Buxar turbini – buxarın potensial enerjisini əvvəlcə kinetik enerjiyə, sonra
isə mexaniki işə (alın fırlanması) çevirən rotorlu istilik mühərriki. Mühərrikdə iş
prosesi fasiləsiz davam edir. İki növ buxar turbini olur: aktiv və reaktiv. Aktiv
buxar turbinində buxarın potensial enerjisi tərpənməz ucluqlarda kinetik enerjiyə
çevrilir və sonra turbinin rotorunu hərəkətə gətirir. Reaktiv buxar turbinində isə
buxarın potensial enerjisinin çox hissəsi çarxın işlək kürəklərində kinetik enerjiyə
çevrilir. İstehlakçılara buxar verir.
Burğu – materialda deşik açan və ya onda olan deşiyin diametrini böyüdən
kəsici alət. İşlək hissəsi kəsici elementlər olur, quyruq hissəsi isə patrona, yaxud
dəzgahın şpindelinə bərkidilir və ona dayanıqlıq verir. Burğunun əsas hərəkəti
fırlanmaqla irəliləmədir. Müxtəlif növləri var. Burğular legirlənmiş və tezkəsən
poladlardan hazırlanır. Ən çox spiralvarı qurğular tətbiq edilir.
Burğu dəzgahı – metaldan və başqa materiallardan ibarət pəstahlarda deşik
açan dəzgah. Bu dəzgahda deşikləri genişləndirmə, içyonuş, zengerləmə,
rayberləmə, yivaçma və s. əməliyyatlar da aparılır. Şpindellərinin sayına görə
burğu dəzgahları bir və çoxşpindelli olur. Bundan başqa üfiqi burğu (dərin deşmə
üçün), stolüstü burğu, mərkəzləmə və digər xüsusi növ burğu dəzgahları tətbiq
edilir. Ağac emalında bu dəzgahın müxtəlif növündən istifadə olunur.