Cilitqa (Füzuli) - zamok, zəncirbənd
Ilk baxışda Avropa dillərindən alınma təsiri bağışlayan bu söz fərqli fonetik variantlarda müxtəlif türk dillərində işlənir: çara – zamok (qırğ.), çuurqa – zamok (monq.), çeret (tat.), çirit (qırq., özb.), şirit (qazax). Qaqauz dilinin vulkaneşt dialektində “cırıt” variantında işlənən bu söz zəncirbənd mənasını ifadə edir. Qaqauz dilinin digər şivələrində zamok mənasının rumın dilindən alınmalar hesabına ifadə olunduğunu yazan G.Karanfil bu sözə yalnız uşaq oyununun adında təsadüf etdiyini yazır və sözün səs təqlidi nəticəsində meydana gəlməsini güman edir [3;15]. Əksər türk dillərində işlənməsini və daxili məzmununu nəzərə alsaq, bu sözün oyun adı ilə bağlılığı və ya səstəqlidi söz olması şübhə doğurur. Zənnimizcə, bu söz “kilid” sözünün müəyyən səs dəyişmələrinə uğramış formasıdır. Sözdəki səs dəyişmələri də fonetik baxımdan tamamilə qanunauyğundur: kilid//cırıt//cilit(qa). Daha dərin qatlara nüfuz etməyə çalışsaq, bu sözün səstəqlidi nəticəsində meydana gəlməsi qənaətinə gələrik.
Qondara – hündürdaban ayaqqabı
Qö:n/gön/qon/kön/xöm/kün/köȠ fonetik variantlarında müxtəlif türk dillərində işlənən bu sözün aşılanmış dəri, dəri, bədən, ayaqqabı kimi mənaları məlumdur. Türk dili dialektlərində “göncarək” və goncaruq şəklində işlənən sözlər çarığın müxtəlif növlərini ifadə edir. E.Sevortyan Altay dialektlərində köȠ sözünün “köȠ tere” (aşılanmış dəri) ifadəsinin tərkibində işləndiyini yazır[27.72]. Serb və bolqar dillərinə də keçmiş gön sözü Balkan dillərində “sadə kəndli ayaqqabısı” mənasında goncaruq sözündə özünü göstərir. Bunlar şivələrimizdə hündürdaban ayaqqabı mənasında işlənən “qondara” sözünün də “gön” və “dəri” sözlərinin birləşməsindən ibarət olmasını düşünməyə əsas verir.
Taskülə
Bakı şivələrində “araqçın” mənasında işlənir.
Digər qadın baş geyimi təsək (onu qadın papağı adlandırırdılar) idi. Təsəyi bəzəyən naxışın növündən asılı olaraq onun müxtəlif adları mövcüd idi: mirvari papaq, qızıl papaq, ayulduz. Təsəyin bir neçə funksiyası vardı: saç, düzümünü qoruyub – saxlamaq, saçları yad gözlərdən gizlətmək, əsas təyinatı isə ondan ibarət idi ki, üstdən bağlanmış ipək yaylıq sürüşməsin. Həm təsək, həm də yaylıqlar bəzənidilirdi. Onların üzərinə mirvari, möhürlənmiş fiqurşəkilli qızıl mişanlar düzür və ya qızılı tikməli naxışla bəzəyirdilər. Yaşlı qadınlar təsəyin kənarlarını çox zaman bafta və ya güləbətinlə bəzəyirdilər. Təsəyin üstündən böyük ipək və ya pambıq yaylığın bir ucunu sallayıb qalan uclarını arxada düyünləyirdilər.
“Təsək” sözünə ədəbi nümunələrin dilində də təsadüf olunur: Yaxşı deyir, aldığın təsəkləri ört firəng qızlarının başlarına (M.F.Axundovun komediyaları, B., 1975, s. 38); Başında bir kirli, bir əski təsək... (S.Vurğun “26-lar”).
Xakas dili dialektlərində ədəbi dildə təsadüf olunmayan bəzi qədim türk sözlərinin (obırçı-paltarın ətəyinə tikilən lent (abır sözündən), us port – yuxarısı süs papaq (us-ağıl; port-börk), salbançıx -sırğa) varlığından bəhs edən Abdina papağın bir növünün taqayak sözü ilə ifadə olunduğunu yazır [2;17]. Rus mənbələrində XVI əsrdə kişilərin qırxılmış başlarına tafya qoyduqları qeyd olunur. Tafyanın üstündən şapka qoyulurdu. Rus dialektlərində tasma sözü fərqli mənada işlənmişdir. Tədqiqatlarda bu sözün türk mənşəli olması qeyd olunur. Tomsk əyalətində tasma, Moskvada tesma kəmər məzmununu ifadə etmişdir. Maraqlıdır ki, rus dili şivələrində kəmər mənasında digər türkizmlər də işlənmişdir: qaşnik və kuşak. Hətta bu sözlər rus dilində kəmərin növlərini fərqləndirməyə imkan vermişdir: yuxarı kəmərə kuşak, aşağı kəmərə isə poyas deyilmişdir. Bunlar qayış və qurşaq sözlərinin müəyyən fonetik dəyişikliyə uğramış variantıdır.
Kəpənək – yapıncı
Yapıncı mənasında “kəpənək” sözünə İraq-türkman ləhcəsində təsadüf olunur.
Müxtəlif tarixçilərin və səyyahların (əl-İstəxri, əl-İdrisi və b.) əsərlərində türklərin və slavyanların geyiminin təsvirinə rast gəlirik. Slavyanlarda hətta geyim adlarının da türk mənşəli olması diqqəti çəkir. XIV əsrdə Rəşid əd-din bütün ordunun “kepenek” geydiyini yazır. “Kepeneki” termini macar dilinə keçərək orduda şinel mənasını ifadə edir, rus yazılı abidələrində isə bu məqamda “yapançi” sözünə təsadüf olunur. Maraqlıdır ki, abidələrin dilində paralel olaraq həm kəpənək, həm də yapıncı sözü işlənmişdir. Lakin “Kitabi Dədə Qorqud”da rast gəldiyimiz yapıx/yapığ (Qaradərə ağzında qara buğa dərisindən beşiginin yapuğı olan) bizə daha maraqlı göründü: burada, mətndən də göründüyü kimi, yapux “örtük” məzmunu ifadə edir. Lakin bu forma yapıncı və kəpənəyin eyniköklü söz olmasını nümayiş etdirir: yapuğ//kəpənək
İmişli rayon şivələrində “üst paltarı” mənasında yapı sözü işlənir. Çupak sözü türk dillərinin qədim abidələrində də qeydə alınmışdır: yuvğa // yufka// yubka// yupka “nazik” (Mahmud Kaşğari “Divan”), yopka “incə, zərif”, yopka çüz “incə atlaz”, yopka etmek “nazik çörək”, yufka “incə” (Əbu Xəyyam).
Müasir türk dillərində (“yufka” zəif (qaq.), “yufka” nazik çörək (türk), “yuka” incə (türkm.), “çuqa” incə (tuva), “jupka” incə ipək parça adı (k.kalp.), “yupka” incə (özb.), “juka// jukna” nazik çörək (qaz.), “yuka” incə (tat.), eləcə də Azərbaycan dilində (“yuxa” nazik çörək) bu söz fonetik baxımdan müəyyən fərqlərlə işlənməkdədir. Digər türk dilləridə, həmçinin Azərbaycan dilində işlənən çuxa sözü də bu sözlə bağlıdır, zıbın// zıvın sözü də yufka-dan törəmədir. Ə. Tahirzadə zıbın// çapan// zapnu // jupun kök morfemlərinin əsasında yap “bağlamaq, örtmək” felinin dayandığını yazır [4]. Azərbaycan dilində bu kökdən olan digər bir söz isə yapıncı sözüdür. Bu kökdən yaranan yastı-yapalaq (nazik), yapraq//yarpaq, yapax (yun) kimi sözlərin müasir türk dillərində işlənməsini öz araşdırmasında G.Karanfil də qeyd edir [3]. Müəllif “çupan” sözünün etimologiyasından danışarkən qeyd edir ki, “güman edirik ki, Azərbaycan dilinin Şəki dialektində zıbın// zıvını və axıska türklərinin dilindəki zubon (sırıqlı) sözlərinin əsasında da “çub” dayanır. Bu söz zubun formasında rus dilinə də keçmişdir [3 ].
Azərbaycan dilinin Çənbərək şivələrində bu söz “zıvını”, zıvanı (Şəmkir) - sırıqlı; zıbın (Kürdəmir, Qəbələ, Oğuz) – sırıqlı; zıvın (Gəncə, Mingəçevir, Tovuz)// zıvını (Ağcabədi, Basarkeçər, Çənbərək, Kürdəmir, Tovuz, Şəki)–I: qadın üst geyimi, II: sırıqlı variantları da işlənir.
Dostları ilə paylaş: |