Səbinə Nemətzadə
(Əlyazmalar İnstitutu)
Orta əsr əlyazmaları - İslam kİtab mədənİyyətİnİn və İncəsənətİnİn
mücəssəməsİ kİmİ
Orta əsr əlyazmaları - Azərbaycanın maddi-mədəni irsində çox önəmli yeri tutan yazılı abidələridir. Bu əsərlər təkcə mətn, mövzu baxımından deyil, sənət baxımından da olduqca dəyərlidir. Onlar eyni zamanda estetik zövqlə işlənmiş, həm təvazökar, həm fəlsəfi anlam daşıyan onamentlərlə bəzədilmış, təzhiblənmiş və nəfis formada, peşəkarcasına cildlənmislər.
Qeyd etmək lazımdır ki, əlyazma əsər yalniz mətn deyil. Eyni zamanda Orta əsr müsəlman şərqinin intibahını özündə əks etdirən incəsənət əsəridir. Əlyazmanın ərsəyə gəlməsində müəllifdən başqa, bir qrup kitab sənəti ilə bağlı sənətkarların - xəttat, müzəhhib, nəqqaş, mücəllid və s. sənət adamlarının əməyi vardır. Və hər bir sənətkar əsərə estetik cəhətdən dəyər qatmışdır. Əlyazmanın estetik məziyyətlərindən öndə gələni, daha tez görünəni xəttat işidir. Əli Hərəviyə görə xəttat olmaq üçün beş şey gərəkdir: Birincisi diqqəti tab', ikincisi yazıdan anlamaq, üçüncüsü əldə qüvvət, dördüncüsü əmək sərf etmək, beşincisi yazı üçün lazım gələn kağız, qələm və mürəkkəbin ən yaxşılarının tapılması.
Əlyazmalar üçün - Dəməşki, Dövlətabadi, Hatayi Adilşahi, Həriri-Səmərqəndi, Sultanı Səmərqəndi, Hindi, Nizamşahı, Kasım Beygi, Hariri-Hindi, Güni-i Təbrizi (Lui Təbrizi) Muhayyər, Alikurna, və s. kimi kağızlardan istifadə olunurdu. Ən gözəl keyfiyyətlilərindən biri də Abadi kağızı idi. Buna eyni zamanda Hind abadisi də deyilir. Hindistanda Dövlətabad şəhərində istehsal edildiyi üçün bu adı almışdır. Sarımtıl rəngli, gözəl və parlaq bir kağızdır. Qurani-Kərim nüsxələrinin və murəqqələrin istinsaxında istifadə olunurdu. Xam ipəkdən, həmçinin tut ağacı əlyafından hazırlanan bu kağızların bir zamanlar Avropa təqlidləri də görülmüşdür (Firəng abadisi). Xəttatlarımızın istifadə etdikləri qamış qələmlər isə adətən İraq və İrandan gəlirdi. Bu qamışlar qaralmaları üçün gübrəyə yatırılır və nəticədə tünd qəhvəyi rəngi alırdılar. Mürəkkəbə gəldikdə isə daha çox istifadəsinə ehtiyac duyulan Bəzir (kətan) hisi mürəkkəbi idi. Bu kətantoxumu yağının yandırılması surətiylə meydana gələn hisdən əmələ gələn mürəkkəb idi. İçi şirli qabdakı bəziryağı, üzərinə fitil qoyulmaq surətiylə yandırılır; üstünə də his yığmaq üçün içi şirli bir qapaq asılırdı. Yağ bitənə qədər yandıqdan sonra qapaqda yığılan his, toyuq tükü ilə başqa bir qaba götürülür, daha sonra içinə müəyyən ölçüdə zəmklı su doldurulmuş mərmərdən olan böyük bir həvəngə boşaldılırdı. Burada həvəngəliylə vurularaq qarışdırılır, bu iş iki üç ay sürərdi. Yaxşı mürəkkəb ancaq üç ayda emal edilə bilərdi. Tünd qara, axıcı, solmayan bir mürəkkəbdir. Bu mürəkkəbə xəttatlar bir az mazı atardılar, beləcə mürəkkəb solmaz və rütubətdən zərər görməzdi.
Mükəmməl ləvazimatlardan istifadə edilərək ərsəyə gələn əlyazma kitablarındakı miniatürlər, təzhib və bəzəmələr, ornamentlər və nəhayətində şərq üslubunda cildlənmələr əsərlərin nəfisliyini daha da artırırdı. Bu gün həmin əsərlər nəinki mövzu baxımından tədqiq olunur, eyni zamanda muzey eksponatı, həmçinin bəşəriyyətin maddi-mədəni mirası olaraq dəyərləndirilir. Cahangir Qəhramanov, Əlyazmalar Fondunu Azərbaycanın kitab mədəniyyəti tarixinin zəngin müzeyi olduğunu söyləmiş və qeyd etmişdir: “Orta əsr kitab rəssamlığı, kitab mədəniyyəti ilə bağlı olan tətbiqi-dekorativ yaradıcılıq növləri əvəzsiz bədii sərvət kimi qiymətləndirilməlidir.
Əlyazmada olan miniatürlər və ilyustrasiyalar onu göstərir ki, azərbaycanlı ustalar bədii tərtibatlı əlyazmaları hazırlayarkən Yaxın və Orta Şərq miniatüristlərinin nailiyyətlərindən istifadə etməklə Şərq xalqlarının incəsənətinin inkişafına yaradıcı surətdə təkan vermiş, müstəqil ənənələr yaratmış, beləliklə də onlar dünya bədii mədəniyyət xəzinəsində şərəfli yer tutmuşlar.
Miniatür sənəti, Azərbaycan əlyazma kitabının bədii tərtibatının öyrənilməsi, kalliqraflar, nəqqaşlar, ornamentalistlər və cildçilərin yaradıcılığının tədqiqi təxirəsalınmaz vəzifədir, Azərbaycan kitab mədəniyyəti tarixi də elmi və aktual əhəmiyyət daşımaqla öz həllini gözləyir ”.
Azərbaycan ərazisində yazilan istər müəllifin özü tərəfindən, istərsə də müstənsixlər tərəfində üzü köçürülən əlyazma əsərlərində miniatürlərlə yanaşı, təzhibə tez-tez rast gəlinir. Bu da onu göstərir ki, Azərbaycanda bu sənət geniş yayılmış, Azərbaycan əlyazma tarixində mühim rol oynamışdır. Əlyazma əsərində təzhibin olması onun təkcə məzmun baxımından deyil, sənət əsəri baxımından da dəyərini artırır. Təzhib sənətində bir sıra ornamentlər, süsləmə motivləri vardır ki, əsərin tədqiq olunmasında, öyrənilməsində tədqiqatçı üçün əhəmiyyətlidir.
İslamın doğuşuyla başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə birlikdə tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhiblədən Hz. Əlidir olmuşdur. İslamın ilk üç əsrində Quranın surə sonlarına həndəsi şəkildə bəzəmələr, ornamentlər vardır. Quran və elmi kitabların hər növündə bəzəmə nümunələrinə rast gəlinir.
Əlyazma əsərlərində ən zəngin təzhip, kitabların zahiriyə hissəsində, mətnlərin kənar başlıqlarında, surə əvvəlində və mövzu hissələrinin aralarında, kitabın son səhifəsində xəttimə və ya kətəbə hissəsində yerləşir.
Təzhibin “zəmini boyalı klassik təzhib”, “Zərəndərzər”, “Halkari”, “Ciftətəhrir”, “Zərəfşan” çeşidləri vardır. Və bu çeşidlərin hər birinin İslam incəsənətində, Şərq mədəniyyəti tarixində, kitab sənətində önəmli yeri danılmazdır. Əlyazma kitablarda, mürəqqələrdə, boya və qızıl tozu ilə işlənən hər cür süsləmə, bəzəmə, dekor işinə təzhib deyilir. Belə əsərlərə müzəhhəb, "təzhib işini ğörən sənətkarlara isə müzəhhib deyilir. Ərəbcədə «altınlama» mənasını verirsə də təzhib sözü yalnız altınla işlənən süsləmə üçün deyil, boyalarla dekor edilən kitap təzyinatı üçün də istifadə edililr. Hətta bəzi müzəhhiblər boyalı dekor etmiş, hətta miniatür də işləmişlər. Bütün bunlara rəğmən, yalnız qızılla edilən bəzəmə olan “halkar” təzhıb sənətində daha geniş yayılmızdır. Bu bəzəməyə halkari (hallikari «yaldızlama işi» yəni zərləmə) də deyilir. Halkarın hazırlanmasında, əvvəl qızıl vərəq, yuvarlaq dibli çini qabda 3-5 damla ərəb zəmki və ya süzmə bal ilə əzilir. Əzilmiş qızıldan kiçik bir zərrə qədər ovuc içində barmaqla yayıldığında gözlə görülməyəcək qədər ovxalanmışsa və ya əzilmiş qızıl üzərinə bir damla təmiz su damlatıldığında qızıl zərrələri bu damlanın üzərinə çıxırsa əməliyyat tamamdır. Əzilmiş qızılı ərəb zəmkindən təmizləmək üçün qaba bol su qoyulub fırça ilə qızılın suya qarışması təmin edilir. Bir müddət sonra zərrələr qabın dibinə çökməyə başlayır. Əzilmədən qalan və dərhal çökən qızıl parçalarına müşair deyilir və bunlar yenidən əzilməlidir. Qızıl tamamilə dibə çökdüyündə zəmkli su, qaba qab tərpədilmədən, ehtiyatla tökülür. Əzilmiş qızıl, jelatinli su ilə qarışdırılaraq, fırça ilə zəmin üzərinə sürülmək surətiylə istifadə edilir. İşlənəcək halkar naxışı həkk ediləcəyi yer böyüklüyündə incə bir kağıza qaralama halında çəkilər. Naxışların ortası sulu qızılla, kölgələndirilir və kənarlarına tünd qızılla təhrir çəkilir. Açıq və ya tünd kölgələrin alınması üçün müxtəlif qalınlıqda fırçalardan istifadə edilir. Daha sonra zərmührə ilə parladılır. Halkarda, xüsusilə donuq bir parlaqlıq istənildiyində, zər mührələnirkən araya saman kağızı deyilən incə, yarı şəffaf və parlaq kağız qoyulur. Ahərli və ya açıq rəngli kağızların üzərində halkar daha gözəl görünər. Halkar tərzindəki bəzəmədə, süsləmədə stilizə ya da gerçək formasıyla hər növ çiçək və ya naxış çəkilə bilər. Bəzən, bəzi kitabların hər səhifəsində ayrı motivli halkari bəzəmə görülür. Açıq rəngli kağızlara edilən halkarlarda naxışların bayır kənarına, uyğun rəngdə təhrir çəkilir ki, buna da təhrirli halkar deyilir. Bəzən də naxışların içərisi və bayırı yüngül rəngləndirilərək boyalı halkar əldə edilir, buna da zər-şikaf adı verilər. Zərli bəzəmə şəkillərində görünən kölgələrə isə halkar kölgəsi deyilir .
Təzhibdə, bəzəmə sənətində naxış, motiv, fiqur, kompazisiya, üslub və üslublaşdırma əsas amillərdir.
Naxış: Yalnız xəttlərlə boyasız olaraq edilən şəkildir.
Motiv: Bəzəmələrdə təkrarlanan forma-predmet.
Fiqur: Rəsm və heykəldə insan və heyvan görüntüsü.
Kompozisiya: Bir sənət əsərində qaydalara əsaslanan və estetik anlamlı nizam qurmaq.
Üslub: Bir dövrün ya da bir sənətçinin şəxsiyyəti, bir əsərin texniki, rəng, kompozisiya forma və izahat baxımından xüsusiyyətləri.
Üslublaşdırma: Gerçək şəkil və motivlərin xarakterini itirmədən sadələşdirərək bəzəmək, sxemik hala salmaq.
Naxış əvvəllər boyalı şəkillərə, miniatürlərə verilən ad idi. Əlyazma kitablara rəngli olaraq çəkilən süsləyici şəkillərə miniatür və ya xürda naxış, naxış edənlərə də nəqqaş deyilirdi. Buna təsvir və şəbih yazmaq da deyilirdi. Naxış edənlər nəqqaşla yanaşı, musəvvir, şəbihnüvis adlarını da alırdılar. Təzhibdə motivə gəldikdə isə qeyd etmək lazımdır ki, burada motivlər naturalis, mücərrəd və simvolik olaraq üçə ayrılırlar ki, onların da bəziləri bir-neçə qola bölünürlər.
Əldə olan əksər qaynaqlarda qeyd edilir ki, naturalist motivlər iki qrupa - birincisi “palmet-lotus”, ikincisi çiçəklər (hatai), pənc (pəncbərg), yarpaqlar və ağaclar motivlərinə ayrılırlar.
Mücərrəd motivlər isə rumi və “əyri cizilmiş” anlamı verən münhanilərə ayrılırlar. Rumilər də cizilişinə və kompazisiyadakı istifadə qaydalarına gorə ikiyə ayrılırlar:
Dostları ilə paylaş: |