Maddə 145. Məzuniyyətlərin verilməsi zamanı kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə tənzimlənən qaydalar İşəgötürən həmkarlar ittifaqları təşkilatı ilə birlikdə və ya öz mülahizəsilə vəsaiti
hesabına məzuniyyətlərin bu Məcəllədə nəzərdə tutulmuş müddətlərindən az olmamaq
şərti ilə başqa növ məzuniyyətlərin, onların müddətlərinin artırılmasını, məzuniyyətə
gedərkən işçilərə müvafiq miqdarda sosial-məişət müavinətinin, sanatoriya-kurort
müalicəsinin xərclərinin ödənilməsini və məzuniyyətdən səmərəli istifadə etmək üçün
məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün
üzvlərinə əlavə maddi-məişət güzəştlərinin verilməsini, habelə digər tədbirlərin həyata
keçirilməsini kollektiv müqavilələrdə və yaxud əmək müqaviləsində nəzərdə tuta bilər.
Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi 1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək
müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan
amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər
hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin
dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz
məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu
Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik
müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı
hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu
hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin
169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.