Transformasiya prosesinə daxildir: müxtəlif maddələrin kimyəvi reaksiyalar zamanı parçalanması, sintezi, yenidən yaranması torpaqəmələgətirən süxurlardan və xaricdən torpaq tərkibinə daxil olmalar. Bura həmçinin minerallar və dağ süxurlarını aşındıran bütün kimyəvi reaksiyalar, həllolmalar, oksidləşmələr, reduksiyalar, hidrolizlər və s. daxildir. Bu qrupa üzvi maddələrin minerallaşması reaksiyaları, humifikasiya prosesləri, qalıqların birləşmə və həllolma reaksiyaları da aid edilir.
Maddələrin köçürülmə prosesləri – torpaqdaxili miqrasiyanı əhatə etməklə, həmçinin torpaq sərhəddindən kənara (atmosferə, suya, süxurlara) maddələrin miqrasiyası kimi anlaşılır. Bu proseslər qrupuna elyuvial, illyuvial, akkumulyasiya, yuyulma, lessivaj və s. daxildir. Torpaq proseslərinin və onun horizontlarının dəyişilməsi – tam, spesifik təzahür forması olub, çoxlu proseslər və reaksiyalardan ibarətdir. Məsələn, qleyləşməni, podzollaşmanı və s. bura aid etmək olar. Bu prosesləri başa düşmək üçün daha torpağın element tərkibinə yox, onun molekulyar tərkibinə istinad etmək lazımdır. Artıq konkret reaksiyalarda atomlar deyil, ionlar və molekulalar iştirak edir. Ona görə də torpaq kimyası real olaraq molekulların xassələrinə əsaslanır. Kütlədən asılı olmayaraq eyni tərkib və eyni termodinamiki xassələrə malik olan heterogen sistemin homogen hissələrinin məcmusuna faza deyilir. Belə bir tərifdən sonra, aydın olur ki, torpaq çox fazalı sistemdir. Bəzən torpağın ücfazalı sistem (bərk, maye, qaz) kimi ifadə olunması «faza» anlayışı ilə qətiyyən düz gəlmir. Yaxşı olar ki, bərk, maye, qaz hissələri deyilsin. Çünki «faza» termini kimyada və termodinamikada ciddi təyin edilmiş fikri ifadə edir. Lakin torpaqşünaslar faza deyəndə torpağın bərk, maye, qaz və canlı orqanizmləri anlayırlar və biz də bu cür qəbul edirik. Lakin xaricdən olan təsirlər torpaq fazalarının dəyişməsində böyük rol oynayır. Məsələn, yerin cazibə və maqnit sahələrini buna misal göstərə bilərik. Belə şəraitdə qravitasiya qüvvələrinin təsiri altında torpaq məhlulunun bircinsliliyi həmişə pozulur. Suyun hərəkəti, temperaturun tərəddüdü atmosfer və torpaq-hava mübadiləsini həyata keçirir. Bu cür qüvvələrin təsiri altında müxtəlif həcm torpaqlarda torpaq məhlulu və torpaq havasının dəyişilməsi şübhəsizdir. Praktiki olaraq hər bir kimyəvi element torpaqda olan müxtəlif maddələrin tərkibinə daxildir və eyni vaxtda müxtəlif fazalarda da ola bilər.