Harut və Marut insan və ya padşah idi?
İbn Abbas, İbn Əbzi, Zəhak və Həsən Bəsri kimi alimlər “mələkeyn” sözünü “məlikən” oxumuşlar. (15/ 2/ 15)
İbn Abbas deyir: Dinsiz iki nəfər insanın mələk olması necə mümkün ola bilər. Onlar iki padşah idi. (14/ 2/ 81)
Bir qrup Harut və Marutu adi insan, (14) bəziləri onları imansız, (15/ 2/ 52) ancaq qüvvəli, digər bir qrup isə Allahın peyğımbərləri Davud və Süleyman kimi qələmə vermişlər. (15)
“Təbəri təfsiri” kitabında yazılır: İnsanlar yer kürəsinin padşahlığını öhdələrinə götürən zamandan bəri Harut və Marut padşah oldular. Allah-Taala İblisi lənətlədikdən və həzrəti Adəmi yer üzünə göndərdikdən sonra heç bir mələyi yer üzündə padşah qoymadı. Beləliklə, Harut və Marut da həzrəti Adəmin övladlarıdır ki, Allah onları günah vasitəsilə imtahana çəkdi. (16)
Yuxarıda qeyd etdiyimiz dastanda bir əngəl mövcuddur. Yəni orada İblisi mələk kimi qələmə veriblər. Halbuki, İblis cinlərdəndir. Allah İblisi Adəmə (ə) səcdə etmədiyinə görə onu lənətlədi və öz dərgahından qovdu. (16)
Harut və Marut barəsində bəyan olunmuş mübahisəli əfsanəni sizlərin nəzərinizə çatdırırıq. Əlbəttə, qeyd edəcəyimiz dastan bir çox kitablarda bir-birinə oxşar nəql olunmuşdur. Lakin biz bu dastanın müxtəlif kitablardan nəql olunmasına, ixtilaflı yerlərini məlum etmək və nəticə əldə etmək üçün səy göstəririk.
“Uyunul əxbar Rza (ə)” kitabında:Yusif ibn Məhəmməd ibn Ziyad və Əli ibn Məhəmməd ibn Səyyar öz ata və babalarından nəql edirlər ki, İmam Həsən Əsgəriyə (ə) ərz etdik:
Bir qrup belə güman edir ki, Harut və Marut iki mələkdirlər. Adəm övladı üsyan edən zaman Allah onları mələklər arasından seçib, yer üzünə göndərdi. Lakin onlar şərab içib, Zöhrə adlı qadınla zina etdilər. Elə bu üzdən Allah onlara əzab nazil edib, Babil quyusundan asdırdı. Cadugərlər də onlardan sehr və cadu öyrəndilər. Elə buna görə Allah o qadını metamarfoz edib, ulduza döndərdi. (17)
“Elami-Quran” kitabında: Mələklər insanlara həqarət gözü ilə baxırdılar. Allah onlara buyurdu: Əgər siz insanların yerinə olsaydınız və onların nəfslərinin gücü sizdə olsaydı, onlardan da pis rəftar edərdiniz. Beləliklə, mələklər Allahdan sınağa çəkilməklərini istədilər. Allah-Taala da onların arasından Harut və Marut adında iki mələyi seçib, böyük günahlardan, o cümlədən şərab içməmək, qətl törətməmək və zina etməmək şərti ilə yer üzünə göndərdi. Lakin onlar günah edib, adam öldürdülər. Mələklər bu səhnəni gördükdə Allahın hikmətini daha da möhkəm dərk etdilər. Deməli, Harut və Marut ixtiyarlı olaraq dünya və axirət əzabından birini seçməli oldu, onlar da dünya əzabını seçdilər. Bu üzdən Babildə həbs olunub, cəza çəkdilər. (5)
“Tərcümei-təfsire-Təbəri” kitabında: Harut və Marut yer üzünə gəldikdə, gözəl bir qadını görür və ondan itaət etməyi əmr etdilər. Lakin o qadın üç şərtlə onların əmrinə itaət edəcəyini dedi. O şərtlər – uşaqları öldürməmək, Quranı yandırmamaq və şərab içməməkdən ibarət idi. Beləliklə, Harut və Marut şərab içməyi qəbul edib, dedilər:
Şərab içib sonra tövbə edərik, ancaq onlar şərab içib, məst oldular və günahsız uşağı öldürüb, Quranı yandırdılar. Lakin yenə də onlara boyun əymədi. Sonra isə o qadın daha bir şərt ortaya qoydu, yəni yer üzünə enib, səmaya uçmaq üçün Allahın ən böyük adını onlardan öyrəndi və səmaya uçdu. Buna görə Allah-Taala Harut və Marutu Babildə və ya Dəmavənd dağında dərin bir quyudan asdı. Həmin quyuda onların su ilə arası qılıncın kəsən yeri qədərdir. (15)
“Qisəsi-Qurani-məcid Ətiq Nişaburi” kitabında: Əza və Əzaya (Harut və Marut) Zöhrəyə dedi ki, biz səni ərindən ayırırıq, ancaq sən də bizim istəyimizə müsbət cavab ver, o da qəbul etdi. Harut və Marut gündüzləri xalq arasında hökm verib, gecələri isə səmada Allaha ibadət edirdi. Buna baxmayaraq, haqsız yerə hökm verib, Zöhrəni ərindən ayırdılar. O qadın ərinin öldürülməsini istədi, Harut və Marut da qəbul edib, onun ərini öldürdülər. Zöhrə bütpərəst olduğundan, onların da bütpərəst olmaqlarını istədi. Lakin onlar qəbul etmədilər. Amma qadın onları şərabla məst edib, Allahın ən böyük adını onlardan öyrəndi. Beləliklə, Zöhrə səmaya uçdu. Amma onlar yuxudan ayıldıqdan sonra hansı günahı etdiklərini başa düşdülər. Kitabda yazıldığına əsasən Harut və Marutu əsr (ikindi) namazının vaxtında, quyudan asıb, sabah əsr namazına qədər əzab verirlər. Böyük Allah onlara elə bir dua öyrədib ki, əzab onlara asanlaşsın. (17)
Hədislərin birinə əsasən həzrəti İdris (ə) Harut və Maruta dua etdi. Buna görə dünya və axirət əzabından birini seçməkdə onlara ixtiyar verildi.
Dostları ilə paylaş: |