Xırıt (Culfa) // xırt (Ordubad) – baramaqurdunun birinci yuxusu. Etimoloji baxımdan çox qədim olan bu türk mənşəli söz ad kimi işlənsə də, hərəkətlə, yəni yatmaq mənasında işlənən fellə bağlı olsa da, səs təqlidi → hərəkət → ad istiqamətində formalaşmışdır. Yumşaq damaqda, qırtlaqda yaranan təqlidi söz (xı//xo//xi//qı və s. + r) xorultu, xırıltı, xirtdəx', xirttavık (Qax şivəsində “xirtdək” mənasında), qırtdax (qırtlaq), xırxızdamax (boğmaq, xirtdəyindən yapışmaq), xoruldamaq, xırıldamaq və s. sözlərin yaranmasında kök morfem rolu oynamışdır. Müxtəlif türk dillərində işlənən və metatezaya uğrayan yuxu // uyku sözünün də kök əsasında həmin təqlidi söz durur.
Şahbuz şivəsində “baramaqurdunun üçüncü yuxusu” mənasında kiçik xırt, “baramaqurdunun dördüncü yuxusu” mənasında isə böyük xırt ifadəsi işlənir (5, 110). Birinci növ təyini söz birləşməsinin əsas tərəfi kimi çıxış edən xırt sözü burada da diqqəti cəlb edir. Görünür, xırt sözü yuxu sözünün sinonimi olsa da, kök əsasda bir yaxınlaşma vardır. Uyumaq felinə feldən isim düzəldən – xu//-qu//k'u şəkilçi morfeminin qoşulması ilə uyqu//uyk'u//yuxu sözləri yaranmışdır. “Yorulub möhkəm yatmaq” mənasında xırp düşmək//xıp düşmək felinin işlənməsi və bu birləşmənin birinci tərəfinin də xı- kök morfemi ilə əlaqəli olması təbiidir.
Koru (Ağdam) – baramaqurdunun birinci yuxusu. –Mənim bir qutu qurdum var, koruya yatıf. Koru sözü ko-//k'o-//xo-//xı- səs axarında xırt//xirt sözləri ilə əlaqələnmiş olur. Həm –ıt/-it//-ıd//-id//-t.., həm –ı, -i, -u, -ü şəkilçi morfeminin feldən isim düzəldən şəkilçi olması səs təqlidi → hərəkət morfeminin ad-morfem yaratmasına gətirib çıxarır.
Xı//xi+r+ feldən ad düzəldən şəkilçi morfem baramaqurdunun dördüncü yuxusu anlamında da işlənmişdir: xirix' (Şəki) //xırix' (Şəki) (6,192, 193) // xirə (Kürdəmir) //xirix' (Ağdam, Cəbrayıl, Goranboy) //xirik (Cəbrayıl, Goranboy, Göyçay, Mingəçevir, Tovuz).
Xirix' sözünün x→h səs əvəzlənməsi ilə hərix' variantına da dialekt və şivələrdə rast gəlirik. Hərix' sözü Meğri şivəsində “baramaqurdunun dördüncü yuxusu” mənasında işlənir.
“Baramaqurdunun birinci yuxusu” mənasında Şahbuz şivələrində qarışqa yuxusu//qərişqə yuxusu ifadəsi də işlənmişdir (5, 110). Qərişqə yuxusu ifadəsi Zəngilan rayonu şivələrində də eyni mənada qələmə alınmışdır (7, 265). Baramaqurdunun birinci yuxusuna bu adın verilməsi birləşmənin asılı tərəfində işlənmiş “qarışqa” sözü ilə bağlıdır.
Qarışqa//qərişqə Şahbuz şivələrində “toxumdan təzəcə əmələ gələn xırda qurd” mənasında işlənir: -Bizdər qarışqa də:rix' dınqılı qurtdara, ata-babadan (5, 110).
Məlumdur ki, qarışqa sözünün “kiçiklik, balacalıq” mənası Azərbaycan dilində geniş şəkildə işlənir. Hətta bu mənada “qarışqa kimi”, “elə bil qarışqadır” bənzətmələrinin işlənməsi də səbəbsiz deyil. Toxumdan təzəcə əmələ gələn xırda qurdlara qarışqa deyilməsi də bu səbəbdəndir. Odur ki, ikinci növ təyini söz birləşməsi kimi çıxış edən qarışqa yuxusu//qərişqə yuxusu ifadələri toxumdan əmələ gələn qarışqaya bənzər xırda qurdun yuxusu kimi anlaşılmalıdır.
Cünsaz (Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan) //cümşaz (Bərdə, Kürdəmir) – baramaqurdunun ikinci yuxusu. –Baramaqurdunun ikinci yuxusuna cümsaz deyirix' (Ağdam). –Cümsazdan durannan so:ra qurdu yaydıx (Zəngilan). –Qurdumuz düz iki günə cümsazı yatıb durdu (Cəbrayıl). –Baramaqurdunun ikinci yuxusuna cumşaz di:rix' (Bərdə).
Şümşürüt yuxusu//düyuxusu (Şahbuz) //dünyuxusu sözləri də “baramaqur-dunun ikinci yuxusu” mənasında işlənir. İkinci yuxudan sonra baramaqurdunin hərəkəti artır, fəallığı hiss olunur.
Cümsaz, cumşaz, şümşürüt, o cümlədən dü- sözləri bənzətmə əsasında yaranmış addır. Şümşürüt (Ağcabədi) //şümşürüx' (Ağcabədi, Bərdə, Culfa, Tərtər) //sümşülüt (İmişli) “ildırım” mənasında dialekt və şivələrimizdə geniş şəkildə işlənir.
Naxçıvan qrupu dialekt və şivələrində şümşürüx'//şümşürüt sözləri “göy gurultusu eşidilməmişdən qabax ildırımın işığı” mənasında işlənir: “Şümşürüy atır” deməklə bunun ardınca bir azdan göy guruldayacağına və ildırım çaxacağına işarə olunur. Məhz bu mənada şümşürüt yuxusu ifadəsi işlənir. Cümsaz//cümşaz sözləri də bu əsasdan götürülüb. Azərbaycan dilinin dialekt və şivələrində gurşad (Qazax)//gürşad (Göyçay, Qazax, Sabirabad, Salyan)//gürşəd (Gədəbəy) sözləri də “ildırım, şümşək” mənasında işlənir. Həmçinin bu sözü şimşək sözünün fonetik variantı hesab etmək olar.
Dostları ilə paylaş: |