AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
HÜSEYN CAVĠDĠN EV MUZEYĠ
MƏMMƏD CƏFƏR
HÜSEYN CAVĠD
Bakı - 2016
AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının
qərarı ilə nəşr olunur
İdeya müəllifi:
İSA HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik
Elmi redaktor:
TEYMUR KƏRİMLİ
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,
akademik
Tərtibçi və ön sözün müəllifi:
GÜLBƏNİZ BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru,
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru
Məmməd Cəfər. Hüseyn Cavid. – Bakı, 2016. – 310 s.
Kitab Hüseyn Cavidin ilk, mükəmməl tədqiqatçısı görkəmli
tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş
eyni adlı monoqrafiyasının AMEA Hüseyn Cavidin Ev Muzeyinin
əməkdaşları tərəfindən latın qrafikası ilə hazırlanmış ilk nəşridir.
Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan
bu kitab, Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər
tədqiqatçılar üçün etibarlı mənbədir.
3
BÖYÜK CAVĠDġÜNAS MƏMMƏD CƏFƏR
Hüseyn Cavid yaradıcılığının ilk, mükəmməl tədqiqatçısı
görkəmli tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfər Cəfərov
olmuşdur. Onun 1960-cı ildə çap olunan «Hüseyn Cavid»
monoqrafiyası Cavidşünaslığın bir elm kimi formalaşmasında
mühüm rol oynadı. Sonrakı illərdə H.Cavid yaradıcılığına
müraciət edən əksər tədqiqatçılar üçün bu kitab ən etibarlı
mənbə rolunu oynadı.
M.Cəfərin «Hüseyn Cavid» monoqrafiyası çap olunana
kimi, 1957-1959-cu illərdə H.Cavid yaradıcılığı ilə bağlı
«Böyük şair-dramaturq», «Hüseyn Cavidin sovet dövrü
yaradıcılığı», «Hüseyn Cavid» məqalələri dərc edilmişdi.
«Hüseyn Cavid» monoqrafiyası çap olunandan sonra da
M.Cəfər H.Cavidlə bağlı tədqiqatlarını davam etdirdi.
«Hüseyn Cavid» monoqrafiyası Giriş və beş fəsildən
ibarətdir. Birinci fəsildə H.Cavidin həyatı, ədəbi mühiti və ilk
qələm təcrüğələri haqqında danışılır. Tədqiqatçı «Şeyx Sənan»
da daxil olmaqla bu dövrü onun yaradıcılığının birinci dövrü
kimi səciyyələndirir. İkinci fəsil «Yaradıcılığının ikinci dövrü»
adlandırılır və bu fəsildə, müəllif Cavidin imperialist
müharibəsi əleyhinə yazdığı şeirləri, «Şeyda», «Uçurum» və
«İblis» faciələrindən söz açır. M.Cəfərin «Məfkurəvi tərəddüd
illəri» adlandırdığı üçüncü fəsildə «Peyğəmbər», «Afət» və
«Topal Teymur» əsərləri tədqiq olunur. «Cavid yaradıcılığının
yeni dövrü» adlı dördüncü fəsildə «Azər» dastanı, «Knyaz»,
«Səyavuş», «Xəyyam», «İblisin intiqamı» əsərləri təhlil
hədəfinə çevrilir. Nəhayət, beşinci fəsildə Cavid dramlarında
sənətkarlıq xüsusiyyətlərindən söz açılır.
Göründüyü kimi, M.Cəfər ənənəvi ədəbiyyatşünaslıq
modelinə sadiq qalmışdır. O, H.Cavidin yaradıcılıq yolunu
ayrı-ayrı dövrlər üzrə izləmiş və Cavidin öz əsərlərində
qaldırdığı problemləri onun ayrı-ayrı pyeslərinin təhlili zamanı
nəzərə çarpdırır. Bu üsul, ədəbiyyatşünaslıqda dəfələrlə
4
sınanmışdır, ənənəvi görünsə də, hər halda, müəllifin
kimliyindən də çox asılıdır.
Moqoqrafiyanın «Giriş» hissəsində müəllif Cavid
yaradıcılığına ümumi bir nəzər yetirir, 20-30-cu illərdə onun
əsərlərinə marksist tənqidin münasibəti üzərində dayanır.
Qeyd edək ki, «Hüseyn Cavid» monoqrafiyası sovet
dövründə
yazılmışdı və təbii ki, M.Cəfər Cavidi
qiymətləndirərkən bəzi məlum ştamplardan xilas
ola
bilməmişdi. Ona görə də istər «Giriş»də, istərsə də
monoqrafiyanın digər fəsillərində Cavid yaradıcılığındakı
ziddiyyətlərdən, tərəddülərdən, ciddi ideya səhvlərindən söz
açmaq təbii idi.
Marksist tənqidin Cavid yaradıcılığına münasibətinə
gəldikdə isə, burada da bəzi yanılmalar diqqəti cəlb edir.
Məsələn, o, Cavidin yaradıcılığı ilə məşğul olan ilk tənqidçi
kimi Hənəfi Zeynallının adını çəkir və əlbəttə, səhv eləmir,
onun məqalələrinin məziyyətlərini də qeyd edir. Lakin
«H.Zeynallı çox vaxt Cavidin yaradıcılığına birtərəfli
yanaşırdı. Onun bu məqalələrində 1920-1926-cı illərdə yeni
həyata çox laqeyd münasibət bəsləyən Cavidə keçmiş
xidmətlərinə görə bir növ, bəraət qazandırmaq meyli var idi»
fikri ilə razılaşmaq olmaz. Göstərilən dövrdə Cavid
«Peyğəmbər» və «Topal Teymur» kimi əsərlərini yazmışdı və
bu əsərlər onun yaradıcılığında tamam yeni səhifələr idi, Cavid
müasir həyatın bir çox suallarına tarixdə cavab axtarırdı və
H.Zeynallı «Peyğəmbər» əsərində «çox parlaq» bir müasirlik
görürdüsə, burda heç bir «mücərrəd insanpərvərlikdən», «dini
modernizə etmək təşəbbüslərindən» söhbət gedə bilməzdi.
M.Cəfər marksist tənqidçi Mustafa Quliyevin Cavid
yaradıcılığı ilə bağlı məqalələrini təqdir edir və yazır ki, «O,
Cavidi səhv addımlarına görə hamıdan artıq kəskinliklə, bəzən
də çox amansız şəkildə tənqid edirdi. Lakin bu, əsasən səmimi,
haqlı, ədalətli və hər cür yersiz hücumlardan, qərəzçilikdən
uzaq olan obyektiv marksist tənqid idi». Halbuki, belə deyildir
5
və biz bundan öncə, M.Quliyevin Cavidə və onun əsərlərinə
münasibətini şərh etdik, onun Cavidə «qayğıkeş» münasibəti
yalnız bundan ibarət idi ki,».. biz Cavid kimi şairlərdən inqilab
tərəfinə keçməyi tələb edirik. İnqilab treni var qüvvəsi ilə
qoşur. Əziz şairlər, inqilab dalğaları üzərində daha yuxarı qalxa
bilərsiniz». M.Quliyev yalnız «Knyaz» əsəri yazıldıqdan sonra
«sevinmişdi», deməli, onun məramı Cavidi «inqilab qatarına
oturtmaq» idi.
Monoqrafiyanın «Cavidin həyatı, ədəbi mühiti və ilk
qələm
təcrübələri»
adlı
birinci
fəsil
fikrimizcə,
Cavidşünaslıqda böyük sənətkarın tərcümeyi-halının tam və
dolğun şəkildə hazırlanmasında (hərçənd ki, M.Cəfər məlum
səbəblərə görə Cavidin həbsindən, repressiya qurbanı
olmasından söz aça bilməzdi) ilk təşəbbüs kimi
qiymətləndirilməlidir. Cavidin bir ədəbiyyat adamı kimi
yetişməsində kimin rolu olub, onun dünyagörüşünün
formalaşmasında hansı təhsil sistemi və digər amillər öz
sözünü deyib..İranda, Türkiyədə, Tiflisdə yaşadığı illər onda
hansı təsirləri yaradıb? İyirminci-otuzuncu illərdə bir çox
tənqidçilər Cavidin Türkiyədə təhsil almasını ona irad
tuturdular. M.Cəfər isə belə bir faktı nəzərə çarpdırır ki:
«Məktublarda Cavidin Türkiyədə olduğu illərdə daim öz vətəni
haqqında düşündüyünü, mümkün qədər təhsili tez bitirib,
vətənə qayıtmaq arzusunda olduğunu göstərən parçalar da
çoxdur. Şair başqa ölkələrdən Türkiyəyə gəlib, tamamilə
«osmanlılaşan», «türkiyəli olub gedən» və öz vətənlərini
unudan ziyalılara, onların aqibətinə gülür, bu yolun yanlış
olduğunu söyləyir. Q.Şərifova yazılmış bir məktubda deyilir:
«Burada mən 3-4 sənə qədər dəxi oxuya bilərəm… Lakin
validəm, vətənim, vətəndaşlarım bütün-bütün unudulacaq bir
hala gəlir. Şimdi burada minlərcə iş başında tatar, türküstanlı,
qafqazlı və krımlı var ki, təhsillərini ikmal etdikdən sonra
istambullu…olub getmişlər. Bu, məncə pək gücdür… İndi əsil
məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir».
6
M.Cəfər H.Cavidin ilk ədəbi təcrübələrindən də söz
açır və deyərdik ki, bu da Cavidşünaslıqda birinci təşəbbüsdür.
Farsca ilk şeirlərini «Gülçin» təxəllüsü ilə qələmə alan H.Cavid
sonralar müəllimi M.T.Sidqinin təsiri altında azərbaycancanca
da şeirlər yazır. Daha sonralar, İstambulda oxuduğu illərdə
«Rəqs», «Hər yer səfalı», «Çəkinmə, gül», «Pənbə çarşaf»,
«Xuraman-xuraman», «Uyuyur», «Mən istərəm», «Kiçik bir
lövhə», «Şeir məftunu», «Dəniz pərisi», «Son baharda», «Yadi
mazi», «Ah, yalnız sən!», «Hali-əsəfiştimalimi təsvirdə bir
ahi-məzlumanə» şeirlərini qələmə alır. Bunları M.Cəfər
qəzəlləri ilə müqayisədə irəliyə addım kimi qiymətləndirir.
Amma ümumilikdə həmin şeirləri belə səciyyələndirir:
«Məzmun cəhətindən həyəcanlandırıcı xəyallar, fövqəladə,
mücərrəd mənəvi səadət həsrəti, forma cəhətindən isə süni
pafos, dəbdəbəli üslub, fars və ərəb sözləri, tərkibləri ilə
ağırlaşdırılmış qəliz dil bu şeirlərin çoxunun əsas xüsusiyyəti
idi».
H.Cavidin ilk şeirlərindəki bədbinlik, küskünlük
motivlərinə gəlincə, tədqiqatçı haqlı olaraq bunları daha çox
tənzimat ədəbiyyatından sonrakı Türkiyə ədəbiyyatında
güclənən bədbinliklə əlaqələndirir.
Əlbəttə, hər hansı bir şairin yaradıcılığına ictimai mühitin
çox böyük təsiri olur və bu faktı da danmaq olmaz ki, Vətənə
qayıtdıqdan sonra Caviddə də həyata, ictimai mühitə qaynayıb-
qarışmaq meylləri qüvvətlənir. Tədqiqatçının doğru qeyd etdiyi
kimi, yeni şeirlərində Cavid bədbinliyi, ümidsizliyi pisləyir,
məsələn, qadınları örtükdə görmək istəyən Cavid «Qadın»
şeirində onları öz hüquqları uğrunda mübarizəyə səsləyir:
Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalq! Uyuyan
Daima meftlə həmduş oluyor,
Zillü mehnətlə həmağuş oluyor.
…Oluyor iştə hüququn pamal,
7
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kibi qavğaya atıl!
Burada qeyd etməyi vacib sayırıq ki, M.Cəfərin
tədqiqatına qədər H.Cavidin şeirləri haqqında heç bir yazıda
belə genişliyilə söz açılmamışdı. M.Cəfərin Cavidin süjetli
şeirlərə meyl etdiyini də xüsusi olaraq nəzərə çarpdırır. «Öksüz
Ənvər» və «Bakıda Balaxanı neft mədənlərinə gedərkən Məsud
ilə Şəfiqə arasında bir müsahibə» şeirləri üzərində ayrıca
dayanan tədqiqatçı, bu şeirlərin təkcə formasının, ifadə tərzinin
deyil, məzmununun da yeniliyini göstərir. Müəllif haqlı olaraq
yazır ki: ««Məsud və Şəfiqə» təbii, şairanə bir pafosla
yazılmışdı. Bu pafos, hər şeydən əvvəl, Məsud ilə Şəfiqənin
xarakterində, onları düşündürən ictimai fikirlərdə, neft Bakısı
və fəhlə sinfinin həyatı, taleyi və gələcəyi haqqında
bəslədikləri gözəl arzularda özünü göstərirdi. Bu surətlərdə
həm kəskin ağıl, həm də zəngin hissiyyat, zəhmətkeş insanın
səadəti üçün döyünən nəcib bir ürək vardır. Əsərdəki şeiriyyət
də bu iki xüsusiyyətin birləşməsindən doğurdu».
Hüseyn Cavidin lirikasında heç şübhəsiz, onun bir
moralist və mütəfəkkir kimi çıxış etdiyi 330 misradan ibarət
«Bir xatirə» yaxud «Sən nəsən? Kimsən?» deyən ariflərə!»
şeiri mühüm yer tutur. Bu şeirdə şair, tədqiqatçının doğru qeyd
etdiyi kimi, öz tərcümeyi-halını deyil, öz görüşləri, müxtəlif
dinlər, dini təriqətlər, tanış olduğu siyasi-fəlsəfi sistemlər,
müasir cəmiyyət, insan, bəşərin çağdaş durumu və gələcəyi
barədə fikir və düşüncələrini oxucularla bölüşür. Şeir bu
misralarla başlayırdı:
Arqadaşlar! Sormayın, hiç sormayın!
Sızlayan bir qəlbə atəş vurmayın!
Sormayın, ariflər! Ey fərzanələr!
Anlamaz dərd əhlini biganələr.
8
Sormayın əsla, kimim bən? Ya nəyim?
Şimdi bən bir qayğısız divanəyim.
İştə gönlüm bir yıqıq viranədir,
Hər nə söylərsəm bütün əfsanədir.
«Bən nəyim?» Kəndim də bilməm, vaz keçin,
«Sən nəsin?». Boş bir sual insan için.
…Göz-qulaq -görmək, eşitmək aləti,
Çoq zaman aldatmış insaniyyəti.
Hər nə göstərsəm, nə söylərsəm sizə,
E`tibar etməzsiniz heç bir sözə.
…Çünki anlaşmaq deyildir pək qolay,
Laylalaylay, laylilaylay, laylalay!.
«Şeirdə barışmaz, narahat və narazı bir ruh, kəskin bir
inkarçılıq ruhu var idi»-M.Cəfər bunu doğru sezmişdi və
Cavidin həmin şeirdə dini təəssübkeşliyi qəzəbli şəkildə
qamçılayıb millətləri sülhə, qardaşlığa çağırması onun
humanizmindən doğurdu.
«Hüseyn Cavid» monoqrafiyasında M.Cəfər öncə qeyd
etdiyimiz kimi problemlərdən əsərərə doğru deyil, əsərlərdən
problemlərə doğru gedir. Bunun sade izahı belədir ki, o,
Cavidin hər bir pyesinə ayrıca diqqət yetirir, haqqında söz
açdığı pyesin ideya-məzmun xüsusiyyətlərini təhlil edir,
başlıca problemi müəyyənləşdirir. M.Cəfər haqlı olaraq yazır
ki, Cavidin ilk pyesi olan «Ana» gərgin dramatik konfliktlər və
xarakterlər yaratmaqda onun xüsusi istedada malik olduğu
meydana çıxdı. M.Cəfər əsərin Azərbaycan ədəbiyyatında heca
vəzni ilə yazılan ilk mənzum dram olduğunu nəzərə çarpdırır,
lakin əruz vəznində yazdığı əsərlərə nisbətən burada ustalıq
göstərə bilməməsini, bir çox tiplərin eyni dildə danışmasını da
qüsur sayır. «Əsərdə Cavidin görüşləri, mənəvi böhranları və
ziddiyyətləri üçün ümumiyyətlə çox səciyyəvi olan bir məsələ
də: «məhəbbət yoxsa nifrət, həyatdakı ziddiyyətləri bunların
9
hansının vasitəsi ilə aradan qaldırmaq olar?» problemi idi. Şair
məhəbbətə və mərhəmətə üstünlük verirdi».
Cavidin sonrakı pyesi-«Maral»da isə ədibin həyat
müşahidələrinin zənginliyi, ictimai konfliktlərin daha aydın
göstərilməsi diqqəti cəlb edir. Bu əsərdə Cavid romantizmi
«Ana» mənzum dramındakı sadə formulədən tamamilə
fərqlənir, «Maral» təkcə bir ailə dramı deyil, cəmiyyət
həyatının bir çox problemlərini özündə əks etdirən bir
əsərdir.Cavid realist ədəbiyyatdan gələn bir ənənəni-atalar və
oğullar qütbləşməsini konfliktin mahiyyətinə çökdürmüşdür.
Mühafizəkar Turxan bəy N.B.Vəzirovun, Ə.Haqverdiyevin
əsərlərindən bizə tanış olan «atalar»ı xatırladır. Heç bir yenilik,
insaniyyət adına olan müsbət keyfiyyətlər onu fikrindən
döndərə bilməz: «Məncə gözəllik zövqə aid bir şeydir. Sərvət
isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz… Əvət, hər
şey para ilə əldə edilir, illa fəzilət və insaniyyət! Fəzilət də
paradadır, insaniyyət də..» - bu, Turxan bəyin həyat amalıdır.
Ona qarşı çıxan qüvvələr-yeni nəslin nümayəndələri Cəmil
bəy, Humay, Aslan və Maraldır. «Onlar turxanbəylər
mühitində dolaşsalar da, əslində, bu mühitin tələbləri, adət-
ənənələri ilə deyil, başqa bir həyat, gələcək arzusu ilə yaşayan
romantik gənclərdir».
M.Cəfər bu romantik gənclərin şirin arzuları, gələcək
haqqında xoş düşüncələri ilə yaşadıqları mühit arasında böyük
bir ziddiyyət olduğunu nəzərə çarpdırır, onların görüşlərində,
dünyabaxışında da ziddiyyətlər yaşayır. Burada bir müqayisə
üçün
fürsət
yaranır: «Cəmil özünün fərdiyyətçiliyi,
mərdümgirizliyi, pərişan xəyalları, puç olmuş şirin arzuları,
başqa həyat həsrəti ilə müəyyən dərəcədə Qərbin romantik
qəhrəmanlarını xatırladır. Lakin əslində o, nə Çayl Harold, nə
Manfred, nə də Karl Moordur. O, hər şeydən əvvəl, Şərqə, Şərq
romantizminə, Azərbaycan romantizminə məxsus bir tipdir.
Cəmil yenicə oyanmış Şərqin özünə məxsus keyfiyyətlərə
10
malik romantik gənclərindən biri olmaqla bərabər, Şərqə xas
olan ənənəvi sentimental, romantik əhvali-ruhiyyəyə malikdir».
«Maral»da Cavidin sonrakı pyesləri üçün səciyyəvi olan
bir sıra ideya-bədii xüsusiyyətlər nəzərə çarpır: romantik
qəhrəmanlar məhəbbəti intixab edir,dünyada məhəbbətin
hökmranlıq edəcəyinə inanır, onu ilahiləşdirir, qan tökməyi,
cəlladlığı insanlığa yaraşmayan sifətlər hesab edir, əxlaqi
təkamül
ideyasına
arxalanırlar.
Cavidin
romantik
qəhrəmanlarınının səciyyəsini ədəbiyyatımızda yaranan realist
qəhrəmanlarla müqayisə edən M.Cəfərin qənaəti belədir ki,
realist qəhrəman ən çətin şəraitdə belə əlindən gələni edir,
çalışır, çarpışır, yaradır, romantik qəhrəman isə yalnız əlçatmaz
gözəl arzularla yaşayır, bərk ayaqda həyatdan uzaqlaşır, sonsuz
fəzalara doğru üz tutur..
Cavid «Maral»dan sonra «Şeyx Sənan», «Uçurum»,
«Şeyda», «İblis» əsərlərini qələmə aldı. «Hüseyn Cavid»
monoqrafiyasında M.Cəfər bu əsərlərin hər birini romantik əsər
kimi
səciyyələndirir.
Bu
əsərlərin
tematikası,
janr
xüsusiyyətləri, obrazları nəzərdən keçirilir. Burada görkəmli
ədəbiyyatşünasın başqa bir əsərini-«Azərbaycan ədəbiyyatında
romantizm» monoqrafiyasını xatırlatmaq lazım gəlir. Bu əsər
1905-1917-ci illərdə Azərbaycan ədəbiyyatında romantizm
ədəbi cərəyanının keçdiyi yolu işıqlandırır, Azərbaycan
ədəbiyyatında romantizmin kökləri, tədqiq olunan dövrdə
məxsusi cəhətləri, nəzəri məsələləri, tematikası, janr və üslub
xüsusiyyətləri, obrazlar qalareyası barədə geniş təsəvvür
yaradır. Təbii ki, bu monoqrafiyada H.Cavid yaradıcılığına da
xüsusi diqqət yetirilir. M.Cəfər yazır ki, Cavid bütün
əsərlərində romantik olmuşdur.
Romantizm ədəbi cərəyanının özünəməxsus tematikası
Cavidin yaradıcılığında da bariz nəzərə çarpır.»Şeyx Sənan»
dini təəssübkeşliyə qarşı yazılan bir əsər kimi səciyyələnirsə,
«Şeyda»da milyonerlər Bakısında mətbəə işçilərinin və yoxsul
ziyalıların, mühərrirlərin faciəli həyatı təsvir olunur. «Uçurum»
11
isə romantik üslubda yazılmış ailə faciəsidir. «İblis» isə
M.Cəfərin fikrincə, müharibə əleyhinə yazılıb, insanlığın tarixi
faciələrini əks etdirir. Əlbəttə, Cavidin əsərlərinin mövzusunu
belə sadə bir sxemlə izah etmək bəlkə də çoxdarına qəribə gələ
bilər. Ancaq M.Cəfər bu sadə sxemdə Cavidin əsərlərinin
obrazlar aləmini, janr-üslub xüsusiyyətlərini açmağa müvəffəq
olur. Məsələn, «İblis» əsərinin janrı barədə bəzi mübahisələr
olmuşdur. M.Cəfər həmin mübahisələrə son qoyaraq qəti
şəkildə bildirir ki: «…birinci dünya müharibəsinin törətdiyi
fəlakətlər də, onun mürəkkəb nəticələri də göz qabağında idi.
Bu nəticələrdən ən mühümü bu idi ki, imperialist cəbhəsi xeyli
zəifləmiş, Rusiyada sosialist inqilabı qalib gəlmişdi. Əgər
Cavid realist olsaydı, belə bir tarixi hadisə haqqında ondan
tamamilə başqa ruhlu bir əsər gözləmək olardı. Amma Cavid
romantik idi, «İblis» də romantik bir faciə idi».
Təbii ki, adını çəkdiyimiz bu əsərlərin təhlilində
müəyyən mübahisəli fikirlər də diqqəti cəlb edir. Məsələn,
müəllif sovet dövrü ideologiyasından irəli gələn belə bir fikri
irəli sürür ki, birinci imperialist müharibəsi ərəfəsində və
müharibə
dövründə
bütün
əksinqilabçı
burjua
nəzəriyyəçilərinin «islamlaşmaq» şüarını ortalığa atıb, inadla
bu çürük fikri müdafiə etdikləri bir şəraitdə Cavidin «Şeyx
Sənan» kimi bir əsəri qələmə alması onun yaradıcılığında
müsbət bir hadisə idi. Məlumdur ki, Cavid «Şeyx Sənan»da bir
dini yox, bütün dinləri tənqid edir, məhəbbət dinini intixab
edir. Əsərin təhlili zamanı M.Cəfər özü də elə bu fikrə gəlib
çıxır: «O (Şeyx Sənan-G.B.) başa düşür ki, dinlər insanları,
xalqları bir-birindən ayrı salır, bəlalar, fitnələr doğurur.
Bununla belə Şeyx Sənan özü də insanları, xalqları, millətləri
bir-birinə mehriban edə biləcək, bir-birinə qardaş edə biləcək
başqa bir etiqad axtarır. Bu etiqad dinə yox, müəyyən bir
fəlsəfəyə əsaslansa da, hər halda yenə etiqaddır. Bu da bir növ
ilahi bir məhəbbət, ruhani bir eşqdir. Doğrudur, bu «ilahi
məhəbbət» ideyasının qarşısında din, iman, məzhəb, Kəbə,
12
monastr, incil, tövrat, quran və sair bir heçə, əfsanəyə çevrilir;
lakin əslində, bu etiqad özü də başqa ruhlu bir əfsanədir».
«Şeyx
Sənan»
və
«İblis»
faciələri
Cavid
dramaturgiyasına xas olan bir cəhətiylə də seçilir. Hər iki
əsərdə fikir və ideya nöqteyi-nəzərindən qüvvətli təsir
bağışlayan və bu mənada Baş Qəhrəmanla yanaşı dura biləcək
obrazlar diqqəti cəlb edir. Baş Qəhrəmanla müqayisədə onların
fəaliyyət dairəsi, meydanı dar və məhduddur, lakin onların hər
birinin öz fəlsəfəsi və məntiqi var. «Şeyx Sənan»da Şeyx Kəbir
və Dərviş, «İblis»də Arif və İblislə yanaşı, Qoca Şeyx və Elxan
belə
obrazlardandır.
Şeyx
Sənan
Şeyx
Kəbirin
yetirməsdir.M.Cəfərin fikrincə, o panteist bir mürşüddür, islam
dininin bir çox ehkamlarına, quranın bəzi hökmlərinə,
rəvayətlərinə şübhə ilə yanaşır və Şeyx Sənanı da bu ruhda
tərbiyə edir ki:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan,
Çünki hər kəscə bəllidir: yaradan-
Hər zaman, hər tərəfdə nurəfşan,
Fərqsiz onca həp zamanü məkan..
Ona məxsus yoxsa bir məva,
Ərşə çıxmaqda varmı bir məna?
Şeyx Kəbirdən sonra Cavid bütün dini ehkamlara şübhə
ilə yanaşan, səhranişin, təriqətçi bir mütəfəkkir surətini-Dərvişi
səhnəyə gətirir. O,öz fikirlərinə görə Şeyx Kəbirdən daha
kəskindir, bütün dinləri mənasız hesab edir, həmişə «ənəlhəqq»
deyir. Tamamilə dinsiz, etiqadsız olan bu obraz Şeyx Sənanın
fikri inkişafında böyük təbəddülat yaradır. Amma M.Cəfər
Şeyx Sənanı Dərvişdən ayıran, fərqləndirən xüsusiyyətləri də
nəzərə çarpdırır. O da bundan ibarətdir ki, Şeyx Sənan sonda
Dərvişi və onun mövhumi təbliğatını rədd edir.
13
«Şeyx Sənan» haqqında fikirlərini ümumiləşdirən
M.Cəfər sonda belə bir doğru qənaətə gəlir ki: «Şeyx Sənan,
təbiidir ki, müasir həyatdan alınan bir surət deyildi. Lakin tarixi
bir şəxsiyyətin surəti, bir tarixi faciə qəhrəmanı da deyildi;
ancaq müəyyən ideyaları əks etdirən xəyali, romantik bir
qəhrəman idi. Bununla belə, Sənanın simasında Azərbaycanın
ictimai fikir tarixinə və əsərin yazıldığı dövrə aid olan
müəyyən və məşhur bir həqiqət təcəssüm etdirilmişdi: bu
həqiqət isə bizim ictimai fikrimizdə, ədəbiyyatımızda, xüsusən,
klassik şeirimizdə, Xaqani, Nizami, Nəsimi, Füzuli və başqa
mütəfəkkir şairlərin yaradıcılığında dini təəssübkeşliyə, dini
ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus
orijinal bir şəkildə ifadəsi idi».
«İblis»i romantik faciə adlandıran M.Cəfər pyesə məhz
romantik cərəyanın prinsipləri nöqteyi-nəzərindən təhlil
verir.Tədqiqatçı əsərin ideyası belə müəyyənləşdirir: «Burada
qarşılaşdırılan qüvvələr əsasən şairi yaradıcılığının ilk
dövrlərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi:
Yaşamaq istəyirmisən, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil -
deyən müharibə ideyası, ikincisi isə:
Bir fəzilətsə öldürüb ölmək,
Canavar bizdən əşrəf olsa gərək -
deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır.
Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx,
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və
başqaları bu iki zidd ideyanı təmsil edirlər».
«İblis» Cavidin həm ideya-məzmun, həm də forma,
kompozisiya baxımından ən mürəkkəb və çoxplanlı əsəridir və
bu əsərin təhlilində M.Cəfər əsas diqqəti əsərin ideyası ilə bu
14
ideyanın özünü necə, hansı şəkildə, hansı bədii vasitələrlə ifadə
etməsinə yönəldir. O, diqqəti İblisə yox, daha çox Arif
obrazına yönəldir. Arifin fikri inkişafını sanki addımbaaddım
izləyir, onun şübhəçiliyində, müəmmalı həqiqətləri dərk edib
anlamaq istəyində köhnə Şərq zehniyyətinin təsirini görür.
M.Cəfər Ariflə yanaşı Elxanın da, qoca Şeyxin də bu
zehniyyəti daşıdığını, elm və fəlsəfədən daha artıq etiqada
arxalanan, varlığın fövqünə yüksəlmək istərkən yerlərdə
sürünən, həyatın əlində bir oyuncağa çevrilən, xəyalpərvər,
qafil insanlar olduğunu, bir tərəfdən bütün dinləri, fəlsəfələri
incədən-incəyə yoxlayan, saf-çürük edən, şübhəçilik azarına
tutulan, digər tərəfdən isə möhkəm etiqad, «mistika» sahibi
olub mücərrəd xeyirxahlıq hissləri ilə yaşayan və bu səbəbdən
də fəlakət və məhrumiyyətlərlə üzləşdiyini göstərir.
«İblis»də «həyat mübarizəsi» məsələsinin Cavidi çox
düşündürdüyünü də M.Cəfər nəzərdən qaçırmır. «Həyat
mübarizəsi» nə demək idi? İnsanlıq əsil səadətə, azadlığa, sülh
və əmniyyətə məhəbbət ideyası iləmi nail ola biləcək, yoxsa
mübarizə ilə? M.Cəfərin fikrincə, Cavid bu məsələni
idealistcəsinə anlamasına baxmayaraq, bir çox hallarda
tərəddüd edərək axırda belə qərara gəlmişdi ki: «haqqını sən
mübarizə ilə alarsan» .
M.Cəfər Cavid yaradıcılığının müəyyən dövrünü -1920-
26-cı illəri «Məfkurəvi tərəddüd illəri» kimi səciyyələndirir. Bu
illərdə Cavid «Peyğəmbər», «Topal Teymur» və «Afət»
pyeslərini yazmışdır.Niyə Cavid həmin illərdə yeni həyat
haqqında heç nə yazmadı? M.Cəfər bu suala cavab verərkən
30-cu illərin marksist tənqidçilərinin fikirləri ilə razılaşır, əsas
səbəb kimi Cavidin sosialist inqilabının mahiyyətini başa
düşməməkdə, proletar inqilabının xilaskar roluna qəti inamının
olmamasında axtarır. Yazır ki: «Proletar inqilabının sinfi
mübarizə yolu ilə köhnə münasibətlərin xərabələri üzərində
yeni cəmiyyət qurması mücərrəd, ümumi məhəbbət fəlsəfəsinə
aludə olmuş romantik şairə çatmırdı. Bu illərdə Cavidin
15
siyasətdən uzaqlaşması, «ədəbiyyat, sənət başqa, təbliğat
başqadır» və ya «romantik şairin keçmişdən yazması təbiidir»
deyib bəhanə gətirməsi, tarixi mövzulara, uzaq və yaxın
keçmişə əl atması da buradan irəli gəlirdi. Cavid heç bir
əsərində proletar inqilabına zidd cəbhə tutmamışdı; o, inqilaba
mənfi münasibət bəsləmirdi; eyni zamanda, o, susur, hələ
inqilabın xeyrinə bir söz də demirdi».
Göründüyü kimi, M.Cəfər, bir qədər yumşaq şəkildə,
Cavidin 1920-26-cı illərdə proletar inqilabının qələbəsini
sükutla qarşılamasını nöqsan sayır, bu da sovet dövrünün
ideologiyasından doğan bir fikirdir.Əsil səbəb heç də bunda
deyil. Cavidin «Peyğəmbər»i və «Topal Teymur»u onun
çoxdan düşündüyü mövzuların bədii ifadəsi idi. O,bütün
yaradıcılığı boyu ürəyinə yatmayan mövzuda əsər yazmamış və
heç bir əsərini də kiminsə sifarişilə qələmə almamışdı.
Yaşadığı cəmiyyətin onda doğurduğu intibalar, hadisə və
olaylar beynində həll olunandan sonra qələmə sarılmışdı.
«Azər» poemasını yaxud «Knyaz» pyesini Cavid inqilabın ilk
illərində yaza bilməzdi, çünki baş verən ictimai-siyasi
hadisələr, onların mahiyyəti Cavidə kifayət qədər bəlli idisə,
sadəcə, bu hadisələrin bədii şüurda həll olunması bir qədər gec
başa gəldi. Ona görə də, M.Cəfərin «Peyğəmbər» Cavidin
kəskin sinfi mübarizə illərində tamamilə sarsıldığını,
dəhşətləndiyini göstərirdi» yaxud, M.Quliyevin fikrinə haqq
qazandıraraq «Sosialist inqilabı ideallarından isə, Cavid
əvvəllərdə olduğu kimi, «Topal Teymur»u yazdığı illərdə də
çox uzaq» idi fikirləri əsl həqiqəti ifadə etmir. Ona görə də, biz
M.Cəfərin «Peyğəmbər» və «Topal Teymur» əsərləri ilə bağlı
təhlilləri üzərində dayanmağı vacib bilmirik. M.Cəfər bu
əsərlərin təhlilində bir sıra maraqlı elmi müşahidələri istisna
olunmaqla, iyirminci-otuzuncu illərin marksist tənqidindən irəli
gedə bilməmişdir.Amma qeyd etməyə dəyər ki, tədqiqatçı
«Azər» dastanı, «Knyaz», «Səyavuş», «Xəyyam» və «İblisin
intiqamı» əsərlərinin təhlilində yeni söz deyə bilir, yəni bu
16
təhlillər həmin əsərlər haqqında iyirminci-otuzuncu illərdə
söylənilən fikirlərdən tamamilə fərqlidir. İstər «Azər»
poemasının bədii forma etibarilə klassik dastanlardan
fərqləndiyini, həmin əsərdə Cavidin müasir həyata, yeni
ideyalara meyl etdiyini , istər «Knyaz»da inqilabi hərəkatı
alqışladığını, istərsə də «Səyavuş» və «Xəyyam»da tarixi
hadisələrə və şəxsiyyətlərə müasirlik mövqeyindən yanaşdığını
doğru səciyyələndirir.
«Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri» fəsli isə
Cavidşünaslıqda yeni bir mövzudur. M.Cəfərə qədər heç bir
tədqiqatçı Cavid pyeslərinin bu cəhətinə lazımi diqqət
yetirməmişdi. M.Cəfər ilk dəfə olaraq Cavid dramlarını
xarakterlər və ehtiraslar dramı kimi səciyyələndirir. İlk dəfə
olaraq o, Cavidin Azərbaycan dramaturgiyasında ailə, məişət
dramlarının müəllifi kimi xarakterizə edir, bu dramlarda
(«Maral», «Uçurum», «Afət») melodramatizm və sentimental
ünsürlər olduğunu sübut edir, onun pyeslərində fantastik dram
ünsürlərinin də xüsusi yer tutduğunu romantik dram janrının
xüsusiyyəti kimi nəzərə çarpdırır. Həmçinin onu da qeyd edir
ki: «…fövqəladə, romantik, sentimental xarakterlərlə yanaşı,
eyni zamanda realist xüsusiyyətlər daşıyan xarakterlər Cavidin
əsasən romantik üslubda yazdığı dramlarına, bütün görkəmli
romantiklərin əsərlərində olduğu kimi, müəyyən realist
xüsusiyyətlər də gətirmişdir». M.Cəfər Cavid dramlarından söz
açarkən onların bir çoxunun mürəkkəb süjetli olub, iki və ya
bir neçə paralel xətli süjet quruluşuna malik olduğunu, bu
paralel xətlərdə isə möhkəm səbəbiyyət əlaqələri olduğunu
nəzərə çarpdırır. Məsələn, «Maral» faciəsində Maral-Turxan
bəy xətti ilə yanaşı, bir-birini sevən, anlayan, qiymətləndirən
yeniyetmə Cəmil və Humay xətti verilir və demək olar ki, bu
iki xətt-bir-birini tamamlayan paralel süjet xətləri kimi inkişaf
edir. Yaxud, «Afət» faciəsində Afət-Özdəmir, Afət-Qaratay,
Afət-Kaplan, Altunsaç-Kaplan, Afət-Qorxmaz, Ərtoğrul-
Altunsaç, Ərtoğrul-Alagöz, Yavuz-Alagöz, Oqtay-Alagöz,
17
Qaratay-Altunsaç kimi bir çox dramatik xətlər meydana çıxır.
M.Cəfər onu da qeyd edir ki, Cavid dramaturgiyasında diqqəti
cəlb edən sənətkarlıq xüsusiyyətlərindən biri də budur ki, bu
dramların çoxunda dramatik situasiya, hadisələrin təbiətinə
uyğun olaraq, gah tədrici, gah da əksinə, müəyyən nöqtələrdə
çox gərgin bir şəkildə inkişaf edir. İlk nəzərdə belə görünür ki,
bu üsul tamaşaçıları həmişə intizarda saxlamağa mane olacaq.
Lakin əksinə, Cavid faciə qəhrəmanının bu ani, xoşbəxt
dəqiqələrini ümumi hadisələrlə elə üzvi surətdə bağlaya bilir
ki, bu dəqiqələr tamaşaçıda daha gərgin vəziyyət və coşqun
maraq oyada bilir. Cavidin səhnə əsərlərində dramatik
gərginliyi, xüsusən lirizm və emosionallığı qüvvətləndirən
cəhətlərə gəldikdə, M.Cəfər surətlərin mənəvi çırpıntılarının
son dərəcə şairanə bir dillə verilməsini sənətkarlıq məziyyəti
hesab edir. Cavid dramlarında mahnılara da çox yer
verilmişdir, bunların bir çoxu dramaturqun müəyyən fəlsəfi
fikirləri ifadə etmək məqamında istifadə olunur. Cavidin
təqdim etdiyi obrazların dili ilə bağlı tədqiqatçının iradlarını
müəyyən mənada haqlı saymaq olar: «Cavid dram sənətinin
«hər tip öz dilində danışdırılmalıdır» kimi məşhur prinsipini
demək olar ki, nəzərə almamışdır; o, xüsusən tarixi-fəlsəfi
dramlarında tipləri eyni bir dildə, öz müəllif dili ilə
danışdırmışdır. Cavid surətin yaranmasında mühüm şərtlərdən
olan dili deyil, əhvali-ruhiyyəni, psixoloji xüsusiyyətləri əsas
götürmüşdür ki, bu da birtərəfliliyə aparıb çıxarmışdır. Bundan
başqa surətlərin dilində Azərbaycan tamaşaçısı üçün anlaşılmaz
olan sözlərin tez-tez işlənməsi də Cavidin bəzi əsərlərinin dilini
ağırlaşdırmışdır».
M.Cəfər öncə qeyd etdiyimiz kimi, sonrakı illərdə də
Cavid yaradıcılığı haqqında tədqiqatlarını davam etdirmiş,
sanki «Hüseyn Cavid» monoqrafiyasında az toxuduğu yaxud
heç toxunmadığı mövzulara müraciət etmişdir. 1962-ci ildə
yazdığı və «Seçilmiş əsərləri»nin ikinci cildinə daxil etdiyi
«Cavid haqqında söz» məqaləsində o, Cavid yaradıcılığına
18
ümumi bir nəzər yetirir və fikirlərini essevari bir şəkildə belə
tamamlayır: «Cavid yaşayır. Bəs bu yaşamağın sirri nədədir?
Qədim müdrik rəvayətlərin birində deyilir ki, üç şair
arasında mübahisə olur, biri deyir: mən yaxşı şairəm, ikincisi
deyir: yox, mən yaxşı şairəm, üçüncüsü deyir: əsil şair mənəm.
Bu mübahisəni kəsmək üçün onlar bir vətəndaşa müraciət
edirlər. Vətəndaş onlara belə bir sual verir:-Əvvəlcə mənə
deyin görüm, siz nə yazırsınız və nə məqsədlə yazırsınız?
Şairlərdən biri deyir:-Mən onunla fəxr edirəm ki, həmişə
xoşa gələn şeir yazmışam, şeirlərimin gözəl, təsirli olmasına
fikir vermişəm.
İkinci şair deyir:-Mən isə onunla fəxr edirəm ki, həmişə
xalqa həqiqəti demişəm, yalan yazmamışam.
Üçüncü şair deyir:-Mən də onunla fəxr edirəm ki, həmişə
məzlumların, əzilənlərin hüququnu müdafiə etmişəm.
Vətəndaş hər üç sənətkarı dinləyəndən sonra deyir:-Ayrı-
ayrılıqda deyə bilmərəm, üçünüz bir yerdə yaxşı şairsiniz!
Cavidi yaşadan, sevdirən başlıca səbəb budur ki, onun
yaradıcılığında hər zaman olmasa da, əksər hallarda, əsərlərinin
çoxunda əsil şairə xas olan və tələbkar vətəndaşa xoş gələn bu
məziyyətlərin üçü də birləşmişdir».
1982-ci ildə çap olunan «Cavidi xatırlarkən..» məqalələr
və xatirələr toplusunda M.Cəfərin «H.Cavidin sənəti haqqında
qeydlər» adlı böyük bir məqaləsi də təqdim edilir. Əslində,
bunu kiçik bir monoqrafiya da adlandırmaq olar. Çünki bu
yazıda qoyulan problemlər bir məqaləlik deyildir, müəllif
burada H.Cavidin dil və üslub xüsusiyyətlərindən, bədii təsvir
vasitələrindən, istifadə etdiyi poetik formalardan geniş söz açır,
həm də bu yazı «Hüseyn Cavid» monoqrafiyasının beşinci
fəslindən
(«Hüseyn
Cavid
dramlarında
sənətkarlıq
xüsusiyyətləri») tamamilə fərqlidir.
M.Cəfər Cavidin yaradıcılığının birinci dövründə
«ənənəvi iki üslubluluğa» meyl etdiyini göstərir, şair bu illərdə
(1905-1909) həm klassik qəzəl, məsnəvi, həm də şifahi xalq
19
şeir dili və üslubunda əsərlər yazmışdır. Türkiyədə olduğu
illərdə (1906-1909) yazdığı şeirlərinin çoxunun dili çətin və
ağırdır. Bu şeirlərin dili və üslubu o zamankı türk ədəbiyyatının
Ə.Hamid, Cənab Şəhabəddin şeirinin dili və üslubuna yaxın
idi.
Şairin sonradan, Vətənə qayıtdıqdan sonra yazdığı
şeirlərində dil nisbətən sadələşir, amma türk dilinin təsiri onun
pyeslərində yenə də davam edir. Məsələn, 1912-ci ildə yazdığı
«Maral» faciəsində, dil cəhətindən o, Türkiyə yazıçıları ilə az
qala «bəhsə» girirdi.
M.Cəfər haqlı olaraq qeyd edir ki, Cavidin özünəməxsus
tam orijinal şeir dili və üslub xüsusiyyətləri «Şeyx Sənan»
faciəsi ilə başlayır. «Bu faciə həqiqi şeir, poeziya dilində, son
dərəcə zəngin, emosional dildə yazılmış bir əsər idi. Burada
cümlə
quruluşlarında sərrastlıq, cümlələrin bir-birinə
münasibətlərindəki möhkəm məntiqi əlaqə, axıcılıq, sözə
qənaət, yığcamlıq, üslubdakı qüvvət, kəskinlik xüsusilə diqqəti
cəlb edirdi». Həm də Cavid bu əsərində mümkün qədər ərəb,
fars tərkiblərini az işlətməyə çalışmışdır.M.Cəfərin doğru qeyd
etdiyi kimi, «Şeyx Sənan»ın dilində və üslubunda Cavid
klassik Azərbaycan şeir dili və üslubi ənənələrini əsas
götürmüşdür. Lakin o, bu dil, üslub ənənələrini sadəcə təqlid
etməmiş,
mümkün
qədər
onu
zənginləşdirməyə,
yeniləşdirməyə, müasirləşdirməyə, mənzum dram dilinə
uyğunlaşdırmağa çalışmışdır. «Uçurum» faciəsində isə «Şeyx
Sənan»a məxsus olan ifadəlilik, sərrastlıq görünməsə də, əsərin
çox hissəsində şifahi xalq şeiri üslubu hiss edilir. M.Cəfər
əsərin qəhrəmanlarından biri-Anjelin nitqinə diqqəti yönəldir:
Mən öncə bir mələkdim.
Yüksəklərdə uçardım.
Parlaq bir yıldız kimi
Ətrafa nur saçardım.
Bən şux bir kələbəkdim,
20
Daldan-dala qoşardım.
Tikansız bir çiçəkdim,
Güllüklərdə yaşardım.
Hər kəsi mələk sandım,
Hər sevgiyə aldandım.
Xalqa əyləncə oldum,
Ah, bilmədim, aldandım.
«İblis»in dili isə M.Cəfərin fikrincə, dəbdəbəli bir
üslubdadır. Bu da əsərin mövzusundan və xarakterlərin
təbiətindən irəli gəlir. «Peyğəmbər» əsərində isə «iki
üslubluluq» diqqəti cəlb edir, «Şeyx Sənan» və «İblis»də
olduğu kimi, əsərin bəzi pərdələri təntənəli klassik şeir
üslubunda, bəziləri isə sadə üslubda və heca vəznində
yazılmışdır. «Azər» poemasında isə üslub sadələşir, heca
vəznində yazılmış parçalarla, klassik şeir üslubu eyni dərəcədə
bədii və təsirlidir. Dil, üslub sadəliyinə doğru qüvvətli meyl,
xüsusilə çətin sözlərdən, ərəb-fars tərkiblərindən əl çəkmək
«Knyaz» və «Səyavuş» faciələrində daha aydın hiss olunur.
Nəhayət,
Cavidin
əsərlərindəki
dil
və
üslub
xüsusiyyətləri ilə bağlı belə bir cəhəti də nəzərə çarpdırır ki,
Cavid həm Azərbaycan əruzu, həm də heca vəznində
Azərbaycan dilində dram əsərləri yaradılmasının mümkün
olduğunu sübut etdi. M.Cəfər, vaxtilə Cavidin əsərlərinin
dilinin ağırlığından, osmanlı, ərəb, fars dillərinin təsirindən
qopa bilməyəcəyini sübut etməyə çalışanlara «Səyavuş»
pyesindən doğma Azərbaycan hecasında yazılmış aşağıdakı
parçaları misal gətirir:
Könül, sən söylədikcə
Anar əski çağları.
Canlandı gözlərimdə
Həm Suriyə dağları.
21
O bir quzu, sən bir quduz canavar,
Ah, nə qədər çirkin vəhşi duyğular.
Heç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç üzü.
Ötər keçdiyiniz yerdə bayquşlar,
Qəhrəman cildinə girən sərxoşlar.
Məzlumlara qarşı duyğusuz qalan
Bir insandan daha şərəfli qaplan.
Göyərçinim qanad çalar,
Yüksək buludlarda uçar.
Rəqs edərək uçar, uçar,
Qayğı bilməz göyərçinim,
Enib gəlməz göyərçinim.
Zaman olur atar məni,
Bir gülüşə satar məni.
Birdən gözü tutar məni,
Həmən qoşar göyərçinim,
Ruhu oxşar göyərçinim.
M.Cəfərin həmin məqalədə Cavidin əsərlərindəki bədii
təsvir vasitələrindən necə sənətkarlıqla istifadə etməsi ilə bağlı
xeyli
misallar
gətirməsi
və
bunları elmi dəqiqliklə
mənalandırması da cavidşünaslıqda yenidir. Deyə bilərik ki,
M.Cəfərdən sonra hətta bu mövzuya heç toxunulmamışdır.
Bircə misalla kifayətlənək: «Cavidin şeirində insan təbiətə
bənzədildiyi kimi, təbiət hadisələri də insana bənzədilir. Ay,
günəş, ulduzlar, bulud, duman, qövsi-qüzeh, otlar, çiçəklər,
güllər, ağaclar, yarpaqlar, dəniz, çaylar, nəhrlər, kiçik sular da,
şeir də insanlar kimi dərin psixoloji hallar keçirir.
Ay, günəş düşüncəyə dala bilir, iztirab keçirir, şadlanır,
kədərlənir, əsəbiləşir və ya əksinə, təzə gəlin kimi bəzənir,
22
seyrə çıxır, sevir, sevilir, gülür, əylənir. Azadlıq, bəxtiyarlığın
qədrini bilir. Bəzən də insanların ruhuna gizli-gizli nə isə
söyləyir:
Bax qızarmış günəşə!
Utanıb qaçmaq istəyir…guya,
O da qızğın sənin zəlalətinə,
O da küskün sənin bu halətinə.
Günəş, heyhat…O, qəhrindən
Qızarmış qanlı bir sima»
Hüseyn Cavidin şeirin bütün janrlarında (mənzum
dramlarında, poemasında, süjetli şeirlərində, siyasi-ictimai və
fəlsəfi parçalarında, lirikasında, klassik şeirin və şifahi xalq
şeirinin bütün əsas şəkillərindən), üçlük, dördlük, qoşma,
bayatı, rübai, məsnəvi, beşlik, müxəmməs, müsəddəs, qəzəl,
tərkibbənd, müstəzad, türki, nəğmə, şərqi və s. …çox
müvəffəqiyyətlə istifadə etdiyini də məqalədə genişliklə izləyə
bilirik.
Qətiyyətlə demək olar ki, Cavidşünaslığın bir elm kimi
formalaşmasında akademik Məmməd Cəfərin böyük rolu
olmuşdur, onun «Hüseyn Cavid» monoqrafiyası dahi
sənətkarın zəngin ədəbi irsinin geniş oxucu kütlələrinə
tanıdılmasında doğrudan da fövqəladə bir addım idi. Təbii ki,
bu monoqrafiyada Cavid sovet məfkurəsinə uyğun olaraq
«ziddiyyətli», «keçmişi idealizə edən», «proletar inqilabının
mahiyyətini gec başa düşən» və s. bu kimi məlum stereotip
ifadələrlərdən də xilas ola bilmədi, M.Cəfər iyirminci-otuzuncu
illərdə Cavid yaradıcılığı ilə bağlı bəzi «tənqidi» fikirləri
təsdiqlədi, lakin ümumilikdə, bu monoqrafiya şairin bədii
irsinin ən mükəmməl elmi təhlili idi. Və bu monoqrafiya
sonralar Cavid haqqında yazılan elmi məqalələr və
monoqrafiyalar üçün istinad nöqtəsinə çevrildi.
Dostları ilə paylaş: |