2. Torpağın mənimsənilən kaliumla təminolunma dərəcəsi. K.K.Hedroysa görə qara torpaqlarda bitki tərəfindən mənimsənilə bilən mübadiləvi kaliumu tamamilə kənar etdikdən sonra bitkilər yenə də kaliumla təmin olunmuşdur. Ancaq podzol torpaqda aparılmış tədqiqata görə, həmin torpaq mübadiləvi kaliumdan məhrum edildikdə bitkilər kalium aclığından məhv olmuşdur. Bu onunla izah olunur ki, qeyri-mübadiləvi kalium müxtəlif torpaqlarda müxtəlif mütəhərrikliyə malikdir. Beləliklə, mübadiləvi kalium suda həll olunan kaliumdan sonra bitkilərin kaliumla qidalanmasının ən yaxın mənbəyidir.
Mübadiləvi kalium bitkilərin kalium elementinə tələbatının ödənilməsində böyük əhəmiyyəti olduğunu bir çox tədqiqatçılar təsdiq etmişlər. Ona görə suda həll olunan və mübadiləvi udulmuş kaliumun miqdarı cəmi torpağın mənimsənilən kaliumla təminolunma dərəcəsinə ən etibarlı göstəricisidir. Bitkilərə kaliumun verilmə dozası torpaqdakı bitkilərin mənimsəyə bildiyi kaliumun miqdarına əsasən müəyyən edilir. Aqrokimyəvi kartoqramları da torpağın mənimsənilən kaliumla təminolunma dərəcəsi əsasında tərtib edilir. Son zamanlar aqrokimya kartoqramları tərtib etmək üçün mənimsənilən kaliumun miqdarını öyrənməklə yanaşı, tarla təcrübələrinin nəticələrinə də istinad edilir. Bu müxtəlif torpaqlarda müxtəlif üsullarla təyin edilir. Həmin üsulların hər birində mənimsənilən kaliumun miqdarına görə torpağı qruplaşdırmaq üçün işlənib hazırlanmış qradasiyalar götürülür. Bunun üçün torpağın kaliumla təminolunma qradasiyası cədvəli tərtib edilir. Məsələn, dənli bitkilər, çoxillik otlar və s. üçün torpaqlarda ən zəif kaliumla qradasiya göstəricisi (1kq torpaqda mq-la) 0-150, ən zəif təminolunma qradasiyada 151-300, orta 301-400, yüksək qradasiyada isə 400-dən çox qiymətləndirilir.
Çoxillik əkinlərdə (üzüm, meyvə bağı və s.) ən zəif 0-450, zəif 451-600, orta 601-750, yüksək 750 mq/kq-də çox.
Cərgəarası becərilən bitkilərdən (pambıq, tərəvəz, tütün) ən zəif0-300, zəif 301-400, orta 401-600, yüksək 600-dən çox.
3. Torpağın kalium potensialı. Son vaxtlar torpağın mənimsənilən kaliumla təmin olunmasını qiymətləndirmək üçün yeni üsuldan istifadə edilir. Bu üsula əsasən, bitkiləri mənimsənilən kaliumla təmin olunması kaliumun torpaq məhluluna asan və tam çıxarılması ilə bağlıdır. TUK-də və torpaq məhlulunda olan Ca2+, Mg2+, K+ kationlarının arasında dinamik tarazlıq vardır. Bu tarazlıq qida elementlərinin bərk fazadan torpaq məhluluna keçməsi intensivliyindən, mübadilə reaksiyasının enerjisindən asılıdır. Torpaqda mübadilə reaksiyası sabit temperatur və təzyiq şəraitində gedir. Burada məqsəd bu mübadilə reaksiyanın enerjisini hesablamaqdır. Ona görə də, bir çox müəlliflər torpaqda gedən mübadilə reaksiyanın müəyyən edilməsinə termodinamika nöqteyi-nəzərindən yanaşmağı məsləhət görürlər. Mütəhərrik kaliumu təyin etmək üçün torpaq məhlulunda ionların aktivlik nisbəti
ak —------------ mübadilə reaksiyasının azad enerjisini göstərir.
a(Ca+Mg)
Bu enerjinin dəyişməsi torpağın kalium potensialıdır. Torpağın kalium potensialı pK – 0,5p (Ca+Mg) düsturundan alınan rəqəmdir. Burada p- torpaq məhlulunda hər hansı ionun əks loqarifmidir.
Torpağın kalium potensialı ilə kalium ionunun aktivliyi arasında əks miqdarda əlaqə vardır. Kalium potensialı bitkilərin kaliumla qidalanma şəraitini müəyyən edir. Ancaq pK – 0,5p (Ca+Mg)-nin bir dəfə müəyyən edilməsi vegetasiya müddətində TUK-dəki kaliumun torpaq məhluluna desorbsiya edilməsini aydınlaşdıra bilməz. Bu məqsədlə də, bitkinin vegetasiya dövründə kalium potensialının dinamikası müəyyənləşdirilməlidir. Torpağın buferlik qabiliyyətinin də müəyyən edilməsi torpağın kalium potensialının [pK–0,5p(Ca+Mg)] dəyişməsinə qarşı müqavimət qabiliyyətini göstərir.