Qalabaşmağı – qadın ayaqqabısı
Şahbuz rayonu Biçənək kənd şivəsində qeydə alınmış bu sözün ikinci hissəsi müasir ədəbi dil üçün müəyyən mənada arxaizm hesab olunan və demək olar ki, bütün türk dillərində işlənən (türk., türkm., az., kum., kbal., noq., tat., [5; 94]), hətta slavyan dillərinə də keçmiş “başmaq” leksik vahididir. Müxtəlif türk dillərində sözün işlənməsində fərqli məna incəlikləri özünü göstərir. Türk dili dialektlərində “başmak” “gecə ayaqqabısı”, Azərbaycan dilində “alçaq dabanlı arxasız şərq ayaqqabısı”, tatar dilində “ev ayaqqabısı” mənalarında isləndiyi məlumdur [5; 94]. “Başmaq” sözünün etimologiyası ilə bağlı fikirlər müxtəlifliyi ilə diqqəti cəlb edir. L.Budaqov “başmak” sözünün “bir illik buzov” ifadə edən sözdən törədiyini yazır. Q.Ramstedt bu sözün “ayaq” mənasını ifadə edən “pal” kökündən olduğunu yazır. A.Zayançkovskiy bu sözü “bağlamaq” mənalı “ba” feli ilə əlaqələndirir. Müəllif bunu rus dilində ayaqqabı növünün adı olan “baxilı” ilə bağlayır. E.Sevortyan “başmaq”sözünün “ba” – bağlamaq feli ilə əlaqələndirilməsinin əsassız olmadığını yazaraq tatar dili dialektlərində ev ayaqqabısı mənasını ifadə edən “baymak” birbaşa “bağ”la bağlıdır, belə ki, “ba:y” yakut dilində bağlamaq, toxumaq mənasını ifadə edir[5; 94]. Lakin müəllif M. Kaşğarinin əsərində ayaqqabının digər formasının adı kimi verilən, oğuz və qıpçaqlarda işlənən “başak” və “başmak”ın törədiyi “baş” kökünün hələ ki formal və semantik baxımdan aydınlaşdırılmamış qaldığını yazır [5; 94]. XVI əsrdən rus mənbələrində müntəzəm olaraq işlənən “başmak” sözünün tatar və türk dillərindən alınma olması qənaətində olan M.Fasmerlə razılaşmayan E.Sevortyan onun daha qədim dövrlərdən poloves dilindən alınma olduğu fikrindədir[5; 94]. “Başmak” sözü müəyyən fonetik fərqlərlə şərqi slavyan dillərinə də keçmişdir: baczmag – çəkmə növü (polyak d.), başmak, paşmak (bolqar d.), paşmag, paşmaga (serb d.), paşmak (rumın d.), paçmaq (xorvat d.). Sözün p- ilə olan variantına türk dilində və bu dilin abidələrində təsadüf olunduğunu qeyd edən E.Sevortyan məhz bu variantın çeçen dilindəki paşmaq və ingiloy dilindəki paşmoeq sözlərinin mənbəyini təşkil etdiyini yazır [5; 95]. Bir sıra türk dillərində, eləcə də onların yazılı abidələrində p-lı variantın olması corab və ayaqqabı ilə bağlı bəzi şivələrimizdə işlənən papuş (Quba) – köhnəlmiş corab, pəsə (Qazax)- çust, pəsnik (Ordubad) – corabın dabanına yamamaq üçün gön parça, patava (Salyan)– uzunboğaz çəkmə kimi sözlərin “başmaq”la bir kökdən olması fikrini doğurur. Eləcə də bir-birinə yaxın, lakin fərqli mənalarda işlənən badıc sözünün eyni kökdən olması [(Bakı)– uzunboğaz corab, badış (Qazax)– baldıra geyilən boğazlıq, badış (Salyan)– nazik corab, badış (Hamamlı)– təndirə çörək yaparkən qola geyilən qolçaq] inandırıcı görünür.
Qalabaşmağı qadın ayaqqabısı mənasında Culfa şivələrində də işlənir.
Dostları ilə paylaş: |