Tünzalə Seyfullayeva
(Əlyazmalar İnstitutu)
Mİrzə Nəsrullah Dİdə Şİrvanİnİn
yaradıcılığının tədqİq tarİxİ
XIX əsrin 30-cu illərindən sonra Azərbaycanın ictimai-iqtisadi həyatında olduğu kimi, mədəniyyət və maarif sahəsində bir yenilik nəzərə çarpır. Ziyalılıarımız doğma ana dilinə xüsusi rəğbət göstərir, ərəb və fars dillərində aparılan təlim –tərbiyənin yerini Azərbaycan dilində tədrisə verdiyi nəzərə çarpırdı. Tədrisdə yaranan yeni üsul, metod əlbətdəki ictimai həyata, mədəniyyətə, ədəbiyyata təsir etməyə bilməzdi. XIX əsrdə ədəbiyyatda mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərəyanların müxtəlifliliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi ictimai şüurun inkişafına böyük təsir göstərir. Beləliklə tənqidi realizm qüvvətlənir.Eyni zamanda aşiqanə və dini məzmunlu qəzəl, qəsidə, minacat kimi əsərlərlə yanaşı, yeni ədəbi forma və buna müvafiq olaraq yeni məzmun yaranmağa başlayır.(5,53)
Hələ XIX əsrin əvvəllərindən ayrı-ayrı şəhərlərdə yeni şairlər və şeir həvəskarları görkəmli şairlərin ətrafına toplanaraq, mədrəsələrdə və evlərdə ədəbi müzakirə və mübahisələr keçirərdilər. Şairlərin tez-tez bir yerə toplaşıb müşairələr keçirməsi ayrı-ayrı şəhərlərdə xüsusi məclislərin yaranmsı üçün bir zəmin oldu.
Ümumiyyətlə XIX əsr ədəbiyyatı özünün məclisləri ilə məşhurdur. Bütün Azərbaycanda məclisçilik sahəsində ədəbi dirçəliş yenilik sezilirdi. Yeni Azərbaycan ədəbiyyatının formalaşmasında XIX əsr ədəbi məclislərinin xüsusi rolu mütləq qeyd olunmalıdır. Şairlərin bir yerə toplaşması ilə orta əsr şerinə məxsus tərkidünyalıq hissləri, sufilik motivləri sıradan çıxır, real gerçəkliklərin tərənnümünə keçid üstün gəlirdi. Bu məclislər anadilli şerimizin inkişafında, müasir Azərbaycan dilinin ədəbi üslubunun təşəkkülündə mühüm xidmət göstərmiş, onun leksik və üslub həcminin xəlqiləşməsinə güclü təkan vermişdir. Nəsrəddin Qarayev XIX əsr məclislərinin fəaliyyətini dərindən öyrənərək, belə nəticəyə gəlmişdi ki, bu dövrdə Azərbaycan dilində yazmaq meyli çox qüvvətlənmişdi. Məclis şairlərinin demək olar ki, hamısı öz şerlərini əsasən Azərbaycan dilində yazırdılar.(3, 5-6) Ədəbi məclis hərəkatının başlanğıcı böyük mütəfəkkir pedaqoq Mirzə Şəfi Vazeh tərəfindən 1820-ci ildə qoyulmuşdur. Onun yaratdığı “Divani-hikmət” məclisi 1852-ci ilə qədər fəaliyyət göstərmiş və digər məclislərin ortaya çıxmasında əsas rol oynamışdır. A.Bakıxanovun 1825-ci ildə Qubada yaratdığı “Gülüstan” məclisi əsrin sonuna qədər işini davam etdirmişdir. 30-cu illərdə Ordubadda Şıxəli Naibin başçılığı ilə “Əncümənüş-şüəra ” məclisi yaradılmışdı. Daha sonra “Fövcül-füsəha”ədəbi məclisi yarandı. Bu məclisin sonra Şamaxıda və Bakıda “Beytüs-səfa”, “Məcməüş-şüəra” məclislərinin yaradılmasında müsbət təsiri olmuşdur.
Maraqlıdır ki, ədəbi məclislər XIX əsrdə Azərbaycanda məşhur olmuş görkəmli şairlər tərəfindən təşkil edilmişdir. M.Ş.Vazeh, A.Bakıxanov, M.İ.Qasir, S.Əzim, X.Natəvan belə şairlərdən olmuşlar.
Məhz bu dövrdə görkəmli şairlərimizdən biri Seyid Əzim Şirvaninin rəhbərliyi ilə Şamaxıda təşkil olunmuş məclislərdən biri “Beytüs-səfa” məclisidir. Bu ədəbi məclis haqqında ilk məlumat F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabında verilmişdir. Həmin məclis haqqında daha sonra prof. F.Qasımzadə, t.e.n. Ə.Hüseynzadə bəhs etmişlər.(4,385) “Beytüs-səfa”da fəaliyyət aşağıdakı şairlər fəaliyyət göstərmişlər.Seyid Əzim Şirvani, Bahar Mirzə Nəsrullah, Ləkbər Qafil, Məhəmməd Səfa, Ağababa Zühuri, Mirzə Mahmud Zöv`i, Füruği, Nəcəf bəy və b.
Digər ədəbi məclislərdə olduğu kimi, burada da Şərqin dahi şairlərinin əsərləri mütaliə edilir, onların yaradıcılıq xüsusiyyətləri təhlil olunur, azərbaycan cə Şərq tarixi öyrənilirdi.XIX əsrdə yazıb yaratmış, “Beytüs-səfa”ədəbi məclisinin şairləri içərisində diqqəti cəlb edən şəxsiyyətlərdən biri də Mirzə Nəsrullah Didədir. Bu dövr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan M.N.Didə haqqında çox az məlumat olmasına baxmayaraq, bu mütərəqqi şairin Şamaxıda anadan olduğunu, Təbrizdə təhsil aldığını şairliklə yanaşı, mirzəlik, müəllimlik katib vəzifəsində çalışdığını qaynaqlardan öyrənirik. Şair haqqında S.Ə.Şirvaninin “Əsərləri”nin III cildində,Qulam Məmmədlinin “Təzkirə”sində, Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azərbaycan ədəbiyyatı Mirzə Nəsrullah bəy Didə” kitabında, Məhəmmədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində, Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri” adlı monoqrafiyasında, f.e.d. Möhsün Nağısoylunun tərtib etdiyi “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” kitabında,Türk əlyazmalrı kataloqunda və s. qaynaq və məxəzlərdə məlumata rast gəlmək olar.
M.N.Didə haqqında ilk dəfə məlumatlar verən S.Ə.Şirvani onu Şamaxı şairlərinin ən müqtədiri hesab etmişdir. S.Ə.Şirvani Didəni ərəb və fars dillərini gözəl bilən, “hər bir lisan ilə danışmağa qadir ,arifül-həqayiq və kaşivüd-dəqayiq, şeyxüs-şüəra və qütbül-ürəfa Mövlana Mirzə Nəsrullah ” kimi səciyyələndirmişdir. S.Ə.Şirvani əsərində Didənin məktəb uşaqları üçün tərtib etdiyi “Kitabün-nəsihətül-ətfal”, Kərbəla müsibətinə dair yazılmış “Kitabi-məqtəl”, qəzəl və qəsidələrindən ibarət “Divan”ı olduğunu qeyd etmişdir. (8,150)
Qulam Məmmədlinin “Təzkirə”sində şairlə bağlı aşağıdakı məlumatlara rast gəlmişik.”Didə Mirzə Nəsrulla Şamaxıdandır.XIX əsrdə yaşamışdır. Şamaxı xanı Mustafa xanın katibi idi.M.Nəsrullah uşağ ikən atası qətlə edilmişdir. Mustafa xan onu təhsil almaq üçün Təbrizə göndərmişdir. Təhsilini bitirib, Şamaxıya qayıtdıqdan sonra xanın yanında mirzəlik etmiş və Şirvanda Mirzə Nəsrullah bəy deyə məşhur olnuşdur. Qafqazda xanlıq üsul-idarəsi ləğv edildikdən sonra M.N.Didə rus dövlət idarəsində xidmətə girmişdir. Azərbaycan, rus, fars, ərəb dillərini bildiyinə görə əhali arasında tanınmış bir şəxs olmuşdur. O həyatının son illərini məktəbdarlıqla keçirmişdir.Mirzə Nəsrullah zəhmətkeş, namuslu, kimsəyə möhtac olmayan və öz əməyinə güvənən bir şəxs olmuşdur. Didə h.1287-ci il \ m.1870-cildə Şamaxıda vəfat etmişdir.”(1,132-133)
Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azərbaycan ədəbiyyatı Mirzə Nəsrullah bəy Didə” kitabında Didənin həyatına aid qısa məlumatla yanaşı müəllif onun bir neçə qəsidəsi, şeirləri və bir mənzum hekayəsinidə vermişdir.
Məhəmmədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində şairlə bağlı qısa bilgilərlə qarşılaşırıq.”Mirzə Nəsrullah bəy hicri qəməri XIII (XIV) əsr şairlərindəndir. O, Təbrizdə oxumuş və h.1287\ m 1870-ci ildə vəfat etmişdir. Onun divanı fars və türk dillərində yazılmış şeirlərindən ibarətdir.” (7, 5-7)
Çağdaş dövrümüzdə M.N.Didənin həyat və taradıcılığı ilə bağlı nəşr olunan mənbələr sırasında Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri”adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Burada şairin həyatı haqqında məlumat verilmiş, yaradıcılığından söz açılmış, şeirlərindən nümunələr göstərilmişdir.(3,129-131)
Mirzə Nəsrullah Didənin yaradıcılığında əsas yeri tutan onun müdərrislik fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan dilində yazdığı ”Kitabün Nəsayeh” (Nəsihətlər kitabı)əsəridir. Adından da göründüyü kimi kitab nəsihət-didaktika mövzusundadır: uşaqların və gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş və maarifçilik ruhunda qələmə alınmışdır. Didənin uzun bir müddət ərzində məktəb-maarif sahəsində səmərəli fəaliyyət göstərməsi də açıq aşkar şəkildə sübut edir ki, maarifçi ziyalını düşündürən başlıca məsələlərdən biri uşaqların və gənc nəslin tərbiyəsi problemi olmuşdur. Məhz buna görə də müəllif “Kitabün-nəsayeh”i bilavasitə uşaqların və gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan, hər bir cəmiyyət üçün olduqca vacib sayılan bu məsələ ilə birbaşa bağlı olan nəsihət-didaktika mövzusuna həsr etmişdir. Həmin əsər yeganə əlyazması əsasında 2008-ci ildə f.e.d.Möhsün Nağısoylu tərəfindən tərtib olunaraq “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” ” adı altında nəşr olunmuşdur. (60)
Araşdırmalarımız nəticəsində Didənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şeirlərinin əlyazma nüsxəsini üzə çıxarmışıq. Əlyazma haqqında Türk Əlyazmaları Kataloqunda bəhs olunmuşdur. (10, 139-140) Kataloqda əlyazma nüsxəsi “Şeirlər”adı altında keçir. Burada əvvəlcə şairin həyat və yaradıcılığı qısaca işıqlandırılmış daha sonra nüsxənin paleoqrafik təsviri verilmişdir. C-265 şifrli əlyazma 119 vərəqdir, ölçüsü 17x26,5 sm-dir. əlyazma boz kardon cildə tutulmuşdur. Nüsxənin harada köçürülməsi, katibi haqqında əlyazmada heç bir qeyd yoxdur. Köçürülmə tarixi h.1278-1861-h.1281-1864-cü illər olaraq göstərilmişdir. Mətn qara mürəkkəblə rus istehsalı kağıza hərəkəsiz nəstəliq xəttiylə köçürülmüşdür.Səhifələrdə sətir sayı 17-dir. Bununla yanaşı bəzi səhifələrdə sətir sayının 19-a qədər olduğunun şahidi oluruq.Əlyazmanın bəzi vərəqləri boş buraxılmışdır.Məsələn:6a, 11a, 25a, 28b, 35b, 58a və s. 33b-118b vərəqlərində bir çox şəxslərin doğum və ölüm tarixləri xronoloji ardıcıllıqla göstərilmişdir.
Başlanır: Gəlüb bəhari-meysətəsüb nəsimi-məlal (1a)
Bitir: Didə gərək bu hörməti axırda göstərim.(119a)
Hər bir millətin, hər xalqın irili xırdalı özünə məxsus şairləri vardır. Bu şairlərin həyatının, yaradıcılığının öyrənilərək gələcək nəsillərə ötürülməsi, bu şairlərə sahib çıxması filologiya elminin vəzifələrindəndir. XIX əsr anadilli ədəbiyyatın görkəmli nümayəndəsi Mirzə Nəsrullah Didə haqqında yazılanlar göstərir ki şairin yaradıcılığının öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixi üçün bir töhfə olardı.
Dostları ilə paylaş: |