, тысячелетиями справляемые народом обряды в Карабахе как-буддто попали в плен. Из них большая часть либо забыта, либо смешались с обрядами, обычаями и ритуалами народностей где размещены вынужденные переселенцы. Во всём мире прославленные конями Карабахе часто проводились конные соревнования. Одной из древнейших игр на этих соревнованиях явлалась човган (конное поло), которая игралась на этих территориях до конца XIX – начала ХХ века. Самое интересное то, что древко (называемое човганом) используемое в этой игре используется в другой детской игре.
Кроме этого, сезонное представление «Шах-везир», играемое в Джабраильском районе, даже по сей день страются сохранить со стороны народа. Не смотря на то, что эта игра исполняется фольклорными группами, на эту игру принудительно привлекаются все жители данного района. Суть этого обряда и заключена в этом принудительстве.
В этой статье были вспомнены и воскрешены многие народные, детские и обрядные игры, которые существовали в Гарйагинском и Джабраильском уездах (впоследствии переименованные в Джабраильский район) и на сегодняшний день забыты либо утеряны.
Ключевые слова: народные игры, детские игры, обрядные представления, «Шах-везир», культы, ритуалы, обычаи.
Giriş
Qarabağın işğal olunması ilə Azərbaycan çox böyük maddi və mənəvi itkilərə məruz qalmışdır. Ərazisinin 20%-nin düşmən əlinə keçməsi ilə Azərbaycan İrəvan, Dərbənd, Borçalı, Təbriz dərdinin üstünə bir də Qarabağ dərdi yüklədi. Qarabağda yüzlərlə tarixi abidə, tarix-diyarşünaslıq muzeyləri, məktəblər, kitabxanalar, yaşayış evləri, xəstəxanalar və s. talan edildi. Yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Bu insanlar illərlə vaqonlarda, çadır şəhərciklərində yaşamağa məcbur oldular. Maddi vəziyyətin uzun müddət ağır olması insanları yaşamaq üçün mübarizə aparmağa məcbur etdiyindən onların öz yurd-yuvalarında icra etdikləri ayin və ritualların unudulmasına gətirib çıxardı. Sonralar isə bu mərasim inancları, ayinlər və s. məcburi köçkünlərin məskunlaşdığı coğrafi ərazilərdəki adət-ənənə, ritual və ayinlərlə çulğalaşdı. Çox təəssüf ki, bu gün o adət-ənənələrin yalnız az bir qismi icra olunur.
Bu məqaləmizdə işğal olunmuş ərazilərdə ta qədimdən XX əsrin sonlarına qədər, daha dəqiq desək, 1992-ci ilədək oynanılan oyunlardan, xalq tamaşalarından, icra olunan ritual və ayinlərdən bəhs edəcəyik.
Uşaq oyunları
Qarabağda toplanıb qeydə alınmayan saysız uşaq oyunları var idi. Təəssüf ki, hal-hazırda bu oyunların heç birinin icrasına bölgələrdə (məcburi köçkünlərin yaşadığı ərazilərdə) rast gəlmirik. “Bənövşə, bəndə düşə”, “Motal-motal”, “Gizlən-qaç”, “Ortada qaldı” və s. bu kimi oyunlarla yanaşı, uşaqların bir zamanlar çox sevdiyi “Əl üstə kimin əli”, “Ağac-ağac” (“Ağaccıq”), “Dəsmal atdı” və başqa oyunlar unudulmuşdur. Bu kimi uşaq oyunlarına indi yalnız ədəbiyyatlarda rast gəlmək mümkündür.
Hal-hazırda uşaqlar arasında oynanılmayan, unudulmuş oyunlardan biri “Əl üstə kimin əli” oyunudur. Oyun:
İynə-iynə,
Ucu düymə.
Bal ballıca,
Ballı keçi.
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Haldır dedi,
Huldur dedi.
Çəkmə dedi,
Çarıx dedi.
Vur nağara,
Çıx qırağa.
– sözləri ilə başlayır. Bu şeiri söyləyən uşaq əlini növbə ilə yoldaşlarının və özünün ayağının üstünə qoyur. Şeirin sonunda “çıx qırağa” sözləri kimin ayağının üstünə düşsə, o, ayağını çəkir. Bu şeir uşaqlardan birinin ayağı qalana qədər təkrarlanır. Sonda ayağı qalan uşaq üzü üstə uzanır. Digər uşaqlar da onun kürəyində əllərini yumruq formasında bir-birinin üstünə qoyub soruşurlar:
- Əl üstə kimin əli?
Doğru desən, qalibsən,
Səhv eləsən qarğaların.
Əgər uşaq kimin əlinin ən üstdə olduğunu tapmasa:
– Götürün vurun, yalandır.
deyərək “qar-qar” edə-edə səhv edən uşağı yavaşca yumruqlayır və güləşirlər.
Daha bir unudulmuş oyun “Ağac-ağac” (“Ağaccıq”) oyunudur. Əslində bu oyun ağacla söhbətdir desək, yanılmarıq. Oyun zamanı bir uzun (uşağın boyu çatacaq qədər) ağac götürülür (adətən, böyüklərin, yaşlı nənə və babaların əsalarından istifadə olunur), ağacın ayağından başına qədər, sonra isə əksinə tuta-tuta şeir söylənilir:
- Ağac-ağac
Ləppeyin ağac,
Ləppeyin şirin,
Doqquzun birin,
Hardeydin?
-Bir meşədə.
-Səni kim kəsdi?
-Culfacıx.
-Nə üçün?
-Arşın üçün.
-Yalan demə!
-A bəy, bu başın üçün.
Bu oyunda bir xüsusa da diqqəti cəlb etmək istərdik. Azərbaycan xalqının qədim oyunlarından olan çovqan oyununda uzun bir ağacdan istifadə edilir. Bu ağacın başında dəstəyə bənzər bir çıxıntı var ki, oyunçu onun vasitəsi ilə topu yerdən qaldırır və vurur. Bir çox tarixi mənbələrdə çovqan oyununun Azərbaycanda “ağaccıq” kimi işlədilməsi də göstərilir. Çovqan oyununun adı oyunda işlədilən alətin adı ilə adlandırılması güman edilir. Beləliklə, bu nəticəyə gəlmək olar ki, çovqan və “Ağac-ağac” oyunlarının ortaq cəhətləri onların hər ikisinin ağacla oynanılması, bu ağacın atın və ya insanın boyuna görə seçilməsi, hər iki ağacda xüsusi çıxıntının olması (çovqanda topu qaldırmaq üçün, “Ağac-ağac” oyununda isə şeir bitənə qədər ağacı bir neçə dəfə çevirmək üçün dəstək) və ən nəhayət, hər iki oyunun “ağaccıq” adlandırılmasıdır. Bu oyunlar arasında bu qədər oxşar cəhətlərin olması biri digərinin varisidir fikrini doğrulayır.
Qeyd edək ki, hər iki oyun Qarabağın, demək olar ki, bütün bölgələrində oynanılırdı. Dünyada atı ilə məşhur olan Qarabağda tez-tez at yarışları keçirilir, oyun-yarışlardan ən qədimi olan çovqan isə XIX əsrin sonu – XX əsrin əvvəllərinə qədər bu ərazilərdə oynanılırdı. Qarabağ atı ilə oynanılan çovqan oyunu milli Azərbaycan oyunu kimi YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Haqqında danışdığımız uşaq oyunları bəlkə başqa bölgələrdə bir çox variantlarda mövcuddur və hal-hazırda oynanılır. Haqqında birinci danışdığımız “Əl üstə kimin əli” oyununun müxtəlif variantlarına rast gəldik. Lakin “Ağac-ağac” (“Ağaccıq”) oyununa heç bir bölgədə rast gəlmədik. Qeyd edək ki, biz bu məqaləmizdə yalnız Qarabağda, xüsusilə Cəbrayıl və Zəngilan bölgələrində oynanılan oyunlar üzərində dayanmışıq.
Mərasim tamaşaları
Mərasim tamaşalarına iki aspektdən yanaşılır:
-
Mövsümi mərasimlər
-
Məişət mərasimləri.
Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, el-obanın yaylağa və ya qışlağa köçməsi, qoyun qırxımı, küləyin əsməsi, yağışın yağması və s. ilə keçirilir. Məişət mərasimləri isə toylar (toya qədər icra olunan mərasimlər), ağlaşma məclisləri və s.
Qarabağda ən qədim mövsümi mərasimlərdən biri Günəşə, Aya kəsilən qurban mərasimidir. Tarixçi-etnoqraf Şəhriyar Quliyev Cəbrayıl rayonunda Qurbantəpə adlanan pir haqqında məlumat verərkən yazır: “Yerli əhali təzə il yaxşı gəlsin, məhsul bolluğu olsun deyə bu təpədə qurban kəsir, bişirdikləri xörəyin suyundan gündoğan tərəfə səpir, sonra xörəyi yeyir və Günəşə sitayiş etməklə şadlıq edirdilər. Sonralar bu köhnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gələn Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırıldı” (Quliyev, 1993: 15). Təəssüf ki, bu ritual haqda daha ətraflı məlumat əldə edə bilmədik. Yalnız onu qeyd edək ki, rayonun ərazisinin işğal olunduğu günə qədər (1993-cü il, 23 avqust) əhali Qurbantəpə pirində qurban kəsir, nəzir-niyaz paylayırdı.
Qurbantəpəsində icra olunan ayin və rituallardan hələ çox nümunələr gətirə bilərik. Amma çox təəssüf ki, bu ənənələrin hamısı bu gün islam ənənəsi, islam vahidi ilə ölçülür. Bizim yuxarıda gətirdiyimiz misalda Şəhriyar Quliyev bu adətin tunc dövrünə aid olmasını qeyd edir. Bu da onu göstərir ki, Azərbaycan ərazisində qurban ayinləri islamdan çox-çox əvvəllər də icra olunmuşdur.
Zəngilan rayonunda XX əsrin 60-70-ci illərinə qədər Novruz bayramı ilə bağlı çox maraqlı adət-ənənlər icra olunurdu. Burada bayram axşamı plovu açıq ocaqda bişirirdilər. Ətraf məhəllədəki gənclər bu plov hazır olana qədər qazanı güdürdülər. Plov hazır olduqdan sonra qazanı oğurlayan gənclər ev yiyəsinin bayramı ac keçirməməsi üçün qazanın içinə xoruz qoyub geri qaytarardılar. Bölgədəki bu ənənə özünü bir başqa şəkildə toy mərasimində də büruzə verir. Оğlаnın аdаmlаrı qızı aparmağa gələndə еvdən qiymətli bir şеy “оğurlаyıb” bəyə iki qаt bаhа qiymətə sаtırdılаr.
Yеri gəlmişkən, qеyd еdək ki, tоy prоsеsinə аid оlаn bu “оğurluq” аktı sırf rituаllаşdırılmış hərəkət vаhidi оlub qətiyyən аntiəхlаqi хаrаktеr dаşımır. Biz nəinki tоy rituаlındа, ümumiyyətlə, ənənəvi mədəniyyətimizin bir sırа mətnlərində rituаllаşdırılmış оğurluq аktı ilə üzləşirik. Еtnоqrаfik ədəbiyyаtlаrdаn dа bəlli оlduğu kimi, mərаsimlərdə, о cümlədən tоy mərаsimlərində аdi həyаtdа аntiəхlаqi dаvrаnış аktı sаyılаn hаdisələr zəruri, mərаsim üçün tələb оlunаn, yеrinə yеtirilməsi vаcib sаyılаn hərəkətlərdəndir. Оğurluq dа bunlаrdаn biri оlmаqlа mərаsim kоntеkstində özünün çох zəruri və mühüm sеmаntikаsınа mаlikdir. Təəssüf еdirik ki, bu mərаsimi dаvrаnış аktının sеmаntikаsınа indiyədək lаzım оlаn diqqət vеrilməyib (Şəhriyar, 2004: 118).
Cəbrayıl bölgəsində daha maraqlı oyun-tamaşalardan biri də Novruz bayramında icra olunan “təğyir-libas”dır. Burada qadınlar kişi paltarı geyinib bayram axşamında qapıları döyüb ev yiyəsinin qonaqpərvərliyini sınayırdı. Bu çox əyləncəli mərasim olurdu. Təğyir-libas olan qadın ev yiyələrinə sataşır, onlarla zarafatlaşır, bir sözlə, gərginlik yaratmağa çalışırdı. Onun bu zarafatlarına sona qədər dözə bilən ailələrdə həmin ilin uğurlu, bərəkətli, sakit keçəcəyinə inanılırdı.
Novruz bayramında səhərə qədər gənclər davul, zurna çalar, hər kəsi əyləndirər, bir-bir qapıları döyüb həyətdə hamını rəqs etdirər, bayram paylarını alıb yola düşərdilər. Bəzən rayonun küçələrində səhərə qədər insanlar rəqs edərdilər.
Bu oyun, tamaşa, ritual və ayinlərin təsvirini hələ çox vermək olar. Biz burada yalnız unudulmuş və hal-hazırda icra olunmayan adət-ənənələri dilə gətirməyə çalışdıq.
“Şah-vəzir” adlanan mərasim tamaşası
İnsanların əylənməsinə xidmət edən folklor nümunələrindən biri də xalq tamaşalarıdır. Xalq tamaşaları şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biridir. O, tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdikcə təkmilləşmişdir. Azərbaycan xalq ədəbiyyatının, demək olar ki, bütün nümunəsini diqqətlə tədqiq etsək, orada ifadə, məna, ideya-məzmun və ifa tərzi baxımından tamaşa ünsürləri tapmaq mümkündür. Zaman keçdikcə xalqın gündəlik həyatı ilə bağlı ayin, ritual və hətta əyləncələr daha kütləvi xarakter alaraq təkmilləşmiş, bəzən ibtidai, bəzən də kamil süjetli tamaşalar kimi xalqın bədii yaradıcılığına daxil olmuşdur.
Hələ qədim zamanlarda xalqın məişəti, güzəranı ilə bağlı olan mərasimlərin keçirilməsində bütün xalq iştirak etmişdir. Zaman keçdikcə burada mərasim ünsürləri sönükləşmiş, onların real mənaları, insanların məişəti ilə bağlı olan tərəfləri isə inkişaf edərək təkmilləşmişdir. Beləcə, bu mərasimlər sonradan əsl xalq tamaşaları səviyyəsinə yüksəlmişdir. Məhz bu proseslərdən sonra həmin tamaşalardan yaranan, xalqın məişətini, əkin-biçinini, real həyatdakı davranışlarını əks etdirən daha müasir, öz dövrü üçün daha aktual olan xalq tamaşaları yaranmağa başlamışdır.
Haqqında danışacağımız Cəbrayıl rayonunda icra olunan “Şah-vəzir” tamaşası da bu qəbildəndir. Ədəbiyyatlarda rast gəldiyimiz “Xan-vəzir” (çox güman ki, bu da unudulmuş oyunlardan biridir) oyunu ilə “Şah-vəzir” tamaşası arasında heç bir əlaqə yoxdu. “Xan-vəzir”, əsasən uşaq və gənclər arasında oynanılan qədim oyunlarından biridir. “Bu oyunda beş (yeddi, doqquz və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş (yeddi, doqquz və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addımlıqda dayanıb bu daşları ovucun içində saxlamaqla çalaya atırlar. Əgər daşın üçü (beşi, yeddisi və s.) oraya düşərsə, o oyunçu çalanın bir tərəfindən durub xan elan edilir. Daşın ikisi (dördü, altısı və s.) çalaya düşərsə, həmin oyunçu özünü vəzir elan edir. Bir (iki, üç və s.) daşı çalaya düşən oyunçu isə ya xana, ya da vəzirə “at” olur. Beləliklə, oyunun gedişində “xan”, “vəzir” və onların “atları” məlum olur. Oyun qızışdıqca, yeni daşlar çalaya atıldıqca, oyunçuların ifa etdiyi rollar dəyişilir. Bu zaman xanın hökmü yerinə yetirilir. Xan “atlanın!” – əmri verdikdə, vəzir və xan at rollarını aparanların çiyinlərində otururlar” (internet saytı).
“Şah-vəzir” tamaşasının icrası üçün isə bütün el-oba toplaşırdı. Bu tamaşanın iştirakçıları da, icraçıları da elə xalqın özü olurdu. Bir neçə gün əvvəldən təlifçi seçilirdi və o, hər kəsi bir-bir tamaşaya dəvət edirdi. Rayonun sayılıb-seçilən ağsaqqallarından biri “şah” seçilirdi. Novruz bayramı ərəfəsində – bayramdan iki-üç gün öncə keçirilən bu mərasim üçün rayonun əhalisinin hamısının sığa biləcəyi bir çadır qurulur. Çadırın ortasında hündürlüyü tavana dəyən bir dar ağacı qurulur. Şah, vəzir, vəkil, cəllad öz yerlərini tuturlar. Məclis şaha olunan şikayətlərlə başlayır. Əslində bu meydan tamaşası küsülüləri barışdırmaq, hətta ailələrin içərisindəki inciklikləri, umu-küsünü aradan qaldırmağa bir vəsilədir.
Beləliklə, şikayət edən qarşı tərəfə iddia irəli sürür. Qarşı tərəf, öz növbəsində, bu iddianı yerinə yetirməsə, şah tərəfindən cəzalandırılır. Cəza, əsasən dar ağacından asılma ilə nəticələnir. Bu insanları ən çox əyləndirən məqamdır (videolent – dar ağacı səhnəsi).
Bundan başqa, əgər hər hansı səbəbdən burada olmayan varsa, şahın əmri ilə o da məclisə gətirilir və təbii ki, təlifçinin (dəvət edənin) dəvətini sayıb gəlmədiyi üçün cəzalandırılır (videolent – xəstənin rəqsi). O gün burada kimin kimdən nə şikayəti varsa, edir. Elin ağsaqqalı – şah da bu narazılıqları nizama salmağa, əhalinin sakit, firavan yaşamağına səy göstərir. Bu tamaşa səhərə qədər davam edirdi.
Cəbrayıl rayonun ermənilər tərəfindən işğal olunduğu 1993-cü il 23 avqusta qədər bu tamaşa rayonda icra olunub. İşğaldan sonra həm dərbədər olmuş əhalisini bir yerə toplamaq, həm də bu ənənəni unutmamaq məqsədi ilə rayonun İcra Hakimiyyəti tərəfindən cəbrayıllıların daha çox məskunlaşdıqları Biləsuvar rayonunda qeyd olunur. Son illərdə şah, vəzir, vəkil, cəllad və s. obrazlarını isə rayonun mədəniyyət evinin aktyorları ifa edirlər.
Nəticə
Yuxarıda haqqında danışdığımız bu oyunların bir hissəsi, təəssüf ki, unudulub, bir hissəsi də unudulmaqdadır. Qarabağda bu gün torpaqlarımız, mədəni abidələrimiz, muzеylərimiz, kitabхanalarımız kimi mənəvi dəyərlərimiz də əsir düşüb. Qarabağlıların icra etdikləri ayin, ritual və mərasimləri artıq məcburi köçkünlərin məskunlaşdığı ərazinin adət-ənənələrinə qarışıb. Bütün bu adətlərə bir az nisgil, bir az kədər, bir az da vətən həsrəti qoşulub. Göründüyü kimi, еrməni təcavüzü bizi təkcə torpaqlarımızdan yoх, minilliklər boyu həyatımızda yaşayan еtnoqrafik dəyərlərimizdən də məhrum еdib.
Bu gün yuxarıda qeyd etdiyimiz oyunlarımız, mərasim tamaşalarımız Qarabağsız olsa da, icra olunur. Bir az təhrif olunsa da, bir az nisgilli, bir az həsrətli olsa da, yenə də xalq mənəvi dəyərlərini yaşatmağa çalışır.
Qaynaqlar
-
Ş.Quliyev, T.Abbasov, F.Quliyev. Cəbrayıl. Tarixi oçerk. Bakı, İşıq, 1993
-
Q.Şəhriyar. Cəbrayılda toy adətləri və ya əsir düşmüş ənənə. “Dədə Qorqud” elmi-ədəbi toplusu, 2004, №3
-
Videolent. “Dar ağacı” səhnəsi. Fuad Quliyevin şəxsi arxivindədir.
-
Videolent. “Xəstənin rəqsi” səhnəsi. Fuad Quliyevin şəxsi arxivindədir.
-
http://az.wikipedia.org/wiki/Xan-vəzir
XALQ OYUNLARININ ŞİRVAN REGİONUNA MƏXSUS XÜSUSİYYƏTLƏRİ
Lalə Maxsudova
AMEA Folklor İnstitutunun doktorantı
Özət
Milli mədəniyyətimizdə xalq dramları, meydan tamaşaları kimi tanınmış kütləvi mərasimlər vardır ki, bunların bir qismi xalq oyunları olaraq geniş yayılmışdır. Özəl xarakterinə görə bu oyunlar tamaşa, dram və.s adlanmış, praktiki-dinamik baxımdan isə xalq oyunlarının ən qədim nümunələri kimi səciyyələnir. Məqalə bəzən xalq dramları adlanan xalq oyunlarının təsnifinə həsr olunmuşdur.
Açar sözlər: xalq, dram, oyun, tamaşa, milli, Şirvan
Лала Махсудова
Специфические особенности народных игр
ширванского региона
Резюме
В нашей национальной культуре есть такие знаменитые массовые обряды как народные драмы, площадные представления, некоторые из которых широко распространены как национальные игры. Для специфической характеристики они называются представлениями, драмами и т.д. А с практико-динамической точки зрения характеризуются как самые древние образцы народных игр. Статья посвящена классификации народных игр, иногда называемых народными драмами.
Ключевые слова: народ, драма, игра, представление, народные, Ширван
Lala Magsudova
The spesifical characters of Shirvan region folk games
Summary
There are many famous folk plays, square games which some of them have spread very much. According to their private characters these games have been called as a play, a drama and etc., but according to the practical-dinamical view they are charactarized as the ancient examples of folk games. The article has been dedicated to the classification of folk games which are sometimes called folk dramas.
Key words: folk, drama, play, game, national, Shirvan
Xalq dramları, meydan tamaşaları kimi tanıdığımız kütləvi mərasimlər vardır ki, bunlardan bir qismi xalq oyunları olaraq geniş yayılmışdır. Janr etibarilə bu oyunlar tamaşa, dram və s. adlanmış, praktiki-dinamik baxımdan isə xalq oyunlarının ən qədim nümunələri kimi səciyyələnir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, ”Kos-Kosa”, “Qaravəlli tamaşaları” və s. bu kimi tamaşalar bu qəbildəndir. Görkəmli folklorşünas alim P.Əfəndiyev xalq tamaşalarının xalq oyunları olduğunu istinadlarla əsaslandırır. O yazır ki, “Məşhur ədibimiz Ə.Haqverdiyev göstərir ki, xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydançalarda, həvəskar camaatın gözü qabağında və heç bir dekorasiyadan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişdir ( 1, 85).
Göründüyü kimi, tədqiqatçı görkəmli ədibimiz eyni zamanda teatrşünaslıqda adı hörmətlə anılan Ə.Haqverdiyevə istinadla xalq tamaşalarının kütləvi xalq oyunları olduğunu göstərir.
Xalq nəsrinin müxtəlif janrlarının elmi ictimaiyyətə çatdırılmasında mühüm xidmətləri olan böyük alim A.Nəbiyev təsadüfi olmayaraq xalq dramlarını oyun-tamaşa adlandırır. O yazır ki, “Xalq dramı modelini formalaşdıran amil oyun-tamaşa bədii formulu olmuşdur” (2, 260).
Xalq oyunlarına “Azərbaycan xalq oyunları” adlanan geniş monoqrafiya həsr edən Ə.Qasımov da xalq dramlarının əslində xalq oyunu olmasını məşhur alim Ə.Sultanlıya istinadən izah edir: “Prof. Ə.Sultanlı yazırdı ki, azərbaycanlılar dram sözünü oyun məfhumu ilə ifadə etmişlər” ( 3, 44).
Təsadüfi deyil ki, Ə.Qasımov xalq oyunlarını qruplaşdırarkən bu tamaşaları xalq oyunları adlandırır. Tədqiqatçı xalq oyunlarını ritual və profan mahiyyətli oyunlar kimi iki qrupa ayırır:
-
Ritual mahiyyətli oyunlar
-
Rəqsdaxili oyunlar;
-
Ovsun səciyyəli oyunlar;
-
Mövsüm-mərasimi oyunları;
-
Profan xarakterli oyunlar
-
Məişət mərasimi oyunları
-
İctimai məzmunlu oyunlar.
III. Uşaq oyunları ( 3, 172).
Maraqlı burasındadır ki, təqdim etdiyimiz təsnifat xalq tamaşalarının müxtəlif elementlərini demək olar ki, bütünlüklə əhatə edir. Yəni bu oyunlar ritual və profan xarakterdə diqqət çəkir və bu təsnifatın bütün qruplarını əhatə edir. Bizim üçün burada ən əhəmiyyətli cəhət orasındadır ki, tədqiqatçı xalq tamaşalarını xalq oyunları olaraq kütləvi ictimaiyyətə təqdim edir.
Xalq oyun-tamaşalarının xalq nəsri nümunələri kimi öyrənilməsinə mühüm ehtiyac vardır. T.Fərzəliyev İ.Abbasovun tərtib etdiyi xalq ədəbiyyatında “Xalq dramları” başlığı altında verilən tamaşalar bunu təsdiq edir. Xalq dramlarına diqqət etdikdə aydın nəzərə çarpır ki, bu tamaşalar lirik-epik növə, eyni zamanda dramatik növə aid olmaqla xalq nəsrinin qiymətli nümunələri kimi ortaya çıxır. “Kos-Kosa” xalq oyununda bizə məlum olur ki, Novruz bayramında nümayiş olunan bu xalq tamaşası tamamilə lirik növə aid olan nəzm parçaları ilə birlikdə dəyərli nəsr nümunəsini özündə inikas etdirir. Məşhur ”A Kos-Kosa, gəlsənə” misrası ilə başlayan bu nəğmə heç də nəsr üslubundan təcrid olunmadan xalq oyunu içərisində yer almaqla xalq nəsrinin epik-lirik növə aidliyini göstərir. “Kos-Kosa” tamaşasına müraciət edək:
“Ay Kos-Kosa gəlsənə
Gəlib səlam versənə,
Xanım ayağa dursana,
Kosaya pay versənə...”
Mahnı qurtaran kimi Kosa “Kosa öldü”- deyib yerə yıxılır. Bu zaman ona aşağıdakı kimi suallar verib cavab alırlar:
– Kosa, haradan gəlirsən?
– Dərbənddən.
– Alma.
– Almanı neylədin?
– Satdım.
– Pulunu neylədin?
– Öküz aldım.
– Öküzü neylədin?
– Vurdum, öldü.
Kosanın bu sözündən sonra yoldaşları birlikdə bu mahnını oxuyurlar:
Başın sağ olsun, Kosa!
Arşin uzun, bez qısa,
Kəfənsiz ölməz Kosa! və s. və i (4, 256-257).
Göründüyü kimi, nəzm və nəsr vəhdəti bu mərasim oyun – tamaşasında aydın görünür. Bu xalq tamaşasının Şirvanda çox aktual olduğu, Şirvan regionunda bu oyunun Novruz mərasimlərində keçirildiyi birmənalı şəkildə qəbul olunandır. Bu oyun-tamaşanın mətnində Şirvan regionunun spesifikası ilə birbaşa bağlılıq vardır. İstər məhəlli söz bazası olsun, istər təsərrüfatçılıq-peşə vərdişləri, istərsə də şəhər və kənd münasibətləri zəmini hər bir söz, cümlə, ifadə tərzi Şirvan ərazisi ilə birbaşa əlaqəlidir:
“Qurbanın olum, yaşıl çuxalı,
Dərbəndli isən, yoxsa buralı....
...Kosa haradan gəlirsən
–Dərbənddən (4, 257).
Şirvan ərazisinin Dərbəndi də əhatə etdiyi, Dərbənddən gələn Kosanın Şirvan təsərrüfatında da geniş formada yayılmış almanı Dərbənddən lazımsız yerə indi durduğu əraziyə gətirməsi xalq tamaşasının strukturundan irəli gəlib, gülüş ovqatı yaratması ilə birlikdə regional özəllikləri diqqətdə saxlayır. Heyvandarlıq sahəsinin tərəkəmə həyatının tərkib hissəsi olduğunu nəzərə alsaq, məhz Kosanın almanı verib öküz alması da bu regional xəritənin tamaşa-oyunda açıq şəkildə göründüyündən xəbər verir.
“Kos-Kosa” xalq tamaşası və yaxud oyunundakı heç bir ifadə tərzi Şirvan regionu üçün yabançı deyil. Bu tamaşanın ritual strukturunu, semantik laylarını izah etmək imkanımız olmadığı üçün yalnız onu qeyd edək ki, tamaşadakı söz, rəqs, mahnı sinkretliyi də Şirvan dastançılıq ənənəsinin ya ilkin quruluşunu və yaxud da paralelini təşkil edə bilər. Bu cəhətdən “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşası kimi təqdim olunan xalq oyunu da daha çox xarakterikdir. Eyni mənbədən oxuyuruq: “Bayram günlərində, xüsusilə Xıdır Nəbi, Axır çərşənbə, Novruz bayramında keçirilən şənliklər zamanı ifa edilir. Sazandalar çalır, xanəndə oxuyur, adamlar oynayırlar” (4, 257).
Şirvan dastançılığının mərasim elementləri ilə bu tamaşa remarkası sanki eyniyyət təşkil edir. Təsadüfi deyil ki, Q.Sayılov Şirvan aşıqlığını birbaşa mərasimlərlə bağlayır, hətta onun tərkib hissəsi olduğunu işarələyir: “Aşığın mərasim içində və onun tərkib hissəsi kimi yarandığını qəbul etməliyik” (5, 99). “Aşıq mərasimdən gəlir. Yarananda mərasimdə yaranıb” (5, 99).
Göstərdiyimiz xalq oyun-tamaşasında sazandaların çalıb, xanəndənin oxuması da Şirvan Aşıq sənətinin sinkretik quruluşunun əsasını təşkil edən eyni mərasim faktorunun əlamətlərini nümayiş etdirir.
Diqqət çəkdiyimiz xalq oyun-tamaşasının remarka hissəsi ilə tədqiqatçı alim Q.Sayılovun Şirvan toylarının başlanğıc mərhələsini bu mətnlə heç bir əlaqəsi olmadan təsvir etməsi sanki eyni janr xüsusiyyətlərini nümayiş etdirir. Müqayisə üçün mənbələrə müraciət edək: “Tamaşaya başlamazdan əvvəl məclisi idarə etmək üçün bir nəfər bəy (toybaşı) seçilir. Bəy məclisdə asayiş yaradır, özünə bir neçə köməkçi götürür. Köməkçilər bəyin əmri ilə böyük bir meydança düzəldirlər” (4, 251).
“Şirvan toylarının mərasim icraçısı aşıq olmuşdur. Məclisi idarə etmək üçün ona sərpayı kömək etmişdir. Sərpayının mərasim vəzifəsi məclisdə iştirakçıları yerləşdirmək, nizam-intizamı qorumaq, sakitliyi təmin etmək, aşıqla mərasim iştirakçıları arasında rabitə yaratmaq idi” (5, 101).
Göstərdiyimiz remarka eyni zamanda bu tamaşanın da xalq oyunu olduğunu bu tamaşanın giriş hissəsində və kütləvi oyun səhnələrinin zənginliyində aydın inikas etdirir. Tamaşa başlamazdan əvvəl məclisə bəy seçilməsi, bəyin özünə köməkçilər götürməsi, məclisdə asayişin bərpa olunması, bəyin köməkçilərinin konkret məkanda oyunun tələbi səviyyəsində meydança düzəltməsi və s. kimi tədbir qaydaları sanki bir oyunun hazırlıq prosesindən xəbər verir.
Xalq tamaşalarının qaravəllilərlə bağlı olması da Şirvan aşıqlarının dastanqabağı və dastanortası kütləvi auditoriyanı öz qiraət üsuluna uyğunlaşdırması ənənəsinə bənzəyir. Qaravəlli janrının əhatəli şəkildə elmi ictimaiyyətə çatdırılması üçün Qaravəlli tamaşalarının haqqında bəhs açan T.Orucov ASE-nin 3-cü cildindəki “Qaravəlli” məqaləsinə istinadən (istinad olunan əsas mənbə Allahverdiyev M.Qaravəlli tamaşaları, Bakı, 1976.) yazır: “Məlum olduğu kimi, Qaravəlli tamaşaları Azərbaycan xalq meydan teatrı formalarından biri olmuşdur. Qaravəlli tamaşalarının əsasını məzəli hadisə və ifadələrlə dolu olan qısa pyeslər, həmçinin tamaşaçıları güldürmək məqsədiylə pərdəarası göstərilən, bəzən də müəyyən mərasimlərdə müstəqil olaraq göstərilən kiçik tamaşalar təşkil edir (6, 146).
Tədqiqatçı alim eyni yerdə qaravəlli tamaşalarında xalq oyun ənənələrindən geniş səviyyədə istifadə edilməsini də qeyd etmişdir (6, 146).
Onu da qeyd edək ki, istinad olunan mənbədə qaravəllilər nağıl janrının bir növü adlandırılır, eyni zamanda aşıq sənəti ilə bağlılığına da diqqət çəkilir: “Aşıq məclislərində dinləyiciləri yormamaq, diqqəti yenə də əsas mətləbə yönəltmək üçün qaravəllilərdən istifadə edilir” (7, 50).
Elə bu mənbə də fikrimizin əsaslı olduğunu təsdiq edir. Əlbəttə, biz Şirvan aşıqlarının söylədikləri dastanla xalq oyunlarının eyni olması fikrini irəli sürmürük. Ancaq bir-birinə qaynayıb çulğalaşmış eyni mətn poetikasından xəbər verən struktur, metod və ifadə tərzinin yaxınlığını inkar etməyin mümkünsüzlüyünü də göstərmək istəyirik.
Biz qeyd etdik ki, Şirvan aşıqlarının dastan yaradıcılığı mərasimlərlə bağlıdır. Bu tamaşalar, daha doğrusu, spesifik xalq oyunları da qeyd edildiyi kimi Novruz qabağı və Novruz bayramında ifa edilən mərasim oyun-tamaşalarıdır. Beləliklə, bir çox analoji paralellər bu tamaşalarla Şirvan aşıq sənətinin eyni kökdən gəldiyindən xəbər verir. Ola bilsin ki, Şirvan folklor mühitinin əsas hərəkətverici sahəsi kimi Şirvan aşıq sənəti məhz rituallardan mərasimlərə keçid edərkən müəyyən funksiya dəyişikliyində meydan oyun-tamaşalarında bu xarakterdə nümayiş olunmuşdur. Sərpayı (sər-baş, pay (payə)-rütbə)-toybaşı yaxınlığı, hətta eyniliyi sözlüklərin dəyişikliyində mənanın müxtəlif anlam və qavramlarını məqsədəuyğun şəkildə funksionallaşdırmışdır. Elə toybaşı sözü də bu gün toylarda digər ərazilərlə birlikdə Şirvanda da işlənməkdədir. Yekun olaraq onu da qeyd edək ki, biz Şirvanda keçirilən Novruz mərasimlərində meydan tamaşalarını, xalq dramlarını xalq oyunları olaraq qəbul edir və bu oyunların yalnız Şirvana məxsusluğunu etalon olaraq iddia etmirik. Əlbəttə, bu səhv olardı. Ancaq apardığımız müqayisələrdən onu da aydın görmək olur ki, Şirvan regionunun maddi-mənəvi dəyərləri arasında bu oyun-tamaşaların mövcudluğu inkar olunmazdır.
Məhz mərasimlərlə bağlılığı baxımından bu arxaik oyun modelinin dəyəri həm də o səbəbdən əhəmiyyətlidir ki, bu oyunlar xalq nəsrinin regional xüsusiyyətlərini, Şirvan folklor mühitinin müxtəlif janr spesifikasını (nağıl, dastan, qaravəlli, tamaşa, dram) meydana çıxarır.
Dostları ilə paylaş: |