AĞADADAŞ MÜNİRİ – 150
XIX-XX əsrlər Bakı ədəbi mühitində yetişən, “Məcməüşşüəra ədəbi mclisinin fəal üzvlərtindən olan Aadadaş Cəfərov (Müniri) 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuş, yeddi yaşında atasını itirmiş və anasının himayəsində böyümüşdür.
Münirinin şeirlərini ilk dəfə “Deyilən söz yadigardır”, “Poetik məclislər” və “Azərbaycan qəzəlləri” toplularında oxumuşuq. “Deyilən söz yadigardır” kitabındakı məlumatdan aydın olur ki, şairin “Dirilik”də, “Ədəbi parçalar”da və “Türkcə qəzəllər”də şeirləri çap olunmuşdur. Onun yazdığı tərcümeyi-hal şeirindən həyatı haqqında maraqlı məlumat alırıq.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda B-1791 şifrəli qovluqda 22,5x14,5, 21x8, 21x13, 35x11 sm ölçülü vərəqlərdə Ağadadaş Münirinin şeirləri vardır ki, bunlar göy, yaşıl, qara, bənövşəyi mürəkkəblə və karandaşla yazılmışdır. Arxası şəkilli vərəqlərdəki yazılar Ə.Müznibindir. Bəzi yazıların Münirinin avtoqrafı olması ehtimalı var. 51 vərəq həcmində olan bu əlyazma badımcanı rəngli cildə tutulmuşdur. Burada şairin qəzəlləri, şair dostları Əbdülhəmid Minaya məktubu, Əbdülxalıq Yusifə 1343 tarixli mərsiyəsi, Seyid Zərgərə, Mikayıl Seydiyə, Mirzə Səməndər Dərbəndiyə, Tahirəyə yazılmış şeirləri vardır. Həmin əlyazmanı transfoliterasiya edirik.
Ağadadaş Münirinin yaradıcılığında da qəzəl üstünlük təşkil edir. Burada həm lirik aşiqanə qəzəllərə, həm də şair dostlarına yazılmış şeirlərə rast gəlirik. Dövrə münasib olaraq Müniri yaradıcılığında da yeniləşmə getmiş, yeni ruhlu şeirlər də qələmə alınmışdır. Amma şairin öz hissini, duyğusunu əks etdirən əvvəlki şeirləri ədəbi cəhətdən daha dəyərlidir.
Gələcəkdə şairin dövri mətbuat orqanlarında və toplularda çap olunmuş şeirlərini də toplayıb şeirlər kitabını nəşrə hazırlayacağıq.
Dostları ilə paylaş: |