Ağayev Pərvİz
(Şərqşunaslıq İnstitutu)
Orta əsr Əlyazmaları arasında İmadəddİn İsfahanİnİn yaradıcılığı
Bəşər tarixinin əvəzolunmaz abidələrindən biri də bu günümüzə qədər gəlib çıxan qədim əlyazmalardır. Bu əlyazmalar böyük tarixi mərhələ keçməsi ilə yanaşı özlərində daşıdıqları elmi ədəbi və s. zənginlikləri ilə günü gündən qiyməti biçilməz sərvətə çevrilirlər. Tarixdə baş vermiş müharibələr, qiyamlar və ya digər təbii fəlakətlər nəticəsində qədim dövürlərdə ərsəyə gəlmiş bu əlyazma abidələr məhv olmuş, yandırılmış və ya istifadəsi az yararlı hala gətirilmişdir. Ümumilikdə Dünya miqyasında mövcud olan əlyazmalar arasında orta əsr əlyazmaları daha çox üstünlük təşkil edir. Xüsusəndə Şərq dünyasında islam dinin gəlməsi bu sahədə Bir çox Quran və İslam elmlərinin və bununla yanaşı digər elmi sahələrin inkişafi, çoxsaylı kitabların yazılmasına münbit şərait yaratdı. Beləki, o dövrdə elmi zərurətlə əlaqədar bir çox məktəblər mədrəsələr elmi və dini hövzələr kitabxanalar təsis olundu. Oraya dünyanın bir çox ölkələrindən məşhur alimlərin elmi nəzəriyyələrini və ixtiralarını özündə əks etdirən əlyazma kitablar gətizdirildi. Təbii ki bu kitablar o dövr üçün bir kitab kimi əhəmiyyət kəsb edirdisə, hal hazırda yaşadığımız dövr üçün həm kitab həm də tarixi abidə kimi milli sərvət olaraq böyük dəyər sahibidir.
İndi isə haqqında bəhs edəcəyim əlyazma kitab 12 ci əsrə aid olub o dövrün say seçmə ədiblərini, şairlərini, onların yaradıcılığını özündə əks etdirən nadir tarix incisidir. Kitabın müəllifi İmadəddin İsfahanidir. İsfahani öz müasirlərinin yaradıcılığından seçmə şerləri qəsidələri bu kitabda toplamış və bu səbəbdən kitaba "Xəriydətu Əl Qəsr və Cəriydətu Əl Əsr" yəni Qəsrin incisi və Əsrin kitabəsi adını vermişdir. Bu əlyazma 10 Hissədən ibarət olub ayrı ayrılıqda kitab şəklində Misir, Şam, Mərakeş, Hicaz, İraq, və Əcəmi, Fars ölkələrinin şairlərini onların şeirlərini və digər yaradıcılıqlarını özündə əks etdirən bir xəzinədir.
Bu 10 hissədən ibarət olan kitab dünyanın bir çox ölkələrinin kitabxanalrında, Muzeylərində və əlyazmaların qorunduğu və tədqiq olunduğu insitutlarda mövcuddur. Çünki bu əlyazma qarşıda adını sadalayacağımız bir neçə nüsxədən ibarət olub Fransa, Britaniya, Hollandiya, Danimarka, Misir, Mərakeş, İraq, İran kitabxanalarını öz nəfisliyi ilə bəzəməkdədir. Bu kitabın doğma vətənimiz Azərbaycanla bağlılığına gəldikdə isə onu qeyd etmək olar ki hal hazırda bu kitabın "Fars və Əcəm böyüklərinin zikri" yəni ikinci qisminin əlyazmasının 50 Fotosurəti AMEA-nın akad. Z.Bünyadov adına Şərqşunaslıq insitutunda mövcud olmasıdır. Bu fotosurətlər Azərbaycana görkəmli akademikimiz mərhum Z.Bünyadov tərəfindən gətizdirilmişdir. Ərəb ölkələrinə etdiyi səfərlərinin birində bu əlyazma ilə tanış olan alimimiz, bu qisimdə Azərbaycan müəlliflərinin də ola biləcəyi ehtimalını irəli sürmüşdür. Beləki Ziya müəllim böyük bir əməyin nəticəsində əlyazmanın fotosurətlərini Bakıya gətizdirir. Lakin Məlum səbəbdən görkəmli akademikə bu əsərin tərcüməsi və tədqiqi nəsib olmur. Hal hazıra insitut rəhbərliyinin xüsusən də professor Gövhər xanım Baxşəliyevanın elmi dəstəyi ilə bu kitabın tərcüməsi və tədqiqi mənə həvalə olunmuşdur. Həmin kitab haqqında əldə etdiyim bütün məlumatların ən dəyərli və zərurilərini bu məqalədə oxuculara çatdırmağa çalışacam. Çünki bu kitab Azərbaycan mənbəşunaslığına bir çox töhfələr vermək iqtidarında olan bir abidədir.
Müəllifin əsl adı Məhəmməd ibn Səfiəddin Məhəmməd ibn Nəfisəddin Hamid ibn Həbətullah ibn Alihidir. Ailəsinin mənsub olduğu Alihi soyadı Fars dilində Qartal Şahin deməkdir. Ləqəbi isə Katib İmadəddindir.
O, Hicri 519 cu ildə Cəmadül axır ayının bazar ertəsində İsfahan şəhərində elmi mühütün tam hökm sürdüyü bir ailədə dünyaya gəlmişdir. Onun Əmisi Əzizəddin Əhməd ibn Hamid ibn Əbi Rəca Səlcuqi dövlətində vəzir olmuşdur. Lakin siyasi gərginlik nəticəsində Onun əmisi Təkrit şəhərində qətlə yetrilmişdir. İmadəddin gənclik dövrlərində bir çox çətinliklərlə üzləşmiş və sahib olduqları bütün əmlakları müsadirə olunmuşdur. O bu mərhələdə yenidən fitnəyə bulaşmasınlar deyə İsfahanın şəhərətrafi nahiyələrinin birində məskunlaşırlar. İmadəddinin atası hələ o uşaq ikən onun elm almasına böyük diqqət yetirmişdir. Beləki onu elm dərnəklərinə üzv etmiş, öz dostlarının və müridlərinin elmindən bəhrələnməsi üçün onlara həvalə etmişdir. İmadəddin müəyyən yaşa çatdıqdan sonra Bağdada gedərək Nizamiyyə mədrəsəsinə daxil olur. Orada bir çox şeyxlərin elmi hövzələrində elm öyrənməyə başlayır. Orada tez bir zamanda özünə şeyxlərdən və müridlərdən çoxlu dost qazanır. İsfahani bunların hamısına hələ 16 yaşı tamam olmamış bir ədib kimi sahib olur. Onun ədəbi şəxsiyyətinin formalaşmasında təbii ki Nizamiyyə mədrəsəsində və İsfahandakı müəllimlərinin böyük xidmətləri olmuşdur və onlardan bəziləri aşağıdakılardır:
-
Əbu Mənsur Səid ibn Məhəmməd ibn Rəzzaz.
-
Əbu Bəkr Əşqar
-
Əbu Həsən Əli ibn Abdussalam
-
Əbu Qasim Əli ibn Sibağ
-
Əbu Mənsur ibn Xəyrun
-
Əbu Məkarim Mübarək ibn Əli Səmərqəndi
-
Əbu Abdullah Fəravi
-
Əbu Qasim ibn Həseyn
-
Məhəmməd ibn Əbdüllətif Xucəndi
-
Əbu Məali Vərkani
İmadəddin 548 ci hicri ilində Allah evinin ziyarətinə getməyi niyyət edir. Həcc səfərinə gedərək Müqəddəs yerləri ziyarət edir həm də bəzi dostları və Şeyxləri ilə görüşür. Onların bəzilərinin ədəbi görüşlərini götürərək müəyyən qeydlər aparır. İsfahani bütün etdiyi səfərlər haqqındakı məlumatlarını yazı şəkilində toplayırdı. Və bu səfərlər onun mədəni irsinin mənbəsi hesab olunur. Hansı ki görüşdüyü o insanlar öz dövrlərinin şairlərinin yaradıcılıqlarına, məcmuələrinə şerlərinə və şeyxlərinə, yaxşı bələd idilər. İsfahani bəzi müəlliflər haqqında öz "Xəridə" kitabında onların yazdıqları şerlərdən əzbərlədiyini və bildiyini vurğulamışdır. Həmçinin Həcc ziyarətində olan zaman başqa ədiblər və şairlər də İsfahanin şerilərindən bəhrələnmiş və onun haqqında bir çox şeylər rəvayət etmişlər. Çünki İsfahaninin yaradıcılığı bizlərə təkcə öz əlyazmaları ilə deyil digər müəlliflərin əsəsrləri ilə də gəlib çatmışdır. İmadəddin İsfahani çox güclü hafizəyə malik bir insan olmuşdur. Onun minlərlə beyt əzbərdən bildiyi həmçinin də "Divanul Buhtəri" və digər divanları hafizəsində əzbər qaldığı bildirilir. Sahib olduğu fitri istedadlardan biri də Fars dilində əzbərlədiyi şerləri tam qafiyəli şəkildə ərəb dilinə çevirməsi idi. Bu çox məsuliyyətli bir məsələ olub divan müəllifləri qarşısında heç də kiçik görülməyən bir iş hesab edilir. Yaradıcılıq ilə yanaşı İsfahanin həyatında siyasi məsələlər də yer alırdı. İmədəddinin atası onu incidənlərə qarşı hər zaman müxalif idi və ibni Covzinin ifadəsi ilə desək yanılmarıq "O öz evində ev dustağı edilib ailəsinin sahib olduğu hər şey qarət olunub".
İsfahani 551 ci hicri ilində atası ilə yenidən Bağdada qayıdır. Bu dəfə Abbasi xilafətinin birinci vəziri ilə tanış olur və onu mədh edən çoxlu qəsidələr yazır. Görünür ki ailəsinin adı Bağdadda bəzi dövlət rəsmilərinin yanında böyük hörmət əldə edir. İbn Hubeyrə onu qazi edərək Bəsrəyə sonradan isə Bəvasitə təyin edir. Bu hər iki şəhər öz şair ədib və alimləri ilə məşhurdur. Bu fürsəti dəyərləndirən İmadəddin oradakı çoxsaylı ədiblər, şairlər ilə görüşür, onların tərcümə əsərlərini şerlərini nəsrlərini öz "Xəriydə" kitabında İraq bölmündə qeyd edir. İsfahani onu bu vəzifəyə təyin edən vəzir dünyasını dəyişənə qədər
Qazi olaraq qalır. Sonra isə Bağdadı tərk edərək Dəməşqə gəlir. Dəməşqdə onu Nurəddin Mahmud ibn Atabəy böyük bayram ilə qarşılayır və onu o zamanın Əyanları ilə tanış edir. Kəmaləddin Əbu Fəzl Mahmud ibn Şəhrzuri onu Nurəddin Mahmuda məxsus olan Şafei Nuru mədrəsəsinə qazi kimi təyin edir hansı ki, sonradan bu mədrəsə İmadiyyə adi ilə tanınır. Artıq İsfahani özünü əyan aşrafın əhatəsində tapır və Dəməşqdə yalnız qalmır. Böyük təcrübəsinə əasasən o Nəcməddin Əyyub ilə Təkritin hakimi olur. Nəcməddin həm də İsfahaninin Əmisi Əzizəddinin dostu idi. Nəcməddin tez tez onun ziyarətinə gedər hətta oğlu Səlahəddini yanında apararaq onu İsfahani ilə tanış edərdi. İsfahani də öz növbəsində onun təkrar ziyarətinə gedərək bu gözəl ziyarəti qəsidə ilə mədh edir :
Görüşə niyyət etdiyim gün ömrümdən hesablanmış deyil,
Həyatıma mənsub olan kəs ilə mənə ayrılıq yoxdur.
Nəcməddin dünyadan köçəndən sonra İsfahani onun oğlu olan Səlahəddin Əyyubi ilə əlaqələrini saxlayır və onun bütün müharibələrində iştirak edərək hər şeyə şahid olur. Onunla Misrə gedərək İskəndəriyyədə Əhməd ibn Məhəmməd ibn Silfə İsfahaninin bəzi dərsləridə iştirak edir. Sonra Səlahəddinin yoldaşlığı ilə Dəməşqə gəlir. Onun yanında birinci katib və mətbuat vəziri olur. Bu müddət ərzində bir çox kitablar yazır və bu 597 ci hicri ilinə yəni İsfahani dünyasını dəyişənə qədər davam edir. O sufi qəbirsanlığında dəfn olunur. Və hal hazırda ora Dəməşqin Bəraməkə bölgəsində yerləşir və universitetin rəyasət binası kimi fəaliyyət göstərir. Amma Onun İmadiyyə Mədrəsəsi digər bölgədə Babul Fərəcdə yerləşir ki bu gün də Dəməşqin tarixi abidələr siyahısında ön cərgədə durur.
İmadəddin İsfahani həmçinin Səlcuqi dövləti haqqında da kitab yazmışdır və ona "Nəsrətul fətrə və əsrətul ətra" adını vermişdir. İsfahani Fəth ibn Bəndərinin kitabını ixtisar etmiş və onu "Tariyxu dövlətü ali Səlcuq" ünvanı ilə yenidən yazmışdır. Bu kitab Parisdə sonralar isə Qahirə və Beyrutda nəşr olunmuşdur. Amma kitabın orjinal nüsxəsindən bir parça Paris milli kitabaxanasında vardır. Sonra İmadəddin İsfahani
"əl bostan əl cami kitabını" 592 ci hicri ilində yazmağa başlayır və onu 1 ildən sonra tamamlayır. Bu kitab müxtəsər bir tarixdir ki məxluqatın yaradılışından başlayaraq 593 cü ilə qədər baş vermiş hadisələri orada qeyd edir. Daha sonra isə İsfahaninin nəvələrindən biri o kitabı götürərək ona müəyyən əlavələr etməklə 636 ci hicri ilinə qədər baş vermiş hadisələri də oraya əlavə edir. Bu naqis bir nüsxə hesab olunur və 215 vərəqi aya sofiyada III Əhməd kitabxanasında qorunur.
İmadəddin İsfahaninin şer və məktublar divanı da vardır. Onun şerlərini İraqlı mütəxəssislərdən biri toplamış və bir cilddə nəşr etmişdir. İsfahaninin şerləri o qədər çoxdur ki Səbəki onun haqqında demişdir: "Onun şeri sahili olmayan bir dənizdir ki bütün mövzuları əhatə edir".
İmadəddin İsfahani dövlət divanında həm katib həm də qazi idi. Bu həm də onun dövlət işçisi olduğunu göstəricisi idi. Onun üzərində böyük məsuliyyət vardı Və buna görə də İmadəddin bütün tarixi və ədəbi məlumatların yazılması qərarına gəlir. Zamanının xəlifələrini vəzirlərini əmirlərini öz şerlərində mədh edirdi. Onun məşhur kitablarından biri olan Xəriydəsi ilə bağlı maraqlı xatirə vardır. Beləki İmadəddinin oğlu bu haqda deyir : "Xəriydəni hazırladıqdan sonra onu Əbdülrəhimə göndərdi. Əbdülrəhim onun 8 hissədən ibarət olduğunu gördükdə sual etti Haradadır yerdə qalan iki hissə? Əbdülrəhimin bunu belə tez anlamasının səbəbi müəllifin onu 10 mirvari dənəsinə bənzətməsi olub."
Bu kitabın yazılması bizlərə həm də tarixi bir silsiləni, bir birinə bağlanmış həlqəqləri xatırladır. Çünki Müəllif öz Xəriydəsini Əbu Məali Səd ibn Əli Vərraq Xətərinin "Ziynətü Dəhr" kitabına davam olaraq yazmışdır. Vərraq da öz kitabını Bəxrəzinin "Dimmətil qəsr əsrətu əhli əsr" kitabına davam olaraq yazmışdır. Bəxrəzi də öz kitabını Səalibinin "Yətiymətü dəhr" kitabına davam olaraq yazmışdır. Səalibi də öz kitabını Harun Muncəmin "Kitabul Bari" kitabına davam olaraq yazmışdır. İmadəddinin bu kitabında əksər İraq, Yəmən Hicaz, Şam Mərakeş, Misir şairləri cəm olmuşdur. O bəzi ədibləri çıxmaq şərti ilə əksəriyyət haqqında orada faydalı xəbərlər vermişdir.
İsfahani 7 cilddə Bərqu Əş-şam kitabını yazmışdır. Həmin kitab tarixi məcmuədir və belə adlanmasının səbəbi həmin zaman onun şimşək kimi sürətlə yayılması olub. Bu kitabın 2 hissəsindən başqa heç bir nüsxəsi qalmayıb və o İordaniyanın paytaxtı Ommanda qorunub saxlanılır. Kitab tarixi hadisələrin və məktubların məcmuəsidir. Hansı ki o hadisələrdə şəxsən özü yaxından iştirak edib. Həmçinin 2 cilddə "Fəthu qasiy fiy fəthi qudsi" kitabını yazmışdır orada Səlahəddin Əyyubiinin keyfiyyətləri və Xaçlılarla etdiyi müharibələrdən və Qüdsün fəthindən yazmışdır. Bu kitab Qahirə və Avropada dəfələrlə çap edilmişdir. Ədibin "Seyl əla Zeyl" kitabı da vardır ki Xəriydə kitabına əsasən yazmışdır və bu kitab Kopenhagendə nadir orta əsr əlyazması kimi qorunur.
Müəllifin "Xəriydətu əl qəsr və cəriydətu əl əsr" əsəri üzərində apardıqım ilkin araşdırmalar nəticəsində bu kitabın müxtəlif ölkələrdə fərqli nüsxələrinin olduqunu gördüm. Ona görə də Onları aşağıdakı şəkildə sıralayaraq oxuculara bu əlyazmanın nüsxələri haqqında qısa amma çox mühüm bilgilər verməyi özümə borc bilirəm.
1. Birinci məcmuə Qismu Əs-səni yəni " Fars Əhli və Əcəm böyüklərinin zikri" ilə başlayır. Onun əvvəli Sədr Şəhid Əzizəddin Əhməd ibn Hamidin tərcüməsidir. Axırı isə Əbu İsmayıl Xəttatın tərcüməsidir. (Tərcümə deyildikdə müəllifin həyatından qısa məlumat və yaradıcılığından seçilmiş şerlər və qəsidələr nəzərdə tutulur)
Vərəqlərin sayı 50, sətirlərin sayı isə 27 dir. Bu həmin hissədir ki, Öncə qeyd ettiyim kimi görkəmli akademikimiz Z.Bünyadov bunu İraqdan gətirmişdir. Və hal hazırda onun üzərində tərcümə və tədqiqat işi gedir.
2. İkinci məcmuə "Fars əhli" ilə başlayır. Əvvəli Qazi Əbu Bəkr Ərcaninin, axırı isə Xorasan şairi Əbyurdinin tərcüməsidir. Bu nüsxə 62 vərəqdən ibarət olub əlyazmanın surəti kimi Tehran mərkəzi universitetinin kitabxanasında qorunur. Həmçinin digər əlyazma surəti Qahirədəki Ərəb əlyazmaları insitutunda Mikro film şəklində vardır. Bu əlyazma Misir, Şam, İraq, şairlərini əhatə edir.
3. London əlyazması- Britaniya Muzeyi. O nüsxəni sahibi Marşaya nisbət olaraq "M" hərfi ilə işarələdik. 140 vərəqdən hər və hər vərəq də 17 sətirdən ibarətdir. Üzərində "Tarixu əbna əsr və xariydətul əsr" yazılıb. Onun Əvvəli Zulbəraeteyn Tac İsfahan Nətənziy İsfahanin tərcüməsidir, axır isə Ərcaninin sonu "Yə" Hərfi ilə qəfiyələnən şeri ilə bitir. 12 Tərcümədən ibarətdir :
Rza Xüzayi – Əbu Həsən Əli ibn Abdullah ibn Zahir İsfahani
Əbu Şüca Dəhcar ibn Əbu Vəfa
Həkim Əbu Qasim Əhvazi – Hibətullah ibn Həsən ibn Əli Təbib
Əbu Nəcm ibn Mehran İsafahani
Həmdan ibn Məhəmməd ibn Fürca
Əbu Qasim Mehruqani
Vələd Əminıəddin ibn Şahmərdan İsfahani
Əhməd ibn Rəğməş Hilali Cərbəzəqani
Əbulkərim ibn İbrahim
Müəyyədin əbu Əli Məhəmməd ibn İsfəhsalar ibn Məhəmməd
Əbu İsmayıl Xəttat
Əbu Bəkr Ərcani
4. Rəbat nüsxəsi, onu " Ta " hərfi ilə işarələdik.
Bu nüsxənin əvvəli Rza Xüzainin həmçinin şair Ərcanin tərcüməsindən ibarətdir. Axırı isə Əbu Muxtar Şərif Nübəndəcanin tərcüməsidir. Baxımsızlıqdan həşəratlar onun bəzi yazı hissələrini məhv etsədə 162 vərəqdən və hər vərəqi 24 sətrdən ibarət olan nüsxəsi bizə gəlib çatmışdır.
5. Abbas Əzəvi Nüsxəsi : Onu "Ayn" Hərfi ilə işarələdik. Bu nüsxənin əvvəli və axırı bəlli deyil. Çünki Əvvəlindən ortasından axırından da müəyyən vərəqlər düşmüşdür və çox əcaib şəkildə bir birinə qarışmışdır. Əvvəlində Ərcani və Əbyurdinin bəzi şerləri vardır. Axırı isə Şeyx Əbu Zəkəriyya Təbrizinin tərcüməsidir. Vərəqlərin sayı 158 dir və hər vərəq 17 sətirdən ibarətdir. Bu nüsxə Tehran universitetinin mərkəzi kitabxanasında qorunur.
6. İki Leydon nüsxəsi : Onu L-1, L-2 hərfləri ilə işarələdik. Bu iki nüsxənin qaynağı birdir hər ikisi də Mərakeş nüsxəsindən götrülmüşdür. Vərəqlərinin sayı birincidə 131, ikincidə 129 dan və hər ikisi də 23 sətirdən ibarətdir. Hər iki nüsxənin vərəqlərində bəzi Haşiyələr də vardır. Onun əvvəli Qazi Əbu Bəkr Ərcaninin şerindən "Eyn" qafiyasi ilə başlayır. Vəzir Cəlaləddin Əbu Əli ibn Siddiqi mədh edən qəsidədəndir. Axırı isə Ədib Şaşinin qalan şeridir.
7. İltiqa Ələvi Nüsxəsi: Bu nüsxə Mərakeşin Fez şəhərindəki kitabxansındadır, və onun üzərində Xəriydədən 6 ci hissə yazılıb. Onun üzərində İltiqa ələvi xətti ilə bu yazı vardır :
"Bismillahir Rəhmanir Rəhim. Xəridə kitabından olan Bu cild mənə şəri irs ilə mərhum oğlum Məhəmməd ibn Məhəmməd Ələvidən initqal etmişdir. Mərakeş Mədğura vahəsi, Tafulat nahiyəsi.
O, 1367 ci ildə dünyasını dəyişmişdir. Allah ona rəhmət etsin ki onu qanuni yol ilə özü üçün satın almışdır."
Məhəmməd İlitiqa Ələvi Fez şəhərindəki Qərviyyin Şəriyfə Universitetində ümumi tarix müəllimidir. Bu nüsxə 261 sahifədən 17 sətirdən ibarətdir. Onun əvvəli "Ayn" hərfi ilə Əbyurdinin şeri ilə başlayır Axırı isə Ədib Şaşinin şeri ilə bitir.
8. Qərviyyin nüsxəsi : Onu " Qaf " hərfi ilə işarələdik. Qazi Əbu Bəkir Ərcaninin "Ayn" qafiyəli şeri ilə başlayır. Xəridənin ikinci bölümü bittikdən sonra 3 cü bölüm yəni "Qismu Əs-Səlis Şam böyüklərinin zikri gəlir. 335 səhifədən və hər səhifə də 21 sətirdən ibarətdir.
9. Paris Nüsxəsi : Paris Milli kitabxanasında qorunur və orada Təğrainin bəzi tərcümələri və şerləri vardır. Mərhum Doktor Əli Cavad Tahir
"Şer arabi fi iraq və biləd əcəm" kitabında ona işarə edərək deyir : "Nun" nüsxəsində gələn şer ilə Təğrainin bəzi şerlərini bərpa etdik çünki onun oxunuşu qeyri mümkün idi. Nüsxə 27 səhifədən ibarətdir və biz yalnız onun 5 vərəqini istifadə edə bildik."
Bu əlyazma ilə bağlı apardığım tərcümə və tədqiqat işləri ilə əlaqədar bir neçə kitaba nəzər yetirdim. Bu işlə məşqul olan hər kəsin nəhayətdə bir arzu amalının olduğuna şahid oldum. Bu da Ədibin tarixi əlyazmasının tam kamil şəkildə böyük bir əsər kimi bir yerdə əlimizdə olmasını görmək idi. İnşallah ki bir gün gələcək əlimizdəki "Xəriydətu əl qəsr və cəriydətu əl əsr" kitabı laiq olduğu yeri tapacaq və onun işıqlı tarixi bu günki və gələcək ədəbiyyatımıza işıq saçacaq. Burada yazılanları hələ görülən işlərin müqəddiməsi kimi qəbul edir və bu işdə daha da uğurlu olacağıma İnanıram.
Dostları ilə paylaş: |