Azərbaycan miLLİ elmlər akademiyasi


Tarla. Qeyd edək ki, Azərbaycan dilində taxıl və digər tə­sər­rüfat məh­sulları əkilən sahə tarla



Yüklə 6,47 Mb.
səhifə71/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   67   68   69   70   71   72   73   74   ...   232
Tarla. Qeyd edək ki, Azərbaycan dilində taxıl və digər tə­sər­rüfat məh­sulları əkilən sahə tarla adlanır. Türk dilində isə əkin mənasında tarım sözü işlənir. Eyni kökə malik olan bu sözlər türk mənşəlidir. E.V.Sevortyan türk dillərində müxtəlif fonetik variantlarla işlədilən darı//tarı//taru (darı, taxıl, qar­ğı­dalı), darığ//tarığ//tar://tarık (darı, məhsul, təsərrüfat işləri), tarağan//tara:n//taran (taxıl, yarma), tarı// taran//tayı// tari// taru//tara//taramak (torpağı becərmək, təsərrüfat işləri ilə məşğul olmaq) sözlərini *tar kökü ilə əlaqələndirir. Tar+ı//a= tari/tara, tar+lağ//lak (la+ğ//k)=tarlağ//tarlak (9, 157-159). Demək, tar­lağ//tarlak sözünün son samiti düşmüş, müasir ədə­bi dilimizdəki tar+la, türk dilində isə tar+ım sözləri forma­laş­mışdır.

Türk runik hərfli mətnlər üzərində araşdırmalar aparan Bülənt G. əski türk mənbələrində bu felin törəmələri olan ta­rın - torpaq, işləmək, tarıl-əkilmək , tarıt – toxum səpmək, tar­lanı əkib-biçmək; dağıtmaq, tarıtdır - əkdirtmək, tarımsın - əkin əkən mənalarında işləndiyini qeyd edir. Müəllif bu sö­zün tarı şəklinin geniş şəkildə işləndiyini, daha son­rakı dövr­lərdə yerini ək felinə verdiyini yazır. “Bugün Türkiye Türkçe­sinde de, tarı- fiilinden türemiş olan tarım, tarla ve darı keli­me­lerinin yaşadığını ve fiilin asıl anlamı olan “tarım yapmak, ekin ekmek” anla­mın­daki işlevini ve kullanımalanını äk – fiili­ne bıraktığını belirtmeliyiz “(3, s. 291-316).

Müasir ədəbi dilimizdəki torpaq sözünün də bu kökdən ol­du­ğunu yazdıq. Qeyd edək ki, fransız dilində ter, latın dilində terra torpaq, yer deməkdir. Demək, həm yer, həm ter sözləri də bu qəbildəndir.Yuxarıda tarit felinin əski mətnlərdə dağıtmaq, parçalamaq mənasında işləndiyini də vurğuladıq. Həqiqətən də, əkin sahəsində ilk aparılan iş torpağı şum­lamaq, onu əz­mək, parçalamaq, dağıtmaq istiqamətində aparı­lır. Belə olduğu halda, müasir ədəbi dilimizdəki dağıtmaq, tar-mar etmək, dar­madağın etmək fellərini də məhz bu köklə bağlamaq doğrudur.

Professor Q.Kazımovun burada *ta kökü ilə bağlı müla­hizə­ləri diq­qə­timizi cəlb edir. O, *ta kökünün dünya dillərində yer, məkan mənası ifa­də etdiyini, sonrakı inkişaf prosesində düz, çöl, səhra mənalarını sax­la­maqla yanaşı, dərə, təpə, dağ, də­rin mənalarının yaranmasına səbəb olduğunu qeyd edir (7, s.42-43).

F.Cəlilovun araşdırmalarına görə isə tur, tir, tür, tör və s. fonetik va­riantlarda işlənmişdir.Tar teonimi allah anlamlıdır, ölüb-dirilmə an­la­yışı ilə bağlıdır (4,s.93). İ.Cəfərsoy isə yazır : “Türklərin baş tanrısı, bir növ Zevsi Tenri adlanırdı. İkinci tanrı isə Yer tanrısı idi. Qədim türklər baş tanrıya Gök(göy) dedikləri kimi, Yer tanrısına sadəcə Yir (yer) de­yir­dilər... Yer tanrısına haylar İr deyirdilər. Yir və ya İr yaz, cücərti tan­rısı olub, günəşdən ilham alırdı və buğa şəklində təsəvvür olunur­du”. (5, s.34)

Demək, tarla sözü qədim dövrlərdən bu günümüzə gəlib çıx­mış, özün­də böyük türk xalqlarının əski inam və etiqadını ya­şadan Tar teonimi ilə bağlıdır. Müasir dilimizdə bu kökü özün­də yaşadan Turxan, Tarxan, Turqut, Turab, Tarqulu, Tar­verdi və s. şəxs adlarını, eləcə də Tan­rı sözünü buna nümunə gətirmək olar.



Buğda. Bu söz şivələrimizdə müəyyən sait səs keçidləri ilə özünü göstərir: boğda(Qub.), buğdə (əks. şivə.). Ayrı-ayrı türk dillərində isə bu söz buğday//buqday// buyday//buvday// bök­day//bıyday//puytay// buğ­dək//buydak//bu:doy//biyday//boyday//boday//bağda//buzay va­riant­ları ilə buğda, yarma, darı yar­ma­sı, ümumiyyətlə, dənli bitki mənasında işlənir (8, s.233-234). Bu sözün kökünü Baq//Bağ//Boq teonimi ilə bağ­la­maq olar. Məlumdur ki,əski çağlardan türk xalqlarının qə­dim teo­lo­ji düşüncəsində tanrıçılıq başlıca xətt olmuşdur. Qə­dim türklərdə Yer tanrısı, Su tanrısı, Çay tanrısı, Od , Yaz, Qış və s. tanrı adları olmuşdur. İlk insanlar onların yaşayışını tə­min edən, dolandıran əşyalara, anla­yış­lara tanrı kimi səcdə etmiş, tanrı adları ilə onları adlandırmışlar. Bunu nəzərə alsaq, insan yaşayışının başlıca təminatçısı olan buğdanın da məhz tanrı adı ilə adlandırıldığını demək olar. Baq//Bağ//Boq tanrı an­lamında işlədilmişdir. F.Cəlilov bu barədə yazır: “...qədim Ön Asiya izoq­losu olan ―Baq teonimi sonralar tanrı anla­mın­da ―Baq (Man­na­da), ―Baqa (Midiyada), ―Bağa, ―Bayat (türk dillərində), ―Bağa (İran dillərində), ―Boq (slavyan dil­lərində), ―Bhaqa (qədim hind di­lin­də) şəklində işlənmişdir“ (4, s.94). Bu gün Bağman, Boqdan, Bağ­da­sar kimi şəxs ad­larında da həmin kök yaşayır.

Buğda sözünün Baq//Bağ//Boq teonimilə bağlı olduğunu qə­bul etsək, bu morfemin əsasında *ba kökünün dayandığını söyləmək olar. Son illər Azərbaycan dilçiliyində ulu dilə doğru araşdırmaları ilə ağıla­ba­tan və maraqlı nəticələrə gələn profes­sor Qəzənfər Kazımov dünya dil­lərinə aid söz köklərində ulu dilə məxsus söz köklərini müəyyən­ləşdirmişdir: *gi,*bi,*ti, *ga,*ba,*lu,*ta. O, bağ, bağlamaq, bağlayan , əlaqə yaradan, bir­ləşdirən, başçı, rəis, allah, hörmək, toxumaq sözləri­nin *ba kökü ilə bağlı olduğunu nəzərə alaraq, qədim Mannada bağ –allah, Bağıstan- allahlar yurdu mənasında vilayət adı; b-m ke­çi­di ilə MA-nna, MA- da, ma-ğ, Mu-ğan, -q (tayfa adı), Ma-ğan (qədim türk şəxs adı) sözlərində də bu kökü müəy­yənləşdirir (7, s.41). Böyük mənasını ifadə edən ingilis dilində “big”, Azərb. dilində “böyük”, rus dilində “bolşoy” sözlərini də həmin köklə bağlı hesab etmək olar. De­yi­lənləri ümu­mi­ləşdirərək belə nəticəyə gəlmək olar ki, istər Boq və onun va­riantları, istərsə də, buğda sözləri *ba kökü əsasında forma­laş­mışdır.



Düyü türk mənşəlı sözdür. Bu sözün kökündə “doymək” feli da­ya­nır. Məlumdur ki, düyü çəltiyin döyülməsi yolu ilə alınır. Döy felindən (“döv” şəklindən) bəhs edərkən E.V.Se­vor­tyan bu felin müxtəlif fonetik variantlarla – dövmek// tav­mak//döymek//dögmek//dug//tüy//tuy//tiy şək­­­lin­də ayrı-ayrı türk dillərində işləndiyini qeyd edir.(9, s.270). Gö­ründüyü ki­mi, müxtəlif türk dillərində bu söz kökdəki saitin dəyişməsi ilə özünü göstərir. Müasir ədəbi dilimizdəki düymə (burada pro­sesin nəticəsi ifadə olunmuşdur), düyün sözlərinin də bu kök­dən törədiyini söyləmək olar. Qeyd edək ki, dilimizin şərq qru­pu şivələrində döymək “dögməg” şəklində, yəni y-g səs ke­çidi, həm də Quba şivələrində isə bu sözün qapalı saitli va­riantı –dügmeg, yəni ö-ü səs keçidi da özünü gös­tərir. Eyni za­manda, düyü sözü şərq şivələrində ”dügi“ şəklində iş­lə­nir, ya­xud düymə “dügmə”, düyün “dügün” şəklində işlənmək­də­dir. De­mək, kökdə döy//dög//düg cox aydın görünməkdədir. Belə olduğu hal­da, düyü sözünü düzəltmə söz hesab etmək olar və sözün düy(döy)+ü morfemlərindən ibarət olduğunu söyləmək olar. –ü (turş+u) bu gün müa­sir ədəbi dilimizdə qeri-məhsul­dar hesab edilən adlardan ad düzəl­dən morfemdir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin