Zivər Hüseynlİ
(Xəzər Universiteti)
Səfəvİlərİn İlk dönəmİnə aİd tarİxİ qaynaqlar
Səfəvilər dövrü nəsr əsərləri baxımından ən zəngin dövrlərdən biri hesab olunur. Bu dönəmdə nəzm və nəsr ədəbiyyatı, astaranomoya, tibb, riyaziyyat, din və s. kimi elmin müxtəlif sahələrinə aid bir çox əsərlər qələmə alınsa da tarixi mətnlər daha çox üstünlük təşkil edir. Başqa sözlə desək tarixi yazılar bu dövrün ən önəmli nəsr əsərləri arasında yer tutur.
Səfəvi dövrü tarixi əsərləri mövzu, məzmun və zaman baxımından geniş olsa da çoxu Səfəvilər sülaləsi, Səfəvi hakimləri və onların dövründə baş verən hadisələr haqqındadır.
Fars ədəbiyyatında daha əvvəlki əsrlədən müxtəlif sahələrdə nəsr əsərlər o cümlədən tarixi əsərlər yazılmışdır. Bunun bariz nümunəsi kimi Tarixi-Təbəri, Tarixi- İbn Əsir, Tarixi- Beyhəqi və s. əsərləri göstərmək olar. Tarix yazmaq ənənəsi əsasən Teymurilər dönəmi başlasa da Səfəvilər dönəmində daha geniş şəkildə davam etməyə başlamışdır. Belə ki, bu ənənə sayəsəndə Səfəvilər dövrü tarixi əsər baxımından elə zəngin bir dönəm olmuşdur ki, nəinki özündən əvvəl, hətta sonrakı silsilələrin hakimiyyəti dövrü belə zənginliyə rast gəlinmir.Bundan başqa tarix yazma ənənəsi təkcə Səfəvilər deyil, Osmanlı və Hindistan kimi dövlətlərdə də geniş şəkildə yayılmışdı.
Adı gedən dönəmdə yazılan tarixi əsərlərin sayı bəziləri bir, bəziləri isə birdən çox cildləri olmaqla yüz addan çoxdur. Bu əsərlər mövzü baxımından da zəngin olduğu üşün məhşur İran yazıçısı Zəbihullah Səfa həmin tarixi əsərləri mövzu və məzmun baxımından altı hissəyə bölüb: 1.Ümumi dünya tarixi, 2.İslamdan əvvəlki, İslam dövrü, Səfəvilər dövrünədək İran tarixi, 3.Səfəvilər, Əfqanlar və Nadirşah dövrü tarixi, 4. Hind soltanlarının tarixi, 5. Məhəlli tarix, 6. Dini tarix.(8; S.1551)
Bunlar arasından üçüncü kateqoriyadakı, Səfəvilərə aid əsərlərin bir necəsi haqqında məlumat verəcəyik. Lakin bu haqda yazmazdan əvvəl ümumi olaraq əsərlərin xüsusiyyətləri haqqında yazacağıq.
Səfəvilər dövrünə aid bu tarixi əsərlər, Səfəvilər sülaləsi, bu sülalənin əcdadları, hakimlərinin, şahlarının tarixi ilə yanaşı, yazıldığı dönəmin siyasi, ictimai, mədəni, elmi, dini və s. məsələləri haqqında geniş məlumatlardan ibarətdirlər. Bu əsərlərin böyük əksəriyyəti məhz Səfəvi padşahlarının göstərişi ilə qələmə alındığı üçün daha çox dövründə yazıldığı padşahın siyasi fəaliyyətlərindən başqa onun əcdadı, şəcərənaməsi, ailəsi və s. haqqında məlumatlara geniş yer verilmişdir. Bəzi əsərlər Səfəvilər xanedanının əcdadları haqqında məlumatla başlayıb Səfəvilərin güclü hakimlərin dönəmi, yəni I Şah İsmayıl, I Şah Təhmasib və ya I Şah Abbas dönəminədəki hadisələrlə sona çatır. Bəzi tarixlər isə Səfəvilərin zəif padşahları yəni I Şah Abbasdan sonrakı padşahların dönəmi haqqındadır. İkinci qrupa aid olan tarixlərin də bəziləri Səfəvilərin əcdadları dönəmindən başlayır. Həmçinin bu qrupa aid olan tarixlərin bəzisi Səfəvi sülaləsinin süqutu ilə sona çatmır, Əfqanlar və Əfşarlar dönəmi haqqında belə məlumatlardan ibarətdirlər.
Əsər müəlliflərinin bir çoxu elm, ədəb əhli olduqları üçün öz əsərlərində şeirlər, beytlər dərc etmiş, hebelə dövrün tanınmış şairləri və elm adamları haqqında yazmışdırlar.
Burada təqdim olunan əsərlərin yazıldığı dil fars dilidir. Lakin dönəmin dini dili ərəb dili və ikinci rəsmi dili olan türk dilindən də bu əsərlərdə nümunələrə rast gəlinir.
Tarixçilər özlərindən əvvəlki müəlliflərin əsərlərindən qaynaq kimi istifadə etsələr də daha çox öz müşahidələrini qələmə alırdılar.
Bu məqalədə oxuculara təqdim edəcəyəmiz əsərlər I Şah İsmayıl və I Şah Təhmasib Səfəvi dövrünə aid olan qaynaqlardan ibarətdir.
Səfəvi dönəminin ilk zamanlarına aid əsas qaynaqlardan biri Qiyassədin Xandmirin (vəfat 942 h.q.- 1535 m.) dörd cildik Həbib-us-siyər əsəridir. Kiatb 927-930 h.q. (1521-1524 m.) tarixləri arasında yazılmışdır. Məllif dördüncü cilddə Şah İsmayılın şəcərənaməsi, Şeyx Səfiəddin İshak Ərdəbilidən I Şah İsmayıladək sülalənin tanınmış şəxsiyyətləri və Səfəvilər tarixinin 930 h.q. (1524m.) ilinədək baş verən hadisələr haqqında çox dəyərli məlumat vermişdir.(4; C.1 S.11-13) Bu əsər Şah İsmail Səfəvi haqqında yazılmış ən dəyərli və ən etibarlı qaynaqlardan biridir. Kitab Doktor Dəbir Siyaqinin nəzəri ilə, Cəlaləddin Homayuni tərərfindən təshih olunlmuş, Xəyyam nəşriyyatında 1380 h.ş. (2001m.) ilində çap edilmişdir.
Adı keçən əsərin davamı olaraq bilinən Tarixi- Padişahiye- Şah İsmail və Şah Təhmasib, Qiyasəddin Xandmirin oğlu, Əmir Mahmud tərəfindən yazılmış digər Səfəvi qaynağıdır. Bu əsər Zeyli- Həbib-us-siyər və Tarixi- Şah Təhmasib adı ilə də tanınır. Şah Təhmasibin həyatı, fəthləri və soy kökü haqqında yazılan bu kitab 957-958 h.q. (1549-1550m.) tarixində qələmə alınmışdır. Müəllif yazıları boyu Həbib-us-siyər kitabına işarə etmiş və atasının adını yazmışdır. Görünür o, atasının Həbib-us-siyər əsərini davam etmək istəyində olmuş, lakin ömür vəfa etməmişdir.(6; S.250)
Dostları ilə paylaş: |