4.Mikroorqanizmlərin plazmasının tərkibinə daxil olan kalium birləşməsi. Bu formada olan kalium əksər torpaqların hər hektarında 40 kq-a çatır. Kalium ən çox ağır gillicəli torpaqlarda olur. Çünki, gillərin tərkibi kaliumla çox zəngindir. Odur ki, gilli və gillicəli torpaqlarda kaliumun ümumi miqdarı bəzən 3%-ə çatır. Kalium ən az yüngül, qumlu, qumsal və torflu torpaqlarda olur. Lakin, yuxarıda göstərildiyi kimi, torpaqda kaliumun çox olmasına baxmayaraq əksər torpaq tiplərində bitkilər yüksək məhsul vermək üçün kaliuma kəskin tələbat göstərirlər, çünki, torpaqda olan kalium birləşmələrinin çoxu çətin mənimsənilən formadadır.
Aparılan elmi tədqiqat işlərinin nəticəsindən aydın olmuşdur ki, (M.İ.Cəfərov, R.M.Quliyev-1997) torpaqda bir tərəfdən suda çətin həll olan kalium birləşmələrii asan mənimsənilən formaya keçirsə, digər tərəfdən kaliumun suda asan həəll olan və mənimsənilən mübadilə forması torpaq hissəcikləri tərəfindən udulur. Kaliumun torpaqda udulması temperaturun artması ilə düz mütənasibdir. Eyni zamanda nəm torpaqda da udma gedir, lakin onun təsiri nisbətən zəifdir.
Torpağın uducu kompleksindəki kalium. K.K.Hedroys 1916-ci ildə torpaqda iki tip mübadilə olduğunu göstərmişdir: 1) intensiv 2) ekstensiv.
Intensiv udulmuş kalium- torpağı neytral duz məhlulu ilə işlədikdə udulmuş kaliumun hamısı deyil, yalnız intensiv mübadilə oluna bilən hissəsi məhlula çıxır. Bunu intensiv udulmuş kalium adlandırırlar.
Ekstensiv udulmuş kalium-torpağa qüvvətli turşu ilə təsir göstərməklə ekstensiv udulmuş kaliumu torpaq məhluluna çıxartmaq mümkündür. Buna mübadilə olunmayan şəkildə udulmuş kalium adı verilmişdir. Bəzən buna kaliumun fiksasiyası- qeyri mübadiləvi şəkildə bərkiməsi də deyilir. Ona görə udulmuş kaliumu iki hissəyə ayırırlar: 1. Mübadiləvi udulmuş kalium. 2. Mübadilə olunmayan şəkildə udulmuş kalium.
Mübadiləvi udulmuş kalium. Torpaq məhlulunda olan kimyəvi maddələrin bir hissəsi TUK tərəfindən mübadiləvi şəkildə udula bilir. Bu ümumi kaliumun 0,8-3%-i qədər olur. Bəzən 5-10% də ola bilir. T.Ə.Əliyevin apardığı tədqiqatlara görə, Azərbaycanın müxtəlif torpaqlarında mübadiləvi kalium 245-486 mq / kq və ya ümumi kaliumun 1,31-2,08 %-i qədərdir. Mübadiləvi kaliumun torpaqda çox olmasına şist minerallarının çoxluğu təsir göstərir. Bu minerallar ən çox torpağın mexaniki fraksiyasında olur. Bitkilər suda həll olunan və mübadiləvi kaliumdan istifadə edə bilir. Bitki köklərinin səthindəki müsbət yüklü hidrogenlə TUK-dəki kalium mübadilə olunur. Bitkilər mübadilə olunan kaliumun ən çoxu 10-15 %-ni mənimsəyə bilir.
Mübadilə olunmayan şəkildə udulmuş kalium. Torpaqda kalium mübadilə olunmaz halda (qeyri- mübadiləvi şəkildə) da udula bilir. Bu ümumi kaliumun 2-7%-i miqdarında olur. Neytral duzla məhlula çıxaıla bilmir. Ancaq bitkilər ondan istifadə edir. Qeyri - mübadiləvi udulmuş kalium gil minerallarının kristallik şəbəkəsi dağıldıqdan sonra və ya onlara kolloidlərlə təsir göstərdikdən sonra bitki tərəfindən mənimsənilən şəklə düşür.