Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə140/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   136   137   138   139   140   141   142   143   ...   232
Elnurə Babayeva

(Əlyazmalar İnstitutu)
Əsİrəddİn əl-Əbhərİ və onun”İsağucİ” əsərİnİn Bakı nüsxələrİ
Əsirəddin Müfəzzəl bin Ömər əl-Əbhəri XIII əsrdə Cənubi Azər­bay­canın Zəncan şəhəri yaxınlığındakı Əbhər adlanan yerdə anadan olmuşdur. Həyatı haqqında yetərli məlumat yoxdur. Bəzi qaynaqlar əslən Səmərqənddən gələn ailəyə mənsub olan alimin Zəncanda deyil, Mosulda doğulduğunu da iddia edirlər. İlk təhsilini Zəncanda aldıqdan sonra o, təhsilini artırmaq məqsədi ilə əvvəlcə Xorasana, daha sonralar isə Bağ­dada getmişdir. Əbhəri Şərq fəlsəfəsinin məşhur simalarından olan əl-Fərabi (h.870-950), əl-Kindi (ö.h.870/873), Əbu Əli İbn Sina (h.980-1037) kimi alimlərin əsərlərindən bəhrələnmiş və dövrünün məşhurları sırasına qoşulmuşdur. Alim böyük elm xadimi Kəmaləddin İbn Yunusun tələbəsi olmuşdur. Əb­hə­ri uzun müddət Mosul sarayında münəccim və saray həkimi vəzifələrində işləmiş, sonralar isə peşə fəaliy­yətini kiçik Asi­ya­da davam etdirmişdir. O, həmçinin Anadolunun müxtəlif bölgələrində də səyahətlərdə olmuş, Türk bəylərinin sarayla­rında hörmət qazanmışdır. Əbhəri bu bölgələrdə fəlsəfə, dəqiq elmlər sahəsində dərs demişdir. Ölümü ilə bağlı olaraq h.661/ m.1263 və ya h.663/ m.1265 kimi tarixlər göstərilməkdədir.

Dövrümüzə alimin çox sayda əsərləri gəlib çatmışdır. Fəra­bi və İbn Sina ənənələrinin ən istedadlı davamçısı olan Əbhəri, özündən sonra zəngin elmi irs qoymuşdur. Alimin “Hidayətül-hikmə” (Fəlsəfəyə giriş), “əl-Məntiq”, “Təbiiyyat” (Təbiət elm­lə­ri), “Lövhiyyat” (Teo­so­fiya), “Mərifət əl-üstürlab” (Üs­tür­labın öyrənilməsi) adlı əsərləri onu döv­rünün görkəmli ali­mi kimi tanıtdırmış, xüsusi ilə “Hidayətül-hik­mə” və “İsağuci” adlı əsərləri ona, İslam dünyasında böyük bir şöhrət gətirmiş­dir. Əbhərinin bu əsərləri mədrəsələrdə tədris vəsaiti kimi isti­fadə edilmiş və hər iki əsərə bir çox şərh və haşiyələr yazıl­mışdır. Ali­min məntiqə aid bütün mövzuları əhatə edən “İsa­ğuci” əsəri “ər-Risa­lətül-əsiriyyə fil-məntiq” adı ilə də tanınır. Orta əsrlərdə İskəndəriyyəli neoplatonik Tirli Parfiriyanın (232-304) dərsliyi olan “Aristotel mənti­qinə giriş” əsəri Şərq­də ”İsağuci” adlanırdı.



Aristotelin əsərləri içərisində məntiq çox az yer tutur. O, məntiqə aid fikirlərini digər əsərlərinin içərisində vermiş, bu haqda xüsusi bir əsər yazmamışdır. Böyük alimin şagirdləri son­radan onun məntiqə dair fikirlərini “Orqanon” adı altında bir kitab halında toplamışlardır. Aris­totel məntiqinin daha mükəmməl dərk edilməsi məqsədi ilə Tirli Parfiriya alimin “Orqanon” əsərinə “İsağuci” adlı bir şərh yazır. Yeni Əf­la­tun­çu filosof əsərini tamamilə Aristotelçi məntiq anlayışı ilə yaz­mış olduğundan, zaman keçdikcə bu əsər “Orqanon”nun əvvə­linə əlavə edilmiş və Aristotel məntiqinə giriş kimi qəbul edilmişdir. Avropada VI əsrdən etibarən məşhur olan “İsa­ğuci” antik müəlliflərin ilk əsərləri sırasında müsəlman elminə daxil olmuş və onun ərəb dilində mövcud olan tərcüməsi sayə­sində orada olan fikirlər əl-Kindi, Əbul-Fərəc b. ət-Tayyib, Əbul-Abbas Əhməd b. Məhəmməd b. Mərvan əs-Sərxasi, Məhyəd­din Əbdüllətif b.Yusif əl-Bağdadi və digərləri tərəfin­dən tək­mil­ləşdirilmişdir. Lakin sonralar bu əsərlərin hamısı əl-Əbhərinin risa­ləsi tərəfindən sıxışdırılaraq, ortadan qaldırıl­mışdır. Həmçinin bu əsər Aristotelin əsərləri ilə birlikdə İbn Müqaffa, Fərabi və Əsirəddin əl-Əbhəri tərəfindən şərh edil­miş, 1996-cı ildə İstanbulda nəşr olunmuş “Mən­tiq tarixçəsi problemləri” kitabında verilmiş məlumata əsasən döv­rümüzdə Hamdi Racib Atadəmir tərəfindən ön söz ilə birlikdə tərcümə edilmişdir. Əbhərinin risaləsi 700 il ərzində Orta Asiyada, Tür­kiyədə, İranda, Azərbaycanda məntiqin tədrisi sahəsində əsas vəsait he­sab olunmuşdur. Risalə bizə çoxlu sayda əlyaz­malar şəklində və müx­təlif adlar altında gəlib catmışdır. Bu əsərə çox sayda kiçik və böyük şərhlər, haşiyələr yazılmışdır. Əsərin əlimizdə mövcud olan bir sıra əl­yazma nüsxələri AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır. İnstitututda bu risalənin 40-a yaxın əlyazma nüsxəsi vardır. 2000-ci ildə tərtib olunan “Ərəb əlyazmaları katalo­qu”nun II cildində 29 üzü köçürülmüş əlyazma nüsxəsinin, 185 şərhinin, 100-dən çox haşiyəsinin təsviri verilmişdir. Bu əlyazma nüxsələrinin bir neçəsi­nin elmi-poleoqrafik təsvirinə nəzər salaq.

B-234 Bu şifrə altında bizə məlum olan “İsağuci” əsərinin müəllifi Əsi­rəddin əl-Əbhəridir. Bu risalənin mövzusu biliyə yiyələnməyin mən­tiqi üsulla öyrənilmə yollarınından bəhs edir. Kağizı Rusiya isteh­salı olan nazik təbii rəngli və yarıahərlidir. Xətti nəstəliq elementli nəsx­dir. Əsasən qara mü­rəkkəblə yazılıb. Bəzi terminlərin yazılışında qırmızı mürək­kəb­dən istifadə olunub. Səhifələnmə Şərq üsulu ilə apa­rılıb. Əlyazmanın ümumı həcmi 252 vərəqdir. Mətn əlyazma toplusu­nun 164b-170a-ya qədər olan vərəqlərini əhatə edir. Əlyazmanın 164b-166a vərəqləri arasında bir səhifədən ibarət müəllifi anonim olan şərh mövcuddur. Cildi tünd qəhvəyi rəngli dəridir. Katibi Əbdulqəni Nuxəvi Xalisəqarızadədir. Əlyazmanın kənarlarında katibin öz dəstixətti ilə izah və qeydlər verilmişdir. Yazılma tarixi h.1248 (1832)-ci ildir. Ölçü­sü 21x16 sm-dir. Mətnin əvvəli və sonu mövcuddur.

B-1854 Əsərin əlyazma nüsxəsi əlyazmanın 49b-55a vərəq­lə­rini əha­tə edir. Kağız köhnəlmiş, nəm ləkələri olan ağ vərəqlərdir. Bəzi və­rəq­lərdə vurulan möhürün içindəki “№6 Kozlovoy” yazısından Rusiya is­tehsalı olduğu aydın olur. Qara mürəkkəblə yazılmış mətnin xətti nəsx­dir. Başlıqlar qırmızı mürəkkəblə verilib. Şərq üsulu ilə səhifələ­nib. Əlyaz­ma­nın ümumi həcmi 122 vərəqdir. Cildi yoxdur. Özəyi qara də­ridir. Əsərin sonunda kolofon var. Kolofon qara və qırmızı tuşla çərçi­vəyə alınıb. Katibi Hüseyn b. Fəttah əl-Qırsəlanidir. Ölçüsü 21,5x17,5 sm-dir. Tarixi məlum deyil.

B-2040 Üzü köçürülmüş əlyazma nüsxələrindən birinə də bu şifrə altında rast gəlmək olar. Mətn bu əlyazmanın 39b-44a vərəqlərini əhatə edir. Əlyazmanın ümumi həcmi 110 vərəqdir. Sonuncu 5 vərəqi yazıl­ma­yıb. Kağızı təbii rəngli, Avropa istehsalıdır. Xətti nəsxdir. Qara mü­rək­kəblə yazılıb. Cildi açıq qəhvəyi rəngli dəridir. Katibi Məhəmməd Rafi Vələd Axund Molla Baba Badikubidir. Sonda verilmiş məlumata gö­rə, yazılma tarixi h.1257 (1841/42)-cı ilə təsadüf edir. Ölçüsü 22x16sm-dir.

B-2219 Bu şifrə altında da həmçinin “İsağuci” əlyazma nüsxəsinə rast gəlmək olar. Kağızı avropa istehsalı, təbii rəngli vərəqlərdir. Mətn əlyazma toplusunun 65a-72a vərəqlərini əhatə edir. Əsasən qara mürək­kəblə yazılıb. Orta əsr mətnşü­nas­lığında istifadə olunan şərti işarələr qır­mızı mürəkkəblə verilmişdir. Səhifələnmə Şərq üsulu ilə aparılıb. Əlyazmanın kənarlarında eyni xətdən olan qeyd və izahlar mövcuddur. Xətti nəstəliqdir. Cildi qəhvəyi rəngli, basma medalyonlu dəridir. Kati­bi Məhəmməd Vələd Molla Nəbi Bulağ Utaqidir. Köçürülmə tarixi h.1218 (1803/04)-ci ildir. Ölçüsü 21,5x16 sm-dir.

B-3244 Əlyazmanın 113b-118b səhifələrini əhatə edən bu nüsxə qa­ra mürəkkəblə nəsx xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürək­kəblə verilib. Kağızı ağ rəngli, nəm ləkələri çəkən ahərli Avropa isteh­sal­lı vərəqlərdir. Cildi tünd zoğalı rəngdədir. Katibi Mir Məhəmməd b. Xacə Tahir olaraq göstərilib. Köçürülmə tarixi h.1127 (1715)-ci il ola­raq qeyd olunub. Ölçüsü 20x16 sm-dir.

Bu əlyazma nüsxələrinin hər birini incələyərkən belə nəticəyə gəl­mək olar ki, orta yüzilliklərdə Azərbaycan fəlsəfi fikir tarixində özünə­məxsus yeri olan böyük alim, filosof Əsirəddin Müfəzzəl b. Ömər əl-Əbhəri özünün məntiqə aid “İsağuci” əsəri hələ də öz aktuallığını qoru­yub saxlamaqdadır. XIX əsrin II yarısında Türk dilində yazılan məntiq kitabları­nın ana qaynağı əl-Əbhərinin “İsağuci” əsəri olmuş­dur.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin