Düyuxusu ifadəsi ikinsi növ təyini söz birləşməsi yolu ilə yaranmış mürəkkəb sözdür. Odur ki, bunu fars dilindəki dü (iki) sözü ilə bağlamaq doğru olmaz. Əgər birinci dü(iki) sözü işlənsə, ikinci tərəfdə mənsubiyyət şəkilçisi olmaz və birləşmə birinci növ təyini söz birləşməsi kimi çıxış edər. Həmçinin bu sözün dünyuxusu variantının olması onu göstərir ki, bu düyün sözü ilə bağlıdır. İstər düyün istərsə də şümşürüt// cümşaz// cümsaz sözlərinin bir anlamı var: yeni həyata başlamaq. Belə ki, ikinci yuxudan sonra baramaqurdunun tut şaxları üzərinə yayılması onun ikinci həyatının başlanmasıdır. k→t→d→z səs axarı isə şimşək (ədəbi dildə)//şümşat (Daşkəsən, Kəlbəcər)// şümşət (Ağdam, Borçalı, Qazax, Şəmkir, Tovuz) sözlərinin cümsaz//cümşaz sözləri ilə fonetik variant olmasına əsas verir.
Kiçi (Cəbrayıl, Kürdəmir, Mingəçevir, Zəngilan) – baramaqurdunun üçüncü yuxusu.
Bu söz müasir ədəbi dildə işlənən “kiçik” sözü ilə bağlıdır. Maraqlıdır ki, Azərbaycan ədəbi dilində formalaşmamış “kiçik”, “kiçil” sözləri onun antonimi olan boyü söz kökü formasında müasir ədəbi dildə işlənmir.
Kiçi sözünün Azərbaycan dilinin dialekt və şivələrində müşahidə olunan keçi sözü ilə bağlı olmaq ehtimalı da var:
Keçi (Göyçay, Ucar, Zaqatala)//ke:çi (Şəki)//keji(Bərdə) sözü “bişirilmiş barama” mənasında işlənir.
Culfa, Oğuz şivələrində keçi “bişirilmiş baramadan əyirilmiş sap” mənasında da işlənir.
Ki-//ke-//kü- fonetik variantlı kök morfemləri hərəkət→ əlamət→ad istiqamətində “dar bir yerdən keçmək”, “yer tapıb keçmək” anlamında keçmək felinin kök-morfemləridir. Küçün, kiçik, keçi, keçi//keji sözlərin formalaşmasında rol oynamış keçmək felinin əlamət modelləri daha güclü olmuşdur. Keç+il-→kiç+il-, getmək→geçmək//keçməx'//keşməx'// geşməx' sözləri k//g, t→ç→ş səs keçidləri, yaxud söz axarı ilə yeni mənalı sözlərin yaranmasında xüsusi rol oynamışlar. Bu baxımdan dialekt materiallarına müraciət daha əlverişli olur: keş (Quba) “dərə”, keşqal (Bərdə, Göyçay, Mingəçevir, Ucar)//keşgil (Borçalı) “kiçik arx”, keçələt (Ağcabədi, Bərdə, Cəlilabad, İmişli, Kürdəmir) “keçid”, keci (Salyan) “saya”, geş (Şəki) “qamışlıqda bitən nazik və uzun ot” (bafa bağlamaq üçün istifadə olunur), gədə (Çənbərək) “alaçıq (dəyə) tikmək üçün istifadə olunan çubuq”,55* gedey (Dərbənd) “şin”, geniməx' (Ağdam, Ağdərə, Borçalı, Gədəbəy, Gəncə, Xocavənd) “uzaqlaşmaq”, geŋitməx' (Tovuz) “uzaqlaşdırmaq” və s.
“Uzaqlaşmaq”, “uzaqlaşdırmaq” mənasında işlənən geniməx', genitməx', felləri müasir ədəbi dildə işlənən getmək felinin, ge+t morfemlərinin müəyyənləşməsi üçün açardır. Ge- kök morfem, -t isə feldən fel düzəldən şəkilçi morfemdir.
Prof. Q.Kazımov yazır: “Şumer dilində olduğu kimi, türk dillərində də səs keçidləri dilin lüğət tərkibini zənginləşdirən, yeni sözlərin yaranmasına imkan verən mühüm vasitələrdən olmuşdur. Məsələn, get, gəl, gir, keç, koç, qaç sözlərinin kökü eyni morfemdən gi- morfemindən yaranmışdır: ge, gi, gə, kö” (8, 98).
Baramaqurdunun yuxusu ilə bağlı digər sözlərə də nəzər salaq:
Qəm yuxusu (Şahbuz) – baramaqurdunun barama sarımağa başlayandan əvvəl olan bir-iki saatlıq yuxusu. –Qəm yuxusu çox az çəkər.
Qarayuxu (Kürdəmir) –baramaqurdunun beşinci yuxusu. Bu, Şahbuz şivəsində işlənən “qəm yuxusu” ifadəsinin müqabilində işlənir.
Ulu (Bərdə, Cəbrayıl, Göyçay, Kürdəmir, Mingəçevir, Şəki, Zəngilan) – baramaqurdunun son yuxusu. –Bizim qurd uludan durmadı, hamıjığı qırıldı (Bərdə). –Uludan so:ra xirix' başdıyır (Zəngilan). –Kərimin qurdu ulunu yatıb durub (Cəbrayıl). –Uludan durutdu qurdumuz, bir-ki günə saxlanasıdı (Şəki).
Şəki şivələrində baramaqurdunun son yuxusu mənasında xirex'// xirix' sözləri də işlənir. -Xirex' də diyillər, uludan durdu da diyillər axırıncı yuxudan duranda qurd. –Qurdumuz xirix'dən durutdı.
Baramaqudunun axırıncı yuxuya getməsi, yaxud yuxudan durması uluyə yuxlamax, uludan durmax şəklində işlənir (6, 192, 193).
Ulu, qəmyuxusu, qarayuxu sözlərinin izahı müxtəlif şəkildə verilsə də (həmin ərazilərdə bu şəkildə izah olunduğu üçün ifadə olunduğu kimi saxlanılmışdır), eyni anlama gəlir: “baramaqurdunun son yuxusu”.
Baramaqurdunun yaşam mərhələləri,növləri, keyfiyyəti, görünüşü, rəngi, hal-vəziyyətivə s. ilə bağlı terminlərə də rast gəlirik. Bu söz-terminlərin hər biri etnolinqvistik təhlil baxımından böyük maraq doğurur.
Tompal (Ağdam, Cəbrayıl, Göyçay, Mingəçevir, Şahbuz, Şəki) //tompa (Şahbuz) “iki qurdun birlikdə sarıdığı çıxar barama” mənasındadır. Belə barama kobud və yaraşıqsız olur.
Çatal sözü də Ağdam şivələrində iki qurdun birlikdə sarıdığı çıxar barama” mənasında işlənir. Çatal “çatmaq” sözü ilə bağlıdır. “Baş-başa vermək”, “başlarını bir-birinə” yaxınlaşdırmaq və s. mənaları verən “çatmaq” sözü geniş anlamda işlənir: tonqal qalayanda odunların başını çatmaq, qaşlarını çatmaq və s. Çat- morfemi ilə bir çox sözlər dilimizdə işlənir; çatı, çatıq, çatıqqaş, çatılma, çatılı, çatılmaq və s.
Çatıq sözü də “yapışıq, qovuşuq” mənasında işlənir: çataq meyvə - bir-birinə yapışıq meyvə.
Meğri şivəsində tompal sözünün pampan//bambi (9, 391). Qubadlı şivələrində pampal//pampal (10, 122) variantları da işlənmişdir. Bu sözlərə fonetik variant kimi baxmaq olar. Kobud, köntöy mənasında işlənən pampalax//tompalax kimi sözlərin də kök-morfemləri tompalax//pampan//bambi sözlərinin kök-morfemi ilə eynidir. Çox güman ki, Naxçıvan qrupu dialekt və şivələrində “yüngülxasiyyətli” mənasında işlənən bambılı sözü də bu “söz ailəsi”nə məxsusdur.
Banbal//banban (Ordubad) - iri barama. –Banbalları ayrı bir yerə topla. -Bizim qalxozda banban barama çox olar. Banban sözü Sirab şivəsində “yumru barama” mənasında işlənir.
Banbal//banban sözləri qədim türk mənşəli söz olub, ban “başı bağlı, örtülü” mənasını ifadə edir.
“Kitabi-Dədə Qorqud” dastanında da bu sözə rast gəlirik: “Doqsan başlu ban evlərin qara yeriŋ üzərinə dikdirmişdi” (11, 48). Lakin bu sözün leksik mənası müxtəlif şəkildə izah olunmuşdur:
Ban – böyük çadırın qurulmasında dayaq və divar rolu oynayan söyüd tipli hündür ağac və ya nərdivan; çadırın tavanında açılan nəfəslik, baca” (11, 191).
M.Kaşğari isə ban sözünü “bağlanmaq” sözü ilə əlaqələndirir: “koy bandı= qoyun bağlandı” (3, 69).
Ban sözü evin üstü mənasında işlənən dam sözü ilə bağlı olub, bir-birilə fonetik variant hesab oluna bilər.”Ağbağ ev” ifadəsində də bu fikrin təsdiqini görürük: “Qan Gan oğlu xan Bayındır yerindən turmışdı, qara yerin üzərinə ağbağ evin dikmişdi (11, 132). “Ağ ban evini qara yeriŋ üzərinə dikdirmişdi” (11, 148). “Ol gün ala bargah otaqlar dikildi” (11, 166). “Qazan görklü çəmənə çadır otaq dikdirdi” (11, 178).
Verilmiş nümunələrdən görünür ki, “Kitabi-Dədə Qorqud” dastanında ev, otaq, çadır ifadələri müasir ədəbi dilimizdən heç də fərqlənməyən leksik mənaları ifadə edirlər. Ağ bağ, yaxud ağ ban evlər ifadəsi Bayandır xan və Qazan xanla bağlı hissələrdə müşahidə olunur.
n←ŋ,←nq→q→ğ səs axarı n→ğ səs keçidinin olduğunu göstərir. Bu isə ban//bağ sözlərinin “örtmək, bağlamaq” felləri ilə bağlı olduğunu bir daha təsdiqləyir: “ağ örtüklü” evlər”. Görünüş etibarilə barama da hər tərəfi örtülü ağ evi xatırladır.
Həmçinin “Kitabi-Dədə Qorqud”da ban, “azan, uca səs”, banlamaq “azan vermək, uca səslə (avazla) azan çəkmək” mənasını da ifadə edir. Xoruzun banlaması da bu qəbil sözlərlə bağlıdır. Azan uca yerdə, o cümlədən damın üstündə verilir. Xoruz da ucada, o cümlədən damın üstündə banlayır. Bu baxımdan ban sözü dam sözü ilə fonetik variant olub, evin üstü anlamındadır.
Ümumiyyətlə, baramaçılıq, ipəkçiliklə bağlı sözlərin etnolinqvistik təhlili həm bu peşənin, həm də bu peşəyə məxsus sözlərin çox qədim bir tarixə malik olduğunu müəyyənləşdirməyə əsas verir. Təhlil zamanı “bir çox sözlərin “ailəsi”, “yuvası” müəyyənləşmiş olur.
Dostları ilə paylaş: |