Qaynaqlar
-
Qasımov Ə. Azərbaycan xalq oyunları. Bakı, BDU nəşriyyatı, 2006
-
Azərbaycan xalq ədəbiyyatından seçmələr. Qaravəllilər, oyunlar və xalq tamaşaları. /Tərtib edənləri H.İsmayılov, T.Orucov. Bakı: Şərq-Qərb, 2005.
-
Kaşqari M. Divanul-lüğət-it-türk, II c., 3-cü nəşr, Ankara, 1991
-
Kaşğari M. Divani-lüğəti-it türk, I c., Daşkənd: 1961
-
Arif M. Azərbaycan xalq teatrı. Seçilmiş əsərləri, III c. Bakı: 1970
-
Sarabski H. Köhnə Bakı. Bakı: Şərq-Qərb, 2006
-
Aslanov E. El-oba xalq tamaşası. 1984
-
Fərzəliyev T. Azərbaycan folklorunda xalq dram və oyun tamaşaları. Tədqiqlər. Bakı: 1987
-
Dadaşzadə M. Azərbaycan xalının orta əsr mənəvi mədəniyyəti. Bakı: 1985
-
Axundova S. Azərbaycan uşaq oyunları. Bakı: 1980
-
Ağayev H. Azərbaycan mütəhərrik oyunları, Bakı, 1958
-
Səlimov-Şağani T.Q. Oyun və əyləncələr də bir tarixdir. Bakı: 1993
-
Nəbiyev A. Azərbaycan xalq oyunları. “Azərbaycan folklorunun aktual problemləri” məcmusu. Bakı: BDU nəşriyyatı, 1984
-
Qasımov Ə. Azərbaycan folklorunda mövsüm mərasimi oyunları. “Bakı Universitetinin xəbərləri”, 2000, №2, s.62-69.
-
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, I hissə. Bakı: 2009
-
Nəbiyev A. El nəğmələri, xalq oyunları. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1988
QARABAĞDA “PADŞAH OYUNU”
İlkin Rüstəmzadə
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu
ilkinrustamzade@mail.ru
Özət
Məqalədə Laçın, Qubadlı, Cəbrayıl və Ordubad rayonlarından toplanmış materiallar əsasında “Padşah oyunu”nun təsviri verilmiş, oyunun tarixi şəkli və müasir vəziyyəti haqqında təsəvvür yaradılmağa çalışılmışdır.
Açar sözlər: Padşah oyunu, Novruz adətləri, yalançı padşah, şax bəzəmə.
«Игра Падишах» в Карабахе
Резюме
В статье, на основе материалов собранных в регионах Лачин, Кубадлы, Джабраил и Ордубад дается описание «игры Падишах». Автор пытается создать представление об исторической форме и современном положении этой игры.
Ключевые слова: игра падишах, обычаи Новруза, лжепадишах, украшение шах (обрядового дерева)
The “game of Padishah” in Garabag
Summary
In article was described the “Padishah oyunu” (The game of King) on the base of materials collected in Jabrail, Lachin, Gubadli and Ordubad, also tried to create a view of the historical form and the present state of the game.
Key words: padishah oyunu (game of king), traditions of Nowrooz, lier king, şakh bazama (embellishment branching).
Xalqın bayram mədəniyyəti cəmiyyətdə gedən sosial-iqtisadi dəyişikliklərlə əlaqədar zaman keçdikcə özünün bir çox komponentlərini itirmişdir. Bu proses bu gün də davam edir, xüsusən də Qarabağın işğalı, insanların doğma torpaqlarından didərgin düşməsi və Azərbaycanın dörd bir tərəfinə dağılması bunu daha da sürətləndirmişdir. Öz kəndlərində, isti ocaqlarında olduğu zaman insanların böyük həvəslə icra etdiyi bir çox mərasimlər, oynadığı oyunlar, köçkünlükdən sonra, demək olar ki, yerinə yetirilmir, oynanılmır. Məhz bu səbəbdən “Moza-moza”, “Mətəyə salma”, “Qığ-mərə”, “Qaçmatop” kimi bir çox xalq oyunları haqqında təsəvvürlər bu gün yalnız insanların hafizəsində yaşayır, uzun müddət oynanılmadığından həmin oyunlar barədə verilən məlumatlar natamamlığı, oyunun bütün komponentlərini əhatə etməməsi ilə diqqəti cəlb edir. Ən acınacaqlısı odur ki, bu proses bu sürətlə davam edərsə, bir müddətdən sonra xalq öz bayram mədəniyyətinin, xalq oyunlarının böyük bir hissəsini itirmiş olacaqdır.
Bildiyimiz kimi, milli bayramlar hər bir xalqın “milli kimliyini” formalaşdıran, onu dünyada tanıdan əsas ünsürlərdən biridir. Səbəbsiz deyil ki, bir çox xalqlar dünyada məhz milli bayramları ilə tanınır, gündəmə gəlirlər. Bayramları bu qədər önəmli edən əsas səbəb milləti bütünləşdirməsi, varlı-kasıb, böyük-kiçik fərq qoymadan toplumun bütün üzvlərini bir araya gətirməsidir. Azərbaycanda belə bayramlardan biri Novruz bayramı və onun komponentlərindən biri olan «Padşah oyunu»dur. Sovet dövründə digər mərasimlər kimi «Padşah oyunu» da öyrənilməmiş, sistemli bir araşdırmanın mövzusu olmamışdır. Novruz bayramından bəhs edən yazılarda bu oyun haqqında yalnız səthi məlumatlar verilmiş, ona bir mədəniyyət hadisəsi kimi yanaşaraq bütün komponentləri ilə birlikdə tədqiqata cəlb edilməmişdir. Bu adət haqqında ilk məlumat Mirəli Seyidovun “Yaz bayramı” əsərində verilir, amma həmin məlumatların konkret hansı bölgəyə məxsus olduğu qeyd olunmur (3). Müstəqillik qazandıqdan sonra maddi-mənəvi sərvətlərimizin öyrənilməsinə marağın artması tədqiqatçıların diqqətini «Padşah oyunu»na yönəltmişdir. Bunun nəticəsi olaraq, Ordubaddakı “Xanbəzəmə” adəti əsasında «Padşah oyunu»nun təsviri meydana çıxır (4, 117). Əli Şamilov tərəfindən verilmiş həmin təsviri oyun haqqında ətraflı təsəvvür yaradan ilk sistemli təsvir saymaq olar. Ondan sonrakı dövrdə mərasim haqqında verilən məlumatlar həmin təsvirdən irəli getmir.
Son iki-üç ilə qədər «Padşah oyunu» ilə bağlı əldə olan məlumatlar yuxarıda qeyd etdiyimiz mənbələrlə məhdudlaşırdı. Yalnız son illər Folklor İnstitutunun təşəbbüsü ilə Qarabağ folklorunun toplanmasına marağın artması və bununla əlaqədar bölgə sakinləri ilə görüşlərin intensivləşməsi həmin adətə dair maraqlı nümunələrin qeydə alınması ilə də xarakterik olmuşdur. 2013-cü ildə Qarabağ folklor örnəklərini toplamaq məqsədilə Taxtakörpü qəsəbəsinə ezam olunduğumuz zaman Laçın rayon sakinləri arasında belə bir adətin izlərinə rast gəldik. Daha sonra Qubadlı sakinlərindən də belə bir adəti qeydə almaq bizə nəsib oldu. 2014-cü ildə isə Beyləqan rayonunun Günəşli kəndində (bu kəndin əhalisi keçən əsrin ortalarında Cəbrayılın Sirik kəndindən Beyləqana gələn ailələrdən ibarətdir) həmin adətin birbaşa iştirakçısı olduq, həm də onu videolentə köçürə bildik. Son toplamalar nəticəsində əldə edilən materiallar bizə həm bu oyunun yayılma coğrafiyasını müəyyən etməyə, həm də onun daha ətraflı təsvirini verməyə imkan verir.
Padşah seçmə (Laçın), Padşah oyunu (Cəbrayıl), Şah bəzəmə (Qubadlı) və yaxud Xanbəzəmə (Ordubad) adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində martın 21-22-si, Ordubad rayonunda isə yeddiləvin günü keçirilərdi. Qubadlı rayonunun Dəmirçilər kənd sakini Əyyub Bədəlovun dediyinə görə, bu mərasim o qədər təmtəraqlı olardı ki, rayon mərkəzindən, qonşu kəndlərdən adamlar həmin oyunu izləmək üçün Dəmirçilər kəndinə gələrdilər.
İslamın gəlişindən sonra «Padşah oyunu» arxaik məzmununu itirmiş, yeni məna qazanmışdır. Xalqa görə Novruz bayramı Həzrət Əlinin taxta çıxdığı gündür, hətta həmin fikrin təbliğ olunduğu dini nağıllar da mövcuddur. Həmin nağılların birində deyilir ki, iki əmioğlu bir qıza aşiq olur. Onlardan biri həmin qızla evlənir və toy axşamı gəlinin yanına gedəndə evin qapısı önündə bıçaqla vurulub öldürülür. Oğlunun qatilinin tapılması üçün ata onun meyidini Məkkə şəhərinə göndərir. Abubəkirdən, Yeziddən oğlanın qatilini soruşurlar, onlardan müsbət cavab ala bilmədikdə Həzrət Əliyə müraciət edirlər. Həzrət Əli oğlanı öldürənin əmisi oğlu olduğunu söyləyir, amma onun sözünə inanmırlar. Onun əmri ilə oğlan öldürülən zaman qapının üstündə olan göyərçinlər, cinayətdə işlədilən xəncər şahidlik edir. Ona yenə inanmadıqda Həzrət Əli yeddi rükət namaz qılıb Allahdan oğlana can istəyir. Oğlan dirilir, ayağa duraraq onu öldürənin əmisi oğlu olduğunu söyləyir. Nağılda deyildiyinə görə, Əliyə iyirmi dörd il taxta çıxmaq qadağan olunmuşdu. Həmin gün qeyd olunan müddət tamam olur və Əli qırmızı geyinərək taxta çıxır. Ondan sonra camaat bayram edir və dirilən adamın şərəfinə həmin günü Novruz adlandırırlar (2, 221).
Xalq arasında mövcud olan təsəvvürə görə, həmin tarixdən etibarən bu gün böyük təmtəraqla keçirilir. Ona görə də bütün qadağalara baxmayaraq, xalq həmin adətə sadiq qalmış, hətta gizli də olsa Əlinin taxta çıxdığı günü keçirməyə çalışmışdır. Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan, hazırda Beyləqan rayonu Günəşli kəndində məskunlaşmış İdris İbayevin dediyinə görə sovet dövründə kənddə bu bayramı keçirən adamları siyahıya alırdılar. O zaman Əli çələbi onlara ürək-dirək verərək deyərdi ki, qorxmayın, bayramı keçirin. Bayramda sizin hansınızı tutsalar, deyin toy eləyirəm və bir kişinin də qızını alın. İnformatorun dediyinə görə, bir il sovet sədri onları bayram keçirməyə qoymur. Əli çələbinin tapşırığı ilə camaat bir ağsaqqalı sovet sədrinin yanına göndərib ondan kənddən çıxmasını tələb edir, əks təqdirdə onu öldürəcəkləri ilə hədələyirlər. Xojamsaxlıdan olan sovet sədri həmin təhdidlərdən sonra kənddən çıxır. Həmin gün – 1941-ci il martın 21-də kənd sakinləri kolxozun pəyəsini bəzəyir və klubda tədbirləri olduğunu söyləyib bu adla bir erməni aşığını da kəndə gəlməyə razı salırlar. Aşıq gəlib tövləni görəndə əvvəl buranın klub olmasına şübhə edir, amma camaat onu dilə tutub içəri girməyə razı salır. Aşıq içərinin muzey kimi bəzəndiyini görüb özü də təəccüb edir. Söyləyicinin dediyinə görə, o gün kənddə elə bir bayram keçirilir ki, “dünya tarixində bəlkə heylə bayram keçirilməyib”. Əli Şamilovun yazdığına görə, bütün yasaqlara baxmayaraq, Sovet dövründə Ordubadda da bu bayram böyük təmtəraqla qeyd olunar və Naxçıvanın hər yerindən həmin mərasimi izləməyə gələrdilər.
Bəzi yerlərdə həmin adətin keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayon, Dəmirçilər kənd sakini Əyyub Bədəlovun dediyinə görə, iyirmi, iyirmi iki nəfər pul yığıb heyvan alardı. Həmin heyvanın ətindən yemək bişirilər və camaata yemək verilərdi. Beyləqanın Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmışdı. Həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdir.
Bəzi yerlərdə padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Laçın rayon Sadınlar kənd sakini Pəsi Quliyevin dediyinə görə, səsə qoyardılar, kim daha çox səs toplasa, onu padşah seçərdilər. Ordubad rayonunda da padşah səsvermə ilə müəyyən edilirdi. “Azərbaycan folklor antologiyası”nın I cildində deyilir ki, yeddiləvin günü sübh tezdən hamı böyük meydana yığışır. Şənlik başlanır. Cəngi çalınır, zorxana qurulur. Pəhlivanlar güləşib qurtarandan sonra zorxana yığışdırılır. Meydana kosa çıxır... Bundan sonra ağsaqqallardan biri meydana yığılanlara üz tutub deyir: “Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaşqabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, bir də cəllad seçib verin”. Camaat yerbəyerdən deyərdi ki, xanımız Başmaqçı Mərdan olsun” (1, 21). Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb seçilən adamların arasından seçilərdi. Əyyub Bədəlovun dediyinə görə 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu. İdris İbayevin dediyinə görə, Sirikdə İsgəndər oğlu Məhəmməd adlı qolu şikəst, yoxsul bir kişi olub. Hər il Novruz bayramına iki gün qalmış Əli çələbi onun başını qırxdırar, təmiz çimizdirtdirər, alt paltarından tutmuş üst paltarına qədər onu təzələyərdi. Əli çələbiyə deyərdilər ki, bu kənddə padşah qoymağa bir şəxsiyyətli adam tapmırsan? Cavabı belə olardı ki, ömrü boyu üstünə su dəyməyən bir adamı çimizdirib, təmiz paltar geydirməyin Allah yanında savabı böyükdür. Onu geyindirib padşah qoyardı, ona vəzir-vəkil seçilərdi. Elə adamı vəzir seçərdilər ki, onun baməzəliyi olsun, camaatı danışdıra bilsin, məclisi şənləndirməyi bacarsın.
Pəsi Quliyevin dediyinə görə, axır çərşənbədə hər məhlənin öz padşahı olardı. Qızlarla oğlanların məclisi ayrı olardı. Qızlar oğlanları öz məclislərinə buraxmazdılar, amma bəzən hansısa bir oğlan qadın paltarı geyinərək qızların məclisinə gələrdi. İnformatorun dediyinə görə, onun oğlanları axır çərşənbədə qadın paltarı geyinər, üzlərini yaşmaqla örtüb qızların məclisinə gedərdilər. Eynilə qızlar da oğlan paltarı geyinib oğlanların məclisinə gələrdi.
Xan bir qayda olaraq kişilərdən olur, yalnız müstəsna hallarda qadınlar da xan seçilə bilirdi. Əli Şamilovun yazdığına görə, 1946–70-ci illərdə Ordubad rayonunun Tivi kəndində keçirilən mərasimlərdə xan dəyirmançı Kəblə Qədimin xanımı Mircahan olmuşdu. Onun da ilk icratı taxta əyləşən kimi ərini döydürtdürmək və cərimələtmək olarmış. Elə adamlar vardı ki, onlar uzun illər dalbadal xan seçilirdi. Beyləqan rayonunun Günəşli kəndində İdris İbayev keçən əsrin sonlarından bu vəzifəni icra etmiş, yalnız 2014-cü ildə öz taxtını başqasına vermişdir. Əli Şamilovun yazdığına görə, 70-80-ci illərdə Ordubadda keçirilən şəbədələrdə həmişə Vəli adlı kişi xan bəzənərdi. Elə buna görə də şəhərdə əksəriyyət onu Vəli xan kimi çağırırdı. Bəzən də bu vəzifə nəsildən-nəslə ötürülür. Məsələn, Ordubadın Tivi kəndində Mircahan arvaddan sonra onun oğlu xan seçilmişdi.
Günəşli kənd sakini İdris İbayevin dediyinə görə, şah olan şəxs bir sutka dinməməli, danışmamalıdır. Gülən kimi onu taxtdan düşürər, özünü də soyundurub dar ağacından asardılar. Ordubad rayonunda da ən məşhur məzhəkəçilər, gülüş ustaları xanı güldürmək üçün dəridən-qabıqdan çıxardılar. Xan gülsün deyə bəzən meydanda qadın, qız olmasına baxmayaraq xanla açıq-saçıq zarafatlar da edərlər. Xan bütün bu məzhəkələrin qabağında özünü saxlaya bilməyib gülərsə, meydana toplaşan tamaşaçılar onu geyimli-keçimli suya basar, onu “xanlıq”dan salardılar. Taxtdan salınmış şəxs isə bir daha xan seçilə bilməzdi. Əli Şamilovun yazdığına görə, XX yüzillikdə Ordubadda gülən xanlar haqqında xatirələr hələ də insanların yaddaşında yaşayır.
Mərasim üçün xüsusi bir mağar qurulardı. Şahı mağara yaxın qonşu bir evdə bəzəyərdilər. Məclis başlayanda vağzalı çalınar, şah vəzir-vəkilin, fərraşların əhatəsində məclisə daxil olardı. Bütün məclis əhli ayağa qalxar, əl çalar və deyər: “Şah oynasa ucuzluq olar”. Şah da əlini götürüb “Şah gəldi” havasına ağıryana oynayardı. Oynayandan sonra çıxıb taxtında oturar və səlahiyyətlərinin icrasına başlayardı. Məclis qurtaranda da aradan elə çıxardı ki, kimsə ona bir söz deməsin. Laçın rayonunda “padşah seçmə” mərasiminin əsas iştirakçıları cavanlar idi və onlar padşahı öz tay-tuşları arasından seçərdilər. Şah qəlbidə oturar, ondan bir az aşağıda vəzir, lap aşağıda buyruqçuları durardı. Bir tərəfində xəbər aparıb gətirənləri, bir tərəfdə də şahın xəzinədarı oturardı. Padşah əyninə arxalıq, üstündən də çuxa geyinər, başına da papaq qoyardı. Padşahın geyimi kənddən kəndə fərqlənir. Məsələn, Sadınlar kəndində padşahın əyninə qırmızı xələt geyindirər, başına da kardondan düzəldilmiş bəzəkli papaq qoyardılar. Qızların məclisində isə padşah seçilən qızın başına yaylıq atılardı. Qubadlı rayonunda isə şahın özü ilə yanaşı, onun atı da bəzənərdi. Atın belinə kənarları qotazlarla bəzədilmiş qırmızı palan salardılar, şah da onun üstündə oturardı. Ordubad rayonunda isə padşah seçilən şəxs meydanın yuxarı başında qurulmuş taxtda oturar, vəzir, vəkil də gəlib taxtın sağında, solunda əyləşərdi. Yaraqlı-yasaqlı fərraşlar şahın hüzurunda əmrə müntəzir dayanardılar. Cəllad qırmızı libas geyinər, əlində balta meydanın aşağı başında gözləyərdi.
Ordubad rayonunda mərasim xalat geyinmiş, başına tac qoymuş xanın ata mindirilib əyanların və musiqiçilərin müşayiəti ilə gəzintiyə çıxması ilə başlayır. Yol boyu «Var olsun Xanımız!», «Xanımız mərhəmətli xandır!» və s. alqışlar səslənər. Xan, əyanlar və onları müşayiət edənlər kəndin və ya şəhərin ətrafındakı bağlı-bağçalı, çayır-çəmənli yerlərdə gəzdikdən sonra geri dönürlər. Evlərin qarşısında və küçələrdə yenə də xanı və onun vəzir-vəkilini alqışlarla, mahnı və musiqi ilə qarşılayırlar. Gəzintiyə gedəndə və geri dönəndə xan heç yerdə dayanmır. Ona şikayət etmək, arzu və istəklərini bildirmək istəyənlərin xana yaxınlaşmasına izin verilmir. Fərraşlar, əyanlar, vəzir, vəkil xana “şikayət etmək” istəyənə məsləhət görərlər ki, «sarayda qəbula gəlsinlər». Müstəsna hallarda, yəni yaşlı adamları, xəstələri gördükdə xan atı saxlayar, onların şikayətini dinləyərdi. Gəzintidən qayıdan xan baş meydanda qurulmuş taxta əyləşirdi.
Xan saraya daxil olub yerini aldıqdan sonra musiqi sədaları yüksəlir. Öncə yallı oynayan dəstələr meydana çıxır. Hər tərəfdən alqış, urra sədaları eşidilir. İki yallı dəstəsi bir-birindən çevik olmağa, daha yaxşı oynamağa çalışır. Yorulub sıranı pozan, oynamağı dayandıranları fitə basmaqla, hay-küylə yola salarlar. Sonra güləşənlər ortaya çıxır. Güləşdə gənclərlə yanaşı yaşlılar, qocalar da fəal iştirak edirlər. Musiqi sədaları altında güləşərlər. Yallı yarışından fərqli olaraq, güləşdə məğlub tərəfi fitə basmazlar. Yenəni də, yeniləni də alqışlarla qarşılayırlar. Ən yaxşı güləşçini də, qalib yallı dəstəsini də xanın adından mükafatlandırırlar. Bu mükafatlar, eləcə də imkansız ailələrə edilən yardımlar, kimsəsiz qocalara, şikəstlərə, xəstələrə verilən paralar xanın cərimələdiyi adamlardan aldığı pullar hesabına ödənilərdi.
Həmin gecə padşah müəyyən əmrlər verər, başındakı adamlar onun əmrini icra edərdilər. Padşahın sözü hər kəs üçün qanun idi və kimsə ona etiraz etməzdi. Kim padşahın sözünə baxmırdısa və ya onun əmrinə tabe olmurdusa, onu tutub padşahın hüzuruna aparar, onun qarşısında dizi üstə oturdardılar. Günahı onun üzünə deyilər və cəzalandırılardı. Əyyub Bədəlovun dediyinə görə, bu mərasimi rayonda keçirəndə birinci katib Şahsuvar Yəhyayevi şahın hüzuruna gətizdirmişdilər. Sadınlar kənd sakininin dediyinə görə, başqa məhlənin adamları torba sallamaq üçün onların ərazisinə gəldikdə onu tutub padşahın hüzuruna aparardılar. Padşah da ondan soruşardı ki, sən kimdən icazə alıb mənim mahalıma gəlmisən? O da müxtəlif bəhanələr gətirərdi: ya deyərdi təsadüfən burdan keçirdim, ya digər səbəblər gətirərdi. Padşah onu cərimələyər, verilən cəriməni də vəzir-vəkil dəftərə qeyd edərdi.
Məclisdə əsasən müəyyən adamlara kəsilən cərimələrdən pul yığılırdı. Bundan əlavə, padşah kimisə asılmaqla cəzalandırdıqda onun yaxın adamı pul ödəyib onu azad edə bilirdi. Həmin pullar xəzinədarda yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunurdu. Məsələn, Əyyub Bədəlovun dediyinə görə, həmin mərasimdən yığılan vəsait hesabına onlar bir dəfə məscidin darava deyilən hissəsini təmir eləmiş, növbəti il yığılan vəsait hesabına imkansız adamlara, yetim-yesirə əl tutmuşlar. Günəşli kənd sakini İdris İbayevin dediyinə görə, 2013-cü ildə həmin mərasimdən yığılan pul ilə kəndə artezian üçün motor alınmışdı.
Əyyub Bədəlovun dediyinə görə, bir dəfə Qubadlıda “padşah tikmə” mərasimini keçirəndə kəndin müxtəlif yerlərinə yazıb vurmuşdular ki, şahın əmrinə əsasən gecə saat birə qədər heç kim yatmamalıdı. Kim yatsa, şah tərəfindən cəzalandırılacaqdır. Gecə saat on ikini keçdikdən sonra padşah evləri gəzir, onun əmrini poza biləcəyi ehtimal olunan adamların qapısını döyürdü. Söyləyicinin dediyinə görə, bir dəfə padşah camaatın onun əmrinə tabe olub-olmadığını yoxlamaq üçün Misir müəllimin evinə gəlir. Stolda mürgüləyən Misir müəllim padşahın adamlarını görən kimi deyir: “Köpək uşağı, gəlin çıxın da, yata bilmirəm qorxumdan”. Padşah oradan çıxıb İbrahim həkimgilin evinə gəlir. İbrahim həkimin arvadı bunları görəndə deyir: “Həsən dayınız sizin tapşırığa əməl eləməyib yatıbdı”. Padşahın adamları Həsən kişini yorğanqarışıq yatağından götürüb meydana aparırlar. Qubadlı rayonunun Qaracallı kəndində də qabaqcadan yazıb hər yerə vurardılar ki, saat bir tamamda şah gəzintiyə çıxacaq, kimin nə şikayəti var, eləyə bilər. Saat bir tamamda şah bəzənirdi, uzunqulağın üstündə çıxardı gəzintiyə, şikayətlərə baxardı.
Padşahın vəzifəsi kimisə cəzalandırmaq, kiməsə cərimə kəsməklə məhdudlaşmır, həm də o, ədalətli qərarlar da verir. Məsələn, Günəşli kəndində keçirilən mərasimdə bəzi kənd sakinləri avtobus sürücüsünün gediş haqlarını qaldırmasından, Qubadlı rayonunda keçirilən mərasimdə camaat pensiyalarını vaxtlı-vaxtında ala bilməmələrindən şikayətlənirlər. Hər iki halda padşah camaatın şikayətinə ədalətlə baxmış və onların xeyrinə qərar qəbul etmişdir. Məsələn, Qubadlı rayonunda keçirilən mərasim zamanı padşah sosial-müdafiə şöbəsinin rəhbərini çağırıb pensiyaların ödənilməməsinin səbəbini soruşmuş, bayrama qədər camaatın pensiyasının ödənilməsini tapşırmışdı. Əli Şamilovun yazdığına görə, Ordubad rayonunda keçirilən mərasim zamanı xan 10-15 nəfərə qonaqlıq verməyi, xörəklər bişirib imkansız ailələrə paylamağı buyurardı. Bişirilən xörəyin dadına da öncə xan və ya vəziri baxar, sonra onu paylamağa icazə verərdi.
Padşahın məclisinə gələn gəlinlər xonça bəzəyib gətirərdilər. Həmin nemətlər oturanlara, xüsusən də kənardan gələn qonaqlara paylanardı. Onları paylamaq üçün əynində xüsusi geyimləri olan üç-dörd nəfər təyin olunardı. Ordubad rayonunda isə xanın ziyarətinə gələnlərin əllərinə gülab suyu tökülər və onlar şirniyyata qonaq edilərdilər. Bunun müqabilində isə hər kəs imkanı daxilində şirniyyat qabına pul-para qoyardı.
Bəzi yerlərdə məclisin daha maraqlı keçməsi üçün kəndin cavanları padşaha qarşı müxalifət yaradar, saxta topla, tüfənglə silahlanıb şahı devirməyə gələrdilər. Müxalifətin padşaha qarşı hazırladığı planlar qabaqcadan heç kimə məlum olmur. Günəşli kənd sakini Baqi Həsənovun dediyinə görə, 2013-cü ildə özünü müxalifət adlandıran dəstə altı-yeddi maşınla məclisi basmışlar. Əllərində yalançı tüfəngləri, çiyinlərində qrantamyot əvəzinə peç turbası vardı. Əyinlərinə qəribə paltar geyinmiş, tanınmamaları üçün üzlərinə kömür sürtmüşlər. Vəzir də onları Zimbabviyadan gəlmiş adamlar kimi təqdim etmişdi. Müxalif üzvlər məclisdə qarışıqlıq salmağa, padşahın başından papağı qaçırmağa, padşahın adına gəlmiş xonçaları dağıtmağa çalışırlar. Fərraşlar də ayıq olardılar və onlara bu niyyətlərini gerçəkləşdirməyə imkan verməzdilər. Padşahın papağının qaçırılması ehtimalı daha çox idi, ona görə fərraşların böyüyü əlində şallaq həmişə padşahın yanında durardı. Buna cəhd edən şəxsləri isə tutub dar ağacından asardılar. Baqi Həsənovun dediyinə görə, məclisə bir az şuxluq qatmaq üçün bəzən özləri şərait yaradırdılar ki, beş-on xonça dağıdılsın, camaat həmin nemətdən dadsın.
Beyləqan rayonunun Günəşli kəndində keçirilən «Padşah oyunu»nda on iki fərraş padşahı qoruyurdu, bir nəfər də onların başçısı idi. Fərraşların seçilməsi üçün qollarında qırmızı sarğı vardı, başçılarının isə çiynindən aşırdılaraq sinəsinin ortasına qırmızı şal bağlanmışdı.
Həm Beyləqanda, həm Qubadlıda təşkil olunmuş mərasimlərdə padşah məclisin axırında səssiz-səmirsiz meydanı tərk edir və bununla mərasim qurtarırdı. Ordubad rayonunda xan yeddi gün hakimiyyətdə olur, onun üç günü daha qələbəlik olardı. Sonuncu gün xanı taxtdansalma mərasimi olardı. “Gələn bayrama bağrıbütöv çıxaq!”, “Düşmənlərimiz zəlil olsun!”, “Cənabi Əmir köməyiniz olsun!” və b. dualar söylənər, sonra isə bir ağsaqqal xanın gördüyü işlərdən danışar, fəaliyyətini qiymətləndirər, ona uzun ömür və cansağlığı arzulayardı. Şən musiqi sədaları və atəşfəşanlıqla meydana toplaşanlar dağılışardılar.
Nəticə:
«Padşah oyunu»nun tarixi şəkli ilə müasir vəziyyətini müqayisəli izlədikdə zaman keçdikcə bu oyunun çox şeylər itirdiyini müşahidə edirik. Əvəllər bu mərasim daha geniş ərazidə qeyd olunurdusa, tədricən onun əhatə dairəsi daralmağa başlamışdır. Köçkünlükdən sonra Laçın rayonunda, demək olar ki, bu adət keçirilmir. Ordubad şəhərində isə vaxtilə hər məhəllənin öz xanı olardısa, son 50 ildə yalnız bir yerdə – şəhərin «Şərşəhər» adlanan meydanında “Xanbəzəmə” şəbədəsi keçirilir. Mərasimin keçirildiyi günlərin sayında da azalma müşahidə olunur. Əvvəllər «Padşah oyunu» bir neçə gün qeyd olunurdusa, indi yalnız bir gün keçilir. İdris İbayevin dediyinə görə, «Padşah oyunu» Sirik kəndində martın iyirmi biri saat dörddən sonra başlayar, iyirmi ikisi gecəyə qədər davam eləyərdi. Onda daha təmtəraqlı keçirilər, insanlar səhərə qədər oturub oyuna tamaşa eləyərdi. Hətta kəndə kənardan gətirilən aşıqlar da insanlarda bu oyuna marağı, həvəsi görüb təəccüb edirdi. İdris İbayevin dediyinə görə, bir dəfə məclisə dəvət olunmuş aşığın iki gün dalbadal zurna çalmaqdan dodaqları o qədər şişir ki, axırda aşıq bezib deyir: “Bilsəydim gedib bazarda semiçka satardım, bu kəndə gəlməzdim. İnsafınız olsun, insan bir belə oynayar?” Camaat da ona belə cavab vermişdi ki, bu Əli bayramıdı, belə gündə heç adam yorularmı? İndiki dövrdə iki gün dalbadal belə bir məclisi təşkil etmək həddindən artıq baha başa gəldiyi üçün mərasim bir gün keçirilir, əvvəlki illərdəki kimi səhərə qədər deyil, gecə saat on ikiyə qədər davam edir. Əvvəllər hamı qırmızı paltar geyinib məclisə gələr, hətta padşah da başdan-ayağa qırmızı geyinərdi. Padşah olacaq şəxs bir gün qabaqcadan çimər, qüsullanaraq taxta çıxar və mərasimin icra olunduğu bir sutka ərzində ac qalar, danışmaz və gülməzdi. Günəşli kəndində iştirakçısı olduğumuz mərasimdə isə bu tələblərə, demək olar ki, əməl olunmur, padşah kostyumda taxta çıxmış (digərlərindən yalnız sinəsinə bağladığı qırmızı şala və papağına taxdığı quş tükünə görə seçilirdi), mərasim boyu həm danışır, həm də gülürdü.
Beləliklə, “padşah oyunu” bu mədəniyyət içərisində o qədər kök atıb yayılmışdır ki, toplama fəaliyyətini genişləndirdikcə bu mərasimin izlərinə digər bölgələrdə də rast gəlməyimiz qaçılmazdır.
Dostları ilə paylaş: |