AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə1/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
  1   2   3   4   5   6   7   8   9   ...   19


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_______________­­­­­­­­­­­­­­­­­­­­­­______________________________

GÜNEY AZƏRBAYCAN

FOLKLORU
IV KİTAB

BAKI – 2015
Layihənin rəhbəri: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü


Tərtib edənlər: f.ü.f.d. Mətanət MAŞALLAH qızı

(ABBASOVA)

Dr. Hüseyn ŞƏRQİDƏRƏCƏK



(SOYTÜRK)
Mətnləri

transliterasiya edənlər: f.ü.f.d. Mətanət MAŞALLAH qızı

(ABBASOVA)

Kəmalə OSMANOVA

Lalə ŞABANOVA
Redaktor: f.ü.f.d. Qədim QUBADOV

Güney Azərbaycan folkloru, IV kitab. Bakı, Elm və təhsil, 2015. 388 səh.
Kitabda Güney Azərbaycanın zəngin şifahi xalq yara­dıcılığı nümu­nələri toplanmışdır.

Folklorinstitutu.com




G 4603000000 Qrifli nəşr

N-098-2015


© Folklor İnstitutu, 2015.

ÖN SÖZ
Folklor bir ulusun varlığını təsdiq edən amillərdəndir. Folklor vətəndir, torpaqdır. O, bütün maddi və mənəvi dəyər­lərin gələcəyə ötürülməsində həlledici rol oynayır. Şifahi xalq ədəbiyyatı olmayan bir toplumun uzunömürlü olması bir qə­dər çətin məsələdir. Folklor keçmişdən gələn özəlliklərə ma­likdir və özlüyündə milli varlığın qorunmasına köklənir.

Ümumiyyətlə, hər bir ulusun və toplumun maddi və mə­nəvi dəyərləri onun adət-ənənə süzgəcindən süzülüb durul­duq­da mədəni varlığa və unudulmaz abidəyə çevrilir. Ona gö­rə də bu işi elmi şəkildə görən mərkəzlər və institutlar olma­lı­dır ki, mənəvi sərvəti toplayıb bir araya gətirsin və qoruya bilsin.

Bizim Azərbaycan türklərində də şifahi xalq ədəbiyyatı dərin və zəngin keçmişə dayanır. Minlərcə misradan ibarət olan “Manas” dastanını uzun illər hafizəsində yaşadan türk milləti, nəhayət, min illər sonra Təbrizdə Şəhriyarı ərsəyə gə­tirir. Onun dilindən “Heydərbaba” mənzuməsi yaranır. Bu əsər təkcə “Heydərbaba” mənzuməsi olaraq Şəhriyarın fərdi yaradıcılığı deyildir, eyni zamanda bir xalqın həyat tərzi və yaşam tərzidir. Şəhriyar dərin mədəniyyətə arxalanaraq, dün­ya­nın ən gözəl əsərlərindən birini ortaya qoymuş olur. Bu, o deməkdir ki, hər bir Azərbaycan türkü öz kökünü və soyunu dərk etmiş olsa, o zaman hər bir azərbaycanlı evindən onlarca kitab həcmində zəngin şifahi xalq ədəbiyyatı nümunələri top­layıb ortaya çıxarmaq olar.

Doğrusunu söyləsək, hər bir türk (azərbaycanlı) anası co­­cuğuna qoşduğu yuxu nəğmələri, nazlama şeirləri ilə canlı ədəbiyyat qaynağıdır. Bununla yanaşı, ata-babalarımızın ya­rat­dığı saysız-hesabsız atalar sözü beşikdən qəbrə qədər həyat tərzimizi və kişisəl mənliyimizi ehtiva etməkdədir. Ona görə bunun adı zəngin mədəniyyət irsidir. Ruhumuza, qanımıza ho­pan, ancaq heç bir yerdə yazılmayan el ədəbiyyatı keçmiş­dən bu günə yolumuza tutulan işıqdır. Süni və yaxud sifarişlə yaradılan ədəbiyyat nümunələri keçici olaraq uğur qazansa da, dərin ictimai və siyasi məişət köklərinə söykənən şifahi xalq ədəbiyyatı ötəri yox, əbədi yaşamaq hüququ qazanır.

Güney Azərbaycan bu baxımdan həm zəngindir, həm də toxunulmamış münbit qaynaqdır. Orada folklor nümunələrini işləyib hazırlamaq həm asandır, həm çətin. Qeyd edək ki, qay­­naq mükəmməl olsa da, imkanlar bir qədər məhduddur. Vaxtaşırı təzyiqə məruz qalan Güney əhalisi on illər boyu öz varlığını təsdiq etməkdə bəzi çətinliklərlə üzləşmişdir. Bu çətinliklər özünü müəyyən zaman kəsiyində ana dilinin yasaq olmasında, ana dilli məktəblərin olmamasında, ana dilində ki­tabların, qəzet və jurnalların nəşr olunmamasında və s. göstər­mişdir.

Eyni zamanda adət-ənənələrin, bayram və törənlərin hər tərəfdən görünə biləcək səviyyədə icrası və təbliği zərif ol­muşdur. Bu toplumun üzvləri öz şair və bilginlərini, demək olar ki, tam yaxından tanıya bilməmişlər. Amma, gəl gör ki, zəngin xalq ədəbiyyatı xəzinəsinə malik olan azərbaycanlılar hər zaman öz varlıqlarını keçmişdəki zəngin ata-baba yaradı­cılığına arxalanaraq qoruya bilmişlər.

Pəhləvi şahlıq rejiminin siyasəti nəticəsində assimilya­siya dəyirmanı daha fəal işləyirdi. Pəhləvi hakimiyyəti illə­rin­də milli varlığa yiyələnmə və mühafizəetmə çox çətinləş­miş­di. Minlərlə qələm sahibi ana dilində əsərlər yaratmaqdan məh­rum edilmişdilər. Lakin bütün bunlara baxmayaraq, xalq və onun zəngin mədəniyyəti öz işini görməkdə idi. Mədə­niy­yət və tarix gizli-gizli öz axarı ilə davam edirdi. Bu dövrdə muzdur qələm sahiblərinin yazdığı minlərlə kitab Pəhləvi si­yasətinə xidmət edirdi. Hələ bu az imiş kimi, az-çox ana di­lin­də yaranan kitabların yandırılma siyasəti bütün dünyanın gö­zü­nün qarşısında həyata keçirildi. Azərbaycan Milli Höku­mətinin süquta uğradılmasından sonra Azərbaycan xalqının bütün maddi və mənəvi sərvəti talan olunmağa başladı. Rəsmi olaraq türkcədən istifadə qadağan edildi. Minlərlə ziyalı sür­gün edilərək İranın başqa yörələrinə göndərildi. Milli dövlətin mədəniyyət sahəsində əldə etdiyi uğurlar darmadağın edildi. Təbriz və ətraf şəhərlərin küçələri edam ağacları ilə doldu­rul­du. Bütün bu cəhdlər xalqı öz varlığını gizlicə qorumağa sövq etdi.

Bütün bunlara rəğmən kökdən gələn zənginlik yenə öz sözünü deməyi bacardı. Ədəbiyyatımız sinələrdən-sinələrə gəz­­­di. Evlərdə gizli-gizli uşaqlara söyləndi. Analar laylala­rın­da, nazlamalarında, oxşamalarında ədəbiyyatlarını öz bala­la­rına ötürməyi bacardı. Ərən atalarımız isə cəsur və qorxmaz tavrları ilə hər gün məktəbdən evə dönən balalarına Dədə Qorqudu, Nizamini, Nəsimini, Füzulini, Səttar xanı, Koroğ­lunu və ulu türk ulusunun digər zənginliklərini və başarılarını aşılamağa başladılar. Milli varlığımıza güvəndikcə var olma­ğımız da davam etdi.

Aşıqlarımız zəngin el ədəbiyyatından, el dilindən ilham alaraq, sözümüzü sazda və sazımızı da ürəklərdə yaşatdı. On­lar toy məclislərində milli dastanlarımızı söyləyərək assi­mil­yasiya dəyirmanının suyunu kəsdi. Onlar susmadı, sazdan və sözdən əyləncə deyil, bir silah kimi varlıq mücadiləsində yay­qın şəkildə istifadə etdilər. Beləliklə, dədələrin və nənə­lərin söyləmələri aşıqların “Yanıq Kərəmi”ndə, “Sarı tel”ində milli köklərə köklənərək ruhumuza hopduruldu.

Toy mərasimləri böyüklərimizin sərgilədiyi təcrübəvi həyat tərzini gələcək nəsillərə ötürmə vəzifəsini yerinə yetir­di. Musiqimiz, bayram ayinlərimiz və mərasimlərimiz var olmağımızın alınmaz simgəsinə çevrildi.

Yas mərasimlərimiz, dini inanc və ayinlərimiz, ata-baba törənlərimiz hamısı birlikdə bütövləşərək zəngin mədəniyyə­timizin mühafizəsinə çevrildi. Toylarda oxunan mahnılar, yas­larda deyilən ağılar hamısı bir yerdə Azərbaycan türklə­ri­nin mənəvi zənginliyini qorumağın mühüm vasitəsinə çevril­di. Siyasətlə, top və tüfənglə, zalimcəsinə qadağalarla yox ol­ma­ğımıza çaba göstərən şovinist ünsürlərin hədəfləri puça çıx­dı. Məktəbi əlindən alınsa da, ana laylası heç zaman əlin­dən alına bilmədi. Şəhər və kənd adlarımız kağızlar üzərində dəyişdirilsə də, dilimizdə və ürəklərimizdə heç zaman dəyiş­mədi. Ağlımız və ürəklərimiz dərdlərimizin və zəfərlərimizin can məkanı oldu.

İran-İslam inqilabından sonra şah rejiminin əksinə ola­raq, islami qardaşlıq elan olundu. Milli mədəniyyətin inki­şafında bir canlanma başlandı. Minlərlə kitab çap olundu. Kül altında qalan köz yenidən közərməyə başladı. Külün altından közərən köz istisini bütün canlara bəxş etdi. Bir gəlin bala­sının beşiyinin başında söylədiyi laylaları, bir cütçü cüt əkər­kən oxuduğu mahnıları, bir işçi azadlıq marşına çevirdiyi şeirlərini öz ana dilində yazıb kitab halına gətirməyi bacardı. Şəhriyarlar, Səhəndlər, Hüseyn Düzgünlər, Fərzanə və Sava­lanlar, El oğlu və Heyətlər, minlərlə gənc yazar və araşdır­ma­çılar mədəniyyət ərsəsinə qədəm qoydular. Güney Azərbay­can, bəlkə də el dili və ədəbiyyatının zənginliyi baxımından yer kürəsinin bərabəri olmayan bir parçasıdır. Ancaq bu ədə­biyyatı toplamaq ona görə çətindir ki, ana dilində təhsil alan adamların sayı azdır. Dilimizi danışıb, yaza bilməmək kimi çətinliklər mövcuddur. Şəhərləşmə və kökdən uzaqlaşma əs­rimizin təbii fəlakəti kimi buralarda insanları öz varlıqla­rın­dan uzaqlaşdırmaqdadır.

Bütün bunlara baxmayaraq, Güney Azərbaycan folklor toplusu, demək olar ki, yeni-yeni həyata keçirilən işlərdən ol­du­ğuna görə həm şirin, həm də acı yönlərə sahibdir. Məsa­fənin genişliyi və araşdırma, toplama institutlarının olmaması bu məsələni çətinləşdirir. Ləhcə və deyim fərqləri, mütəxəs­sislərin olmamaması işin toplanıb elmi şəkildə üzə çıxmasına əngəl törədir. Lakin keçmişə dayanaraq canından və vaxtın­dan keçən araşdırmaçılarımızın işlərini yolumuza çıraq edə­rək, Muxtar müəllim İmanovun rəhbərliyi altında, Mətanət xa­nım Abbasovanın əməyi nəticəsində rəhmətlik Səməd Beh­rənginin başladığı, Məhəmmədəli Fərzanənin əmək qoyduğu bu iş bu gün bir çox dəyərli alimlərimiz tərəfindən davam et­dirilir. Gördüyünüz bu kitab çoxsaylı soydaşlarımızın zəhmə­ti­nin nəticəsi olaraq siz əzizlərə təqdim edilir.
Dr. Hüseyn Şərqidərəcək (Soytürk)

UŞAQ FOLKLORU
LAYLALAR


Laylay qızıl qolbağım,

Bulağım, baxçam, bağım.

Sən gülməsən inanma,

Bir an qaça dodağım.


Laylay meyvəli bağım,

Laylay şamama tağım.

Allahdan sonra mənim

Sənsən arxam dayağım.


Laylay gəmim, qayığım,

Qırmızı şəqayığım.

Ol vətən qoruqcusu,

Gecə– gündüz ayığım.


Laylay çatmır dadə kim,

Haraya, fəryada kim,

Dur qaladan harayla

Bəlkə gəlsin Babəkim.


Laylay gülüm, çiçəyim,

Ev –eşiyim, dirəyim.

Dar günümdə olginən

Mənim güclü biləyim.


Laylay dedim maralım,

Sən qızar, mən saralım.

Incə dişlərin çıxsın

Gündə sənə nar alım.

Laylay dövlətim, malım,

Başımda ipək şalım,

Sən şirin yuxula, mən də

Yanında ayıq qalım.


Laylay ulduzum, ayım,

Laylay şamama payım.

Sən get şirin yuxuya

Mən də nəfəsin sayım.


Laylayın quzu qurban,

Qoç qurban, quzu qurban,

Hər səhər boyun görsəm,

Kəsərəm quzu qurban.


Laylay telinə qurban,

Şirin dilinə qurban.

Min quzu, qoyun olsun,

Sən tək gəlinə qurban.


Laylayıyam bala can,

Iki igid, iki can.

Sənin böyük babandır

Səttar ilə Bağır xan.


Laylay çaldım astadan,

Qadan allam astadan.

Sübhə kimi başında

Oyaq qallam astadan.

Laylay ana baladan,

Doymaz ana baladan.

Rəngi saralıb solar

Ayrı düşsə baladan.


Laylayı gələr yoldan,

Kim gedib gələr yoldan.

Balam yatıb durana,

Atası gələr yoldan.


Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Mən arzuma çatmadım,

Sən arzuna çatasan.


O dünyada behiştim,

Bu dünyada varımsan.

Laylayımsan, dayağımsan,

Arxamsan, dayağımsan.

Indi lazım olmasan,

Dar gündə dayağımsan.


Laylay balam bağrı qan,

Bir quş vardı bağrı qan.

Laladan gözəl gül yox,

O da baxsan, bağrı qan.


Laylayınam xan oğlan,

Boyuna qurban oğlan.

Qoç Koroğlu, qoç Nəbi

Övladı aslan oğlan.

Laylay dedim ellərdən,

Şirin-şirin dillərdən.

Allah, balamı saxla,

Uzun aylar, illərdən.


Laylay gülüm çiçəyim,

Ev-eşiyim, dirəyim.

Dar günümdə olginan

Mənim güclü biləyim.


Laylay yonca gülüm,

Gül açıb qonça gülüm.

Bacısı qardaşına,

Toxuyur xalca, kilim.


Laylayınam ay canım,

Balama laylay canım.

Sən yat gülüm oyaqdır

Gözü Azərbaycanın.


Laylayın quzu qurban,

Qoç qurban, quzu qurban.

Hər səmər boyun görsəm,

Kəsərəm quzu qurban.


Laylay çaldım astadan,

Qadan allam astadan.

Sübhə kimi başında,

Oyaq qallam astadan.


Laylayın birdən– birdən,

Beşiyin qızıl güldən,

Diləyin uzaq qalsın,

Gül balam, yaman gözdən.
Laylay balam narından,

Gül qurbanın, narın dən.

Başın qoy sinəm üstə,

Lay-lay deyim narından.


Laylay (balam) tərkimsən,

Düşüncəm sən, dərkim sən.

Uca boy Savalanım,

Səhəndimsən, Ərkimsən.


Laylay obam, elimsən,

Dil dodağım, dilimsən.

Qoç Koroğlum olmasan,

Eyvaz adlı dəlimsən.


Laylay balam məzəsən,

Gül– çiçəkdən təzəsən.

Qurban olum o günə

Ayaq tutub gəzəsən.


Laylay dedim biləsən,

Düşməyəsən dilə sən.

Boya başa çatasan,

Oynayasan, güləsən.


Laylay balam güləsən,

Danışasan, güləsən,

Arzım budur qaçasan,

Taza gələn ilə sən.


Laylayın bir dənəsən,

İncisən, dürdanəsən.

Mən ölsəm sənə qurban,

Sən ölmə bir dənəsən.


Laylay gülün birisən,

Mələkmisən, Pərisən?

Bu il iməkləyirsən,

Gələn ildə yeri sən.


Laylay bala, vaxt ikən,

Yatıb oyan vaxt ikən.

Dostu, yarı, qardaşı,

Gedib yoxla, vaxt ikən.


Laylay ömrün çox olsun,

Göylün, gözün tox olsun.

Sənə laylay çağırım,

Duşmanların yox olsun.


Laylayın çiçək olsun,

Yarpağı ləçək olsun.

Burda bir bala yoxdur,

Balamdan göyçək olsun.


Laylay bir bağın olsun,

Bağlar oylağın olsun.

Tanrıdan arzum budur,

At minən çağın olsun.

Laylay gül bağa dönsün,

Bağım yaylağa dönsün.

Bircə kəlmə, din danış,

Ürəyim dağa dönsün.


Laylayın şirin-şirin,

Yuxla yat şirin– şirin.

Başın qoy sinəm üstə

Sübhətək şirin-şirin.


Laylay xumar baxışın,

Baş altda naz balışın.

Görməsinlər yaman gün

Nə dostun, nə tanışın.


Laylayın şirin– şirin,

Baladır baldan şirin.

Dodağın bal pöhrəsi,

Qaymaqdan dadlı dilin.


Laylay dağa çən ötdü,

Şeh oturdu, çən ötdü.

Kim nə dedi balamın

Yaş gözdəndən dən ötdü.


Laylayın axşam oldu,

Ulduzlar sana doldu.

Bala dərdin çəkməkdən

Urəyim qana doldu.


Laylay balam yaz oldu,

Buludlar gözü doldu.

Baxçada bir gül açdı,

Bağbanın üzü güldü.


Laylay nar quş üzümu,

Eylər quş nuş üzümü.

Yuxla sənə gətirsin,

Quşlar meyxüş üzümü.


Laylay qurulu püstə,

Başın qoy dizim üstə.

Qoy tamah dişin çıxsın

Onda məndən bal istə.


Laylay dedim gülüncə,

Danışınca, gülüncə.

Balama laylay dedim

Ellərinin dilincə.


Laylayınam çəməndə,

Yel uymayıb əsəndə.

Məhəbbətdən daşıram

Sən sütümü əməndə.


Laylay balam beşikdə,

Bülbül oxur eşikdə.

Sən yat yuxun algınan,

Mən durmuşam keşikdə.


Laylay ev-eşiyində,

Yat balam, beşiyində.

Bir mən, bir dan ulduzu

Durmuşuq keşiyində.

Laylayın öz dilində,

Çalaram öz dilində.

Ruzisi bol olarmış,

Olan quzu ilində.


Laylayın ilmə-ilmə,

Kim atdı dağda güllə?

Yaralı oy gözündən,

Qan axdı gillə-gillə.


Laylay tel düzər sənə,

Anan gül bəzər sənə.

Allahdan əhdim budur

Dəyməsin nəzər sənə.


Laylayın dənə-dənə,

Dərdlərin gəlsin mənə.

Bir deyib, min güləsən,

İllərin dönə-dönə.


Laylay dur bax üzümə,

Başını qoy dizimə.

Axşam qonaq getməyə

Sürmə çəkim gözünə.


Laylayın sinə-sinə,

Toyuqlar getdi hinə.

Analar laylay çalır

Balaca körpəsinə.


Laylay güllü bağa tay,

Al laləli dağa tay.

Ətirlisən, nazlısan

Şamamalı tağa tay.


Laylay, a balam laylay,

Alınmaz qalam laylay,

Sənə iri baxanı,

Yandırsın nalam laylay.


Laylayın quzum, laylay,

Ayım, ulduzum lay-lay.

Sən bir igit olunca,

Hər dərdə dözüm laylay.


Laylay, öz gülüm laylay,

Gulum, bülbülum laylay.

Böyüyəsən kölgəndə

Mən də bir gülüm laylay.


Laylay, bülbülüm laylay,

Bağda sünbülüm laylay.

Baxçalarda gül çoxdur,

Bir qızıl gülüm, laylay.


Laylay həyatım laylay,

Qəndim, nabatım laylay.

Şirin sözlər içində

Sözüm, bayatım laylay.


Laylay bəbəyim laylay,

Gözəl, göyəçəyim laylay.

Qürbətdə yad elində

Arxam, köməyim laylay.

Laylay balam, tar səsi,

Qaval səsi, tar səsi,

Səsin kimin xuş olmaz

İnan mənə tar səsi.


Laylay gülün dəstəsi,

Ağacların püstəsi.

Anan kimin olmasın,

Gözün yollar xəstəsi.


Laylay gülün dəstəsi,

Bayram günün püstəsi.

Yuxla sənə oxuyum

Qarabağ şikəstəsi.


Laylay, kəhlik fərəsi,

Güllü çiçək dərəsi,

Balamın Savalandan

Gələr balı, kərəsi.


Laylay ətir şüşəsi,

Urəyimin güşəsi.

Təkcə sənə oxşayır,

Baharın bənövşəsi.


Laylay Səhəndin dağı,

Nə gözəldir oylağı.

Aslan, igit bəsləyir

Balam kimi, torpağı.


Laylay güllərin ağı,

Bəzəyir baxça, bağı.

Qırmızısı yanağın

Göyçək üzündür ağı.


Laylay gülün budağı,

Gülsün balam dodağı.

Hər anaya şirindir,

Dünyada öz uşağı.


Lay-lay güllərin ağı,

Açılıbdır yarpağı,

Birdir ana gözündə

Körpə qarası, ağı.


Laylay gözüm işığı,

Evimin yaraşığı.

Danışandan olmuşam,

Mən dilivin aşığı.


Laylayın qəmli-qəmli,

Olmasın balam qəmli.

Ölmə qızılca ilə

Gedəsən qalam qəmli.


Laylay lalam qurbanı,

Nolur olam qurbanı?

Quzu qurban bayramın,

Mən də balam qurbanı.


Laylay canım qurbanı,

Yat, laylayın qurbanı.

Sən get şirin yuxuya

Olum canın qurbanı.

Laylay tutaram səni,

Əcəb ovütaram səni.

Can qoydum, cəfa çəkdim,

Belə böyütdüm səni.


Laylay əməyim laylay,

Duzum, çörəyim laylay.

Görüm səni böyüyüb

Tutasan əlim laylay.


Laylayın yenə laylay,

Can deyim sənə laylay,

Sənə gələn dərd-bəla

Qoy gəlsin mənə laylay.


Lay-lay bala bal dadı,

Bala adam aldadır.

Yaxşısına can qurban

Pisi verər bal dadı.


Laylay xoruz banladı,

Günəş saçın salladı.

Səhər tezdən durmağı,

Nazlı balam anladı.


Laylay balam, ay batdı,

Günəş çıxdı, ay batdı.

Gözlərin yum yatgınan,

Gecədir zulumatdır.


Laylayın lala çixdı,

Quşa gül lala çixdı.

Şükür balam böyüdü

Yeriyib yola çixdı.


Laylay yağış ələdi,

Dağda qoyun mələdi.

Analar körpəsinə

Yaxşı dilək dilədi.


Laylay dağda çeşmədir,

Suyundan kim içmədi?

Qoç yiyəsin tapmağa,

Burda bir at kişnədi.


Laylayın bir quş idi,

Divara qunmuş idi.

Əl uzatdım tutmağa,

Mələklər tutmuş idi.


Laylay gözum iridır,

Boy– buxunun pəridir.

Deyin, balam maşallah,

Ayaq tutub yeridi.


Laylay Kərəmin sazı,

Koroğlunun Eyvazı.

Hansı dərddən ağlayır

Elimizin Arazı?


Laylay pambıq qozası,

Bağın gül dərvazası.

Badam şükufəsi sən,

Yaz gülünün tazası.

Laylay “Bəzyən “qalası,

Kəleybərin qalası.

Hansı qandan boyanıb

Savalanın lalası?


Laylay ahu balası,

Elin umud qalası.

Ağlasan yaşdan dolar

Cüt gözün piyalası.


Laylay Ərkin qalası,

Yat qəhrəman balası.

Yenə şehdən dolubdur

Gözlərin piyalası.


Laylay narın danası,

Qızıl üzüm danası.

Şirin dilli uşağa

Qurbandır öz anası.


Laylay ahu göz balam,

Laylay şirin söz balam.

Gözəllikdə dünyada

Təkdi mənim öz balam.


Laylayınam öz balam,

Qaşı qara göz balam.

Dilin baldan şirindir

Dodağında söz balam.


Laylay dilin duz balam,

Dil acgınan tez balam.

Mən oturum sən danış,

Şırın-şırın söz balam.


Laylay balam, gül balam,

Mən sənə qurban balam.

Qan eyləmə könlümü,

Gəl mənə bir gül balam.


Laylayınam gül balam,

Telləri sünbül balam.

Kəpənəkdən, serçədən

Yuxusu yüngül balam.


Laylay kəkilli balam,

Huşlu, fikirli balam.

Yar-yoldaşın yanında

Mənim şəkilli balam.


Laylayam oyaq ollam,

Yatmaram oyaq ollam.

Sən gecələr yatınca

Göz ollam, qulaq ollam.


Laylay gülüm, gülabım,

Alma, heyva, gülabım.

Dərya kimin geyinmiş

Ayaqdan başa abım.


Laylay dedim, can dedim,

Yuxudan oyan dedim.

Sən yeri, bir mən baxım,

Can sənə qurban dedim.

Balama laylay dedim,

Yatmadı laylay dedim.

Küçədə oynayanda

Yıxıldı, ey vay dedim.


Laylay şəkərim, qəndim,

Laylay uca Səhəndim.

Dünya gözəllərindən

Mən bir balamı bildim.


Laylay yaşıl çinarım,

Şöhrətim, iftixarım,

Narın-narın, nargülü

Dışləri inci narım.


Laylay damım– duvarım,

Sənsiz yoxdu qərarım.

Sənsən güllü, çiçəkli

Baxça, bağım, baharım.


Laylay bacım qardaşım,

Qərib yerdə sirdaşım.

Qəmli qürbət elində

Sənsən mənim yoldaşım.


Laylay ömür yoldaşım,

Laylay bacım, qardaşım.

Sənsən mənim toy payım,

Bollu-bollu şabaşım.


Laylay güllü zanbağım,

Gülşənim, baxça, bağım.

Almasım, bırılyantım,

Qolbağım, boyunbağım.


Laylay balam ayıxıb,

Süt süzələyib acıxıb,

Ya kal durub yuxudan

Ya qucağa darıxıb.


Laylay dağı qar alıb,

Ağaclardan bar alıb.

Balamın gözləri tək

Hava rəngi qaralıb.


Laylay gülüm belə yat,

Başıvı qoy gülə yat.

Mən qəmini çəkərim,

Sən bax gülə-gülə yat.


Laylayınam biri yox,

Biri vardı, biri yox.

Bağlarında balam tək

Təzə gülü, təri yox.


Laylay göydə ağ bulud,

Dərə bulud, dağ bulud.

Qıyma balam ağlaya,

Sən dayanma yağ, bulud.


Laylayın hamar-hamar,

Naz balam gözün yumar.

Üştü gül, altı çiçək,

Yuxusun orda tapar.

Laylayın çinar-çinar,

Yarpağı damar-damar.

Yaman gözdən, nəzərdən

Saxlasın pərvardigar.


Laylay uca qalalar,

Laçın orda balalar.

Ana balasın verməz

Güç ilin də alalar.


Laylay yandı çıraqlar,

Beşikdədi uşaqlar.

Yeddi yuxu içində

Balam behişt soraqlar.


Laylay şan-şan arılar

Qonar gülə sarılar.

Balama qurban olsun,

Yaşı uzun qarılar.


Laylay dağda lalam var,

Urəyimdə yaram var.

Xalqın malı, dövləti

Mənim də bir balam var.


Laylay balasın istər,

Ana balasın istər.

Mən balamı istərəm

Balam balasın istər.


Laylay laylası gələr,

Yatar yuxusu gələr.

Uzaq-uzaq yolardan

İndi dayısı gələr.


Laylay uşaq şirindir,

Dil yumuşaq şirindir.

Ana üçün hər nədən

Körpə uşaq şirindir.




YALANLAR
* * *

Hadı idi, Hudu idi, mən idim. Getdik şikara. Gördük biri var. Dedim:

– Hadı, tüfəngin var?

Dedi:


– Yox.

– Hudu, tüfəngin var?

Dedi:

–Yox.


– Məndə də biri var, lüləsi yox.

– Hadı, fişəngin var?

Dedi:

– Yox.


– Hudu, fişəngin var?

Dedi:


– Yox.

– Məndə də var idi, barıtı yox.

Bu barıtsız fişəngi, lüləsiz tüfəngə qoyub nişana gedib ovun lap alnının ortasından vurdım.

– Hadı, bıçağın var?

Dedi:

– Yox.


– Hudu, bıcağın var?

Dedi:


– Yox.

– Məndə də biri var, tiyəsi yox.

Bu tiyəsiz bıcağ ilə ovun başını kəsib dərisini soydum.

– Hadı, qazanın var?

Dedi:

– Yox.


– Hudu, qazanın var?

Dedi:


– Yox.

Məndə də var idi, dibi yox.

Gətirib bu dibi olmayan qazanı govhan ilə dəlib, sirim ilə süpürdüm. Ətləri töküb içinə, ocaq üstə qoydum bişməyə. Ətləri tökülüb suya qaldı. Oturduq yeməyə. Amma çox yağlı idi. Mənim sağ əlim yağlı oldu, çəkdim sol başmağımın üzü­nə, sağ başmağım acıq eləyib getdi. Dağa çıxdım görmə­dim, daşa çıxdım görmədim. Gedib düzdə iynə ilə bir quyu qaz­dım. İynə sancdım qoyunun tərkinə, çıxdım iynənin üstünə, gördüm odu ha, başmaq tayım Muğanda çəltik əkir.

Getdim Muğana, dedi:

– Səbr elə çəltik yetişsin, biçib döyüb götürüb gedək.

Bir gün getdik biçməyə, gördük qabanlar düşüb çəltiki ye­yirlər. Hirslənib orağı atdım qabana, oraq kecdi qabanın quy­ruğunun altına. Qaban qacdı. Oraq biçdi. Çəltiklər hamısı bicildi.

Bir gün getdik döyməyə, gördük bir dəstə at düşüb taya­ya çəltikləri yeyirlər. Bir daş götürüb atdım, dəydi atın nalına, naldan bir od atılıb düşdü tayaya. Çəltikləri söküb qərağa atdım, bir də gördüm çəltiyin içindən bir palan çıxdı. Palanı açıb oxudum, gördüm mənim bu dediklərimin hamısı yalan çıxdı.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin