Gül ilə Sünbül
Qədim zamanlarda bir padşah var idi. Onun uşağı olmurdu, sonsuz idi. Günlərin bir günü bir dərviş onun sarayının ala qapısına gəlib dedi:
– Padşahı görmək istəyirəm.
Padşahın adamları ala qapıya doğru gedib, ona on batman düyü, bir at, yüz tümən isə pul verdilər. Amma dərviş onları qəbul etməyib söylədi:
– Mən heç bir zad istəmirəm, mən dilənçi deyiləm, təkcə padşahı görmək istəyirəm!
Onlar gedib padşaha dedilər. Padşah söylədi:
– Ona at, pul, belənçi zadlardan verin getsin.
Söylədilər:
– Verdik, qəbul etmədi. O, sizi görmək istəyir!
Padşah elə o gün səhər çağı əl-üzün yuyarkən güzgüyə baxıb, görmüşdü saçına-saqqalına dən düşübdür, sanki qocalığın qarı yağıbdır. Elə buna görə padşah çox kədərlənib, pozğullaşmışdı. Söylədi:
– Yaxşı, dərvişə deyin içəri gəlsin!
Dərviş saraya girib getdi padşahın önündə oturub salamlaşıb söylədi:
– Sən dərvişsən, qapını çaldın, hər nə istəyirsən, al get, daha bu işlərlə nə işin vardır?
Dərviş döylədi:
– Mən bir zad almağa gəlməmişəm. Təkcə gəldim görək bu gün nə qəm-kədərli və pozğunsan?
Padşah söylədi:
– Bu gün güzgüdə gördüm saçıma-saqqalıma dən düşübdür. Mən bu yaşıma çatmışam amma hələ uşağım yoxdur, sonsuzam. İndi başa düşdünmü nə üçün qəm-kədərli və pozğunam?
Dərviş əlini cibinə saldı, bir cib dəsmalı eşigə çıxartdı. Dəsmalı açıb onun içindən bir gözəl-göyçək alma çıxarıb, padşaha verib söylədi:
– Bu gecə yatandan əvvəl bu almanı ye sonra yat. Beləliklə, tanrı sənə bir oğul verəcəkdir. Oğlun olandan sonra yeddi günə qədər ona ad qoyma. Döz mən gəlim.
Dərviş sağollaşıb getdi. Padşah isə almanı yedi. Günlər bir-bir gəlib, getdi. Aylar ötdü. Padşahın sonsuz qadınının boyuna ki, uşaq düşmüşdü, vaxtı gəlib çatan saatda bir oğlu oldu. Oğlan yeddi günlük idi ki, dərviş gəldi. Dərviş o oğlanın adını Qanqal qoydu. Günlər keçdi, aylar gəldi, illər ötdü. Qanqal boya başa çatdı, gözəl göyçək bir gənc oğlan oldu. Onu məktəbdə molla bacıya tapşırdılar. Molla bacının məktəbliləri ki, qız uşağı idilər dillənib, mırtdanıb hey deyirdilər, nə üçün Qanqalı bir kişi xaylağı olan mollaya tapşırmayırlar? Məktəblilər onu o qədər incitdilər ki, daha məktəbə getmədi. Bir gün iki dəst geyim, bir qədər yemək, bir kisə isə pul götürüb, öz atını yəhərləyib, ayağını üzəngiyə basıb, qalxıb atına minib yola düşdü. Heç kimsəyə, hətta ata-anasına da heç bir söz demədi. Molla bacının evinə doğru getdi. Molla bacının evinə-məktəbinə çatarkən nizəsinin ucunu yerə vurub başını ona dayayıb söylədi:
– Molla can, ay Molla can, mən Qanqalam, Qəndəhardan gəlmişəm, bahar qoxuluyam, aşıq bir vurğunam!
Məktəblilər səs-küy saldılar. Molla bacı başa düşmədi o, nə deyir. Oğlan ikinci kərə, üçüncü kərə, dönə-dönə başını nizəyə dayayarkən hey söylədi:
– Molla, molla can! Mən Qanqalam, Qəndhardan gəlmişəm, bahar qoxuluyuram, aşiq bir vurğunam!
Molla bacı onun sözlərini eşidib, başa düşərkən qız uşaqlarına söylədi:
– Səs salmayın, səsinizi kəsin!
Uşaqlar susdular. Molla bacı ayaqyalın eşigə qaçdı. Qanqalı at üstdə gördü. Qanqal pul ilə dolu kisəni molla bacıya verib dedi:
– Molla can, bunu məndən qəbul elə, mən istəyirəm gedəm!
Molla bacı sordu:
– Haraya gedirsən?
Cavab verdi:
– Hər yer yol versə!
Molla bacı sordu:
– Ata-anan bilirlərmi?
Cavab verdi:
– Yox!
Qanqal Molla bacı ilə sağollaşıb yola düşdü. Bir müddət at çapdı. Ha getdi, hu getdi. Az getdi, çox getdi, nəhayətdə bir çölə yetişdi. Ucsuz-bucaqsız, geniş çöldə gahdan durub, nizəsinin ucunu yerə vururdu. Başını nizəsinə dayayırdı, belə oxuyurdu:
Qanqalam, mən qanqalam,
Mən bahar qoxuluyam,
Qəndəhardan gəlmişəm
Mən bir aşiq, vurğunam.
Günlər, həftələr hey at çapıb, yol gedirdi. Günlərin bir günü bir şəhərə çatdı. O şəhərin sarayına doğru at sürdu. Padşahın qızı küləfirəngidən baxırdı. Qanqalı süzürdü. Padşahın gözəl-göyçək ay bənizli qızını görüb, bir könül yox, min könüldən onu sevib, aşiq olub vurğunu oldu. Vurğun Qanqal at belində, nizə əldə dayanıb, üzünü o gözəl şahzadə xanıma tutub, belə oxudu:
Qanqalam, mən qanqalam,
Mən bahar qoxuluyam,
Qəndəhardan gəlmişəm
Mən bir aşiq vurğunam.
O şəhərin padşahının qızı Qanqalı mahnı oxuyarkən görüb, üzünü ona tutub söylədi:
– Ay oğlan, dayanma, buradan get. İndi qardaşlarım gələrlər, səni burda görüb öldürərələr!
Qanqal eşidərkən söylədi:
– Haraya gedim?
Padşahın qızı qırx hörüklü hörülmüş saçlarını kəmənd kimi aşağıya salladı, oğlanı kəməndinə salıb sarayın divarından yuxarıya çəkdi. Sonra isə əmr etdi saraydakı adamların biri onun atını tövləyə apardı. Qanqal uzun bir müddət o qızın yanında qaldı. Sonra isə padşahın qızına dedi:
– Ay qız, canım çirklənibdir, hamama getməliyəm.
Padşahın qızı saraydakı adamların birinə əmr etdi, onu hamama apardı. Qanqal üzünü bərk-bərk əynindəki əbasına bürümüşdü ki, tanınmasın. Elə təzə hamama yetişmişdi ki, qızın qardaşlarının xəbəri oldu. Qızın qardaşları hamama girərkən gördülər ki, Qanqal əbasını, geyimini soyunur. Böyük qardaş onun sirrini bildi. Amma öz-özünə “ yox, mən bu oğlanı öldürmərəm” dedi – “onun günahı yoxdur”, dedi. Sonra isə özünün sıyırılmış xəncərini qınına taxdı. Ortancıl qardaşın da Qanqala ürəyi yandı. Amma kiçik qardaş öz xəncəri ilə ona yügürüb, öldürdü. Qanqal ölən halda, onunla gələn adama dedi:
– Get padşahın qızına de.
Qanqal dedi:
– Mən atamın-anamın bir dənəsi idim. Arzum var idi. Arzuma çatmazkən, onun qardaşlarının biri məni öldürdü. İndi isə Şumşad ağacından mənim üçün bir tabut qayırın. Yan-yörəsini xəncərlərlə, güzgülərlə bəzəyin. Mənim cəsədimi yuyandan sonra tabuta qoyub, şəhərdə dolandırın. Buna görə ki, mən nisgilliyəm. Atamın, anamın bir dənəsiyəm. Atam-anam istəyirdilər ki, mən arzuma çatam.
Sonra isə Qanqal can verib dünyasını dəyişdi. Padşahın qızı bu olayı eşidərkən, pirim-pirim, zar-zar, hönkür-hönkür için çəkib, ağladı. Atasının yanına gedib söylədi:
– Qanqal bir oğlan idi ki, mən bir müddət onu sarayda saxladım. Qardaşlarımın biri onu hamamda öldürdü. Onun bir vəsiyyəti vardır. Atacan, mənə yardım et, onun vəsiyyətini yerinə yetirim.
Qızın atası onun sözlərini qəbul etdi. Əmr elədi Şimşad ağacından onun üçün bir tabut qayırdılar. Elə düz o cür ki, Qanqal demişdi. Onu xəncərlərlə və güzgülərlə bəzədilər. Qanqalın cəsədini yuyub tabutun içinə qoydular. Padşahın qızı tabutu qayıran kimsələrdən istədi ki, Qanqalın cəsədini tabut içrə şəhərdə dolandırsınlar. Sonra isə artırdı:
– Tabutu şəhər içrə dolandırandan sonra buraya gətirin. Onu neçə kərə sarayın dövrəsinə dolandırın, sonra isə onu aparın qəbiristanlıqda torpağa tapşırın.
Tabutu şəhər içinə aparıb dolandırdılar, sonra isə onu iki kərə sarayın dövrəsinə dolandırdılar. Qız küləfirənginin ikinci qatdakı pəncərəsindən eşigə baxırdı. Tabutu üçüncü dəfə sarayın başına dolandıranda, qız özünü pəncərədən tabutun üstünə atdı. Tabut, onu çəngində aparan adamların çiyinlərindən yerə düşdü, xəncərlərin hamısı qızın bədəninə batdılar. Beləliklə, qız öldü. Yenidən Şumşad ağacından iki tabut qayırdılar. Qanqal ilə padşahın qızını tabutların içinə qoydular. Onları qəbiristanlığa apardılr. Pirim-pirim, zar-zar, hönkür-hönkür ağlaya-ağlaya onları iki qoşa qəbirdə toprağa basdırdılar. Onlar üçün nisgilli, həzin-həzin ağı oxudular, matəm tutdular, yas saxladılar. Beləliklə, o iki aşiq, sevgili vurğun əbədiyyata qovuşdular.
Padşah söylədi:
– Onların ikisinin qoşa məzarının arasında bir divar çəkin. Oğlan divarın bu tərəfində qalsın. Sabah onların qəbirlərinin üstünü açaq görək onlar necə dost-aşiq və vurğun imişlər.
Onların qəbirlərinin arasında divar çəkdilər, sonra isə oranı tərk edib, şəhərə getdilər. Ertəsi gün padşah, öz adamlarıyla qəbirsanlığa qayıtdılar. Onlar gördülər o qız ilə oğlanın qəbirlərinin arasında “Gül” ilə “Sünbül” göyəribdir. Bir gözəl sarı köynək bülbül gül ilə sünbülün üstündə hey vurnuxub uçub, dolanıb nəğmə oxuyurdu! Onlar qəbirlərin üstünü açdılar. Qara torpağı eşigə töküb meyitlərə çatdılar. Gördülər qızın biləgi oğlanın başının altındadır. Oğlanın biləgi isə qızın başının altındadır. Sanki iki vurğun aşiq əbədı yuxuya getmişdilər. Padşah bu durumu görərkən söylədi:
– Afərin, eşq olsun, canım qurban olsun belənçi bir ilqara, dostluğa, eşqə və vurğunluğa!
Sonra isə padşah hirslənib qəzəbindən əmr etdi cəllad onun kiçik oğlunu – Qanqalın qatilini öldürsün. Onun başını bədənindən ayırdılar. Onu isə onların yaxınlığında qoyladılar. Sonra padşah əmr elədi qız ilə oğlanın məzarlarından çıxan gül ilə sünbülü qorumaq üçün, bir molla onların məzarının başı üstdə çadır vurdu. Molla bu işi yerinə yetirdi. Hər gün bir dəstə tikan gülü başqa qəbirdən göyərib sürünüb gəlib “Gül” ilə “Sünbül”ə dolaşıb, sarışırdı. Molla tikanları hey yolub, o yana atırdı. Tikan yenidən göyərib gedib gül ilə sünbülə dolaşıb onları incidirdi. Günlər belə ötdü. Padşah isə bir gecə qəbiristanlığa getdi. Qız ilə oğlanın məzarlarına baş çəkdi. Gördü “qara tilov” tikanı göyərib, sürtüşüb gəlib gül ilə sünbülün budaqlarına dolaşıb sarışıbdır. Sanki istəyir güc və gül ilə sünbülü boğub, soldurub, öldürüb aradan qaldırsın. Molladan dəlilini soruşdu. Molla qorxa-qorxa cavab verdi. Gecə-gündüz bu qatı tilov tikanı yoluram, yenə də çıxır gül ilə sünbülün budaqlarına dolaşır. Bu sözü deyərkən yenə də ayıldı, “qara tilov” tikanın gülünü yoldu. Padşah şəhərə, öz sarayına qayıtdı. O ertəsi gün, yenidən qəbiristanlığa getdi. Gördü qara tilov tikanı daha da artaraq göyərib, ucalıb, güclənibdir. Gül ilə Sünbülün budaqlarına baş-canlarına sarışıbdır. Onları ülüşkədib, soldurub, boğub öldürüb aradan qaldıracaqdır. Padşah başa düşdü ki, qara tilov tikanı onun kiçik oğlunun qəbrindən göyəribdir. Padşah əmr elədi oğlunun qəbrinin üstünü açdılar, onun cəsədini qəbirdən çıxarıb yandırdılar, külünü isə yelə verdilər. Bəli, onlar bu işə əl vurmaqla, qara tilovu tikanın vasitəsi ilə daha incidilmədilər. Məhəbbət və sevgi aləmində özgürlüyə və qurtuluşa çatdılar. Onların məhəbbət dastanları, eşq və sevgiləri dünyanın aşiqləri üçün bir simgə, örnək kimi yadigar qaldı.
Qoca
Qədim zamanda bir yoxsul qoca kişi varıydı. Daha dünyadan doymuşdu. Deyir, gedim şaha bir söz deyim. Ya məni öldürtdürsün, ya mənə carə qılsın. Gedir şahın qapısına. Qapıçı deyir:
– A kişi, burada nə qayırırsan?!
Qoca deyir:
– Şahla işim var.
Qapıçı soruşur:
– Nə işin var?
Qoca deyir:
– Sənə deməli dəyil, şahın özünə deyəcəyəm.
Qapıçı gedib şaha xəbər verir. Şah deyir:
– Qoyun gəlsin!
Qocanı içəri gətirdilər. Şah soruşur:
– Nə deyirsən?
Qoca deyir:
– Qurban, qulağını gətir, qulağına deyəcəyəm.
Şah deyir:
– Gəl, di görüm nə deyirsən?
Qoca şahın qulağına deyir:
– Arvadın belə, qızın belə, uşağın belə.... Olmazın pis-pis yamanları deyir.
Şah görür qoca dünyadan doyub. Əmr edir qocaya bir kisə qızıl verirlər.
Vəzir öz-özünə deyir: bu, şaha nə dedi, bir belə qızıl aldı. Mən bu qədər şaha xidmət eyləmişəm mənə bu qədər qızıl verməyib. Gedir kişini yolda tutub soruşur:
– Sən şahın qulağına nə dedin?
Qoca deyir:
– Sən də bir kisə qızıl verərsən, sənə də deyim.
Vəzir qocaya bir kisə qızıl verir. Qoca deyir:
– Şaha zurna çalmağı öyrətdim. İndi gəl sənə də öyrədim.
Qoca vəzirə zırna çalmağı öyrədir. Bir gün şah şikara çıxır. Vəzir də zurnanı qoltuğuna vurub şahın yanınca gedir. Şahlar ayıq olarlar. Görür vəzirin qoltuğu şişib. Soruşur:
– Vəzir, o nəmənədir qoltuğunda?
Vəzir deyir:
– Səninkindəndir da!
Şah deyir:
– Nə mənimkindəndir?
Vəzir deyir:
– Qurban, o qoca verən zurnadır da!
Şah barmağın dişləyir deyir:
– Çal görüm!
Vəzir zurnanı çıxardıb çalır.
Şah qocanı çağırtdırır. İkisinə də deyir:
Qocaya deyir, vəzirin paltarlarını gəti! Sənin vəzir olmağa ləyaqətin var. Vəzirə də deyir:
– Qocanın paltarlarını gəti, get zurna çalmağına.
Alın yazısı
Bir gün varıydı, bir gün, yox idi. Allahdan sonra heç kim yox idi. Bir padşah var idi. Bu padşahın bir arvadı və bir gənc oğlu var idi. Bir gün şahın arvadı yıxılır, əlinin dərisi soyulur. Oğlan görür alnında yazılmış deyir:
– Bu arvadı oğurluq üzrə tutub başın qırxacaqlar. Padşahla oğlu fikirləşir, əgər bu iş şahın ölkəsində baş verərsə, şahın abrı gedəcək. Qərar qoyurlar, şahın oğlu və anası köhnə paltar geyib başqa ölkəyə gedirlər. Anasını orda bir bəyin evinə kəniz verir və deyir:
– Bir ildən sonra gəlib aparacayam.
Arvad da şah arvadıdır, bəyin ayləsi bu kənizin ədəb, nəzakət, ləyaqət və səliqə-səhmanın gördükdə, kənizə çox hörmət bəsləyir və deyirlər:
– Biz bunu həmişə öz yanımızda saxlayacayıq.
Bir gün bəyin arvadı yuyunanda boyunbağısın divarda bir taxcaya qoyur. Yuyunur, geyinir, boyunbağı yadından çıxır qalır orda. Bir quş gəlir qızıl boyunbağını dimdigində alıb aparır, həyətdə bir ağacın budağından asır. Bəyin arvadının yadına düşür. Gəlir, görür boyunbağı asladığı yerdə deyil. Deyir bə kəniz oğurlayıb. Kənizin başın qırxıb aparır şəhəri dolandırırlar. Neçə gün sonra görürlər bir quş boyunbağını ağacın budağından dimdiginə alıb, öncəki yerinə gətirib asladı. Kənizin günahsızlığın duyaraq bəyin ayləsi hamılıqca kənizdən üzr istədilər. Bir il sovuşduqda oğlu gəlir, bəyin ayləsinə deyir:
-
Sizə kəniz verdigim bu arvad şah arvadıdır. Mən də şahın oğluyam. Olayın (macəranın) əvvəldən nə çeşit olduğunu mən sizə deyən kimi söyləyir. Sağollaşır, anasın götürüb ölkələrinə dönürlər.
Çox olsa bir ovuc, az olsa yarım ovuc
Günlərin bir günündə bir dənə kişi var idi. Arvadı bunu göndərər ət alsın. Kişi gedər alar qayıdar. Bu yol bunun arvadı deyər:
– Duzun xəbər aldın, ya yox ?
Deyər:
– Yox, almadım.
Arvad deyər:
– Canım, get xəbər al, görəm nə qədər duz salacayıq. Adam da gedər göldu şu alar, duzun xəbər almaz?
Kişi gedər gulduzçunu tapar. Soruşar, gulduzçu deyər:
– Əh, rəhmətliyin balası, çox olsa bir ovuc, az olsa yarım ovuc.
Kişi deyə-deyə gedirdi ki, yadından çıxmasın. Yetişər bir yerə. Bir kişi xirmən sovururdu. Eşidər bu deyir, “ çox olsa bir ovuc, az olsa yarım ovuc”. Götürər üstünə bir-iki sənə vurar deyər:
– Köpək oğlu, necə bir ovuc, yarım ovuc!
Deyər:
– Qərdəş, bə nə deyim, axı?
Deyər:
– Denə, bərəkətli olsun, biri min olsun!
Kişi deyə-deyə gedər, bərəkətli olsun, biri min olsun! Gələr yetişər bir yerə. Demə ölü aparırlar. Salarlar bunu kötəgin altına ki, köpək oğlu, necə bərəkətli olsun, biri min olsun!
Deyər:
– Qərdəş, bə nə deyim, axı?
Deyirlər:
– Denə, Allah rəhmət eləsin, getsin gəlməsin, gördüz görmiyəsiz!
Deyə-deyə gələr bir yerə, demə gəlin aparırlar. Kişi deyər:
– Getsin gəlməsin! Gördüz, görmiyəsiz!
Tutarlar salarlar kötəgin altına. Nə yemisən turşulu aş. Kişi deyər:
– Axı, qərdəş, bə niyə vurursuz? Nə deyirsiz deyim da. Deyərlər. Denə gəlin gətirmək ilə, xeyir görmək ilə, ha bir Allah ! Atıl duz. Börkünü at göyə.
Kişi gedər-gedər yetişər bir şikarçıya. Şikarçı ov salmışdı qaravula, istirdi vursun. Kişi qışqırıb atılanda av qaçar. Ovçunun ovqatı tələf olar. Tüfəngin tərsiylə duşər kişinin canına o ki, var vurar. Kişi deyər:
– Qərdəş niyə vurursan? Axı mən neylədim? Nə deyirsən deyim da.
Şikarçı deyər:
– Heç zad demə. Börkünü götür, başmaqların vur qoltuğuna, əgilə-əgilə duvar dibindən çıx get.
Kişi elə elər. Birinin evin kəsmişdilər. Oğrunu axtardılar. Kişini görmək haman o ki, var kötəgə basarlar ki, sən ev kəsmisən. Kişi deyər:
– Mən oğru dəyiləm. Mənə bir nəfər belə dedi, mən də elədim. Məni niyə vurursuz? Nə deyirsiz, deyim. Deyərlər:
– Börkünü qoy, əgilmə, başını qavza, düz çıx get. Əgilsən, dədəni yandıracağıq.
Kişi düz qoyar gedər, yetişər qapılarına. Əgilməz qapı sinəsindən olar. Səslər:
– Arvad, gəl qapını sök, mən keçim.
Arvad çıxar bir təpik vurar, kişi təpilər içəri.
Adı ilə Budı
Biri var idi, biri yox idi. Allahın kərəmi çox-çox idi. Bir dənə Adı var idi, bir dənə Budı. Bir gün Budı deyər:
– Kişi, nə var?
Deyər:
– Budı, mən deyirəm duraq, gedək bir qızımız evinə. Çoxdandı görməmişik. Dur tədarük görək gedək.
Budı deyər:
– Nə eləyək?
Adı deyər:
– Duraq bir az kökə yapaq.
Qız gecəsi idi. Adı deyər:
– Allahın təndiri yanır.
Xəmir elərlər, yaparlar duvara. Səhər durarlar görərlər mis kimi donub. Qaçırlar, yığarlar dağarcuğa. Təndirdə bir gulduş ətləri var idi. Üstün örtərlər. Bir kisə də pulları var idi. Bərkidərlər. Qapını bağlarlar, açarı daş altına qoyarlar, gedərlər. Yolda bir baba dərviş gedirdi. Deyərlər:
– Baba dərviş!
Deyər:
– Bəli.
Deyərlər:
– Biz gedirik qızımızgilə. Açar daş altdadı. Gedib qapını açıb, əti yeyib, yerinə s...... ha?
Baba dərviş deyər:
– Yox, xanım mənim özümün işim gücüm var.
Deyərlər:
– Baba dərviş!
Deyər:
– Bəli.
Deyərlər:
– Gedib filan yerdən, bir kisə pulumuz var, götürüb yerinə saxsı doldurmayasan, ha!
Baba dərviş deyər:
– Xanım uzaq olmayın. Mənim sizin pullarızla nə işim var. Qoyun gedim. Qəribə, işdi, ha!
Adı ilə Budı arxayın olarlar gedərlər. Baba dərviş gələr girər evə, əti yiyər, s..... gulduşuna. Pulları götürər.
Bunlar da gələrlər, qızları evinə. Xəbər göndərərlər. Qızları da, bətər yerdə idi. Əri var-dövlətli tacir idi. İki əli olar, bir təpəsi. Adam yollar ki, bir zad-mad gətirsələr, tutsunlar alsınlar ki, abrısı getməsin. Budı bir dana kökə götürər, soxar lüt qoynuna. Gələrlər, yetişərlər evə. Salam. Əleykəsalam. Oturarlar. Bu yandan kürəkən gələr. Budı əl elər qoynuna kökəni çıxardar, qoyar kürəkənin qabağına, deyər:
– Nənən ölsün bala, çox idi. Yolda bir başı yanmış aldı.
Qız tez yeriyər kökəni götürər atar evə. Oturarlar, yeyərlər, içərlər, olar gecə. Qız qaravaşa deyər:
– Yerlərin sal hil-mixək damında.
Adı ilə Budı gecənin bir zamanı ayılarlar. Həl-mixəyin iyi vurar yatanmazlar. Budı deyər:
– Adı!
Adı deyər:
– Can Budı.
Deyər:
– Nə var?
Deyər:
– Nənəsi ölmüş balanın işi çoxdu. Bayıra da gedinməyib, s........ otağa, iyi gəlir. Dur buları tökək çaya.
Durar hil-mixəkləri daşırlar. Tökərlər çaya. Bu yol rahat yatarlar. Səhər çay içməgə gələrlər. Budı deyər:
– Nənən ölsün bala, bə, bu köpək oğlunun evində nə qədər iş var? Bu gecə səhərədək nəcis daşımışıq.
Qız deyər:
– Eviz yıxılsın! Hil– mixəkləri neylədiz?
Gedər görər ki, töküblər çaya. Pul verər nökərlər ayrısın alarlar yerin doldurarlar ki, kişi bilməsin. Helə yeyərlər, içərlər olar gecə. Qız deyər:
– Yerlərin salın aynabənd otaqda.
Gecənin bir zamanı ayılarlar, baxarlar, görərlər oyan bu yan adamdı. Budı deyər:
– Adı!
Deyər:
– Can Budı!
Deyər:
– Nənəsi ölmüş balanın nə çox düşməni varmış. Duraq bunları öldürək. Durarlar hərəyə bir dəgənək, şaqqaşaq vurarlar aynaları sındırarlar. Budı deyər:
– Bax, öldülər. Baxın yoxdu.
Başların qoyarlar rahat səhərəcən yatarlar. Səhər çağı çay içməgə gələrlər. Səlam,
Əleykəsəlam. Deyər:
– Bala, nə çoxdu düşmanın! Bu gecə səhərəcən kişiynən qırmışıq.
Qız gedər görər aynabənd otağı heç eləyiblər. Deyər:
– Eviz yıxılsın. Bə niyə belə eləmisiz?
Verər nökərlər otağı tazadan aynabənd elərlər ki, kişi bilməsin.
O gün də axşam elərlər. Qız deyər:
– Yerlərin salın qaz anbarında.
Gecənin bir zamanı qazlar oxuyurdular. Bunlar ayılarlar.
Budı deyər:
– Adı!
Adı deyər:
– Can Budı!
Deyər:
– Bilirsən nə var?
Deyər:
– Yox, nə var?
Deyər:
– Nənəsi ölmüşün vəqti olmayıb. Qazların başları bitləniblər. Dur buları yuyunduraq rahatlasınlar.
Durarlar adama bir qazan su qaynadarlar. Qazları bir-bir tutarlar başların basarlar suya düzərlər duvara. Budı deyər:
– Bax, yazıqlar dincəldilər yatdılar.
Səhər gəldilər çay içməgə. Deyər:
– Nənən ölsün bala! Nə çox möhnətin ağırdı! Qazların başın da yuva bilmirsən. Başları bitlənmişdi. Ağlıyırdılar. Qaynar suya basdıq rahatlaşdılar.
Helə verər nökərlər qaz alarlar, salalar onların yerinə, kişi bilməsin. O gün də axşam elərlər. Qız deyər:
– Yerlərin salın nəft anbarından.
Neftləri doldurmuşdular kuzələrə, düzmüşdülər duvar dibinə. Adı ilə Budı baxarlar görərlər kuzələr doludur.
Budı deyər:
– Adı!
Adı deyər:
– Can Budı.
Deyər:
– Heyvan bala, haradan bilib biz yuyunacağıq kuzələri doldurub hazırlayıb?
Durarlar hərəsi bir qazan nəft qızışdırarlar çimərlər. Səhər çay vəqti cəhənnəm iti kimi gələrlər. Budı deyər:
– Nənən ölsün, nə bildin bizə su lazımdı, kuzələri doldurdun.
Qız deyər:
– Vay, eviz yıxılsın! Olar nəft idi.
Nökərlərə deyər:
– Bu köpək uşaqların aparın hamama.
Hamamdan qayıdanda qapıdan qoymaz. Bir kuzə doşab, bir az çit, bir dana at verər deyər:
– Da, bəsdi gedin evinizə.
Qışın sazağı idi. Soyuqdan yer cırılmışdı. Adı deyər:
– Budı!
Deyər:
– Nə var?
Deyər:
– Yerin dabanı quruyub çatlayıb. Gəl bu doşabı tökək bura. Yazıqdı.
Doşabı tökərlər yerin çatdağına. Bir az gedərlər. Görərlər tikan kolu var, yel vurur əsir. Budı deyər:
– Adı!
Adı deyər:
– Can Budı! Nə var?
Deyər:
– Bizim əynimizdə paltar var. Tikan lüt qalıb əsir. Gəl çiti çəkək tikanın başına, üşüməsin.
Deyər:
– Yaxşı.
Çiti açarlar, çəkərlər tikanın başına. Bir az gedərlər görərlər, bir çolaq qarğa atıla-atıla gəlir. Budı deyir:
– Adı!
Deyər:
– Can Budı! Nə var?
Deyər:
– Bax, heyvan qarğa gör necə atılır. Gəl bu atı verək ona. Bizim qızımız var, gedirik. Ölmərik ki, qarğa yazıqdı, gedib balasına çata bilməz.
Atı da ötürərlər qarğanın qabağına, gedərlər. Baba dərviş rast gələr. Deyərlər:
– Baba dərviş?
Deyər:
– Bəli!
Deyərlər:
– Sən Allah tikan üşürdü, çiti çəkdik başına üşüməsin. Qarğa da çolaq idi, gedə bilmirdi, atı da verdik ona. Gedib çiti, atı aparmayasan.
Baba dərviş deyər:
– Yeri, baba işinə! Mən də helə deyirəm bə nə sözü var. Mənim nə işim var. Dərdimin biri də oydu ki, gedəm çolaq qarğadan at alam! Qoyun çıxıb gedim canım, səfəhləmiyin.
Onlar oyana, dərviş dəbərilər atı minər, çiti götürər gedər.
Adı ilə Budı gələrlər yetişərlər evə. Deyər:
-
Budı, sən Allah, tez çıxar əti yeyək, acam mən ölürəm.
Budı əti çıxardar görərlər Baba dərviş aparıb, yerinə saxsı doldurub. Bunların iki əli olar, bir başı.
Yedi, işdi mətləbinə yetişdi.
Tülkü ilə qurd
Günlərin bir günü tülkü yolun üstündə uzanıb ölmüşdü. Özünü tülkü ölülüyə vurmuşdu. O vəqtlərdə dərisi yeddi-səggiz yüz tümənə gedirdi. Gəlin aparırdılr.
Tülkünü görərlər, atarlar gəlinin atının tərkinə. Hərə özünə məşğul idi. Birdən gəlin “cuy” çıxardar. Tülkü deyər, deyirsən deyim gəlin o....? Gəlin deyər:
– Amandı, demə, abrım gedər. Boyunbağımı verərəm sənə.
Tülkü alar deyər:
– Deyəcəgəm.
Gəlin saatın verər. Tülkü alar deyər, deyəcəgəm. Gəlin nə qədər qiymətli şeyi var idi verər. Tülkü alar, atılar yerə. Həray təpər gəlin....., qaçar gedər. Rast gələr qurda.
Qurd deyər:
– Tülkü qardaş, onlar nədi?
Tülkü deyər:
– Xəbərin yoxdu. Zərgərlik, çərçilik xırdası satıram. Qurd deyər, mayasın hardan tapdın?
Deyər:
– Budu, bax, sel, çay gəlir. Quyruğunu qoy çaya, sel gətirsin yığsın. Səhər çıxart apar sat.
Qudr inanar deyər:
– Yaxşı oldu, sağ ol. Allah səni mənə çox görməsin. Axşam başı quyruğun bir dəbərdər. Görər ağrıdı. Deyər qoy qalsın çox yığışsın. Səhərçağı arabaçılar gedəndə görərlər çay qırağında qurd oturub baxır, əl dəgənəgə qurdun üstünə. Qurd birdən dik daşlanar qaçsın, quyruq kökündən çıxar. Qurd qardaş qanı süzülə-süzlə qaçar. Deyər, köpək oğlu tülkü, tutsam yeyəcəgəm.
Gedər görər, tülkü bir toyuq başı alıb dişinə gəlir. Deyər:
– Köpək oğlu tülkü, gəl qabağa yeyəcəyəm səni. Quyruğumu bura qoymusan, kökündən çıxıb.
Deyər:
– Gədə, hadaran-padaran danışma, özündə huş-fərasət yoxdu, ona neyləyim? Bir az bevaxta qalmışam. Ağırlayıb quyruğunu üzüb. Bu yol qəssablıq eləyrəm. Gəl sənə də ögrədim. Əti sat sərmaya çıxarsın, get kefini çək. Qurd deyər:
– Hardan sərmaya tapdın sən?
Deyər:
– Budu bax, filankəsgildə hin doludur toyuqla. Get beş-onun basmarla gətir sat. Mayası mədəndi.
Gecə çağı qurd gedər təpilər hinə. Toyuqlar çığırarlar. Ev sahabı ayılar. Götürərlər ağacları, vurarlar eni-uzunu bir olar. Qurd yarımcan qaçar gedər. Deyər:
– Köpək oğlu tülkü, bu dəfə tapsam yeyəcəgəm səni.
Tülkü görər, balam, qurd ayrı cür gəlir. Girər dəgirmana, üz-gözünə un sürtər, çıxar durar navın başında. Qurd gələr deyər:
– Köpək oğlunun balası tülkü, bu yol yeyəcəyəm. Gəl yaxına.
Tülkü deyər:
– Gədə, axmaq danışma. De görüm yenə nə puç çıxartmışam.
Qurd deyər:
– O qədər kötək yemişəm ki, heç zada meylim yoxdu. Doymuşam.
Tülkü deyər:
– Səndə əql hardadı? Hər sənətə qoyuram bir tikə çörək sahabı olmursan. Hələ mənə dilin də var? Bu yol dəyirmançılıq eləyirəm. Gəl səni şərik eləyim.
Qurd deyər:
– Mən acam, bir zad-mad ver yeyim, sonra.
Tülkü deyər:
– Gəl daşın dövrəsinə. Un yala, mən gəlim.
Qurd yeriyir daşın dövrəsinə un yalamağa. Tülkü yavaşca suyu qoşar dəgirman işlər. Vurar qurdun ağzı-burnun qanadar, qatar bir-birinə. Tülkü qaçar gedər. Qurd ağzı-burnu qanlı gələr deyər:
– Köpək oğlunun tülküsü, da bu dəfə əlimdən sağ qurtulan canın yoxdu. Yeyəcəgəm irəli gəl, ölürəm acından.
Tülkü gülər, deyər:
– Gəl, görürəm, duz-çörək sahabı olmiyacaqsan. Gəl sələçilik eliyək. Əğlini yığ başına, toxu.
Tülkü deyər, gəl gir sələnin içinə örgəş. Qurdu salar sələyə, başlar toxumağa. Qurd deyər:
– Tülkü, mən örgəşənmirəm.
Deyər:
– Az danış, bax örgəşəsən.
Sələni toxur. Ağzın dələr. Qurd qalar içində. Çoban geçirdi. Tülkü səslər:
– Çoban qardaş, bir dana bal pətəgi qalıb burada, gəl apar, yeyərsən.
Sələni dığırladar, çoban götürər aparar evinə. Nənəsinə deyər:
– Qardaşlarıma demə, nənə, ikimiz yeyək.
Səhər əzanından sonra deyər:
– Nənə, qoyunu tezdən çıxartacağam, dur bal gətir yiyim gedim.
Nənəsi durar əl elər pətəgə. Qurdun aşağı tərəfi rast gələr. Bir barmaq çıxardan yeyər. Görər cimcəşməli dadı var. Gələr deyər:
– Bala, deyir bal şirin olar, bu şordur.
Çoban deyər:
– Arvad necə ki, şordur? Keç görüm özüm baxım.
Durar əl elər pətəgə. Qurdun ağzı rast gələr. Qurd ağzın atar dərisin fılıq çıxardar.
Tökülərlər dəgənəkləri götürərlər geçərlər qurdun g.... o ki, var vurarlar. Qurd şili-küt bir təhrilə özün aradan çıxardar. Yarı canı qalmışdı. Deyər:
– Köpək oğlu tülkü, da bu dəfə hər yandan olsa, yeyəcəyəm.
Gələr görər tülkü oturub durar başında. Deyər:
– Köpək oğlunun tülküsü, en gəl aşağa, yeyəcəgəm. Dərimi filiq çıxardıblar. Yarı canım qalıb.
Tülkü əlin çalar əlinə deyər:
– Bizə bax ki, belə-belə qurdları çörək sahabı eləmək istirik. Oğlan, mən nə fikirdə, sən nə fikirdə. Taza bir bağ almışam. Gəl gedək dolan. Quyruq hər yanı tutub. Keç gəl!
Qurd deyər:
– Səslə bağvanı gəlsin, qapını açsın, gəlim.
Tülkü deyər:
– Qurd qardaş, buyurun. Quyruq odu, bax.
Qurd deyər:
– Sən buyur.
Tülkü deyər:
– Mən orucam, nəzirim vardır.
Qurd yerir ki, yesin, ağzı düşər tələyə. Quyruq atılar eşigə, tülkü bir səlavət çevirər, yeyər, qurd deyər:
– Tülkü qardaş, bə sən orucudun?
Deyər:
– Ayı gördüm.
Qurd deyər:
– Bə mən nə vəqt ayı görəcəyəm?
Deyər:
– Sən də tələ sahabı gələndə görəsən.
Bu yandan bağvan oğlun göndərər ki, get gör tülkü tələyə düşüb, götür gəl. Oğlan gələr görər bir qurd düşüb. Bağvanı çağırar. Çəkərlər rəsmiləri. Nə yemisən turşulu aş. Eni-uzunu bir olar. Tülkü oturmuşdu duvar başında. Qurd deyər köpək oğlu, de bağı almısan, gəl ...... sal yerə. Dədəm yandı kül oldu.
Tülkü deyər:
– Gədə, bu toza-tozda qabalanı kim oxuyacaq?
Tülkü deyər:
– Uzan arxan üstə yat. Özünü ölümə vur, acısınlar. Bağvan gələr görər qurd ölüb, açar. Qurd qoyar qaçar. Deyər:
– Köpək oğlu tülkünün balası, da bu yol yeyəcəyəm. Can qalmayıb biləmdə.
Bir şir var idi, qocalmışdı. Tülkü bilər ki, da bu dəfə qurtulacağı yoxdu. Deyər:
– Yaxşıxsı budu gedim sizə nökər olum. Qurd şirə batanmaz.
Gələr, salam verər deyər:
-
Ağa, icazə versəz sizə qulluq eləyim. Nökər olum. Siz şikara getməyin, mən gətirərəm yeyərik.
Şir qəbul elər. Tülkü qalar orada.
Tülkü qurdu çox acıdırmışdı. Axtarırdı tutsun yesin. Gələr görər, şirə nökər olub. Deyər:
– Gəl, sən də nökər ol.
Gələr deyər:
– Ağa, icazə versəz, mən də sizə qulluq eləyim.
Şir qəbul elər. Qurd da qalar orada. Bir gün tülkü gedirdi şikara, bir gün qurd. Bir gün vurar şirin başı ağırır. Qurd oturmuşdu evdə. Tülkü gələndə, qurd acıqlanar ki, hara getmisən? Ağanı qoymusan evdə yalqız.
Tülkü deyər:
– Həkimə getmişdim.
Qurd deyər:
– Nə dedi?
Deyər:
– Qulağına deyəcəgəm.
Qurd eşigə çıxanda, keçər şirin qulağına deyər:
– Həkim dedi baş ağrısına qurd d...... əzsin sürtün. Şir deyər:
– Kasatdı? Özümüzdə var.
Tülkü çıxar qurda deyər:
– Keç gör, ağa nə buyurur.
Qurd şirin yanına gələndə, şir yapışar d...... çəkər üzər. Qurd qanı axa-axa düşər yola. Tülkü rast gələr deyər:
– Qırmızı şalvar qardaş, hara gedirsən inşallah?
Qurd deyər:
– Köpək oğlu tülkü, da canım yoxdu, pis vəqtimdə rast gəldin.
Gedər uzanar ölər.
Dostları ilə paylaş: |