2.1. Azərbaycan dili təliminin təşkilinə verilən əsas tələblər
Azərbaycan dili təlimini səmərəli qurmaq, ümumi məqsədə çatmaq üçün
mühüm vəzifələrin həyata keçirilməsinə nail olmaq həm də aşağıdakı tələblərin
nəzərə alınmasından asılıdır:
Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasının
dərk edilməsi;
nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafının təmin
olunması;
davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik
və bacarıqların mənimsənilməsi.
1. Azərbaycan dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olması
onun təlimində mühüm tələblərdən biri hesab edilir. Təlim prosesində müəllim
və şagirdlərin fəaliyyəti ona istiqamətləndirilir.
«Müasir psixologiya dərsliklərində qavrayışın mənalılığı belə izah edilir:
insanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla bağlıdır. Əşyanı
şüurlu surətdə qavramaq, onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən
cisimlər qrupuna, siniflərə aid etmək, onu sözlə ümumiləşdirmək deməkdir»
(Ə.Ə.Əlizadə. İdrak prosesləri və hislər. Psixopedaqoji məsələlər. Bakı, 2006,
səh.27).
Söz dilin əsas vahidlərindən biridir. Nitq prosesi üçün zəruri hesab edilən
söz birləşməsi, cümlə, mətn kimi nitq vahidlərinin mənimsənilməsində kifayət
qədər söz bilmək, lüğət ehtiyatına malik olmaq vacib hesab edilir. Düşünmə
prosesinin həyata keçirilməsində sözlərdən istifadə olunur.
Azərbaycan dilinin düşünmə vasitəsinə çevrilməsi prosesi nitq fəaliyyətinin
əsasını təşkil edən sözlərin, eləcə də digər nitq vahidlərinin öyrənilməsindən
başlayır. Danışıq səsləri, heca, söz, söz birləşməsi, cümlə, nəhayət, mətn üzrə bilik,
bacarıq və vərdişlər mənimsənilir. Onlar qeyri-iradi keyfiyyətlər kimi təfəkkür
tərzinə, düşüncə vahidlərinə çevrilir. İdraki fəaliyyətin bütün mərhələlərində
fəaliyyətlər mənimsənilmiş dil vahidlərinə, nitq modellərinə əsasən qurulur.
Azərbaycan dilinin öyrənmə vasitəsi kimi dərk olunması onun ən mühüm
ünsiyyət vasitəsi kimi zəruriliyini şərtləndirir, yazılı və şifahi dil formalarına
yiyələnməyin vacibliyini meydana çıxarır. Şagirdlər öz fəaliyyətlərində
Azərbaycan dilinə yeni bilik və bacarıqlara yiyələnmə vasitəsi kimi yanaşır, onun
funksional imkanlarından istifadə edirlər.
Düşünmə və öyrənmə proseslərində əldə olunmuş biliklər danışma
vasitəsilə reallaşdırılır. Beləliklə, ünsiyyət prosesi formalaşır. Bütün dillərdən, o
cümlədən də ana dilindən ünsiyyət prosesində mühüm vasitə kimi istifadə olunur.
Ona görə də ana dili təlimi prosesində, ilk növbədə, onun düşünmə, öyrənmə və
danışma vasitəsi kimi dərk olunması tələb edilir.
|