Maddə 100. İş vaxtından artıq işlərin son həddi 1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və
zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
Maddə 101. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar 1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal
qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə
yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal
müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin
nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana
bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması,
sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış
mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti
olduqda;
d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək
mümkün olmadıqda.
2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu
maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb
edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri
tədbirləri görməyə borcludur.
Maddə 102. İş vaxtının uçotu 1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş
saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən
müəyyən edilir.