Əllamə Məclisiyə görə təbiətşünaslıq problemləri
Məlum olduğu kimi, Qurani-Kərimdə və hədisi-şəriflərdə kifayət qədər dünyəvi elmlərə, o cümlədən təbiətşünaslığa aid problemlər öz əksini tapmışdır. Quranı-Kərimin ayələrinin bir qismi elmi ayələr adlanır. Müsəlman alimləri də bu ayələrin yozumu ilə mükəmməl məşğul olmuş və onu öz dövrlərinin elmi nailiyyətləri əsasında şərh etməyə çalışmışlar. Bunun əsas səbəblərindən biri də bəzi fiqhi məsələlərin bu elmlərlə sıx əlaqəsindən irəli gəlməkdədir. Çünki təbiətşünaslıq elmlərinin vasitəsilə müsəlmanlar qiblə, namazlarının vaxtlarını, kür suyunun miqdarını, irsi bölgüləri və s. müəyyən edirlər. Artıq XVII əsrdə təbiətşünaslıq elmlərinə, xüsusilə də islam astronomiyasına Əllamə Məclisi yeni inkişaf vermişdir. Belə ki, o, Səfəvilərin paytaxtı olan İsfahanda Rəsədxana tikdirmiş və buraya bütün dünyanın tanınmış elm xadimlərini toplamışdı. Beləliklə, onun dövründə İsfahan şəhəri riyaziyyat və astronomiya elmlərinin inkişaf mərkəzi olan bir şəhər olmuşdur.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində riyaziyyat elmlərinə aid bəzi problemlər də öz əksini tapmaqdadır. O, bu elmin Allah tərəfindən insanlara bir nemət olaraq verildiyini qeyd etmiş və İmam Əlinin (ə): “hesab Allah tərəfindən insanlara verilmiş bir nemətdir” hədisini rəvayət etmişdir. Əllamə Məclisi astronomiya və riyaziyyat elmlərində mükəmməl məlumatlara malik olmuş bir alim idi. O, adı çəkilən əsərinin (1, c.83, s.137-144, c.61, s.270, c.70, s.139, c.82, s.260) cildlərində məsələ ilə əlaqəli problemləri işıqlandırmışdır.
Şübhəsiz ki, Əllamə Məclisi “Biharül-ənvar” əsərində öz dövründə olan təbiətşünaslıq elmləri nöqteyi-nəzərindən çıxış edərək bəzi müddəalar irəli sürmüşdür. Onun astronomiya və riyaziyyat elmləri sahəsindəki fikirləri alimin o dövrdə məlum olan və bu sahələrdə yazılan əsərləri dərindən mütaliə etməsindən və bu sahədə mükəmməl bilik sahibi olmasından xəbər verir. O, “Bihaül-ənvar” əsərində astronomik məlumatları da izah etmişdir. Müəllif Qurani-Kərimdə keçən səma və ərz kəlmələrinin leksik mənasını belə izah edir: “Yer aşağı olduğuna görə ərz adlanıb. Çünki ərz sözü aşağı, alçaq mənalarındadır. Səma isə yüksək və ucalıq mənalarını ifadə edir” (1, c.54, s.4). Alim yerlərin və göylərin altı gündə yaradılması problemi haqqında İbn Abbasdan belə bir hədis nəql edir: “Ayədə olan altı gündə məqsəd axirət vaxtıdır” (1, c.54, s.6). Lakin müəllif bu fikri qəbul etməyərək burada dünya vaxtı olduğu qənaətindədir. Həmçinin o, Allahın bütün aləmləri bir göz qırpımında yaratmağa qadir olduğunu, lakin mələklərə ibrət olsun deyə onları tədricən yaratdığını söyləyir (1, c.54, s.6).
Əllamə Məclisi “Biharül-ənvar” əsərində astronomiya elminin mühüm problemlərindən olan göy cismlərinin tərkibi, göy cismlərinin hərəkəti, ulduzların uzaqlığı və bu tədqiqatlardan əldə edilə biləcək hər hansı bir bilgi haqqında məlumat vermişdir (1. C.74, s.76). O, günortanın yarı olması xəttini, qiblənin bilinməsi və b. məsələləri araşdırmaq üçün astronomik və digər həndəsi cihazlardan istifadə etmişdir. O, bu elmlər sahəsinə aid bəzi problemləri o zaman daha məşhur olan qədim müsəlman və hind alimlərinin görüşləri əsasında işıqlandırmışdır. Əllamə Məclisi astronomiyaya aid problemlərə toxunan zaman demişdir: “Biz tanınmış ölkələrin dəyişmə meylinin miqdarını qeyd etdik, necə ki, tədqiqatçılar astronomiya sahəsində yazılan əsərlərə müraciət edə bilərlər. Ola bilsin ki, oxucu bi kitabda başqa şeylərə ehtiyac duysun” (1, c.74, s.76).
Müəllif adı çəkilən əsərində günəşin əyilməsi nəticəsində namazın vaxtının müəyyən edilməsi haqqında da məlumat vermişdir. O, yazır: “Burada bölgəmiz İsfahan şəhərində olan zavalın (günəşin əyilməsi) kölgəsinin miqdarını qeyd etdik. Həmçinin bu şəhərə yaxın olan bölgələrin də. Onun ərazisi 320-dir və yaxudda ona yaxındır” (1, c.82, s.371).
Əllamə Məclisi din və təbiətşünaslığın kainatın əmələ gəlməsi və mahiyyəti haqqında olan məlumatları təkcə bir yerə toplamaqla kifayətlənməyib, eyni zamanda bu məsələyə də öz münasibətini bildirmişdir. O, Qurana (2, Bəqərə, 29) əsaslanaraq göylərin yeddi təbəqədən ibarət olduğunu (1, c.54, s.1) bu haqda Bətlyəmusun (Ptolomeyin) “göylər doqquz təbəqədir” dediyi fikrinin yanlış olduğunu vurğulamışdır (1, c.54, s.5). Müəllif Əllamə Süyutinin “əd-Dürrul-mənsur” əsərində rəvayət olunan “yerlə göyün və hər göyün bir-birləri ilə olan ara məsafələri beş yüz min illik məsafə qədəridir” hədisinə də münasibətini gizlətməmişdir (1, c.55, s.98). Həmçinin o, qədim astronomların yerin bütün kainatın mərkəzi olduğunu və hərəkətsiz vəziyyətdə qaldığını görüşünü də qəbul etməyərək yer kürəsinin hərəkətdə olduğu fikrini təsdiqləmişdir (1, c.54, s.8). Yerin günəş ətrafında orbita üzrə hərəkət etməsi, onun günəş ətrafında tam bir il müddətində hərəkət etməsi, günəş və ayın da hərəkətdə olması fikrini o, əsərdə qeyd etmişdir (1, c.54, s.216). O, Allahın yer kürəsini yaradaraq onun üzərində insanların yaxşı yaşamasını, günəşin yeri qızdırması, ayın qaranlıq gecələri işıqlı etməsi və ulduzların isə vaxtı təyin etmək üçün yaradıldığını vurğulamışdı (1, c.54, s.11, 15). Həmçinin o, yerin əzəli deyil, Allah tərfindən sonradan yaradıldığı fikrini təsdiq edib bunu fəlsəfi dəlillərlə də əsaslandırmağa çalışmışdır (1, c.54, s.225).
Müəllifin əsərdə münasibət bildirdiyi təbiətşünaslığın ən mühüm problemlərindən biri olan yer üzündə insanın əmələ gəlməsi problemidir. Bu haqda o, yazır: “Yer üzü bom-boş idi. Orada heç bir kimsə belə yox idi. Bu zaman Allah mələklərə: «Mən yer üzündə xəlifə yaradacağam» dedi. Bunun üçün O, Cəbraili (ə) yer üzünə göndərib onun müxtəlif şirin və şoran torpaqlarından götürməsini və insanın indiki şəklindəki kimi yoğurmasını əmr etdi. Cəbrail (ə) əmri yerinə yetirdikdən dərhal sonra Allah ona öz ruhundan üfürdü və beləliklə ilk insan Adəm (ə) yarandı. Adəm (ə) yer üzünün torpağından yaradıldığı üçün (ədimul-ərz) belə adlandırılmışdı (1, c.54, s.94).
Əllamə Məclisi gecə və gündüzün yaranma səbəbləri və s. haqqında məlumatlar vermişdir. O, gecə və gündüz saatlarının iyirmi dörd saat olduğunu qeyd etmişdir (1, c.56, s.1). Hətta o, qədim ərəblərin gecə və gündüzün hər saatına xüsusi adların verdiyini də əsərdə qeyd edib (1, c.56, s.7).
Beləliklə, Əllamə Məclisi “Biharül-ənvar” əsərində günəş sistemini, onun hərəkət və inkişaf qanunauyğunluqlarını, yerlərin və göylərin yaranması, gecə və gündüzün bir-birini əvə etməsi və nəhayət yer üzərində həyatın əmələ gəlməsi problemlərini dinə və elmi nailiyyətlərə əsaslanaraq şərh etməyə çalışmışdır. İndi onun dövründən 300 ildən artıq vaxt keçmiş, göy cismlərini, yerdə həyatın əmələ gəlməsini və s. problemləri öyrənmək üçün yeni və daha təkmil cihazlar ixtira olunub, nəzəriyyələr irəli sürülmüşdür. Məsələn, Əllamə Məclisinin ölümündən təxminən 60 il sonra göy cisimlərinin tərkibini öyrənmək üçün 1858-ci ildə spektroskop adlı cihaz kəşf edildi. Spektroskopun astronomiya elmində kəşf edilib tərbiq edilməsi günəş, ulduzlar, planetlər və s. göy cisimlərinin tərkibi haqqında hansı maddələrin olduğunu öyrənməyə imkan verdi.
Əllamə Məclisinin “Biharül-ənvar” əsərində təbiətşünaslıq problemləri haqqında dediyi ayələr, hədislər və fikirlər kainat və onun qurluşu haqqında olan elmi məlumatlarla uyğun gəlir. O, ən azından bu dedikləri ilə sübut etmişdir ki, maddi olan bu aləmlərin hamısı ilahi qüdrətlə yaranıb və onunla da idarə olunur.
Dostları ilə paylaş: |