Qaynaqlar
-
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif nəşr, 1981. 401 s.
-
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006, 648 s.
-
Qasımov Ə. Azərbaycan xalq oyunları. Bakı: Bakı Universiteti nəşr, 2004, 187.
-
Xalq ədəbiyyatı. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, XX cilddə, I cild. Cildi tərtib edənlər: Fərzəliyev T. Abbasov İ. Bakı: Elm, 1981, 510 s.
-
Sayılov Q. Müasir Azərbaycan aşıqlarının yaradıcılığı (1950-1980 - ci illər). Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı: 2010, 155 s.
-
Orucov T. Qaravəlli janrının poetikası. Bakı: Nurlan, 2009, 200 s.
-
Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. III cild. Bakı: 1979, 599 s.
XALQ MƏRASİMLƏRİNDƏ NƏĞMƏLƏR (“BƏNÖVŞƏ, BƏNÖVŞƏ”,“CƏHRİBƏYİM”, “TUNQAY MƏLİK”, “DUMBUL BƏKİR” OYUNLARI ƏSASINDA)
Ləman Vaqifqızı (Süleymanova)
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutu
lemansuleymanova@rambler.ru
Özət
Folklorun ən maraqlı janrlarından biri də oyunlardır. Bu oyunların bir qismi vaxtilə mərasimlərin bir parçası olmuş, sonradan həmin mərasimlərdən ayrılaraq, müstəqil oyunlara çevrilmişdir. Oyunlar bəzən nəğmələrlə müşayiət olunur. Həmin oyunlarda oxunan nəğmələr indiyədək tədqiqat mövzusu olmamışdır.
Açar sözlər: “Bənövşə, bənövşə”,“Cəhribəyim”, “Tunqay Məlik”, “Dumbul Bəkir”, nəğmə
Ляман Вагифкызы (Сулейманова)
Песни в народных обрядях (на основе игр «Беновше, беновше», «Джехрибеим», «Тунгай Мелик», «Думбул Бекир»)
Резюме
Одним из самых интересных жанров фольклора являются игры. Часть этих игр в свое время являлись частью обрядов, затем отделившись от них, стали независимыми играми. Игры иногда сопроваждаются песнями. Песни, которые поются в этих играх, не были до сих пор темой для исследования.
Ключевые слова: «Беновше, беновше», «Джехрибеим», «Тунгай Мелик», «Думбул Бекир», песня
Songs in national ceremonies
(On the basis of games “Banovsha-banovhsa”, “Jahribayim”, “Tungay Malik”, “Dumbul Bakir”)
Summary
Games is one of the most interesting genres of folklore. Some of games has been part of ceremonies in the past. Later these games have been separated from ceremonies and have became independent. Games accompany by songs sometimes. Songs of these games have not been investigated up to now.
Key words: “Banovsha-banovhsa”, “Jahribayim”, “Tungay Malik”, “Dumbul Bakir”, song
Oyunların arasında elələri mövcuddur ki, bunlar vaxtilə müəyyən mərasimin tərkib hissəsi olmuşdur. Ancaq sonralar bu oyunlar mərasimlərdən ayrılaraq müstəqil oyunlara çevrilmişlər. “Ayindən oyuna” tezisi bu mənada öz gücünü göstərir. Bu baxımdan, Şəkidən qeydə aldığımız «Bənövşə, bənövşə» oyunu olduqca diqqətçəkəndir. Bu oyun həm Şəki rayonunda, həm də digər bölgələrimizdə olduqca geniş yayılmış və hal-hazırda da öz aktuallığını itirməmiş uşaq oyunlarından biridir. Oyunda həm qızlar, həm də oğlanlar iştirak edirlər. İştirakçılar püşkatma yolu ilə iki qrupa ayrılırlar və əl-ələ tutaraq bir-birlərindən 15-20 m məsafədə dayanırlar. Dəstənin biri belə oxuyur:
– Bənövşə, bənövşə!
II dəstə cavab verir:
– Bəndə düşə.
I dəstə:
– Bizdən sizə kim düşə?
II dəstə:
– Adı gözəl, özü gözəl… (qarşı dəstədəki hər hansı bir uşağın adı çəkilə bilər).
Adı çəkilən uşaq sürətlə qaçaraq qarşı tərəfdəki dəstəni yarmağa çalışır. Əgər o, rəqib dəstəni yara bilsə, bir nəfəri özü ilə aparmaq hüququ qazanır. Yox, əgər yara bilməsə, özü həmin dəstədə qalır. Oyun bu qayda ilə davam etdirilir və axırda üzvləri tükənmiş dəstə məğlub sayılır .
Başqırd folklorşünasları N.V.Bikbulatov və F.F.Fatıxova başqırdlar arasında yayılmış «Ak tirək» («Белый тополь») adlı oyundan bəhs edərkən göstərirlər ki, bu oyun gəlini gətirərkən ifa olunur. Müəlliflər M.Buranqulova istinadən yazırlar ki, bu oyun geniş və məşhur oyundur. Oyunun əvvəlində qızlar paltarlarını dəyişirlər. Oyun qaranlıq düşərkən başlanır və buna görə də onları tanımaq çətin olur. İştirakçılar iki qrupa ayrılır və əl-ələ tutaraq 50-70 m aralı məsafədə üz-üzə dayanırlar. Əvvəlcə bir tərəf oxuyur:
– Ağ qovaq, göy qovaq (tirək)!
II tərəf:
– Bizdən sizə kim gərək?
– Aranızdan qız gərək!
– Sizin əlinizdə nə var?
– Gümüş pul var!
– Onlar nəyə düzülüb?
– İpək sapa düzülüb!
– Nəyiniz var?
– Bəs qədər sürümüz var!
Bundan sonra dəstədən bir nəfər ayrılaraq o biri dəstəyə qaçır. Əgər qaçan o biri qız rəqib dəstəni yara bilsə, məğlub dəstədən bir nəfəri götürüb öz dəstəsinə qayıdır. Yox, yara bilməsə, özü orada qalır [2, 22].
Aydındır ki, «Bənövşə, bənövşə» oyunu «Ak tirəy»in Azərbaycan variantıdır və çox güman ki, «Bənövşə, bənövşə» oyunu da vaxtilə toy mərasiminin tərkib hissəsi olmuş, sonralar isə ondan ayrılaraq xalq arasında uşaq oyunu kimi öz varlığını qoruyub saxlaya bilmişdir.
N.İ.Plotnikova Kalujski vilayətinin Skorınevo kəndində müşahidə etdiyi uşaq oyunlarından danışarkən göstərir ki, belə oyunlardan biri xorovod oyununda öz ifadəsini tapır. Uşaqlar iki dəstəyə bölünürlər və bir-birinin əlindən bərk-bərk tutaraq üz-üzə dayanırlar. I tərəf başlayır:
– Əli Baba!
II tərəf:
– Nökər neçəyədir?
– 5 manata, yaxud 9 manata.
– Valyanı göndərin!
Valya qarşı tərəfin təşkil etdiyi zəncirə doğru qaçır. Əgər o, zənciri qırarsa, «rəqib» dəstədən bir oyunçu ilə geri qayıdır. Zənciri qıra bilməsə, özü həmin dəstədə qalır [3, 171].
Hər üç oyundakı məzmun və forma oxşarlığı göz qabağındadır. Bütün türkdilli xalqlar arasında populyar olan bu oyun Sibir türklərindən ruslara da keçərək onlar arasında da məşhurlaşmışdır. Amma hər halda bu oyunun vaxtilə toy mərasiminin tərkib hissəsi olması və sonradan ondan ayrılaraq müstəqil uşaq oyununa çevrilməsi şəksizdir. «Toy mərasimlərində məişətin digər sahələrindən fərqli olaraq xalqın mədəni-etnik özünəməxsusluğu daha çox hiss olunur. Öz mənbəyini minillərdən götürən toy dəyişilməz qalmamışdır. Bu dəyişmə sosial təşkilat və həyatın bütün sahələrini əhatə etmişdir. Başqa xalqlarla mədəni və etnik münasibətlər prosesində tayfa toyları da yeni elementlər, yeni epizod və rəmzlər qazanmış, daha parlaq və daha aydın qalmışdır. Xalqın və mədəniyyətin tarixi kimi toyun tarixinin də öz yüksəlişi, enişi və tənəzzülü var» [2, 8].
Görünür, yuxarıda adı çəkilən uşaq oyunu da toyun tənəzzülü dövründə həmin mərasimin atributu olmaq funksiyasını itirmişdir.
Digər bölgələrimizdə də vaxtilə hansısa mərasimin tərkib hissəsi olmuş, sonralar müstəqil oyunlara çevrilmiş oyunlarla qarşılaşırıq. Belə bölgələrimizdən biri də Qarabağdır. Azərbaycanda mövcud olan əksər oyunlar, demək olar ki, Qarabağ bölgəsində də mövcuddur. Ancaq bəzən Qarabağda digər bölgələrdə rastlaşmadığımız oyunlarla da qarşılaşırıq. Onlardan birinin – “Cəhribəyim” oyununun üzərində dayanmaq istəyirik. “Cəhribəyim”in adını Tərtər rayonunda eşitsək də, haqqında heç bir məlumat ala bilməmişdik. Cəbrayıl rayonu sakinlərindən isə bu oyun barədə xeyli material toplaya bildik. “Cəhribəyim” oyunu bu rayonda XX əsrin təxminən 50-ci illərinədək aktiv şəkildə oynanılarmış. İndi isə “Cəhribəyim” yalnız bəzi söyləyicilərin hafizəsində sönük şəkildə yaşayır. Qeyd edək ki, “Cəhribəyim” oyunu ilə bağlı xatirələri daha çox Cəbrayıl rayonunun Nüzgar, Sirik, Böyük Mərcanlı kəndlərinin sakinlərindən toplamışıq. Bəzi söyləyicilər bu oyunun yalnız qadınlar tərəfindən oynanıldığını vurğuladılar, bəziləri isə uşaqlar tərəfindən də ifa olunduğunu qeyd etdilər. Nüzgarlı söyləyicinin isə dediyinə görə, “Cəhribəyim” oyunu oynanılan yerlərə uşaqları və kişiləri buraxmazmışlar. Onların verdikləri məlumata görə, “Cəhribəyim”i oynayan qadınlar çöməlib oturmuş vəziyyətdə, gedə-gedə oxuyarmışlar. Ətrafda dayanıb oyuna tamaşa etməklə kifayətlənənləri isə oyun iştirakçıları qucaqlarına alaraq kolluğa, qanqallığa atarmışlar və bu, həmin adamlar tərəfindən heç də narazılıqla qarşılanmazmış. Sirik kəndindən olan söyləyicilər isə oyunun ayaqüstə, “didişmə” formasında oynanıldığını deyirdilər. Bir qadın o tərəfdən, bir qadın isə bu tərəfdən oxuya-oxuya gələrmiş, bir-birinə yaxınlaşdıqda isə “didişərmişlər”. Sözlərindən qalan parçalar da oyunun hərbə-zorba xarakterli olduğunu sübut edir:
Təknə-tabax Cəhribəyim,
Palazqulax Cəhribəyim...
Halay qurax, Cəhribəyim,
Güzgü-darax Cəhribəyim,
Gəlin quraq Cəhribəyim,
Hu, Cəhribəyim, hu, Cəhribəyim.
Qarı küsər, payın kəsər, Cəhribəyim ...
Təəssüf ki, rastlaşdığımız heç bir söyləyici orada oxunan mahnıların tam mətnini söyləyə bilmədi. Onlardan bəziləri həmin mahnılarda “hu, hu” nidasının bol olduğunu xüsusi qeyd edirdilər.
Söyləyicilər hətta həmin oyunu oynayan qadınlardan ikisinin – Sirik kənd sakinləri Mirvari və Qara Balaxanımın adını xüsusi qeyd etdilər. Həmin qadınlar bu oyunun ən gözəl ifaçıları hesab olunurmuşlar. Cəhribəyim oyununun necə yaranması ilə bağlı bir mətn də qeydə aldıq. Həmin mətndən aydın olur ki, ilk dəfə nahaq şərə düşmüş bir qadın şərdən qurtardıqdan sonra sevindiyindən yerdə çöməltmə oturaraq hoppana-hoppana bu oyunu oynamışdır. Bəzi söyləyicilər oyunun Axır çərşənbədə oynanıldığını, bəziləri isə həm adi günlərdə, həm Axır çərşənbədə, həm də iməciliklərdə oynanıldığını deyirdilər. Bəzən də müxtəlif sanamaların sözlərini (Usubbı, ay Usubbu və s.) də “Cəhribəyim”i oynayarkən oxunan sözlər kimi qələmə verirdilər.
“Dumbul Bəkir” oyunu vaxtilə Qax rayonunda oynanılan ən məşhur oyunlarından biri olub. Çox təəssüf ki, hal-hazırda bu oyun da hafizələrdən silinməkdədir. “Dumbul Bəkir”lə bağlı xatirələri Qax rayonunun Cəlayır (qeyd edək ki, bu kəndin sakinlərinin böyük əksəriyyəti Qax rayonunun Sarıbaş kəndindən gələnlərdir) kəndindən qeydə ala bildik. Yaşlı söyləyicilərin dediklərinə görə, bu oyunu iməciliklərdə, el şənliklərində, Axır çərşənbədə oynayarmışlar. Əvvəllər bu oyunun iki nəfər iştirakçısı olarmış: Dumbul Bəkir rolunun ifaçısı və dəf çalan. İştirakçılar yeniyetmə oğlan uşaqlarının arasından seçilərmiş. Dumbul Bəkiri oynayacaq oyunçunu daha çox göbəkli uşaqların arasından seçməyə səy göstərərmişlər. Bu rolu ifa edəcək uşağın başına xəlbir keçirər, xəlbirin üstü isə bir neçə qat tənziflə bərk-bərk sarınarmış. Burada məqsəd oyuna tamaşa edənlərin ifaçını tanımaması imiş. Başına xəlbir keçirilən uşaq ətrafı görür, ərtafdakılar isə onun kim olduğunu bilməzlərmiş. Dumbul Bəkirin çiyninin üstündən bədəninə perpendikulyar şəkildə olmaqla uzun bir ağac keçirərmişlər. Bu ağac sanki qolların vəzifəsini yerinə yetirərmiş. Ağacın üstündən isə uşağın əyninə kürk və ya pencək geyindirilərmiş. Uşağın qarın hissəsi açılar, göbəyinin üstünə də qaş-göz, ağız-burun çəkilər, ağızın məhz göbəyin üstünə düşməsinə səy edilərdi. Üzü bağlı, qarnı açıq Dumbul Bəkir dəfin sədaları altında məclisə daxil olar, gah qarnını, gah da qol əvəzinə ağac taxılmış çiynini oynadaraq camaatı əyləndirərmiş.
Sevindirici haldır ki, hal-hazırda kənd camaatı bu oyunu yenidən dirçəltməyə səy göstərir. Bunun üçün kəndin klubu, özfəaliyyət dərnəkləri oyunun gedişini yaşlı insanlardan öyrənərək oyunu oynayacaq uşaqlar yetişdirirlər və yenidən bu oyun kəndin bugünkü Novruz şənliklərində oynanılır. Ancaq məsələ bundadır ki, kəndin Novruz şənliyindən çəkilmiş video kasetə baxdığımız zaman yaşlı söyləyicilərin verdiyi məlumatlardan tanıdığımız Dumbul Bəkirin bir qədər fərqli olduğunu müşahidə etdik. Belə ki, bu video kasetdəki Dumbul Bəkir dəfin yox, sintizatorun, gitaranın sədaları altında məclisə daxil oldu. Həm də oyun ifaçısının oyunu bir qədər süni təsir bağışlayırdı.
Vaxtilə toy mərasiminin tərkib hissəsi olmuş, sonralar müstəqil oyuna çevrilmiş, hal-hazırda isə unudulmaqda olan oyunlarımızdan biri də “Tunqay Məlik”dir. Bu oyunla bağlı xatirələri də Qax rayonunun Cəlayır və İlisu kəndlərinin sakinlərindən qeydə ala bildik. Söyləyicilərin dediklərinə görə, “Tunqay Məliy”i uzun qış gecələrində yun didərkən, Axır çərşənbədə, payızda fındıq toplayarkən və s. vaxtlarda ifa edərmişlər. Oyun, adətən, qadınlar və yeniyetmə qızlar tərəfindən oynanılarmış. Oyunçular iki dəstəyə bölünərək üz-üzə dayanarmışlar. Söyləyicilərin verdiyi məlumata görə, dəstədə qızların sayı cüt sayda olarmış: 4, 6, 8 və s. Oyuna əvvəlcə birinci dəstə başlayarmış. Onlar əl çala-çala bir neçə addım qabağa gələr və oxuyardılar:
Məhlədə qoç yatıbdı Tunqay Məlik,
Buynuz-buynuza çatıbdı Salaməleyküm.
Bundan sonra onlar öz yerlərinə qayıdır, ikinci dəstə əl çala-çala bir neçə addım qabağa gələrək davam edərmiş:
Hayıf, qoçun qolları Tunqay Məlik,
Quru yerdə qalıbdı Salaməleyküm.
Və yaxud:
I dəstə əl çala-çala qabağa gəlir:
Cecimi qoydum yükə Tunqay Məlik,
Qatını bükə-bükə Salaməleyküm.
I dəstə yerinə qayıdır. II dəstə əl çala-çala qabağa gəlir və oxumağa başlayır:
İsdədiyimə getməsəm Tunqay Məlik,
Doğrannam tikə-tikə Salaməleyküm.
Göründüyü kimi, bu oyunda oxunan mahnılar bayatı mətnləri üzərində qurulub. Söyləyicilər qeyd etdilər ki, əvvəllər “Tunqay Məlik” oynanılanda ardınca da “Zəli-zəli” oxunarmış:
Ay zəli-zəli, vay zəli-zəli,
Qızılgülün xırmanında itirdim nazlı yarı.
Ağa, diləyə gəlmişəm, sağa diləyə gəlmişəm,
Qızılgülün xırmanında qıza diləyə gəlmişəm...
“Zəli-zəli”dən sonra dəstə “Yar bu meşənin odunu” adlı mahnını oxumağa başlayarmış:
Ayım, ulduzum, ay qız.
Yar bu meşənin odunu.
Dibəhdə duzum, ay qız,
Yar bu meşənin odunu.
Gəl alım qardaşıma,
Yar bu meşənin odunu.
Olum baldızın ay qız,
Yar bu meşənin odunu.
Yar bu meşənin odunu...
Həm “Zəli-zəli”, həm də “Yar bu meşənin odunu” mahnıları dala-qabağa gedərək, əl çala-çala oxunarmış.
Mahnıların mətnlərindəki sözlər “Ağa, diləyə gəlmişəm, sağa diləyə gəlmişəm. Qızılgülün xırmanında qıza diləyə gəlmişəm”, “Gəl alım qardaşıma, Olum baldızın, ay qız” bu oyunun vaxtilə toy mərasimində oynanıldığını bir daha sübut edir.
Nəşr olunmuş bayatıların bir qismi də əslində toylarda oxunan mahnıların qəlpələridir, desək, yanılmarıq. AFA seriyasından nəşr olunmuş “İrəvan çuxuru folkloru” kitabına (X kitab) salınmış belə bir bayatı diqqətimizi çəkdi:
Göydə ulduzum Pəri,
Evdə yalqızam, Pəri.
Gəl alım qardaşıma,
Olum baldızın, Pəri [1, 314].
Göründüyü kimi, bu bayatının sözləri ilə yuxarıda verilmiş mahnının sözləri, demək olar ki, eynidir.
Azərbaycan xalq oyun və əyləncələrinin toplanılması, araşdırılması milli mədəniyyətimizin, dünyabaxışımızın daha dərindən öyrənilməsinə böyük fayda verə bilər.
Qaynaqlar
-
Azərbaycan folkloru antologiyası. 23 cilddə, X c., İrəvan çuxuru folkloru / Toplayıb tərtib edənlər İsmayılov H., Ələkbərli Ə. Bakı, Səda, 2004
-
Бикбулатов Н.Б., Фатыхова Ф.Ф. Семейный быт Башкир XIX–XX вв.. Москва: Наука, 1991, 189 с.
-
Плотникова Н.И. О современном состоянии фольклора села Скорынево Калининской области // Вопросы развития жанров в русской литературе и устном народном творчестве. Т., 77. Калинин: Калиниский гос. пед. ин-т им. М.И.Калинина, 1970, с. 154-174
MÖVSÜMLƏ BAĞLI OYUNLARA ÜMUMTÜRK KONTEKSTİNDƏ MÜQAYİSƏLİ BİR BAXIŞ
(Naxçıvan, Qarabağ örnəkləri əsasında)
Məhsəti İsmayıl
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
mehsetiismail@yahoo.com
Özət
Təbiətlə mübarizə bir çox xalq oyunlarının ana başlığı və sadə süjet xəttidir. Mərasim törənləri, sözlü şeirlər, səhnəciklər insanların təbiətə qarşı mübarizə əzmini, gücünü ifadə edir. Güney Azərbaycan türklərinin bahar bayramı öncəsi “Kaftar-Kos” oyununda olduğu kimi. Qartal ovunun ölüsünü meydana gətirir və orda mərasim oyunu qurulur. Kaftarsa ov üçün tələ qurar. Bu ovlanma səhnəsi oyununda xüsusi geyimlərdən istifadə olunmaqdadır. “Kosa-Gəlin”, “Kosa-Kosa”, “Təkəm”, çobanın saya gəzməsi adətinin oyunçuluq tərəfləri Qaradəniz bölgəsi türklərinin yaz vaxtı “Berobana zamanı” mövsüm oyunlarındakı səhnə təsvirləri, geyim və bəzək əşyaları, xalqdan yığılan azuqə ilə eynilik təşkil edir. Oyunların ana süjet xətti və əsası baharın gəlişini, bolluğu ifadə edən mövsümi ritualların bir halqasıdır.
Məruzədə oyunlar xarakterizə olunaraq, müqayisəli təhlil əsasında ümumtürk kontekstində yayılma arealından bəhs edilir.
Açar sözlər: oyun, mövsüm, “Kaftar-Kos”, “Kosa-Kosa”, “Təkəm” və s.
В общетюркском контексте один сравнительный
взгяд к сезонным играм
(На основе Нахчыванского и Гарабагского образцам)
Резюме
Борьба с природой, это основное заглавие и простая линия сюжета многочисленных народных игр. Обрядные церемонии, стихотворения, инсценировки выражают силу, целеустремленность борьбы людей против природы, как весенной предпраздничной игре тюрков Южного Азербайджана «Кафтар-Кос», («Гиена-Кос»). Здесь устроится обрядная игра и приносят на арену мертвого орла из охоты. А гиена устроит ловушку для своей охоты. До сих пор в этих инсценировочных играх охоты используются особые одеяния.
Обряд простодушное гулянье чобана-пастуха, которого «Коса-Гелин» («Коса-Невеста»), «Коса-коса», «Текем» («Моя коза»), явяются игровые сторона и создают единство со сценическими описаниями, одеяниями, предметами укращения и съестными припасами собранных из народа, в весенных сезонных играх «Время Беробана» у тюрков Черноморского района.
Главная сюжетная линия и основа игр являютя одним из петлем сезонных ритуалов которые выражают приход весны, изобилие. В докладе рассказывается об ареале распространение в общетюркском контексте игр, характеризованных на основе сравнительного разложения.
Ключевые слова: игра, сезон, «Кафтар-Кос», «Коса-коса», «Текем» и др.
The comparative analysis of seasonal games
in the all-turkic context
(On the basis of materials Karabach and Nakhchivan)
Summary
Fight against the nature is one of the main plots and subjects of numerous seasonal national games. Ceremonies, oral poems, theatrical scenes expresses strength of the person in fight against the nature. It is expressed especially in the game "Kaftar-Kos" of Turkic peoples of South Azerbaijan. Thus the dead eagle will be brought in on the square and to begin to play. In a scene of Kaftarsa arranges a trap for a game and are used a special uniform. Carrying out the ceremonial games "Kosa-Gəlin", "Kosa-Kosa", "Təkəm" and others with some features are similar to the game "Berobana zamanı" of the Black Sea Turkic peoples. Thus the organization of a scene, uniforms, jewelry and collecting the food are similar. The basic plots games is the to meet of spring and providing a productivity. In the report characteristics the ceromonial games are investigated they are analyzed in an all-Turkic context.
Key words: game, season, "Kaftar-Kos", "Kosa-Kosa", "Təkəm" and others.
Xalq özünəxas yaşayış tərzini, dünyagörüşünü оyunlarla ifadə edir. Oyunlarının psixоlоji xüsusiyyətləri оnların məzmunundan çоx ifa tərzində özünü daha aydın nümayiş еtdirir. Məsələn: «Bоstan-bоstan», «Çördüçöp, yaxud çöpüdü» оyunlarında qalib və məğlub tərəflər, məcazi cəzalandırmalar oyuna əyləncə havası qatır. Оyunların çoxunda məqsəd tоya və ya bayrama gələnləri güldürmək, şən əhvali-ruhiyyə qatmaqdan ibarətdir. Şahidlər qеyd еdirlər ki, оyuna cəlb еdilən müəyyən əşyalar da mərasimi maraqlı еdirmiş. Оyunda bəzən köməkçi adam kənardan əşyanın qarşılığını tapıb gətirə bilir və dəstəsinə müvəffəqiyyət qazandırır. Bеlə оyunlar tоya canlılıq gətirməklə uzun müddət hafizələrdən silinməyən xatirələr yaradır.
Həmçinin sırf mövsüm mərasimləri ilə bağlı keçirilən oyunlar mövcuddur ki bilavasitə ritual ayin xarakteri daşımaqdadır.
Qarabağdan toplanan mətnlərdə adətlər başlığında verilmiş oyunun təsviri belədir; “Oğlannardan biri qız paltarı geyinir, biri də bəydi guya bığ çəkif başına papax qoyuf. Yannarında tütək çalan olurdu da, qapı-qapı gəzəndə bu çalırdı, olar başdıyırdılar oynamağa. Oynuyurdular, oynuyurdular, birdən dururdular, deyirdilər bizim payımızı gətirin. Deyirdilər, yox, yaxşı oynamamısız. Bir də təzədən bular qol götürürdülər, oynayırdılar. Çərşənbə günü qovurğa qovururdux, içinə tut qurusu, yumru şirnilər qatırdıx. Torbaların gətirirdilər payların verirdih. Deyirdilər, yox, bu azdı, pul da verin. Pul da alırdılar, genə oynuya-oynuya gedirdilər (10, s. 224).
Qarabağ Novruz adətləri sırasında “Şah bəzəmə” eyni ilə Ordubadda bu gün də böyük şölənlə keçirilən “Xan bəzəmə” kiçik fərqli ayrıntılarla eynilik təşkil edir. Mövsüm mərasim oyunu xarakter etibarilə eynidir. Adətə bağlı ildə bir dəfə bayramda icra olunur. Oyun böyük şölənlə keçirilir. Burada məqsəd və sonluq bəlli süjet üzrə davam edir. Oyun qəhrəmanları və iştirakçılar xalqdır. Tam ciddiyyətlə və elliklə müşayiət olunan oyun öz-özünə mesaj xarakterlidi. Toplumda ədalətin, haqqın, rifahın gözlənilməsi simvolik idarəçiliyin vasitəsilə göstərilir. Xalq özünə şah və ya başqa ad ilə xan seçir. O, ədalətlidir və hökmü hamı üçün keçərlidir. Ordubadda 3 gün davam edən şölən oyunda həm ciddiyyət həm də gülüş vardır. Xanın cəzasına kimsə etiraz etmir. Çünki o, adildir. Onun verdiyi hökmləri icra edir çünki o, xeyirxah və mərhəmətlidir. Bu oyunda xan çətinlikdə olana yardım edir. Günahı olanı cəza anında bağışlayır.
Təqvimə nəzər salarsaq görərik ki, ən böyük şölənlə müşayiət olunan oyunlar məhz yazın gəlməsi üçündür. Yeni ilin gəlişi, yazın başlaması bolluğun rəmzi olduğundan insanlar müxtəlif vasitələrlə onu tərənnüm edirlər. Naxçıvanın dağlıq kəndlərindən birində unudulmuş, vaxtı ilə oynanılan bir oyun haqqında məlumat almışdıq. Şahid “Bostan-bostan” adlandırdığı oyunu toyda görmüşdü. Oyunun təsviri belədir: “Kəndin yaşlı kişiləri toy mağarında ortaya girir. Dövrə vurur, sonra başlarındakı börk tipli papaqları ortaya atırdılar. Bir-bir fırlanırdılar. Müxtəlif jestlərlə əkini göstərir, sonra guya məhsulu yığırdılar. Oyun gülüş və əyləncə ilə müşayiət olunurmuş. Bu oyunun xarakteri və təsviri müxtəlif fikirlər doğurur. İlin yaz-yay fəslini göstərən oyun tamaşa ağır toy havasına da bağlı olma ehtimalı daşıyır. Yaxud da ov mərasimindəki fikir təsviri bir anlayışdır. Söyləyici toyların çox zaman qışda olduğunu qeyd etmişdi. Yaz aylarında əkin-biçin, dağ-aran işi ilə məşğul olan xalq bu kimi mərasimlərin qışda keçirildiyini dedi.
Prof. A.Nəbiyev yazın gəlişi münasibətilə keçirilən oyunları mərasimdaxili oyunlar adlandırmış, “Kosa-kosa”, “Kəvsəc”, “Kosa gəlin”, “Saya”, “Sayaçı” və s. oyunları misal göstərərək də mövsümi səciyyə daşıdığını qeyd etmişdir (11, s. 383). Türk düşüncəsində yaz və yazın simvolları çox əhəmiyyətlidir. Yazı simvollaşdıran örnək təsvirlər “Divanü Lüğat-it-türk”də də verilmişdir. Koçnğar təkən seçildi.
Saglık sürüğ koşuldu.
Sütlər kamığ yuşuldı.
Oglak kuzı yamşarır (“Koç, teke ayrıldı sağmal sürü koşuldu; sütler bütün aktı, oğlak, kuzu karışır”). Yazın təsviri: “Yaz gəldiyi üçün qoç və təkə, dişi qoyundan və keçidən ayrıldı. Sağılmak üçün dişi qoyun sürüləri qatıldı. Məmələrindən südlər axdı. Quzular analarına qarışdı (6, s.102-103).
Prof. M.Qasımlı bənzətmələrlə bağlı qeyd edir ki, türk Novruzu ilə Slavyan Pasxası arasındakı bənzəyiş və paralellər bu baxımdan təsir amili kimi yox, ilkin-ibtidai çağların mifik dünya duyumundan gələn tipoloji oxşarlıq kimi dəyərləndirilməlidir (8, s. 7).
Prof M.Cəfərli mərasimləri ümumi qaydada şərh edir. “Mərasimlərin insanların həyatının ifadəsi olması, istək və arzularının təmin edilməsinə yönlənməsi ictimai-psixoloji amil kimi onlarda məhəlli-etnoqrafik xüsusiyyətlərin kodlaşmasının metodoloji əsasını təşkil edir” (5, s. 44). Novruz – Yenigün mövsüm mərasimini təbiətin oyanmasını əks etdirən əski mifoloji qat, yaxud genetik başlanğıcı, təkamül prosesi, tarixi-tipoloji səciyyə ifadəsi olaraq göstərmək mümkündür (9, s. 11). Mövsüm mərasim oyunları “Kosa-kosa”, “Təkəm”, “Cangülüm” və s. mərasim göstəricisi kimi keçirilməkdədir. Şərur rayonundan topladığımız materiala görə Novruz bayramı ərəfəsində gənclər arasında Günəşbanı yaxud Günəşbanu adlı mərasim oyunu olmuşdur. Bəzəkli taxta üzərinə bir oğlan uşağı oturur. Digər böyüklər də onu qapı-qapı gəzdirər, mahnı oxuyub pay alarmışlar. Söyləyici sözlərin şeirlə ifadə olunduğunu, amma yaddaşında qalmadığını dedi. Oyun şən əhvali-ruhiyyədə keçirilirmiş. Yaz oyunlarındakı qapılardan pay umma, yığma ortaq bölünməsindəki xarakter və məqsəd eynidir. İbrətamiz əyləncə xarakteri alan mövsüm mərasimi oyunları insanların ibtidai mifoloji görüşlərindən qaynaqlanır.
“Berobana” oyunu bölgə insanları tərəfindən fərqli xarakterizə olunmaqdadır. Yeni il oyunu olaraq dəyərləndirilir və oyun güldürücülərdən ibarətdir. Qapı-qapı dolaşıb ərzaq alanlar dəvə, dəvəçi, hoca və şagirdləri, güldürücü və gəlin kimi oyunçular vardır. Əyləncə xarakterli keçirilən oyun sonu toplanan ərzaqlardan ziyafət təşkil olunur. Oyun hazırda Şavşatda, Kocabəy kəndində keçirilməkdədir (http://www.chveneburi.net/).
Güney Azərbaycanda “Təkəm”, “Təkəmçi” oyunları bilavasitə yazın gəlişinin göstəricisidir. Bu şeirsəl fikir ifadəsindən də aydın olur. Sözlərdə bölgə adlarının ifadəsi oyunun coğrafi arealını müəyyənləşdirir.
Təkəm oyun eylər,
Yığar yayın düyüsün,
Özünün toyun eylər.
Təkəm getdi Mərəndə,
Tamaşadır gələndə.
“İskəmər”in gülləri
Açıb sizi görəndə (2, s. 128).
Yaz mərasimi oyunlarından “Kosa-kosa”nın Naxçıvan variantında deyilir:
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.
Xanım dursun ayağa,
Kosaya pay versin ağa.
Qurbanın olum yaşıl çuxalı,
Culfalısan, yoxsa buralı? (1, s. 19-20)
Oyun Anadoluda geniş yayılmış, Vanda “Kosa oyunu”, Qırşəhirdə “Kosa gəzdirmə” adları ilə bilinməkdədir. Vanda 20 fevralda keçirilir və kosanın ölüb dirilməsi motivi də yer alır (4, s. 197).
Azərbaycanda “Təkəm-təkəm” adı ilə bilinən yazqabağı şənliklər zamanı açıq havada bir-birindən 3-4 m aralı yerdən cızılmış dairələr arasında taxta və ya dəmir “gilgilə” ilə oynanılan hərəkətli bir uşaq oyunudur. Oyun vaxtı hər dairədən 4-5 iştirakçı duraraq, ətrafda-“təkəm, təkəm ay, təkəm” deyə həlqə sürən bir iştirakçının gilgiləsini tutmaq, onu əvəz etmək üçün səy göstərirdilər (3, s. 198).
Təbiətlə mübarizə bir çox xalq oyunlarının ana başlığı və sadə süjet xəttidir. Mərasim törənləri, sözlü şeirlər, səhnəciklər insanların təbiətə qarşı mübarizə əzmini, gücünü ifadə edir. Güney Azərbaycan türklərinin bahar bayramı öncəsi “Kaftar-Kos” oyununda olduğu kimi. Qartal ovunun ölüsünü meydana gətirir və orda mərasim oyunu qurulur. Kaftarsa ov üçün tələ qurar. Bu ovlanma səhnəsi oyununda xüsusi geyimlərdən istifadə olunmaqdadır. “Kosa-Gəlin”, “Kosa-Kosa”, “Təkəm”, çobanın saya gəzməsi adətinin oyunçuluq tərəfləri Qaradəniz bölgəsi türklərinin yaz vaxtı “Berobana zamanı” mövsüm oyunlarındakı səhnə təsvirləri, geyim və bəzək əşyaları, xalqdan yığılan azuqə ilə eynilik təşkil edir. Bu oyunların ana süjet xətti və əsası baharın gəlişini, bolluğu ifadə edən mövsümi ritualların bir halqasıdır.
Dostları ilə paylaş: |