Ey vay hay
Bir gün var idi, bir gün yox idi. Bir dənə keçəl varıdı. Özü də araqçın keçəl idi. Qatmaq qulağının dibinəcən tutmuşdu. Bu oğlan gündə naxırçılıqdan qayıdanda şahın qızın görərdi ki, küləfirəngidə durub, oğlan bir göyüldən min göyülə qıza aşıq olmuşdu. Axırda gəlir nənəsinə deyər ki, gərək şahın qızın alasız mənə. Nənə deyər ki, oğlan biz bir dənə naxırçı babanın biriyik, o şah qızı. Hardan onu sənə verərlər?
Oğlan əl çəkməz. Axırda arvad ərinə deyər:
– Olsun, şah ədalətdidi. Get elçi daşında otur. Sənə bir cavab verər. Gələsən deyəsən oğlan əl çəkər gedər işinə.
Kişi çar-naçar gələr oturar elçi daşının üstündə.
Şah deyər:
– Gedin görüm kimdi.
Elə ki, kişini şahın yanına gətirərlər.
Şah deyər:
– Hən əmi, sözün?
Deyər:
– Qibleyi-aləm sağ olsun, mənim oğlum sənin qızına aşiq olub. Gəlmişəm onun elçiliyinə.
Şah baxar vəzirinə, özünə, vəzir baxar şahın üzünə. Axırda şah deyər:
– Mənim qızımın başlığı ağırdı. Hər kim istəsə onu alsın gərək “ acıban-qariban”a örgəşə.
Kişi kor peşman qayıdar. Ürəkdə sevinirdi ki, yaxşı oldu, oğlan ayıbına kor olar oturar.
Gələr hal-qəziyyəni oğluna deyər. Oğlan iki ayağın dirər bir başmağa ki, gərək məni qoyasan “acıban-qarıban” örgəşim.
Neçə gün dədə oğlanı başda seriyər. Axırda olmaz.
Bir gün nənə aş bişirmişdi. Dədə deyər, naharı yeyək, gedək acıban-qariban oyuna örgəşək.
Nənə deyər:
– Apararsan dolandırarsan, görər belə zad yoxdu, gələr durar.
Nahardan sonra dədə ilə oğul düşərlər yola. O yana acıban-qaribançı, bu yana acıban-qaribançı tapa bilməzlər. Axırda görərlər bir çeşmə var. Deyərlər:
– Gedək bir oturaq yorğunluğumuzu çıxardaq. Dədə elə yorulmuşdu ki, da nə bilim. Elə ki, oturar yerə dərindən ah çəkər. Deyər:
– Ay vay hay!..
Sudan bir dənə bala kişi şabbıldaya-şabbıldaya çıxar eşiyə deyər:
– Hən, sözün?
Kişi:
– Sən ilə deyiləm. Səhərdən dolanırıq bir nəfər tapaq mənim bu oğluma “aciban-qariban” oyunu örgətsin. Şahın qızına aşıq olub, onun da başlığı “acıban-qariban “oyunudur. Yorulmuşdum, dedim ey vay hay...
Bala kişi deyər:
– Elə, ey vay hay mənəm. Bu şəhərdə məndən savay ayrı adam acıban-qariban oyunu bilməz.
Kişi deyər:
– Bə indi ki, belə oldu mənim oğlumu özünə şagird elə.
Ey vay hay deyər:
– Eybi yoxdu.
Yapışar oğlunun əlindən düşər yola, suyun içindən şabbıldaya-şabbıldaya gedər.
Kişi öz-özünə deyər:
– Ey dili-qafil, bu nə iş idi gördün! Oğlanı niyə o kişiyə verdin?
Axırda bir çara tapanmaz, durar gedər evə.
Ay vay hay İbrahimi aparar evə. Evdə bir qızı var idi. Bir göyüldən min göyüləcən İbrahimə aşiq olar. Qız deyər, oğlan bura gələn da çıxmaz, məni alarsan, sənə bir söz öyrədim.
İbrahim and içər ki, əvvəl səni alaram sonra şahın qızın.
Qız deyər:
– Mənim dədəm hər vaxt səndən soruşsa nəmənə örgəşmisən? Denə: bir çörək sulamağı, bir ev süpürməyi.
Oğlan neçə müddət orada qalar. Bala-bala bəzi şeylər örgəşirdi.
Amma nə vaxt Ey vay hay soruşurdu: – Oğlan nəmənə başarirsan? Deyirdi:
– Bir çörək sulamaq, bir də ev süpürmək.
Bir gün genə İbrahimin nənəsi aş bişirmişdi. Birdən oğlu yadına düşər. Gözləri dolar. Deyər kişi, dur get oğlanı gətir bir görək.
Kişi durar gələr çeşmənin qırağına deyər:
– Ey vay hay!..
O saat Ey vay ay zahir olar deyər:
– Sözün?
Kişi deyər:
– Oğlanı nənəsinin göylü istiyir. Ver 3-4 gecə qonaq qalsın qayıtsın.
Deyər:
– Eybi yoxdu.
İbrahimi gətirər verər.
Yolda İbrahim istər özün imtahan eləsin. Deyər:
– Dədə, sən qabaqda getginən, burda su başına çıxım gəlim.
Özünü eylər bir danə xoruz dədənin qabağında cik-cik cikgildər. Kişinin gözü xoruza sataşar. Deyər:
– Yaxşı oldu. İndi bu xoruzu tutaram.
Əlin uzadar tutsun, xoruz buna bir dimdik. Kişi əl-ayağın itirər. İbrahim adam cildinə düşər deyər:
– Nə var, dədə?
Deyər:
– Heç zad bir xoruz var idi. İstədim tutam, bir bərk dimdik vurdu özü də nəmənə oldu.
İbrahim deyər:
– Kişi, burda xoruz nə qayırır.
Bir azdan sonra özün eylər bir dənə qoç, kişinin qabağında oynar. Kişi genə əlin uzada tutsun ki, yaxşı oldu. Qoç buna bir kəllə, kişi qaş elər. İbrahim, genə adam olar. Deyər:
– Dədə, nə var? Genə nə oldu?
Deyər:
– Bir qoç var idi, istədim tutam, bir kəllə vurdu yıxıldım.
Bir azdan sonra özün eylər bir dənə at, dədəsinin qabağında oynaqlar. Dədə istər onu tutsun, bir təpik vurar dədə yıxılar. Genə özün adam surətinə salar. Deyər:
– Genə nə var, dədə?
Dədə deyər:
– Bir at var idi. İstədim yapışam cilovundan, bir təpik vurdu yıxıldım.
İbrahim deyər:
– Elədi. At odur bax, qaçır.
Neçə gün İbrahim evlərində qalar. Bir gün dədəsinə deyər:
– Dədə, mən bir dənə xoruz oluram. Apar məni bazarda sat, amma ayağımın bəndin satma.
Dədə aparar xoruzu satar. Bəndin satmaz. Gələr görər İbrahim evdədir. Sabahısı gün deyər:
– Dədə, mən bir dənə at olacağam. Apar məni sat, amma cilovumu satma.
Dədə aparar satar. Gələr evə görər İbrahim oturub evdə. Üçüncü gün İbrahim deyər:
– Dədə, mən bir dənə qoç olacağam, məni apar sat, amma zəncirimi hər neçəyə istəsələr satma.
Ey vay hay durbin ilə baxırdı.Görər İbrahim qoç olub, dədəsi bazarda satır. Tez özün yetirər bazara. Deyər :
– Qardaş, bu qoç neçəyədi?
Deyər:
– Yüz tümən.
Deyər:
– Ala.
Dədə istər zəncirin açsın, Ey vay, hay deyər:
– Qardaş, mən zəncirsiz qoçu necə aparım?
Dədə deyər:
– Zəncirin satmıram.
Ey vay çıxardar yüz tümən də deyər: – Bu da zəncirin pulu.
O, buda yığışar deyər:
– Qardaş, da bir dənə zəncir nəmənədi ki, yüz tümənə vermirsən.
Kişi çar-naçar zənciri də verər, gələr evə görər İbrahim gəlməyib.
Ey vay hay qoçu aparar evə tərəf. Yolda deyər:
– Hən, bir çörək sulamaq başarırsan, bir ev süpürmək? İndi səninkin sənə verərəm.
Qız baxırdı görər dədəsi İbrahim gətirər. Öz-özünə deyər, indi pıçaq istəyəcək. Durar pıçaqların hamısının gizlədir. Elə bir saman tüstüsü salar ki, göz gözü görməsin. Dədə gələr deyər:
– Qiz, pıçağı gətir bu qoçu kəsim.
Qız deyər:
– Dədə, ev tüstüdür, tapanmıram.
Deyər:
– Gəl bu qoçun zəncirindən saxla özüm tapım.
Qız gələr yapışar zəncirdən əyilər qulağına deyər:
– Hən, nə deyirsən?
Deyər:
– And olsun Allaha, səni alaram.
Qız zənciri ötürər, qışqırar ki, dədə, gəl qoç qaçdı.
Ey vay hay düşər bunun dalsınca, İbrahim olar bir dənə sərçə. Ey vay hay olar bir dənə qarqa qovulağın götürər. Sərçə gələr, girər şahın otağına. Qarqa da dalısınca. Az qalar tuta, sərçə olar bir dəstə gül, düşər şahın qucağına. Qarqa da olar bir dənə dərviş, kəsər qapını ki, mənim gülümü verin. Padşah pul verər ki, al əl çək.
Dərviş deyər:
– Mən gülümü istəyirəm.
Padşah deyər:
– Baba, al şərrin sov!
Gül olar bir ovuc darı, səpilər yerə. Dərviş olar bir dənə cücəli toyuq, başlar darını dənləməyə. Bir dənə qalanda oğlan olar sərçə girər şahın otağına. Genə toyuq olar qarqa düşər onun dalıca. Bir az qalar qarqa sərçəni tuta, olar bir dəstə gül düşər şahın qucağına.
Qarqa da olar dərviş, kəsər qapını birdən şahın dilindən çıxar ki, vəzir, bu elə aciban– qəriban oyunudur. Bu sözü demək haman, gül olar İbrahim deyər:
– Qurban, əhdinə bəfa elə. Mən getmişəm acıban-qəriban oyunu örgəşmişəm. İndi qızını ver.
Şah deyər:
– Ayıbı yoxdur.
İbrahim deyər:
– Bu dərvişə denən məndən əl çəksin.
Dərviş deyər:
– Da işim yoxdu. Amma çərşənbə gecəsi gərək mənə qonaq olasan.
İbrahim qəbul elər. Çərşənbə gecəsi gedər Ey vay hayın evinə. Qız onu aparar bir yerə, görər bütün adamlar şüş qızıl alıblar. Qız deyər:
– Bunların hamısın dədəm qızıl eləyib. Səni də gecə aparacaq köhnə qəbiristana. Atı verəcək sənə ki, saxla. Özü girəcək bir köhnə qəbrə. Bir azdan sonra bir ölü çıxar eşiyə. Sən gərək o çıxmamışdan qabaq özünü bir yerdə gizlədəsən. Gizlə-dəsən odlu gözü ilə vurar sənə, olarsan qızıl. Gizlənməsən, girər tazədən qəbrə, gözünü vurar dədəmə, özü həm o qızıl olar. Sonra çıx onları qoy pərdə kilimə, gətir evə.
Gecə yarısı Ey vay hay deyər:
– İbrahim, mənim bir işim var. Dur, min ata gedək, tez qayıdaq
İbrahim deyər:
– Eybi yoxdu.
Durarlar pərdə-kilim götürərlər düşərlər yola. Köhnə qəbirstanda Ey vay hay deyər:
– Sən bu atı saxla mən bura baxım gəlim.
İbrahim atın cilovun bağlar bir yerə, tez girər bir köhnə qəbirə, üstün tutar. Bir azdan sonra görər bir dənə ölü çıxdı gözləri od kimi. Əlində bir odlu gözü. O yana baxdı, bu yana baxdı. Bir səs gəldi qəbirdən yaşıl alov çıxdı, bir azdan sonra İbrahim çıxar eşiyə, gedər qəbirə, görər Eyvayhay da, ölü də şüş qızıl olublar. Onları götürər, qoyar pərdə-kilimə, gətirər evə.
Qız qapı qabağında gözləyirdi ki, dədə gələcək, ya İbrahim. Elə ki, İbrahimi görər, İbrahim qızı alar, sonra şahın qızın. Qızları gətirər öz evinə.
Yeyər, içər, mətləbinə yetişər.
Əmqızı ilə əmoğlu
Biri var idi, biri yox idi. Iki qardaş var idi. Böyük qardaşın bir oğlu var idi. Kiçik qardaşın da üç qızı. Böyük qardaş öldü. Ölünü basdırıb yas tutdular. Bir müddət keçdi. Kiçik qardaş gördü qardaşoğlusu tək qalır. Istədi onu yalqızlıqdan qurtarsın. Böyük qızın qardaşıoğlusu evinə göndərdi, bəlkə ona arvad olsun. Əmqızı əmoğlunun evinə gəldi. Amma əmoğlu əmqızıya dedi: – Çirağ, çırağ, şah çırağ, əmqızı can, hansı yoldan gəlibsən, o yoldan da qayıt.
Əmqızı cahazın götürüb, atası evinə qayıtdı. Qız gəlib cərəyanı atasına danışdı. Kişi fikirləşdi ki, mümkündür qardaşoğlum böyük əmqızısından xoşu gəlmir. Yaxşıdı ikinci qızı evinə göndərim.
Əmoğlu böyük əmqızıya necə demişdi, elə o sözləri ikinci əmqızıya da dedi. Əmqızı boxçasını qoltuğuna vurub atası öyünə döndü. Əmi öz-özünə dedi: – Bəlkə qardaşoğlumun ikinci qızdan da xoşu gəlmir, gəl üçüncü qızı evinə göndər. Əmi bu dəfə də kiçik qızın qardaşıoğlusu evinə göndərdi. Əmoğlu bu əmqızısına da başlayıb haman sözləri dedi:
– Çirağ, çirağ, şah çirağ, əmqızıcan! Hansı yolda gəlibsən, o yoldan da qayıt.
Kiçik əmqızı əmoğluna dedi:
– Çirağ, çirağ, şah çirağ, əmoğlu mən qayıtmayacağam. Istirəm sənlə qalam.
Kiçik qız atası evinə qayıtmadı. Amma, onlar hər biri ayrı otaqda yatdılar. Neçə həftə beləsinə keçdi. Bir gün qız fikirləşdi: hər gün əmoğlum işdən qayıdandan sora neylir? Hara gedir?
Bu fikirlə bir gün əmoğlunun işindən baş çıxarmaq üçün gizlicə onun ardınca düşdü. Gördü əmoğlu bir bağa getdi. Qız yavaşca oğlanın dalısıca bağa girdi. Bağda gördü əmoğlusu başın bir gözəl qızın dizi üstə qoyub danışığa qızışıblar. Bir az sora ikisi də yuxuladılar. Amma gün onların üzünə düşür, incidir. Qız ləçəgin başından açıb ağacın tüllərinə bağladı, bəlkə gün üzlərinə düşməsin. Özü də qayıdıb evə döndü.
Bir iki saat sora qız ilə oğlan yuxudan ayıldılar. Qız ləcəgi görüb oğlana dedi:
– Sənin arvadın vardı! Dur evinə qayıt.
Oğlan dedi:
Mən səni sevirəm. O qızdan xoşum gəlmir.
Qız dedi:
– Mən gərək gedəm, amma bura bir dul su buraxdım. Onu evə apar. Arvadın o su ilə üzün yusun.
Qız bu sözü deyər, bir anda nəzərdən qayıb oldu. Oğlan su dolunu götürüb kor-peşman evə qayıtdı. Əmoğlu suyu gətirib əmqızıya verib istədi su ilə üzünü yusun. Əmqızı su ilə üzün yumaq həmən, suyu verən huri sifətinə düşdü. Beləsinə qızın məhəbbəti əmoğlunun ürəyinə keçdi. Onlar yedilər, içdilər dövrə keçdilər. Siz də yeyin, için tarixə keçin.
Nənəlik
Biri var idi, biri yox idi, vilayətlərin birində bir kişi, iki uşağı: bir oğlan, bir qız yaşayırdılar. Uşaqların nənələri ölmüşdü. Dədələri də onlara nənəlik gətirmişdi. Nağıl da ordan başladı ki, nənəlik bu evə gəlib uşaqları incitməyə başladı. Nənəlik hər gün uşaqları incidirdi. Nənəlik hər gün uşaqları çətin işlərə məcbur edirdi. Uşaqlar bacarmayanda onları vurub az yemək verirdi. Əvvəllərdə ata arvadın bu işləri ilə müxalifət edirdi. Amma gecə məlaləsi o qədər kişinin qulağına oxudu ki, kişi də uşaqları görməyə gözü olmadı.
Nənəlik taza boylu olmuşdu və yerikləyirdi. Arvad bir gün oğulluğunun ətinə yerikləyirdi. Arvad gəlib kişisindən istədi, oğulluğunun başın kəsib ətindən ona gətirsin. Kişi əvvələcə bu işə razı olmadı. Amma sonu arvadın zorlaması ilə başını kəsib ətin arvada apardı. Amma arvad ilə kişi əti yeyəndə ət acı oldu.
Qız bu işdə çox incidi, zar-zar ağlayıb göz yaşı tökdü. Axırda qardaşından yadigarı olsun deyə gəldi, qardaşının qanını bir qaba yığdı. Qız hər gün qaba-qardaşının qanına baxıb ağlayırdı. Allah qardaşının bu ağlamağından rəhmə gəldi. Yeddi gündən sonra Allahın izni ilə qabdan bir danışan quş çıxdı. Qız ilə yoldaş oldu. Qız bu quş ilə sirdaş olmuşdu, oynayırdı.
Bir gün qız köz qırağında oturmuşdu. Qız gözün yumub ağzın açıq qoyurdu. Danışan quş da qızın ağzına üzüm giləsi qoyurdu. Nənəlik ilə kişi görüb onlar da köz qırağına gəldilər. Ikisi də gözlərini yumub ağızlarını açdılar ki, quş onların da ağızlarına üzüm giləsi salsın. Danışan quş qızın ağızına üzüm saldı, amma nənəligin ağzına elə bir daş saldı, nənəlik boğuldu. Quş istədi kişinin də ağzına bir daş salsın, qız anasının tapşırdığı söz yadına düşdü ki, istəmişdi atalarından müvazib olsunlar. Tez keçib quşun işinin qabağını aldı. Allahın qızın bu işindən xoşu gəldi. Onun üçün də quşu əvvəlki oğlana çevirdi.
Kişi də işlərindən peşman olub tövbə elədi. Onlar ata– iki bala şənliklə yaşadılar.
Naraxatın
Biri var idi, bir yox idi. Tanrının kərəmi çox-çox idi. Yeniyetmə Naraxatun atası və ögey anası ilə birlikdə yaşayırdı. Nənəlik Naraxatının gözəlliginə giçiklənərək hər gün onu incidirdi.
Günlərdən bir günü nənəlik gicikdi kişisinə: “qızın Naranı gəzmək adına götür, bir yolda azdır, itir. Özün təkbaşına evə qayıt gəl “ – deyərək onu bu işə zorladı.
Əvvəldə kişi bu işə razı olmadı. Amma nənəlik o qədər kişinin qulağına oxudu ki, kişi də razılaşıb, qəbul elədi. Beləliklə, bir gün kişi gəzmək adına qızını götürüb ormanda onu azdırdıqdan sonra özü təkcə evə qayıtdı.
Biçarə qız atasını itirdikdən sonra özünü yalqız gördü, itdigi yolun ortasında dizlərini qucaqlayıb ağlamağa başladı.
Qəzadan insan dilini bilən bir pişik ordan keçirmiş. Pişik ağlar Naraya rastladı. Naranın yanına gəlib ağlamağının səbəbini soruşdu. Naraxatın başına gələn hadisəni pişigə danışdı. Pişik qızın halın eşidib Naraya ürəgi yandı. Pişik Naranı dilə tutmağa başladı, sora dedi:
– Ey qız, nigaran qalma. Səni yeddi qardaşlar evinə apararam. Onlar çox yaxşı insanlardılar. Şəhərin də mötəmilləridirlər. Hökmən sənə kömək edərlər.
Pişik yeddi qardaşların yaşadığı evə sarı yola düşdü. Nara da onun ardıca yollandı. Pişik Naranı yeddi qardaşların evinə çatdırıb getdi. Nara qapını çaldı.
Yeddi qardaşın kiçigi qapıya gəldi.
Naraxatın başına gələnləri qapıya gələn oğlana dedi, ondan kömək istədi. Oğlan qızın sözlərin eşidib ürəgi yandı. Naranı içəriyə o biri qardaşları yanına apardı. Qız keçirdiyi qəzayanı (qəzaları) təkrar o biri qardaşlara da danışdı.
Qardaşların da hər birinin Naraya ürəgi yandı. Digər tərəfdən də hər yeddi qardaş Naradan xoşu gəldigi üçün Nara ilə evlənmək istədilər. Beləliklə, Nara ilə evlənmək üçün yeddi qardaşların bir-biri ilə sözləri oldu. Yeddi qardaşların heç biri öz istədigindən vaz keçmək istəmədi. Çarəsizlikdən kiçik qardaşın məsləhəti ilə Nara onlara bacı oldu. Beləliklə, Nara yeddi qardaşların evində qalıb onlara bacı oldu. Neçə ildən sora Naraxatının nənəligi eşitdi. Nara yeddi qardaşların bacısı olub. Qısqanclıqdan az qaldı partlasın. Bir fel qoşub kişisinə dedi: – Ya Naranı öldür, ya da məni boşa.
Naranının atası bu işə razı olmadı. Amma Naranın nənəligi o qədər israr etdi ki, sonra kişi razılaşdı. Nənəlik kişini razı edib Naranı öldürmək üçün zəhərə yatırdığı almalardan verərək, Naranın haman yeddi qardaşların evinə yola saldı. Kişi almaları götürüb yola düşdü.
Kişi gəlib yeddi qardaşların evini tapdı. Qapını çaldı. Nara qapıya gəldi. Atasını görüb təəccüb elədi. Ata Naradan üzür istədi, peşman olduğunu bildirdi. Nara atasının itirdigini unudub bağışladı, içəri dəvət etdi.
Naraxatının atası evdə zəhərə yatırılmış almalardan Naraya verib onu yeməyə çağırdı. Naraxatın zəhərli almalardan yedi və haman yerə yıxıldı. Ata tez evdən çıxıb qaçdı.
Axşam çağı yeddi qardaşlar işdən evə qayıdanda Naraxatını ölmüş zən edib onu sandığa qoyaraq çaya tapşırdılar.
Şahın sarayından keçən çay sandığı saraya götürdü. Sarayda şahın xidmətçiləri sandığı sudan alıb ağzını açanda gözəl bir qız ilə rastlaşdılar. Saray xidmətçiləri Naranı diri bilib tez sandığdan çıxardılar. Xəbər padşaha çatdı. Padşah əmr verdi: Nara müalicə olunsun. Şahın özəl həkimi Naranı müalicə altına aldı. Neçə gündən sonra Nara sağaldı. Nara sağalandan sonra padşah Nara ilə evləndi. Çox keçmədi ki, Nara boylu oldu.
Doqquz ay, doqquz gün, doqquz saat Naranın boyluluğundan keçdi, bir oğlu oldu. Şahın əmriylə sarayda neçə gün şənlik qurulur.
O yandan Naraxatının nənəligi eşidir, Nara ölməyib, yaşayır şahla da evlənibdir. Nənəlik yenə də gicikindən bir fel qoşaraq kişisini götürüb şahın sarayına gəldi. Padşah ilə Naraxatın kişi ilə arvadın pisliklərindən vaz keçib onları bağışladılar, saraya aldılar. Naranın əmri ilə atasının nənəligini yaxşıca qarşılayıb onlara qonağlıq verdilər. Amma gecə çağı hamı yatdıqdan sonra zaatı pis nənəlik Naraxatının oğlunun başını kəsib bıçağı Naraxatının cibinə qoydu. Sabah padşah işdən xəbərdar oldu. Oğlun ölmüş gördü, əmr verdi: hamı təftiş olsun.
Sarayın gözətçiləri hamını təftiş etdikdən sonra bıçaq Naranın cibindən çıxdı. Naraxatını qatil bildi. Padşah əmr verdi. Naraxatının gözlərini çıxarıb, başı kəsilmiş uşağı da qucağına verin. Saraydan eşigə atın.
Saray gözətçiləri padşahın əmrin yerinə yetirdilər. Naraxatın baş götürüb çöllərə baş qoydu. Çöllərdə avara sərgərdan olan Nara yorğunluqdan arx qırağında oturdu. Naraxatın söykəndiyi ağac başında iki göyərçin oturmuşdu. Göyərçinlərdən biri o birisinə dedi:
– Kaş ki, bu qız bizim dilimizi bacaraydı. Biz uçanda qanadımızdan düşən lələgi gözünə sürtüb gözlərin yerinə qoyaydı, həmi də uşağın kəsilmiş başını yapışdıraydı. Naraxatın bu sözləri eşitdi. Göyərçinlər uçan zaman düşən lələgi götürdü. Nara lələk ilə əvvəl öz gözlərini yerinə qoydu. Sora uşağının kəsilmiş başını yapışdırdi. Naraxatın həmin yerdə arx kənarında bir ev tikib oğlu ilə yaşamağa başladılar. İllər keçdi. Bir gün qəzadan padşahın yolu Naranın evinin yanından düşdü. Padşah bir gül becərən oğlana rastladı. Padşah Naranın evinin bağçasının güllərinə tamaşaya dayandı. Naranın oğlu şahın güllərdən xoşu gəldiyini hiss edib padşaha dedi:
– Şahım əgər istərsə, güllərdən dərə bilər.
Padşah dedi:
– Axı, bu gülləri necə dərim? Sənin onlara nə qədər zəhmət çəkdiyini bilirəm.
Oğlan ki, keçmiş hadisələri anasından eşitmişdi, şaha dedi:
– Bəs bir ana necə qıya bilər, öz oğlunun başını kəssin? Bu söz ilə şah oğlu və arvadın tanıdı. Padşah işindən peşiman oldu. Nara ilə oğlu padşahı bağışladılar. Şah oğlu “nayib”, Naranı mələkə etdi. Naraxatının da atası ilə nənəliyini öldürtdürdü.
Armudan bəyin nağılı
Biri var idi, biri yox idi. Tanrıdan savayı heç kim yox idi. Armudan bəy adlı bir kimsə var idi. Armudan bəy çox yoxsul bir adam idi. Onun varı, dünyada olub-olanı bir armud ağacı idi. Armud ağacının meyvəsi yetişəndə, Armudan bəy onları dərib, aparıb bazarda satar və onun gəliri ilə keçinərdi. Bir gün başa düşür ki, ağacın meyvələri azalır. Armudan bəy oğrusunu tutmaq üçün, gündüzlər güdükçü olur və ağacını güdür. Amma bir zaddan baş tapmır. Bir gün bir bilici kişinin yanına gedib ondan məsləhət almaq istəyir. O bilici kişi deyir:
– Sən get bir az qır-saqqız al, apar ağacın gövdəsinə yapışdır. Əgər bir kimsə gəlsə qır-saqqıza yapışıb qalacaqdır.
Armudan bəy də elə o bilici kişinin dedigi kimi edir. Həmən günün gecəsi yarı olanda bir heyvan zingiltisi eşidir və çırağını yandırıb gedir ağacın yanına. Görür ki, bir tülkü ağaca yapışıb və gedə bilmir. Armudan bəy baltanı götürüb tülkünü vurmaq istədikdə tülkü ağlamağa başlayır və deyir:
– Məni öldürmə, padşahın qızını sənə alaram.
Armudan bəy deyir:
– Ay heyvan, nə deyirsən, məgər mən kiməm ki, padşah qızın mənə versin, məgər qızını yoldan tapıb?
Tülkü deyir:
– Sənin bu sözlərlə işin olmasın, işi tapşır mənə. Əgər bacarmadım, ondan məni öldür.
Armudan bəy tülküyə inanır və onun əl-ayağını təmizləyir və tülkü durub padşahın sarayına sarı gedir və bir nəfəri yollayır ki, get padşaha de ki, Armudan bəy deyir, çanağınızı verin, qızıllarımızı ölçək.
Padşah bu sözdən təəccüblənir və deyir:
– Bu Armudan bəy kimdir ki, bir belə qızılı var və onu çanaqla ölçmək istəyir?!
Tülkü çanağı alır və o yan, bu yanı dolanıb bir tikə qızıl parası tapır və padşahı inanadırmaq ücün çanağın sınıq yerinə yapışdırır, çanağı saraya aparır və padşaha verib qayıdır. Paşdah bir daha təəccüblənir.
Armudan bəyin haradan belə qızıl yiyəsi olmağına mat qalır və öz-özünə deyir:
– Mən bir padşaham, bir belə qızılım yoxdur, gör, Armudan bəyin nə qədər pulu var ki, çanağın sınığına yapışıb qalan qızıla əhəmiyyət verməmiş!
Bir neçə gün keçir, tülkü saraya adam göndərir ki, padşah sağ olsun, Armudan bəy icazə istəyir ki, sizin qızın elçiliginə gəlsin. Padşah bu sözü eşidib, çox sevinir və icazə verir. Tülkü Armudan bəyin yanına gedib, ona deyir:
– Tez ol hazırlaş, gedək padşahın qızının elçiliginə.
Armudan bəy deyir:
– Tülkü qardaş, sən ki, mənim vəziyyətimi görürsən. Mən bir fağır adam, padşah qızını mənə verməz.
Tülkü əsəbləşib deyir:
– Tez ol hazırlaş, neçə dönə demişəm ki, mənim işimlə işin olmasın.
Tülkü Armudan bəyi hamama aparıb, onu yuyundurub bəzətdirir. Armudan bəy deyir:
– Tülkü qardaş, mənim qonaqlığa getməli paltarım yoxdur.
Tülkü onu götürüb yola düşür və sarayın yaxınlığında Armudan bəydən ayrılır və deyir:
– Mən gedirəm bir yerə tez qayıdam, sən burada otur və mən gəlincə bir yerə getmə.
Tülkü gedir və özü ilə bir dəst paltar gətirir. Armudan bəy paltarı geyib deyir:
– Nə gözəl, sən bunları haradan gətirdin?!
Tülkü deyir:
– Mən getdim padşaha dedim ki, biz sizə gəlirdik, sizin itlər üstümüzə gəlib, Armudan bəyin paltarını parçaladılar, bir dəst paltar verin Armudan bəy geyib elçiligə gəlsin. Padşah da bunları mənə verdi.
Armudan bəy paltarları geyib, sevincək halda yola düşdü və elçiligə getdi və padşah qızını Armudan bəyə verdi və qırx gün-qırx gecə toy tutdulr. Vaxt oldu ki, gəlini Armudan bəyin evinə aparısnlar. Padşah qızını evinə yola saldıqda o qədər cehiz qoşdu ki, bir şəhər tutmaz idi. Bir qoşun adam da məmur qoşdu ki, cehizi və gəlini Armudan bəyin evinə çatdırsın. Armudan bəy dedi:
– Tülkü qardaş, evin yıxılsın bizim evimiz, bir balaca dəmdir, çarə elə.
Tülkü dedi:
– Sənin işin olmasın, mən bir yer tanıram ki, padşahın evindən də yekədir.
Onlar gəlməkdə və tülkü də qabaqdan qaçıb devlər şəhərinə çatıb dedi:
– Eviniz yıxılsın! Qaçın, qoşun gəlir!
Devlər baxıb gördülər ki, bir yığın qoşun gəlir, devlər soruşdular ki, bu qoşun niyə gəlir? Tülkü dedi:
– Padşahın dəvələri azar tutub, bilənlər deyirlər ki, gərək dəvələri devlərin bədənində olan yağla ilan yağlaya ta dəvələr toxtaya! Odur ki, gəlirlər devləri öldürüb, onların yağlarıyla dəvələri sağaldallar.
Devlər sorüşdular ki, biz indi neyləyək?
Tülkü dedi:
– Sizlər gərək tezliklə buradan qaçasınız, əlçatmaz yerlərə gedib çıxasınız. Ya da topladığınız ot tayalarının altında gizlənəsiniz, ta mən görüm nə çarə edə bilərəm.
Devlər qaçıb ot tayalarının altında gizləndilər. Tülkü tayalara od vurdu. Tayalar yandı. Devlər bütünlüklə öldülər. Tülkü qayıdıb qoşunun qabağına devlər şəhərinə gətirdi, onları və cehizləri devlər şəhərində yerbəyer etdi. Gördü çox gözəl yerdir, gəlini ilə orada yaşamağa başladı. O tülküdən soruşdu ki, mən sənə bir belə yaxşılığın qabağında nə yaxşılıq edə bilərəm? Tülkü dedi:
– Bircə xahişim var, mən öləndə məni yeddi kəfənə büküb, torpağa quylayarsan.
Armudan bəy dedi:
– Bu ki bir cətin iş deyil, eylərəm.
Bir gün tülkü özün vurdu ölümcülügə. Armudan bəyə dedilər ki, tülkü öldü! Armudan bəy burnunu tutub tülkünün yanından ötdü və nökərlərinə dedi.
– Bunu tez burdan rədd edin, qoxusu dünyanı bürüyəcək.
Tülkü gözünü açıb getdi padşahın qızının yanına və Armudan bəyin yoxsul olduğunu və bir armuddan ötürü tülkü öldürməyə hazır olduğunu ona dedi və padşahın qızı acıq eləyib atasının evinə döndü. Armudan bəy gedib tülküyə yalvar-yaxar edib dedi:
– Anlamamışam, səhv etmişəm, gəl bu işi bir də düzəlt. Padşahın qızını qaytar evə, nə cür desən, elə edərəm.
Tülkü getdi padşahın evinə və dedi:
– Ay qız, mən şuxluq elədim. Səni sınayırdım, dur get evə Armudan bəy səni gözləyir.
Padşahın qızı evə qayıtdı və uzun ellər boyu birgə yaşadılar. Bir gün tülkü öldü. Armudan bəy onu yeddi kəfənə çalğalatdı və torpağa quylatdırdı və yaşayışına davam etdi.
Dostları ilə paylaş: |