İstifadə edilmiş mənbələr:
1. Axundov A.A. Ümumi dilçilik. Bakı, “Maarif”, 1979, s.
2. Benjamin D. G. The new thing, uniform domain-name dispute-resolution policy of the Internet Corporation for Assigned Names and Numbers //The Journal of World Intellectual Property, 2000, v. 3, no. 4, pp. 525–554.
3. Əliquliyev R.M., Qasımova R.T. Milli domen adları intellektual analiz sisteminin yaradılması//AMEA İnformasiya Texnologiyaları İnstitutu, “İnformasiya texnologiyaları problemləri” jurnalı, 2011, № 1
4. Həsənov H.Ə. Söz və ad. Bakı, “Maarif”, 1984
5. Hüseynzadə M.H. Müasir Azərbaycan dili. Bakı, “Maarif”, 1983
6. Концевой М.П. Концевая Г.М. Доменная номинация и трансфер: проблемы правового статуса и регулирования / Материалы II-ой международной научно-практической конференции "Современные тенденции развития научной мысли" (31.01.2011 – 07.02.2011) – Киев, Украина.www.icp-ua.com/ru/domennaya-nominatsiya-i-transfer-problemy-pravovogo-st...
7. Концевой М.П. Концевая Г.М. Система доменной номинации в Интернете / Актуальные вопросы славянской ономастики. – Гомель : ГГУ им. Ф. Скорины, 2006. – c. 112–120.
8. Серго А.Г. Доменные имена. М:. «Бестселлер», 2006, 368 с.
9. http://az.itv.az/texnologiya/2412.txt
10. http://ictnews.az/read-11644-news-1.html
11. http://az.apa.az/news.php?id=79986
12.http://ict.az/az/index.php?option=com_content&task=view&id=564&Itemid=1
Summary
The article is dedicated to linguistic study of domain names. It analyzes the differences and similarities between domain and proper names, and scientifically proves that domain names are a type of proper names.
The article also provides an insight into the creation, registration, protection and trade of domain names.
Резюме
Статья посвящена вопросам лингвистического изучения доменных имен. В ней анализируются различия и схожие черты доменных имен и имен собственных. Автор научно обосновывает, что доменные имена являются одним из видов имен собственных. В статье дается обширная информация об образовании, регистрации, защите и торговле доменными именами.
T. R. İSMAYILOVA
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN İNKİŞAFINDA
FÜZULİ MƏRHƏLƏSİ
Açar sözlər: ədəbi dil, bənzətmə, istiarə, poeziya, ümumxalq dili, ərəb – fars dilləri.
Rus dilində: литературного язык, уподобление, метафора, поэзия арабский и персидский языки.
İngilis dilində: literatry language, metaphor, poetry, the Arabian-Persian language.
Adı dünya ədəbiyyatı salnaməsinə qızıl hərflərlə yazılmış şairlərdən biri də XVI əsrdə yaşayıb-yaratmış və tədqiqatçıların haqlı olaraq “Şərq poeziyasının Günəşi” adlandırdığı, sözlərini həmişə aşiqanə deyən Füzulidir. Bu vaxta qədər Füzuli dilinin bədii – estetik keyfiyyətləri, başqa sözlə desək, şairin poeziyasında sözün səs tərkibi, yazılış şəkli, morfoloji quruluşu, nitq hissələrinin mənsubiyyəti, uzun – qısalığı, misra və beytdə yeri, bir- birinə yaxış və uzaqlığı, daxili motivləşməsi, həmçinin daxili qrammatik prosesləri, intonasiyası, vəzni və s. haqqında xeyli sayda monoqrafiya və məqalələr yazılmışdır. Bu məqalədə isə biz Füzulinin Azərbaycan ədəbi dilinin inkişafındakı misilsiz xidmətlərinə, az da olsa, nəzər salmağa çalışacağıq.
Azərbaycan ədəbi dilinin inkişafında Füzuli mərhələsini öyrənməzdən öncə qısaca Füzulidən əvvəlki və Füzulinin öz dövrünə nəzər salmaq lazımdır çünki, bu tarixi məqamları bilmədən ədəbi dilin bu və ya digər inkişaf yolları haqqında doğru mühakimə yürütmək mümkün deyil. XIII – XVI əsr yazılı abidələrimizə nəzər saldıqda diqqəti cəlb edən budur ki, bu abidələrin dilində ərəb – fars mənşəli sözlər, həmçinin ərəb – fars mənşəli izafət birləşmələri yox dərəcəsindədir. Yalnız XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin divanına baxdığımız zaman artıq ərəb – fars mənşəli sözlərə və izafət birləşmələrinə ara – sıra təsadüf olunur.Vaxtilə prof. K.Vəliyev yazırdı: “M.Füzuli Qazi Bürhanəddinin və Xətainin çiyinləri üstündən inkişaf etmişdir” (5,s.36). Fikrimizcə, əgər Qazi Bürhanəddin və Ş.İ.Xətai yaradıcılığı olmasaydı, Füzuli də olmazdı.
Ümumiyyətlə, XVI əsrdə Azərbaycan ədəbi dili iki istiqamətdə inkişaf edirdi: klassik kitab və şifahi xalq üslubu. Bunlardan birincisi yazılı, ikincisi şifahi ənənəyə malik idi. Odur ki, bu dövrdə klassik Azərbaycan şeiri yazılı, xalq şeiri şifahi ədəbi dil nümunəsi kimi qəbul edilirdi. Klassik kitab üslubunda Füsuli necə hökmran idisə, şifahi xalq üslubunda Qurbani o qədər güclü idi. Ümumilikdə isə, ustad sənətkar bu iki müxtəlif səciyyəli ədəbi dil nümunələrinin vəhdətini yarada bilmişdir. Beləliklə də, M.Füzulinin Azərbaycan ədəbi dilinin inkişafında ən böyük xidməti mükəmməl Azərbaycan ədəbi dili yaratmasıdır. Füzuli irsinin görkəmli tədqiqatçılarından olan M.Adilovun fikrincə, Füzulinin dili bütünlükdə Azərbaycan dilidir, bu dil klassik poeziya dilidir və heç kimin deyil, yalnız Füzulinin fərdi dilidir (üslubudur).(1, s.541)
Prof. N.Cəfərov “Füzulidən Vaqifə qədər” adlı monoqrafiyasında Azərbaycan ədəbi dilinin inkişafının Füzuli mərhələsini səciyyələndirərkən yazırdı: “Mövlana Məhəmməd Füzuli normalaşmış, bütün yaruslarında tam inkişaf mərhələlərini başa çatdırmış əsil Azərbaycan ədəbi dilində yazmışdır” (5, s. 140)
Alimin bu fikrini Füzulinin aşağıdakı beytinin linqvistik təhlili ilə qüvvətləndiririk:
“Heyrət, ey büt, sürətin gördükdə lal eylər məni,
Sürəti – halım görən sürət xəyal eylər məni” *
Bir beytdə “sürət” sözünün üç dəfə işlənməsi və hər üçündə müxtəlif semantikalarda təqdim olunması polisemantizmin Azərbaycan dilində güclü olduğunu göstərir və aydın məsələdir ki, çoxməna-
* Məhəmməd Füzulinin əsərlərindən gətirilən nümunələr şairin Azərbaycan EA nəşriyyatı tərəfindən nəşr edilmiş beş cildliyindən (I cild, 1958, II cild, 1958, III cild, 1958) götürülmüşdür.
lılıq yalnız inkişaf etmiş kamil dillərə xas xüsusiyyətdir.
Yaxud başqa bir misal:
“Yaxşı görünür surəti – məhvəşləri, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır”
Müəllif bu beytdə “yaxşı” sözünün məna çalarlarından elə ustalıqla istifadə edir ki, obrazlı dillə desək, sözlərin rəqsindən poetika yaradır. Sözün bədii gücü, estetikası şairin poeziyasında məhz yüksək obrazlılığı ilə seçilir. Məsələn, aşağıdakı beytlərdə işlənən bənzətmələrdə şairin adi ifadələri necə məharətlə təkrarsız, qiymətli sənət faktına çevirdiyini nümayiş etdirir:
Nalədəndir ney kimi avazeyi – eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd;
Yaxud,
Əhli – təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var;
Və ya,
Daği – hicran ilə yanmaqdan cigər qan olsa yey,
Mülki – dil qəm mənzili olunca, viran olsa yey.
Füzuli dilinin tanınmış tədqiqatçısı S.Əlizadə qeyd edir ki, Füzüli dilinin bədii xüsusiyyətlərini, obrazlılığını tədqiq edən müəlliflər, adətən, eyni qənaətə gəlirlər: şair daha çox “mükəmməl bənzətmələr” işlətmişdir. Bu doğrudan dan belədir... Füzuli bənzətmələri, istiarələri ona görə mükəmməldir ki, sözün abstraktlaşdırma və ümumiləşdirmə xarakterini maksimum dərəcə əks etdirir”(7, s. 10)
Şairin görkəmli tədqiqatçılarından N.Xudiyev doğru olaraq göstəriri ki, Füzulinin dili məhz ədəbiyyatın dilidir, sözü məhz ədəbiyyatın sözüdür və ədəbiyyat sözünün obrazlılığı həmin sözün təbii keyfiyyətidir, ancaq Füzulidə söhbət adi obrazlılıqdan yox, məhz qeyri – adi obrazlılıqdan, abstraksiya səviyyəsi yüksək olan obrazlılıqdan gedir. Çünki bu, fövqəladə ədəbiyyatdır, fövqəladə sözdür”. (11, s. 83)
Şairin poeziyasında sanki hər söz və ifadənin öz təkrarolunmaz poetik icadı vardır ki, bu da bədii təsvirə konktetlik, əyanilik, tərtibat gözəlliyi gətirir. Şair, sanki, ümumxalq dilinin bütün leksikonunu süzgəcdən keçirmiş, onlardan ən incə və zəriflərini seçib şeirə gətirmişdir. Ş. Cabbarovanın da gəldiyi qənaət belədir ki, “M.Füzuli poeziyasının dil qaynaqları sırasında birinci yerdə canlı xalq danışığı, ikinci yerdə şairin özünə qədərki dövrdə formalaşmış türk dilli ədəbi-bədii əsərlərin leksikonu – söz, ifadə və cümlələr sistemi, üçüncü yerdə ümumən Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatından süzülüb gələn məsəl, atalar sözü və hikmətli ifafələr dayanır” (3, s. 192)
M.Füzuli türk dilində yazdığı divanının dibaçəsində türk dilində nəzm yaratmanın çətinliyindən bəhs açır və bunun əsas səbəbini fars və ərəb dillərindən fərqli olaraq, türk dilində sözlərin bir - birinə çətin yaxınlaşmasında görür və “məndə tövfiq olsa, bu düşvarı asan eylərəm” deyirdi. Şairin dilinə həsr edilmiş əksər məqalələrdə onun bu qitəsindən misallar gətirilir və müxtəlif məzmunlu açıqlamalar verilir. Qitəyə verilən açıqlamalardan bir neçəsinə diqqət yetirək: M.Cəlal: “Azərbaycan dilində incə şeir yazmağı Füzuli ona görə çətin sayırdı ki, o zamana qədər fars və ərəb dillərində minlərcə böyük və kiçik əsərlər yazılmışdı. Yüzlərlə yüngül qələmli, adi şairlər əsrlər boyu işlənib hazırlanmış və qəlib halına düşmüş ifadə, ibarələrdən, obrazlardan, formalardan istifadə ilə çox tez və asan yazırdılar. Bunların işinə sənətkarlıq kimi yox, yamsılamaq, “yol ağartmaq” kimi baxmaq lazımdır” (6, s. 45)
Ə.Dəmirçizadə: “Əslində fars dilində standartlaşmış ifadələri quraşdırmaq, müəyyən şablon – çeynənmiş qafiyələri düzməklə şeir, qəzəl, qəsidə yazmaq çox adi bir şey olmuşdu. Füzuli isə belə şairlərdən olmaq istəmədi və məhz buna görə də Füzuli farsca şeir yazmağı bir o qədər də məharət saymamış, əksinə, acizlik və zəiflik hesab etmiş və bu haqda yazmışdır: “Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, nəzmi-nazik türki ləfzilə ikən düşvar olur” (4, s. 37)
A.Axundov: “Füzuliyə qədərki türk, o cümlədən Azərbaycan klassik şeir dilinin tarixi artıq üç yüz ili keçirdi. Bu dildə Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Həbibi, Xətai gözəl şeirlər yazmışdı. Həmin dövrün şeir dilinin Türkiyə poeziyasının da ifadə vasitəsi olduğu nəzərə alınarsa, Azərbaycan və türk şeir dilinin əməlli- başlı ənənəsi var idi və fars dilində olduğu kimi, bu dildə də müəyyən miqdarda “əsrlər boyu işlənib hazırlanmış və qəlib halına düşmüş ifadə, ibarə, obrazlar və formalar”, “standartlaşmış ifadələr” artıq mövcud idi” (4, s. 4)
Göründüyü kimi, əsil mətləb sitatlarda göstərilən açıqlamalar kimi sadə və aydın deyil. Belə ki, hələ XVI əsrdə Füzuli hərəkəli ərəb qrafikasının türk dilinin səs sisteminə uyğun olmadığını göstərirdi. Sukun, məddə, təşdid, fəthə, kəsrə işarələrinin sözdə yerini dəyişməklə leksemin tamamilə başqa məna verməsi şairi narazı salırdı:
“Qələm olsun əli, ol katibi – bəd təhririn
Ki fəsadı ilə gözü kur eləyir”
İstedadlı insanlar hər bir xalqın milli sərvətidir. Azərbaycan xalqı da bəşər tarixinə Ə.Xaqani, Nizami, Nəsimi, Qazi Bürhanəddin, Şəms Təbrizi, Kişvəri, Ş.İ.Xətai və M.Füzuli kimi şair və alimlər vermişdir. Bu dühaların içərisində Füzulinin adı həmişə birinci yerdə çəkilməlidir çünki, O, ərəb, fars və Azərbaycan dilində yaratdığı əsərləri ilə elə bir zirvəyə yüksəlmişdir ki, ondan sonra gələnlər nə qədər yüksəlsələr də Füzulinin poetik zirvəsinə yüksələ bilməzlər.
İstifadə olunmuş ədəbiyyat
1. M. Adilov. Məhəmməd Füzulinin üslubu və poetik dili. Bakı:“Maarif”nəşriyyatı,1996, 544 s.
2. H. Araslı. “Böyük Azərbaycan şairi Füzuli”. Bakı: “Uşaqgənc nəşr”, 1958, 310 s.
3. Ş. Cabbarova. Füzulinin bədii dilində müqayisə vasitələri və üsulları; Füzulinin dili (məqalələr toplusu), Bakı: “Elm”, 1997, s.186 -193
4. M. Cavadova. Məhəmməd Füzuli və onun əsərlərinin dili (leksik, semantik və üslubi xüsusiyyətləri); Füzulinin dili (məqalələr toplusu), Bakı: “Elm”, 1997, s.117-145
5. N. Cəfərov. Füzülidən Vaqifə qədər. Bakı: “Yazıçı”, 1991, 168 s.
6. M. Cəlal. Füzuli sənətkarlığı. Bakı: “ADU nəşriyyatı”, 1958.
7. S. Əlizadə. Azərbaycan ədəbi dili tarixindən praktikum. Bakı: “ADU nəşriyyatı”, 1983.
8. M. Füzuli. Əsərləri, V cilddə. Bakı, AMEA - nın nəşri, 1958
9. Ərəb – fars sözləri lüğəti. Bakı: “AMEA-nın nəşri”, 1966, 1035 s.
10. M. Füzuli ( elmi – tədqiqi məqalələr), Bakı: “Maarif”, 1958, 138 s.
11. M. Füzuli – 500. Bakı Universiteti Nəşriyyatı, 2000, 380 s.
Təhminə Rasim qızı İsmayılova
Azərbaycan ədəbi dilinin inkişafında Füzuli mərhələsi
Məqalədə M. Füzulinin Azərbaycan ədəbi dilinin inkişafındakı misilsiz xidmətlərinə nəzər salınmışdır və onun poeziyasından gətirilmiş nümunələr əsasında şairin dilinin bədii xüsusiyyətləri, obrazlılığı tədqiq olunmuşdur. Bu qənaətə gəlinmişdir ki, şairin poeziyasında, sanki, hər söz və ifadənin öz təkrarolunmaz poetik icadı vardır ki, bu da bədii təsvirə konktetlik, əyanilik, tərtibat gözəlliyi gətirir. Beləliklə, sözün bədii gücü, estetikası şairin poeziyasında məhz yüksək obrazlılığı ilə seçilir. O, ərəb, fars və Azərbaycan dilində yaratdığı əsərləri ilə elə bir zirvəyə yüksəlmişdir ki, ondan sonra gələnlər nə qədər yüksəlsələr də Füzulinin poetik zirvəsinə yüksələ bilməzlər.
Тахмина Расим гызы Исмаилова
Резюме
Этап Физули в развитии азербайджанского литературного языка
В статье рассматриваются несправнение заслуги. М.Физули в развитии азербайджанского литературного языка и исследуются художественные особенности языка поэта на основе поэтических образцов. Художественная сила, эстетика слова в поэзии Физули выделяется высокой образностью. Произведение Физули, написанные им на арабском, персидском и азербайджанском языках, возвысили его на недосягаемую поэтическую вершину.
T.R.Ismailova
Summary
Fuzuli stage in the development of the Azerbaijani literary language
In this article unexampled shrikes of M.Fuzuli are studied, the literary peculiarities, figurativeness of the poets language style are analyzed on the basis of the examples taken from his poetry. The author comes to a conclusion as if leach word and expression has a unique poetic discovery so that it brings concreteness, obviousness to the literary description.
L. K. MƏMMƏDOVA
M.F.AXUNDZADƏNIN ƏLİFBA LAYİHƏSİ
Müasirlik, realizm, maarifçilik Mirzə Fətəli Axundzadə (1812-1878) yaradıcılığında, onun dünyabaxışında, siyasi, fəlsəfi, ictimai, elmi və ədəbi görüşləri üçün səciyyəvi olmuşdur.Ədibin müasirliyinin ən başlıca cəhəti, müsəlman Şərqini, onun klassik şairlərinin, filosoflarının əsərlərini oxuyub yaxşı tanıması, xalqı geriliyə çəkən və mədəni inkişafına maneçilik törədən amilləri vaxtında, dərindən və düzgün dərk etməsi olmuşdur.
Doğma Azərbaycan dilindən başqa ərəb, fars və rus dillərini də mükəmməl öyrənən Mirzə Fətəli Şərq və Qərb mədəniyyətinin ən qiymətli nailiyyətlərinə yiyələnmişdir. Ərəb əlifbasının dil, ədəbiyyat, təhsil və mətbuat sahəsində törətdiyi çətinliklər onu çox narahat edirdi. M.Fətəli gənc nəslin təlimini yaxşılaşdırmaq məqsədilə bu əlifbanı dəyişdirmək, onun oxunuşunu və yazılışını asanlaşdırmaq, Azərbaycan dilini yad və yabançı sözlərdən təmizləmək üçün çox çalışmışdır. Ərəb əlifbası təhsil və tədrisi çətinləşdirirdi, çünki bu əlifba Azərbaycan dilinin fonetik sisteminə, qayda-qanunlarına uyğun deyildi, saitləri göstərən hərflər olmadığı üçün, qrammatikanın tədrisi işinə mane olurdu.
M.F.Axundzadə yeni əlifba tərtib edərkən təkcə Azərbaycan dilini deyil, türk və fars dillərini də nəzərdə tuturdu.O, ömrünün on ilini bu şərəfli işə sərf etmiş, öz istəyinə nail olmasa da ruhdan düşməmişdi. Ədib “tərcümeyi-hal”ında bu barədə yazır:
“1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib olduğunu həmin kitabçada göstərdim...Yazı soldan-sağa doğru yazılmalıdır. Nöqtələr tamamilə atılmalıdır. Hərflərin şəkilləri latın əlifbasından seçilməməlidir və sait hərflərin hamısı samit hərflərin sırasında yazılmalıdır.Sözün qısası, sillabi əlifbamız alfabeti ilə əvəz edilməlidir”(5.420).
Xalqın inkişafına, maariflənməsinə, mədəni tərəqqisinə mane olan əlıfbanın çətinliyini görən , Rusiya çarı I Pyotrun (1672-1725) bütün maneələrə baxmayaraq, rus xalqının əlifbasını dəyişdirib, yeniləşdirməsini M.Fətəli bəyənmişdi. O, bu haqda yazır:
“Böyük Pyotr özü tərbiyəsizlik və savadsızlıq bəlasından xilas olmaq üçün rusların köhnə əlifbasını ləğv edib, yeni bir əlifba tətbiq etmişdir...Ölkə həmin əlifbanın sayəsində gündən-günə tərəqqiyə üz qoydu (5. 312).
M.F.Axundzadə ərəb əlifbası əsasında yeni türk əlifbası tərtib edib (1857) hazırladığı layihəni məşhur dilçilərə, qabaqcıl, müasir fikirli ziyalılara göndərib, onların münasibətini öyrənmək istəmişdi.Dövrün qayda-qanunlarına əsasən, onun təklif etdiyi yeni əlifba layihəsi yalnız Türkiyə və İran dövlətləri tərəfindən təsdiq olunduqdan sonra qəbul edilə bilərdi. M.Fətəli bu məqsədlə Zaqafqaziya ölkəsi mülki idarəsinin rəisi Aleksandr Fyodroviç Kruzenşternə məktub yazıb (23 aprel,1863,Tiflis) demişdi:
“Kruzenşternə!
...Mən belə qərara gəldim ki, Konstantinopola səfər edib, öz dram əsərlərimi və yeni əlifba layihəmi Konstantinopol Elmlər Akademiyasının müzakirəsinə verim” (5, 107).
Bununla yanaşı M.Fətəli İstanbula getmək üçün imperator canişinliyindən icazə alaraq, özünə xarici pasport da almışdı. İstambulda olarkən M.Fətəli öz “Təmsilat”ını (1859) Osmanlı dövlət başçılarına təqdim edərək, pyeslərinin türkcə tərcümə olunmasını onlardan xahiş etmişdi. İstambulda nəşr olunan “Məcmueyi-finun” (№14) bu barədə yazıb, dramaturqun pyeslərini oxuyub bəyəndiklərini deyir və bunların türk dilinə tərcümə olunmasının vacibliyi haqqında baş nazir Fuad paşaya məlumat verir (5. 109).
M.Fətəli Türkiyədə baş nazir Fuad paşa ilə şəxsən görüşmüş və hazırladığı yeni əlifbanın layihəsini orada Maarif Nazirliyinə təqdim etmişdi.Bu layihə “Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə”də müzakirə edilərkən M.Fətəlinin bu təşəbbüsü bəyənilir. Türkiyədə XIX əsrin II yarısında qüvvətli tənzimat hərəkatının başçısı olan Əli Süavi (1838-1878) ərəb əlifbasının dəyişdirilib, yeni əlifbanın yaranması əleyhinə olmuşdur. O, M.Fətəlinin bu təşəbbüsünü bəyənməmiş və onu kəskin tənqid etmişdir. Əlifba layihəsinin həyata keçməsinə ən çox maneçilik edən, əslən iranlı olan Hüseyn xan olmuşdur. O. M.Fətəliyə özünü dost kimi göstərsə də əslində ona düşmən gözü ilə baxmışdı.Bu haqda Ə.Haqverdiyev yazır:
“Vaxtilə İranın Zaqafqaziyadakı baş konsulu olmuş Hüseyn xan adlı birisi bu zaman türk sarayı nəzdində elçi idi. Sən demə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” komediyasına görə onun ürəyində M.F.Axundova ədavəti var imiş. Ona elə gəlirdi ki, bu pyeslərdə fars xalqının ləyaqəti təhqir olunur.Bundan xəbəri olmayan Mirzə Fətəli 1863-cü ildə İstambula gələndə Hüseyn xanın evinə düşür” (10. 292).
M.Fətəli XIX əsrin 30-cu illərində İranın Türkiyədəki baş konsulu olmuş, sonralar isə Fransada İran səfarətxanasında işləmiş Mirzə Hüseyn xanla həmişə dostluq əlaqəsi saxlayırdı. Ona görə də o, İstambula gedəndə Mirzə Hüseyn xanın evinə düşür. Mirzə Hüseyn xan M.Fətəlini öz evində əziz və hörmətli bir qonaq kimi yaxşı qarşılayıb, ona hörmət etsə də, Maarif Nazirliyinin “Elmi Şurası”nın üzvü olduğu üçün, əvvəlcədən yığıncaqda iştirak edənlərə onu dindən uzaq bir “kafir” adam kimi təqdim etmişdi. M.Fətəlinin ərəb əlifbası əleyhinə çıxıb, yeni əlifba layihəsi düzəltməsini də onun dinə inanmaması ilə izah etmişdi. “Elmi Şura” üzvləri də Mirzə Hüseyn xan kimi hörmətli, nüfuzlu, vəzifə adamına inanıb, M.Fətəlinin təqdim etdiyi yeni müsəlman əlifba layihəsini qəbul etməmişdilər. Bununla kifayətlənməyən Mirzə Hüseyn xan M.Fətəliyə həmişə düşmən gözü ilə başmış, onun fəaliyyətini gözdən salmaq üçün hər yerdə pisləmişdi. M.Fətəli bu uğursuzluqdan çox kədərlənsə də, ruhdan düşməmiş, bu sahədə fəaliyyətini davam etdirmişdi. O, ikinci dəfə latın qrafikası əsasında yeni əlifbanı tərtib etsə də, yenə maneələrə rast gəlir. M.Fətəli bu işdən çox məyus olub, Tiflisə qayıdır və təəssüratını belə izah edir:
“İstambul alimləri və nazirləri mənim bu fikrimi də qəbul etməyə razılıq vermədilər.İranın İstambuldakı səlahiyyətli naziri Mirzə Hüseyn xanın mənə qarşı ədavəti də osmanlıların mənimlə razılaşmamasına qüvvət verdi” (5.421).
M.Fətəli İstambuldan qayıtdıqdan sonra əlifba haqqında başqa bir kitab yazıb, onu da Tehrana göndərir. Bu kitabda o, ruhanilərin narazılığından çəkindiyi üçün yazını soldan sağa deyil, sağdan sola yazılacağını bildirmişdi, lakin onu bu layihəsi də mübahisəyə səbəb olmuş, əlifba haqqında çəkdiyi əziyyətlər boşa çıxmışdı. İranda heç kəs onun təşəbbüsünə əhəmiyyət vermir, əksinə ona mane olmağa çalışırdılar.M.Fətəli yenə də öz işini davam etdirir və müxtəlif nüfuzlu adamlara məktub yazaraq, yeni əlifba layihəsinin faydasından bəhs edirdi. O, 1867-ci ildə İran hökmdarı Nəsrəddin şaha (1831-1896) müraciət edərək, çətin oxunan köhnə əlifbanın müasirləşməsi uğrunda neçə illərdən bəri çalışmasını deyib, bu işdə ona mane olan hakimlərin hərəkətlərini tənqid edərək, şahdan kömək istəyir, lakin onun məktubu yenə də cavabsız qaldı, heç bir nəticə əldə edə bilmədi.M.Fətəli yeni əlifba layihəsini bu dəfə İran Maarif Nazirliyinə məktubla (1868-ci il, sentyabr) birlikdə göndərib, onların bu işə kömək etməsini xahiş etmişdi:
“Mən xalqın elə bir üzvüyəm ki, fikrim, davat və qələmimdən başqa heç şeyə əlim çatmır və əlimdən gələn hər işi görmüşəm.Xalqımızın yüksək nəsəbli böyüklərindən olan cənabınız, köhnə əlifbanı dəyişmək haqqında mənim fikirlərimi diqqətlə oxuyacaqsınız və əlifbanın dəyişdirilməsinin nəticələrini öz gözünüzlə görəcəksiniz” (5. 131-132).
M.Fətəlinin bu məktubuna İran Maarif Nazirliyindən cavab gəlmir.O, ikinci dəfə (1870-ci il, yanvar) yenə həmin nazirliyə məktub yazıb,yeni əlifbanın üstünlüyünü, onun müsbət cəhətlərini qeyd etmişdi:
“Yeni üsul tətbiq olunduqdan sonra bu xoşagəlməyən çətinliklər tamamilə aradan qalxacaqdır.Eləcə də ölkənin, yerlərin, kəndlərin, şəhərlərin adlarını, habelə saysız-hesabsız əcnəbi sözlərini eynilə öz dilimizə köçürməli olduğumuz üçün bundan sonra yeni üsulla çox aydın və düzgün yaza bıləcəyik.Halbuki, hazırda hərflərimizdə bu kimi adların və sözlərin düzgün yazılışı qeyri mümkündür” (5. 199).
Həmin ildə Mirzə Fətəliyə İran Maarif Nazirliyindən cavab məktubu gəlmişdi.Nazirlikdən gələn məktubda M.Fətəlinin İran hökumətinə deyil,Osmanlı dövlət başçılarına bu barədə müraciət etməsini məsləhət bilmiş və əlifba layihəsinin onlara heç bir dəxli olmadığını yazmışdılar:
“Biz İran millətinin, əlifbamızı dəyişdirməyə ehtiyacımız yoxdur.Çünki bizim üç cür xəttimiz vardır: nəstəliq, şikəstə və nəsx ki, yer üzündə gözəllik və yaraşıq cəhətdən bütün xətlərdən üstündür.Biz heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik.Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də” (5. 202).
Aldığı məktubdan sarsılsa da, M.Fətəli hələ də ümidini itirmirdi.O, bu layihəni həyata keçirmək üçün yenə də dostlarına, Azərbaycanın, İranın, Türkiyənin görkəmli ziyalılarına məktubla kömək edərək, onların xalqın savadlanmasına kömək edən yeni əlifbanın tətbiq edilməsinə dəstək olmalarını xahiş edirdi.O, bu məqsədlə, Türkiyədə çıxan “Həqayiq” qəzetinin redaktoruna 1872-ci ildə məktub yazaraq, özünün 1863-cü ildə İstambula gəlməsini,islam xalqlarının əlifbasını dəyişdirmək üçün mərhum sədr-əzəm Fuad paşa ilə görüşməsini söyləmiş, maneələrə rast gəldiyi üçün bu təşəbbüsünün nəticəsiz qalmasını bildirmişdi. M.Fətəli həmin hadisədən bir neçə il sonra yenə də Osmanlı Cəmiyyəti-Elmiyyəsinə əlifba layihəsi üçün müraciət etməsini, yenə də nəticəsiz qalmasını təəssüflə qeyd etmişdi.O, qəzetin redaktoruna, çəkdiyi əziyyətlər haqqında yazıb, ondan kömək istəmişdi:
“15 ildir ki, islam əlifbasını dəyişdirmək uğrunda çalışıb-çapalayaraq, hey İrana və Osmanlı ölkəsinə layihələr göndərirəm?Düzünü deyim: sakit dayanıb baxa bilmirəm.Yəni, bacarmaram ki, bütün dünya xalqlarının elmdə, sənayedə gündən-günə tərəqqisini gördüyüm halda, təkcə təlim və tərbiyə vasitəsilə olan əlifbanın çətinliyi üzündən geridə qalan islam xalqlarının əhvalına necə yanmayım” (5. 348-349).
“Cami-cəm” coğrafiya kitabını ingilis dilindən fars dilinə tərcümə edən şahzadə Fərhad Mirzə Qacar (Nəsrəddin şahın əmisi) Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi.M.Fətəli Axundzadə mütərəqqi fikirli ziyalı olan Fərhad Mirzə Qacarla şəxsən görüşmüş, islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə onunla danışmış və bu barədə öz fikirlərini yazıb ona vermişdi:
“...Birinci fikir: əvvəldə olduğu kimi hərflər bitişir, erab, yəni hərəkətlər hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır; ikinci fikir: hərfləri bitişməz edib, hərəkətləri onların sırasına salmaq və bütün nöqtələri atmaq yolu ilə; üçüncü fikir: hərflərin şəkilləri bitişməyən latın hərfləri şəkilləri ilə əvəz edilir, hərəkətlər hərflərin sırasına daxil edilir, yazı isə soldan-sağa tərəf yazılır” (5. 376).
M.Fətəli əlifbanı dəyişdirməyin şəriətə əsla müxalif olmadığını şahzadəyə başa salmağa çalışırdı.O, köhnə əlifbanı dəyişdirib, təkmilləşmiş yeni əlifba ilə əvəz olunması uğrunda ömrünün sonuna qədər, fasiləsiz, gərgin çalışmış və bu yolda ona mane olanlara qarşı mübarizə aparmışdır.M.Fətəli yeni əlifba layihəsini “Vətənimizin abadlığı, xalqımızın tərəqqisi və səadəti yolunda yaxşı işlərdən” ən birincisi hesab edirdi. Onun yeni türk əlifbası layihəsini uzun müddət Avropada yaşamış, ictimai-tənqidi fikirləri cəhətdən M.Fətəliyə yaxın olan, müasir düşüncəli Mirzə Melkum xan da ona tərəfdar çıxmışdır. M.Melkum xan ərəb ərəb əlifbasının təhsil üçün ziddiyyətli cəhətlərini göstərmiş, bu haqda yazdığı məqalədə M.Fətəlinin əlifbanı dəyişmək fikrinə tərəfdar olduğunu bildirmiş və sonra onun yolunu davam etdirmişdir.Mirzə Melkum xan əlifba islahatının xalq üçün mühüm əhəmiyyəti olduğunu özünün “Şeyx və vəzir” əsərində müfəssəl şəkildə göstərmişdir ( 12. 26).
M.F.Axundzadə əlifba uğrunda çəkdiyi əzab-əziyyətləri, kömək üçün müraciət etdiyi şəxslərin ona dəstək olmaq əvəzinə pislik etməsini “Yeni əlifba haqqında mənzumə” şeirində aydın şəkildə təsvir etmişdir. Nəhayət “güclülər” əlində “gücsüzləşən”, köməksizləşən Mirzə Fətəli yeni əlifaba islahatından əl çəkməmiş və bu şərəfli işi gələcək nəslin ixtiyarına vermişdir. Ədib özü bu barədə nəzmlə yazır:
“Çox şikayət etdim, söz uzandı,
Vaz keçdim, bir daha səni görməyəcəyəm.
Bu işi, bu zəhmət və əziyyəti başa çatdırmağı,
Gələcək nəslə tapşırdım” (4. 401).
M.F.Axundzadənin yeni əlifba layihəsi problemi haqqında azərbaycan mətbuatı səhifələrində çap olunmuş yazılar maarifpərvər ziyalıların nəzərindən yayınmamışdır. Bu haqda “Ziya”,”Ziyayi-Qafqaziyyə” (1879-1884), “Kəşkül” (1883-1891), “Şərqi-Rus” (1903-1905) kimi mətbuat orqanlarında qabaqcıl ziyalıların fikirləri verilmişdir.Görkəmli maarifpərvər-jurnalist, “Əkinçi” (1875-1877) qəzetinin redaktoru Həsən bəy Məlikov-Zərdabi də “Ziya” qəzetinin səhifələrində Mirzə Fətəli Axundzadənin yeni əlifba layihəsi haqqında öz mülahizələrini söyləmişdir.O, əlifba islahatından əvvəl təlim prosesini, əlifba tədrisini təkmilləşdirməyi zəruri hesab etmişdi (361. № 23, 24, 25).
XIX əsrin 80-ci illərindən başlayaraq ictimai xadim, publisist, jurnalist, şərqşünas, “Şərqi-Rus” qəzetinin redaktoru Məhəmmədağa Şahtaxtlı (1846-1931) Paris universitetində təhsil almış, elmi cəmiyyətlərdə Şərq xalqlarının dilləri, qrammatikası və fonetikası ilə əlaqədar çıxışlar etmişdir.O, M.F.Axundzadənin yolu ilə gedərək XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni əlifba layihəsi yaratmaq sahəsində çox cəhdlər etmişdir.M.Şahtaxtlı 1923-cü ildə “Latın əlifbası işığında Müsəlman Şərqinə” (55 səhifə) adlı əsərini çap olunmaq üçün ərizə ilə birlikdə təqdim etmişdir.O, əsərin müqəddiməsində M.F.Axundzadənin bu sahədə olan misilsiz xidmətlərini yüksək qiymətləndirib, sələfinin gətirdiyi bir sıra faktları olduğu kimi təkrar etmişdir.M.Şahtaxtlı “Şərqi-Rus” qəzetində çap etdirdiyi “Hər gün və bir az” başlıqlı məqaləsində M.Fətəlinin ömrünün ən səmərəli illərinin sərf etdiyi əlifbasından söz açıb, onu hörmətlə yad etmişdir.Məqalədə M.Fətəlinin bu yolda çəkdiyi əzablar, üzləşdiyi çətinliklər yada salınıb, xalqa çatdırılmışdır:
“Mirzə Fətəli mərhumun xətti var idi.Hürufatlar sağdan sola yazılır.Amma heç biri bizim Tiflisdə konsulxana məmuru olanda təzə əlifba müsəlman dilləri üçün vəz etdi ki, əczası rus və latın hürufatından mütəşəkkildi ki, bu əlifba bizim dillərə nisbət təzə əlifba oldu” (13.210).
M.Şahtaxlı Tomson mətbəəsində (Tiflis, 1879) özünün “Təkmilləşdirilmiş” müsəlman əlifbası (13. 6) (Azərbaycan və rus dillərində) kitabını çap etdirsə də, yenə də əlifba islahatı istiqamətindəki axtarışlarını davam etdirmişdir.
M.F.Axundzadə heç zaman dəyərini itirməyən, xalqın yaddaşında qalan, hər dövrdə sevilə-sevlə oxunan klassik əsərlər müəllifidir. Onun əsərlərində toxunduğu mövzular, tətbiq etdiyi müsbət ideyalar gələcək nəslin də tərbiyəsinə müdaxilə edir. Ədib “Kəmalüddövlə məktubları” əsərində qeyd etmişdir ki, “Zahirdə ağıla gələn budur ki, dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət əldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri və insanların bu əxlaq və təbiəti ilə mali bərabərlik mümkün deyildir” (4. 7). Bu sözdə o dövrdə həsrətlə deyilsə də, zəmanəmizdə bu xəyal deyil, gercəkdir. M.Fətəlinin yenilik axtarışları, müasirlik duyğuları, azad, müstəqil həyat arzuları özündən sonra ədəbiyyata gələn yazıçıların, tədqiqatçıların yaradıcılığında inkişafını tapmışdır.
Dostları ilə paylaş: |