Ədəbiyyat
1.Abdullayev B.T. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı.Azərb. Dövlət nəşriyyatı.1985. 66 s.
2.Abdulla B.A. “Kitabi-Dədə Qorqud”un poetikası. Bakı. Elm. 1999. 222 s.
3.Adilov M.İ. Niyə belə deyirik. Bakı. Azərnəşr.1982. 242 s.
4.Axundov M.F.Əsərləri. II c., Bakı. Azərb. EA nəş-tı.1961.576 s.
5.Axundov M.F. Əsərləri. III c., Bakı. Azərb.EA nəş-tı.1962. 568 s.
6.Axundov M.F.Məqalələr məcmuəsi.Bakı. Azərb.EA nəş-tı.1962. 356 s.
7.Axundzadə M.F.Bədii və ədəbi-tənqidi əsərləri. Bakı. Çaşıoğlu. 2004. 280 s.
8.Bayramov H.A.Azərbaycan dili frazeologiyasının əsasları. Bakı. Maarif. 1998. 176 s.
9.Hacıyev T.İ.Yazıçı dili və ideya-bədii təhlil. Bakı. Maarif. 1979. 130 s.
10.Haqverdiyev Ə. Seçilmiş əsərləri. IIc., Bakı. Azərb.Dövlət nəş-tı. 1971. 492 s.
11.Məmmədov X.Q.”Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər. Bakı.Yazıçı.1987. 270 s.
12.Mirzə Melkum xan.Bakı.Azərb.Dövlət nəş-tı. 1970. 76 s.
13.Şahtaxlı M.S. Seçilmiş əsərləri. Bakı. Çaşıoğlu. 2006. 430 s.
14.Zeynalova K. M.Şahtaxlı M.F.Axundov haqqında. “Bakı” qəz., 15 avqust.1969. №190.
15.Zərdabi-Məlikov H .Məktub.”Ziya” qəz., 1880. may. №23,24,25.
Mammadova Leyla Kamran
Doctor of Philosophy on Philology, Assistant Professor
The Alphabet Project by M. F. Akhundzade
Summary
Besides the Azerbaijani language M. F. Akhundzade knew the Arabian, Persian and Russian languages properly and acquired the most valuable achievements of the oriental and western culture. At that period he worried about the difficulties in the sphere of the language, literature, education and press caused by the Arabian alphabet very much M. F. Akhundzade did his best in order to change this alphabet, to simplify its reading and writing and to clean the Azerbaijani language from the foreign words for the purpose of improving and promoting the education of the young generation. Working out a new alphabet he took into consideration not only the Azerbaijani language but also the Turkic and Persian languages. M. F. Akhundzade devoted 10 years of his life to this useful work and in spite of not gaining his goal he never lost courage. Mahammadaga Shakhtakhtli followed M. F. Akhundzade’s way and at the end of the XIX century and at the beginning of the XX century he made a great effort to work out the project of the new alphabet.
Açar sözlər: Müasirlik, İstanbul, yeni əlifba layihəsi, fuad Paşıa, Əli Süavi, Mirzə Hüseyn xan, Osmanlı elmi cəmiyyəti, Fərhad Mirzə Qacar, M. Melkum xan
Key words: contemporaneity, Istanbul, the reform of the new alphabet, Fuad Pasha, Ali Suavi, Mirza Huseyn khan, the Ottoman Scientific Society, Farhad Mirze Qacar, M. Melkum khan.
Ключевые слова: современность, Стамбул, реформа новый алфавит, Фуад паша, Али Суави, Мирза Гусейн хан, Османская научная обшество, Фархад Мирзе Гаджар,
М.Meлkuмхан.
Мамедова Лейла Камран
Доктор философии в области филологических наук, доцент
Алфавитный проект М. Ф. Ахундзаде
Резюме
М.Ф. Ахундзаде кроме азербайджанского языка знал идеально арабский, персидский и русские языки и приобрела наиболее ценные достижения восточной и западной культуры. В этот период он беспокоится по поводу трудностей в области языка, литературы, образования и прессы вызванной арабском алфавитом. М.Ф. Ахундзаде сделал все возможное для того, чтобы изменить этот алфавит, чтобы упростить ее чтение и орфографию, а также очистки азербайджанского языка от иностранных слов, с целью улучшения и развития образования молодого поколения. При составлении нового алфавита он принял во внимание не только азербайджанский язык, но и тюркский и персидский языки. М.Ф. Ахундзаде посвятил 10 лет своей жизни этой полезной работы и, несмотря на то что не достиг своей цели он никогда не терял мужества. В конце XIX века и в начале ХХ века Маммадага Шактактлы следуют пути М.Ф. Ахундзаде и делает большие усилия, чтобы разработать проект нового алфавита.
Rəyçi: A. B. Məmmədov
filologiya elmləri doktoru, professor
N.Ə. ƏLİYEVA
STRUKTUR SİNTAKSİSDƏ FEL QOVŞAĞI MƏSƏLƏSİ
Açar sözlər: fel qovşağı, struktur sintaksis, iyerarxiya, actant, sirkonstant
Ключевые слова: глагольный узел, структурный синтаксис, иерархия, актант, сирконстант
Key words: verb knot, structural syntax, hierarchy, actant, circonstant
Sadə cümlədə fel qovşağı məsələsini nəzərə keçirməzdən əvvəl bir neçə əlaqədar məsələ haqqında danışmaq lazımdır; bunlardan ən əsası sintaktik əlaqələrin iyerarxiya problemidir.
Klassik qrammatikada (sintaksisdə) mübtəda və xəbər cümlənin baş üzvləri hesab olunur. Onların arasında uzlaşma adlanan sintaktik əlaqə mövcuddur, həm də bu əlaqədə mübtəda idarəedici ünsür, xəbər isə ondan asılı ünsür kimi qəbul olunur. Struktur sintaksisdə sintaktik əlaqələrin fərqli iyerarxiyası qəbul edilir: sözlər arasında asılılıq münasibətləri əsasında əlaqələr müəyyənləşdirilir; başqa sözlə desək, yanaşma, idarə yaxud uzlaşma əlaqəsi olmasından asılı olmayaraq bir söz digərindən asılı olur. Hər əlaqədə yuxarıda duran ünsür aşağıda duran ünsürü birləşdirir. Struktur sintaksisdə yuxarıda duran ünsür idarəedən yaxud tabe edən, aşağıda duran ünsür isə tabe ünsür adlanır. Məsələn, Nərgiz oxuyur cümləsində oxuyur sözü idarəedən, Nərgiz sözü isə tabe ünsürdür. Sintaktik əlaqəni göstərən xətt, klassik sintaksisdən fərqli olaraq, şaquli istiqamətdə olur, çünki o, idarəedən (yuxarıda duran) və tabe (aşağıda duran) ünsürlər arasındakı əlaqəni göstərir. Qeyd etmək lazımdır ki, eyni söz eyni zamanda bir sözdən asılı ola bilər və başqa sözü tabe edə bilər. Lakin elə buradaca qeyd etmək lazımdır ki, prinsipcə tabe ünsür yalnız bir sözdən asılı ola bilər, idarəedən ünsür isə bir neçə tabe ünsürü idarə edə bilər. Deyilənləri Qız oxuyur, Gözəl qız oxuyur və Gözəl qız qədim mahnını oxuyur cümlələrində illüstrasiya edək:
Sxem 1 Sxem 2 Sxem 3
Birinci cümlədə qız sözü oxuyur sözünə tabedir; ikinci cümlədə gözəl sözü qız sözündən asılıdır, eyni zamanda həmin söz oxuyur sözünə tabedir; üçüncü cümlədə oxuyur sözü eyni zamanda qız və mahnını sözlərini idarə edir, gözəl sözü qız sözündən, mahnını sözü isə qədim sözünü idarə edir. Yuxarıda duran və aşağıda duran sözlər arasındakı sintaktik əlaqəni göstərən qrafik təsvir struktur sintaksisdə sxem adlanır. Beləliklə, cümləyə daxil olan sözlərin toplusu iyerarxiya əmələ gətirir.
Məlum olduğu kimi, struktur sintaksisin məqsədi cümlənin araşdırmaqdır, bu da əslində cümlənin strukturunun öyrənilməsi deməkdir, cümlənin strukturu isə sintaktik əlaqələrin iyerarxiyasından başqa bir şey deyildir.
Sintaktik əlaqələrin iyerarxiyası məsələsi aydındır. İkinci məsələyə - fel qovşağı məsələsinə keçək.
Bir və ya bir neçə tabe ünsürü olan hər bir idarəedən ünsür müəyyən bir sistem əmələ gətirir. Bu sistem qovşaq adlanır. Qovşağa belə bir tərif vermək olar: idarəedən ünsürdən və ya onun dəstə halında birləşdirdiyi bir neçə tabe ünsürdən ibarət olan topluma qovşaq deyilir: İdarəedən və tabe ünsürlər arasındakı əlaqə birbaşa da, dolayısı ilə də ola bilər. Hər bir tabe ünsür öz idarəedən ünsürünün taleyini yaşayır. Bunu aşağıdakı iki cümlə vasitəsilə izah edək: Молодая красивая девушка поет эту дивную песню. Bu cümləni aktiv şəkildən passiv şəklə çevirək: Эта дивная песня поется молодой красивой девушкой. Birinci cümlədə девушка sözü mübtədadır, ikinci cümlədə həmin söz tamamlığa çevrilir və ondan asılı olan sözləri - молодая və красивая sifətlərini özü ilə aparır:
Sxem 4 Sxem 5
Sintaktik əlaqələr kimi, qovşaqlar da biri digərinin üstündə yerləşir. Sözlər arasındakı əlaqələr iyerarxiyası ilə yanaşı qovşaqlar arasında da əlaqələr iyerarxiyası mövcuddur. Məsələn, Gənc gözəl qız bu olduqca qədim mahnını oxuyur cümləsində olduqca qovşağı qədim qovşağından asılıdır.
Sxem 6
İdarəedən söz cümlədəki bütün sözləri, bilavasitə və ya bilvasitə özünə tabe edirsə, onda belə qovşaq mərkəzi qovşaq adlanır. Belə qovşaq cümlənin mərkəzində yerləşir və cümlənin struktur vəhdətini təmin edir, belə ki, o, cümlənin bütün ünsürlərini vahid dəstədə birləşdirir. Çox vaxt mərkəzi qovşaq cümlə ilə eyniləşdirilir. Adətən, mərkəzi qovşaq fel tərəfindən təşkil olunur. başqa nitq hissələri – isim, sifət və zərf də mərkəzi qovşaq təşkil edə bilər.
İdarəedən sözə birdən çox söz tabe olduqda, şaquli xətt əvəzinə maili xətlərdən istifadə olunur:
Sxem 7
“Sintaktik əlaqələri göstərən xətlərin məcmusu stemma (sxem – N.Ə.) yaradır. Stemma (sxem – N.Ə.) əlaqələr iyerarxiyasını əyani surətdə təsvir edir və bütün qovşaqları və onların yaratdığı dəstələri sxematik şəkildə göstərir. Beləliklə, stemma (sxem – N.Ə.) cümlə strukturunun əyani surətdə materiallaşdırılmasını təcəssüm etdirir” (1, 26), başqa sözlə deyilərsə, sxem – mücərrəd anlayışın əyani təsəvvürü – cümlənin struktur sxemidir.
“Sözlərin struktur sırası – elə bir qaydadır ki, onda sintaktik əlaqələr müəyyənləşdirilir” (1, 27). Əlaqələrin müəyyənləşdirilməsi qaydası birmənalı ola bilməz, belə ki, artıq göstərildiyi kimi, bir yuxarıda duran ünsürün bir neçə aşağıda duran ünsürü ola bilər. Buna görə də struktur cərgə çoxölçülüdür. Struktur sıranı qrafik təsvir edən sxem də bu qanuna tabedir, buna görə də o da çoxölçülüdür; lakin onu iki ölçüyə endirmək olar. Artıq deyildiyi kimi, bir idarəedən ünsürdən asılı ola bilməz. Bu da sxemin şəklini müəyyənləşdirir: o, zirvəsində bir təpəsi (başı) (mərkəzi qovşaq) və aşağıda bir neçə təpəsi olan genealogiya ağacına bənzəyir:
Sxem 8 Sxem 9
Struktur sintaksisin əsasını struktur sıra və xətti sıra arasındakı nisbət təşkil edir. Cümlənin sxeminin qurulması onun xətti sırasının struktur sıraya çevrilməsi deməkdir. Belə bir cümlə götürək: Маленькие ручейки образуют большие реки. Bu, xətti sıradır. Onu struktur sıraya çevirək, belə bir sxem alarıq:
Sxem 10
Sxemdən cümləni bərpa etmək struktur sıranı xətti sıraya çevirmək deməkdir, belə ki, sxemi əmələ gətirən sözlər xətti qaydada düzülür. Məsələn, 10-cu sxemi cümləyə çevirsək, belə bir cümlə alınar: Маленькие ручейки образуют большие реки. Bu, artıq xətti sıradır. Cümlə qurmaq sözlər arasında sintaktik əlaqələrin məcmusunu yaratmaq və sözlərin amorf kütləsinə həyat vermək deməkdir; bu dildə danışmaq struktur sıranı xətti sıraya çevirməyi bacarmağı bildirir; dili başa düşmək xətti sıranı struktur sıraya çevirmək bacarığına malik olmaq deməkdir. “Struktur sıranı xətti sıraya çevirərkən əsas prinsip bundan ibarətdir ki, struktur sıranın əlaqələrini xətti ardıcıllığa elə çevirmək lazımdır ki, sintaktik baxımdan əlaqədə olan ünsürlər nitq zəncirində bir-biri ilə qonşu olsun” (1, 31). Belə bir sxem götürək:
Sxem 11
Bu struktur sıranı xətti sıraya çevirmək üçün bunları nəzərə almaq lazımdır: эта sözü картина sözünə tabedir; картина sözü isə нарисована sözünə tabedir, digər tərəfdən, известным sözü художником sözündən asılıdır, bu son söz Баглулзаде sözündən asılıdır, Баглулзаде sözü isə нарисована sözünə münasibətdə tabe ünsürdür. İndi bu struktur sıranı xətti sıraya çevirək: onda aşağıdakı cümlə alınacaqdır: Эта картина нарисована известным художником Баглулзаде. Sxemin struktur sıradan xətti sıraya çevirilməsi qrammatik uzlaşma ilə müşayiət olunur. Məsələn, həmin sxemdə нарисована sözünü принадлежит sözü ilə əvəz etsək, onda cümlə belə olar: Эта картина принадлежит известному художнику Баглулзаде.
Artıq deyildiyi kimi, heç olmasa, Avropa dillərinin əksəriyyəti üçün cümlənin mərkəzi qovşağı fel qovşağıdır. Fel qovşağı – dil aləmində sanki kiçik dramdır: hər hansı bir dramda olduğu kimi, fel qovşağı həm hərəkət, həm iştirakçı, həm də şəraitə malikdir. Dramın hərəkət, aktyor və şəraitinə struktur sintaksis planında fel, aktantlar və sirkonstantlar uyğun gəlir.
Fel hərəkət, prosesi göstərir. “Adil Turalı vurur” cümləsində proses vurur feli tərəfindən icra olunur.
Sxem 12
Aktantlar – canlı varlıqlar və predmetlərdir ki, hər hansı bir prosesdə hər hansı bir üsulla iştirak edir. Məsələn, “Kamal Turala kitab verir” cümləsində Turala, kitab sözləri hərəkət etməsələr də (hərəkət bildirməsələr də) onlar eyni dərədəcə aktantlardır. Aktantlar həmişə isimdir və ya onun ekvivalentidir. Əksinə, məhz isimlər bir qayda olaraq, cümlədə aktant rolunu öz üzərinə götürür.
Sxem 13
Sirkonstantlar hərəkətin baş verdiyi vəziyyəti göstərir. Məsələn, “Amil always puts his nose everywhere” (Amil öz burnunu hər yerə soxur) cümləsində iki sirkonstant vardır: həmişə (vaxt) və hər yerdə (yer). Sirkonstantlar zərf və ya onun ekvivalentidir. Əksinə, məhz zərf cümlədə sirkonstantlar rolunu öz üzərinə götürür. Fel fel qovşağında, eləcə də fel cümləsinin mərkəz rolunu oynayır. Beləliklə, o, bütün fel cümləsini idarə edən ünsürdür.
Sxem 14 Sxem 15
Bəzi qrammatiklər göstərirlər ki, hər bir cümlənin mərkəzi feldir, digərləri isə bu fikrin əleyhinə çıxır və isim, sifət, zərf cümlələrinin olmasını irəli sürürlər. Əslində bu məsələ düzgün qoyulmamışdır, sadə cümlədə mərkəz hökmən fel olmalıdır. Ancaq cümlədə fel varsa, onda o, cümlənin mərkəzinə çevrilir. Ona görə də alman qrammatiklərinin ismi “əsas söz” adlandırmaları, məncə, düzgün deyil, belə ki, cümlədə bu rolu həmişə fel tutur. Aktantlar və sirkonstantlar birbaşa felə tabedir. Qeyd etməliyik ki, sxemdə aktantları solda, sirkonstantlar sağda yerləşdirəcəyik. Beləliklə, “Kamal yaxşı danışır” sxemini aşağıdakı kimi göstərəcəyik:
Sxem 16
Fel cümləsinin simvol görünüşü həmişə belə olacaq:
Sxem 17
Fel cümləsinin sxemi ənənəvi qrammatikanın qəbul etdiyi sxemdən fərqlənir. Məntiqi prinsiplərə əsaslanan ənənəvi qrammatika cümlədə subyekt və predikat məntiqi qarşıdurmasını bağlamağa çalışır, burada subyekt – nə isə haqqında məlumat verir, predikat – subyekt haqqında nə isə deyildiyini göstərir. Beləliklə, “Kamal asta danışır” cümləsində Kamal – subyekt, predikat isə asta danışır olmalıdır.
Sxem 18
Fel qovşağı konsepsiyası, yəni subyekt\predikat oppozisiyasının lehinə olan hər hansı dəlillər formal aprior məntiqdən irəli gəlir, bunun da linqvistikaya heç bir aidiyyəti yoxdur.
Dil faktları üzərində linqvistik müşahidələrə gəlincə, onlar başqa nəticə almağa imkan yaradır; heç bir dildə heç bir təmiz dil faktı subyekt və predikatın qarşıdurmasına aparmır.
Subyekt və predikat ünsürlərinin sarmaşması bu iki anlayışın qarşıdurması ilə çox çətin anlaşılır, lakin fel qovşağının mərkəzi vəziyyəti fərziyyəsini qəbul etsək, bu bir problem törətmir. Digər tərəfdən, bir sözdən ibarət olan subyekti çoxluq komponentə malik olan, tam ifadə olunan predikatla eyni səviyyəyə qoymaq olmaz. Predikat tərkibinə subyekt ünsürlərinin struktur və xarakteri ilə müqayisə olunan ünsürlər daxildir. Məsələn: Sizin cavan dostunuz mənim cavan əmioğlumu tanıyır cümləsini götürək. Burada mənim cavan əmioğlumu substantiv qovşaq əmələ gətirir, sizin cavan dostunuz qovşağına analoqdur, bu, sxemdə də öz əksini tapır. Beləliklə, onları müxtəlif səviyyələrə qoymaq düzgün olmazdı. Bu problem cümlədə fel qovşağının mərkəzi qovşaq olma fərziyyəsini qəbul etsək, yoxa çıxır. Onda iki substantiv qovşaq arasında paralellik bərpa olunur.
Subyekt və predikat qarşıdurması cümlədəki bərabərliyi görməyə mane olur, belə ki bu zaman subyekt olan aktantların birinin təcrid olunması və digər aktantların kənar edilməsinə gətirib çıxarır. Belə yanaşma cümlədə digər üzvlərə nisbətən bir üzvə daha çox əhəmiyyət verilməsi deməkdir. Subyekt və predikat qarşıdurması aktantların bir-birini əvəz etmə bacarığını gizlədir. Əksinə, subyekt və predikat qarşıdurması dissimetriyaya gətirib çıxarır. Çünki hər bir aktant subyekt olub-olmamasından asılı olaraq öz səviyyəsini dəyişir. Gizli tərz mexanizmi subyekt-predikat qarşıdurmasını aktantlar və fellərin valentlik fərziyyəsini üstünü örtür.
Bundan başqa, yunksiya və translasiya faktlarını ortaya çıxarmaq imkanlarını aradan qaldırır, bunlar da fel qovşağına mərkəzi qovşaq kimi yanaşmasını izah edir. Beləliklə, ənənəvi qrammatika heç vaxt bu anlayışlardan istifadə etmir, belə ki, müəyyən mənada məntiqə əsaslanır. Qeyd etmək lazımdır ki, aktantlar prosesdə iştirak edən şəxs və predmetlərdir. Digər tərəfdən, aktantlar bir qayda olaraq isimlərlə ifadə olunur və birbaşa felə tabedir. Aktantlar təbiətinə görə fərqlənir, bu da öz növbəsində fel qovşağındakı sayla bağlıdır. Aktantlar kəmiyyəti haqqında məsələ fel qovşağının strukturunda təyinedicidir. Fel müxtəlif sayda aktantlara malikdir. Bununla belə eyni fel eyni sayda aktantlara malik deyil, aktantsız da fel olur, bəzən fel bir, iki və ya üç aktanta malik olur. Aktantsız fel heç bir iştirakçı olmadan özü-özlüyündə prosesi ifadə edir. Belə fellər, əsasən, atmosfer hadisələrini bildirən fellərdir. Yağır feli aktantsız hərəkəti (yağışı) bildirir. Bu zaman sxem sadə nüvəyə gətirib çıxarır, aktantların olması ilə bağlıdır.
Yuxarıdakını təkzib edən cümlələr kimi Il pleut “Yağış yağır”, Il neige “Qar yağır” misal göstərmək olar, burada il aktant kimi çıxış edir, əslində il felin III şəxsini göstərir, heç bir şəxs və ya predmeti göstərmir. İl pleut nüvəni əmələ gətirir. Ənənəvi qrammatikanın bu faktı il hadisəsini psevdosubyekt kimi göstərir.
Sxem 19
Bir aktantlı fellər ancaq bir şəxs və ya predmet iştirak edən prosesi göstərir. Beləliklə, “Kamal yıxıldı” cümləsində Kamal – hərəkətin yeganə iştirakçısıdır, bu hərəkətin icrası üçün Kamaldan başqa şəxs tələb olunmur.
Sxem 20
Bu deyilənlərdən nəticə çıxarıb deyə bilərik ki, bu cümləyə bir nəfər (şəxs) əlavə etsək, iki aktantlı cümlə əldə etmiş olarıq. “Kamal və Tural yıxıldı”.
Sxem 21
Lakin bu belə deyil, burada birinci aktant təkrarlanır, bu iki şəxs tərəfindən yerinə yetirilən eyni hərəkətdir. Başqa sözlə desək, Kamal və Tural yıxıldı = Kamal yıxıldı + Tural yıxıldı. Biz burada sadə ikiləşmə ilə üzləşirik. İkiləşmə hadisəsi aktantların sayının təyin olunmasında nəzərə alınmır.
Sxem 22 Sxem 23
Nəticə:
-
Sxem cümlədə sintaktik əlaqələrin iyerarxiyasını əyanı şəkildə göstərir.
-
Sxem cümlənin strukturunun əyaniləşdirilmiş şəkildə materiallaşdırılmış təcəssümüdür.
-
Sintaksis nöqteyi-nəzərdən cümlənin struktura həqiqi cümlədir; ona uyğun gələn xətti cümlə isə struktur cümlənin nitq zəncirinə proyeksiya olunmuş şəklidir.
-
Feli cümlənin əsas idarəedən ünsürü feldir və cümlənin bütün digər ünsürləri bilavasitə və ya bilvasitə ondan asılıdır.
Ədəbiyyat:
1. Люсьен Теньер. Основы структурного синтаксиса. М., 1988.
2. Балли Ш. Общая лингвистика и вопросы французского языка. М., 1944.
3. Вандриес Ж. Язык. Лингвистическое введение в историю. М., 1934.
4. Мейе А. Введение в сравнительное изучение индоевропейских языков. М.-Л., 1938.
5. Ə.Rəcəbli. Struktur dilçilik. Bakı, 2004.
Алиева Нармин
Глагольный узел в простом предложении
Резюме
В статье исследуется глагольный узел и проблемы связанные с глагольным узлом. А также исследуются вопросы актантов и сирконстантов.
Aliyeva Narmin
Verb knot in the simple sentence
Summary
Verb knot and the problems connecting with it are investigated in this article. The problems of actants and sirconstants are investigated, too.
N. M. HACIYEVA
KOMİKLİK YARATMADA FONETİK ÜSLUBİ CƏHƏTLƏR
Açar sözlər: tələffüz, xalq etimologiyası, alınma söz, komiklik, paronimik attraksiya, fonetik üslubiyyat, ekspressivlik
Key words: pronunciation, people’s etymology, load words, paronymical attraction, phonetic stylistics, expressiveness
Ключевые слова: произношение, народная этимология, заимствованное слово, комизм, паронимическая аттракция, фонетическая стилистика, экспрессивность
Dilçilikdə müxtəlif tələffüz üslubları barədə ilk dəfə fransız dilçisi P.Passi, daha sonra dilçilərdən K.B.Şerba məlumat vermişdir (1). P.Passi nitq tempini yavaş danışıq, normal danışıq, təntənəli saf danışıq və sürətli danışıq üslublarına bölür. L.V.Şerba müxtəlif tələffüz üslublarını qeyd etməklə yanaşı göstərir ki, sözün variantlarının tələffüzü hər bir fərd üçün həm psixoloji, həm də fizioloji faktorlardan asılıdır (1; 21-25). Müəllif tələffüz üslublarını daha çox orfoepik normalar dairəsində tədqiq etmiş və “tam üslub” və “danışıq üslubu”nu ayırmışdır.
Daha sonra rus dilçilərindən R.İ.Avanesov “Rus ədəbi tələffüzü” adlı kitabında tələffüz üslubları məsələsinə ötəri şəkildə toxunmuş və üç üslub-kitab üslubu, danışıq üslubu, sadə nitq üslubunu ayırmışdır (2; 14-19). O, “Rus ədəbi tələffüzü və vurğusu” kitabının sonunda tələffüzdə bir sıra üslubi çalarlıqların olduğunu qeyd edir (3; 535-536) M.İ.Matuseviç də L.B.Şerba kimi tam və danışıq üslubunu ayırır və qeyd edir ki, tam üslubda nitq kəsiyinin bütün elementləri dəqiq tələffüz olunur, danışıq üslubunda isə sürətli nitq tempinin nəticəsi kimi müxtəlif dəyişmələr baş verir. Müəllif alınma sözlərin də tələffüz xüsusiyyətlərindən bəhs edir (4; 10-11).
Azərbaycan dilçiliyində tələffüz üslublarından ilk dəfə Ə.Dəmirçizadə bəhs etmiş (5; 6-11) daha sonralar bu məsələ barəsində tədqiqat işləri aparılmışdır (6; 7).
Məlumdur ki, dildəki fonetik hadisə və qanunlar hər bir milli dilin öz xüsusiyyətləri əsasında yaranır. Bu mənada Azərbaycan dilinin tələffüz üslubları içərisində özünü göstərən hadisələrdən maraqlısı səslərin dəyişməsi ilə yeni mənalı sözlərin yaranmasıdır. Belə səs əvəzlənmələri dilçilikdə fonematik əvəzlənmə adlanır. (8; 83).
Azərbaycan dilində səs əvəzlənmələri nəticəsində yeni mənalı sözlərin yaranması daha çox alınma sözlərin tələffüzü zamanı özünü göstərir. Alınma sözlərin tələffüzündə özünü göstərən üslubi xüsusiyyətlər bədii əsərlərin qəhrəmanlarının dilində komik effekt yaratmaq məqsədilə meydana çıxır. Alınma sözlərdə səslərin təhrif olunması hadisəsi bəzən “xalq etimologiyası”, “yalan etimologiya”, “leksik assimilyasiya”, “xalq sözdüzəltməsi”, “uşaq etimologiyası” terminləri ilə qarışdırılır, bəzən də onları “paronimik attraksiya” hadisəsi ilə səhv salırlar. Qeyd etmək lazımdır ki, “xalq etimologiyası”, alınma sözlərin təhrif olunaraq tələffüz edilməsi və paronimlik tələffüzlə əlaqədar olduğu, tələffüzün üslubi xüsusiyyətlərini üzə çıxardığı üçün bunlar qarışıq salınır. Əslində isə bunlar ayrı-ayrı dil hadisələridir.
“Xalq etimologiyası” termini ilk dəfə alman dilçisi Ernst Fyörsterman tərəfindən dilçiliyə gətirilmiş (9), sonra rus dilçiləri dəfələrlə bu məsələyə toxunmuşlar. E. Fyörsterman yazır: “Xalq etimologiyası” (paralel etimologiya) adı altında söhbət elə tarixi sözdüzəltmə prosesindən gedir ki, burada naməlum söz (yad dilin sözü) dilin oxşar səsli sözünə uyğun sözlə üzvlənir. Bu zaman sözün forması ilə yanaşı, mənasının da dəyişməsi mümkündür (9).
Rus dilçilərindən İ.V.Kruşevskiy “Xalq etimologiyası” və “analogiya” barədə məqaləsində (10; 156-157) bu terminlərin əsassız olduğunu, “xalq etimologiyası”nın daha çox etimologiya termininə uyğun olduğunu qeyd edir (11; 44-45). O leksik assimilyasiya terminini daha uyğun hesab edərək, yazır ki, leksik assimilyasiya dildə daha zəif elementlərin kənarlaşdırılması və onların daha qüvvətlilərlə əvəz olunma prosesidir. Müəllif alınma söz, texniki termin və şəxs adlarının tarixən dəyişməsinin, “xalq etimologiyası”na uğramasının həm psixoloji, həm də fizioloji xarakterini göstərir. F.Sössür tanış olmayan sözün təhrif olunmasının az anlaşılan sözün tanış sözlə toqquşaraq təxmini aydınlaşması hadisəsinin “xalq etimologiyası” adı altında izah olunduğunu və onun analogiyadan fərqli cəhətlərini qeyd edir (12; 313). D.E.Rozental və M.A.Telenkova “xalq etimologiyası”na belə tərif verir: “Alınma (daha az doğma) sözün doğma dilin sözünə səslənməsinə görə yaxın olması nəticəsində yenidən mənalandırılması və dəyişdirilməsi, onlar arasında semantik əlaqələrin təmiz xarici, təsadüfi səs uyğunluğuna əsasən qurulması, onların mənşəyinin real faktları nəzərə alınmadan qurulmasıdır (13; 37-38).
Dilçilikdə “xalq etimologiyası” termini ilə yanaşı “yalan etinologiya” termini də işlənir (14; 270-306, 15). Boduen de Kurtene “xalq sözdüzəltməsi”, habelə “semasioloji assimilyasiya” terminindən istifadə edir (10). O.Lotte istifadə etdiyi “anlama, dərk etmə” termini barədə yazır: “Dərketmə hadisəsi dilçilik ədəbiyyatında daha çox “xalq etimologiyası” adlanır (16). “Xalq etimologiyası” barədə Y.V.Otkupşikov (17). L.Y.Maksimovun (18) və b. tədqiqatları vardır. Azərbaycan dilçiliyində də bu məsələ ilə əlaqədar məqalələr çap olunmuşdur. V.Sultanov yazır: “Xalq etimologiyası” sözün mənşəyini diaxroniya əvəzində sinxroniyada axtarır, sözün daxili formasını tarixi müqayisəli faktlara müraciət etmədən, həmin sözlə ona fonetik baxımdan yaxın olan digər müasir bir söz arasında semantik əlaqə qurmaqla bərpa etməyə çalışır. Buna görə də alınan nəticələr paradoksal, elmi cəhətdən əsassız olur” (19; 6-9).
V.Sultanov “xalq etimologiyası”nı etimologiya baxımından izah edir və yazır ki, psixolinqvistik baxımdan təbii, normal hadisə olan “xalq etimologiyası”nın psixoloji səbəbi insanın hər şeyi bilmək, hər şeyin kökünü öyrənmək həvəsi ilə əlaqədardır (19; 9). Sistem təşkil edən dilin bütün elementləri, dil quruluşunun bütün tərəfləri – fonetik, qrammatik və leksik laylar qarşılıqlı əlaqədədirlər və mürəkkəb qarşılıqlı münasibətdə dayanırlar. Bu birlik əsasında məna, səs, qrammatik formaların möhkəm psixoloji assimilyasiyaları yaranır. Assimilyasiyalar həm qanuni, obyektiv əlaqələri əks etdirə bilər, həm də sözlərin real mənasına, səslənməsinə və qrammatik formasına uyğun gəlməyə bilər. Bu dil normasının, tələffüzün pozulmasına gətirib çıxarır. Alınma sözlərdə səs əvəzlənmələri olmaya da bilər. Bu zaman bir sözün digərinə “daxili uyğunlaşması” müşahidə olunur. Əşyavi aidlik alınma sözdə naməlum qalırsa, onda söz səs dəyişmələrinə məruz qalmayaraq tanış ahəngdar sözlər kimi başa düşülür. Bu zaman həmin sözün mənası mətndə açılır, danışanın o sözlə bağladığı təsəvvürlər müəyyənləşir. K.Y.Maksimov bir çox digər dilçilər kimi “xalq etimologiyası” termininə qarşı çıxış edir və “səs substansiiyası” termininin daha uyğun olduğunu göstərir. Müəllifin fikrincə “onun tək vəzifəsi – yad sözün tələffüzünü, daha yaxşı, adət olunan rus artikulyasiya və bazasına uyğunlaşdırmaqdır” (18; 70). Bizcə də bu termin daha uyğundur və Azərbaycan dilinə də şamil edilə bilər. Ə.Dəmirçizadə fonetik dialektizmdən danışaraq buraya başqa dillərə məxsus sözlərin fonetik dəyişikliklə tələffüzünü də daxil edir (20; 58).
Biz hesab edirik ki, alınma sözlərin təhrif olunaraq müxtəlif tələffüz üslublarında işlənməsi, səhv assimulyasiyaya uğraması “xalq etimologiyası” hesab oluna bilməz. “Xalq etimologiyası”na uğrayan hadisələr sırasına əfsanə, rəvayətlərdə şəxs, yer adlarının xalqın dili ilə etimoloji cəhətdən izah edilməsini aid etmək olar. Alınma sözlərin təhrif olunaraq bədii qəhrəmanların nitqində işlənməsi okkazional xüsusiyyət daşıyır və surəti tipikləşdirmək xüsusiyyəti daşıyır, surəti tipikləşdirmək məqsədilə hər bir müəllifin özünəməxsus yanaşma tərzi ilə bağlıdır.
Bədii əsərlərin dilində alınma sözlərin təhrif olunaraq işlənməsi əsasən komiklik, gülüş yaratmaq məqsədi daşıyır. S.Rüstəmin “Çimnaz anım yuxudadır” pyesində “teatr-tratr”, “Gəldi-gedər” pyesində, “qorkom-qırğom”, “karikaturist”- “qarğaturist”, “çalağanturist”, “malağanturist”, “aeroplan-aynapalan”, “premiya- preniya” kimi başa düşülür və tələffüz olunur. C.Cabbarlının “Sevil” pyesində Balaşın işlətdiyi “fəlsəfə” sözünü Sevil “səlfet” kimi başa düşür. S.Dağlının “Verğülağa Nöqtələrov” hekayəsində “vegeterian-vəgətirən”, “vətəgə”, “aut-ağ it”, “napadeni-qapadeni” kimi tələffüz edilir. C.Cabbarlının “Dönüş” pyesində Arif Hikmətin alınma terminlərinin mənasını izah etməsi gülüş yaradır. O deyir: “Ekspozisiya – yəni eksport, xaricə, pozisiya da front, ekspozisiya – yəni xarici front. Daha sonra Xosməmmədin dili ilə supermatizm termini belə izah olunur. “Sup – yəni bozbaş, rematizm də ki – yəni yel düşmək”.
Yazıçı obrazı səciyyələndirmək, onun savad, dünyagörüşü dərəcəsini, hadisələrə şəxsi münasibətini açmaq üçün bu üsuldan da istifadə edir. Burada yazıçının da obraza, hətta konkret fakta olan münasibəti üzə çıxır.
Bəzən bədii əsərlərdə Azərbaycan dilinə məxsus söz təhrif olunur, yad dilin tələffüzünə uyğun səslənir. C.Məmmədquluzadə “Bizim obrazovannılar” hekayəsində öz dilini yaddan çıxaran obrazovannıları tənqid edir, müsəlman gəncini “küftə”yə “qofta” deməsini göstərir. Burada yazıçı, obrazının ana dilinə yabançı münasibətini, hətta əcnəbi dili də kifayət qədər bilmədiyini nəzərə çatdıra bilmişdir.
Alınma sözlərin xalq danışıq dilində tələffüzünə aid bədii ədəbiyyatdan xeyli nümunə göstərmək olar. S.Dağlının “Mənziliniz mübarək” pyesində:
Gülşad. İndi palto istəyirsiniz, onda dəli mantosu geyəcəksiniz.
Dilavər. Dəli matros da varsan, beş də artıq!..
Burada “manto” sözünü “matros” kimi başa düşən Dilavərin sözləri gülüş yaradır.
S.Dağlının “Tarla düşbərəsi” hekayəsində təhkimçinin “düşərgə” sözünü “düşbərə” kimi oxuması gülüş əmələ gətirir. S.Dağlının “Oyun bitdi” pyesində Mazanın “kvartal” sözünü Bufo “kvartira” kimi anlayır. S.Rəhmanın “Toy” komediyasında Kərəmov “bərpa” sözünü yaddan çıxararaq “araba”, “institut” sözünü yaddan çıxararaq “istiota bənzər söz” adlandırır.
Çox zaman “xalq etimologiyası”nı paronimlıərlə qarışdırrır, onu “paronim attraksiya” kimi izah edirlər. J.Maruzo qeyd edir ki, fransız dilçiləri “xalq etimologiyası” adı altında “paronim attraksiya”nı istifadə edirlər (21; 349). O.S.Axmanova da “paronim attraksiya” barədə yazır: Paronim attraksiya “xalq etimologiyası”nın özüdür (22; 349).
Məlumdur ki, paronimlər səslənməsinə görə oxşar, mənaca müxtəlif dil vahidləridir. Onların üslubi funksiyalarından biri komik effekt yaratmaqdır. Tələffüzündə bir səs fərqi ilə qarışıq salınan sözlər müəyyən üslubi məqsədlərlə işlədilir. Paronimlər “xalq etimologiysı” və alınma sözlərin xalq dilində tələffüzündən fərqlənir. S.E.Nikitina “xalq etimologiyası” ilə “paronimik attraksiya”nın fərqli və oxşar cəhətlərini göstərərək yazır: ... “hər iki halda biz səs təkrarı məsələsi ilə üzləşirik və implikativ təfəkkürlə rastlaşırıq: əgər səs oxşarlığı varsa, onda məna yaxınlığı da var. Hər iki hadisə obyektiv dil gerçəkliyinə deyil, dil təfəkkürünə – poetik və xalq təfəkkürünə əsaslanır. Lakin “paronimik attraksiya” və “xalq etimologiyası” öz etalon nümunələrində müxtəlif funksiyalara malikdirlər, birincisi estetik, ikincisi izahedici – həmçinin məhz funksiyalarda olan fərqlərə malikdirlər” (23; 336).
Üslubi vasitə kimi paronimik attraksiya savadsız şəxslərin nitqində söz oyunu, kalambur kimi işlədilir, sadə, gülünc bir şəxsin dilini tipikləşdirmək vasitəsilə göstərilir. Paronimlərin, paronomasların bir termin – paronim arrtaklsiya adı altında eyni üslubi funksiyaya malik olduğunu V.T.Tkaçenko qeyd edir (24). Paronim attraksiyanın üslubi funksiyalarına komik effekt yaratmaq funksiyası ilə yanaşı alliterasiya və dəqiq qafiyə yaratmaq funksiyası, reklam yaratmaq funksiyası və başqaları daxildir və bu funksiyalar qarşılıqlı əlaqədədirlər.
C.Məmmədquluzadənin “Kürk” felyetonunda bir səs artımı ilə “kürək” oxunması və “kürk” əvəzinə xeyli miqdarda “kürək” göndərilməsi faktı gülüş doğurur. S.Dağlının “Mənziliniz mübarək” pyesində “quş qoymaq”, “quş qonmaq” kimi anlaşılır. Anarın “Kələm qonaqlığı” hekayəsində məlum olur ki, Nəzər müəllim əməkdaşları “kələm qonaqlığı”na yox, “kəlam qonaqlığı”na çağırıbmış. Paronimlərin komik effekt yaratmaq funksiyası alliterasiya və qafiyə yaratmaq funksiyaları ilə qarşılıqlı əlaqədə də meydana çıxır. S.Dağlının “Mənziliniz mübarək” əsərində kanalizasiya-pulverizasiya, assisent-dissertant, S.Rəhmanın komediyasında debet-kredit, S.Rəhmanın “Ulduz” komediyasında mitil-şitil və sairə sözlər bu qəbildəndir. S.Dağlının “Əlvida məqalə, salaməleyküm şeir” hekayəsi tamamilə qafiyələnən sözlərdən ibarətdir. S.Qədirzadənin “Bığ” hekayəsində dəlləkxanaya gedən Əzim Əzimova dəllək deyir ki, bura dəlixana deyil, gedə bilər. S.Qədirzadənin “Yubiley gecəsi” hekayəsində uşağın xoş niyyətlə yığılmışıq ifadəsindəki “xoş” sözünü “boş” sözü ilə əvəz etməsi gülüş yaradır.
Tələffüzdə özünü göstərən üslubi məsələlərdən biri idarə adlarının ixtisar olunaraq həddən artıq uzun ifadə olunmasıdır. Hələ C.Məmmədquluzadə “Şəhərə doğru” felyetonunda belə lövhələri tənqid edirdi. “Bir yerdə yazılıb: Maranderin-kumbas, qeyri bir lövhədə yazılıb: Kaspibar-istokmel. Sonra Onbik, Kato, Santorqaşveynakurs”. S.Qədirzadənin “Bığ” hekayəsində də belə uzun idarə adının çətin tələffüzü gülüş yaradır. “Mur-mur qollarını sinəsində çarpazlayıb gözlərini yumdu:
-
Harda işləyirsən?
-
Azyünsənmalstkomforqabhazfabbakşəhfildə.
-
Nə?! Nə?!
-
Azərbaycan yüngül sənaye malları istehsalı kombinatının forfor qablar hazırlayan fabrikinin Bakı şəhəri filialında”.
S.Dağlının “Oyun bitdi” pyesində Rasim deyir: ... “sizin kontorun lövhəsində yazılmış Aztullanxammalməmulməmulat” sözlərindən yuxarıdakı XETEШЕ hərfləri nə deməkdir?...
Mazan. Məlum olduğu kimi Xalq Təsərrüfat Şurası ləğv olundu.
Bədii ədəbiyyatda komizm üsullarından danışan Q.Kazımov qeyd edir ki, “anlaşılmazlıq nitq vasitələrinin ixtisarı ilə yaranır” (25, 214).
Bu cəhətdən S.Rəhmanın “Xoşbəxtlər” komediyasında Sənubərin nitqi buna misaldır. İxtisar sözləri bəzən əlifba hərfləri ilə işarə olunur. S.Rəhmanın “Yalan” pyesində dərmanın üstündə yazılıb: B-A – yəni böyrüm ağrıyanda, H-T – yəni hirsim tutanda, Q-T – quluncum tutanda.
Hərflərin tələffüzdə oynadığı üslubi xüsusiyyətlər özünü nağıllarda da göstərir. Ərəb hərflərinin düzgün tələffüz olunmaması müəyyən məqsəd daşıyır. “Şirzad” nağılında dərviş deyir: - Hər nə könlündən keçsə, bey(b), tey(t) deyərsən, diləyin hazır olar, bey(b), tey(t) – indi de görüm, öyrəndinmi? Məhəmməd... cavab verdi: - Hə, öyrənmişəm, dal(d), zal(z)...
Dərviş nə qədər dedi: “bey, tey”, Məhəmməd cavab verdi: “dal-zal”.
“Küp qarısı” nağılında da hərflərlə əfsun oxunur “nun, bey, əlif, tey” səndən tikili küləfirəngi istəyirəm... Əfsunu tərsinə oxuyan Əhməd arzusuna çatır “tey, əlif, bey, nun, küp qarısını əsabələri ilə... birlikdə Nil dəryasına tök”.
Bəzən alınma sözlərin ayrı-ayrı surətlərin dili ilə düzgün tələffüz olunmaması komik effekti artırır. S.Rəhmanın “Toy” komediyasında dəmirçi Musa deyir: “Bir məsəl var, deyərlər ki, ət-təəni, minəlrəhman, eləcəleyi minəl, şeytan.
Salmanov. (Mirzə Hüseynə) Nə deyir?
Mirzə Hüseyn. Quranda sitat gətirir.
S.Rəhmanın “Yalan” komediyasında Tərlan xanım bildiyi fransız sözləri səhv tələffüz edir.
Aslan. Bir su budkam var, o qurbandır Şəlaləyə.
Tərlan xanım. Su budkası?...
Gəl, stubiditel, no!... Bu otaq özünündür?
Aslan. Hələlik kirayədir...
Tərlan xanım. Kəs kitudi se ton vol... Ele saje entelejan... Ağzımda söz deyirəm. Setrebet alon no!...
Tələffüzdə özünü göstərən üslubi xüsusiyyətlərdən biri sözlərin səhv yazılışı ilə əlaqədardır. Bakı teleqraf poçtunun işini tənqid edən C.Gözəlov “Qələmin ucu, qılıncın gücü” felyetonunda teleqramın məzmununu belə göstərir: “Tılıibənan vənədi naqida məlusiatvr çox nigaranam lazil evə kəli-əmir”.
Mən gülməkdən özümü saxlaya bilməyib soruşdum: - Bu nə dilidir? Dostum qısaca cavab verdi: - qarğa dili.
Oxucuda gülüş yaratmaq üçün anlaşılmaz söz yığınının tələffüzündən istifadə olunur. C.Gözəlovun “Pirin sirri” hekayəsində nəzir gətirən nəzirini gətirən kimi... Naznaz “yahu, vəllahu,kəbən, kəkəko” – deyib qaçır sirr quyusunun başına.
Bəzən sözlərin təhrif olunaraq işlənməsi mənasız sözləri yaradır. Mətndən aydın olur ki, danışan nə üçün bu sözləri düzgün eşitmir və başa düşmür... məsələn:
...müəllim də mənə qəzəbli baxdı və bu ara qəribə söz dedi: - tur de bra.
Başa düşmədim. Yəqin qulağıma dənizdə su dolub.
- Tur da teş bra ru le...
Daha da karıxdım.
- Tur de annb anted.
Belə düşündüm ki, müəllim məni ələ salır.
- Özünü əməlli apar! Kafedradasan (N.Süleymanov “Göy qurşağı”).
Bəzən fantastik əsərlərdə qeyri-adi sözlərin tələffüzünə rast gəlinir. E.Mahmudov “Qeyb olmuş səslər” əsərində Venera planetində heç bir dilə bənzəməyən bir qadının dili ilə deyir:
Qadın. Vektu natul Qrona, Veka havu morbino...
Teymur. “Vektu natul Qrona”nın mənası “mənim adım Qrona” deməkdir.
Bədii ədəbiyyatda sözlərin tərsinə çevrilib tələffüz edilməsi də üslubi ekspressivliyi artırır.
Cavanlara məsləhət görürdü ki, qızlarla qarğa dilində danışsınlar “Nəm inəs mərivəs”.
- Bu nə deməkdir?
- Yəni mən səni sevirəm (N.Süleymanov “Tərs külək”).
Gördüyümüz kimi, tələffüz üslubları həddən artıq rəngarəngdir və müxtəlif çalarlıqlara malikdir. Biz yalnız bəzilərini verməklə kifayətlənirik.
Dostları ilə paylaş: |