Palazqulağın nağılı
Biri var idi, biri yox idi. Tanrıdan suvay heç kim yox idi. Bir zaman bir padşah var idi. Onun bir qızı var idi. O mahalın qızları belə qərara gəldilər ki, birlikdə seyrangaha çıxsınlar. Padşahın qızı da qızlara qoşuldu. Qızlar bir meşəyə çatdılar. O meşədə qorxulu bir ayı yaşayırdı. Ayı qızlara hücum etdi. Qızlar qaçıb ayının təhlükəsindən qurtardılar. Amma padşahın qızı qaça bilmədi. Ayı onu tutub kağasına (mağar) apardı. Qızların qalanı evlərinə qayıtdı. Ayı zorla padşahın qızı ilə evləndi. Bir il ötdü, padşah əmr elədi ki, əhali başdan-başa qara geyinsin. Hamı qara geyindi. Padşahın qızı meşədə bir oğlan doğdu. O oğlunun adını “Palazqulaq” qoydu. Oğlanın ayıdan da qan qarışıqlığı olduğuna görə tez böyüdü və güclü bir adam oldu. Bir gün anasından soruşdu ki, niyə mənim üzümün bir tərəfi tüklü, bir tərəfi tüksüzdür?!
Padşahın qızı dedi:
– Adam olduğun görə bir tərəfin mənə, o biri tərəfi isə heyvan olduğuna görə atana oxşayıbdır.
Padşahın qızının oğlu başdan gəlib keçənləri anasından soruşdu. Padşahın qızı da olmuşları öz oğluna dedi. Oğlan özü ilə qərarlaşdı ki, ayını tapıb öldürsün. Ayı həmişə kağasından gedəndə kağanın qapısına yekə-yekə daşlar qoyardı ki, padşahın qızı və onun oğlu oradan qaça bilməsinlər. Oğlan ayını öldürməgə görə elə bir ox-kaman qayırdı ki, onun oxu yekə-yekə daşlardan da keçirdi. Gecələmişdi. Ayı gedib dolanıb, yeyib-içib kağaya qayıdıdı. O, kağaya yaxınlaşanda gördü ki, oğlu kağanın qapısına qoyulan yekə daşı götürübdü. Ayı acıqlanıb özünü kağaya yetirmək istəyirdi ki, oğlan kağanın ağzına qoyulan daşı başına qaldırıb ayıya sarı tulladı. Daş ayını tutmadı, ayı daha da acıqlanıb nənə-bala hər ikisinə hücum etdi. Oğlan kamana bir ox qoyub ayıya atdı. Ox ayının ürəyindən tutub onu öldürdü. Onlar ana-bala padşahın evin sarı yola düşdülər. Qəsrə yaxınlaşanda gördülər ki, bir əkinçi qara geyinib. Padşahın qızı ondan soruşdu ki, niyə qara geyinmisən. O dedi:
– Neçə il qabaq padşahın bir qızı itmişdi. Ondan bəri biz qara geyinirik.
Padşahın qızı dedi ki, əgər o itən qız mən olsam, gəlişimi padşaha xəbər verərsən, ya yox? Əkinçi dayanmadan şahın evinə gedib, qızın nişanlarını şaha dedi. Şah ona dedi:
– Əgər dedikərin düz olsa, sənə öz ağırlığında qızıl verəcəyəm, yoxsa yalan olsa, ölümlə cəzalanacaqsan.
Onlar hamılıqca qızın yanına getdilər və gördülər ki, padşahın qızı neçə ildən sonra qayıdıb gəlib. Onlar sevincək şahın qəsrinə qayıtdılar. Oğlan şəhərdə dərs oxumağa başladı. O, şərur və əziyətcil bir adam idi. Şəhər adamları onun əlindən cana gəlmişdi.
O şəhərdə çox güclü pəhləvanlar var idi ki, onlar da onun əlindən gəlmirdilər. Bir gün Palazqulaq yolunan gedirdi, o gördü ki, bir kişi dağı alıb belinə gedir. Palazqulaq soruşdu ki, bu dağı hara aparırsan? Kişi dedi:
– Aparıram Palazqulağı öldürəm.
O dedi:
– Palazqulaq mənəm!
Kişi dağı saldı Palazqulağın üstünə, ona kar salmadı. O, dağın altından qalxıb kişini öldürə ki, kişi yalvar-yaxar elədi və ona qardaş olmaq sözü verdi. Onlar qardaş olub yola davam etdilər. Onlar bir az yol getmişdilər ki, gördülər bir kişi bir çinar ağacını alıb çiyninə gedir. Dedilər:
– Hara belə?
O, dedi:
– Gedirəm Palazqulağı öldürəm.
Oğlan dedi:
– Palazqulaq mənəm!
Çinarla onu vurdu. Palazqulaq çinarı göydə tutub sındırdı, atdı. Kişi qorxusundan Palazqulağa sığındı və dedi:
– Mən də sənlənəm.
Beləliklə, onlar üç qardaş oldular. Onlar getdilər, getdilər bir şəhərə çatdılar. O şəhərdə adam yox idi. Şəhər bom-boş idi. Palazqulaq dedi:
– Bizim yerimiz təkcə buradır.
Onlar orada dirilik qurub yaşamağa başladılar. Hər gün bir nəfər ev işlərinə, qalanları da eşik işlərinə və şikara gedib yemək gətirirdilər. Onlar yeməyi hazırlayıb qurtaranda bir uzun və heykəlli kişi gəlib yeməgi yeyib, yola düşüb gedirdi. Hər gün beləliklə keçirdi. Üçü də oturdular ki, bir çarə tapsınlar. Bu qərara gəldilər ki, onu təqib edib qəsdini və kim olduğunu bilsinlər. Gələcək gün Palazqulaqla qardaşları o uzun kişinin ardınca olub, gördülər ki, tərəf getdi-getdi bir quyuya yetişdi. O quyudan od qalxırdı. Kişi quyuya düşdü. Palazqulaq da işdən baş açmaq üçün onun ardınca quyuya düşdü. Qardaşları Palazqulağı bir uzun iplən quyuya salladı və onu quyunun eşiyində gözləməgə başladılar. Palazqulaq quyuya endikdə gördü ki, quyunun dibində soyuq hava var və bir qoca kişi quyunun dibində oturub. Palazqulaq kişini görən kimi xəncərini çəkib, qoca kişinin qıçını yaraladı. Onlar bir-birilərilə döyüşdülər. Palazqulaq kişini öldürdü. Kişinin neçə qardaşı da var idi. Palazqulaq kişinin qardaşalarını da bir-bir öldürdü.
O kişinin qardaşlarını öldürdükdə hərəsinin yanıda bir qız tapırdı. O qoca kişinin yanında bir qız var idi. O başdan gəlib-keçənləri Palazqulağa açdı. Palazqulaq susuzlamışdı. Getdi bulaqdan su içsin. Bulağın gözündə bir əjdaha var idi. O əjdaha suyun qabağın almışdı və su axmırdı. Qaranlıq şəhərin adamları da susuzluqdan korluq çəkirdilər. Oranın padşahı Palazqulağa dedi:
– Əjdahanı öldürsən, qızımı sənə ərə verərəm.
O mahalın adamları su içmək üçün gündə əjdahaya bir qız ötüzdürürdülər. Əjdaha qızları yemək üçün qırağa gedirdi, bulağın gözü açılırdı və su gəlirdi. O gün də növbə padşahın qızının idi. Palazqulaq əjdahanı öldürmək istəyirdi. Amma çətin iş idi. O qaranlıq yerin adamları deyirdi ki, ona yaxınlaşmaq olmaz və hər kimsə ona yaxınlaşsa, əjdahanın zəhəri onu su elər. Palazqulaq özünə kəsərli qılınc qayırdı və neçə qat tikilmiş keçədən özünə paltar tikdirdi ki, əjdahanın zəhərinin qabağını alsın. O, istəyirdi ki, əjdahanı öldürməklə o qaranlıq dünyada yaşayan milləti qurtuluşa çıxartsın. O, paltarın geyib, qılıncı götürüb, əjdahanı öldürməgə getdi. Əjdaha onu kamına çəkməgə görə var gücü ilə havanı qarnına somururdu. Palazqulaq qılıncını dik saxlamışdı, əjdaha onu içəri çəkdikcə Palazqulağın iti qılıncı da onu kəsə-kəsə irəliləyirdi. Döyüşün sonu əjdahanın iki bölünməsilə başa çatdı. Palazqulaq əjdahanın yarı parçasını götürüb atdı şəhərin xaraba məhləsinə, əjdahanın ağırlığı xaraba məhəlləni torpağınan bir elədi. Əjdahanın bölünməsindən adamlar şadlığa başladılar. Padşah Palazqulaqdan istədi ki, ondan bir ənam istəsin. Amma Palazqulaq dedi ki, qaranlıq şəhərdə yaşayan adamları işıqlı dünyaya qaytarsın. Hamı qayıdışa çarə yolu axtarırdı. Buna görə ki, bu iş çox çətin bir iş idi. Deyirdilər, bu işi yalnız Zümrüd quşu görə bilər. Zümrüd quşu bir ucaboy çinarın qanadında yuva qurmuşdu orada yaşayırdı. Hər il Zümrüd quşunun cücələrini bir ayrı əjdaha gəlib yeyirdi və Zümrüd quşu balasız qalırdı. Zümrüd quşu Palazqulağa dedi:
– Əgər bizi əjdahanın əlindən qutarsan və o birisi əjdahanı da öldürsən, mən işıqlı dünyaya getməgin yolunu sizə göstərərəm.
Palazqulaq əvəlki əjdahanı öldürdüyü kimi, ikinci əjdahanı da öldürdü və hamını sevindirdi. Palazqulağın qaranlıq dünyadan işıqlı dünyaya qayıtma zamanı gəlib çatdı, onun uzaqlaşmasından hamı narahat idi. Hamı istəyirdi ki, o yeraltı qaranlıq dünyada qalsın. Amma o, qayıtmağa tələsirdi, buna görə ki, eşikdə, quyunun başında qardaşları onu gözləyirdi. Zümrüd quşu dedi, gərək yeddi inək kəsdirəsən, ətlərini qızartdırıb və yeddi inək dərisi hazırlayasan. Dəriləri su ilən doldurasan. Palazqulaq onun dediyini elədi və camaat da ona kömək eləyirdi. Səfər zamanı gəlib çatdı. Yeməkləri Zümrüd quşunun qanadları üstünə qoydular. Palazqulaq da mindi Zümrüd quşunun belinə. Zümrüd quşu dedi:
– Hər vaxt mən desəm acmışam, qızarılmış inəklərin birini atarsan mənim ağzıma və hər vaxt susamışam desəm, bir tulux su verərsən içərəm. Mən sizi yeddi gecə, gündüzə aparacağam işıqlı dünyaya.
Palazqulaq qaranlıq dünyanın adamlarıyla gör-görüş edib, ayrıldı. Zümrüd quşu uçmağa başladı. O, hər vaxt susuzam deyəndə bir inək tuluğu dolusu su, hər vaxt acam deyəndə qızardılmış inək cəmdəgi ağzına atılırdı. Yolda inək cəmdəginin biri düşdü. Zümrüd quşu acam deyədə Palazqulaq öz budunun ətindən kəsib ona verdi. Zümrüd quşu gördü bu ət adam ətidi. Quş bunu yemir və quyunun ağzına çatanadək ağzında saxlayır. Quş deyir:
– Məqsədə çatdıq, bu sən, bu da işıqlı dünya. O da qardaşların, get, onların yanına. Səni gözləyirlər.
Palazqulaq qıçınnan ət kəsdiyinə görə yeriyə bilmirdi. Dedi:
– Gedərəm, hələ sən get.
Zümrüd quşu gördü o, yol yeriyə bilmir. O, Palazqulağın budunun ətini ağzından çıxarıb budun kəsik yerinə qoyur, ağzının suyundan onun yarasına sürtür. Palazqulağın qıçının ətinin yarası yaxşı olur. Zümrüd quşu öz qanadlarından iki lələk çəkib Palazqulağa verir və deyir ki, harda çətinliyə düşsən, mən sənin yardımına gələcəyəm. Palazqulaq və qardaşları yeddi ildən sonra öz şəhərlərinə çatdılar. Onlar ellərinin yanına qayıdandan sonra şəhərdə aramlıqla yaşayırdılar və özgələrə ehtiram edirdilər. Yaşayışda elədikləri ancaq və ancaq ayrılarına yardım və yaxşılıq idi.
Əhməd Tərəkəmə
Bir gün var idi, bir gün yox idi. Allahdan sonra heç kəs yox idi. Bir dana padşah var idi. Bir dana vəziri. Bir gün vəzir deyər:
– Qebleyi-aləm sağ olsun. Mənə bir icazə ver gedim gəzim dolanım, fikrim açılsın, dincəlim. Çoxdandı da eşigə çıxmamışam.
Padşah deyər:
– Vəzir, neçə gün gedirsən, get dolan.
Vəzir deyir ki, qırx gün. Sabaxısı durar, düşər yola, başlar gəzməyə. Bu şəhərdən o şəhərə. O kənddən, bu kəndə. Yetişər bir suyun başına. Görər, bir qoca kişi əgləşib əlində iki əksi. Birinə baxır ağlır, o birinə baxır gülür. Vəzir mat qalar. Gedər yaxına soruşar:
– Ay qoca əmi, bu nə işdi? Ağlamaq nədi, gülmək nədi?
Qoca deyər:
– Bu əksi ki, görürsən baxıram ona gülürəm. Əhməd tərəkəmənin qızı Pəridi. Dünyada ona tay gözəl ola bilməz. Aşiq olmuşam, istirəm alam. Bu birisi əksidə mən özüməm. Baxıram ağlıram ki, mən qocalıqda kişiyə hansı qız gələr.
Vəzir baxar görər qəribə qızdı. İki göz istir tamaşaya. Öz-özünə deyər ki, yaxşısı budu, bunu alım, aparım padşaha töhfə. Qocaya deyər:
– Qoca, gəl bunu sat, mən alım. Sən özünə ayrısın taparsan.
Qoca qəbul eləməz. Vəzir çıxardar, yüz tümən verər qocaya, deyər:
– Gəl, al bu yüz tümən sənin, əksi sat, mən alım. Yüz tümən də sənə çox puldu. Apar ver işinə, maya qoy, qabağa düş.
Qoca pulu alar. Əksi verər vəzirə. Vəzir sevincək qoyar, gələr öz şəhərinə.
Padşah deyər:
– Vəzir, bizə nə sovqat gətirmisən?
Vəzir deyər:
– Padşah, sənə layiq bir əksi gətirmişəm.
İstər çıxarsın, əksi versin, padşah deyər:
-
Vəzir, daha heç şey tapmadın? Mən əksi nə eliyəcəgəm?
İstəməyir. Deyər ki,onu da verdim özünə. Vəzir yazıq olar. Padşah gedər namaz qılmağa. Namaz üstə fikirləşər ki, vəzir də yazıq idi. Ürəginə dəgdim. Yaxşıdı əksi biləsindən alam, sevməsə ataram eşıgə.
Namazı qurtarandan sonra gələr vəzirə deyər:
– Vəzir, birdən ürəginə dəgər, ha! Mən şuxluq elədim, əksi ver baxım.
Vəzir çıxardar Pərinin əksini verər. Padşah bir baxar, ruhu bacaları gəzər, huşu başından olar. Deyər:
– Vəzir, bu qız kimin qızıdı? Gərək deyəsən, mən bunu almasam ölərəm.
Vəzir açar başına gələni deyər. Padşah deyər:
– Vəzir, dur məni apar su başına qocanın yanına. Daha mən dayanmaram.
Durallar, ikisi gedərlər, yetişərlər qocanın yanına. Özləri də dərviş paltarı geymişdilər. Padşah deyər:
– Qoca, bu qız kimdi?
Qoca deyər:
– Bu, Əhməd Tərəkəmənin qızı Pəridi. Əhməd Tərəkəmə də bir devdi.
Padşah deyər:
– Pəri heç su başına gələr?
Qoca deyər:
– Niyə, hərdəmbir. Amma çox vaxt bir dana külfəti var, adı Ağca, o gələr su aparar.
Padşah deyər:
– Vəzir, 40 günəcə padşahlığı verirəm sənə, get mənim yerimdə otur. Mən gərək o qədər burada oturam ki, Pəri gələ, onu görəm alam.
Vəzir deyər:
– Yaxşı.
Vəzir buları qoyar gedər. Qoca da deyər ki, daha siz olduğuz yerdə Pəri məni saymaz. Durum, gedim başıma çarə qılım. O da durar, gedər. Padşah tək qalar. Yuxu tutar, uzanar yatar. Bu yandan vurar külfət gələr su başına. Görər bir dana oğlan uzanıb yatıb nə gözəllikdə, iki göz istir tamaşa. Deyər ki, Allah nə olardı bu bir oyanaydı, mənlə danışardı. Öz-özünə deyər:
– Görəsən adı nəmənədi? Deyər ki, mən tüklü deyəcəgəm. Bu yol deyər:
Canım tüklü, gözüm tüklü,
Canım sənə qurban tüklü,
Nə karasan – şikarasan,
Şikara deyəllər sənə.
Padşah birdən gözün açar, qırx bir qız durub baş üstündə söz deyir. Bilər Ağcadı. Ağzın açar deyir: Canım Ağca, gözüm
Canım sənə qurban Ağca,
Pərini görəm gəlmişəm,
Pərini deyəm gəlmişəm.
Ağca deyər:
Canım tüklü, gözüm tüklü,
Canım sənə qurban tüklu,
Sən məndən bir cüt busə al,
Pərini yetirim sənə.
Padşah deyər:
Canım Ağca, gözüm Ağca,
Canım sənə qurban Ağca,
Bu bağ Pərinin bağıdı,
Kilidin vermərəm sənə.
Ağca deyər, padşah deyər axırı olmaz. Padşah Ağcadan bir cüt öpüş alar. Ağca hovludan qabları boş-boşuna götürər çıxar gedər.
Pəri soruşar:
– Qız, bəs qabları niyə boş gətirmisən? Suyu hanı?
Ağca deyər:
– Xanım gün qurutdu.
Sonra görər, Pəri inanmadı, deyər:
– Xanım, mən görəni sən görsəydin, heç qabları da gətirməzdin. Bir dana oğlan var su başında səndən ötrü gəlib. Mən adını tüklü qoydum.
Pəri deyər ki, dur gedək görüm necə oğlandı.
Durarlar ikisi gələrlər. Pəri görər, padşah oturub deyər:
Canım tüklü, gözüm tüklü,
Canım sənə qurban tüklü,
Nə karasan – şikarasan?
Şikara deyərlər sənə.
Padşah deyər:
Canım Pəri, gözüm Pəri,
Canım sənə qurban Pəri, Pərini görəm gəlmişəm,
Pərini deyəm gəlmişəm.
Pəri deyər:
Canım tüklü, gözüm tüklü,
Canım sənə qurban tüklü. Sənin adın tüklü degil,
Adını bəyan eylə mənə.
Padşah deyər:
Canım Pəri, gözüm Pəri,
Canım sənə qurban Pəri.
Mənim adım tüklü dəgil,
Mənim adım Fərhad şahdı.
Pəri deyər:
– İndiki belə oldu, məndən ötrü gəlmisən, dur gedək bizə. Amma mənim dədəm devdi. Bilsə, səni öldürər. Sürümüzün çobanı yoxdu. Deyəcəgəm, mən səni çoban tutmuşam.
Beləliklə, qoyarlar gedəllər evə. Gecə olar Əhməd tərəkəmə anqıra-anqıra gələr. Pəri bir badyə qatıq, bir teşt su, bir dəstə çörək gətirər, qoyar. Əhməd Tərəkəmə doğrama elər, içər. Yeyəndən sonra qız deyər:
– Ata, bir dana çoban tutmuşam.
Əhməd Tərəkəmə deyər ki, get gətir, görüm nə cür oğlandı. Qız gedər, padşahı gətirər. Dev bir baxar deyər:
– Qızım, elə bil bundan çoban çıxmaz.
Qız deyər:
– Ata, qoy bir mülazə eylək də. Nə olar?
Dev dedi:
– Çox yaxşı, bir sürünü qat qabağına, getsin o biri çobanların yanına. İt aparar nişan verər.
Sabah qız padşaha deyər:
– Böyük çobanı gör, hər zadı de bilsin də. O qoymaz çox inciyəsən. Bir az qal mən özüm gəlim yanına. Padşah qoyunu qatar qabağına gedər, yetişər o biri otuz doqquz çobanın yanına. Qorxar, istəməz böyük çobana sözün desin. Çöldə bir tərəfdə baş saxlar. Günü axşamacan bir daş dibində yatırdı. Sürü də dağılırdı o yan bu yana.
Üç-dörd günəcə sürü yarıya yetişdi. O biri çobanlar dedilər:
– Belə ki, olmaz. Əyər bu gün də yatsa öldürəcəyik. Yoxsa Əhməd Tərəkəmə gələr bizim dədəmizi yandırar. Sabahısı yenə padşah yatar, otuz doqquz dəgənək əldə cobanlar gələrlər baş üstünə. İstərlər yendirsənlər ki, padşah gözün açar, deyər:
– Əl saxlayın, sözüm var.
Hamı əl saxlar, padşah böyük çobana sözün deyər. Böyük çoban bu yol deyər ki, bəs bağışlayın. Biz səni tanımamışıq.
Çobanlar da deyər:
– Gədə, şaha baş əyin! Baş əyin!
Hamı baş əgər, çöldə daşdan bir yer düzəldərlər. Padşahı qoyarlar orada qalar. Qoyunların da hərə bir azın götürər, qatar öz davarına. Padşahı əzizlərlər. Bir gün vurar, Əhməd tərəkəmə durar, gələr çobanlara baş çəkməyə.
Bu yandan Pəri görər, dədəsi getdi eşigə. Fikirləşər ki, neyləyim necə eliyim ki, özümü yetirim Fərhad şaha. Bir dana qarı var idi. Durar, gedər onun evinə, deyər:
– Qarı nənə, başına dolanım. Pəəs, hal budu. Dədəm gəlsə, özümü vuracağam naxoşluğa. Gəlib səni gətirsə, deyərsən ki, ötür qızı getsin çobanların yanına, havası dəgişilsin, düzəlsin.
Qarı deyər:
– Yaxşı.
İndi sənə deyim kimdən, Əhməd Tərəkəmə gələr, yetişər çobanların yanına. Görər sonrakı, çoban oturub, hamı beləsin əzizləyir. Çobanlar onu görəndə deyərlər:
– Şaha baş əg!... baş əg!...
Əhməd Tərəkəmə saymaz. Çobanlar əl elərlər dəgənəklərə, nə yemisən turşulu aş. Vurarlar eni-uzunu bir olar. Əhməd Tərəkəmə görər baş saxlayanmayacaq, qoyar qaçar. Gələr qızına deyər:
– Qız, bu nə çobandı tutmusan?
Görər qızı sızlır, deyər:
– Qızım, sənə nə oldu?
Deyər:
– Elə sən gedənnən halım yoxdu. Get qarı nənəni gətir görsün nəyimdi.
Əhməd Tərəkəmə gedər qarını gətirər. Qarı bir baxar, Pərini o yan, bu yan edər, deyər:
– Bir zadı dəgil. Göndər getsin çobanların yanında bir az qalsın? Havası dəyişilsin. Toxdar. Qəlbi sıxılar da, ondandı.
Dev Pəriyə deyər:
– Get qırx günəcə qal. Havan dəyişilsin.
Pəri gedər qalar Fərhad şahın yanında. Yeyirdilər, içirdilər, çobanlar da qulluq eləyirdilər.
Bir gün ordan ayrı bir padşahın karvanı keçirdi. Görərlər bir danə gözəl qız var, bir dana çoban. Deyərlər ki, bu gözəllikdə qız cobana layəq dəgil. Gəlin bunu aparaq öz şahımıza. Gələrlər çobanı tutarlar bağlarlar, Pərini götürər, qaçırdarlar.
Bu yandan çobanların xəbəri olar. Düşərlər karvanın dalıyca. Onda yetişərlər ki, Pərini aparırdılar padşahın yanına.
Padşah deyər:
Canım Pəri, gözüm Pəri!
Canım sənə qurban Pəri!
Çobana layeq deyilsən.
Gəl, səni vəzirə alım.
Pəri deyər:
Mənim şahım qibləgahım,
Canım qurban olsun sənə.
Vəziri mən istəmirəm,
Xan çobanı sən ver mənə.
Padşah deyər:
Canım Pəri, gözüm Pəri!
Canım sənə qurban Pəri!
Çobana layeq degilsən,
Gəl, səni alım oğluma.
Pəri yenə öz sözün deyər, istəməz, padşah deyər:
Canım Pəri, gözüm Pəri!
Canım sənə qurban Pəri!
Çobana layeq degilsən,
Gəl səni alım özümə.
Pəri yenə öz sözün deyər, getməz, padşah acıqlanar deyər:
– Babam, gedin bu çobanı gətirin, görüm nə cür adamdı ki, qız ondan əl çəkmir.
Gedəllər gətirərlər. Padşah deyər aparın öldürün.
Apararlar, soyundurarlar ki, öldürsünlər görərlər ki, altdan bir yaxşı paltarı çıxdı, bir dana bazubənd qolda, padşahının tayı, deyərlər ki, bax hələ oğurluq da eləyib.
Bazubəndi apararlar padşahın yanına. Padşah baxar öz bazubəndinə deyər:
– Yox, oğurlamayıb mənimki yerindədi.
Gedin gətirin görüm bunu hardan tapıb, kimdi. Fərhad şahı gətirərlər Padşah deyər:
– Bəs, sən kimsən?
Fərhad şah açar başına gələni deyər. Padşah deyər:
– Məni bağışla. Səni tanımamışam. Atanla mən siğə qardaş idik. Bazubəndləri də cüt almışdıq.
Bu yol, çəkər Fərhad şahın alnından öpər, əzizlər, sonra verər yeddi gün, yeddi gecə toy-tabaq elərlər. Şah Pəri xanımı götürər, gələr öz yerinə. Vəzirə deyər:
– Getdim Pərini gətirdim gəldim.
Yeyəllər, icəllər, kecəllər.
Səxavət nəmənədir?
Bir gün şah Abbas vəzirindən soruşur:
– Səxavət cənbədədir, ya varlı-yoxsulluqda?
Vəzir deyir:
– Qurban, bir adamın var-dövləti olmasa, nəmənədən verəcək?
Neçə gün sonra şah Abbas dərviş paltarında gedir. Vəzirin qapısın döyür və deyir:
– Allah qonağıyam.
Qapıçı içəri gətirib vəzirə deyir. Vəzir:
– Başdan sov getsin.
Qapıçı gəlib dərvişə deyir:
– Ağa evdə deyil.
Bir gün şah Abbas vəzirlə çıxıb dərviş paltarında gəzirdilər. Axşamdır. Üzləri qaranlığa düşür. Vəzir deyir:
– Qurban, İsfahana yetişə bilməyəcəyik. O uzaqda bir çadır görünür, gedən gecəni bir təhər orda keçirdən. Səhər gedərik. Şah Abbas vəzirin təklifin bəyənir gedirlər, çadırda bir qarı varıydı.
Çöl adamı qonaq sevən olar. Qarı çıxır, atlar tutur, aparır naxura bağlayacaq idi, bağlayır, gəlir qonaqların yanına. Bu zaman qarının çoban oğlu yoldan yetişir, üç quzu qabağına qatıb gətirirdi. Qonaqları gördükdə quzuların birini kəsir, kabab eləyir. Şah Abbas deyir:
– Biz ürək-böyrək yeyirik. Bu quzunun ürək-böyrəyi bizi nə görəcək!
Qarının oğlu dedi:
-
Altı ay işləmişəm həqqimə üç quzu veriblər. Bunların üçünü də kəsəcəyəm, ürək-böyrəyin yeyərsiniz.
Quzuları kəsir. Şah Abbas deyir:
– Sabah bu quzuların ətin gətirsən şəhrə, yaxşı pula gedər.
Gecəni qalır, sabaxısı şah Abbasla vəzir İsfahana qayıdırlar. Şah Abbas şəhərin qapıçısına tapşırır, bu adda, bu nişanda gənc çoban gələrsə, onu götürün mənim yanıma.
O zaman şəhərin dörd qapısı varıydı. İkisindən girər, ikisindən çıxardılar. Çoban quzuların ətin gətirir şəhərdə satmağa. Qapıdan girəndə tutub aparırlar Şah Abbasın yanına. Şah Abbas soruşur:
– Səxavət cənbədədir, ya var-yoxsulluqda?!
Çoban deyir:
– Qurban, çənbədədir.
Şah Abbas soruşur, adın nəmənədir?
Deyir:
– Allahverdi.
Şah Abbas Allahverdini özünə vəzir eyləyir. Bir müddət keçir. Neçə otaq varıydı. Allahverdi xan vəzir onların hamısın şahın üzünə açar, amma bir otağın qapısın açmazıydı.
Paxıllıq edənlər şaha deyirlər:
– Allahverdi xan vəzir otaqda gizlincə özünə qızıl və ləl-cəvahər yığıb saxlayır ki, şahın da üzünə damın qapsını açmır. Bu sözlərdən Şah Abbas şəklənir.
Vəzirə əmr edir, gərək o damın qapısın açasan. Allahverdi xan vəzir qapını açır. Şah Abbas nə görsəydi yaxşıydı? Bir cüt çarıx, bir kisə və bir çoban dəyənəgi. Allahverdi xan vəzir Şah Abbasa deyir:
– Qurban, hərdən gəlib bunlara baxıram yadıma düşə əvvəligim nəydi, özümə məğrur olmayam.
LƏTİFƏLƏR
Ustad aşıqla şagird aşıq
Bir aşığın şagirdi ustadının yanında söz sənətini öyrənir, sazı götürüb düşür el-obanı gəzməyə. Toylarda, şənliklərdə deyir, çalır-çağırır. Əyri-əsgiyini də qaldırıb bu sənətə mükəmməl yiyələnir. Neçə ildən sonra dünənki şagird, bu günki aşıq bir məktubla ustadına meydan oxuyub belə yazır: Sevimli ustadım, necə ildir gəzib yorulmuşam. Istəyirəm gəlib öz yurdumda əkinciliklə məşğul olam. Mənə bir cüt öküz alarsan, nə qara olar, nə sarı, nə qızılı, nə boz, nə ağ və nə...... bütün boyaları sayır ki, öküzlərin rəngi bunların heç birisi olmasın.
Məktub ustada catanda götürüb oxuyanda belə yazır: “Sən deyən öküzləri aldım, sən də nə şənbə gəl, nə yekşənbə gəl, və nə cümə gəl (həftənin bütün günlərini sayır ki, bunlarda gəlmə). Hansı gün gəlirsən gəl.
Yazıq o aradakı
Bir çoban biçinçiləri lağa qoyub deyirdi:
– Biçin biçmək nəmənədir, mən olarsam bir saatda zəmini biçib bağ tökərəm.
Bir gün biçinçilər qərarlaşır, neçə artıq oraq gətirir və çobana deyirlər:
– Belə ki, döşünə döyürsən bu gün sən də biç, görək nə cür biçirsən?
Çoban üzə düşər, orağı götürər onların ikisinin arasında bir kişi qatıb qabağına biçməyə məşğul olur. Bir az biçir bərk yorulur. Arı gəlir deyə yorulmuşam, orağı daşa vurub sındırır. Başqa bir oraq verirlər əlinə. Beləliklə, neçə oraq sındırır, başqasın verirlər.
Başınızı ağrıtmayım, axşamadək çobanı işıqdan salırlar. O gündən çoban harada biçinçiləri görəndə deyir:
– O yandakı yox, bu yandakı yox, yazıq aradakı.
Duzu da mən alaram, oxu!
Bir oğlanın dədəsi bənna idi. Oğlan da dədəsinin yanına gedib işləyir və hərdən şövqə gələr səsin başına atar və oxuyardı. Bir gün ata oğluna dedi:
– Evin çörəyin, ətin, pendirin hər şeyin mən alacağam. Sən təkcə evin duzun al.
Oğlan fikirləşdi: Çörək də, ət də peynir də və hətta xiyar da duz istəyir üstünə səpəsən. Mən bu qədər duzu necə alacağam? Oğlan qüssəyə düşür. Daha iş üstündə oxumağa şövqi gəlməyir. Bir gün oğlan başqa birinin oğulun sakit gördükdə atasından soruşur:
– Onun da oğulu evin duzun alır?
Ata barmağın dişləyir və oğluna deyir:
– Oğul, oxu! Evin duzunu da mən alacağam.
Dostları ilə paylaş: |