AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120



Yüklə 275.14 Kb.
səhifə3/3
tarix25.11.2016
ölçüsü275.14 Kb.
1   2   3

Muxtar Kazımoğlu: Sönməz xanım bizim dəyərli folklorşünas İsrafil Abbaslının qızıdır. İsrafil Abbaslı dünyasını dəyişib, amma bax belə yadigar, ağıllı qızı var. Rza müəllimin şöbəsinin ən qabiliyyətli əməkdaşlarından biridir. Yəni o kişilər gediblər, amma onların irsi yaşayır. Bax belə cavanlar onların irsini yaşadırlar. Növbəti çıxış üçün sözü “Klassik folklor” şöbəsinin daha bir əməkdaşı Aynur Hüseynovaya vermək istəyirəm. Onun məruzəsi V.Xuluflunun “Tapmacalar” kitabı haqqındadır.
Aynur Hüseynova: Azərbaycan folklorşünaslığı üçün 1920-cı illər xalqın maddi-mənəvi abidələrinin öyrənilməsi, toplanması, nəşri ilə yaddaqalan bir dövr olub. Məhz bu nəcib işlər, məqsədlər üçün yaradılan, əsası 1923-cü ildə qoyulan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti bu yöndə mühüm işlər görüb. Azərbaycan folklorşünaslığının təşəkkül və formalaşmasında böyük əməyi olan ziyalılarımızdan biri də cəmiyyətin fəal üzvlərindən olan V.Xuluflu idi. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə müxtəlif bölgələrə ezam olunan V.Xuluflu folklor materiallarının toplanması, nəşri sahəsində xeyli işlər görüb, Azərbaycan folklorşünaslığı tarixində dərin iz qoyub. Cəmiyyətdə fəaliyyət göstərdiyi müddətdə üç kitab çap etdirən alim peşəkar toplayıcı kimi topladığı hər bir nümunəni xalqın dilində olduğu kimi, yəni mətnə heç bir dəyiºiklik və müdaxilə etmədən çap etdirib.

V.Xuluflunun çap etdirdiyi ilk kitab 1927-ci ildə işıq üzü görən “Koroğlu”, ikinci kitabı həmin ildə çap olunan “El aşıqları” kitabıdır. 1928-ci ildə isə cəmiyyətin xətti ilə V.Xuluflunun “Tapmacalar” kitabı nəşr edilib. Qeyd etmək lazımdır ki, həmin illərdə digər janrlarla müqayisədə tapmacalar daha az nəşr və tədqiq olunan bir janr olub. Baxmayaraq ki, o illərdə dərc olunan dərsliklərdə, jurnallarda tapmacalara ara-sıra rast gəlinsə də kitab şəklində bu janr o vaxtadək nəşr olunmamışdı. Görkəmli maarifçi, müəllim A.O.Çernyayevskinin 1882-ci ildə nəşr etdirdiyi “Vətən dili” dərsliyinin birinci cildi Azərbaycan tapmacalarının nəşr edildiyi ilk kitabdır. Müxtəlif illərdə nəşr olunan “Məktəb”, “Rəhbər”, “Tuti”, “Dəbistan”, “Yeni kənd”, “Maarif işçisi” və s. jurnallara da nəzər saldıqca müxtəlif bölgələrdən toplanmış tapmacalarla rastlaşırıq.

Tapmacaların müxtəlif dərslik və jurnallarda dərc edilməsinə baxmayaraq, bu janrla bağlı bir boşluq var idi ki, onu az da olsa bir-birindən tərtib prinsiplərinə görə fərqlənən V.Xuluflunun “Tapmacalar” və ondan az müddət sonra nəşr olunan H.Zeynallının “Azərbaycan tapmacaları” kitabları doldurur. Demək olar ki, hər iki kitabın həcmi təxminən eynidir. V.Xuluflunun tərtib etdiyi “Tapmacalar” kitabında 726, H.Zeynallının Azərbaycan tapmacaları” kitabında isə 760 tapmaca yer alıb. V.Xuluflu kitabın tərtibində əlifba sırasından istifadə etmişsə, H.Zeynallı tapmacaları mövzular üzrə qruplaşdırıb, hər iki müəllif kitabın sonunda əlavələr vermişdir. V.Xuluflunun əlavələrində “Haquşqalar” və “Horamalar” haqqında məlumat verilirkən, H.Zeynallının tərtib etdiyi kitabın əlavələr bölümünə “Bağlamalar”, “Lüğəzlər” və “Türk-tatar ellərinin tapmacaları haqqında kitabiyyat materialı” daxil edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, V.Xuluflunun və H.Zeynallının folklor örnəklərinin toplanması və tərtibi prosesində tədbiq etdikləri prinsiplər daha sonralar folklorşünaslığımızda toplayıcılıq prinsiplərinin işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.

Bu iki kitabdan sonra tapmacaların kitab şəklində nəşri 30-cu illərdə dayandırıldığından bu janrın nəşrində uzunillik fasilə yaranmışdı. Qüdrət Umudov bu barədə belə qeyd edir: “Bu dövrdə bir sıra folklor jurnallarının toplanması və nəşri dayandırılmışdı. Tapmacalar da belə janrlardan idi. Bu zaman yalnız “müasir” fəhlə nəğmələri, müxtəlif şəxsiyyətlər haqqında qoşulmuş nəğmələrə üstünlük verilirdi. Yeri gəlmişkən qeyd edək ki, haqqında danışdığımız dövrdə xalqımızın zəngin əmək və mərasim nəğmələri, uşaq folkorunun bəzi janrlarından bir nümunə də olsun çap edilməmişdi”. Lakin təfəkkürü inkişaf etdirən bu janr xalq arasında həmişə mövcud olub, yayılıb. Folklorşünaslarımızın arxivinə nəzər saldıqda bu janra aid nümunələrin qorunub saxlanıldığının şahidi oluruq.

V.Xuluflu 1928-ci ildə nəşr etdirdiyi “Tapmacalar” kitabına yazdığı müqəddimədə şəhər və kənd həyatının müxtəlifliyindən və bu müxtəliflik nəticəsində hər mühitin özünə xas olaraq yaratdığı tapmacaların necə yaranmasından, onların əmələgəlmə səbəbindən bəhs edir. Xalqın yaratmış olduğu hər bir janr kimi tapmacalar da xalqın məişətini, güzəranını özündə əks etdirdiyindən zamanın tələbinə uyğun olaraq tapmacaların necə yarandığını müəllifin misal gətirdiyi bir nümunə üzərində izləyək: “Anan çevirər, aton təpər”. Müəllif tapmacanın qarşısında cavabın “başmaq” olduğunu qeyd edir və bu tapmacanın necə yaranmasının səbəbini izah edərək, gözümüz önünə keçmiş Azərbaycan ailəsinin yaşam tərzini gətirib, o səhnəni canlandırıb. Bəlkə də, bu günümüz üçün açması anlaşılmayan bu tapmacanın yaranması, əslində, o illər üçün sadə Azərbaycan ailəsinin gündəlik həyatının kiçik bir epizodu idi. Bu baxımdan, tapmacaları digər janrlardan fərqləndirərək, onları daha real, daha təbii hesab edib. Bildiyimiz kimi, tapmacalar hər hansı bir cismin, əşyanın, hadisənin hansısa əlamətinin obrazlı ifadəsidir. Burada eyhamın, pərdəli fikrin müəyyənləşdirilib tapılması tələb olunur. Oruc Əliyev tapmacalar haqqında yazır: “Hər hansı bir əşya, hadisə və məfhum haqqında yaranan tapmaca, əsasən metafora şəklində qurulmuş düşündürücü suallardan ibarət olur. Tapmaca məfhum, əşya və hadisənin müəyyən əlaməti, keyfiyyəti dolayı yolla söylənilir, başqa cəhətləri isə gizli saxlanılır. Burada əsas məqsəd qarşı tərəfin zehni qabiliyyətini, dünyagörüşünü və düşüncəsinin əhatə dairəsini, fəhminin çevikliyini, təxəyyülünün həssaslıq dərəcəsini üzə çıxartmaqdır”.

Həm nəsr, həm nəzm şəklində rast gəlinən Azərbaycan tapmacaları ölçü, qafiyə nöqteyi-nəzərdən həmişə seçilib. Müqəddimədə bu məsələ ilə bağlı olaraq V.Xuluflunun belə bir qeydi var: “Tapmacalarda gözəl təşbihlər, təsvirlər və səlis cümlələr az deyildir. Dil etibarilə də tapmacalar çox sadə və ahənglidir”. Müqəddimədə V.Xuluflu tapmacaların çoxvariantlı olması səbəbindən irəli gələn bir sıra xüsusiyyətləri haqqında da qeyd edib. Sözsüz ki, elə bu özünəməxsusluq tapmacanı digər janrlardan fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir, çünki təsvir edilən əşya və hadisənin hər hansı bir xüsusiyyəti digərinə bənzəyə bilər və cavabın tapılması da qarşı tərəfdən məharət tələb edir. Tapmacanın qədim zamanlarda insanların düşüncəsini, dərrakəsini, qabiliyyətini, hazırcavablığını yoxlamaq üçün yaradılan bir janr olduğunu nəzərə alsaq, bu kimi halların mövcudluğu labüddür. Hətta keçmişdə tapmacalardan daha ciddi şəraitdə istifadə olunurmuş. “Tapmacalardan qədimdə siyasi, hərbi, diplomatik münasibətlərdə də istifadə edilməsi nağıllardan aydın olur. Belə ki, bir hökmdar digəri ilə müharibə etməzdən əvvəl ona bir neçə tapmaca göndərir, qarşı tərəf cavab verə bilmədikdə isə müharibə elan olunurmuş. “Dərzi şagirdi Əhməd”, “Daşdəmirin nağılı” buna nümunə ola bilər”. V.Xuluflu tapmacanı məhz bu xüsusiyyətlərinə görə “xalq fikrinin matematikası” adlandırıb. Müqəddimənin sonunda V.Xuluflu kitabın əlifba sırası ilə tərtib etməyinin səbəbini tapmacaların mövzu etibarı ilə zəngin olmaması ilə izah edib.

Kitaba 726 tapmaca daxil edilib. Öncə də qeyd etdiyimiz kimi, kitabdakı tapmacalar əlifba sırası ilə tərtib edilib. Hər tapmacanın qarşısında toplandığı yer qeyd olunub. Apardığımız statistik hesablamaya görə, kitaba daxil edilmiş tapmacaların böyük bir hissəsi, yəni 121-i Qarabağdan, əsasən də Zəngəzur mahalından toplanıb. Daha sonra üstünlüyü Qazax (108), Bakı (85), Naxçıvan (63), Gəncə (51), Göyçay (36) və digər bölgələr tutur. Tapmacaların cavabı isə kitabın sonunda verilib.

Bildiyimiz kimi, tapmacanın əsas xüsusiyyətlərindən biri onun çoxvariantlığıdır. Məhz bu səbəbdən kitaba daxil edilmiş eyni tapmacanın müxtəlif cavabları olmasının şahidi oluruq. Məsələn, aşağıdakı nümunə eyni bölgənin müxtəlif kəndlərindən toplanılsa da buradakı cavablar müxtəlifdir:


Ağac başını oyaram,

Kəndə koxa qoyaram. (Çanax) − Qazax, Dağkəsəmən kəndi

Ağac başını oydular,

Kəndə koxa qoydular. (İncil) − Qazax, Salahlı


Və yaxud:
Burdan vurdum baltanı,

Ordan çıxdı qaltanı,

Yerin, göyün soltanı. (Gün) − Qazax Dağkəsəmən kəndi

Burdan vurdum baltanı,

Ağzı gümüş baltanı,

Ordan bir oğlan çıxdı,

Cümlə cahan soltanı. (Su) − Şamaxı, Basqal kəndi
Bəzən kitabda elə tapmacalara rast gəlirik ki, müxtəlif ərazilərdən toplanılıb, lakin eyni tapmaca materialının cüzi fərqlərlə olan müxtəlif variantlarıdır və cavabları da eynidir. Məsələn:
Bir öküzüm var, quyruxlamasan dama girmir. (Qaşıq) − Şəmkir

Bir atım var, quyruxlamasan suya girməz. (Qaşıq) − Bakı


Kitaba həm nəsr, həm də nəzm şəklində olan tapmacalar daxildir. Nəzm şəklində olan tapmacalar, demək olar ki, daha üstünlük təşkil edir:
Arıq aslan mızıldar,

Sığallasan xoruldar.

Hay gedər, huy gedər,

Bircə qarış gedər yol gedər.

Tir tufurgu,

Tirdə yatan tufurgu,

Eniş yatan tufurgu,

Hələ də yatar tufurgu.


Nəsr şəklində olan tapmacalar nisbətən az da olsa rast gəlinir:
Altı qardaş bir qurşağa bağlanıb.

Hara gedirəm, o da gedir.

Dörd gəlin var, dördü də bir boyda.
Kitaba daxil edilmiş tapmacaların içində bayatı formasında olan tapmacalara da çox rast gəlinir. Məsələn:
Ləyən, ləyən, ləyəndə,

Ləyən boynun əyəndə,

Yemək olar xam vaxtı,

Yemək olmaz dəyəndə.

Mənim maral öküzüm,

Qarnı xaral öküzüm.

Yol üsdə gedə bilməz,

Çəpər yaran öküzüm.


Diqqətəlayiq haldır ki, V.Xuluflu bu kitabı tərtib edərkən müxtəlif bölgələrdən toplanmış tapmacaları təhrif etmədən, olduğu kimi saxlamışdır. Bu gün bu kimi folklor örnəkləri vasitəsilə dilimizdə unudulmuş, arxaikləşmiş sözlər və dialektizmlərlə tanış oluruq. Tapmacaların cavablarında rastlaşdığımız sözlər dilimizdə öz ümumişləkliyini itirmiş sözlərdir. Məsələn:
Dağdan gəlir dağ kimi,

Qolları budağ kimi,

Əgilir su içməyə,

Bağırır əjdaha kimi. (Mancılıx) − Bakı, Buzovna

Yer altdan yasa gedər. (Kavahin) − Zəngəzur, Nüvədi kəndi

Yol üsdə qırmızı yaylıx. (Şingil) − Nuxa, Qutqaşen

Mələmə, ceyran, mələmə,

Ağ qabax, altın dələmə,

Başına mən dolanım,

Ver mana bir sürtələmə. ( Dazalax) − Naxçıvan

Nənəmgildə bir kişi var, ağzında 40 dişi var. (Tüşbalan) − Gəncə

O nədi ki, dörd qulağı,

Dörd ayağı, bir başı var. (Harava) − Gəncə
Vəli Xulufu kitabın sonunda əlavə başlığı ilə “Haquşqa” və “Horamalar” haqqında məlumat verərək Naxçıvandan Əhəd Qədimov adlı şəxsdən toplanılmış nümunələri kitaba daxil edib. Adından da məlum olduğu kimi, “haquşqalar” bu gün toy mərasimlərinə daxil olan xınayaxdı mərasimində oxunan “haxışta”ların cüzi dəyişikliklərlə eynisidir.

Beləliklə, qeyd etmək lazımdır ki, ömrünü təmənnasız olaraq elmə, xalqın maariflənməsinə sərf edən, Azərbaycan folklorşünaslığının təməlini qoyan V.Xuluflu və onun simasında digər alimlərin, ziyalıların elmi fəaliyyəti, nəşr etdirdikləri kitablar bu gün folklorşünaslığımızı öyrənmək baxımından geniş material verir. Dəyərli insanların çəkdikləri zəhmətin unudulmaması üçün o kitablara yeni nəfəs verilib, yenidən geniş oxucu kütləsinin öhdəsinə verilməsi sevindirici haldır. Bu baxımdan, AMEA Folklor İnstitutunun nəşr etdirdiyi “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasının nəşri təqdirəlayiqdir. Bu işdə əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.


Muxtar Kazımoğlu: İndi də sözü AMEA Folklor İnstitutunun dissertantı İlkin Eminovaya verirəm. “Vəli Xuluflunun elmi fəaliyyətinin əsas istiqamətləri”.

İlkin Eminova: Azərbaycanda nisbətən gənc elm sayılan folklorşünaslığın əsas inkişaf mərhələsi XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan folklor örnəklərinin orta əsr cünglərində və əlyazmalarında qeydə alınması, XIX əsr dövri mətbuatında nəşr edilməsi və s. ilə əsası qoyulan Azərbaycan folklorşünaslığında XX əsrin əvvəllərində artıq elmi prinsiplərə əsaslanan, o dövrün qabaqcıl ənənələrini özündə əks etdirən bir məktəbi formalaşmağa başlamışdır. Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Hümmət Əlizadə, Əmin Abid və digər ziyalılarımızın təmsil etdiyi bu mərhələnin əsas məqsədi folklor mətnlərinin toplanması və nəşri ilə yanaşı, artıq bu mətnlərin elmi cəhətdən incələnməsi, münasibət bildirilməsi, nəşr olunan mətn toplularına resenziyalar yazılması idi.

Bu mərhələdə folklorşünaslıq tarixinin inkişafına təkan verən hadisələrdən biri də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması idi. “Azərbaycan şifahi xalq ədəbiyyatının sistemli şəkildə toplanması, nəşri və tənqidi sahəsində diqqətəlayiq nailiyyətlər məhz XX illərdə, ATTC-nin fəaliyyəti sayəsində qazanılmışdır”.

Bu cəmiyyətin folklor komissiyasının sədri Hənəfi Zeynallı, cəmiyyət xətti ilə folklorşünaslıq istiqamətində fəaliyyət göstərən ədiblərimiz isə Əmin Abid, Salman Mümtaz, Hümmət Əlizadə və Vəli Xuluflu olmuşdur.

XX əsrin 20-ci illərinin sənədlərinə əsasən, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 1928-ci ilin 4 noyabr tarixli iclasında Xalq Komissarları sovetinin 1928-ci il 24 oktyabr tarixli qərarına və 32 nömrəli protokoluna əsasən Cəmiyyətin İnstituta çevrildiyi elan edilmiş, İnstitutu “Azərbaycan Mədəniyyət İnstitutu” adlandırmaq qərara alınmışdır. 1929-cu ildə Mərkəzi İcraiyyə Komitəsi nəzdində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (Az.DETİ) yaradılaraq və respublikada mövcud olan bütün elmi idarə və təşkilatların fəaliyyəti birləşdirilmişdir. Az.DETİ-nin sonralar SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinə çevrilməsi ilə əlaqədar Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti öz fəaliyyətini dayandırdı.

Haqqında danışdığımız hər iki qurum Azərbaycan folklorşünaslığının inkişafında mühüm rol oynamış, Azərbaycanın görkəmli folklorşünası Vəli Xuluflu isə bu qurumlar daxilində uzun illər gərgin və məhsuldar çalışmışdır.

Bu baxımdan, Vəli Xuluflunun elmi fəaliyyətini bu istiqamətlərdə araşdırmaq mümkündür:




  • Vəli Xuluflunun Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindəki fəaliyyəti

  • Vəli Xuluflunun Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı fəaliyyəti

Vəli Xuluflunun bu elmi qurumlar daxilində fəaliyyətinin tematik istiqamətləri isə bu şəkildə qruplaşdırıla bilər:

1. Dilçilik

2. Tarix


3. Folklorşünaslıq

Vəli Xuluflunun Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindəki fəaliyyətini bu cəmiyyətin yaranma tarixi, tərkibi, nəşrləri, elmi əlaqələri, tədqiqat prinsipləri, keçirdiyi tədbirlər barədə geniş tədqiqat aparmış H.Xəlilbəyli bu şəkildə dəyərləndirmişdir: “ATTC-nin folklor komissiyasında məhsuldar fəaliyyət göstərən tədqiqatçıların sırasında Vəli Xuluflunun da adı tez-tez çəkilirdi. 20-ci illərin folklor tədqiqatçıları içərisində onun qələmə aldığı məqalə və araşdırmalar xüsusilə fərqlənir. O, cəmiyyət xəttilə təşkil olunan folklor ekspedisiyalarında yaxından iştirak edir və onların nəticələrini adətən kitab şəklində çap etdirirdi”.

Vəli Xuluflunun tərcümeyi-halından məlum olur ki, o, hələ universitetdə oxuduğu vaxtlardan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işlərində fəal iştirak etmiş, Azərbaycan folklor örnəklərinin toplanması və nəşrinə böyük həvəs göstərmişdir. Vəli Xuluflu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə Şəmkir, Tovuz, Gədəbəy, Qazax rayonlarına folklor ezamiyyətlərinə getmiş, külli miqdarda böyük əhəmiyyətə malik materiallar toplamışdır. Bu toplama fəaliyyətinin nəticəsi olaraq Vəli Xuluflu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə bir neçə kitab nəşr etdirməyə müvəffəq olmuşdur.

Belə kitablardan birincisi – “El aşıqları” 1926-cı ildə sözügedən cəmiyyətin “Xəlqiyyat” bölməsi tərəfindən nəşr edilmişdir. 1927-ci ildə Vəli Xuluflu bu folklor toplusunun materialları əsasında yenə də “El aşıqları” başlığı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə ikinci bir toplunu nəşr etdirmişdir.

Bundan əlavə, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq Şəmkirli Aşıq Hüseyn, Qurbani, Dədə Yadigar, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və digər aşıqların əsərlərini toplayaraq nəşr edən də Vəli Xuluflu olmuşdur.

Vəli Xuluflu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti ilə 1925-26-cı illərdə Tovuz rayonunda olarkən “Koroğlu” dastanının müəyyən qollarını Aşıq Hüseyn Bozalqanlıdan toplamışdır. Bu toplama 1927-ci ildə “Koroğlu” dastanının iki qolunun bu cəmiyyətin xətti ilə nəşri ilə nəticələnmişdir. Bu kitaba “Toqat səfəri” və “Bağdad səfəri” qolları daxil edilmişdir.

Bu kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirən prof. A.Əliyeva-Kəngərli, Vəli Xuluflunun bu “Koroğlu”sunu “Azərbaycan folklor kitabı” kontekstinə daxil olan ilk çap kitabı kimi dəyərləndirmişdir.

Məhz bu elmi və mədəni-tarixi əhəmiyyətinə görə həmin kitab 2007-ci ildə “Elm” nəşriyyatında yenidən nəşr edilmişdir. Mətnin transliterasiyası və tərtibi, qeyd və izahlar filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov tərəfindən edilmişdir. Nəşrə hazırlayan və ön sözün müəllifi Azad Nəbiyev olmuşdur. Bu retrospektiv nəşrdə Vəli Xuluflu irsinin ardıcıl tədqiqatçısı Məhəmməd Məmmədov çox böyük işlər görmüş, ən əsası “Koroğlu” dastanının sözügedən nəşri ilə sonrakı nəşrlərini müqayisəli təhlil müstəvisinə gətirmişdir.

Vəli Xuluflunun Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindəki fəaliyyətinin uğurlu nəticələrindən biri də “Tapmacalar” kitabıdır. Bu kitab 1928-ci ildə Cəmiyyətin “Xəlqiyyat” bölməsində çap edilmişdir. 130 səhifəlik kitaba Azərbaycanın müxtəlif regionlarından toplanmış 726 tapmaca daxil edilmişdir. Bu kitab “Azərbaycanın ilk və ən böyük reformatoru Mirzə Fətəli Axundovun vəfatının əlli illiyinə ithaf olunurepiqrafı ilə nəşr edilmişdir.

Vəli Xuluflu “Tapmacalar”ın sonuna iki əlavə vermiş, bunlardan birinə Naxçıvandan toplanmış haxıştaları (tərtibçi onları haquşka adlandırır), digərinə holavarları (tərtibçi onları horamal adlandırır) daxil etmişdir.

Vəli Xuluflunun Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı fəaliyyəti barədə məlumatlarla arxivlərdə qorunan sənədlərdən tanış olmaq mümkündür. Az.DETİ-nin Dil, Ədəbiyyat və İncəsənət bölməsinin (DƏİB) 14 dekabr 1929-cu il müşavirəsində bir çox alimin, o cümlədən Vəli Xuluflunun tədqiqatlar aparması nəzərdə tutulmuşdur. Maraqlıdır ki, bu arxiv materiallarından məlum olur ki, Vəli Xuluflu Az.DETİ-nin Dil, Ədəbiyyat və İncəsənət bölməsində yalnız ədəbiyyat və ya dilçilik sahəsində deyil, tarix sahəsində də elmi tədqiqatlara cəlb edilmişdir. Arxiv materiallarına nəzər salaq: “Emin Abid – XIX əsr Azərbaycan ədəbiyyatı, habelə “Fəlsəfə və ədəbiyyatda Mirzə Şəfinin yeri”; Əli İbrahim – XIX-XX əsrin əvvəllərinin Azərbaycan ədəbiyyatı; Nəzərli – Azərbaycan ədəbiyatının Oktyabr dövrü, habelə Azərbaycan nasirləri əsərlərinin kompozisiyası. .... Salman Mümtaz-Azərbaycan ədəbiyyatının qədim dövrü; Vəli Xuluflu - Türk dillərinin əsas prinsipləri və orfoqrafiyanın yaradılma tarixi”

Tarix seksiyasının 1930-cu ilə aid iş planı isə aşağıdakı kimi tərtib edilmişdir: “... Müxtəlif alimlərin rəhbərliyi ilə nəşrə hazırlanırdı: Paxomov – Azərbaycan tarixindən yazmış gürcü müəlliflərinin əsərlərindən seçmələr, habelə XV-XVIII əsr Azərbaycan tarixinə dair mənbələr; Juze - ərəb müəllifləri Təbəri və Yaqutinin əsərlərindən seçmələr; Xuluflu – “Qarabağnamə”nin iki variantı, habelə Azərbaycan tarixinə dair fars mənbələrinin tərcüməsi və nəşri; Juze və Xuluflu – Car-Balakən Camaatlığı haqqında materiallar” .

Az.DETİ-nin tarix seksiyası Azərbaycanın XVIII və XIX əsrin əvvəllərində iqtisadi strukturunun və siyasi quruluşunun öyrənilməsini planlaşdırmışdı. Bu planlara Asiya istehsal formaları və Azərbaycanda feodalizm haqqında məqalələr toplusunun nəşr edilməsi (müəlliflər Qubaydulin, Pçelin, Saar, Zifelt, Rayevski, Xuluflu, Petruşevski, Bukşpan və b.) daxil idi. Öyrənilməsi planlaşdırılan mövzular isə - XIX və XX əsrlər Azərbaycan tarixinin ayrı-ayrı aspektləri üzrə Azad Car-Balakən Cəmiyyəti tarixi (Xuluflu və Zifeldtin rəhbərliyi ilə), Qafqazda panislamizm və pantürkizm (Qubaydulinin rəhbərliyi ilə), Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi (Saar) və s.-dən ibarət idi.

Az.DETİ-nin Şərq bölməsinin Xarici Şərq bürosu təşkil olunarkən Vəli Xuluflu da onun işinə cəlb edilmişdir: “Xarici Şərq Bürosu bu tərkibdə təşkil olunmuşdur: Musabəyov (sədr). A.Şahbazov (katib), H.Sultanov, A.Zifeldt, F.Ordubadski, A.Qubaydulin, R.Axundov, M.Quliyev, Eminbəyli, Xuluflu, İ.Dövlətov, Bukşpan, Abezquz və s.”.

1930-cu il 8 sentyabrda Az.DETİ-nin tarix komissiyası Azərbaycan tarixinin tərtibi işinə başlamağı qərara almışdır. Mövzular aşağıdakı şəkildə bölüşdürülmüşdür: Baybakov – Sasani dövrünə qədər Azərbaycan tarixi; Baybakov və Paxomov – Sasani dövrü tarixi.... Juze- Azərbaycanın qədim tarixinin dini ideologiyası..... Xuluflu – XIX əsrdə Azərbaycanda mədəniyyətin inkişafı və s.

Həmin il Az.DETİ-nin Azərbaycan tarixinə dair dərslik Komissiyasının tərkibi təsdiqləndi, elmi kollektiv xronoloji göstərici üzrə altkomissiyalara bölündü: kapitalizmə qədərki tarix – Xuluflu (rəhbər), A.Məmmədov, Salamzadə; kapitalizmin və Oktyabr inqilabının tarixi – Tixomirov (rəhbər), Qrinyov, Bayramov, Leviatov, Gülnəzərov, Ağalarov, Biləndərli və b.

Vəli Xuluflu XIX-XX əsrlər Azərbaycan tarixinin tərtibinə aid mövzuların işlənməsinə də cəlb edilmişdir: “Ağalarov – XIX əsrin I yarısında Azərbaycanda müstəqillik uğrunda mübarizə; Pçelin – 1845-ci il islahatı; Tixomirov – 1870-ci il islahatı; Xuluflu – Azərbaycanda jurnalistika və publisistika; Ələkbərov – Azərbaycanda kustar sənətlər; Qubaydulin – XX əsrdə burjua və xırda burjua hərəkatları...” və b.

Arxiv materiallarından məlum olur ki, 1932-ci ildə Vəli Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi və lüğət komissiyasının məsul rəhbəri olmuşdur.

Az.DETİ-nin nəşriyyat fəaliyyətinə nəzər saldıqda Vəli Xuluflunun elmi əsərlərinin bu qurumun xəttilə çapının nəzərdə tutulduğunu görürük. Asiyada istehsal üsulu və Azərbaycanda feodalizm haqqında məqalələr toplusunun (müəlliflər Qubaydulin, Pçelin, Saar, Zifeldtş Rayevski, Xuluflu, Petruşevski, Bukşpan), Xuluflunun “Qarabağnamə”sinin, Xuluflunun “Pansilamizm”inin, Xuluflunun “Diyarşünas kitabdan necə yararlanmalıdır?” tədqiqatının nəşri 1931-ci il planına salınmışdır.

1932-ci il yanvarın 1-də Az.DETİ tərəfdən Vəli Xuluflu və “Azdövlətnəşr” redaksiya sektorunun rəhbəri Sali Kamal arasında 100 çap vərəqi həcmində olan “Azərbaycan izahlı lüğəti”nin nəşri haqqında müqavilə imzalanmşdır.

1932-ci ildə Azərbaycan tarixinə dair materiallar üçcildliyinin nəşri məqsədi ilə SSRİ EA Tarix-Arxeoqrafiya İnstitutu ilə Azərbaycan SSR Maarif Nazirliyi arasında müqavilə imzalanmışdır. Bu müqavilədəki öhdəliklərin həyata keçirilməsi üçün aparılan yazışmalarda Azərbaycan tərəfi ETİ idarəsinin müdiri Vəli Xuluflu təmsil etmiş, SSRİ EA Tarix-Arxeoqrafiyası İnstitutunun elmi katibi İ.Trotski ilə yazışmışdır. Təəssüf ki, SSRİ EA Tarix-Arxeoqrafiya İnstitutu götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu iş yarımçıq qalmışdır.

Gördüyümüz kimi, Vəli Xuluflunun əsas elmi fəaliyyəti məhz Az.DETİ tərkibində baş vermişdir. Bu illərdə Vəli Xuluflu əsas etibarilə, tarix sahəsində elmi araşdırmalarla məşğul olmuşdur. Tədqiqatçının aşağıdakı kitablarının və elmi işlərinın nəşri də bu dövrə təsadüf edir:

Panislamizm, imperializm və ruhaniyyət, Bakı: Azərnəşr, 1929

İmla lügəti. Bakı: 1929

Koroğlu. Bakı: Azərnəşr, 1929

Səlcuqlu dövlətinin daxili quruluşuna dair. Bakı: Azərb. Dövlət elmi-tədqiqat institutunun nəşriyyatı, 1930, 30 s.

Din və qadın. Bakı: Azərnəşr, 1930

Din və mədəni inqilab. Bakı: Azərnəşr, 1930

Məhərrəmlik münasibətilə. Bakı: 1932

Bundan əlavə, Vəli Xuluflu arxivində qorunan və onun öz əli ilə yazı makinasında yazılmış elmi əsərlərin siyahısında belə bir kitabın adına da rast gəlmək olar. Siyahı rusca yazıldığından biz də onu rusca verməyi lazım bilirik:

Словарь живых говоров Азербайджана \ три тома вышли под моей редакцией и фактически переработаны 1930-31 г.

Vəli Xuluflunun özünün yazdığı bu məlumata istinad etsək, bu kitabın da onun Az.DETİ-dəki fəaliyyəti dövrünə təsadüf etdiyini görürük.

Vəli Xuluflunun folklorşünaslıq istiqamətində gördüyü işlər elə zəmanəsində yüksək qiymət almışdır. Belə ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində folklor komissiyasının sədri Hənəfi Zeynallı 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Azərbaycan folkloru” məqaləsində dəfələrlə Vəli Xuluflunun və onun nəşrlərinin adını çəkmişdir: “Həmin cəmiyyət (Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti - İ.) 1927-ci ildə Vəli Xuluflunun “El aşıqları” kitabında başlıca olaraq Şamxor rayonunun aşıqlarının mahnılarını çap etmişdi. Bundan sonra V.Xuluflunun çap etdiyi “Koroğlu” dastanının iki qolu Bozalqanlı Aşıq Hüseyndən yazılmışdı”(14). Məqalə-resenziyada həmçinin Vəli Xuluflunun “Tapmacalar” kitabının da adı çəkilmişdir.
Muxtar Kazımoğlu: Bizim məclisimizdə Vəli Xuluflunun yaxın qohumu Həsən Adıgözəlzadə iştirak edir. Onunla bu gün tanış olmuşuq. Çox istərdim ki, Həsən müəllim V.Xuluflunun ailəsi ilə bağlı nəyi bilmiriksə, hansı məsələləri bilməyə ehtiyacımız var, bu barədə danışsın. Həsən müəllim özü sənətşünasdır. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mən bildiyimə görə, Türkiyədə Uludağ Universitetində çalışır. Uludağ Universitetinin də himnini Həsən müəllim yazıb.
Həsən Adıgözəlzadə: Mən hamınızı salamlayıram. Vəli Xuluflunu yad etdiyinizə görə sizə təşəkkürümü çatdırmaq istəyirəm. Çox sevindirici haldır ki, burada layiqli mütəxəssislər çalışır. Mən bir qədər V.Xuluflunun ailəsi ilə bağlı danışmaq istəyirəm.

Mənim həyat yoldaşım Ulduz xanım V.Xuluflunun nəvəsidir. Mənim qaynanam Sunduz xanımdır, onun da Çingiz adlı bir qardaşı var. Çingiz də atası kimi çox sadə və təvazökar bir insan idi. Onlara düşmən uşaqları damğası vuraraq institutdan qovdular. O vaxt Vəli Xulufluya irad tuturdular ki, nə üçün sən uşaqlara bu adları vermisən. Yəni pantürkist kimi burada da sən özünü göstərdin. Fatma xanımla çox yaxşı tanışlığım var idi. 70-ci illərdə V.Xuluflu haqqında heç bir yerdə yazı yox idi. Təkcə məndə rusca-azərbaycanca bir sözlük var idi. Ruhulla Axundovun lüğəti. Onun idarə heyətində V.Xuluflunun adı keçirdi. Mən V.Xuluflunun necə bir insan olduğunu soruşurdum. Fatma xanım çox şeylər söyləyirdi. Həmişə deyirdi ki, çox təvazökar və sadə bir insandır. Və ona görə onu hamı sevirdi. Bir də onu deyirdi ki, biz onu heç görmürdük. Səhər gedib gecə gələrdi. Gecə gələndə də heç yatmazdı, oturub işləyərdi. Tez-tez rayonlara, kəndlərə gedərdi. Bir gün də Orta Asiyaya gedib bir xələt gətirmişdi. O çox gözəl saz çalardı. Bütün klassik aşıq havalarını bilirdi. Ustad aşıqların şeirlərini oxuyardı. Oxuyanda da o xalatı üstdən geyinərdi ki, daha yaxşı görünsün.

V.Xuluflu həmişə öz üzərində işləyərdi. Boş vaxtı olan kimi rus və alman dili mütəxəssislərinin yanına gedib onlarla çalışıb dili daha yaxşı bilməyə çalışardı. Rusca, almanca şeirlər oxuyurdu. Uşaqlarını da bu işə cəlb edirdi. Məsələn, Sunduz xanım söyləyirdi ki, məni və Çingizi də o dərslərə aparırdı ki, baxaq dərslər necə keçir. Onun bir arzusu var idi. O həmişə deyirdi ki, görəsən məndən sonra bizim bu işimizi davam etdirən, yaşatdıran olacaqmı? Siz bayaq qeyd etdiniz, mən çox sevindim. Bu iş davam etməlidir. O deyirdi ki, mənim ümidim gənclərədi. Biz bir qədər işimizi gördük. Bəlkə də bilirdi ki, bunun başına bu iş gələcək. Ona görə deyirdi ki, görəsən, bizim bu işimizi, bu fəaliyyətimizi qiymətləndirəcəklərmi?

Bu gün mənim üçün böyük bir dünya açıldı. Çox maraqlı şeylər eşitdim. Sevindim ki, bu işlərlə məşğul olan insanlar var. Mən 23 ildir ki, Türkiyədəyəm, gedib-gəlirəm. İşlərimiz çoxdur. Burada çox uzun müddət qala bilmədiyimdən çox işin içində deyiləm. Mən çox istərdim ki, bütün burada danışılanlardan sonra V.Xuluflu haqqında bir kitab nəşr olunaydı.

Bir vaxtlar Rusiyada “Akademiya” nəşriyyatı var idi. Sonra onu bağladılar, çox adamı tutdular, Sibirə göndərdilər. Çox maraqlı kitabları var idi. İndi o kitablar çox nadir tapılır. Çox yaxşı mütəxəssislər işləyirdi. L.Tolstoyun 96 cildlik kitabını buraxmışdılar. Bir cümlə yazır, sonra o cümlənin altında cümlənin açıqlaması verilirdi. Mən belə düşünürəm ki, bizim kitablarda açıqlamalar daha geniş olmalıdır. V.Xuluflu və digər böyük alimlərin adına təqaüd kimi bir şey gənclərə verilsəydi yaxşı olardı. İndi gənclərin düşünmə istiqaməti bizdən fərqlidir. Sizin bu işdə rolunuz çox böyük olar. Mən V.Xuluflunun ailəsi adından hər birinizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Sizə kitab gətirmişəm. Onu təqdim etmək istəyirəm. (Kitabı təqdim edir).
Muxtar Kazımoğlu: Çox sağ olun. Biz də istəyirik ki, V.Xuluflunun kitabını Sizə təqdim edək. İsrafil müəllimin, Rza müəllim və Afaq xanımın hazırladığı kitablar Vəli Xuluflunun öz kitablarıdır. Ərəb əlifbasından latın əlifbasına çeviriblər və “Ön söz”lə çap ediblər. Onun bir əsəri də var. Onu da çap etmək istəyirik. Bir də özü haqqında kitabı Cəlal Qasımov hazırlayır. Biz xahiş etmişik ki, V.Xuluflu haqqında bizə ayrıca kitab versin, onu çap edək. Razılıq almışıq. O kitabın xeyli hissəsi hazırdır. Mənə elə gəlir ki, bununla biz sessiyamızı yekunlaşdıra bilərik. İştirakçıların, məruzəçilərin hər birinə ayrı-ayrılıqda “sağ olun” deyirək. Rza müəllimə xüsusi təşəkkürümüzü bildiririk.

YUBİLEY TƏDBİRİNDƏN GÖRÜNTÜLƏR

BAŞLIQLAR
1. Vəli Xuluflunun 120 illik yubileyi ilə bağlı

elmi sessiyanın materialları...........................................3

2. Yubiley tədbirindən görüntülər................................57

Vəli Xuluflu-120.

Vəli Xuluflunun 120 illik yubileyi ilə bağlı

elmi sessiyanın materialları.

Bakı, Elm və təhsil, 2015.

Nəşriyyat direktoru:

Prof.Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Sönməz Abbaslı
Kompyuterdə yığdı:

Ruhəngiz Əlihüseynova
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva
Kağız formatı:

Mətbəə kağızı:

Həcmi: 66 səh.

Tirajı: 200


Kitab Azərbaycan MEA Folklor İnstitutunun



Kompyuter Mərkəzində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” nəşriyyatında ofset üsulu ilə hazır deopozitivlərdən çap olunmuşdur.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə