Ədəbİyyat:
1.Adilov Məmməd. Azərbaycan paleoqrafiyası. Bakı, “Elm”, 2010, 224 səh.
2.Из сокровищницы рукописей Азербайджана. Элм. Баку. 1983. Автор составитель Каграманов Дж.В. (İngilis, rus və azərbaycan dilində)
3.Şeyda Yavuz. Süsleme sanatında rumi motifi ve tarihsel gelişimi. Ankara 2008. (Yüksek lisans tezi). 106 s.
4. Fatma Çiçek DERMAN. İslam sanatları tarihi. (Unite 5) Eskişehir, Eylül 2010. 247 s.
5.Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul 1988, 95 s.
Yədulla Dadaşlı
(Müəllimlər İnstitutu)
Bədİİ və onun “Tərcümətül-bədaye” lüğətİ
Hüseyn əfəndi Qayıbovun şəxsi kitabxanası vasitəsilə ələ gətirilən və hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan bir “Məcmuə” elmi baxımdan olduqca əhəmiyyətlidir. B-551/3255 şifrli bu “Məcmuə” bir neçə müəllifin əsərlərini özündə birləşdirir. Məcmuənin 6 b-14 a vərəqlərini şair Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti, 30 b-42 a vərəqlərini Əbu Nəsr Fərahinin “Nisabüs-sibyan”, 47 b-77 b vərəqlərini şair Dədə İbrahim Şahidinin “Töhfeyi-Şahidi” mənzum lüğətləri, 82 a-127 b vərəqlərini Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması əhatə edir. Məcmuənin 49 a vərəqinin haşiyəsində Şahidinin həyatı, vəfat tarixi və əsərləri haqqında yığcam məlumat verilmişdir. 42b vərəqində türk dilindən fars dilinə çevrilmiş “Əsasi-salnameyi-türkan” (“Türklərin əsas salnaməsi”) adlı şeir yerləşdirilmiş, şeirdə heyvan adları ilə adlandırılan ayların mənası və əhəmiyyəti izah olunmuşdur.
Fars və türk dillərində müxtəlif səpkili əlyazmalar salınmış sözü gedən məcmuə şair Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti ilə başlanır. Lüğətin sonuncu vərəqində katib, yazılma tarixi və yeri haqqında Hüseyn əfəndi Qayıbov tərəfindən ərəb dilində yazılmış aşağıdakı məlumat yer almışdır. “Təmmət həzəl-övraq əl-müsəmmi bil-bədaye neövne-xaliq əl-bədaye. Hərrərə Hüseyn Molla Yusif nahiyeye-Qəzzaqi, sənə 1269 fi mahe-rəməzan”.
(Tərcüməsi: “Bədaye” adlanan bu vərəqlər bədaye xəlq edən Yaradanın (Allahın) köməkliyi ilə tamamlandı. Hüseyn Molla Yusif [oğlu] Qazax nahiyəsində 1269-cu ilin ramazan ayında yazdı).
Bu məlumatdan anlaşılır ki, Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğəti hicri-qəməri tarixlə 1269-cu ilin ramazan ayında (miladi tarixlə 1852-ci ildə) Qazax qəzasında Salahlı kənd məktəbinin müəllimi Hüseyn əfəndi Qayıbov tərəfindən nəstəliq xəttilə yazıya alınmışdır. Təəssüf ki, bu vaxta kimi nə Bədiinin həyat və yaradıcılığı, nə də “Tərcümətül-bədaye” mənzum lüğəti milli filologiyada kifayət dərəcədə öyrənilməmişdir. Bədii haqqında ilk məlumata görkəmli Azərbaycan allimi və ədibi Mirzə Məhəmmədəli Tərbiyətin (1875-1940) “Danişməndani-Azərbaycan” [1987] əsərində rast gəlirik. M.Tərbiyət adı çəkilən əsərində yazır ki, Bədii Təbrizin məşhur təbiblərindən və rəssam Müzəffərəlinin dostlarındandır.” Onun fars və türk dillərində bir çox şeirləri vardır. Aşağıdakı şeir onundur:
Cəmallı cavanları mən ürəkdən sevərəm,
Ox vursalar ürəyə mən heç dinmərəm.
Şəhər şeyxi mən edir bizi bu gənclərdən,
Qoca, cahildir, şeyxə bir söz demərəm.
(“Məcməül-xəvas”).
M.Tərbiyət Bədiinin qəzəllər divanının şəxsi kitabxanasında saxlandığını da nəzərə çatdırır və “Müsəlləsat lüğəti” mənzuməsinin Bədii qələmindən çıxmasını ehtimal edir.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair fundamental əsərlərin müəllifi kimi tanınan M.Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Bədiini fars və türk dillərində lirik qəzəllər divanının və “Müsəlləsat lüğəti” mənzuməsinin müəllifi simasında oxuculara tanıdır. Buradan mənzum lüğətçilik sahəsində müəyyən təcrübəsi olan Bədiinin adı çəkilən lüğətdən başqa daha bir mənzum lüğətin – “Tərcümətül-bədaye” əsərinin müəllifi olması mülahizəsi formalaşır.
XX yüzilin görkəmli Azərbaycan alimi, akademik Həmid Araslı “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasında M.Füzuli dövrü Azərbaycan şairləri sırasında Bədiinin də adını çəkir: “XVI əsrin tanınmış şairlərindən biri də Bədiidir. Bədii Şah Təhmasibin zamanında yaşamışdır. Onun əsərlərindən aşağıdakı qəzəl məlumdur:
Dila, müqəyyədi-ol ənbərin kəmənd ola gör,
Qərib silsilədir zülfi-yar, bənd ola gör.
Pəsəndi-qeyr əgər olmadım, könül qəm iməz
Pəsənd xatiri-ol şuxi-dilpəsənd ola gör.
Halımı yarə yetir, tanrı üçün, ey halə,
Şərari-ah kimi dəmbədəm bülənd ola gör.
Xumi-şərab, Bədii, ləvəndi-meykədədir,
Ayağı torpağına baş qoyub ləvənd ola gör.
Bu sətirlər şairin klassik irsə yaxından bələd, lirik sənətkar olduğunu aydınlaşdırır”.
Məhəmmədəli Tərbiyət və Həmid Araslının Bədii haqqında verdikləri məlumatları ümumiləşdirib, belə nəticəyə gəlmək mümkündür: Bədii XVI əsrin tanınmış şairlərindən və həkimlərindən biri, rəssam Müzəffərəlinin dostudur. Şah Təhmasibin dövründə yaşamış, fars və türk dillərində qəzəllər divanı, “Müsəlləsat lüğəti” mənzuməsini yazmışdır.
“Tərcümətül-bədaye” mənzum lüğəti Bədiinin əsəri olub, fars dilində yazılmışdır. Hüseyn əfəndi Qayıbov bu lüğəti fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, Qazax qəzasının Salahlı kənd məktəbində müəllimlik etdiyi 1850-ci illərdə şagirdlərə fars dilini öyrətmək məqsədilə tədris vəsaiti kimi faydalanmışdır.
Səkkiz vərəqdən ibarət olan “Tərcümətül-bədaye” əsərinin Azərbaycan dilində olan variantı “Məcmuə”nin 6 b-10 a vərəqlərində, fars dilində olan əlyazması isə 10 a-14 a vərəqlərindədir. “Tərcümətül-bədaye” lüğətinin farsca əlyazması 196 misradan, azərbaycanca əlyazması ilə 195 misradan ibarətdir. Əlyazmanın 9 b vərəqində bir misra H.Qayıbov tərəfindən nədənsə buraxılmışdır.
Bədii “Tərcümətül-bədaye” mənzum lüğətini Azərbaycan və Şərq dillərində yazılmış elmi və bədii əsərlərdə, əlyazma və çap kitablarında olduğu kimi, rəsmi başlıqla – “Bismillahir-rəhmanir-rəhim və bihi nəstəin” [“Şəfqətli və rəhmli Allahın adı və onun köməkliyi ilə” (başlayıram)] ifadəsi ilə aşağıdakı misralarla başlayır:
ﺍﺯ ﭘﺲ ﺤﻣﺩ ﺨﺩﺍﻮﻨﺩ ﺯﻣﯿﻥ ﺁﺳﻣﺎﻥ
ﺩﺮ ﻟﻐﺖ ﻨﻆﻡ ﻜﻨﻢ ﺤﻣﭼﻮ ﻵﯽ ﻋﻣﺎﻦ
ﺻﺎﺤﺑﻜﻣﺎﻞ ﺍﯽ ﺤﻮﺍﮬﯽ ﻣﻌﻨﯽ ﺴﮫ ﺍﺯ ﻠﻔﻈ ﭕﮑﯽ ﺍﺯ
ﺪﺍﻥ ﺘﺮﺘﻳﺐ ﺒﺪﻴﻥ ﻀﻢ ﻮ ﻜﺴﺮ ﻓﺘﺢ ﺍﯙﻟﺶ
(Tərcüməsi:
Bundan sonra, Yeri, Göyü yaradan Allaha şükür olsun!
Oman incilərinə bənzər şeir lüğəti yazıram.
Ey kamal sahibi, bir cür yazılan üç mənalı söz istəyirsənsə. əvvəlcə fəthə, sonra kəsrə və zəmmə hərəkələri ilə sıralanmış sözlərə bax).
XVI əsr Azərbaycan şairi Bədii Oman incilərinə bərabər tutduğu, dilçilik elmi baxımından son dərəcə qiymətli “Tərcümətül-bədaye” mənzum lüğətində ərəb əlifbası ilə eyni cür yazılan, lakin hərəkələrlə məna baxımından fərqlənən onlarla ərəb mənşəli sözün farsca açmasını vermişdir.
Hüseyn əfəndi Qayıbov “Tərcümətül-bədaye” lüğətini fars dilindən Azərbaycan dilinə çevirərkən müəllifin üslubunu, əsərin vəzn və janr xüsusiyyətlərini, qafiyə quruluşunu olduğu kimi saxlamış, orijinalın tələblərini gözləmişdir. Bu da Qayıbovun şairlik istedadından (hərçənd H.Qayıbov şair olmamışdır, lakin şair M.V.Vidadinin nəslindəndir) və tərcümə nəzəriyyəsinə bələd olmasından irəli gəlir. Bununla yanaşı, H.Qayıbov lüğətin Azərbaycan dilindəki əlyazmasının əvvəlinə və axırına Bədii mətnində olmayan misralar artırmış, müvafiq səhifələrin haşiyələrində izahlar vermiş, əsərin adını yalnız Azərbaycan variantının ilk səhifəsinin rəsmi başlığından sonra göstərmişdir.
Bədii kimi H.Qayıbov da əlyazmanın başlanğıcında “Bismillahir-rəhmanir-rəhim və bihi nəstəin” ifadəsini işlətmiş, “Hüvə Allah sübhan” (Tərif o Allaha layiqdir) ifadəsini əlavə etmişdir. Lüğətin əlyazmasının əvvəlinə artırdığı:
Qadiri-biçunə hər dəm həmd bihədü bəyan
Kantizam aləmi qıldı nəhan ikən əyan.
Həm sələvat ilə səlam ol seyyid kövnünə, həm
Alü övladinə kanlərdir çıraği-sərvəran, –
misralarında Qayıbov gizli dünyanı nizam-intizamla, qayda ilə aşkara çıxaran, bərabəri olmayan qüdrət sahibinə -Allaha sonsuz şükürlər söyləyir. Dünya müsəlmanlarına çıraq kimi işıqlı yol göstərən islam dininin başçısı Məhəmməd peyğəmbərə və onun nəslinə (Fatimə, Əli, Həsən, Hüseyn) salam və salavat söyləyir.
Rəsmi başlıqlardan sonra H.Qayıbov yazır ki, Bədii ərəb dilində işlənən bəzi sözləri toplayıb, Oman incilərinə bənzəyən mənzum lüğət yazmışdır. Eyni şəkildə yazılan, lakin fəthə, kəsrə və zəmmə diakritik işarələri ilə mənaca tamamilə fərqlənən ərəb mənşəli sözlərin farsca qarşılığını açıqlamışdır:
Bədha bəzi ərəb ləfzin Bədii cəm edüb,
Eyləmiş nəzmi-lüğət misli-lölöi-Oman.
Tərcümə fürs eyləmiş ani bu minval üzrə kim,
Ləfz bir, məna üç, əvvəl fəthə, kəsrü zəmm nişan.
Ərəb dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərinə bələd olanlar yaxşı bilirlər ki, ərəb əlifbasında kəlmələrin dürüst tələffüz edilməsi üçün bir sıra işarələr vardır. Tanış olmayan sözləri belə işarələrlə təchiz etdikdə dürüst oxumaq olur. Fəthə, kəsrə və zəmmə belə işarələrdəndir. Fəthə işarəsi (–) hərflərin üstündə qoyulur və “ə” səsini bildirir. Hərflərin altında qoyulan kəsrə işarəsi (–) “i” səsini, hərflərin üstündə qoyulan zəmmə işarəsi isə (–) “ü” səsini ifadə edir. Sözün yazıda aldığı şəkil “ləfz” adlanır. Bəzi ərəb mənşəli ləfzlərin (sözlərin) üstündə və ya altında fəthə, kəsrə və zəmmə diakritik işarələrini müvafiq qaydalara uyğun qoymaqla yeni mənalı üç sözü almaq mümkündür. Bu üsul yalnız ərəb dili ləfzlərinə məxsusdur. Bədii də göstərilən diakritik işarələrlə (hərəkələrlə) fərqlənib, eyni cür yazılan sözlərdən ibarət mənzum lüğət yazmaqla Azərbaycan məktəb və mədrəsələrində təhsil alan şagirdlərin ərəb dilini öyrənməsini asanlaşdırırdı. Mənzum lüğətin əzbərlədilməsi şagirdlərin ərəb mənşəli sözlərin mənasını uzun müddət yadda saxlamaları ilə sonuclanırdı.
“Tərcümətül-bədaye” mənzum lüğətinin Hüseyn əfəndi Qayıbov tərəfindən Azərbaycan dilinə tərcümə olunması əsərin əvvəlində və sonunda tərcüməçinin özünün yazdığı aşağıdakı misralardan aydın görünməkdədir:
Eylədüm türkcə ani tərcümə katfali-türk
Anlıyıb zəbt etməyə ta olalar anlar rəvan.
... Oldu bu nəzmi-Bədii tərcüməsi çün təmam,
“Tərcümətül-bədaye”dir ana nami-nişan.
H.Qayıbov “Tərcümətül-bədaye” lüğətini dilimizə çevirməkdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan məktəblərində oxuyan şagirdlərə ərəb dilini öyrətmək məqsədi daşıyırdı. Şagirdlərin ərəb dilini öyrənməsi isə müsəlman Şərqinin ən qiymətli mənəvi abidəsi sayılan Qurani-Kərimin düzgün oxunması, surə və ayələrin mənasını dürüst anlaması üçün son dərəcə önəmli idi.
Lüğətin əvvəlindən sonuna kimi sözlərin anlamı aşağıdakı misralara uyğun sıralanır:
Rəbb – rəbbül-aləmeyn, ribb-bir cəmaət, xəlqdir,
Rübb – nar, alma, üzüm suyidir,ey cani-cəhan.
...Mərrə bir – kərrəyə derlər, mirrə-dəxi qüvvətə,
Mürrə – acı nəsnədir kim, təlx olur andan dəhan.
...Qətr – yağışdır, ərəbcə qitr – meydir, ey əxi,
Qütr – övd oldu lüğətdə hər tərəf bil bəd əz an.
Bu misraların sayını xeyli artırmaq mümkündür, lakin nümunə göstərilənlər də kifayətdir. “Tərcümətül-bədaye” əsərinin Azərbaycan dilinə tərcüməsi zamanı H.Qayıbov yuxarıdakı parçada işlənən ərəbizmləri belə şərh etmişdir:
Rəbb–Allah, ribb–camaat, xalq, rübb–meyvə şirəsi (nar, alma, üzüm suyu);
Mərrə – bir dəfə, mirrə – qüvvət, mürrə – acı;
Qətr – yağış, qitr – mey, qütr – təkrarlama.
Göründüyü kimi, lüğətdə işlənən və misal gətirilən yuxarıdakı ərəbizmlər, Azərbaycan dilindən fərqli olaraq, eyni şəkildə yazılır və yalnız hərəkələrlə bir-birindən fərqlənir. Bu da şagirdlərin oxu və yazı mədəniyyətini sürətləndirir, ərəb dilini mənimsəməsinə güclü təsir göstərirdi.
H.Qayıbov əlyazmanın 7 a, 8 a, 8 b, 11 a, 11 b, 12 a, 13b vərəqlərinin haşiyələrində müəyyən izahlar vermişdir ki, bu da tədris prosesi ilə bağlı olmuşdur. Bədiinin “Tərcümətül-bədaye” mənzum lüğətinin fars dilindəki əlyazmasının və Azərbaycan dilinə tərcüməsinin filoloji xüsusiyyətlərinin araşdırılması bizi bu əsərin Azərbaycan dilçiliyi və pedaqoji fikir tarixinin dəyərli qaynaqlarından biri olması qənaətinə gətirir. H.Qayıbov isə bu qiymətli əsəri yazıya almaqla, tərcümə etməklə və tədris prosesinə gətirməklə milli dilçiliyə və pedaqoji fikir tarixinə layiqli töhfə vermiş, özünü dilçi və pedaqoq kimi təsdiqləmişdir.
Dostları ilə paylaş: |