Sevda Hüseynova
(Əlyazmalar İnsitutu)
Əbul-Hüseyn Əhməd bİn Məhəmməd əl-Qüdurİnİn “Müxtəsər əl-Qüdurİ”əsərİnİn Bakı nüsxələrİnİn elmİ-poleoqrafİk xüsusİyyətlərİ
Dil, din, mədəniyyət, tarix və s. millətləri millət edən ünsürlərdir. Ancaq kitab mədəniyyəti bütün bunların fövqündə olan bir ünsürdür. Bu ünsürlərin hər birinin varlığı və davamı birbaşa kitabla əlaqəlidir (1,6). Azərbaycan əlyazma mədəniyyətinin çox qədim mədəniyyəti vardır. Məlum olduğu kimi, əcdadlarımız hələ VII əsrdən islam mədəniyyətinə qovuşmuş, yüzilllər boyu onun zənginləşməsində layiqli rol oynamışlar. Əsrlər boyu Azərbaycan xalqının nümayəndələri müsəlman dünyasının qabaqcıl elm və mədəniyyət mərkəzlərində təhsil almış, müdərrislik etmiş, unikal elmi və bədii əsərlər yaratmışlar. Bu cür ünsiyyət islam aləminin bütün guşələrindən Azərbaycana nəfis və nadir əlyazma kitablarının daşınmasına, Azərbaycanın özündə zəngin abidələrin yazılmasına imkan vermiş və nəticədə Azərbaycanda sayı milyonu keçmiş əlyazma kitabları toplanmışdır.
Orta yüzilliklərin işıqlı zəkalarının elmin müxtəlif sahələrinə həsr etdikləri eləcə də şairlərin və yazıçıların yaratdıqları poeziya və nəsr nümunələri katiblər və xəttatlar tərəfindən zaman-zaman çoxaldılaraq geniş yayılmlşdır. Saraylarda, mədrəsələrdə, evlərdə və başqa yerlərdə “nəşr” edilən bu yazılı abidələr ayrı-ayrı xəzinəlrdə, kitabxanalarda və şəxsi kolleksiyalarda toplanaraq tarixin keşməkeşli yollarından keçmiş və nəsildən-nəsilə verilərək dövrümüzədək gəlib çatmışdır (2,115). Elm aləminə yaxşı məlumdur ki, orta əsrlərin katib və xəttatları tərəfindən müxtəlif klassiklərin əsərlərinin üzləri köçürülərək çoxaldılan zaman onlarda müxtəlif xarakterli təhriflərə yol verilmişdir (2,84). Onların əsərləri müxtəlif məktəblərə, ayrı-ayrı ədəbi cərəyanlara və təriqətlərə mənsub olan bilik səviyyəsi baxımından bir-birindən fərqlənən katiblər və xəttatlar tərəfindən üzü köçürülüb yayılarkən müxtəlif xarakterli təhriflərə, ixtisarlara, əlavələrə məruz qalmış və bunun nəticəsində də bir müəllifin ayrı-ayrı dövrlərdə üzü köçürülmüş əsərin biri-birindən fərqlənən müxtəlif nüsxələri meydana gəlmişdir (3, 146).
İstənilən orta əsr müəlliflərinin elmi və bədii irsini və ya ayrı-ayrı əsərlərini araşdırarkən və onların mətnlərinin tekstoloji tədqiqini apararkən, həmin klassiklərin irsini və ya ayrı-ayrı əsərlərini əhatə edən əlyazma kitablarının poleoqrafik xüsusiyyətləri müfəssəl şəkildə şərh edilməlidir.
Orta əsr əlyazma kitabları poleoqrafik baxımından, yəni kağızı, cildi, xətt növləri tərtib prinsipləri və başqa xüsusiyyətləri ilə olduqca rəngarəngdir. Bu kitabların poleoqrafik xüsusiyyətlərinin araşdırılması hər şeydən öncə yazı tarixi və onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla bərabər əlyazma abidələrinin poleoqrafik xüsusiyyətlərinin öyrənilməsi orta əsr mətnlərinin oxunması bu və ya digər əsərin müəllifinin, onun dövrünün və əlyazma kitabının yazıldığı və ya köçürüldüyü yerin müəyyənləşdirilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir (4, 61).
Əhməd b. Məhəmməd Qüdurinin (h.362-428/972-1037) yaradıcılığının zirvəsi sayılan “Müxtəsər-əl Qüduri” yazıldığı tarixdən etibarən müxtəlif dövrlərdə katiblər tərəfindən üzü köçürülərək geniş coğrafi məkanda yayılmışdır. Hal-hazırda bu dəyərli mənbənin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində 29 əlyazma və 5 çap nüsxəsinin mühafizə olunması sübut edir ki, əsər vaxtı ilə Azərbaycanda geniş yayılmışdır. Bu əlyazmaların ilk dəfə Azərbaycana kim tərəfindən gətirildiyi hələlik müəyyən edilməmişdir. Yeri gəlmişkən qeyd etməliyik ki, əsər həcminin böyük olmasına baxmayaraq tam şəkildə dövrümüzə gəlib çatmışdır. “Müxtəsər əl-Qüduri”nin əlyazma nüsxələri qədimliyi, mükəmməlliyi, müxtəlifliyi baxımından maraq doğurur. Təəssüflər olsun ki, Əhməd b. Məhəmməd Qüdurinin öz əli ilə, yazdığı heç bir əsəri hələlik elm aləminə məlum deyil. “Müxtəsər əl-Qüduri”nin üzə çıxardığımız əlyazma nüsxələrinin qısa elmi-poleoqrafik təsvirini ilkin olaraq təqdim edirik.
1. Bakı nüsxələri içərisində öz qədimliyi nəfisliyi və tamlığı baxımından diqqəti cəlb edən B-2809/4434 şifrli əlyazmasıdır. H.1085 (1674-75)-ci ildə köçürülmüş əlyazma orijinaldan köçürülmüş nüsxələrdən hesab edilə bilər. Abidədə 68 kitab, 51 bab mövcuddur. Əlyazmanın təbii rəngli yaxşı cilalanmış hamar kağızları Qərb istehsalıdır. Abidənin vərəqləri nəmliyə məruz qaldığı üçün ləkələnmişdir. Mətn çox aydın oxunaqlı qara rəngli mürəkkəblə səliqəli riqi elementli nəsx xətti ilə yazılmışdır. Kitab və babların yazılışında qırmızı mürəkkəbdən istifadə olunmuşdur. Katibin fikrincə nəzərə çarpmalı olan müəyyən söz və ifadələrin altından çəkilmiş xətlər və orta əsr mətnşünaslığında tətbiq olunan şərti ışarələrin yazılışında qırmızı mürəkkəbdən istifadə olunmuşdur. Əlyazmanın əvvəlindəki bəzi vərəqlərində qeyd olunduğu kimi, mətndə buraxılmış ayrı-ayrı sözlər haşiyədə başqa xətlə yazılmışdır. Bu fakta əsasən güman etmək olar ki, həmin sözləri yazan şəxsin istifadəsində “Müxtəsər əl-Qüduri”nin başqa bir nüsxəsi də olmuşdur. Eyni zamanda mətnin haşiyələrində müxtəlif istiqamətli narın xətlə yazılmış xeyli sayda izah və əlavələr mövcuddur. Əlyazmada Şərq səhifələnmə üsuluna tam riayət olunmuşdur. Yəni, sonrakı vərəqin ilk sözü əvvəlki vərəqin aşağı hissəsində yazılmışdır (bu cür vərəqləmə üsulu “kustod” adlanır). Sonradan əlyazmanın vərəqləri qara karandaşla ərəb rəqəmləri ilə nömrələnmişdir. 152 vərəqdən ibarət olan əlyazmanın ölçüsü 15,5x20 sm-dir. Əlyazmada heç bir ornament və miniatür yoxdur. Abidənin klofonunda katibi eləcədə harada yazıldığı qeyd olunmamışdır. Cildi son dövrə aid bərpadan sonra çəkilmiş hər iki üzərində bir böyük iki balaca basma medalyon olan tünd çəhrayı rəngli dermantindir.
2. Köçürülmə tarixinə görə ikinci hesab etdiyimiz abidə B-3073/ 21509 şifrəlidir. Əlyazma h.1090 (1679-80)-cı ildə Mahmud b. Süleyman tərəfindən köçürülmüşdür. Vərəqləri təbii rəngli Qərb istehsalıdır. Mətn qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Haşiyələrdə nüsxə fərqləri verilib. Əlyazmanın ölçüsü 14,3x20,2 sm, həcmi 133 vərəq, cildi qəhvəyi rəngli dəridir.
3. B-4248/5873. Kağızı təbii rəngli, Avropa istehsalıdır. Əsərin məlum hissələri riqi (1a-17a) və şikəstə elementli nəsx (18a-176b) xətti ilə köçürülmüşdür. Sətirlərin üzərində, mətnin haşiyələrində narın xətlə yazılmış qeydlər var. Ölçüsü 14x19 sm, həcmi 176 vərəq, köçürülmə tarixi h.1092 (1681)-ci il olan əlyazmanın katibi məlum deyil. Cildi hər iki üzü basma naxış olan, çəhrayı rəngli dermantindir. Nüsxə tam deyil.
4. B-5475/27343. Kağızı təbii rəngli, nisbətən parıltılı Avropa istehsalıdır. Mətn incə nəstəliq, sərlövhələr isə iri şriftlə qara mürəkkəblə yazılmışdır. Haşiyələrdə, mətnin üzərində düzəlişlərə rast gəlinir. Əlyazmanın həcmi 183 vərəq, cildi mavi rəngli karton, ölçüsü 14,3x19 sm-dir. Abidə h.1102 (1690-91)-ci ildə Əbul-Qasım Vələd Şərif tərəfindən köçürülmüşdür. Nüsxə natamamdır .
5. B-5428/7053. Kağızı təbii rəngli, Avropa istehsalıdır. Əsər qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə köçürülmüşdür. Əsərin əvvəlində fehristi (mündəricat) var. Bəzi səhifələrdə (4a) iki, (35b) iki, (36a) bir dairəvi formada şəxsi möhürlər mövcuddur. Həcmi 235 vərəq, ölçüsü 14x20 sm olan əlyazmanın üst qabığı basma medalyonlu tünd qəhvəyi rəngli dəri, alt qabığı naqisdir. H.1114 (1702)-cü ildə Məhəmməd Vələd Hacı İbrahim tərəfindən köçürülmüş bu nüsxə mətn dolğunluğu və tamlığı baxımından çox qiymətlidir.
6. B-5915/29320. Kağızı Avropa istehsalı, parıltılı, mavi (1b-6b) və təbii (7a-159b) rənglidir. Mətn qara mürəkkəblə icazət xətti yazılmışdır. Ölçüsü 14x20sm, həcmi 159 vərəqdir. Abidənin məlum (6a; 136b) səhifələrində qara və çəhrayı mürəkkəblə işlənmiş ornamentlər diqqətə layiqdir. H.1116 (m.1704)-cü ildə köçürülmüş əlyazmanın katibi məlum deyil. Əsər tamdır.
7. B-1661/3286. Kağızı açıq mavi (1a-120b) və təbii (121a-136b) rəngli Avropa istehsalıdır. Mətn qara mürəkkəblə riqi xətti ilə, başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. Mətnin kənarlarında haşiyə və şərhlər var. Ölçüsü 17x21 sm, həcmi 154 vərəqdir, cildi naqisdir. Köçürülmə tarixi h.1232 (1816-17)-ci il, katibi məchuldur. Miras kitabı istisna olmaqla nüsxə tam mətni əhatə edir.
8. B-4870/25802. Kağızı təbii rəngli, qalın Rusiya istehsalıdır. Mətn qara mürəkkəblə səliqəli şikəstə elementli nəsx xətti ilə yazılmışdır. Bəzi sətirlərin üzərində qeydlər aparılıb. Cildi naqisdir. Həcmi 309 vərəq, ölçüsü 15x21 sm-dir. Abidənin 2b və titul vərəqində şəxsi möhür var. Nüsxə natamamdır. Əlyazma h. 1202 (1787)-ci ildə Məhəmməd İbn Kərbalayi Qasım Təbrizi tərəfindən köçürülmüşdür.
9. B-3504/5129. Kağızı təbii rəngli, Rusiya istehsalıdır. Əsər qara mürəkkəblə riqi xətti ilə, bəzi ifadələr isə qırmızı mürəkkəblə yazılmışdır. Şərq üsulu ilə səhifələnmiş abidənin 2a vərəqində dairəvi şəkilli şəxsi möhür var. Həcmi 125 vərəq, ölçüsü 17x21 sm, cildi açıq-qəhvəyi rəngli dəridir. H.1279 (1862)-cu ildə köçürülmüş əlyazmanın katibi məlum deyil. Əsərin sonu naqisdir.
10. B-2989/4614. Kağızı sarımtıl rəngli, nisbətən qalın Rusiya istehsalıdır. Mətn qara mürəkkəblə incə və qalın siyaqət xətti ilə köçürülmüşdür. Mətnin haşiyələrində ötəri qeydlər aparılıb. Ölçüsü 18x22 sm, həcmi 19 vərəqdir. Səhifələnmə qeydlərindən məlum olur ki, nüsxədən xeyli sayda vərəq düşüb itmişdir. Katibi və tarixi məlum deyil. Cildi son dövrə aid boz rəngli dermantindir.
11. B-2755/20741. Kağızı təbii (1b-115b) və açıq-mavi (116a-156a) rəngli qalın Avropa istehsalıdır. Əsər nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Həcmi 156 vərəq, ölçüsü 17x22 sm-dir. Tünd-qəhvəyi rəngli dəri ilə cildə tutulmuş nüsxənin sonu naqis olduğu üçün katibi məlum deyil. Abidəni poleoqrafik əlamətlərinə görə XIX əsrin I yarısına aid etmək olar. Nüsxə tam deyil.
12. B-4293/5918. Kağızı qalın, təbii rəngli Avropa istehsalıdır. Əsər qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Mətnin kənarlarında bəzi ifadələrin izahı mövcuddur. Nüsxə əvvələn və sondan naqisdir. Həcmi 186 vərəq, ölçüsü 14x20 sm-dir. Abidənin üz qabığı itmiş, alt qabığı isə tünd-qəhvəyi dəridir. Əlyazma şənbə günü h.1107 (1695)-ci ildə, Əli Vələdi Məhəmməd Saleh Sufi tərəfindən köçürülmüşdür.
13.B-4341/5966. Kağızı təbii rəngli, nazik Avropa istehsalıdır. Əsər qara mürəkkəblə riqi elementli nəsx xətti ilə yazılmışdır. Mətnin kənarlarında müxtəlif istiqamətlə yazılmış şərh var. Ölçüsü 16x21,3 sm, həcmi 181 vərəqdir. Abidə şənbə günü h.1231 (1815)-ci ildə Əli b. Təhmaz tərəfindən köçürülmüşdür. Cildi tünd-qəhvəyi rəngli basma medalyonlu dəridir. Nüsxə tamdir.
14. B-4859/6484. Kağızı təbii rəngli, qalın Avropa istehsalıdır. Əsər qara mürəkkələ şikəstə elementli nəsx xətti ilə, şərti işarələr, başlıqlar qalın hərflərlə yazılmışdır. Mətnin haşiyələrdə qeydlər aparılıb. Cildi tünd-qəhvəyi rəngli dəridir. Həcmi 182 vərəq, ölçüsü 14x19 sm-dir. Əlyazmanı poleoqrafik əlamətlərinə görə XVIII əsrin sonlarına aid etmək olar. Nüsxə tam deyil.
15. B-6968/8593. Kağızı təbii rəngli, ahərli Şərq istehsalıdır. Əsər qara mürəkkəblə suls elementli nəsx xətti ilə yazılmışdır. Əlyazmanın içərisində müxtəlif şərh və haşiyələrlə dolu əlavə vərəqlər var. Əvvəlində fehristi verilmiş nüsxə demək olar ki, tam mətni əhatə edir. Həcmi 176 vərəq, ölçüsü 18x22 sm, cildi açıq-qəhvəyi rəngli dəridir. Abidə cümə günü h.1264 (1847)-cü ildə Məhəmməd b. Molla tərəfindən köçürülmüşdür.
16. B-5203/6828. Kağızı sarımtıl rəngli Rusiya istehsalıdır. Əsər qara mürəkkəblə riqi xətti ilə köçürülmüşdür. Katib sətirlərin üzərində və mətnin kənarlarında qeydlər aparıb. Səhifələnmə qeydlərindən məlum olur ki, nüsxədən xeyli sayda vərəq itmişdir. Ölçüsü 17x21sm, həcmi 65 vərəqdir. H.1249 (1833)-cü ildə hazırlanmış əlyazmanın kim tərəfindən köçürüldüyü məlum deyil.
17. B-5091/6716. Kağızı təbii rəngli, Rusiya istehsalıdır. Vərəqlərin küncündə dördkünc fabrik möhürü var. Əsər şikəstə elementli nəsx xətti ilə, başlıqlar zoğalı rəngli mürəkkəblə yazılmışdır. Bəzi sətirlərin üzərində nüsxə fərqləri verilib. Əsər məcmuənin 1b-187b vərəqlərini əhatə edir. Ardıcıllığı pozulmuş əlyazmanın sonu naqisdir. Ölçüsü 17x22sm, cildi tünd-qəhvəyi rəngli dəridir. Nüsxə h.1298 (1180-81)-ci ildə İsmayıl Xələf Osman Əfəndi tərəfindən köçürülmüşdür.
18. B-6498/8129. Kağızı təbii rəngli, qalın Avropa istehsalıdır. Əsər qara mürəkkəblə incə nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Abidənin 2a vərəqində üç şəxsi möhür var. Sonu naqisdir. Ölçüsü 14x20sm, həcmi 152 vərəq, cildi açıq-qəhvəyi rəngli kartondur. Poleoqrafik əlamətlərinə əsasən demək olar ki, nüsxə XVIII əsrin əvvəllərində hazırlanmışdır.
19. S-419/9372. Kağızı-təbii rəngli, parıltılı Şərq istehsalıdır. Qara mürəkkəblə nəsx xəttilə yazılmışdır. Mətnin haşiyələrində müxtəlif istiqamətlə yazılmış şərhlər vardır. Əlyazmadan xeyli sayda vərəqlər düşmüş və ardıcıllıq pozulmuşdur. Sonu naqis olduğu üçün katibi və tarixi məlum deyil. Ölçüsü 18x27sm, həcmi 98 vərəq, cildi açıq-qəhvəyi rəngli, naxışlı kartondur.
20. B-6691/8316. Kağızı-təbii rəngli, Şərq istehsalıdır. Əsər qara rəngli mürəkkəblə səliqəli nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Mətnin haşiyələrində nüsxə fərqləri verilib. Həcmi 285 vərəq, ölçüsü 17,8x22 sm, cildi basma medalyonlu tünd-qəhvəyi dəridir. Abidə h.1294 (1877)-ci ildə, Azərbaycan kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etdirilməsində əvəzsiz rolu olan Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən hazırlanmışdır.
21. B-3921/23755. Kağızı-təbii rəngli, Rusiya istehsalıdır. Əsər qara mürəkkəblə nəstəliq elementli nəsx, başlıqlar isə zoğalı mürəkkəblə yazılmışdır. Həcmi 17 vərəq, ölçüsü 17x21 sm, cildi isə naqisdir. Abidə səfər ayı h.1296 (1878)-cı ildə Əhməd Molla Məhəmməd Rəhim Haput tərəfindən köçürülmüşdür. Əlyazma natamamdır.
22. B-6393/8018. Kağızı təbii rəngli, Rusiya istehsalıdır. Vərəqlərin küncündə N6, N7 yazılmış dördkünc fabrik möhürü var. Əsər qara mürəkkəblə şikəstə elementli nəsx xətii ilə yazılmışdır. Ölçüsü 16x21,2 sm, həcmi 178 vərəqdir. Cildi kənarları tünd qəhvəyi rəngli dəri, ortası açıq-qəhvəyi rəngli kartondur. Abidə rəcəb ayı, cümə günü h.1308 (1890)-ci ildə Məhəmməd Əyyub tərəfindən köçürülmüşdür. Nüsxə tam deyil.
23. B-5428/7053. Kağızı təbii rəngli, Avropa istehsalıdır. Əsər qara mürəkkəblə, nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Əvvəlində mündəricatı verilmiş əlyazmanın 4a vərəqində iki, 35b vərəqində iki, 36a vərəqində isə bir dairəvi formada şəxsi möhür var. Ölçüsü 14x20sm, həcmi 235 vərəq, cildi basma medalyonlu qəhvəyi rəngli dəridir. Əlyazma h.1114 (1702)-cü ildə Məhəmməd Vələd Hacı İbrahim tərəfindən hazırlanmışdır. Nüsxə tam mətni əhatə edir.
24. B-24/1634. Kağızı çəhrayı, təbii, sarı və yaşıl rəngli Şərq istehsalıdır. Əlyazma qara mürəkkəblə oxunaqlı şikəstə xətti ilə yazılmışdır. Cildi tünd çəhrayı rəngli parçadır. Ölçüləri 13x20 sm, həcmi 200 vərəqdir. Əvvəlində fehristi verilmiş nüsxə tamdır. Əlyazma h.1308 (1890)-ci ildə Seyid Hacı Məhəmməd Əsəd b. Məhəmməd Pir Qafur Bakuyirlizadə tərəfindən köçürülmüşdür.
25. B-4611/24467. Kağızı təbii və açıq mavi rəngli Rusiya istehsalıdır. Əsər qara mürəkkəblə riqi xətti ilə yazılmışdır. Sətirlərin arasında bəzi ifadələrin izahları verilmişdir. Cildi tünd-qəhvəyi rəngli basma naxışlı dəri, həcmi 206 vərəq, ölçüsü 16x21 sm-dir. Əlyazma h.1232 (1816)-ci ildə Məhəmməd b. Hacı Əbdürrəhman Numan Abadi tərəfindən köçürülmüşdür.
26. B-3510/5135. Kağızı təbii rəngli, Rusiya istehsalıdır. Mətn qara mürəkkəblə nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Mətnin kənarlarında düzəlişlər və haşiyələr var. Həcmi 183 vərəq, ölçüsü 17x21,3sm, cildi son dövrə aid tünd çəhrayı rəngli, basma naxışlı dermantindir. Əlyazmanın sonu naqis olduğu üçün tarixi və katibi məlum deyil. Poleoqrafik xüsusiyyətlərinə görə abidəni XVIII əsrin II yarısına aid etmək olar. Nüsxə tam deyil.
27. D-856. Kağızı-təbii rəngli, Avropa mənşəlidir. Əsər qara mürəkkəblə suls xətti ilə yazılmışdır. Mətnin haşiyələrində şərhlər, sətirlərin üzərində müxtəlif məzmunlu qeydlər vardır. Ölçüsü 20x30sm, həcmi 176 vərəq, cildi qəhvəyi rəngli dəridir. Nüsxə tam deyil. Köçürülmə tarixi və katibi məlum deyil.
28. B-2224/3849. Kağızı-təbii rəngli, parıltılı Qərb istehsalıdır. Əlyazma qara mürəkkəblə əsasən riqi, qismən nəstəliq xətti ilə yazılmışdır. Haşiyələrdə nüsxə fərqləri verilmişdir. Ölçüsü 14,8x19,7 sm, həcmi 198 vərəq, cildi tünd-qəhvəyi rəngli dəridir. Nüsxə tam deyil. Əlyazma ərəfə günü h.1247 (1837)-ci ildə Molla Əli Zərəli tərəfindən köçürülmüşdür.
29. B-7691/11353. Kağızı-ağ və firuzəyi rəngli, Rusiya istehsalıdır. Vərəqlərin küncündə dördkünc fabrik möhürü vardır. Mətn qara mürəkkəblə nəstəliq xətti ilə yazılmışdır. Haşiyələrdə mətnin izahı verilmişdir. Əlyazmanın əvvəlində əsərin fehristi verilmişdir. Əsərin titul vərəqində azərbaycan dilində şeir parçası, sonda isə əlyazmanın övladların övladlarına vəqf edilməsi haqqında ərəbcə kiçik yazı vardır. Nüsxə tamdır. Cildi ornamentli, həndəsi cizgili qəhvəyi meşin olan abidənin, ölşüsü 17x22 sm, həcmi 144 vərəqdir. Əyazma h.1293 (1876)-cü ildə İsrafil b. Məhəmməd əl-Bədazi tərəfindən köçürülmüşdür.
Ümumiyyətlə qeyd etmək olar ki, abidənin hər bir nüsxəsi nadir, fərdi elmi faktdır. Nüsxələr arasındakı qarşılıqlı münasibətləri araşdırıb, onların eynilik və müxtəlifliyini müəyyənləşdirməklə həmin abidənin tarixi haqqında ümumi təsviri təyin etmək olur. Islam hüququnun çağdaş dövrdə elmi şəkildə öyrənilməsi baxımından dəyərli mənbə olan “Müxtəsər əl-Qüduri” xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |